Сиз юрган йўллардан боряпман ота…


Сиз юрган йўллардан боряпман ота,
Қонимда Сиздаги тезкор шижоат.
Ухласам тушимга кирасиз она,
Оппоқ либос ичра қилиб ибодат.

Дуоингиз сабаб топдим йўлимни,
Сезаман, руҳингиз кузатиб юрар.
Қай бир кас оғритиб қўйса дилимни,
Ҳимоя қилмоққа шайланиб турар.

Соғиниб, қумсасам чорлар коинот,
Бош олиб кетаман хаёлан учиб.
Ва қайтиб, Роббимдан топаман нажот,
Юрак огоҳ этар, маҳкамроқ қучиб.

У менга бесамар ўйлардан ҳоли
Фақат олдга томон юришим айтар.
Дўстларим бор экан содиқ, вафоли,
Яқин йўлолмагай ҳеч қандай хатар.

Бу дунё шафқатсиз, ғафлатда қолсанг,
Оёғи остида эзиб кетади.
Эй, жон,Тўмарисни ёдингга олсанг,
Аждодлар авлодга қувват элтади.

Озорлардан қолган яралар битар,
Асло қўрқув билмас кўнгил тиргаги.
Кураш майдонида ўзин унутар,
Кўксимда исёнкор шернинг юраги…

Müəllif: Зуҳра Бегим

Zuhra Begim <<<< >>>> Зуҳра Бегим

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bakıda Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası baş tutub

Bakıda Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası baş tutub
Oktyabrın 5-i Azərbaycan Milli Kitabxanasında Asiya Hekayəçilik Komitəsinin növbəti iclası keçirilib. İclasa üzv dövlətlər – Koreya, Qazaxıstan, Qırğız Respublikası, Monqolustan və Tacikistandan mədəniyyət nazirliklərinin nümayəndələri qatılıb.
Asiya Hekayəçilik Komitəsi Koreya tərəfinin təşəbbüsü ilə 2009-cu ildə Mərkəzi Asiya ölkələrinin mədəniyyət nazirlikləri ilə əməkdaşlıq çərçivəsində yaradılıb.
Komitə Koreya Respublikasının Asiya Mədəniyyət Mərkəzinin vasitəçiliyi ilə bu günə qədər Asiya xalqlarının mədəni irsini əks etdirən birgə nəşrlərin hazırlanması, sərgilər, tamaşalar, festivallar və s. mədəni tədbirlərin həyata keçirilməsini təmin edib.
Komitə tərəfindən Azərbaycanla bağlı nağıllardan ibarət iki kitab koreya dilində çap olunub və Azərbaycan xalça sənətinin tanıdılması ilə bağlı işlər görülüb. Azərbaycan mədəni irsini əks etdirən növbəti kitab çapa hazırlanıb.
Komitənin 16-cı iclasının açılışında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi qonaqları salamlayıb və Asiya ölkələrinin mədəni irsinin öyrənilməsi və təbliğində Komitənin rolunun vacibliyini vurğulayıb.
İclasın gedişatında Asiya Mədəniyyət Mərkəzinin nümayəndələri cari ildə görülmüş işlər haqqında hesabatla çıxış edib. Daha sonra üzv dövlətlərin nümayəndələri tərəfindən növbəti il üçün birgə əməkdaşlığa dair təkliflər səsləndirilib.
Fasilədən sonra iclasın protokolu bir daha nəzərdən keçirilib. Protokolda Asiya xalqlarının maddi-mədəni irs nümunələrinin nümayiş olunduğu “İpək Yolu” sərgisinin təşkili, birgə “Uşaq Kitabları Mükafatı”nın təsis edilməsi, qayaüstü təsvirləri əks etdirən birgə layihənin hazırlanması, komitənin 17-ci iclasının növbəti ildə Monqolustanda keçirilməsi və s. məsələlər əksini tapıb.
Protokol üzvlər tərəfindən imzalanıb və iclas işini yekunlaşdırıb.
Asiya Hekayəçilik Komitəsinin üzvləri, həmçinin oktyabrın 6-da 10-cu Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət edib və Azərbaycan kitab sənayesi ilə yaxından tanış olublar.

Azərbaycan Milli Kitabxanası

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Çiçək-çiçək

ÇİÇƏK-ÇİÇƏK
Sənin verdiyin çiçəkdi,
Bəsdi mənə çiçək-çiçək.
Çəkdi, dünyasına çəkdi,
Səsdi mənə çiçək-çiçək.

Gündə olan, ayda olan,
Dəyişməz ki, qayda olan.
Dünya sənin boyda olan
Kəsdi mənə çiçək-çiçək.

Yüz hikməti bir dağında,
Sınmam dağın qabağında.
Tanrı olan tabağında,
Düzdü mənə çiçək-çiçək.

Haqq olanın qulu mənəm,
Sinəm sözlə dolu mənəm.
Yandır odda, deyim, mənəm,
Közdü mənə çiçək-çiçək.

Bilib də söz-söhbətini,
Mahirə söz hikmətini,
Dünyanın bal şərbətini
Süzdü mənə çiçək-çiçək.

Fəxrəddin Vəliyev Möhbalı oğlu

“Ginnesin Rekordlar Kitabı”na düşən HOVUSLUMUZ

Cəbrayıl rayonun Hovuslu kənd yetirmələri bir çox sahələrdə ad çıxarıblar. Cəmiyyətdə müsbət nümunələr göstərir və buna görə də hər bir Hovuslular öz kəndləri ilə qürurlanırlar.
Oxucuların nəzərinə çatdırım ki, Sumqayıtda anadan olmuş, əslən Cəbrayıl rayon Hovuslu kəndindən olan, hazırda Avropa ölkələrindən birində, Belçikada yaşayan Fəxrəddin Vəliyevin qeyri-adi və heyrətamiz hadisələrin təqdimatından yaranan məşhur “Ginnesin Rekordlar Kitabı” ilə bağlılığından söhbət açacağam.
Bildiyiniz kimi, bu nəşr dünyada ən uğurlu nəşr sayılır. Ötən 2023-cü ildə bu kitab 100 milyondan artıq tirajla satılıb.
Bu kitaba bir neçə azərbaycanlılar da düşə biliblər.
Kitaba düşənlər sırasında ilk olaraq Fəxrəddin Vəliyev olub.
Belçikada yaşayan və həyatı­nın cavanlıq illərini qrafika sənətinə həsr etmiş Fəxrəddin Vəliyev Sumqayıtda boya-başa çatıb.
Mən 1983-cü ildə Sumqayıta Ali Məktəbdə təhsil almaq ilə bağlı gələrkən şair, Jurnalist qardaşım mərhum Nüsrət Qafarov Faxrəddin Vəliyevi mənimlə tanış etdi və qohumluq əlaqələrimizdən söhbət açmışdı. Qeyd edim ki, Fəxrəddin bəy gənc illərindən qayçı ilə insan obrazlarını yerindəcə kəsib həmin şəxsin özünə təqdim edərdi. Sonralar onun Avropa ölkələrində yaşamasını eşitdim. Bir dəfə Sumqayıtda yerləşən “İZZƏT” MMC Hüquq xidməti və Təhsil Mərkəzimizdə təsadüfən görüşüb çay içdik. Xeyli söhbət edib ayrıldıq. Sonralar Eloğlum Fəxrəddin bəy yenidən Avropa ölkələrinə getdiyini bildirdi.
Qeyd edim ki, dəyərli Eloğlum Fəxrəddin bəy “Ginnesin Rekordlar Kitabı”na 2004-cü ildə 5 dəqiqəyə 20 nəfərin siluetini çək­məklə rekordçu adını qazanıb.
Həmyerlimiz 1992–1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgilər təşkil edib, 2003-cü ilin dekabrında “Belqium” muzeyində Belçika kraliçasının rəsmini çəkib. Kraliça isə ona məktub va­sitəsilə təşəkkürünü bildirib.
Fəxrəddin Vəliyev Möhbalı oğlu Azərbaycanın Belçikada tanın­ması üçün də xeyli işlər görüb. O, ha­zırda bu ölkədəki Avropa–Azərbaycan Diaspor Mərkəzinin vitse-prezidentidir.
Bildirim ki, atası Möhbalı dayı da Sumqayıtda müxtəlif dövlət əhəmiyyətli işlərdə çalışırdı. Mən Sumqayıt şəhər Məhkəməsində çalışanda rəhmətlik Möhbalı dayı ilə tanışlaşıb qohum olduğumuzu bildirmişdir. Ruhu şad, Məkanı cənnət olsun.
Fəxrəddin bəylə tez-tez də olmasa ara-sıra şəbəkədə doğma ellərdən söhbət açır, dünyasın dəyişmiş qohum-əqrəbalarımızı yad edirik. Bir sözlə doğma kəndimiz, yaşadığı Sumqayıt şəhərimizdən ağız dolusu söhbətlər açırıq.
Bütün bunlar mənim üçün eləcə də Azərbaycanımız üçün qürurvericidir.
Dəyərli eloğluma həyatda can sağlığı, işlərində, tutduğu həyat yolunda yeni-yeni nailiyyətlər, arzulayıram.

Hörmətlə:
AYB və AJB-nin üzvü
Hüquqşünas, şair, publisist
Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU)

KÖNÜL ŞİRVANLI ŞEİRLƏRİNİN İŞIQ PAYI

KÖNÜL ŞİRVANLI ŞEİRLƏRİNİN İŞIQ PAYI

…Könül Şirvanlının şeirlərində ölməz bir ruh var, ürəyə sığal çəkən şirin duyğular var, ən başlıcası isə işıq var. Bu işıqdan hamıya pay düşür və bu işıqda Könül xanımın özünü görürsən, sözünü eşidirsən. Onun sözünü eşitməmək, şeirlərindən süzülən duyğuları, hiss və həyacanları duymamaq olarmı?
Şairin hər şeiri eşqdən, məhəbbətdən, Vətən sevgisindən yoğrulub. Onun sevgi şeirləri də, Vətən duyğulu, Məhsəti Gəncəvi, Xan qızı Natəvan ruhlu misraları da ən saf, ən təmiz hisslərdən yaranıb və şairin ürəyindən bulaq suyu kimi süzülərək oxuculara ünvanlanıb.
Şairlik də bir qismət işidir. Hər kəsin qismətinə yazılmır. Şairlik də, eşq də, vətənpərvərlik də, Vətən sevdalısı olmaq da, dünyanı və dünyanın adamlarını sevmək də, haqqın yanında dayanmaq da, qələmilə millətə xidmət etmək də…Könül xanımın qismətinə yazılıb. Bu da Tanrının payıdır. Bu paya şükürlər olsun!
Şairlik ömrünü şərəflə yaşayan, bir-birindən mənalı və düşündürücü şeirlərilə könül sarayımızı nura qərq edən Könül Şirvanlı «Salam olsun» şeirində yazır:

Ən gözəl dostlara Şirvan elindən,
Laləli, nərgizli gül gətirmişəm.
Şeirdən, nəğmədən min çələng hörüb,
Arzulu, dualı dil gətirmişəm.

Ən gözəl dostlara gül gətirən, arzulu, dualı dil gətirən şair poeziya sevərlərə də sevinc gətirib, könül rahatlığı gətirib, çünki onun şeirlərini oxuyan hər bir oxucu sevinc hisslərinə qərq olur, bir anlıq da olsa kədərini, qəmini unudur, özünü qayğısız bir aləmdə hiss eləyir.
Şairin misralarında inci kimi yan-yana düzülən sözlərin hər birində ruh var, nəfəs var, ümid var, gələcəyə böyük inam var. Bu da onu göstərir ki, şairin mövzu palitrası daha əlvan, daha çox rənglidir. Fikrimizin təsdiqi kimi bu misralara da diqqət yetirək:

Olubsa da gözlərimdə yaş gilə,
Boylanmışam bu həyata eşq ilə.
Tab gətirib hər acıya, müşkülə,
Bu dünyanın sınağını sevmişəm.

Şair nə qədər ağır sınaqlara çəkilsə də, gözlərindən yaş süzülsə də, yenə də hər ağrıya dözərək dünyaya eşq ilə, sevgi ilə baxıb.
Şairi yaşadan da, dünyaya bağlayan da eşqdir, məhəbbətdir.

Sənə şeir yazmışam,
Nə əzbərlə, nə oxu!
Sətirlərdən sevgimi,
Götür, qəlbinə toxu.

Bəli, Könül xanımın şeirlərini əzbərləməyə ehtiyac yoxdur. Onun şeirləri özü yaddaşa hopur, oxucunun ruhunu qidalandırır, hər misraya hopan sevgi duyğuları nur damlası kimi ürəkləri işıqlandırır…
Könül xanımın «Son vida» şeirini də həyacansız oxumaq olmur. Bu şeirdə şairin ürəyindəki «duyğular nə sətrə, sözə sığmayır». Az qala bir romana sığışa biləcək fikir və düşüncələri, hiss-həyacanları bir şeirə sığışdıra bilən şairin həm də fəlsəfi fikirlərinə heyrət edirsən, eyni zamanda məktəb illərini, son zəng gününü, qayğısız şagirdlik dövrünü… bir şeirdə əks etdirən şairənin kövrək və səmimi duyğularına şərik olursan:

Küsüb suallar da, istəmir cavab,
Susub kəlmələr də dodaqdan gedir.
Bircə zəng səsiylə, sanki uşaqlar,
Hürküb quşlar kimi, budaqdan gedir.

Könül xanımın hər şeirində onun mənəvi dünyasının bir parçası əks olunub. Onun mənəvi dünyasında təmiz, saf, müqəddəs sevgi duyğuları, eşq duaları, vətənpərvərlik hissləri, yurd sevgisi dəniz kimi çalxalanır.


O, nədən yazırsa yazsın, öncə «özünü yazır», ürəyinin səsini qələmə alır. Onun ürəyinin səsi oxucularınn ürəyinin səsiylə üst-üstə düşür və ona görə də şeirləri sevilə-sevilə oxunur:

«Həyat hekayəmiz» şeiri də fikrimizin təsdiqi deyilmi?

Hərdən fərəhlənib, coşub sevincdən,
Hərdən kədərlənib soldu ömrümüz.

Şeirlərindən də məlum olur ki, Könül xanım ədəbiyyata təsadüfən gəlməyib, ədəbiyyat onu özü çəkib ədəbi dünyaya gətirib. Gətirib ki, ədəbiyyatın ədəbi dünyasında Könül aldlı, Şirvanlı təxəllüslü bir şairənin də haqq etdiyi öz halal yeri olsun.
…Könül Şirvanlının bir neçə şeirini oxudum və iç dünyam işıqlandı. Bu işıqda gördüm ki,
hər söz öz ideal yerindədir, çünki onun şeirlərində «laxlayan» sözə rast gəlmədim. Həm də gördüm ki, Könül xanımın ürəyi şeirlərində çırpınır.
Onun şeirlərində hissin, ovqatın müasirliyi o qədər orijinal təsir bağışlayır ki, şair qələminin qüdrətinə heyrətlənməyə bilmirsən.
Bəli, Könül Şirvanlının şeirləri dünyaya işıq tutur. Bu işıqda dünya da, həyat da, insanlar da gözlərimiz önündə canlanır. Həqiqətən belədir. Bu həqiqəti dərk eləmək üçün gəlin Könül Şirvanlının şeirlərini birgə oxuyaq!

Hüseyn İsaoğlu Məmmədov, yazıçı – publisist,
AYB – nin və AJB – nin üzvü,

“HƏYAT HEKAYƏMİZ”
ixtisarla
Xatırla, əzizim, sənlə bu ömrün,
Bağçasın yaşadıq,bağın yaşadıq.
Nə addım atmadıq,nə yol getmədik,
Aranın,yaylağın, dağın yaşadıq.

Çiçək də topladıq,şehli çəməndən,
Ətriylə dəyişdi, dünyanın rəngi.
Bir anda boy atdı,qəlbdə arzular,
Quruldu büsatlar,çalındı cəngi.

Ümidlə oyandı, açılan hər gün,
Uçuşdu xəyallar,doldu ömrümüz.
Hərdən fərəhlənib, coşub sevincdən,
Hərdən kədərlənib, soldu ömrümüz.

Kasıb komamızda,gülüş səsləri,
Rəng verdi tavana, divara, daşa.
İllər hardan gəlib,,keçdi bilmirəm,
Səninlə bir ömrü,bitirdik qoşa.


“Salam olsun!”
Ən gözəl dostlara, Şirvan elindən,
Laləli,nərgizli, gül gətirmişəm.
Şeirdən,nəğmədən, min çələng hörüb,
Arzulu,dualı, dil gətirmişəm!

Aşmışam dağların, keçmişəm düzün,
Basmışam bağrıma, hər odun, közün,
Kökləyib saz üstə, ən şirin sözün,
Coşdurub sevdasın, sel gətirmişəm!

Baxdıqca hüsnünə, olmuşam heyran,
Görsəm ki, qəmlidir, qəlbim olur qan.
Namərdi ağladan, mərdisə hər an,
Öpüb-sarılmağa, qol gətirmişəm!

Könüləm,vurğunam, torpağa, yurda
Neynirəm qürbəti, ölsəm də darda?!
Xoş üzlə,salamla, bu ilk baharda,
Ürəkdən ürəyə, yol gətirmişəm!


Məhəbbətdən şeir yaza bilmirəm…

Məhəbbətdən şeir yaza bilmirəm,
O duyğudan çoxdan küsüb getmişəm.
Kim deyər ki, daha sevə bilmirəm,
Mən ömrümü sevgiyə həsr etmişəm.

Olubsa da gözlərimdə yaş gilə,
Boylanmışam bu həyata eşq ilə.
Tab gətirib hər acıya, müşgülə,
Bu dünyanın sınağını sevmişəm.

Tanrı eşqi taxtın qurub ürəkdə,
Halal zəhmət mayam oldu çörəkdə.
Gördüm hər kəs bir gün gedir xərəkdə,
İnsan adlı qonağını sevmişəm.

Hər mətləbi düşünmüşəm dərindən,
Söz açmışam şeytana öz şərindən.
Qorxub qəlbin xain, gizli sirindən,
Vicdanımın qınağını sevmişəm.

Beşikdəykən vurulduğum bir səsin,
Laylasında min sevdaya batmışam.
Ana,vətən,torpaq, qeyrət kəlməsin,
İlmə-ilmə bir mənaya qatmışam.

Hiss etmişəm məzlum qəlbin ağrısın,
Öz sevgimlə sarımışam, sıxmışam.
Mənim eşqim maldan-mülkdən yan keçib,
Məhəbbətə ayrı gözlə baxmışam.

Bagça-bağdan ətir alıb, gül dərib
Arzulara qarışmaqdı məhəbbət!
Allah verən azdı, çoxdu şükr edib
Həyat ilə barışmaqdı məhəbbət!


Sənə şeir yazmışam

Sənə şeir yazmışam,
Nə əzbərlə,nə oxu.
Sətirlərdən sevgimi,
Götür qəlbinə toxu.

Sənə şeir yazmışam,
Nə kəlmə var,nə heca.
Duyğular qanad açıb,
Eşqindən uça-uça.

Sənə şeir yazmışam,
Gecələrlə yarışıb.
Misralarda həsrətin,
Göz yaşımla qarışıb.

Sənə şeir yazmışam,
Şeir bənzəyir sənə.
İncitsə də sözləri,
Aşiq olmuşam yenə.
Şeirlərin müəllifi: Könül Şirvanlı

  • Təqdim edir: Hüseyn İsaoğlu (Məmmədov),
    AYB-nin və AJB-nin üzvü, yazıçı-publisist.

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qalib Nuri Arifə “Ziyadar” mükafatı təqdim olunub.

Zaur USTAC “Ziyadar” mükafatını Qalib Nuri Arifə təqdim edərkən. 05.10.2024. Göyçay.

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – Ana qoxusu

ANA QOXUSU

Gecənin bir aləmi elə bil kimsə onu silkələyib yuxudan oyatdı. Gözünü açıb key-key ətrafa baxdı. Yuxuluydu hələ . Hələ dərk etmirdi heç nəyi. Gözlərini yumdu. Dili dodağı təpimişdi. Ağzı qupquru qurumuşdu. Hiss etdi ki, bərk susayıb. Ciyəri yanırdı lap. Başa düşdü ki, elə susuzluqdan oyanıb yuxudan da. Qaranlıqda çarpayının yanındakı tumbanın üstündəki stəkanı götürüb yuxulu-yuxulu ağzına apardı. Su -zad yox idi. Heyi də yox idi ki, mətbəxə keçsin. . İstədi gözlərini yumub təzədən yuxuya getsin. Gördü ki, yox, su içməsə yata bilməyəcək. Susuzluq yuxuya güc gəldi. Yavaş-yavaş yerindən durdu. Yalın ayaqlarını döşəməyə qoydu. Döşəmə buz kimi idi. İçi üşüdü. Vicələndi. Tez çəkələklərini ayağına keçirdi. Payız bir az tez düşmüşdü deyəsən. Oktyabrın ortaları olmasına baxmayaraq havalar çox soyumuşdu. Neçə gün idi yağış da səngimirdi.
Havanın qarasına deyinə -deyinə mətbəxə keçdi. Özünə bir stəkan su töküb başına çəkdi. Gözü işıqlandı elə bil.
Susuzluq aclıqdan da betərmiş sən demə. Yadına ac -susuz uşaqlar, küçə itləri, pişikləri düşdü. Darıxdı. Kefi pozuldu. Ürəyi yuxa idi. Elə başına nə gəlirdisə , ürəyi yumşaqlığından gəlirdi. Nə edə bilərdi. Əllini haqlamışdı artıq. Bundan sonra xasiyyətini dəyişməyəcəkdi ki. Olanı bu idi.
Sakitcə pəncərənin qabağına keçdi. Ağacların xışıltısından hiss etdi ki, bayırda yüngülcə külək əsir. Şəhərsə yuxulu idi. Sanki şəhər qaranlığın içində dincini alırdı, yorğunluğunu tökürdü. Əlini, ayağını uzadıb yatmışdı elə bil. Sakitliyi sevsə də nədənsə bu günkü sükut heç xoşuna gəlmədi onun.
Qəribə tənhalıq çökdü üstünə. Tez pərdəni bağladı, pəncərənin qabağından kənara çəkildi. Yatmaq lazım idi. Bir az da oyaq qalsaydı yuxulaya bilməyəcəkdi. Dirigözlü açacaqdı səhəri. Xasiyyətinə bələd idi. İçərinin soyuğu da canına hopmuşdu. Düşündü ki, belə getsə xəstələnəcək. Tez-tələsik mətbəxdən çıxdı. Dəhlizdən keçəndə yarımqaranlıqda gözü divardakı iri , bədənnüma güzgüyə sataşdı. Saçları dağınıq halda çiyninə tökülmüşdü. Çox solğun görünürdü bənizi. Gözlərinin altı qapqaraydı. Alaqaranlıqda üzünün ləkələri də aydın görünürdü. Əlini üzünə çəkdi .Bumbuz idi üzü. Sonra yataq otağına keçdi . Yuxusu əməllicə qaçmışdı . Təzədən yuxulamaq çətin olacaqdı.Amma yenə də yuxulamağa çalışacaqdı . Səhərə çox var idi hələ . Sakitcə yerinə uzandı. Yorğanı boğazınacan üstünə çəkdi. Üşüyürdü. Dişi dişinə dəyirdi.
Başını da yorğanın içinə saldı. Nəfəsiylə isitmək istədi özünü.
Bir müddət keçəndən sonra üşütməsi keçdi. Sakitləşdi bir qədər. Ürəyi sıxıldı yorğanın altında . Başını yorğandan kənara çıxardı. “Noyabr gəlməmiş istilik sistemini işə salmazlar. Nə veclərinə. Kimdi bizi düşünən?”
Özü də bilmirdi kimin qarasınca deyinir. Sonra bayaqkı yuxusunu xatırlamağa çalışdı. Heçnə xatırlamadı. Bircə bulaqdan su içdiyi an yadına yadına düşdü. Özünə təsəlli verdi: “Su aydınlıqdı. İnşallah ki, səhərimiz işığa açılar”.
Yenə gözlərini yumdu.Dəli kimi yatmaq istəyirdi. Yuxusuz qalanda bütün günü əsəbi olurdu. Ona görə də hər vəchlə çalışırdı ki, yuxulasın.
Saymağa başladı. Anasından öyrənmişdi ki, yuxu qaçanda saymaq lazımdı. “Bir , iki, üç…on, on bir…..100”
Saymaqdan yoruldu. Sayı da itirdi. Rəqəmlər qarışdı gözünün qabağında. “Yox e. Yaxşısı budu gözləyim. Haçan yuxu tutar ,tutar. Cəhənnəmə olsun. Özümü öldürməyəcəm ki”.
Sonra anasını xatırlamağa çalışdı. Kölgə kimi gəlirdi həmişə anası xatirinə. Uzunsaçlı və əsmərbənizli qadın idi anası. Yəni belə xatırlayırdı onu. Bulaqdan səhənglə su gətirərdi. Başında ağ kalağayısı yellənərdi həmişə.. Uçardı havada .Sonra çiyninə düşərdi kalağayı..Uzun , şabalıdı saçları yol alıb çıxardı kalağayının arasından. Bikə elə bilərdi ko, dünyada anasından gözəl qadın yoxdu. Çox vaxt anasını ağlayan görürdü. Səbəbini bilməzdi. Uşaq idi deyə heç anası da ona heç nə deməzdi. Ağlayardı eləcə. Sakit, səssiz. O da anasına qoşulub ağlayardı o zaman. Onun ağladığını görüb anası tez göz yaşını silərdi. Gülümsəyərdi. Bilərdi ki, anası candərdi gülümsəyir. Qızına görə. Sonra qısılardı anasına. Hörüyünü oynadardı . Atasını çox da sevməzdi.. Davakar , diliacı adam idi. Həm də söyüşcül. Heç nədən söz-söhbət salardı evdə. Dostları da özü xasiyyətdə idi. Günün çoxunu dostlarıyla keçirərdi. Üstündən başından siqaret və içki qoxusu gəlirdi həmişə. Yadına gəlirdi ki, nənəsi (anasının anası. Atasının anasını görməmişdi. Deyilənə görə Bikə 3 aylıq olanda xərçəngdən dünyasını dəyişmişdi. Amma zəhmətkeş qadın imiş. Əri öləndən sonra 3 uşağını min əzabla böyüdübmüş. Anası həmişə ağızdolusu danışırdı ondan. Rəhmət oxuyurdu. İki bibisi vardı. Qonşu kənddə ərdə idilər. Arada anasına qoşulub onlara gedirdi. Bir az soyuq , azdanışan qadınlardı. Amma kiməsə pislikləri dəyməzdi. Onlar neyləsin ki, qardaşları zay çıxmışdı) həmişə deyinirdi atasının qarasınca. Onu tüfeyli, alkaş, avara adlandırırdı. Amma anası ayrılmırdı ərindən. Yəqin sevirdi. Ya da el gözünə dözüb otururdu. Görəsən atası ömründə bir dəfə anasına hədiyyə almışdımı? Heç olmasa bir dəstə çiçək, ya bir ətir- filan. Xatırlamırdı. Deyəsən anası da heç nə ummurdu heç kişidən…
..Bikə yenə saymağa başladı..
“Bir, iki, üç, dörd…on”. Yox e. Yuxum əməllicə qaçıb. Yaxşısı budu sakitcə uzanım. Özümə əziyyət verməyim”
Sonra yenə anasının dalğalı , uzun saçları gəldi gözünün qabağına. Şabalıdı saçlarından xüsusi qoxu gəlirdi həmişə. Sonralar bu qoxunu heç vaxt, heç yerdə hiss etməmişdi Bikə. Amma əbədi burnunda qalmışdı o qoxu. Qəribə idi. Anasının surətini tam xatırlamasa da o qoxu onu həmişə təqib etmişdi. Heç bir ətir, çiçək qoxusu onu əvəz etməmişdi. Ta ki, oğlu Murad “Ana , saçların ana qoxuyur ” deyənəcən bu sualın cavabını tapa bilməmişdi. Demək anasının saçları da ana qoxuyurmuş. Bu qoxu bircə anaların saçından gəlirmiş. Anasını itirəndə 8 yaşındaydı. Bacısıyla baş-başa verib ağladıqları yadına gəlirdi bircə. Anasının nədən rəhmətə getdiyini də xatırlamırdı. Bir də nənəsinin səsi qulaqlarında qalmışdı. Qışqıra-qışqıra ah -nalə edirdi:
–Balamı Sətdar öldürdü. Allah onun cəzasını versin. Əclaf , alçaq.
Üz gözü cırmaq -cırmaq idi arvadın. Cırmaq yerlərindən qan gəlirdi. Bikəyə elə gəlirdi ki, bu qan deyil, nənəsinin ağrısı, acısıdı üzündən axır. Sonra adamların içindən atasını axtarıb tapmışdı gözü. Evin tinində oturub başını ovucları arasına aıb oturmuşdu. Yumulub yumağa dönmüşdü. Nədənsə heç onda da atasına yazığı gəlməmişdi. Anası ürək tutmasından dünyasını dəyişsə də həmişə ona elə gəlirdi ki, onun qatili atasıdı. Atasının əlində anasının qanı vardı. Hər halda o elə düşünürdü. Sonralar atası həqiqətən qatil olub həbsxanaya düşəndə də( dostuyla dalaşmışdı. Nənəsinin dediyinə görə ikisi də hallıymış. Mübahisələri düşüb və bıçağı dostunun ürəyinə sancmışdı. . Elə yerindəcə keçinmişdi dostu) ona elə gəlirdi ki, atası çoxdanın cinayətkarıdı. Yadındadı nənəsi bu xəbəri eşidəndə
–Dünyadan bir şeytan azaldı. İndi o birin də( atasın deyirdi) tutub basarlar dama. Balamı çərlədib öldürdü. Cəzasını da Allah verdi–demişdi. Onda Bikənin 18 yaşı, bacısının 13 yaşı vardı. Amma ona elə gəlirdi ki, yaşı lap çoxdu. Rəna da bacısı yox, qızıdı. Yaşından tez böyütmüşdü həyat onu. Nənəsiylə olurdular. Anasından sonra nənəsi onları da götürüb gətirmişdi yanına. Ümid etməmişdi atalarına. Heç ataları da onların nənələri ilə yaşamalarına narazılıq etməmişdi. Arada ağlı başında olanda gəlib baş çəkirdi onlara . Onda da nənəsi dünyada qalmayan sözü deyirdi kişiyə. Amma Bikə həmişə hiss edirdi ki, atasını sevmir. Hətta anlayırdı ki, nifrət edir atasına. İndi də atasının adam öldürmək xəbərinə qətiyyən təəcüblənmədi və narahatlıq keçirmədi.. Heç vecinə də olmadı. Onsuz da onun gözündə atası çoxdan qatil idi. Anası öldüyü gündən..
Üç il çəkmədi heç . Atasını da türmədə öldürdülər . Onda da Bikə heç nə hiss etmədi. Nə ağladı, nə də üzüldü. Çiynindən yük götürüldü sanki. Onda universitetin axırıncı kursunda oxuyurdu. Bacısı universitetə hazırlaşırdı. Həkim olmaq istəyirdi bacısı. Bikə isə müəllim olacaqdı. Anasının arzusuydu. Əlaçıydı. Nənəsi “uçitel qızım”-deyib əzizlədikcə nazlanır, sevincindən yerə -göyə sığmırdı. Hərdən avtobusla Bikənin qaldığı yataqxanaya da gəlirdi əlisovqatlı. Bikı razı olmasa da gəlirdi. Nənəsini ana bilirdi. Onlarçun yaşayırdı nənəsi. Amma hər sözünü, sıxıntısını nənəsinə deməzdi. İfal çəkərdi. Çətinliyə düşəndə anasını arzulayardı. Onun yoxluğunu həmişə hiss edirdi. Amma bununla belə nənəsini də çox istəyirdi. Dünyada nənəsindən və bacısından yaxın heç kimi yox idi.
Sonra nənəsi demiş “küçədən keçənin birini ” sevdi , evləndi. Nənəsi istəyirdi ki, Bikə onun tanıdığı biriylə ailə qursun. Qismət. Amma sonralar Eldarı da öz oğlu kimi sevib qəbul etdi. Allahtərəfi Eldar da nənəsinin hörmətini saxlayırdı həmişə. Sonra oğlu Murad dünyaya gəldi. Yaxşı ki, nənəsi Muradı gördü. O doğulan gün arvadın sevincinin həddi -hüdudu yox idi. Nənəsinə söz vermişdi ki, qızı olsa anasının adını qoyacaq. Amma qızı olmadı. . Yadındadı. Əvvəlcə nənəsinə verdiyi sözü tuta bilmədiyi üçün çox üzülmüşdü. Amma Muradı görəndən sonra bütün əzabları, ağrıları yadından çıxmışdı. Sonra…
Sonrasını xatırlamaq istəmədi..
Sən demə qızlar analarının taleyini yaşayırmış. Eldarla cəmi 5 il xoşbəxt həyat sürdülər. Günlərin bir günü əri başqa qadına aşiq olduğunu və ondan ayrılmaq istədiyini deyəndə dünyası başına yıxılmışdı.
Amma susmuşdu. Heç nə deməmişdi. Heç o qadının kim olduğunu bilmək də istəməmişdi. Axı nə dəyişəcəkdi? Ortada bir xəyanət vardı və onu hansısa bir qadınla aldatmışdılar. Sevgi filan da qalmamışdı arada. Heç hörmət də. Səhər gedib Eldardan əvvəl boşanma ərizəsi vermişdi məhkəməyə və tezliklə hər iki tərəfin razılığı ilə ayrılmışdılar. Beləcə Muradla ikisinin birgə həyatı başlamışdı. O gündən sevgi də ucuzlaşmışdı onunçun. Heç kimə inamı qalmamışdı. Yolunu bilirdi. Bundan sonra uşağıyçun yaşayacaqdı.
Eldar əvvəllər oğlunu tez-tez görməyə gəlsə də sonralar bu görüşlər yavaş-yavaş səngidi. Daha sonra telefon zənglərinin sayı da azaldı. Bikə heç özünü o yerə də qoymadı. İşləyib uşağını saxlayırdı onsuz. Kiməsə ehtiyyacı yox idi Məqsədi və bircə arzusu oğluydu. Onu cəmiyyətə ləyaqətli övlad kimi böyüdəcəkdi. Böyütdü də.
Xeyli sonra öyrəndi ki, Eldar ikinci həyat yoldaşından da ayrılıb və tüfeyli həyat sürür. Onu eşidəndən sonra ağrısı bir az xəfifləmişdi. Çiynindən yük götürülmüşdü illər əvvəl olduğu kimi.
“Şükür bacım xoşbəxt oldu heç olmasa. Pis gözlərdən iraq” .
..Telefonu əlinə götürdü.İşığını yandırıb saata baxdı.
Gecə 3 -dən keçmişdi artıq. 4-ə 15 dəqiqə işləyirdi. Bir az telefonla “oynayandan” sonra sakitcə tumbanın üstünə qoydu. Çantasını götürüb açdı. Ordakı həblərdən birini götürüb dilinin altına yerləşdirdi. Yoxsa yata bilməyəcəkdi. Yüz faiz əmin idi buna. Sol tərəfi üstə çevrildi. Ürəyinin döyüntülərini aydınca hiss edirdi . Yenə saymağa başladı.” Bir, iki…20..100…” Sonra…
Sonra özü də bilmədiyi bir aləmə düşdü. Buludların üstüylə gedirdi. Ayaqları yerə dəymirdi. Amma gedirdi. Hər yan ağappaq idi. Tərtəmiz, çiçək kimi buludlar tökülmüşdü ayağının altına. Qadın çalışırdı ki, buludları ayaqlamasın. Havadan tuta- tuta yeriyirdi . Hərdən ona elə gəlirdi ki, göydə uçur. Qollarıyla havanı yara -yara həm də. Uzaqdan qulağına səs də gəlirdi arabir. Kimsə gülürdü, ya ağlayırdı?. Kəsdirə bilmirdi. Səs gah arxadan, gah da qarşıdan gəlirdi. Bikə bilmirdi ki, hansı səsə yüyürsün. Kişi səsi qadın səsinə qarışmışdı. “Burdan gəl, burdan” “Gözün ayağının altına baxsın. Dəyərsən” “Sətdarın evi yıxılsın . Balalarımı yetim qoydu” .”Bikə, Bikəəəə”.
Var qüvvəsini toplayıb qaçırdı. Hiss edirdi ki, səslərdən qaçır. Dörd yanı səslə doluydu.
Yuxuyla gerçəyin arasında vurnuxurdu Bikə. Hiss edirdi ki, yorulur. Ayaqları sözünə baxmırdı daha. Arxasıyca sürünürdü ayaqları. Özünü çəkə bilmirdi . Buludlar yoxa çıxmışdı. Hər yan tüstü içində idi. Boğulurdu . Elə bil kimsə xirtdəyindən yapışıb boğurdu onu. Çırpınırdı. Nə qədər edirdisə bu əlin arasından çıxa bilmirdi. Kimsə barmaqlarını bərk-bərk keçirmişdi Bikənin boğazına. Əl -qol atırdı yuxunun içində. Tamam gücdən düşdüyünü hiss etdi . . Saymağa başladı “Bir , iki …….üç……! ” Birdən hardansa işıq düşdü üzünə. Səslər kəsildi. Boğazını buraxdı o görünməz əl. Kimsə yaxasının düyməsini açdı. Bikə son gücünü toplayıb ciyərdolusu nəfəs aldı..
Üzündə , gözündə ilıq nəfəs hiss etdi:
–Anamım saçları ana qoxuyur.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

PƏRVİN ƏLİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru