
Rəfail Tağızadənin ilk sevgisi
Yunan müdriki Sokrat deyirdi ki, sevgi ölməzlik cəhdidir. İnsana, Vətənə sevginin ölməzliyinin keşiyində dayanmaq, özünü başqasında tapmaq cəsarətdir, hünərdir. Başqası kimdi? Vətəndi, torpaqdı, valideynlərdi, sevgilidi, övladdı. Belə ilahi sevgiləri yaşamaq və yaşatmaq ləyaqətdir, qəhrəmanlıqdır.
Sözü ilahiləşdirməyi bacaran şairlər hətta bir şeiri ilə özünü təqdim və təsdiq edə bilərlər. Uğurlu bir şeir belə şairin ömürlüyü, həyatının məqsədi və məramı kimi onu tanıdar. Qazi şair Rəfail Tağızadənin “Burda məndən sevgi gözləmə” şeiri kimi. Bu poetik nümunə şairin səmimi, cəsarətli, lirik və kövrək etirafıdır, Vətənə, xalqa hesabatıdır.
Rəfail müəllimin “Məndən sevgi gözləmə” xəbərdarlığının özü də sevgi ilə ləbələb doludur. Cəsarətlə kövrəkliyin vəhdəti bənzətməm heç kimə qəribə görünməsin. Bu ülfətin nüvəsində sevgi dayanır.
Sevgi bəşər övladını səmimiliyə, kövrəkliyə, cəsarətə, həqiqəti söyləməyə, yalanı ifşa etməyə, həyatı dəyişdirməyə, gözəlliklər yaratmağa vadar edən ali mənəvi meyardır.
Şeirin ilk iki misrası həsrət və nisgillə yoğrulmuş bir epiqrafdır, müdrik deyimdir. Rəfail müəllim həyatın hər üzünü görən, sınaqlarından üzüağ çıxan, bir müdrikdir fikrimdə yanılmamışam. Adətən yazarlar əsərinin epiqrafında hansısa müdrikdən bir sitat gətirirlər. Rəfail Tağızadənin “epiqraf”ı isə özününküdür:
Öz torpağında səngər qazmaq
özünə qəbir qazmaq kimidi.
Vətən torpağının köksündə dərin-dərin yaralar – səngərlər – qəbirlər qazmağın ağrısını, ağırlığını, başıaşağılığını, utanclığını yaşamaq son 30 ildə taleyimizin alnına həkk olunan ən qara yazıdır. Bunu qazilər – o “qəbir”lərdə ömrünün gənclik adlı şirin çağının bir hissəsini yaşayanlar yaxşı bilirlər. Vətəni qorumaq, xain düşmənin tapdağından azad etmək şərəfli işdir, həyat məktəbidir ki, burada “oxumaq”, öyrənmək və öyrətmək qəhrəmanlıqdır. Şair-qəhrəman Rəfail Tağızadə də bu şərəfə layiq Vətən oğludur. O, “o başdan bu başa” səngər-qəbirdə mənliyimizi, “özümüzü, qürurumuzu” qoruyanlardan biridir. Qazilik və şairlik bir-birinə doğma sənətdir, Tanrinin sevdiyi insanlara lütfüdür.
Şairin qanlı-qadalı, ölüm-itimli səngər düşüncələri həm də o qədər lirikdir ki, həssas ürəkləri saflaşdırır, kövrəldir, daş qəlbləri yumşaldır. Rəfail müəllim Vətənə sevgi ilə insana sevgini birləşdirib ülviləşdirir, burda sevgi də var, ağrı-acı da:
Buranın gecəsi gündüzündən işıqlı,
gecələr hamı oyaq.
Uçan güllələrin
atəş nöqtəsini görürəm,
döyüşçü dostumun
hənirtisini eşidirəm.
Bu gündüz gecələr
unutdurur hər şeyi –
səni də,
isti yatağı da,
rahatlığı da.
Sən məndən ayrı sevgi umma.
Burada ağ mələfələr qan rəngində,
lalə yanağında qara xal kimi
ətin soyutduğu güllə içində…
Səngər həyatının “özəllik”lərini yerli-yataqlı qələmə almaq üçün şair də döyüşçü olmalıdır. Vətən oğulları baş-başa, çiyin-çiyinə dayananda daha məğrur və əzəmətli olurlar – dağlar, zirvələr kimi:
Gecələr adamın
harasından yaralandığı səsindən,
kimin nə gördüyü,
nə demək istədiyi
susmağından bəlli.
Sevməyən düşünməyi bacarmaz. Əgər insan sevməyə qadirdirsə, həyatı gözəlliyə və yaxşılığa doğru dəyişməyə əsas tapır. Səngərdə aşiqliyin meyarı başqadı, sevginin böyüklüyü “sevirəm!” nidasıyla ölçülmür. “Döyüşün, səngərin ruhuna köklənən” aşiqin və aşiqliyin qaydaları və qayğıları bambaşqadı. “Düşməni axtaran, öldürdüyünü sayan tətiyin qaraltdığı, bərkitdiyi barmaqlar saç sığallaya bilməz”. Sığallaya bilər, Rəfail müəllim, düşməni torpaqlarımızdan qovub o yerlərə qayıdandan sonra. Hələlik səngərdəkilərin “xatirələri an-an, onların zəfərini gözləyən el gözəllərininki il-ildir”:
Mən burda ölümü də sevirəm,
sən yaşamağı.
Səni qucaqlayan qollar
indi yaralı əsgərləri qucaqlayır.
Mən indi axan qanı öpürəm,
isti dodaqların kimi.
Mənim əllərim soyumuş üzü sığallayır,
sənin əllərin mənim boş,
soyumuş yatağımı.
Qucağımdan qan damır,
əllərim qan içində.
Bu qanlı əllərdən ayrı sevgi istəmə.
Ulduzlar əvəzinə “adamların ulduzunu söndürən ulduz güllələri işıldayan gecələrin” müdhiş “həzin”liyindən qan qoxusu gəlir. Qan qoxusu və həzin, romantik gecələr. Bu bir-biri ilə qol-boyun ola bilməyən söz birləşməsi qan-qadanın, müharibə adlı əzazil Təpəgözün yaratdığı paradoksdur, labirintdir ki, 30 ildir yol tapmaq üçün baş sındırırıq.
“Zamanın sözünü” bizə şeirlərində “Qarabağ rüzgarları”nın nəfəsiylə anladan, “sözün zamanı”nı, yerini yaxşı bilən Rəfail Tağızadə səngərdəkilərin psixoloji ovqatını, “situasiya fərqliliyini, həsrəti güllələməyi”ni, səngərin və səngərdəkilərin kim olduğunu elə təsvir edir ki, sanki sən də ordasan.
Mənə elə gəlir ki, xeyirxah, mərhəmətli, inamlı Rəfail müəllimlə səngərdə çiyin-çiyinə, arxa-arxaya dayansam da düşmən gülləsi məni tapa bilməz. Çünki Rəfail müəllim qoruyuculuq missiyasının daşıyıcısıdır. Qanında, canında olan bu missiyanı səngər “məktəbi”nin dərsləri daha da cilalayıb, mükəmmələşdirib.
Şairin “Qarabağ rüzgarları” kitabına (“Adiloğlu” nəşriyyatı, Bakı – 2009) “müəllifdən” yazısındakı döyüş təəssüratları məndə Vətənin bağrını cadar-cadar etmiş səngərlər barədə tam bilgi formalaşdırıb:
“Səngərin o tayında yalqız qalmış yurd yerinin – bizim əvəzimizə xəcalət çək’n dağların, bir vaxtlar bizlərin yaşadığı, indi isə boş, viran qalmış, uçulmuş, tarimar olmuş evin, kəndin, şəhərin, susuzluqdan, xiffətdən, tənhalıqdan quruyan ağacları, gülləri, çiçəkləri və nələrisə sevə-sevə bitirdiyini çoxdan unudulmuş sahibsiz torpaqların sənə dikilən baxışı, əli silahlı səndən umduğu imdadı, diləyi, tələbi, aralıqda qalmış, eninə-boyuna qazılmış sahələr, barıt qoxusuna qarışan dağ havası, doğma yurdda yadlardan, yağılardan özünü qorumaq instikti, ürəyin istəyən yerə addım qoya bilməməyin, asılılığın – heç nə etmək iqtidarında olmamağın, hər gün bütün bunları yaşamağın və yaşamaq məcburiyyətin səni bu ağrıları yaşayaraq yazmağa, bütün bunlardan qurtulmağa çağırır… Şəhid ruhları başımızın üstündə dövrə vurur, qazilərimizin basdırılmış əlləri, qıçları, qolları, gözləri səngərin o tayından bizi haraylayır”.
Ölümün soyuq nəfəsiylə üz-üzə dayanan, nəm səngərdə Vətənin torpağını, səmasını və bir də ilahi sevgisini qoruyanlar əslində iki cəbhənin əsgərləridir. Onlar arxa cəbhədə qoyub gəldikləri sevdiklərini də qorumaq kimi müqəddəs iş görürlər və sevgililərinə pıçıltı ilə ismarış yollayırlar. Həmin həzin sevgi notlarını qazi ilə qoşa şəklinə baxıb ümidlə yol gözləyənlər hər gecə dinləyirlər:
Hər gecə səngərin o tayından
məni çağırırlar.
Bu sənə xəyanət deyil, əzizim.
Bu ilk sevgidi.
Yaddan çıxmaz, unudulmaz Vətən sevgisi…
Azadlıq mücahidi, örnəyi və mücəssəməsi Şeyx Şamilin düşüncəsinə görə, əgər torpağınız kafir ayaqları altındadırsa, etdiyiniz ibadətin mənası yoxdur, öncə kafiri qovmalı, sonra ibadət etməlisiniz. Biz Müzəffər Ordumuzun Ali Baş Komandanının rəhbərliyi, əsgər və zabitlərimizin rəşadəti, Vətən və torpaq sevgili xalqımızın ümidi, inamı, qüruru ilə nankor düşməni torpaqlarımızdan qovduq, ibadətimizi də etdik. Vətən sevgimiz tükənməsin…
Sevgi də ilahi söz kimi əbədi işıqdır, qeyrətdir, namusdur, hünərdir. Sevginin gücü bütün çətinliklərə qalib gəlir. Bizi zəfərə aparan da sevgidi…
Müəllif: VAQİF OSMANLI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru