Pərviz Yəhyalı – Miniatür əfsanə

Miniatür əfsanə
Hər tərəfdən sıx pöhrəliklərlə əhatələnən kiçik tala onların görüş yeri idi. Çoban hər gün günortaya yaxın sürüsünü yaxınlığdakı dərəyə ötürüb sevgilisinin görüşünə məhz bu talaya gəlirdi. Onun tütək çalmağı qulağı səsdə olan Günəşi görüş yerinə, talaya çağırmağı idi. Öz oymaqlarından dağ döşü cığıra düşüb gizlincə talaya gələn Günəş min bir həyacanla həm onu kimsə görəcəyindən ehtiyat edirdi, həm də görüşə gecikəcəyindən qorxurdu.
Bir gün Günəş sevgilisinə deyir:
-Eşitmişəm anan səni öz bacısı qızına adaxlamaq istəyir.
Çoban cavabında gülümsəyib -Günəş, sən ki yaxşı bilirsən dünya ha dağıla mən səndən dönmərəm.
-Onu da eşitmişəm ki, sənin otardığın sürü xalanın ərinə məxsusdur.
-Nə olsun ki… bir parça çörəyimizi hardansa qazanmalıyıq ya yox?
-Bax, ha məndən dönsən…
-Niyə belə deyirsən? Əgər bir gün görüşünə gələ bilməsəm, bil ki başıma nə isə iş gəlib. Ürəyinə başqa heç nə gətirmə! Mütləq gəlib səni tapacam.
Qəfil yağan yaz yağışından daldalanmaq üçün sevgililər böyük qarağac ağacının altına sığındılar. Çoban Günəşin əllərindən bərk-bərk tutmuşdu. Dəhşətli göy gurultusu, şimşəklərin göylərdə oynatdığı qılıclardan qopan od qəlpələri hər ikisini üşəndirirdi. Günəş titrəyir, sanki qorxudan möhkəmcə sarıldığı sevgilisinin odlu nəfəsindən qızınmaq istəyirdi. Tut ucundan göyə çıx yağan leysan dərə boyu sellərin şaqqıltısını keçən hər an artırırdı. Qapqara buludlar səmanı büsbütün tutmuşdu. Cəmi bir saat əvvəlki aydın göylərdən, parlayan günəşdən əsər əlamət qalmamışdı. Lap yaxınlıqda kiçik yasamallığın arxasında tükürpərdən ildırım çaxdı. Elə bil ildırımın hayqırtısından qorxan buludlar ərköyünlüklə ağlamalarına dərhal son qoydular. “Ağıllanıb” sakitləşərək dağların başına qalxdılar. Qara buludları əvəz edən ucsuz-bucaqsız maviliklərə hansısa qüdərtli əl əlvan rənglərdən qövs çəkdi. Göyqurşağının əsrarəngizliyi hər ikisini valeh etmişdi.
-Günəş sən qaç, göyqurşağı sizin oymağın üstədir. Çat, onun altında rəqs et! -sonra gülümsəyərək əlavə etdi:
-Bizim xoşbəxtliyimiz üçün. Mən də dərəyə düşüm. Görüm sürünün taleyi necə oldu.
-Sən nə danışırsan! Eşitmirsən selin səsini? Ora düşmək olar?
-Yox getməliyəm. Bəlkə qoyunlardan salamat qalanları var.

Həmin leysanlı, tufanlı yaz günündən aylar keçdi. Sonra illər bir-birini əvəz etdi. Çobandan bir soraq çıxmadı. Dağlar, meşə, meşənin qoynundakı tala çobanın tütəkdə çaldığı musiqiyə həsrət qaldı. Hər gün talaya gələn Günəş çobanı orda görməyib, məyus-məyus evə dönürdü. Qapılarını döyən bütün elçilərə yox cavabı verdiyindən bütün oymaq ona qəribə baxırdı. Hətta orda-burda xısın-xısın söhbət gəzirdi ki, Günəş havalanıb. Hər gün meşə içi harasa gedib, geri qayıdanda özbaşına gəlmədi, gəlmədi, yenə gəlmədi dediyini eşidənlər təəccüblərini yozacaq yer tapmırdılar. Ona tənə ilə baxanlar da az deyildi.
Günəş isə qəlbində min cür yozmalar edir, sevgilisinin onu atdığına qınayır, sonra da özünü qınayır. Bəlkə məni mən onu sevdiyimdən çox sevir. Yazığı dərədə sel aparıb. Belə hallarda yenə də özünü məzəmmət edirdi. Dilim, ağzım qurusun! Təki heç nə olmamış olsun. Lap öz xalası qızı ilə xoşbəxt yaşasın. Və yenə də dərhal, yox-yox! Bəlkə yaralıdı, sel onu daşlara, qayalara çırpıb. Kaş mən güllücə yastıq olaydım onun başı altında. Doğrudan ay allahım bilmirəm o məni sevir, sevmir. Qoy yaşılca yastıq olum, əgər sellər onu qayalara vurub yaralayıbsa…
Bəlkə O, sürünü sel apardığından qeyb olub. Bəlkə sevir… bəlkə…

Həmin gündən Günəşin oymağında hamı, hər yerdə onu axtarsa da heç yerdə tapa bilmədilər. Bütün obada söz düşdü ki, Günəş qayadan yıxııb ölüb. Amma heç kəs bilmirdi ki, hər yaz meşənin içindəki o talada tacı günəşi, ləçəkləri günəşin şölələrini xatırladan çiçəklər, camaatın çobanyastığı dediyi Günəşdir. Gənc qızların sınamalarında yaşayan Günəş-Çobanyastığı sonu sevir ləçəyində sevinib, xoşbəxtcəsinə gülümsəyir.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir