Təkcənəlik – Kamal Abdullaunın “CASUS” PYESİ İLƏ BAĞLI BİR NEÇƏ ABZAS :
Postmodernizm, müasir ədəbiyyatda və sənətdə bir çox yeni yönümləri önə çəkir. Bu cərəyan, ənənəvi narrativ strukturların pozulması, ironik yanaşmalar, qeyri-xətti hekayə tərzi kimi elementlərlə xarakterizə olunur. Azərbaycan ədəbiyyatına postmodernist əsərləri ilə böyük töhfələr vermiş Kamal Abdullənın “Casus” pyesi də bu aspektləri özündə cəmləşdirir. Kamal Abdullanın “Casus” pyesi, Azərbaycan teatrında postmodernizmin maraqlı nümunələrindən biridir. Bu pyes, yalnız adi bir dramaturgiya əsəri olmaqla qalmayıb, həm də müasir dövrün çağırışlarına cavab verən, sosial və siyasi məsələləri irdələyən bir əsərdir.
“Casus” pyesi “Yarımçıq əlyazma” romanı ilə əlaqələnmiş bir parçadır. Romanda bu mövzuya toxunulur, lakin bir sıra fərqliliklər var ki, bunlara da müxtəlif obrazların dilindən fərqli sözlər deyilir. Mütləq pis və ya mütləq yaxşının baxış bucaqlarını dəyişən müəllif “Kitabi-Dədə Qorqud” dastanının məhdud dairəsini “Yarımçıq əlyazma” romanı ilə genişləndirməklə qalmamış, bu pyes ilə qaranlıq nöqtələri bir növ tamamlamışdır. “Casus” pyesi, insan təbiətinin mürəkkəbliyini və ziddiyyətlərini əks etdirir. Personajlar, eyni zamanda həm yaxşı, həm də pis xüsusiyyətlərə malikdirlər. Onların hərəkətləri, həm əxlaqi, həm də psixoloji amillərlə müəyyən olunur.
Postmodernizmin özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki, bunlardan biri də xaos və kosmos (zamansızlıq və məkansızlıq) ahəngidir. Kamal Abdullanın “Casus” pyesində narrativ struktur toxuması, qeyri-xətti bir düzən nümayiş etdirir. Sitatlar, monoloqlar və dialoqlar arasında sıçrayışlar edərək, hekayənin müxtəlif zaman dilimlərində baş verməsi postmodern yanaşmanın bir tərkib hissəsidir.Əsərin təhlili zamanı bu nüansların varlığını belə göstərə bilərik ki, casusun varlığı ehtimalı yaranan zaman Qazan xan Dədə Qorqudu çağırmaq istədikdə məlum olur ki, heç kim onun harada olduğunu bilmir. Dədə Qorqud istədiyi zaman gələr sözünü deyir və gedir, sanki zaman və məkanları aşaraq paralelləşir.
“Yarımçıq əlyazma” romanında Dədə Qorqudun Nur dağı adlanan məkanda qısa ölümə, yəni yuxuya dalıb o anda bəylərin məclisində, daha sonra isə fərqli yerlərdə peyda olursa, “Casus” pyesində, o, tükün alova atılması nəticəsində peyda olur. Bu onu göstərir ki, romanda Dədə Qorqudun peyda olmasında vasitəçilik edən məkan var idisə, pyesdə məkansızlıq hökm sürür. Yuxu burada bir məkandan digər məkana – xaosdan kosmosa keçidi təmsil edir. Bundan başqa, pyesdəki zamansızlığı başqa səhnələrdə də görə bilərik–Dədə Qorqud Qazan xana sözünü dedikdən sonra yox olur. Hara yox olur? Yenə də bir zamansızlıq-məkansızlıq arasında keçid görünür. Boğazca Fatmanın evində Dədə Qorqudun bir anda peyda olmasını da zamansızlığın digər bir əlaməti olaraq qəbul edə bilərik. Zaman və məkan vəhdətini çox zaman bir əşya və ya mifoloji bir məkan ilə simvolizə edilməsi də təsadüfi deyildir. Hələ nağıllarımızdan bizə tanış olan qəhrəmanın quyu və mağara vasitəsilə yeni macəralara qədəm qoyması, yəni bir növ xaosdan kosmosa keçidi postmodernist əsərlərdə zaman-məkan hüdudlarını inisiasiya səviyyəsinə qaldırılır. Paralel zamanlarda baş verən hadisələrə bir növ keçidi təmsil edən Vaqif Səmədoğlunun “Qətl günü” romanında insanları uğultusu, sədası ilə cəzalandıran Baba Kaha, Kamal Abdullanın “Unutmağa kimsə yox” əsərində sirrini açacaq insanı ölümə doğru aparan çiçəkli yazının məskəni olan Vəng dağının missiyasını Kamal Abdullanın pyeslərində dəniz, Oğuz eli, Nur daşı davam etdirir. “Kim deyir ki, Simurq quşu var imiş” pyesində Kapitan, xaos adlandıra biləcəyimiz Adaya çatmaq üçün dənizdən keçməli olursa, Dədə Qorqud Boğazca Fatma ilə Oğuz elinin o başından bu başına keçid edir. Müəllif, məkan keçidləri vasitəsilə retrospeksiya edərək hadisələrə paralel zamanların gözündən baxmağı təklif edir. Kamal Abdulla, pyeslərində hadisələrin mərkəzinə bizi milli kimliyimizə qaytaran mifik kodlarımızı qoyur. Bununla intertekstual mətn yaradan müəllif, mif, dastan, nağıl və s. kontekstində gerçək zaman dilimlərini mifoloji zaman səviyyəsinə qaldırır. “Casus” pyesinin mərkəzində “Kitabi-Dədə Qorqud” dastanının dekonstruktiv və intellektual mahiyyəti dayanmışdırsa, “Kim deyir ki, Simurq quşu var imiş”, “Elə bil qorxa-qorxa” dramlarında nağıllarımızdan gələn padşah, dev, nağılçı və başqa obrazlar ilə xaos-kosmos inisiasiyasını gerçəkləşdirmişdir.
“Məkansızlıq” anlayışı postmodernizmdə xaosdan kosmosa keçidi təmsil edir. Bu zaman niyə kosmosdan xaosa, yəni düzəndən düzənsizliyə deyil, məhz xaosun – düzənsizliyin özündən başladığımız sual doğura bilər. Qədim mifoloji mətnlərimizdən xatırlaya bilərik ki, Qara xanın dünyanı və insanı yaratması bir “heç”in, yəni xaosun üzərində olmuşdur. Düzənsizliyin üzərinə göllər, dağlar, ağaclar və s inşa etmişdir. Həmin xaos məkanı “Casus” pyesində Oğuz elinin özüdür. Əsərdə Boğazca Fatma, Şir Şəmsəddinin evindən çıxardıqdan sonra Dədə Qorquddan Bəkilin evini necə tapa biləcəyini soruşur. Bu anda ətraf qaranlıqlayır və özünü bir anda Bəkilin evinin qabağında tapır. Onlar bir anda Dış Oğuzdan Gürcüstan ağzına keçid edir, daha sonra da Fatmanın evində yenidən peyda olurlar.”Yarımçıq əlyazma” romanında Dədə Qorqudun Nur daşının qarşısında oturduğu məkanla pyesdə birdən-birə baş verən məkanın dəyişmələrini inisiasiya hadisəsi kimi dəyərləndirib, nağıl və dastanlarımızdan bizə tanış olan kiçik ölüm–uyquya dalma halı adlandıra bilərik. Yəni Kamal Abdulla, Dədə Qorqudun Nur daşının olduğu məkandan Qazan xanın məclisinə gəlməsi arasında, yenə Dədə Qorqudla Boğazca Fatmanın Oğuz elinin müxtəlif yerlərinə getməsi arasındakı xaos məkansızlığı – kiçik ölümü təmsil etmişdir. Elçin Əfəndiyev, “Teleskop” pyesində teleskop vasitəsilə eyni postmodernist mənzərəni yaradır. Əsərdə kişinin öldükdən sonra teleskopla öz evində baş verən hadisələrə şahid olub özü üçün xoş olmayan gerçəkləri öyrənməsi ilə Kamal Abdullanın romanında Dədə Qorqudun Nur daşından sirləri öyrənməsi və pyesində həmin gerçəkləri bəylərə bildirməsi arasında bənzərliklər olduğunu görmək olar. Təbiidir ki, bu hadisələr hamısı bir mifik zaman içərisində baş verir. Mifik zamanın özü də hüdudsuz bir zamansızlıqdır. Bunların hər biri bir zamansızlığı təmsil edir, yəni zamanın hüdudu yoxdur.
Pyesdə keçmiş bir hadisəyə dəfələrlə qayıtmaq – retrospeksiyadan da məharətlə istifadə edilmişdir. Bunu əsərdə Boğazca Fatmanın bəylər və Dədə Qorqud ilə danışarkən 25 illik keçmiş sirlərinə qayıtmasında, həmçinin bəylərin Casus haqqında danışarkən keçmişdə baş verən hadisələrə toxunmalarında, məsələn Bəkilin atdan düşüb ayağını sındırmağı və başqa hadisələrdə görə bilirik. Postmodernizmin ən əsas özəlliklərindən biri fikir hüdudsuzluğunun olmağıdır. Fikir hüdudsuzluğu nədir? Postmodernist əsərlərdə sonluq yoxdur və oxucu istənilən vəziyyətə uzada bilər. Casus pyesindən irəli gələrək belə deyə bilərik ki, əsərdə bir casus var, amma biz dəqiq olaraq o casusun Boğazca Fatmanın oğlu olduğunu bilmədik, sadəcə bir təxminlərdən yola çıxaraq belə nəticəyə gəldik. Əsərin sonunda ana və oğul başqa diyara gedir, lakin bu əsərin sonu demək deyildi. Biz əsərin sonunda casusun kim oluduğunu dəqiq şəkildə bilə bilmirik. Bu, postmodernist əsərin sujetsizliyidir. Pyesdə, bir neçə narrativin iç içə keçməsi, postmodernizmin diqqət çəkən cəhətlərindəndir. Müxtəlif perspektivlərdən hadisələrin izah edilməsi, oxucunun və ya tamaşaçının hadisələrə fərqli yanaşma tərzini mümkün edir. Bu, həm də müəllifin ironiya ilə yanaşdığını göstərir, çünki oxucuya bir həqiqət təqdim etmir, əksinə, bir neçə “həqiqət” təqdim edir. Biz əsəri oxuduğumuz zaman bir oxucu kimi təxminlər irəli sürərək, təhlil edərək casus haqqında ucsuz-bucaqsız fikir söyləyə bilərik :
1. Əslində casusun heç var olmaması düşüncəsi. Sonluğun tamamlanmaması casusun kimliyi ilə bağlı bizə əsər ətrafında dövrə vurmağa vadar edir. Pyesdə obraz olaraq görünməsə də Yarımçıq əlyazma romanında xüsusilə vurğulanan və araşdırma aparan Bayandur xan casusun cəza alıb-almaması ilə maraqlanmır. Belə qənaətə gəlmək olar ki, Oğuz bəylərinin bir-birləri haqqında düşüncələrini dinləyən Bayandur xan məhz obasındakı xaosun nədən qaynaqlandığını casusun kimliyini araşdırmaq bəhanəsi ilə edir.
2. Casusun elə Dədə Qorqudun özünün olması düşüncəsi. Romanın əvvəlində Bayandur xanın dediklərini yazıya həkk edən Qorqud əsər boyu narahatdır və məhz onun bəylər haqqında dediklərindən sonra Xanları xanı Bayandur xan onları öz yanına çağırıb casusun kimliyini araşdırır. Bu narahatlıq pyesdə də davam edir. Boğazca Fatmanın oğlunun casus olduğunu desə də, onun nə cəza alması ilə maraqlanır, hətta Boğazca Fatmaya oğlunu zindandan qurtarması üçün məsləhət də verir. Boğazca Fatmanın 25 illik sirrini faş etməsini istəmir və sonda uğurlu olur.
3. Casusun Qazan xanın və ya həyat yoldaşı Burla Xatunun olması düşüncəsi. Əsərdə Aruz haqqında, xüsusilə bu iki obraz tərəfindən paxıl olması vurğulanır, hətta casus ola biləcəyi belə deyilir. Lakin fərqli prizmalardan yanaşmanın hakim olduğu postmodernizmə əsaslanaraq deyə də bilərik ki, bəlkə paxıl və pis niyyətli olan Qazan xanın özüdür? Aruzun oğlu Basat təpə gözü öldürdükdən sonra Aruzun onun yerini ala biləcəyindən tədirgin olur? Burla Xatun da romanda Beyrək ilə gizli söhbətlər edir, davamında isə pyesdə tez-tez Aruzun casus olmasını vurğulayır. Məhz Beyrək ilə gizli söhbətləri, digər tərəfdən, Beyrəyə doğru şübhələri yönəldir.
4. Beyrəyin casus olması düşüncəsi. Kamal Abdullanın “Miftən yazıya və ya Gizli Dədə Qorqud” kitabını da nəzərə alsaq, müəllifin pyes və romanında bizim bildiyimiz Beyrək tamamilə fərqli şəkildə göstərilmişdir. Kamal Abdullaya görə, Beyrək ona ad qoyulmazdan əvvəl özü bir plan hazırlayıb bəzirganları bir neçə nəfərin əlindən qurtarır və buna görə də Dədə Qorqud ona Beyrək adını qoyur. Yəni ki, Kamal Abdulla bizi Beyrəyə tamam fərqli rakursdan baxmağa vadar edir. Casus pyesinin əvvəlində Beyrək, Oğuz elində casusun olduğunu hələ Bayburt hasarında olarkən Təkvurun qızından eşitdiyini bildirir. Dastanda da əsirlikdən qaçması haqqında ətraflı məlumatın verilmədiyi Beyrəyin dediklərinə şübhə doğurur. Bəlkə casus elə Beyrəkdi?
Postmodernist əsərlərin sonu da onu oxuyanların fikirləri kimi ucsuz-bucaqsızdır. Belə təxminlərdən biri də Boğazca Fatmanın oğlunun atası kimdir? sualına cavab əsasında formalaşır. Pyesin sonunda bunu da öyrənə bilmirik, lakin əsər içərisində yozumlardan yola çıxaraq onun atasının məhz elə Dədə Qorqud olduğunu təxmin etmək də mümkündür. Çünki Boğazca Fatma ona 25 illik gizlətdiyi sirri faş edəcəyini deyəndə, Dədə Qorqudun bu sirri bildiyini də vurğulayır. Dədə Qorqud casusun kim olduğunu Qazan xana deyəndən sonra belə, ona nə cəza verəcəklərini öyrənməyə çalışır və bədbəxtə nə cəza verəcəyini təkidlə bilmək istəyir. Qazan xan isə onun Boğazca Fatmanın oğluna niyə bədbəxt dediyini öyrənmək istəsə də, Dədə Qorqud cavabında “bədbəxtdi o” deyir və hətta cəzanın nə oluğunu öyrənəndən sonra da Boğazca Fatmanın yanına gedib ona çarə göstərir. Lakin pyes boyu Dədə Qorqudun bu çabalarının və narahatlıqlarının səbəbini öyrənmirik. Bu zaman isə oxucuda Boğazca Fatmanın oğlunun məhz Qorqudun özündən olması fikrini istisna edə bilmirik.
Aristotelin də araşdırmalarında gördüyümüz, dünyanın zidd və eyni zamanda bir-biri ilə vəhdət təşkil edən iki qütb – yer və göy, pis və yaxşı, yalan və doğru, ağlar və qaralardan və s ibarət olması insanda ikiləşmə prosesinin təməlini təşkil edir. Bu konsepsiyanın təməli qədim miflərimizdən bu günə qədər ədəbiyyatda öz aktuallığını qorumuşdur. Lütfizadə isə bunun tamam əksini deyərək, əks qütblərdə sadəcə ağlar və qaraların olmadığını, ağ və qara arasında sonsuz rəng çalarlarının mövcudluğu müdafiə etmişdir. Kamal Abdulla, bu düşüncəni postmodern əsərlərində çoxvariantlı yozum aspektində istifadə etmişdir. Bu fikirlərə əsaslanaraq “Kitabi-Dədə Qorqud” dastanına nəzər yetirək. Bu dastanda mənfi qəhrəmana rast gəlmirik. Dastanın qəhrəmanları dar gündə bir-birinin harayına yetən, sadiq, el-obasını düşünən insanlardır. Kamal Abdulla isə öz əsərində həmin obrazları dekonstruksiya edərək onların Oğuz cəmiyyətində digərlərinə qarşı münasibətinin fərqli tərəflərini göstərir. Məsələn, dastanda Dədə Qorqud ulu bir sima kimi göstərilir, o gələcəyi görən, əl qaldıranın quruyub qaldığı ülvi şəxsdir. Biz dastanın müqəddiməsində Dədə Qorqudun ad qoyması, öncədən nələrisə bilməsi haqqında məlumat əldə etsək də, bu vəziyyətin arxa planını, bu möcüzəvi halların səbəbini öyrənə bilmirik. Kamal Abdulla, “Yarımçıq əlyazma” romanı və “Casus” pyesində səbəbləri göz önünə sərir. Dədə Qorqud hər hansısa bir bilinməyəni Nur daşının önündə kiçik ölümə dalaraq yuxusunda görür və bilirdi. Ona yoxdan yerə vəhy gəlmirdi. Kamal Abdulla bununla bizə ideal saydığımız cəhətlərə başqa pəncərədən baxmağı göstərmişdir. Oğuz cəmiyyəti bir casus xəbəri ilə bir-birləri haqqında danışa biləcək, ev yağmalatmasında səbəb olacağı nifaqın fərqində olaraq hərəkət edən xana sahib olan cəmiyyətdir. Məsələn, yuxarıdakı fikirlərimizdə Boğazca Fatmanın oğlunun atasının Dədə Qorqud olduğu fikrini irəli sürdük ki, bununla da yüksək məqamda gördüyümüz Dədə Qorquda fəqli bir baxış bucağından baxmağa başladıq.
“Kitabi-Dədə Qorqud” dastanında Qazan xan obrazı ilə Kamal Abdullanın əsərlərində göstərdiyi Qazan xan bir-birindən fərqlənir. Belə ki, “Casus” pyesinin əvvəlində Qazan xan və Şir Şəmsəddin söhbət edərkən Qazan xan evini yağmalatmaq istədiyini və bunu Dış Oğuz elinə demədiyini vurğulayır. Beyrək isə daha sonra bu nun yaxşı fikir olmadığını və Dış Oğuzla əlaqələrin daha da pis hala salınacağını desə də cavabında Qazan xan sadəcə onları sınamağa çalışdığını bildirir. Biz bunu nifaq toxumu əkən Qazan xan kimi də dəyərləndirə bilərik. “Kitabi-Dədə Qorqud” dastanında cəsur, öz əməyi ilə ad qazandığı göstərilən Beyrək, “Yarımçıq əlyazma” romanı və “Mifdən yazıya və ya Gizli Dədə Qorqud” kitabında əks xarakterli qəhrəman kimi təsvir olunur. Müəllifə görə, Beyrəyin əsas səhvi onu qurtaran kafir qızına onunla evlənəcəyinə söz verib lakin sözündə durmamasıdır. Kamal Abdulla Beyrəyin ölümündə də əsas səbəb olaraq bunu qəbul edir ki, mif sözü unutmur. Söz müqqəddəsdir və Beyrək sözünü unutdu və buna görə öldürüldü. Kamal Abdulla buna belə bir bəraət qazandırır ki, Beyrək mifdən yazıya keçidin qəhramanı kimi cəzasını çəkdi. Postmodernizmin ilkin xüsusiyyətlərindən biri oyun içərisində bir sıra həyat hekayələrinin, sirlərin açılmağıdı. Biz bunu “Casus” pyesində də müşaiyət edirik. Məsələn, Dədə Qorqudun Boğazca Fatmanı ilə birlikdə onun evindən Qazanın, sonra Aruzun evində peyda olması, İç Oğuzdan, Dış Oğuza məkan dəyişdirməyi, ən nəhayətində isə Boğazca Fatmanı evinə qaytarmağı bizə bunların hamısının oyun üzərində qurulduğunu göstərir. Sabir Rüstəmlinin “Yasaq edilmiş oyun” əsərində də müəyyən oyunlarla Sovet dövrünün 1937-ci il represiya hadisələri təsvir edilmişdir.
Kamal Abdullayevin “Casus” pyesi, mifologiyanı müasir insanın iç dünyasını anlamaq və cəmiyyətin mənəvi dilemmlarını araşdırmaq üçün bir vasitə kimi istifadə edir. Bu pyes, mifoloji elementlərin yerinə yetirdiyi funksiyanı dərin düşüncə, simvolizm və emosional zənginliklə birləşdirərək, izləyicilərə yeni perspektivlər təqdim edir. Mifologiya burada yalnız bir arka plan elementi deyil, eyni zamanda insanın varoluşunun mənası və dəyərlər sistemi ilə bağlı dərin suallar ortaya qoyur. Pyes, insan təbiətinin sadəlövh təsnifatlara sığmadığını, hər bir insanın özünəməxsus mürəkkəbliyə malik olduğunu mifoloji çalarlarla göstərir.
Müəllif: Zəhra HƏŞİMOVA
“ARİSTOTEL POETİKASI” RUBRİKASI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru