
AYAZ İMRANOĞLU HƏFTƏSİ
TUTAC
(povest əvvəli)
Mənim ata yurdum Həkəri ilə Araz çaylarının qovuşağında yerləşirdi. Bir sürü dəvə belini xatırladan donqar təpələrin ikisini əhatə edirdi kəndimiz. Kənardan baxanda elə zənn edirdin ki, o dəvə təpələr Həkəri, Araz sularından içmək üçün ağızlarını çaylara uzadırlar. Təşnə ürəkləri soyusun deyə. Çaylarla dəvə təpələr arasındasa yaşıllıq zolağı uzanırdı.
Gündoğandan- İran ərazisindən silsilə dağlar, günbatandan Zəngəzur dağı, arxasın isə Diri dağları üzük kimi qoruyurdular.
Keşikçi dağlar düşmən çəpəri idi.
Bir gün Zəngəzur dağı tərəfindən kəndimizə qara bulud topaları gəlməyə başladı. Gəlirdi ki…
Onda şəhid atamın qəbri hələ soyumamışdı.
Şəhid atamın qəbrinin torpağı hələ soyumamış elimizdən-obamızdan didərgin güşdük, köçkünə çevrildik. Bir ailədə üç nəfər qalmışdıq. Anam, bacım və mən
Müharibə bölgəsi olduğumuzdan, günlərlə məktəbimizdə dərslər keçirilmirdi. Səhər yeməyini yeyib qoyun quzularımı qabağıma qatıb otarmağa aparmışdım. Müharibənin gətirdiyi ağrı-acılar kəndimizdə qoyun nobatının da ləğvinə səbəb olmuşdu. Axı, neçə illərdi ki, uşaqdan böyüyə kimi hamı müharibə ab-havası ilə yaşayırdı.
Gicitkan dərəsinin yamaclarında qoyun-quzularım iştahla otlayırdılar. Müharibə bu dilsiz-ağızsız heyvanların vecinə deyildi. Valeh olmuşdum onların otlamağına. Elə iştahla gül-çiçəkli otları yeyirdilər ki, adam az qalırdı özü də yesin bu otlardan. Nə gizlədim, mən də arada südlü yemlik, südlü qanqal tapıb yağlı kabab kimi dişimə çəkirdim. Nənəm həmişə deyərdi ki, bala, bu yerlərin otu, gülü, çiçəyi min bir dərdin dərmanıdır.
Quzularımın şıltaq hərəkətlərinə məftun olmuşdum. Onların hər bir hərəkəti məndə maraq doğururdu. Qəribəsi o idi ki, bir anlıq analarını itirəndə, gözlərindən yayınanda elə yazıq-yazıq mələyirdilər ki, adam az qalırdı ki, qarşılarında diz çöküb, boyunlarını qucaqlayıb ağlasın. Elə o andaca anaları da başlarını qaldırıb cavab verər, quzular hoppanıb atıla düşə-düşə yanlarına qaçar, yelinli döşlərindən əmdikcə əmərdilər.
Kəpir daşının üstündə oturub özümlə götürdüyüm “Kədər də nəşə varmış” kitabını acıgözlüklə oxumağa başladım. Başım kitabdakı maraqlı, məzmunlu şeirlərə elə qarışmışdı ki, başımı qaldırıb gördüm ki, gün günortanı keçib. Qoyun-quzularım da Gicitkan dərəsinin yamaclarını adlayıb Dəvə surçaq təpəsinin döşlərinə yayılılıb. Çomağımı götürüb kitabımı da qoltuğuma vurub, qoyun-quzunun arxasınca getməyə başlamışdım ki, kənd tərəfdən gələn qarmaqarışıq səslərə diksinən kimi oldum. Zəndlə kəndimizə tərəf boylandım ki, bəlkə bir şey görə bildim və çox təəssüf ki, heç nə görə bilmədim. Adamların hay-küyü, itlərin hürüşməsi, traktor-maşın səsləri bir –birinə qarışmışdı.Tez-tələsik qoyun-quzunu bir yerə toplayıb qabağıma qatıb kəndimizə tərəf üz tutdum.
Sən demə, eşitdiklərim mən fikirləşdiyimdən də dəhşətli səslər imiş. Belə ki, kəndimiz də içində olmaqla böyük bir ərazimiz mühasirəyə düşüb. Adamlar təşviş içindəydilər. Anam əllərini dizlərinə, baş-gözünə döyə-döyə ağlayırdı. Bacım da ətəyindən tutub ona qısılmışdı. Xəbər yayılmışdı ki, ermənilər dərələrdə qoyun-quzu otaranları da girov götürüblər. Gümanların içərisində mən də varmışam.
- Nə olub, ana,-deyəndə çevrilib məni görən anam diksinən kimi oldu. Sanki gözlərinə inanmırdı. Yaxına gəlib boynumu qucaqlayıb, üz-gözümdən öpdü:
-Dilim-ağzım qurusun, deyirdilər bəs sən də…Allaha şükür, qaqaş.
Anam da, bacım da, rəhmətlik atam da məni öz adımla yox,”qaqaş” deyib çağırırdılar
-Can, bala, deyirlər ermənilər Quş qayasındadır.Tankla, topla, böyük bir qoşunla gəlirlər. Bizim əsgərlər də döyüşə-döyüşə Araz qırağına çəkiliblər. Hətta ermənilərin atdığı mərmilərdən bir neçəsi də İran ərazisinə düşüb. Bütün kənd Şamlığa qaçır ki, bəlkə Arazdan o taya addayıb canlarını bu gavırların əllərindən qurtara bildilər.
Şamlıq bizim ölkə ilə İran arasında olan neytral zonadır. Son illər tikanlı məftilləri sökülüb, sərhəd dirəkləri ləfv olunmuşdu. Hətta sərhədçilərimiz belə keşik çəkmirdi. O tayda bir –iki İran sərbazı dayanırdı.
-Səbirli ol, anacan, biz də gedərik,-deyərək bacıma baxıb anama toxtaqlıq verdim, bədənimi isə qorxu lərzəyə salmışdı.
-Qaqaş, bəs bunlar, qoyun-quzular? Xəmir yoğurmuşam, kündələmişəm, sacım qızıb…
Hüseyinxanlılar məhəlləsində baş verən fəryad səsləri anamın demək istədiklərini ağzında qoydu. Şaxsay-vaxsay səsləri aləmi başına götürdü. Zülfüqarı ağlayırdılar. Demək, bir döyüşçü də şəhid oldu. Meyidini döyüşçü dostları gətirmişdilər. Çünki əsgər paltarında tanımadığımız Zülfüqargilin həyəti adamlarla dolu idi. Hər birinin də çiynində silah,sinələrində patrondaşları asılmışdı. Ana-bacısı saçlarını yolur, üzlərini cırıb al qana boyayırdılar. Bir neçə kişi isə Zülfüqargilin həyətində bel, düsərlə, linglə yer qazırdılar. Çox keçmədi ki, həyətdəki tut ağacının dibində Zülfüqarı dəfn elədilər.
Şələsini-boğçasını götürən kənd yolu ilə, baxça-bağ arasıyla Şamlığa qaçırdı. Kəndimizin “Xırman” deyilən yerində isə həmişə bütün hadisələrə seyrçi yanaşan dil pəhləvanları yenə də üyüdüb tökür, asıb-kəsirdilər. Uzun illər atəş səslərinə öyrəncəli olduğumuzdan top, tank,zenit,qrad atəş səslərini bir-birindən ayırmaqda kəndçilərimiz “mütəxəsis” olmuşdular. Anamın kürəyimə şəllədiyi yüklə biz də Şamlığa yollandıq.
Tez-tez geri çevrilib evimizə baxırdım. Gözlərim evimizdə qalmışdı. Atamın hər gün ruhu dolaşan evimizdə. Bir də ki, mənim sevimli Bozdarım zəncirdə zingildəyə-zingildəyə qalmışdı. Onun arxamızca yazıqcasına baxışı içimi didib-parçalayırdı. Geri dönüb Bozdarı zəncirdən açdım. Yazıq it quyruğunu bulaya-bulaya ayaqlarımı yalayır, üstümə hoppanır, üzünü üz-gözümə sürtürdü. O da bizə qoşuldu.
Dərd yeyin gəlmişdi. Gecəni Şamlıqda diri gözlü açdıq. Səhər açılar-açılmaz Güney Azərbaycanlı soydaşlarımız bizə kömək etmək üçün Arazı adlayıb Şamlığa gəldilər. Özləri ilə gətirdikləri patava ilə əvvəlcə arvad-uşağı yığıb uzun kəndirlərlə çəkə-çəkə o taya adlatdılar. Patava qurumuş camış dərisindən hazırlanmış qayığa oxşayırdı. O tayda islanmış paltarlarımızı dəyişib, yenisi ilə əvəz etdilər. Axşamdan Bozdarım harasa yoxa çıxmışdı. Bəlkə də evimizə qayıtmışdı. Yiyəsiz qalmış evimizə. Güman ki, ermənilər intiqam almaq üçün itimizi də öldürər və bununla “türkün biz itini öldürdük” deyib öyünərlər. Mənim uşaq ağlımda ermənilərə qarşı nifrət hər an güclənirdi.
Dəyər-dəyməzə qoyun-quzuları hamı kimi, biz də satdıq.Əvəzində bir qom İran pulu – tümən aldıq. Artıq neçə gün vardı İranda idik. İran dediyimiz bu ölkə Güney Azərbaycandır. Əhalimizin çoxu məscidlərdə yerləşdirilmişdi. Qohum-əqrəbası olanlar evlərdə qalırdı. Adamlar həsrətlə o taya, yurd yerlərinə, doğma evlərinə baxırdılar. Ermənilər ot tayalarımızı yandırıb bizi vahimələndirirdilər. Boşalmış yurd yerlərimiz tapdağına çevrilmişdi. Qəzəbimiz, kinimiz içimizdə tüğyan edirdi.
Hərə öz canının hayında, dərd-sərini yaşamaqdaydı. Hara gedəcəyimizi bilmirdik. Son günlər adamlarımız maşın-maşın daşınırdı. Hara, niyə, nə üçün? Bu suallar ətrafında düşünməyimiz heç bir əhəmiyyət daşımırdı. Təki İran ərazisindən alışmadığımız bu mühitdən canımız qurtarsın. Sovet rejiminin köynəyindən çıxmış bizlərin beynində hələ də kommunizm xülyasının rüşeyimləri olduğundan mollalar rejiminə qəribə baxırdıq. Yaşlı qadınlar, qız-gəlinlər, hətta belə balaca qız uşaqları da hicabda gəzirdi.
Nəhayət bizə də növbə yetişdi. Avtobusa yığıb bizi də yola saldılar. Araz boyu yollarla neçə kənd, neçə oba keçdik. Araz çayı arxada qaldı.İndən belə yaddaşımızın xatirəsində Arazımızın həzin,nisgilli laylaları yaşayacaqdı.
Bakının Əhmədli qəsəbəsində beşmərtəbəli məhbus yataqxanasının dördüncü mərtəbəsində kiçik bir otaqda yerləşdik. Əvvəllər xüsusi komendaturanın- cinayət törədib cəzaya məhkum olmuş şəxslərin yataqxanası olan burada məcburi əməyə məhkum olunmuş məhbuslar cəza müddətlərini çəkirdilər. İndi isə biz…
Ata-baba yurdumuzdan, var-dövlətimizdən bizə qalan xırda-para məişət əşyaları və bir də ki, atamın şəkili idi.
Dağlara güvənən kənddən ayrılıb bu izdahamlı şəhərdə yad planetdən gəlmiş məxluqlara bənzəyirdik. Gen-bol kənd evlərimizdə gün ərzində iş-gücdən baş açıb rahatlıq tapa bilməyən anam indi bekarçılıqdan həyətə düşməyə də ərinirdi, utanırdı qaçqın-köçkün adından. Utanırdı məhbuslar qalan yataqxanada qaldığı üçün. Şəhər adamlarının tənəli, bir az da kinayəli baxışlarından. Hər gün şam kimi gilə-gilə əriyirdi. Qərib idi bu şəhərdə anam. Qəribliyin ağrı-acısını içində tənhalığa çevirən anam özünə həsrət laylası çalırdı.
Düşdüyümüz dərdi tam dərk etməyən bacım isə hələ də öz uşaq dünyasının qayğısız günlərini yaşayırdı. Hətta belə qonşu köçkünlər arasında özünə həmyaşıd olan qızlarla dostluq da qurmuşdu.
Anamın qəflətən xəstələnməsi ailəmizdəhər şeyi alt-üst etdi. Neçə gün idi ki, qızdırma içərisində od tutub yanan anamın dodaqları quruyub cadar-cadar olmuş, bənizi soluxmuşdu, arıq əllərinin gömgöy damarları görünürdü.
Anam məhbuslar yataqxanasında çarpayı dustağına çevrilmişdi. Həkimlərin yazdığı dava-dərmanın köməyi olmadı. Qoyun-quzularımızdan əldə etdiyimiz pul da tükənmək üzrə idi. Dolanışığımız son həddə çatmışdı. Günü-gündən təqatdən düşən, boğazından loxma da keçməyən anam elə hey su istəyirdi. Yatağının ayaq tərəfində oturub fikirləşirdim, ha fikirləşsəm də özümə bir çarə tapa bilmirdim. Dərdimizi bacım deyəsən qavramağa başlamışdı. Anamın üz-gözündən öpüb az qalırdı ki, onu duz kimi yalasın. İlahi, bu necə ana-bala mehri-məhəbbəti idi?!
Gecələr yorğanı başıma çəkib düşünür, ha götür-qoy edirdimsə də heç bir nəticə hasil olmurdu. İynənin ucu boyda ümid gəzirdim bu qaranlıq gecədə. İşartıysa qeybə çəkilmişdi. Əlçatmaz, ünyetməz olmuşdu işıq. Demək qismətimlə barışmalıydım. Gündüzlər bu dar otağımızda var-gəl edir, son ümid-gümanımı qapımıza bağlamışdım. Nə vaxt qapımızın döyülüb-açılacağının həsrətini çəkirdim. Bu həsrətin yolu yaman uzunmuş.
Köçkünlük taleyi yaşayan qonşularımızın hərəsi bir işin qulpundan yapışıb özlərinə gün-güzaran qururdular. Bir para qonşular isə dolanışıq üçün təzə açılmış “şpilka” (quruması üçün asılan paltarı zivədə tutan sancaq, sıxac) sexindən hissələr gətirib quraşdırır, hazır məhsul kimi təhvil verib pulunu alırdılar.
Bir axşam qonşumuz Qəhrəman dayı həsrətimin yönü olan qapımızdan içəri girib, “Oğlum Zərdüşt, al, burda min ədəd “şpilka” hissələri var, düzəlt, təhvil varib pulunu gətirərəm. Bilirəm, məktəbə də getmirsən, boş-bekar ananın yanında oturmaqdan bir şey çıxmaz.”
Elə bil dünyanı mənə bağışladılar. Gözlərim işıqlandı. Nə vaxtdan çiyinlərimdən basan dözülməz yük sanki yüngülləşməyə başladı. Qəhrəman dayıya minnətdarlıq dolu baxışlarla baxmaq istədim. O isə artıq qapını örtüb getmişdi. Fərəhlə gözlərimi anama tuşladım. Anamın sükut dolu gözlərindən yaş damcıları yuvarlana-yuvarlana axıb dodaqlarında dondu. Əyilib çallanmış saçlarından öpdüm:
-Eh, ana, nooldu. Hamı işləyir də. Uşaq da, böyük də. Mən ki, daha uşaq deyiləm. Bir də ki, müharibə vaxtıdır, ağır zaman, çətin günlərdir. Sən özünü üzmə. Allah qoysa sağalıb duracaqsan.
Bunu deyib, yenidən boynunu qucaqladım. Anamsa lal-kar kimi baxışlarını məchul bir nöqtəyə dikmişdi.
Son günlər həqiqətən evimizdə ərzaq demək olar ki, tamam qurtarmışdı. Məhbuslardan qalma dəmir qab da bacım qaynamış suya quru çörək tikələrinin, töküb isladıb iştahla yeməyə başladı. Sonra da çörək qırıntısını boşalmış qənd qabının dibində qalan qənd tozuna batırıb yedi. Mənə, hətta anama da yeməyi təklif etsə də biz başımızı buladıq.
-Bir tikə ye, noolar. Bax, görəcəksən, səhər qaqaş yağ, qənd, isti çörək alıb gətirəcək.
Yer yarılsaydı, yerə girərdim. Bacımın da son ümid yeri məniydim. Nə yaxşı ki, Qəhrəman dayı bu “şpilka” torbasını gətirdi. Torbanı açıb hissəcikləri düzəltməyə başladım işim alınmasa da, sonradan çox cəld və iti işləməyə öyrəşdim. Qəlbimdə qazanacağım pulla sabah yağ, çörək, bacım üçün konfet alacağımı düşünürdüm. Səhəri günü Qəhrəman dayı bizə gələndə çörək, qənd, çay və ət alıb gətirmişdi. Sən demə, axşam tez getməyinin səbəbi bacımın dəmir kasada çörəyi su ilə yediyini görməyimiş.
-Həə,oğul, gördün, demək işləyib pul qazanmaq elə də çətin deyil.
Şükürlər edirdim Allaha ki, Qəhrəman dayı bizi acından ölməyə qoymadı. Mən də pul qazana bilərəmmiş sən demə! Həmin gündən başladım “şpilka” düzəldə-düzəldə kiçik ailəmizi dolandırmağa. “Şpilka” sexinin bığıburma sahibi ilə də dost olmuşdum. Çox vaxt düzəldəcəyim “şpilka”ların pulunu əvvəlcədən verirdi. Qazandığım pulla anama, bacıma dayaq dururdum. Anamın bir üzü gülürdüsə də , o biri üzü yenə də kədər-qüssə içərisində idi.
Qonşu köçkün uşaqları hər səhər səliqə ilə geyinib, deyə – gülə məktəbə getdiklərini görəndə içimdə xiffət hissi baş qaldırırdı. Məktəb qonşu fəhlə yataqxanasının birinci mərtəbəsində yerləşdiyindən ara-sıra mən də məktəb ətrafında durub şagirdlərə tamaşa edirdim. Axı mən də oxuya bilərdim. Kəndimizdə əlaçı şagird olmağım, həmişə müəllimlərin sevimli şagirdi sayılmağım yadıma düşəndə burnumun ucu göynəyirdi.
Bacım bu il məktəbə gedəcəkdi. Bacımın məktəbə gedəcəyini, oxuyacağını fikirləşəndə qəlbimdə xoş duyğular baş qaldırırdı. Arzularıma çıraqçı olacaqdı bacım. “Şpilka” sexinin yiyəsi bığıburma dayıdan borc pul alıb bacım üçün məktəbli forması, çanta, qələm-dəftər aldım. Hamısın bir yardə evə gətirəndə bacım o qədər sevindi ki, elə bil dünyanı ona bağışlamışdılar.Anam yataqda minnətdarlıq dolu baxışları ilə mənə baxırdı.
Biri sentyabr şəhərə yeni görkəm, xoş abı-hava gətirmişdi. Məktəblilər, tələbələr yeni dərs ilini şadyanalıqla qeyd edirdilər.Yenicə məktəb həyətinin kandarına ayaq basan birincilərin isə sevinci yerə-göyə sığmırdı. Bu səhər bacım lap erkən durmuşdu.Ağ, qara məktəbli formasını geyindirib, çantasını çiyninə asıb bizə məxsus olan köçkünlər məktəbinə apardım. Şəhər məktəblərindən fərqli olaraq Göylər rayon köçkünlər məktəbi yeni dərs ilini əvvəlki görkəmində, əski formasında qarşılayırdı. Məktəbin qarşısındakı divara ağ ipək parçadan örtük çəkilmiş və qırmızı lentlə bağlanmışdı. Məktəblilər də, müəllimlər də bu örtüyün ətarfına toplanmış, qələbəlik yaratmışdılar. Görünür, bu örtük əlamətdar hadisə ilə bağlı idi. Məktəb drektorunun səsi toplaşanların səs-küyünün üstünə su çilədi. Bir andaca hamı sakitləşdi. O yeni dərs ilini təbrik edib, sözü Göylər rayon icra hakimiyyətinin başçısına vardi:
-Əziz məktəblilər, bu il dərs iliniz əlamətdar hadisə ilə açılır. Göylər Rayon İcra Hakimiyyətinin sərancamı ilə sizin məktəb həmyerlimiz, Milli Qəhrəman Qartalburun Əlinin adını daşıyacaq. Bugün həm də qəhrəmanın barelyefinin açılışını qeyd edəcəyik. Bir azdan lent kəsilib örtüyü götürüləcək, cəsur döyüşçünün mətin simasını görəcəksiniz. Hər gün məktəbə gələndə Qartalburun Əlinin qürurlu çöhrəsi sizi qarşılayacaq və siz də onunla fəxr edib , ona oxşamaq arzusunda olacaqsınız. Vaxt gələr, rayonumuz erməni işğaldan azad olar, bu məktəb də rayonumuzda fəaliyyət göstərər…
Sözlərin dalısını eşitmədim. Az qalırdım göyə uçam. Sən demə, şəhid atamız qəhrəman imiş. Bəs anamız niyə bunu bizə deməyib.Yoxsa o da bilmirdi? Bu yerdə bacım “Qaqaş, Qəhrəman dayı kimi?”soruşdu.
-Yox, bacıcan! Qəhrəman dayının adı Qəhrəmandır. Atamızın əməli qəhrəmanlıqdı.
Qırmızı lent kəsildi. Ağ örtük götürüldü. Atamın əksi olan mərmər lövhə alqışlarla qarşılandı. Ətrafına gül-çiçək dəstələri düzüldü. Şəninə qəhrəmanlıq şeirləri söylənildi. Mərmərdən bizə baxan atamızın gülərüz siması evimizdəki şəklin ayrı idi. Bacı-qardaş vüqarla baxırdıq. Qartalburun Əlinin adını daşıyan məktəbdə ilk zəng çalındı. Şagirdlər dəstə-dəstə məktəb həyətindən içəri kiçik siniflərə doluşdular. Bacımı birincilər olan sinifə apardım. Fəxr edirdim ki, atamın adını daşıyan məktəbdə bacım da oxuyacaq. Bəs görəsən bu əmilər, dayılar bizi niyə tanımır. Çox güman ki, tanısaydılar, adımız dilə gətirilərdi, içimdə giley toxumu cücərirdi. Dilxorçuluq baş qaldırırdı. Bu giley, bu dilixorçuluq məni həyəcanlandırırdı.”İlahi, bu necə dövran,nə gün-güzarandı. Qəhrəmanlara sayğı beləmi olur? ”İnanırdım ki, atamın ruhu onda şad olar ki, bizə də qayğı göstərələr. Amma biz cəmiyyətdən təcrid olunmuş kimiyik, necə deyərlər atılmışlarıq.
Milli qəhrəman olan kişinin həyat yoldaşı əlli metrlikdə can üstədi. Bir kimsə ona həyan durmur. Burdasa atamın barelyefi ilə fəxr edirlər.
Məktəb həyətində atamın gülərüz mərmər simasına baxıb köks ötürdüm. Əyilib gül-çiçək dəstələrini səliqəyə salırdım. Sonrada istədim üzündən öpəm:
-Ay uşaq, güllərə dəymə. Onu öğurlamaq olmaz. Ona oxşamaq, vətəni sevmək gərəkdir. Köçkünsən?
-Bəli,müəllim.
-Hansı rayondan?
-Göylərdən.
- Bax, bu igid də həmyerlindir. Beləsinin oğlu da qəhrəman kimi yetişəcək.Yoxsa sənin kimi avara oğlu avara, yox
Hirsimdən nə edəcəyimi bilmədim. İçin-için ağlaya – ağlaya yaşadığımız yataqxanaya gəlirdim. Hərdən ürəyimdə özümə toxtaqlıq verə-verə “Qartalburun Əlinin oğlu avara ola bilməz, müəllim. Əgər anam xəstə olmasaydı mənim də atam sağ olsaydı, məktəbə gəlib əlaçı şagird olardım”
Müəllimin dediyini anamdan gizlətdim. Həmin gün ailəmizdə ən xoş gün oldu. Anam atamdan danışdı, bacım məktəbdə gördüklərindən söhbət açdı. Anamın boynunu qucaqladım, əlləri saçlarımı sığalladı.
-Qaqaş, bacından muğayıt ol. Hər şeyə də kişi kimi döz haa…Bir də ki, böyüyəndə Əmin Arifi axtarıb taparsan. O bizim sağ qalmağımızdan xəbərsizdi. Yoxsa axtarıb tapardı.
Bu sözlər qulaqlarımda cingildədi. Elə bil qayaya toxunub əks-səda verib dönə-dönə təkrarlandı. İlahi bir söz kimi yaddaşımda həkk olundu. Elə bil anam vəsiyyət edirdi.
Gecələr biz yatandan sonra anam atamın şəkili ilə danışırdı. Bunu dəfələrlə müşahidə eləsəm də, büruzə vermirdim. Bir gün yenə anam atamın şəklinə deyirdi: “Səndən sonra övladlarına yiyə dura bilmədim. Bağışla məni. Dərdini çəkməyə gücüm çatmadı. Qaqaşın qazandığı qəpik-quruşla yaşayırıq”-deyib için-için ağlayan anama yazığım gəlsə də, durub təskinlik vermədim. Dedim qoy içinin sözünü deyib yüngülləşsin anam.
Kaş o gün olmayaydı. O səhər heç vaxt açılmayaydı. Amma nə edəsən ki, hər səhər açılır,günəş doğuda doğulub, batıda batır. İnsan ömürüdə belədir. O səhər açılmışdı. Mən də bacımı məktəbə ötürüb evimizə qayıdırdım. Evimizə yox,yaşadığımız yerə. Gözüm qeyri-ixtiyarı pəncərəmizə sataşdı. Duruxdum. Zəndlə yenə pəncərəmizə baxdım. Yanılmamışdım. Anam idi. Gülümsəyirdi. Əl edirdi mənə. Sandım ki, məni qara basır.Yaman sevincək oldum. Anam ayağa durmuşdu. Tez-tələsik özümü ona çatdırmaq istəyirdim. Pilləkənləri iki-bir, üç-bir qalxa-qaçardım. Qapımızı açanda məni dəhşət bürüdü. Pəncərə də bir kimsə yox idi. Bu deyəsən anamın qaraçuxası idi. Birdən gözüm yerə yıxılmış anama sataşdı. Heyrətləndim. Dəhşətli vəziyyətdə anama baxırdım. Ağzından laxta-laxta qan tökülürdü. Əlləri qapıya tərəf uzalı halda, barmaqları titrəyirdi. Gözləri az qalırdı ki, hədəqəsindən çıxsın. Diz çöküb anamın başın dizimə qoyub əllərindən tutdum. Əl barmaqları sanki qurumuş çubuqlar idi. Xırda-xırda beş çubuq. Gözüm görə-görə anam ölürdü.
-Ana,-deyib özümdə bilmədən cikkə çəkdim. Boynunu qucaqlayıb üz-gözündən dayanmadan öpürdüm. Əllərin boynuma dolayıb sakitləşdi. Gözləri şüşəyə dönürdü, bədən hərdən tərpənirdi. Ağır-ağır aldığı nəfəs də susdu. Elə bil kimsə mənə dedi “anan öldü!”Dünya başıma fırlandı. Qıy çəkib qonşuları köməyə çağırdım. Amma gecikmişdim…
Şəhərin kənarında bir təpəcikdə yepyenicə qaçqınlar üçün salınmış qəbirsandlıqda anamı torpağa tapşırdıq.Yataqxananın qolu yox komrnendantı biz qardaş-bacını kimsəsizlər kimi yetimlər evinə vermək istəyirdi. Mən buna etiraz etdim. Qəhrəman dayı da dayaq duracağına söz verdi.
Heç birimiz anamızın ölümünə inanmırdıq. Anasızlıq hissi isə bizi hər gün, hər an sıxırdı. Onun quru nəfəsi gərəyimiz idi.İndi hətta kölgəsinin də həsrətini çəkirdik. Lal dinməz olmuşduq. Hətta bacım dost olduğu uşaqlardan da kənar gəzirdi.Saatlarla otaqda oturub atamın şəklinə baxır, anamın yatdığı yorğan-döşəyi qucaqlayıb için-için ağlayırdı. Belə vədələr də mən də ona qoşulurdum. Gecələr bacı-qardaş anamızın yatdığı çarpayıda birgə yatırdıq. Anamın qoxusu qalmışdı bu yorğan-döşəkdə. Elə bil bununla özümüzdə təskinlik tapırdıq.
Qəhrəman dayı öz evinə dəvət etsədə getmirdik. Bir gecə bacım yuxudan qəflətən durdu. Məni də dümsükləyib oyatdı. Elə bildim ki,sayaqlayır. Axı son günlər bacım yuxusunda tez-tez atamla-anamla danışırdı.
-Qaqaş, atam gəlb, bax,bax-deyib qaranlıq otaqda qapı olan istiqaməti əli ilə göstərir.
Mən yuxu gördüyünü anlayıb:
-Bacıcan, yuxu görürsən,-deyib durub otağın işığını yandırdım. Bir stəkan su verdim ki,içib toxtasın. Yadıma düşdü ki, kənddə olarkən anam yastığımızın altına çörək tikəsi qoyardı. Mən də elə etdim. Yorğan-döşəyin içərisində bacı-qardaş xeyli oturub bir-birimizə baxdıq. Sonra bacım başın sinəmə qoyub yatdı.Mənsə bacımın ipək tellərini sığallaya-sığallaya elə hey fikirləşirdim: “Bizim axırımız necə olacaq! Necə yaşayıb, necə böyüyəcəyik! Bu yaşda nə günah eləmişik ki, bu zülümləri çəkirik” Elə bu zaman bacımın səsi gəldi:
-Qaqaş, nə olar,atamızın da şəklini qoy yanımıza, yataq. Elə həmişə divardan baxır bizə.
Mən divardan şəkili alıb üzünü silib, öpüb yanımıza qoydum. - Yat, ata, yat. Anam yatan yorğan-döşəkdə bizimlə yat-deyibbacım hönkür-hönkür ağladı. Mən də ona qoşuldum. Bir də gördüm qapı döyülür. Qəhrəman dayı içəri girib bizi bu halda görüb,köks ötürüb qəhərli-qəhərli:
- Eh, balalar, sizi bu hala salanın balaları bundan betər olsun!
Qarabağın qədim kəndlərindən olan Qəhrəman dayı, Sənəm xala da biz dərddə idilər. Onlar da ax-madar oğlanları- Əməlruhdan xəbərsiz idilər. Əməlruh Bakıda inistutların birində oxuyurdu. Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüşə yollanmışdı. Neçə il öldüsündən, qaldısından xəbər yox idi. Qəhrəman dayı, Sənəm xala hər il neçə kərə şəhidlər xiyabanına gedib şəhidlərin qəbirləri arasından oğlanlarının qəbrini gəzirdilər.
Bir gün onlara bir kitab verdilər. Məhərrəm Zaman olan yazıçının müəllifliyi ilə işıq üzü görən kitabda Əməlruhun döyüş yolunu, əsirlikdə baş verən müdhiş hadisəyə aydınlıq gətirilirdi. O kitabın həmin hissəsini Sənəm xalaya, Qəhrəman dayıya neçə kərə oxumuşdum. Hər dəfə də onlar Əməlruhun erməni vəhşiləri tərəfindən verilən işgəncələri oxuyanda “can bala, can, can!” deyib göz yaşı axıdırdılar. Kitab Milli Təhlükəsizlik Nazirliyinin arxiv materalları əsasında hazırlanmışdı. Əməlruhun haqqında olan həmin hissə indi də bittə-bittə yadımdadı.
…Əməlruh öz dilinin və qürurunun güdazına qurban getdi. Sual oluna bilər ki, görəsən on üç ay erməni əsirliyində hər gün neçə dəfə ölüb dirilən, minlərcə təhqirə, əzaba dözən Əməlruh hansı sözünə görə “böyük” günah işlətmişdi ki, hansı məğrurluq və qürur göstərmişdi ki, onu ayaq üstə diri-diri, hər gün bir bel boyu basdırmaqla qətlə yetirirdilər. Lakin heç yerdə, heç vaxt, heç cürə belə bir vəhşilik mümkün olmasa da, ermənilərin əlində olan əsirlərlə belə hallar ola bilərdi.
Əməlruh ona edilən şirinlikləndirici təklifləri rədd etmiş, təhqir və istirablara dözmüş, ancaq qürurunu sındırmamış, Vətənə dönük çıxmamışdı. Məhz erməniləri də hiddətləndirən onun məğrurluğu, dönmzliyi, dözümlülüyi olmuşdu.
Erməni əsgərləri düzəngah yerdə onun üçün özünə “ayaqüstü” qəbir qazdırmışdılar. Qəbirin hündürlüyü Əməlruhun boyundan on sm dərin olmuşdu. Sonra onu ayaq üstə bu qəbrə salıb, qəbrin ətrafında yerə mıxlar basdırıb, məftil və kəndirlə onu bu mıxlara bağlamışdılar. Onu bağlamışdılar ki, o tərpənə bilməsin. Hətta onu qorumaq üçün gözətçi də ayırmışdılar ki, vəhşi heyvanlar onu vaxtından tez parçalamasınlar. Çünki onun tez bir zamanda ölməsi, ermənilərə sərf etmirdi. Sərf etmirdi ona görə ki, onlar növbəti vəhşiliklərini reallaşdıra bilməzdilər. Onlar insanın necə çürüməsini gözləri ilə görmək istəyirdilər.
Birinci gün ermənilər Əməlruhu dizinə qədər torpağa basdırıb çıxıb getdilər. İlk beş-on saat Əməlruh heç nə hiss etmədi, yəni torpağa basdırılan hissəsində elə bir dəyişiklik olmadı. Lakin sonra…Sonra onun dizinə qədər ayaqları od verib yanmağa başladı. Gecənin bir aləmi sümüklərində elə ağrılar başladı ki, o ətafında ulaşan çaqqallardan və canavarlardan daha bərk ulamağa başladı. Ona yaxınlaşmaq istəyən vəhşi heyvanlar isə gözə görünməz gözətçi tərəfindən çox ustalıqla və sərrast şəkildə güllələnirdi.
Sübh tezdən ona “baş çəkməyə” gəldilər. Özləri ilə yemək və su gətirmişdilər. Hətta həkim ona iynə də vurdu. Lağlağı edib:
-Haran ağrıyır, de, biz sənə kömək edə bilərik- deyib, onu ələ saldılar.
Əməlruh ağrılardan o qədər bağırmışdı ki, səsi tutulmuşdu. Onlara cavab vermək istəsə də, bu mümkün olmamışdı. O. Yalnız ağzını açırdı, nəsə deyirdi, lakin səsi çıxmırdı. Ona ölməməsi üçün yemək yedizdirib, su içirdilər. Sonra isə su qabında qalan suyu onun “ayaqüstü”qəbrinə tökdülər. Nədən ona iynə vurdular, bax bunu o bilmədi. Bundan sonra isə onun qəbrinə beş-on bel torpaq töküb ayaqlayıb çıxıb getdilər.
Axşama doğru səhər ona “baş çəkmək”, yemək-içmək verən ermənilər yenə gəldilər. Səhər etdiklərini təkrarladılar,lakin bu dəfə onlar səhərki kimi üzləri açıq deyildilər. Hətta əllərinə də tibbi əlcək geyinmişdilər. “Görəsən niyə? Mənə üzlərini göstərmək istəmirlər?”-Əməlruh düşünürdü. Ona “baş çəkənlərdən” biri hərarət ölçəni çıxarıb, Əməlruhun ağzına soxdu, saatına baxdı. Bir az keçdikdən sonra çıxarıb baxdı:
-Ərə, türk köpək oğlu, hərarətini bilmək istəyirsən?
Əməlruh başını tərpətdi. Erməni hərarət ölçəni ona göstərdi. Onu hərarəti 42-ni göstərirdi.Demək bir balaca da qalsa öləcək.
Azacıq yemək yedizdirib, doyunca su içirdilər. Yenə qalan suyu Əməlruhun “ayaqüstü” qəbrinə töküb, iynə vurub getdilər.
Səhərin günəşi ilə Əməlruhu özünə qaytaran ondan gələn üfunət iyi oldu:-“İlahi,bu nə iydi, belə nə ölüb mənim ətrafımda”-deyə o düşündü, istədi ətrafına baxsın. Bir də gördü ki, aşağıdan yuxarı qurdlar dırmaşır. O özünü toparlayıb bir təhər silkələndi. Lakin qurdların hamısı tökülmədi:
-Ə,bu nə həyasız qurdlardır belə. Ax, nə ola əllərim açıq olaydı, mən onlara diri adama darışmağın nə olduğunu göstərərdim. Qurdlardan yenicə qurtarmaq istəyirdi ki, başı üzərində toplaşmış yüzlərcə quşların səs-küyü qulağına gəldi, nəzərlərini bu dəfə yuxarı dikdi:
- Demək mən ölürəm bu quşlar da mənim cəsədimi dağıtmağa gəliblər.
O bu xəyalda ikən yenidən onun erməni “dostları” ziyarətə gəldilər. Bu dəfə onlar nə qədər etsə də Əməlruh yeməyini yemədi, sularını da içmədi. Ancaq zorla da olsa, ona iynə vurdular. Onlar gətirdikləri suyu və yeməyi “ayaqüstü” qazılan qəbirə töküb, Əməlruhu qurşağına qədər torpağa basdırdılar və ayaqları ilə torpağı tapdalayıb bərkitdikdən sonra getdilər. Onlar getdikdən sonra da Əməlruh öyüməyi, qusmağı səngimək bilmirdi. Halı get-gedə pisləşirdi. Artıq o nəfəs alıb verə bilmirdi. Üz-gözü, burnu qurdla dolu idi. Hətta bəzi qurdlar dodaqlarının üzərində oyan-buyana tərpənib, onun ağzının açılmasını gözləyirdilər. Daha quşlar da ona yaxınlaşmışdı. Budur onlardan biri onun bədən üzvilərindən hələ də yaşayan başını dimdikləyir.
Onun gözünə ona yaxınlaşan üç insan kölgəsi göründü. Ağızları-burunları sarıqlı. Əməlruh nə qədər çalışsa da ki, onun yanına gələnləri tanısın, olmadı. Gözləri elə torlanmışdı ki, o hər şeyi torla görürdü. Üç “ziyarətçinin” gəlişi ilə ətrafındakı “pırr” eyləyib, bir kənara uçdular.
Gələn ermənilər lap yaxından Əməlruhun şəklini çəkdi, sonra kənarlaşıb daha bir neçə “qiymətli” foto lentə aldı və onlar onun yerindən tərpənməməyi üçün bağladıqları kəndir və məftilləri kəsib, onun ayaqüstü qəbrinə atdılar. Sonra da torpaqlamağa başladılar. Əməlruhun bircə başı qalmışdı çöldə. O, iki kəlmə söz deyib, onu basdıran erməni “cəngəvərini” sonuncu dəfə yandırıb yaxdı. Əməlruh həyatını bu sözlərlə bitirdi:
-Qarabağ bizimdir!
Hər üç erməninin əlindən belləri yerə düşdü. Hər üçü xaç çevirdilər, hər üçü ondan kənarlaşdılar.
Əməlruhun ölümündən üç aydan artıq vaxt ötmüş, azərbaycan ordusu bir neçə uğurlu əməliyyat keçirərək ermənilərin işğal etdiyi yaşayış məntəqələri azad etmişdi. Ermənilərin əks hücumlarının qarşısını almaq üçün əsgərlərə səngərlər qazmaq əmri verilmişdi. Dağ yamacından düzənliyə qədər uzanan səngər qazıntısı bir əsgərin səngər qazarkən adam başı gördüyünü deməsi ilə dayanmışdı. Ətrafdakı əsgərlər həmin yerə toplaşmışdılar. Bir neçə zabit də ora yaxınlaşdı. Tapılan başın ətrafı ehtiyatla qazılmağa başladı və məlum oldu ki, bu ermənilər tərəfindən ayaq üstə basdırılmış Əməlruhdu
İndi Qəhrəman dayı, Sənəm xala hər səhər yuxudan durub Əməlruh qəbri olan istiqamətə- üzü Qarabağa dualar çevirirlər.
Müəllif: AYAZ İMRANOĞLU
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru