Uzun illər, 20 ilə yaxın bir müddət ancaq daxili sifarişlə, öz ürəyimcə olan şairlərin şeirlərini, xüsusi qonorar almadan mütəmadi tərcümə etmişəm, hesab etmişəm ki, bunları hamı, ən azı ədəbi cameə bilməli, tanımalıdır. Qısa bir müddət, təxminən 3 il bəzi sifarişli işlər görmüşəm. Eyni zamanda, uzun müddət, 22 ildi ki, ardıcıl şəkildə milli ədəbiyyatımızın xarici dillərə tərcüməsi və nəşri ilə bağlı, əlbəttə bacardığım qədər işlər görmüşəm. Üstəgəl, həmkarların xahişi ilə hansısa ünlü, ünsüz, cavan-qoca şairlərin, ədiblərin, onların mənalı, az mənalı, lap az mənalı əsərləri haqqında yazmış və danışmışam. Bəzən ürəklə, bəzən ürəksiz. Bir neçə vaxtdı öz-özümlə çək-çevir edir, öz-özümə hesabat verirəm. İnşAllah, növbəti ilin avqust-sentyabr aylarına qədər, ömür vəfa qılsa, aşağıda bir azdan sadalayacağım işləri görüb, bitirib bir daha nə qonorarla, nə qonorarsız tərcümə işi ilə, o ki qala ədəbiyyatımızın xarici dillərə tərcüməsi və nəşri işi ilə bir daha məşğul olmayacam. Ola bilsin ki, vəzifə icabı hansı əsərləri hansısa tərcüməçilərə yönəltməli olacam, bəlkə “Dünya ədəbiyyatı” dərgisinin işi davam edəcək, hansısa nəşrlərin redaktoru olacam, bilmirəm. Amma bu işlər puç, mənasız işlərdir. Və heç kim haqqında resenziya yazmayacam, yəni xahişlə. Pis bilirsiz nədir? AYB-də olduğum illər ərzində, Bədii Tərcümə Mərkəzinə rəhbərlik etdiyim illər ərzində “Dünya ədəbiyyatı” dərgisinin mütəmadi nəşrinə nail olmaq üçün döymədiyim qapı qalmayıb: rəsmi qapılar, na-rəsmi qapılar. Gördüyüm işlərin büdcəsinin əsas hissəsini dostlarımdan xahişlə, minnətlə tapmışam. Üzləşdiyim çətinliklər, laqeyd və saymazyana, zövqsüz, xaşalqarın münasibət haqqında heç vaxt açıq danışmamışam. Və bu əsla mənim kimdənsə, nədənsə çəkinməyimlə bağlı olmayıb. Bu mənim tərbiyəmlə bağlı olub, həyata baxışımla bağlı olub, necə deyərlər, abrıma qısılmışam. Yalnız yüksək qonorarla hansısa işlərin təşkilatçısı, məsləhətçisi olmaq bəlkə hələ mümkündür. Amma daha bəsdi. Sevdiyimi misraları, sevdiyim şeirləri özüm üçün çevirmək, ancaq oxuyub içimi titrədən mətnlər haqqında yazmaq istisna olmaqla, sağ olun. O siz, o sizin dünyanız, o sizin milli ədəbiyyatınız. Yalnız öz mətnlərimlə, öz kitablarımla məşğul olacam: Bakıda və dünyada. Siz hamınız yaxşı adamlarsız, qocalı-cavanlı hamınız dahisiz. Amma icazə verin, özümlə məşğul olum.
Müəllif:Nəzrin Əliyeva Elmi rəhbər: prof. Yeganə İsmayılova
Sənsiz nə zövqü var şeiriyyatın… Xülasə Bu məqalədə Mikayıl Müşfiqin həyatına və yaradıcılığına ümumi nəzər yetirilir. Şairin məhəbbət lirikası təhlilə cəlb edilir. Açar sözlər: Mikayıl Müşfiq, ədəbiyyat, lirika, poeziya, məhəbbət Abstract This article provides an overview of Mikayil Mushfig’s life and work. The poet’s love lyrics are included in the analysis. Keywords: Mikayil Mushfiq, literature, lyrics, poetry, love Məqalə 30 illik həyatında, cəmi 30 bahar yaşamış ömründə Azərbaycan xalqının qəlbini fəth etmiş şair, ədəbiyyatımızın “şirin ləhcəli bülbülü”-Mikayıl Müşfiq… Sənsiz nə zövqü var şeiriyyatın?! 5 iyun 1908-ci ildə mavi Xəzərin qoynunda-Bakıda Əbdülqadir İsmayılzadənin ailəsində bir oğlan uşağı dünyaya gözlərini açdı. Bu uşaq sonradan hər kəsin Mikayıl Müşfiq adı ilə tanıyacağı Mikayıl Əbdülqadir oğlu İsmayılzadə idi. Müşfiqin uşaqlığı məşəqqətli keçmişdi. Körpə ikən anasını,6 yaşında olarkən atasını itirmişdi. Anasızlığı bütün həyatı boyu onu sarsıtmış, Müşfiqin ruhunu incitmişdi. O bu təlatümlü hisslərini bəzən nəzmin dili ilə ifadə etməyə çalışmışdır: Ana dedim, ürəyimə yanar odlar saçıldı, Ana dedim, bir ürpəniş hasil oldu canımda, Ana dedim, qarşımda bir gözəl səhnə açıldı, Ana dedim, fəqət onu görməz oldum yanımda.[5, s.44] Həyatındakı bu boşluq Müşfiqi daim izləmiş, ona mənəvi əzab vermişdi. Lakin günlərin bir günü həyat Müşfiqin üzünə də gülməyə başlayır. Müşfiqin həyatına onun inadkar ruhunu tabe edən, həyatına yeni bir rəng verən bir qadın daxil olur. Bəli, bu qadın Müşfiqin məhəbbət şeirlərinin ilham pərisi idi desək, zənnimizcə, yanılmarıq. Dilbərin həyatına gəlişi ilə onun həyatında yeni və gözəl bir səhifə açılmışdı. O Dilbəri ən az anası qədər sevirdi və onun vəsf etməkdən doymurdu: Mən Dilbəri sordum gəlib-gedəndən; Dedilər barışmaz, küsmüşdür səndən. Mən iltifat etdim, o qaçdı məndən, Qaçqın ədasına qurban olduğum?
O mənim sevgilim, o mənim anam, Onsuz üzüm gülməz, açılmaz aynam… Bilməm harda qaldı o nazlı durnam, O xoş sədasına qurban olduğum[6, s.53]? Əvvəldə də qeyd etdiyimiz kimi, Müşfiqin ilham pərisi Dilbər xanım idi. Müşfiqin məhəbbət şeirlərinin,demək olar ki, hamısı Dilbərə həsr olunub.Onun “Dilbər” şeirindən bir bəndə nəzər yetirək: Nə qədər uçsan da ucalıqlara, Əlbət qanadların bir gün yorula. Bir quşun olmasa qanadı, Dilbər, Necə keçər onun həyatı, Dilbər[6, s.66]?! Dilbər xanım “Müşfiqli günlərim” kitabında Müşfiqin əksər şeirlərinin yaranma tarixçəsini danışır. Gəlin bu tarixçələrdən birinə nəzər yetirək: “…Sonrakı görüşlərimizin birində mən ona Gəncəyə gedəcəyimi bildirdim. Tutuldu. Üzünə kövrək təbəssüm Qondu. Elə oradaca «Ayrılıq» şerini dedi: O gün ki, hicrana uğradı yolum, Qırıldı qanadım, qırıldı qolum. Fələkdən bac verib, bac alan könlüm, İndi uşaq kimi ağlar səninçün.
Gül-gülü çağırır, çiçək-çiçəyi, Gülər aşiqlərin qönçə diləyi. Sən neçin yıxırsan bu şux ürəyi?- Qəlbimin çeşməsi çağlar səninçün.”[1, s.41] Daha sonra Dilbər xanım getməyəcəyini deyəndə isə Müşfiq həmin məşhur şeirini bədahətən demişdi: Deyirsən yanında qalacağam mən, Çox gözəl fikirdir, qal sənə qurban!. Nə zaman istəsən əziz canımı, Qumral gözlərinlə al, sənə qurban!
Gəlmiş hüzuruna bir qara dağlı, Bir qara qulundur, qolları bağlı. Gəl çəkmə sinəmə sən hicran dağı, Gümüş topuğunda xal, sənə qurban.”[1, s.43] Rəsul Rza öz “Qızılgül olmayaydı” poemasında yazırdı: Bəlkə, o, belə şair olmazdı bu xalq bu torpaq o yaşıl yarpaq o aydın səhər, bir də sən, Dilbər, – Bir də sən olmasaydın! Müşfiq həyatında heç olmadığı qədər xoşbəxt idi-Çox sevdiyi qadınla bir ömür sürürdü, gənc olmasına baxmayaraq kifayət qədər tanınır, sevilirdi, şeirləri isə dillər əzbəri idi. Bunu görən bəzi “qələm dostları”-“sapı özümüzdən olan baltalar” Müşfiqin quyusunu qazmağa başladılar. Müşfiq ölümündən əvvəl sanki gələcək bədbəxtliyini duymuşdu: Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim?! Bu yerlər çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim[5, s.302]?! Müşfiq həyat eşqiylə dolub-daşırdı. Onu gözləyən bir gələcək, böyük amallar, şirin xəyallar var idi. Lakin bütün bunlar Sovet rejiminin qanlı əlləri ilə məhv olundu. Ardıcıl olaraq Müşfiq haqsız yerə tənqid və təhqirlərə məruz qaldı, əleyhinə yazılar yazıldı, sərt çıxışlar edildi. Bu yazılardan ən zəhərlisi Məmməd Rahimin “Ədəbiyyat qəzeti”nin 21 avqust 1937-ci il tarixli nömrəsində Müşfiq haqqında çap olunmuş “Kontrrevolyusioner, kondrabançı, oğru” məqaləsi idi. Məmməd Rahim bu məqaləsində Müşfiqi haqsız yerə ittiham edir, xalqın sevimli şairinə ona qətiyyən yaraşmayan adlar qoyur, onu “oğru”, ”əclaf”, “ikiüzlü” adlandırır: “Xalq səadətinə düşmən olan bu əclaf “İnqilab” şeirində proletar revolüsiasını yandırıb-yaxan lava, bir vulkan stixiyası kimi təsvir edir..” “Bizə yabancı Müşfiq “Duyğu yarpaqları” şeirində “Bir üzüm qaradır, bir üzüm sarı” deməklə özünün ikiüzlülüyünü yaxşı göstərir”[4] Bu kimi sərt çıxışlar, yazılar Müşfiqin sonunu yaxınlaşdırırdı. Mikayıl Müşfiqin repressiyadan qurtulması üçün bir yol var idi: O həbs olunmamışdan qabaq Ayna Sultanova onu öz yanına çağırıb demişdi ki, biz artıq Hüseyn Cavidi itiririk, onu həbs edəcəklər, sən onun əleyhinə bir-iki yazı yaz, heç olmazsa səni repressiyadan qurtara bilək. Müşfiq cavabında deyir: “Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram”. Bəli, Müşfiq bu qədər cəsarətli və sadiq bir insan, dost, qələm yoldaşı idi. 4 iyun 1937-ci ildə həbs olunan Müşfiqin son məhkəmə iclası cəmi 20 dəqiqə çəkir, günahsız şair üçün ölüm hökmü qərarı çıxarılır. Mikayıl Müşfiq 6 yanvar 1938-ci ildə Nargin adasında haqsız yerə güllələnir. Müşfiq öləndən sonra günü-gündən daha da çox sevildi. Sovet rejimi Müşfiqi bizdən alsa da, Müşfiq sevgisini ala bilmədi. Müşfiq haqqında kitablar, əsərlər, şeirlər, məqalələr, xatirələr yazıldı, yaradıcılığı çətinliklə də olsa toplanıb tədqiq edildi. Rəsul Rza “Qızılgül olmayaydı” poemasında yazırdı: “Oxu, tar, oxu, tar! Səni kim unudar?!” İndi bu sözləri Ona desək, yeri var: “Səni kim unudar?!” Hikmət Ziya, Mədinə Gülgün, Hüseyn Arif, Əli Kərim və başqaları Müşfiqə şeirlər həsr etmişlər. Hikmət Ziyanın Müşfiqə həsr etdiyi şeirə nəzər salaq: Ürəyimdə göynəm-göynəm göynəyən, Sızım-sızım sızıldayan yaram var. Qaysaqlanmaz ha çalışsam buna mən Ömrüm boyu bu yaramdan qan damar.
Ey Müşfiqin qəlbi,ciyərparası Bu sözləri zil muğamla oxu, tar Söylə: Böyük Azərbaycan balası Müşfiqimiz, de, səni kim unudar?! Müşfiq unudulmadı və unudulmayacaq. Müşfiq sevgisi daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Müşfiqin ilk kitabı “Küləklər” olmuşdur. Daha sonra “Günün səsləri”, “Vuruşmalar”, ”Şeirlər” və s. kitablarını çap etdirmişdir. XI kitabı-“Çağlayan” çap üçün hazırlansa da, onu nəşr etdirmək Müşfiqə nəsib olmur. Müşfiqin yaradıcılığı onun lirik şeirlərindən və poemalarından ibarətdir. G.Hüseynoğlu “Mikayıl Müşfiqin yaradıcılıq yolu” əsərində onun şeirlərini iki qismə ayırır:[3, s.31] 1.ictimai-siyasi şeirləri 2.aşiqanə şeirləri Təbii ki, bu bölgü Müşfiq lirikasını tam olaraq əhatə etməsə də böyük bir qismini təşkil edir. Mən ki bilməz idim nədir məhəbbət… Cahanın, xilqətin varlığının sütunu məhəbbətdir. Mikayıl Müşfiq tək kövrək duyğularla dolu bir ruhun könül rübabından, mümkün deyildir ki, bəşərin ən ali duyğusunun tərənnümünə həsr olunmuş əsərləri olmasın. Müşfiqin aşiqanə şeirləri onun yaradıcılığında çox önəmli bir mövqeyə sahibdir. Onun aşiqanə şeirləri yalançı və süni təntənədən uzaq, saf qəlbin ən həzin duyğularını əks etdirən şeirlərdir. Dolaşma sıldırım sal qayalıqda Daşlar ayağını əzər, maralım! Gəl səni bəsləyim gözümün üstdə, Etmə aşiqindən həzər, maralım[6, s.54]! deyərək sevdiyini əsl bir aşıq kimi tərənnüm edir. Müşfiqin lirikası aşıq yaradıcılığından bəhrələnmişdir desək bu tam doğru olmaz. Çünki Müşfiq lirikası birbaşa aşıq şeiri, xalq şeiri, xalq ədəbiyyatı ilə yoğrulmuşdur.Təbii ki, bunda Qızqayıt nənənin də rolu az olmamışdır. Müşfiq sevdiyinin hər nazını çəkməyə hazır olan bir aşiqdir. Hətta o, keçmişi yada salarkən ən çox sevdiyinin şıltaqlığını, inadkarlığını xatırlayır. Sevdiyinin dəli-dolu halları, bir anda əsəbləşib elə həmin andaca sakitləşdiyini söyləyərək onu bir uşaq kimi “xırçın əməlli” təsvir edir: O gün də bir gündü, ey üzü dönmüş, Sandım içində bir qaplan döyünmüş Bir anda köpürmüş, bir anda sönmüş Xırçın əməllərin yadıma düşdü[6, s.58]. Şair “Yaşa, könül” şeirində sevgisini təsvir etməyə çalışır. Sevda yolunun uzun və çətin olduğunu bilsə də, hətta özü bu yoldan dönsə də, qəlbinin dönməyəcəyini söyləyir. Müşfiq bununla sevgisində necə qətiyyətli olduğunu göstərir: Tərlansan, göydən enməzsən, Bu torpaqda sevinməzsən. Mən dönərəm, sən dönməzsən, Yaşa könül, yaşa könül[6, s.51]! Biz “Rəssam” şeirində Müşfiqi bir rəssam kimi görürük, söz rəssamı kimi… Rəssam boyalarla şəkil çəkirdisə, Müşfiq şəkillərini sözlərlə çəkirdi. Müşfiq sevgilisinin ən incə və gözəl cizgilərini özü təsvir etmək istəyirdi: Çək onun qaradan qara telini Çək, rəssam, çək onun incə belini Gözünə çatanda saxla əlini Can alan gözünü mən özüm çəkim. “Küsmərəm” şeirində şair öz sevdiyini hər kəsdən, hər şeydən üstün tutur. O hər şeydən küsməyə hazır olduğu halda, yarından küsülü qalmağa dözə bilmir. Elindən, obasından, ömründən, hətta şeirdən, ədəbiyyat ilhamından əl çəkməyə də hazırdır, ancaq sevgilisindən küsmək onun üçün çox böyük dərddir: İlham pərisinin açdığı dadlı Dillərdən küsərəm, səndən küsmərəm.[6, s.52] Müşfiqin “Məhəbbət” şeiri “məhəbbət himni”dir desək, zənnimizcə, yanılmarıq. Məhəbbəti təntənəli sözlərlə ifadə edən, əlbəttə ki, çox şairlər olmuşdur. Amma Müşfiq qədər real təsvir edən, hətta hicranında belə bir nikbinlik duyulan bir şair, hələ ki, olmamışdır. Onun ritorik suallarında bir məzlumanə küskünlük duyulsa da, bu heç vaxt şikayətə, məzəmmətə keçmir. Bu suallar, bəlkə də, sevgilisinin qəlbini az da olsa yumşaltmaq üçün verilmiş biçarə suallardır: Mən ki nəğmə deyib bənövşələrdən Peşəm zövq almaqdı bir şux dilbərdən Məndən uzaq gəzib, dolanıb hərdən Qəlbimi sıxmağa can atmadınmı[6, s.55]?! Aşıqlar yarlarının yolunu gözləyərkən onların sirdaşı sazları olduğu kimi Müşfiq də yarını gözləyərkən sirdaşı qələmi olur: Əlimdəki qələm bir sədəfli saz, Nə qədər səninçün coşar, yorulmaz[6, s.56]! Müşfiq üçün dünyanın hər naz-neməti, gözəlliyi sevgilisi yanında olmadan boşdur, mənasızdır: Sənsiz nə zövqü var bağın-baharın? Açan çiçəklərin, uçan quşların? Sənsiz cənnət olsa kainat yarın, Heç mənim ruhumu oxşarmı, söylə[6, s.57]? Müşfiqin azadlığı da sevgisinin həbsində yaşayır: Müşfiq quş olsa da, görəsən bir an Səndən uzaqlara uçarmı, söylə[6, s.57]? Müşfiqin şeirləri də, bəzən ruhu kimi qafiyə qəliblərinə, qanunauyğunluqlara sığmayıb sərhədsizliyə yuvarlanırdı. ”Yenə o bağ olaydı”, ”Sevirəm”, “Dəvət” kimi şeirləri də bu qəbildəndir. ”Yenə o bağ olaydı!” Azərbaycan ədəbiyyatında ən uğurlu sərbəst vəzndə yazılmış şeirlərin sırasına daxildir. Lirik bir şeirdə təsvirin bu qədər uğurlu alınması insanda, həqiqətən, təəccüb doğurur. Şeiri oxuduqca gözlərimizdə eyniylə orda yazılanlar canlanır: Yenə o bağ olaydı, yenə o qumlu sahil, Sular ötəydi dil-dil. Saçın kimi qıvrılan dalğalara dalaydım, Dalıb ilham alaydım. Əndamını həvəslə qucaqlarkən dalğalar, Qəlbimdə qasırğalar, Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı, Məni hirsim boğaydı; Cumub alaydım səni dalğaların əlindən, Yapışaydım belindən, Xəyalımız üzəydi sevda dənizlərində, Ləpələr üzərində, İlhamımın yelkəni zərrin saçın olaydı, Sular xırçın olaydı.[5, s.412] Müşfiq milli ədəbiyyatımızı, xalq şeirini dərindən bilməklə yanaşı Qərb ədəbiyyatından da kifayət qədər məlumatlı idi. O, Qərb şeir forması olan sonetdə yaddaqalan nümunlərə yaratmağı bacarmışdı. Qərb şeir şəklində bəşəri duyğuları bu qədər məharətlə ifadə etməsi onu bir şair olaraq bir qədər də xüsusiləşdirir: Xoşdur gözəl görüb bütün elliyi Çalışmaq, yaşamaq, sevmək, sevilmək! Xoşdur xilqətdəki hər gözəlliyi Ürəkdən duyaraq anlaya bilmək[5, s.391]! Müşfiq “Sevgilər” sonetində hər sevginin xoşbəxtlik, səadət gətirmədiyini, hər sevginin fərqli, ayrı cür olduğunu, lakin hamısının ortaq bir xüsusiyyəti-sirli olduğunu, bütün sevgilərin çətinliklərlə qarşılaşdığını poetik bir dillə yazır: Sevgi vardır ki, dodaqlarda açar güllərini, Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir. Sevgi vardır oxudur qəlbi də bülbüllərini Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Sevgi vardır bizə çox dadlı əməllər gətirir, Fəqət həpsində qaranlıq gecələr kölgəsi var. Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.[6, s.25] Müşfiqin “Gözəllik”, ”Bir də baxsan mənə”, ”Bir günəş, bir baxış” kimi sonetləri dər var. Müşfiqin şeirləri o qədər ahəngli, o qədər qulağa xoşagəlimli idi ki, onun şeirlərinin əksərinə musiqi bəstələnmişdi. Onun şeirlərinə ən çox musiqi bəstələyən dəyərli bəstəkarımız Hacı Xanməmmədov olmuşdur. O Müşfiqin “Yaşa,könül”, “Yadımda düşdü”, ”Sənin gözlərin”, ”Qurban olduğum”, ”Neyçin gəlmədin” və başqa şeirlərinə musiqilər bəstələmişdi. ADMİU-nun baş müəllimi, bəstəkar Eldar Dadaşov “Hacı Xanməmmədov və xalq musiqisi” məqaləsində yazırdı: “Həmişə dostları deyərdi ki, Aşıq Ələsgərlə Mikayıl Müşfiq Hacının könül dostlarıdır…”[2] Müşfiq yaradıcılığından, Müşfiq lirikasından nə qədər danışsaq yenə də bitməz, yenə də nəsə gözdən qaçmış qalar. Bu kiçik məqaləmdə az da olsa Müşfiq poeziyasına toxunmaq bu poeziyaya olan sonsuz sevgimdəndir. Allahdan dəyərli şairimizə rəhmət diləyirəm! İstifadə edilmiş ədəbiyyat: 1.Dilbər Axundzadə. ”Müşfiqli günlərim(xatirələr)”.Bakı,”Gənclik”,2005, 274 səh. 2.Eldar Dadaşov. ”Hacı Xanməmmədov və xalq musiqisi”. ”Mədəni Maarif”qəzeti,2011 3.Gülhüseyn Hüseynoğlu. ”M. Müşfiqin yaradıcılıq yolu”. Bakı, “Azərbaycan Dövlət Universiteti”,1987,108 səh. 4.Məmməd Rahim.”Kontrrevolyusioner,kondrabançı,oğru”,”Ədəbiyyat”qəzeti,1937 5.Mikayıl Müşfiq. Əsərləri. Üç cilddə. I cild.Bakı,”Səda”,2004,465 səh. 6.Mikayıl Müşfiq. Əsərləri. Üç cilddə. II cild.Bakı,”Səda”,2004,388 səh.
Öz aramızdır, bizim Səlim Babullaoğlu az aşın duzu deyilmiş, əsl insan sərrafıymış. Harada bir zəkalı, zirək adam varsa, məlum olur ki, onun dostudur. Onlardan biri də Fərid Hüseyndir. Zarafat deyil, Fərid 2021-ci ildə Serbiya Respublikasının Semska Mitrovika- İmperatorluq şəhərinin fəxri vətəndaşı seçilib və adı Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə vurulub. Elə həmin ildə də AYB-nin katibliyinin və Üzvlüyə Qəbul Komissiyasının, həmçinin, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvüdür. Şeirləri Türkiyə, qazax, özbək, qırğız türkcəsinə və ingilis, rus, belarus, ukrayna, serb, gürcü, rumun dillərinə tərcümə edilərək dünyanın müxtəlif ölkələrinin mətbuat orqanlarında çap olunub. Məşhur filmdə deyildiyi kimi; “Sən bundakı fərasətə bax, gedib gör haralara çıxıb.” Əlbəttə ki, bu bir bahar zrafatıdır. Fərid Hüseyn sözün əsl mənasında parlaq istedadlı, itizəkalı gəncdir. Bu gün məhz, elə ondan söhbət açmağa səy göstərəcəm…
Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir şəhərində dünyaya gəlib. 2006-cı ildə M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin “Nəşriyyat işi və redaktəetmə” ixtisasına, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin iki illik “Yaradıcılıq” fakültəsinin “Poeziya” bölümünə daxil olub. Hər iki universiteti 2010-cu ildə bitirib. Sonra ADMİU-nun “Kultralogiya” fakültəsinin “Mədəniyyətşünaslıq” ixtisası üzrə magistr təhsili alıb…
Şeir yazmağa orta məktəbdə oxuyanda start verib. On-on iki şeir yazandan sonra həvəsdən düşüb və şairlik fəaliyyətini dayandırıb. Bir də universitetə qəbul olunandan bir qədər sonra, özündə daxili ehtiyac duyaraq, yenidən şeir yazmağa başlayıb. Əvvəl elə bilib ki, hisləri, duyğuları özünəməxsusdur, ancaq oxşar şeirlər ortaya çıxanda anlayıb ki, bu yamsılamaya oxşayır. Sonra ədəbi mühitlə tanış olmağa başlayıb. Görüb ki, ədəbi mühitə qoşulmağın da, öz mənfi tərəfləri var. Burada meyar başqalarının zövqü olur…
Deyir ki,- “İndiki ağlımla düşünürəm ki, şair üçün meyar daha çox onun öz zövqü olmalıdır. O da ancaq şair öz səsini tanıyandan sonra başlayır. Şair kimi öz səsini tanıyanda artıq təsirlə yazmırsan, heç kimi yamsılamırsan. Yamsılayan şairlər qədimlərdə də olub, indi də var. Nizami Gəncəvi yazırdı ki, yamsılamaqla şair olunsaydı, onda meymun hamıdan böyük şair idi. Çünki meymunun hərəkətlərinin 90 faizi təqliddir.”
2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində faəliyyət göstərən “Gənc ədiblər məktəbi”ni bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və “Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri” mövzusunda elmi iş üzərində çalışır. Serbiya Yazıçılar Birliyinin üzvüdür. 2019-cu ildə AYB-nin Gənclər Şurasının sədri seçilib. İki dəfə- 2010 və 2021-ci illərdə Prezident təqaüdünə layiq görülüb. On beşə yaxın kitabın müəllifidir…
Şeirlərində mövzu rəngarəngliyi var. Mütaliəni xoşlayır, adətən şeir oxumaqdan zövq alır. Yazılarının böyük əksəriyyəti də poeziya haqqındadır…
“Qəribədir, bizim ədəbiyyatda bir sıra şairlər ayrılıq haqqında şeiri 40 yaşında da, 50 yaşında da, 20 yaşında da eyni cür ifadə edir. Demək, o sevgiyə münasibətini mərhələ-mərhələ ötürür, içində dövr dəyişimi yaşamır. Son kitabımda – “Bir də heç vaxt”da minimalist şeir nümunələri, haykular, “Şəhərlər və şeirlər” bölməsi, dini-fəlsəfi şeirlər, sevgi şeirləri var. Artıq bir mövzunu yazıb qapadıram, mümkün qədər təkrar mövzularda yazmamağa üstünlük verirəm. Məni indi iki mövzuda şeirlər düşündürür. Biri açarlardır. Bəli. Açarların həyatımızda özünə xas fəlsəfəsi var. Biz nə qədər kirayə evlər, iş yeri dəyişirik. Həyat hər dəfə hansısa qapını üzümüzə bağlayır, hansınısa açır. Bunun fəlsəfəsini, insan taleyindəki rolunu açarların timsalında poeziyada canlandırmaq istəyirəm.”- söyləyir.
Fərid Hüseyn “Eşq” kitab seriyasını da təsis edib. Onun rəhbərlik etdiyi kitab seriyasından Məmməd Orucun “Oyun havası”, Eldar Baxışın “Sərçə balası”, İsi Məlikzadənin “Qırmızı yağış”, Asif Atanın “İnam və şübhə”, Serkanın “İtkin gül”, Tuğrul Tanyolun “Sən əlimdən tutanda”, Adnan Özerin “Kasıbın eşq nəğməsi”, Gjeke Marinajın “Sevginin 24 saat”, Koman Şovanın “Sevginin izi ilə” əsərləri işıq üzü görüb…
Necə deyərlər, gəncliyinin pik nöqtəsinə gəlib çatıb. Gələn ildən ona gənc yox, “cavan oğlan” da demək olar. Şuşaya- M.P.Vaqiflə bağlı tədbirə gedəndə AYB-nin katibi Səlim Babullaoğlu onu təqdim edib haqqında xeyli danışdı. Doğrusunu deyim ki, ilk baxışda gənclik məğrurluğu ilə seçilən, cəldliyi ilə fərqlənən bu insanın haqqında elə o vaxtdan maraqlanmağa başladım. Yazılarını, bir neçə şeirini oxudum. Bu şeirlərdə lirika zəif olsa da, amma fəlsəfi baxımdan göəl poeziya nümunələridir. “Baqi bədəl” şeirində yazır;
Açarlar verir hesabat kilidləri kiridikcə. Şam boynudur miskin həyat qalınlaşır əridikcə.
Qaliblərsə sıralanıb bir ağ yaylığın fonunda. Təcrübələr xırdalanır sınıq ayna şablonunda.
Quş sükutu dimdikləyir yorğun heykəl kölgəsində. Hamı bir dəfə səsləyir, Azan isə sonsuz dəfə.
Onun publisistika dilinə isə söz ola bilməz. Özünəməxsus üslubu var. Təhliletmə qabiliyyəti, hadisələri düzgün dəyərləndirmə bacarığı, “obyektə” yanaşma tərzi fərqlidir. Elə poeziyaya da fərqli yanaşır. Ənənəvi şeirdən, necə deyərlər, yan qaçmağa üstünlük verir…
Deyir ki,- “Adətən şairlər yaradıcılığında ədəbi normaları qorumağa çalışırlar. Hansı şair ki, o normaları pozur, yaxşı şeirlər yaza bilir. Peterburqda Anna Axmatovanın ev muzeyində olanda bələdçi bir qadın maraqlı bir hadisə haqqında məlumat verdi. Deməli, Rusiyanın baş senzorlarından biri, Ştuçka ləqəbli erməni varmış. Senzura vaxtı Axmatovanın kitabının çapına icazə verməyib. Bir dəfə Axmatova ilə yolda qarşılaşır. Deyir, sizi təbrik edirəm, şeirlərinizi oxudum, çox xoşuma gəldi. Axmatova sevinir ki, şeirlər bəyənilibsə kitabı çap olunacaq. Senzor isə deyir: “Sizin şeirləriniz çox gözəldir, amma kitabınız çap olunmayacaq”. Şeirlərin bəyənilməsi o dövr üçün əslində, sən deyən də xoşagələn məsələ deyilmiş. Bertolt Brextin “Kitablar yandırılır” adlı şeiri var. Hitlerə müraciətlə yazılıb. Məzmunu belədir: bir şair yandırılacaq kitabların siyahısını görür və qəzəblənir ki, niyə mənim kitabım yoxdur o siyahıda, axı mən də həqiqətləri demişəm. Səlahiyyətli adamlara məktub yazıb xahiş edir ki, kitablarımı yandırın. Senzuranın mövcud olduğu ölkələrdə belə faciələr yaşanıb. Sovet dövründə şairlər istər-istəməz senzura ilə hesablaşırdılar. Növbəti bir problem isə bu günün özündə də var- şair gündəmə uyğun populyar şeiri ilə şöhrət qazanır və həmin mövzuların içində itib-batır, bədbəxt olur. Sənə deyəndə ki, bu mövzuda yazdıqların yaxşıdır, sən artıq köklənirsən başqalarının zövqünə. Başqasının zövqü də onun düşüncəsini qəbul etməkdir. Ancaq sənin həyatın, yaşantıların birə-bir başqalarının düşüncəsidirmi? Əsla. Belə olanda sən başqasının düşüncəsini ifadə etməyə başlayırsan və nəhayət öz ürəyinin səsini qapı dalından eşdirsən.”
Bəli, Səlim Babullaoğlunun mənimlə tanış etdiyi, bu gənc şairin yaradıcılığa fərqli yanaşması təbiidir. Çünki bu qədər şairin arasında seçilmək üçün, poeziyaya yeni nəfəs gətirməyi yalnız gənclər bacara bilər…
Oktyabrın 9-da Fəridin 35 yaşı tamam olur. Yəqin ki, dostlarının da deməyə, yazmağa sözləri olacaq. Qoy bu balaca yazı məndən ona yubiley hədiyyəsi olsun!..
İki il öncə Libra kitab nəşriyyatının təşəbbüsü ilə “Övladına məktub yaz!” layihəsinə göndərdiyim məktub birincilik qazanaraq 20 müəllifin məktubu arasında yer almışdı. Bu gün BBKS-də kitabın təqdimatı oldu.
QIZIMA MƏKTUB
Çiçəkqoxulum, sənə olan sevgimi gözlərimdən və hərəkətlərimdən aydın görürsən. Amma istərdim ki, bu sevgimi sözlərimdən də oxuyasan. Ona görə bu məktubu sənə yazıram. Mələküzlüm, hər səhər atanla birlikdə yanağına incə bir öpücük səndən ayrılırıq. Saçlarına sığal çəkib səni oyandırmamaq üçün barmaqlarımızın ucunda asta-asta otağından çıxırıq. Bilirsən ki, mən sənin kimi onlarla şagirdə bilik vermək üçün, atan isə sənin kimi uşaqların işıqlı və rahat evlərdə xoşbəxt yaşamalarını təmin etmək üçün səndən uzağa getməli oluruq. Amma bütün düşüncəmizdə və qəlbimizdə səni özümüzlə aparırıq. Gözəlgözlüm, getdiyim uzun yol boyu hər an səni düşünürəm. Avtobusun pəncərəsindən qaranlıq küçələrə baxaraq sənin indi necə şirin-şirin yatdığını xatırlayıram. Üzümə təbəssüm qonur. Gözlərim avtobusda iri lövhədəki saata dikilir: 07:10 – “İndi zəngli saat çalacaq, qızım yuxudan ayılacaq və məktəbə hazırlaşacaq”. Dəqiqələr keçir… Küçədə işıq dirəkləri bir-birini qovur… Avtobus gedir… Dayanır… Yenə gedir… 07:30 – “Qızım evdən çıxıb məktəbə gedir” – deyə düşünürəm. Sən məktəbə çatanda artıq mən də işlədiyim məktəbə çatmış oluram. 07:45 – artıq dərsin başlanmasına 15 dəqiqə qalıb. Uşaqlar ikibir, üçbir sinfə daxil olurlar. Kimi öz parta yoldaşı ilə nəyisə müzakirə edir, kimi dərslərini təkrar edir, kimi də yolda gördüyü hadisəni maraqla dostlarına nəül edir. Onlara baxdıqca yenə səni düşünürəm: “Mənim mələküzlüm indi sakitcə oturub dərsin başlanmasını gözləyir…” Zəng vurulur, dərs başlayır. Bizi bir-birimizdən ayıran bu 45 dəqiqələrdir, hansı ki, bu vaxt mən şagirdlərimə yeni dərsi izah edir, tapşırıqlar verirəm, sənsə öz müəllimini diqqətlə dinləyir, verdiyi tapşırıqları yerinə yetirirsən. Bilirəm ki, gələcəkdə sən də xalqın övladlarını elmlə zinətləmdirmək, vətəninə, xalqına layiq övlad olmaq üçün bu gün çox çalışırsan. Tənəffüs zamanı yenə gözlərimin önündəsən: “Qızım su içir, yemək yeyir”. Sonunsu dərs bitəndə sən evə gedir, mənsə ikinci növbədəki işimə başlayıram. Yenə gözüm saatdadır: 12:10 – “Qızım məktəbdən çıxdı, evə gedir, 15 dəqiqəyə çatacaq” – deyə düşünürəm. 13:00 – “Qızım dərslərini edir”. Sənə demişdim, Sevinc müəllimin sinfindəki Nuray eynən sənə bənzəyir – o da sənin kimi ikinci sinifdə oxuyur, sənin kimi sakit, ağıllı, savadlı qızdır. Hər tənəffüsdə o qızı uzaqdan seyr edirəm, sanki sənə baxıram. Bilirsən, müəllim olmağın özəlliyi nədir? Bütün şagirdlərinə öz övladı kimi yanaşmağı bacarmaq, onları öz balası kimi sevə bilmək. Hər şagirdimdə bir az sən varsan, hər birində bir az səni görürəm. Onları da sən qədər sevirəm. İş saatım bitəndə şagirdlərimlə sağollaşıb dayanacağa tələsirəm. Sənə tez çatmaq, sarılıb doyunca öpmək, sənin üçün necə darıxdığımı demək üçün… Səhərin alatoranında evdən çıxdığım kimi axşamın qaranlığında da evə qayıdıram. Bilirsən? Hər səhər avtobusun pəncərəsindən günəşin necə doğduğunu görürəm. Təbiətin günəşi səhər doğur, səhər aləmi nura boyayır, hər yeri isidir. Mənimsə günəşim axşam doğur – hər axşam qapını döydüyümdə həyəcanlı ayaq səslərinin ardından balaca əllərin qapını tələsik açdığı an. O an mənə sevgiylə baxan bir cüt gözün şöləsi bütün canıma yayılır, ruhumu isidir. Mənə uzanan yumşaq əllərini ovcuma alıram, soyuq əllərim isinir, donmuş vücudum canlanır. Bu hərarətin canımdan çıxmaması üçün sənə bərk-bərk sarılıb istiliyini içimə çəkirəm: – “Mənim Günəşim sənsən! Ömrümə xoş gəlmisən, Günəşim! Səni çox sevirəm!” Səni sevən anan.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
Tanınmış şair Həqiqət ŞAMİLLİ “Ömrümə nəğmə payım” adlı yeni kitabının işıq üzü görməsi münasibətilə ZİYADAR MÜKAFATIna layiq görülüb. Mükafatı Azərbaycan Nəşriyyatında kitabın təqdimat mərasimində “Yazarlar” jurnalının baş redaktoru Zaur USTAC şəxsən özü təqdim edib.
“Yazarlar” olaraq, Həqiqət xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Həqiqət xanım!