SƏLƏFLƏR VƏ XƏLƏFLƏR

SƏLƏFLƏR VƏ XƏLƏFLƏR

Günaydın əziz, dəyərli Dostlarım!
Bu gün ulu babamız- klassik şair M.V.Vidadinin övladları, nəvələri və nəticələri haqqında uzun zaman öncə araşdırdığım və özümdə əxz etdirdiyim məlumatları Sizlərin nəzərinə çatdırmağı mənəvi borc bildim.
Görən gözləriniz var olsun!
Öncədən hər birinizə dərin təşəkkürümü bildirirəm!

_//

Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə dünyaya göz açmışdır. Şairin uşaqlığı və ilk gənclik illəri Şəmkirdə keçmişdir. Atası Məhəmməd ağa, babası Alı ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından idilər. Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Həmzə sultanın nəslindən idi. Belə ailədə böyüyən Vidadi kiçik yaşlarından mükəmməl təlim-tərbiyə almışdır. Atasının ölümündən sonra Şəmkiri tərk edib, təhsil almaq məqsədilə Qazağa köçmüşdür. İlk təhsilini Şəmkirdə almışdır. Amma ərəb, fars dillərini mükəmməl öyrənmək üçün bir müddət Qazağın Poylu kəndində yaşamışdır. Təhsil aldıqdan sonra Şıxlı kəndində mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olmuşdur. Məhz buna görə də o, Molla Vəli adı ilə tanınmışdır. Qıraq Salahlı kəndində yaşayan Molla Cəbrayıl Qayıbovun qızı Tükəzban xanımla evlənmiş, Şıxlı kəndində məskən salmışdır.
Bu nigahdan şairin altı oğul və iki qız övladı dünyaya gəlmişdir.
Ömrünün müəyyən qismini Tiflisdə yaşamış, gürcü çarı II İraklinin katibi vəzifəsində çalışmışdır.
1809- cu ildə doğma kəndi Şıxlıda vəfat etmişdir.
Kəndin Gəmiqaya adlanan ərazisində dəfn olunmuşdur.

//

General Əliağa Şıxlinski (1865-1943) “Xatirələrim” əsərində yazır ki, anam Şahyəmən xanım Qayıbova Azərbaycan şairi Molla Vəli Vidadinin qız nəvəsi idi.
M.V. Vidadinin qızı Cəvahiri xanım anasının qohumu Mirzə Məhəmməd Qayıbovla ailə qurmuşdur.

//__

Şair və araşdırmaçı Salman Mümtaz ( 1884- 1941) yazırdı: “Molla Pənah Vaqif ilə Molla Vəli Vidadi qohum (quda) idilər. Mərhum Abbas ağa Nazir Qayibov vaxtı ilə mənə demişdir ki, şair M.P.Vaqifin iki qızı – Pəri-Soltan xanım və Mələk-Cahan xanım M.V. Vidadinin oğulları ilə ailəli idilər. Böyük oğlu Müfti Osman Əfəndi Pəri-Soltan xanımla, kiçik oğlu Molla Ömər isə Mələk-Cahan xanımla evlənmişdir. Mələk- Cahan xanım klassik şair Yəhya bəy Qazağinin anası idi.
Bu məlumat M.V. Vidadinin nəticəsi general Əliağa Şıxlinski tərəfindən də təsdiq olunmuşdur.”

__//

Müfti Osman Əfəndi Qazax qəzasının Birinci Şıxlı kəndində dünyaya göz açmışdır. XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan şair Molla Vəli Vidadinin oğlu idi.

İlk təhsilini atasından almışdır. Ənənəvi şərq elmlərinə və rus dilinə dərindən yiyələnən Osman Əfəndi gənclik illərində Qazax, Borçalı, Tiflis mühitində mötəbər alim və müdərris kimi tanınmışdır. Qafqazda Öməriyyə (sünni) məzhəbi üzrə ali ruhani – müfti olmuşdu.
Qafqaz müsəlmanlarının I müftisi Tacuddin Mustafin vəzifəsindən azad edildikdən sonra, 1842-ci ildə general Yevgeni Qolovinin təklifi ilə Osman Əfəndi Qafqazın (Zaqafqaziyanın) Il müftisi təyin edilir.
1847-ci ilin dekabrında Tiflisdə ilk şiə mədrəsəsi açıldıqdan sonra müfti Osman Əfəndi canişin Mixail Vorontsovun qarşısında oxşar əsasnamə ilə sünni mədrəsəsinin də açılması məsələsini qaldırmışdır. Məhz onun təklifi ilə 1848-ci ildə sünni mədrəsəsinin nizamnaməsi təsdiq edilmişdir.

1849-cu ildə məktəbin təntənəli açlışı olub. Osman Əfəndi həmin məktəbin fəxri hamisi idi. Bu məktəbdə din ilə bərabər dünyəviliyə daha çox üstünlük verilirdi. Tələbələr təhsilə görə vəsait ödəməkdən azad idilər, başqa yerlərdən gələnlər isə mədrəsənin nəzdindəki pansionda məskunlaşmışdılar. Məktəb özü isə məscidin vəsaiti hesabına saxlanılırdı. Qafqazın Avropa ruhlu ilk türk ziyalıları dəstəsinin yetişməsində Osman Əfəndinin böyük rolu olmuşdur.
0, 1850- ci ildə vəfat etmişdir.

//___

Mötəbər din xadimlərindən biri olan Səadəddin Əfəndi Molla Vəli Vidadinin oğul, Molla Pənah Vaqifin qız nəvəsi idi. Atası Osman Əfəndi Qafqazın II müftisi idi.
Səadəddin Əfəndi dini təhsilini Şamaxı mədrəsəsində almışdır.
1868- ci ildə Şuşa qəzasına sünni qazisi vəzifəsinə təyin edilmişdir. On il Şuşada fəaliyyət göstərdikdən sonra 1878- ci ildə Qazax qəzasının qazisi vəzifəsinə təyin edilmişdir. Yerli əhalini çəyirtkə ilə mübarizəyə səfərbər etdiyinə görə 1882- ci ildə ll dərəcəli Müqəddəs Anna gümüş medalı ilə təltif edilmişdir. 1888- ci ildə vəzifəsindən istefa etmişdir. 1894- cü ildə Yelizavetpol (Gəncə) qubernatorunun təkidlərindən sonra yenidən Qazağın qazisi vəzifəsini icra etmişdir. Səadəddin Əfəndi Qazağın varlı şəxslərindən biri idi. Birinci Şıxlı və Kəmərli kəndlərində mülkləri, torpaq sahələri, naxırları və qoyun sürüləri var idi.
O, 1916- cı ildə vəfat etmişdir. İkinci Şıxlı kənd qəbristanlığında dəfn edilmişdir. Qəbri qardaşı Məhəmməd ağanın qəbrinin yanındadır.

Ailəsi haqqında:
Qızı Güləndam xanım Alay bəy Şıxlinski ilə ailə qurmuşdur. Kiçik qızı Badisəba xanım Alay bəyin əmisi oğlu Qiyas bəy Şıxlinski ilə nigahda idi.

Qeyd: Hal-hazırda Qazi Səaddədin Əfəndinin adını onun nəvəsi – BDU- nin müəllimi, fizika- riyaziyyat elmləri namizədi, dosent Səadəddin Əfəndiyev (1952) yaşadır.

__//

Qafqazın din xadimlərindən olan Məhəmməd Əfəndi Molla Vəli Vidadinin oğul, Molla Pənah Vaqifin isə qız nəvəsi idi.
İlk təhsilini əvvəl öz atası Müfti Osman Əfəndidən almışdır. Sonralar isə Qafqazın müftisi Taciddin Əfəndidən İslam elmlərinin sirlərini öyrənmişdir.
O, 1838- ci ildə Qafqaz Ordusunun Baş Qərargahına işə qəbul edilmişdir. Həmin il ordunun Dağıstan yürüşündə iştirak etmiş və yürüşdə fərqləndiyinə görə 1859- cu ildə ona gizir hərbi rütbəsi verilmişdir. Dağıstan qoşunlarının komendantı general Fezin tabeliyində xidmət edən Məhəmməd Əfəndi Samur, Axta əhalisinə və çərkəzlərə qarşı ordunun apardığı əməliyyatlarda fəal iştirak etmişdir. Buna görə də ona ömürlük təqaüd kəsilmişdir.

Məhəmməd Əfəndi 1845- ci ildə Qafqaz canişini Knyaz Mixail Vorontsov tərəfindən Tiflis cümə məscidinin imamı təyin edilir. O, 1847- ci ildə canişin tərəfindən Qazax qəzasının baş qazisi vəzifəsinə göndərilir.

1852–ci ildə İmperator Coğrafiya Cəmiyyətinə əməkdaş üzv, 1857-ci ildə isə həqiqi üzv seçilmişdir.
Knyaz Aleksandr Baryatinski tərəfindən qızıl zəncirli qızıl saatla və brilliant üzüklə mükafatlandırılmışdır. Məhəmməd Əfəndi 1857- ci ildə Qafqazın Öməriyyə məhzəbli (sünni) əhalisinin müftisi təyin olunmuşdur.

İmterator 1861-ci ildə Kutaisiyə gələrkən
Məhəmməd Əfəndi ilə görüşmüşdür. Bu görüş imperatorda dərin təəssürat oyatmışdır və ayrılarkən ona gümüş tütünqabı və brilliant üzük bağışlamışdır.
1871- ci ildə imperator tərəfindən qeyri- xristianlar üçün nəzərdə tutulmuş II dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.
Məhəmməd Əfəndi 1872-ci ildə martın 27-də vəfat etmişdir. Məzarı İkinci Şıxlı kəndinin qəbirstanlığındadır.

__//

Abbas ağa Nazir 1849-cu il oktyabrın 9-da Qazax qəzasının Salahlı kəndində maarifçi ailəsində doğulmuşdur. Atası Mirzə Nəbi əfəndi Qayıbov (1810–1869) dövrünün görkəmli maarifçisi idi. “Bəyani-hal” poemasında klassik şair Molla Vəli Vidadinin qız nəvəsi olduğunu nəzmə çəkmişdir.
İlk təhsilini məşhur din alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən (1830–1917) almışdır. On dörd yaşınadək kənd məktəbində oxumuşdur. Dayısı oğlu Məhəmməd ağanın məsləhəti və köməyi ilə Tiflisdəki “Məvariyi-Qafqaz ruhani idarəsi”nin nəzdində açılmış altı sinifli (üç illik) məktəbə daxil olmuşdur. Üç illik təhsilini bitirdikdən sonra doğma kəndi Salahlıya qayıtmış, 1873-cü ilədək müəllimlik etmişdir. Sonra Tiflisə dəvət olunmuşdur. Zaqafqaziya Ruhani İdarəsində baş katib köməkçisi, baş katib vəzifəsində otuz beş il çalışmışdır. 1910-cu ildən Tiflisdən doğma kəndi Salahlıya qayıdıb məktəbdarlıqla məşğul olmuşdur.
30 dekabr 1919- cu ildə Salahlıda vəfat etmişdir.

//_

Xədicə (Müftizadə) Qayıbova 1893-ci il mayın 24-də Tiflisdə Qafqazın ll müftisi Osman bəy Müftizadənin oğlunun ailəsində dünyaya göz açmışdır. Babası Osman bəy Müftizadə Azərbaycan şairi M.V.Vidadinin oğlu idi.
Anası Züleyxa xanım isə XIX əsrdə Tiflisdə məskunlaşan tatar əsilli Terequlovlar nəslinin nümayəndəsi idi.
Xədicə xanım ilk təhsilini Müqəddəs Nina Qızlar məktəbində almışdır.
1911-ci ildə Tiflisdə yayılan vərəm xəstəliyi səbəbindən Xədicə xanım atasını, bacısını, və qardaşını erkən itirir.
Ona görə də təhsilini yarımçıq qoymağa məcbur olur.
Ailəsini itirən Xədicə Müftizadə 18 yaşında ikən Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu – Nadir Qayıbzadə ilə ailə həyatı qurur.
Onlar bir müddət Tiflisdə yaşadıqdan sonra 1919-ci ildə Bakıya köçürlər.
X.Qayıbova cümhuriyyət illərində ictimai həyatda çox fəal idi. O, qadınlara təhsil verilməsi ilə bağlı keçirilən layihələrdə iştirak edir, qadınları təhsil almağa yönləndirirdi.
H.Z.Tağıyevin X.Qayıbovaya xüsusi hörməti və rəğbəti var idi.

X. Qayıbova sovet ordusunun Bakını işğal etməsindən sonra Azərbaycan SSRİ Xalq Təhsil Komissarlığında Şərq Musiqisi şöbəsinə rəhbər təyin edilir.
Həmin illərdə yaradılan Şərq konservatoriyasının banilərindən sayılan Xədicə xanım fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazanır.
Şərq və Avropa musiqisinin gözəl bilicisi kimi o, respublikanın mədəni həyatında fəal iştirak edir.
Ü. Hacıbəyov, R.M. Qliyer (sovet bəstəkarı), Bülbül, H. Sarabski, M.L. Presman, L. Rudolf, Q. Primov kimi sənətkarlarla əlaqə saxlamış, Azərbaycan musiqi folklorunun toplanmasında böyük xidmətləri olmuşdur.

Cümhuriyyətin süqutundan sonra Azərbaycanın müstəqilliyinə söz verilmişdir, hər kəs öz sahəsində fəaliyyətlə məşğul idi.
Bir müddət sonra repressiyalar, təqiblər başlandı.
Bu dalğanın içində X. Qayıbova da vardı.

Həyat yoldaşı Nadir Qayıbov repressiya qurbanı olduqdan sonra X. Qayıbova ikinci dəfə ailə həyatı qurur. Lakin bu dəfə də tale onun üzünə gülmür. İkinci həyat yoldaşı Rəşid Qayıbov 1933-ci ildə həbs edilir ancaq təqsiri sübuta yetirilmədiyindən azad edilir.
Təqiblər səngimir.
Bu dəfə də sovet hüquq-mühafizə orqanları şübhəli şəxs qismində X.Qayıbovanı 3 ay müddətinə həbs edirlər.
O, da həyat yoldaşı kimi casusluqda ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırırlar, amma heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edirlər.

1934-ci ildən Xədicə xanım Dövlət Konservatoriyasında elmi fəaliyyətlə məşğul olmağa başlayır,
konservatoriyanın tədqiqat heyətində çalışır.
Missiyası Azərbaycanın musiqi mirasının araşdırılması idi.

Çox keçmir ki, 1937-ci ildə X.Qayıbovanın həyat yoldaşını yenidən həbs edirlər. Rəşid Qayıbov bu dəfə geri qayıtmır. 1938-ci ildə qətlə yetirilir.

16 mart 1938-ci il tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinin lll şöbə rəisinin müavini leytenant Tevosyan belə bir sənəd tərtib edir:

“Türk və İngilis qərargahları Bakıda olduqları zaman X.Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra X.Qayıbova evində Müsavat partiyasının başçılarından olan Mustafa Vəkilovu gizləmiş və onun qaçması üçün şərait yaratmışdır.
M. Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-ci ildə X.Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib.
O, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir.
X.Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatın üzvü kimi həbs edilmişdir.
Göstərilənlərə əsasən, X.Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68 maddəsinə əsasən istintaqa cəlb edilməlidir.”

X. Qayıbova həbs olunan zaman oğlu Abdulkərimin 23, qızı Alanqunun 12 yaşı var idi.

1938-ci ildə 9 dəfə dindirilən Xədicə Qayıbova dindirilmə zamanı heç kimin əleyhinə ifadə verməyib və güllələnməyə rəvac verən heç bir ifadəsi olmayıb. Ancaq mayın 8-də müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittihamnamə tərtib edir. X.Qayıbova Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə müqəssir sayılır.

Altı aydan sonra belə qərar çıxarılır: “Qayıbova Xədicə Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əmlakı müsadirə edilsin.”
Xədicə Qayıbova 1938-ci il oktyabrın 27-də Türkiyə konsulluğu ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnib.
1956-ci ildə X.Qayıbova ölümündən sonra bəraət almışdır.

Mənbə: Sultan Əhmədova

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir