Patriarxal cəmiyyətdə qadın üçün öncül olmaq, ilklərə imza atmaq çətin məsələdir. Qarşılaşdığı çətinliklərə rəğmən xalqına xidmət edərək ilklərdən olmağı bacaran xanımlardan biri də Səkinə Axundzadə olub. Əsərləri sayca çox olmasa da, (5 pyes, bir roman və bir neçə publisistik məqalə) Səkinə Axundzadə Azərbaycan ədəbiyyatında ilk qadın dramaturq, ilk qadın romançı ünvanına sahibdir… XIX əsrin II yarısında Avropada, Belinskinin təbirincə desək, ədəbiyyat romana çevrilir. Azərbaycan ədəbiyyatında isə ədəbiyyatın “romanlaşma” prosesi, demək olar, heç vaxt gəlmədi. Rus və Avropa ədəbiyyatında qadın romanı XVIII əsrin sonlarında artıq çiçəkləndiyi və geniş yayıldığı halda, Azərbaycan ədəbiyyatında onun ilk nümunələrinə XX əsrin əvvəllərində rast gəlirik. Avropa ədəbiyyatından fərqli olaraq, türk dünyasında qadın nəsrinin tarixi XIX əsrin sonlarından o yana getmir. İlk türk qadın romançısı Fatma Aliyə Topuz hesab olunur və mənbələrin qeydinə inansaq, o yalnız Osmanlı imperiyasında deyil, bütün İslam dünyasında ilk qadın romançıdır. Ədəbiyyatımızda qadın müəllifliyi ilə yazılan ilk roman isə Səkinə Axundzadənin “Şahzadə Əbülfəzl və Rəna xanım” əsəridir. Əsərin müqəddiməsində onun çap olunma tarixi qeyd edilmişdir: “Abuzər Orucovun nəşriyyatı. Hicri – 1326, miladi – 1918.” Lakin romanın yazılma tarixi daha əvvələ aid olunur; bu xüsusda tədqiqatçı N.Qəhrəmanlı yazır: “Şahzadə Əbülfəzl və Rəna xanım” 1918-ci ildə deyil, xeyli əvvəl opera ssenarisi kimi yazılmışdır. Hələ 9 yanvar 1914-cü il tarixli “Sədaye-həqq” qəzeti belə bir məlumat vermişdi ki, Hacıbala Şərifov Səkinə xanım Axundova ilə birlikdə “Şahzadə Əbülfəz” adlı opera yazmışdır. Lakin sonralar əsər haqqında məlumat verilməmişdir və belə güman etmək olar ki, opera hansı səbəbdənsə tamaşaya qoyulmamışdır. Belə olan surətdə çox ehtimal ki, 1912-1913-cü illərdə qələmə alınmış ssenari-libretto Səkinə xanım tərəfindən 1918-ci ildə “roman” adı ilə çap edilmişdir.” Qeyd edək ki, Səkinə Axundzadənin bu romanını mərhum tədqiqatçı Nazif Qəhrəmanlı transfonliterasiya etmiş və 2005-ci ildə 140 illik yubileyinə töhfə kimi özünün ön sözü və həmin vaxta kimi yazılmış məqalələri bir yerə toplamaqla “Səkinə xanım Axundzadə – müəllim, teatr xadimi, dramaturq” adlı kitab çap etdirmişdir. Bu günün ədəbi qiymətləndirməsi baxımından “Şahzadə Əbülfəzl və Rəna xanım” əsərinə yüksək dəyər vermək mümkün deyil – istər ideya-məzmun, istərsə də forma etibarilə onu “roman” adlandıra bilmərik. Lakin deyildiyi kimi, o dövrdə Azərbaycan qadını hər sahədə olduğu kimi, yaradıcılıq sahəsində də dünya qadınından çox geri qalırdı. Romanın bircə abzaslıq ön söz hissəsində müəllif elə bu məsələni nəzərdə tutaraq yazır: “Hər millətdə ərkəklərdən şair və ədib olduğu kimi məşhur şair və ədib xanımlar dəxi çoxdur ki, onların vücudu ilə fəxr olunur. Qafqaziyada oxumuş və iqtidarlı xanım qızlarımız son vaxtlarda get-gedə artmaqdadır. Lakin bu vaxtadək adam olmadığı üçün onlar yazmaqdan bəzi səbəblərə görə çəkinirlər. Onlara bir yol açmaq məqsədilə bu romanı layiq olmasa da, yazıb meydana qoydum. Qarelərdən rica edirəm ki, bu qiymətsiz əsərimdə səhv və xəta olursa, əfv etsinlər”. Sonda isə fars dilində bir beyt yazır, mənası belədir ki, dərvişin hədiyyəsi ancaq yaşıl yarpaqdır, nə yazıq ki, olanı budur. Göründüyü kimi, Səkinə xanım əsərinin qüsurlu olduğunu bilirdi və təvazökarlıqla onu oxucuların ixtiyarına buraxaraq əsas məqsədin roman yazmaq üçün qadın yazarlara “yol açmaq” olduğunu açıq bildirirdi…
Mənbə və Ətraflı: >>> https://edebiyyatqazeti.az/news/edebi-tenqid/7302-xx-esrin-evvellerinde-qadin-nesri-sekine-axundzadenin-romani-esasinda
Müəllif: Mətanət VAHİD, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın aparıcı elmi işçisi.
Bu gün, oktyabrın 10-u görkəmli alim, Azərbaycanda ilk qadın şərqşünas elmlər doktoru, professor Aida İmanquliyevanın anadan olmasından 84 il ötür. Qısa, lakin mənalı ömür sürmüş Aida xanım bu gün də şərqşünas-alim, istedadlı pedaqoq, incə qəlbə malik insan, fədakar ana olaraq xatırlanır. Ruhu şad olsun!
Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi qızıl medalla bitirib. Bu gün həmin məktəb Təhsil Kompleksi kimi fəaliyyət göstərir.
1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində təhsil almış Aida İmanquliyeva bu ali məktəbin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasında aspirant olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında oxuyub. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb.
Aida xanım istedadı, zəhmətsevərliyi sayəsində kiçik elmi işçidən şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlib. Hazırda bu instituta rəhbərlik edən akademik 1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib və çox keçmədən bu ixtisas üzrə professor adı alıb.
Üç fundamental monoqrafiyanın (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva, həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru idi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasının sədri olub. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.
Mərhum akademik Vasim Məmmədəliyev Aida Imamquliyeva haqqında deyirdi: “Aida xanım beynəlxalq aləmdə dünyanın görkəmli alimləri tərəfindən bütün şərqşünaslıq mərkəzlərində məhcər ədəbiyyatının ən sanballı tədqiqatçısı kimi qəbul edilir. Onun əsərlərindən tez-tez istifadə olunur, çıxış nöqtəsi kimi ona müraciət edilir və Aida xanımın fikirləri məhcər ədəbiyyatının ayrı-ayrı problemlərini öyrənmək üçün əsas mənbə rolunu oynayır. … Məhz Aida xanımın rəhbərliyi dövründə, onun təşkilatçılığı sayəsində Şərqşünaslıq İnstitutunun coğrafi hüdudları çox genişləndi, beynəlxalq əlaqələri gündən-günə artdı. Aida xanımın təşəbbüsü ilə Azərbaycanda simpoziumlar çağırıldı. O, həmin simpoziumların həm təşkilatçısı, həm də əsas məruzəçilərindən biri idi. Bu da Aida İmanquliyevanın beynəlxalq elm aləmində nüfuzundan irəli gəlirdi”.
Sankt-Peterburq Universitetinin professoru Olqa Frolovanın Aida xanımla bağlı xatirələrini bölüşərkən demişdir: “Mən onunla ilk dəfə Tiflisdə beynəlxalq elmi konfransda görüşdüm. Tədbirə müxtəlif ölkələrdən xeyli alim gəlmişdi. Aida xanımın gözəlliyinə ilk baxışda heyran oldum. Sonra biz digər şəhərlərdə keçirilən tədbirlərdə görüşdük. Bütün ərəb dünyası alimləri professor Aida İmanquliyevanın əsərlərini oxuyur və onu ehtiramla yad edirlər. Onlar məhz bu əsərlərdən öz yaradıcılıqları, Afrika, Asiya və demək lazımdır ki, dünyanın bütün ölkələrinin yazıçılarını öyrənmək, başa düşmək üçün güc alırlar”.
Aida xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən şərqşünas alimlər sırasında Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Kudelin, Sankt-Peterburq Universitetinin professoru Anna Dolinina, keçmiş SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun professorları İsaak Filştinski, Valeriya Kirpiçenko, İrina Bilık və başqalarının adlarını çəkmək olar.
Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına da böyük diqqət yetirirdi. Rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdi. Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub. Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, bütövlükdə müasir Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaradır.
Bir alim kimi Aida İmanquliyevanın fəaliyyət dairəsi geniş və çoxşaxəli idi. O, həmçinin ərəb ədəbiyyatından bəzi nümunələri – Mixail Nuaymənin, Mahmud əz-Zahirin, Məhəmməd Dibin, Sahib Camalın, Süheyl İdrisin, Macid Zeyyib Ğənəmanın hekayələrini Azərbaycan dilinə tərcümə edərək həmin əsərlərin poetik ruhunu, məna və məzmununu olduğu kimi saxlayıb.
Aida İmanquliyeva həm də unudulmaz müəllim kimi yaddaşlarda əbədiləşib. Tələbələri həmişə onu ehtiramla yad edirlər.
Geniş elmi fəaliyyəti ilə yanaşı, Aida xanımın gözəl, nümunəvi ailəsi olub və o, cəmiyyət üçün ləyaqətli övladlar böyüdüb. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidentidir. Milyonların məhəbbətini qazanmış Birinci vitse-prezident Mehriban Əliyevaya məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti anası – nəcib, istedadlı, məğrur və son dərəcə gözəl qadın olan Aida İmanquliyeva aşılayıb. Mehriban xanım deyir: “Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi. Onun yoxluğunu hər zaman hiss edirəm”.
Aida xanımın xatirəsi ürəklərdə daim yaşayır. Əsərləri dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Onun bu gün də aktuallığını qoruyub saxlayan əsərləri, monoqrafiyaları ərəb ədəbiyyatını araşdıran gənc alimlər üçün əsas istinad qaynağıdır. Yazımızı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın anası – Aida xanım haqqında fikirləri ilə yekunlaşdırırıq: “Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir. Eyni zamanda, o, Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin, islam aləmində yayılmasına nail olmuşdur. Bu gün müstəqil Azərbaycanda, demək olar ki, Aida xanımın bütün arzuları artıq reallıqdır və respublikamız müsəlman ölkələri islam dünyası ilə nəinki elmi, mədəni əlaqələr, həm də ən yüksək səviyyədə iqtisadi, siyasi əlaqələr qurub. Bütün bu sahələrdə Aida xanımın arzuları, onun elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir.” Allah rəhmət eləsin!
Aynurə Əliyeva, ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.
Mən Məhsəti Musaşəxsiyyətinə və yaradıcılığına xüsusi diqqət yetirir, sevgiylə yanaşıram. Onun yazı üslubu, poetik yanaşması seçildiyi qədər də canlılığı ilə diqqət çəkir. Ən azından ümid qığılcımlarını sönməyə qoymur… Məhz bu bəndləri oxuduqca canlanan səhnə, yaşadığımız mühit və dövrəmizdəki adamlar məni düşünməyə vadar etdi; Tənbeh və bənzətmələrin orijinallığı göz oxşasa da mövzunun yükü, ifadələrin ağrı-acısı, müəllifin yaşam halı da məni qədərincə üzdü. Qanımı doldurdu…
Əhməd bəy Ağaoğlu yaradıcılığında klassik ədəbiyyat problemi
Əhməd bəy Ağaoğlu mədəniyyətşünas, sosioloq, ictimaiyyətçi, alim olmaqla yanaşı, həm də güclü tənqidçi, böyük ədib olmuşdur. Ədəbiyyat bir sənət sahəsi kimi Ə.Ağaoğlu yaradıcılığında öz layiqli qiymətini almışdır. Əhməd bəyin ədəbiyyatın nəzəri problemlərinə həsr olunmuş məqalələri, ədəbiyyat tarixinə həsr olunmuş iri həcmli əsərləri onlarladır. Əhməd bəy Ağaoğlu əksər əsərlərində ədəbiyyatın həyata təsirini ön plana çəkir, ədəbi əsərlərə də məhz bu mövqedən yanaşaraq təsirin doğru və tərbiyəli olmasını tələb edirdi. Ədəbiyyatın reallığı əks etdirmə probleminə Əhməd bəy Ağaoğlu Şərq ədəbiyyatını tənqid edərkən dəfələrlə müraciət etmişdir. Lakin Əhməd bəy Qərb ədəbiyyatından danışarkən tənqid mövqeyində olmur, əksinə Qərb ədəbiyyatını müsbət plandan tətbiq edir: “Əgər bütün Paris və Parisin tarixi yer üzündən qalxıb yalnız Viktor Hüqonun “Notre Dame de Paris”i ilə Zolyanın “Vente de Paris” adlı əsərləri qalmış olsaydı, biz yenə Parisin istər orta əsrlər və istər daha sonra gələn zamanlardakı həyatı haqqında tam bir fikir əldə edə bilərdik. Küçələrindən, memarisindən, geyiniş tərzindən, evlərin döşənməsindən başlayaraq kilsələrindəki ayinlərinə, kənd satıcılarına qədər xəyalımızda canlandıra bilərdik. Bu xüsusda rus və ingilis ədəbiyyatı o qədər irəli gəlmişdir ki, Rusiyada və İngiltərədə təsvir edilməmiş, canlandırılmamış tək bir çay, tək bir orman, tək bir step, tək bir insan və yaşayış tərzi buraxılmamışdır” [3,14].
Əhməd bəy Ağaoğlunun ədəbiyyat qavrayışında daha qabarıq cəhət onun şəxsiyyətinə və həyatına uyğun olaraq, ədəbiyyatda ictimailik problemidir. Əhməd bəy Tolstoyu misal gətirərək bildirir ki, əsl ədəbiyyat yüksək düşüncə və duyğuları ilə xalqın rəğbət və sevgisini qazanmağı bacarmalıdır. Əhməd bəyin sırf Azərbaycan ədəbiyyatına həsr olunmuş irihəcmli əsəri yoxdur. Müəllif bəzi məqalələrində bu mövzuya toxunmuşdur. Ədib klassik ədəbiyyatımızı təhlil edərkən belə qənaətə gəlir ki, ədəbiyyatımızın şəkli xüsusiyyətləri əsasən ərəb və farslardan götürülmüşdür. Qətran Təbrizidən XIX əsrin ortalarına qədər ədəbiyyatımızın qida mənbəyi əsasən islam kontekstində Şərq fikri, Şərq cərəyanları olmuşdur. Azərbaycan ədəbiyyatı öz korifeylərini məhz bu qida əsasında – məsələn təsəvvüf fəlsəfəsi əsasında formalaşdırmışdır. Şərq klassik ədəbiyyatına qida verən mənbələr tükənmişdi, artıq deyiləsi sözlər deyilmişdi və Füzulidən bu yana təkrarçılıq başlamışdı. Əhməd bəyin fikrincə, ədəbiyyatda tarixi şəxsiyyətlərin əsərlərinin formalaşması hələ tam formalaşmış ədəbiyyatın olması demək deyildi. Bu baxımdan Xaqani, Nizami, Xətai, Füzuli belə ədəbiyyatın nümayəndələridir. “Nizaminin “Leyli və Məcnun”u ilə Füzulinin “Leyli və Məcnun”u arasında nə fərq vardır?” [3,108]
Əhməd bəy Ağaoğlu klassik ədəbiyyatı mövzu təkrarçılığında ittiham edirdi. O, bu dühalarla yanaşı Dəhləvi, Rumi, Yunis Əmrə, Sədi Şirazi, Nəvai, Hafiz və başqalarını da eyni halqanın zəncirləri hesab edirdi. Əhməd bəy onları ümumşərq poeziyasının çərçivəsindən çıxmamaqda günahlandırırdı. Əhməd bəy Ağaoğlunun Şərq ədəbiyyatına, tarixinə münasibəti birmənalı olaraq mənfidir. Əski ədəbiyyatımızda həyat yoxdur. Əhməd bəy Ağaoğlu yaşadığı dövrdə təhsilin bütövlükdə klassik ədəbiyyat üzərində qurulmasına qarşı çıxmaqda tamamilə haqlı idi. Lakin o, klassik ədəbiyyatın bütövlükdə lazımsız olduğunu deməklə məsələyə tamamilə subyektiv yanaşırdı. Məsələn o, Nizami Gəncəvini nəzərdə tutaraq “Gərçi ən əski fars ədiblərindən birinin “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İsgəndərnamə” kimi bəzi əsərləri varsa da, bunların adlarının və məzmunlarının həyatdan çox uzaq olduqlarını qeyd edirdi” [3,108].
Ə.Ağaoğlu klassik ədibləri yaltaqlıq etməkdə və aşırı mədhiyyəçilikdə günahlandırırdı. Klassik ədəbiyyatda qəsidə, həcv, qəzəl şəkillərinin aparıcı olmasını tənqid edirdi. Ə.Ağaoğlunun ifrat Avropa meyilliliyi, bəzi hallarda onun klassik ədəbiyyatımızı sərt tənqid etməsinə səbəb olurdu. O, klassik ədəbiyyat nümayəndələri olan Şeyx Sədilərin, Molla Camilərin XX əsr ədəbiyyatına belə hakim olmaları ilə barışa bilmirdi. Ona görə də, onları kəskin tənqid etməkdən çəkinmirdi. Klassik ədəbiyyatın hakim mövqeyini irəliləyişin olmamasının başlıca səbəbi görürdü. Ə.Ağaoğlu Ezop, Lafonten və Krılovu misal göstərərək Şərq ədəbiyyatını təkrarçılığa yönəlik əsərlər yazmaqda günahlandırırdı. O, klassik Şərq ədəbiyyatının məhz Robespyer, Monteskyö, Russo kimi insanlar yetişdirə bilmədiyinə görə geri qaldığını söyləyirdi. Məktəblərin belə yeniliklərə açıq olmamasını, klassik ədəbiyyat nümunələri olan Hafizin, Sədinin, Füzulinin qəzəllərinin məcbur şəkildə əzbərlədilməsinin böyük bir geri qalmanın səbəbi olduğunu dönə-dönə qeyd edirdi. Ə.Ağaoğlunun elmi və publisistik əsərlərində Prudonun fikirlərini təsdiq etdiyini və onun davamçısı olduğunu görürük. Platon və Furyenin cəmiyyətlə fərd arasındakı əlaqə fikirlərinə rəğbət bəsləmişdi. Əhməd bəy öz “Üç mədəniyyət” əsərində yazır ki, “Mənə ilk əvvəl Qafqazı sevdirən, Qafqazın gözəlliklərini anladan Lermontovla Puşkinin təsvirləri olmuşdur” [3,111].
Ədəbiyyatın cəmiyyətin həyatına təsirini Əhməd bəyin yaradıcılığında açıq şəkildə görürük. Təsadüfi deyil ki, Ə.Ağaoğlunun nümunə göstərdiyi ədiblər tarixdə həm də cərəyan yaratmış, ictimai fikrə güclü təsir göstərmiş Volter, Russo, Monteskyo, Puşkin, Tolstoy kimi dühalar idilər. Tolstoyun çar, əyanlar, dini idarə tərəfindən təzyiqlərə məruz qalmasına rəğmən öz fikirlərindəki və fəaliyyətindəki güzəştsizliyini təqdir edərək yazırdı: “Hökmdarlar bircə şeydə səhv etmişdilər. Hər şey zor gücünə dəyişə bilsə də, xəyala və hissiyata güc gəlmək olmur” [6,50]. Gözümüzün önündən keçən əmsalsız rus fırtınasının qasırğalarını, heç şübhə yox ki, Tolstoylar, Qorkilər hazırlamışdılar. İslam klassik ədəbiyyatında buna bənzər bir şey aramaq boşunadır” [3,108].
Əhməd bəy klassik ədəbiyyat problemlərini məhz dühaların yaradıcılığında dəyərləndirmişdi. Lakin maraqlı olan faktlardan biri də odur ki, Əhməd bəy ədəbiyyatın problemlərinə dair çoxlu sayda məqalələr yazmasına baxmayaraq, bir dəfə də olsun rus ədəbiyyatının dahisi olan Dostoyevskinin yaradıcılığına nə mənfi, nə də ki, müsbət cəhətdən toxunmamışdı. Dostoyevskinin əsərlərinə dair Əhməd bəyin heç bir yerdə fikirlərinə rast gəlmirik. Lakin buna baxmayaraq, onun Puşkinin, Lermontovun, Qoqolun, Qorkinin, Andreyevin, Çexovun əsərlərini oxuyub öz tənqidi məqalələrində qiymətləndirdiyini görürük. Əhməd bəy Ağaoğlu əksər fikirlərində qərbliləri Şərqdən üstün tutsa da, hekayələrindən birində Qərb filosofu Nitsşe ilə Şərqin əxlaqçı filosofu Konfutsini qarşılaşdırıb, onların dialoqu ilə öz fikirlərini verə bilmişdir. Əhməd bəy burada əxlaqi dəyərləri üstün tutub, Nitsşenin “güclü haqlıdır” prinsipini tənqid edib. Əhməd bəy Nitsşeni mənfi qəhrəman kimi seçmişdir, sonralar Nitsşenin ideyalarını özünə rəhbər seçən Adolf Hitler yalnız fiziki cəhətdən sağlam insan xeyir verə bilər prinsipinə əsaslanaraq, milyonlarla insanın ölümünə bais olması Əhməd bəyin nə qədər haqlı olmasının sübutu idi. Ə.Ağaoğlunun elmi və publisistik əsərləri onun klassik ədəbiyyat problemləri ilə bağlı fikirlərini tamamilə əks etdirə bilmişdir.
ƏDƏBİYYAT:
Ağaoğlu Ə. “Rus ədəbiyyatının ümumi səciyyələri”. Kamal Talıbzadə. “Azərbaycan” jurnalı, 1989,№1
Ağaoğlu Ə. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2007, 392 səh.
Ağaoğlu Ə. Üç mədəniyyət. Bakı:Mütərcim, 2006, 154 səh.
Belinski V.Q. “Məqalələr”. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1961.168 səh.
Hacıyeva L. “Əhməd bəy Ağaoğlunun publisistikası”. Bakı, BDU, 2006.
Hüseynova Ü. Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi görüşləri. Bakı: Nurlan, 2006, 156 səh.