USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
İnsanların qatili, bəşərin faciəsidi müharibə. Körpə gülüşünün oğrusudu müharibə. Ümidlərin dəmir qayçısıdı müharibə. Yüz ilin qəbiristanlığını bir ayda salandı müharibə…
Müharibənin hər hərfindən ölüm sallanır. Qara xəbərin sədaları eşidilir. Müharibə boşluqlar yaradan faciədir. Yaradılanların məhvidir. Müharibə qara, lal sükutdur. Müharibə olanları xatirələrə çevirir. Xatirələr olan yerdə isə xəyallara yer qalmır. Müharibə uşaqları ata-anasız, ata-anaları uşaqsız, evləri viran qoyur. Keçmişlə bağlı bağları qıran müharibə bütün olanları əldən alır. Məhv edir. Dönüb geriyə baxanda, ancaq yoxluq görürsən. Səni ağrıdan, itkiləri yaşamağa məcbur edən həyatla baş-başa qalırsan. Bütün ağıllı insanlar müharibəyə nifrət edir. Şəhid məzarlığına baxan da, qara mərmərdən boylanan cavanları görən də. Yurdundan uzaq düşən də, evinə kənardan boylanan da, axtardığı evi tapmayan da. Ümidini bağladığı oğlunun itkin düşdüyünü eşidib on illərlə onun gələcəyi ümidi ilə yaşayan da, şəhid xəbərini eşidən də, ömürlük şikəst olduğunu görən də. Dərdlər eyni, ağrılar cürbəcür…
Müharibə bütün qanunları susdurur, – deyirdi, Liken Mark Anney.
İçdən gələn hiss, duyğu insanı istədiyi yerə dartıb aparır. Ora yaxşıdımı, pisdimi, səni nələr gözləyir, bəlkə də, bu son gedişdi… Fərq etməz. Gedirsən. Burda suallara cavab verə, danışa bilmirsən. Nitq tutulur. Baxışlar da suallardan qaçır. O yerdəki bütün sualların cavabı Vətəndir, orda susmalı olursan. Vətənin özü ən böyük cavabdır. Vətən insanı maqnit kimi özünə çəkir. Ruhun səndən qabaq ona doğru qaçır. Bu arzudur, istəkdir, vəfa borcudur. Torpaq sevgisidir. Bütün məqamlarda yaş tanımyan torpaq sevdiklərini daha çox özünə çəkir. Bəlkə də, bu, onları dünyadakı gələcək əzablardan qorunmaq üçündür. İnsan istəsə də bu məqamda özünə hakim ola bilmir. Cazibə bütün hissləri bloklayır.
Üzündən hələ də məsumluq yağan Ziyanın içində böyük vətən sevgisi vardı. Yurd, Qarabağ itkisi, qaçqınların çəkdikləri müsibətlər onu bir zabit kimi hər zaman döyüşə, torpaqları geri qaytarmağa səsləyirdi.
Ziya Niyazi oğlu Həsənov 11 oktyabr 1989-cu ildə Ağdam rayonunun Boyəhmədli kəndində dünyaya göz açıb. 1993-cü ildə kənd işğal onunanda Ziyanın 4 yaşı vardı. Həyətləri, yollar, çığırlar, uşaq vaxtı eşitdiyi güllə səsləri onun yaddaşına hopmuşdu. Vətən, torpaq sevgisi doğuluşdan ona siyarət etmişdi. Bəlkə də, xatırlananlarla bərabər yurduna, Qarabağa atılan o güllə səsləriydi onu zabit olmağa səsləyən. Təhsil aldığı Bərdə şəhər 4 nömrəli məktəbdə yüksək qiymətlərlə oxuyan Ziya riyaziyyatı daha çox sevirdi. Bu da təsadüfü deyildi. Çünki gendən gələn şeylər də var. Uzun müddət Ağdam rayonu Sofulu kənd səkkizillik məktəbinin direktoru olan Ziyanın ata babası Ziyəddin müəllim həm də çox savadlı riyaziyyat müəllimi idi. Onun şagirdlərinin çoxu riyaziyyata daha çox üstünlük verirdilər. Elə Ziyanın atası da, sevimli şadirdilərindən olan mənim də mühəndis olmağımda dəyərli Ziyəddin müəllimin böyük rolu olub. Ziya yaxşı oxumaqla yanaşı vətənpərvərlik tədbirlərində də fəal iştirak edib. Hamı onun gələcəkdə başqa ali məktəblərə qəbul olunmasını gözləsələr də, Ziyanın arzu və istəkləri onu Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə gətirdi.
Ağrını, yurd itkisini duyan, yaşayan insanın torpaq sevgisi başbaşqadır. Ona görə də atası Niyazi müəllim, anası Tərlan xanım da Ziyanın bu istəyinə qarşı çıxmadı. Bir anlıq gözləri qarşısında onu zabit formasında gördülər, qələbədə payı olacağının sevincini yaşadılar. Zabit atası olmaq qürurdu. Mən onu atamın baxışlarında görmüşəm. Zabit oğlunu bağrına basmaq ata-ana üçün böyük fəxarətdir.
Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi bitirdikdən sonra Ziya Heydər Əliyev adına Ali Hərbi Məktəbə (indiki Heydər Əliyev adına Ali İnstitut) daxil oldu. Orta məktəbdə olduğu kimi burda da müəllim və kursant yoldaşlarının rəğbətini qazandı. Bu da təbii idi. Nəsildən gələn adət-anənələr, qayda və davranışlar özünü göstərməli idi. Ziyanın həyat yoldaşı Ayişə xanım Ziyanın xoş xasiyyətli, mehriban, ailəcanlı, mənəviyyatı çox təmiz, saf olan insan, əsgərinə dəyər verməyi bacaran bir zabit olduğunu söyləyir. Kiməsə əziyyət verməsini, narahat etməsini istəməyən Ziya iki il yarım Ağdam cəbhəsində xidmət etsə də, valideynlərinə Ağdamda yox, Ağcabədidə olduğunu deyir. Ziya harda xidmətdə olurdusa, arzusu, istəyi torpaqları geri qaytarmaq, qələbədə bir zabit kimi iştirak etmək idi. Çünki o, vətənini çox sevirdi. İstək insanı gec, ya tez arzusuna qovuşdurur.
Aprel 2016-cı il. Aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri Füzuli-Xocavənd və Ağdərə istiqamətində ordumuzun mövqelərinə hücuma keçdilər. Ordumuz düşmənin hücumuna əks-həmlə ilə cavab verirdi. Hərbi hissə komandirinin “Kim döyüşə könüllü getmək istəyir?” – əmr-sualına ilk “Mən!” deyən Ziya oldu. Əsgərlərinin, zabit yoldaşlarının “sən getmə, səkkiz aydır ailə qurduğun” fikir və baxışları da onu sözündən döndərə bilmədi. Arzusu reallaşmağa başlayırdı. Torpaqlarımıza qovuşmaq məqamı, düşməni susdurmaq vaxtıydı. Dörd gün davam edən döyüş son illərin ən ağır döyüşü oldu. Gənc əsgər və zabitlərin ilk dəfə döyüşə girmələrinə baxmayaraq təlimlərdə aldıqları təcrübədən yararlanaraq onlar əzmlə döyüşürdülər. Ürəklərindəki Vətən–Torpaq sevgisi onlara əlavə güc verirdi. Ziyanın dəstəsi artıq Lələtəpə yüksəkliyində idi. Düşmən yüksəkliyi ələ keçirməyə çalışırdı…
O gün hamı səksəkədə idi. Gələn xəbərin nə olacağını təsəvvür etsələr də, qəbul etmək fikrində deyildilər. Ola bilərmi? Olarmı? Odurmu? sualları bu gecə fasilə vermirdi. Sanki həyatın sonuydu, bitmişdi hər şey, sabah açılmayacaqdı. Ara-sıra sızan məlumat gecənin qaranlığını artırırdı. Zamanı içinə çəkən, adamı boğmağa aparan sükutun daxili hayqırtısı bəzən qışqırıqdan daha dəhşətli olur. Hərdən küləyin döydüyü qapı ürəkləri döyürdü. Artıq için, çölün döyüntüləri bir-birinə qarışmışdı. Gecənin narahatlığı gündüzün həyəcanından xəbər verirdi. Kimsə sükutu pozmağa cəsarət etmirdi. İlin son gecəsi kimi uzanan gecə qurtarmırdı ki, qurtarmırdı… Ziyadan həmişə xoş xəbərlər eşidən valideynləri, ailəsi, doğmaları gecənin qaranlıq sükutundan narahat idilər.
Lələtəpədə döyüşlər gedirdi. Aprel ayının 5-dəki şiddətli döyüşlərdə yüksəkliyi geri qatarmaq istəyən düşmən bütün vasitələrdən istifadə edirdi. Düşmənin atdığı minamyot mərmisi Ziyanın yanına düşdü. Əsgərlərini ölümdən xilas edən Ziyanın özünü qorumağa vaxtı çatmadı. Ziya qəhrəmancasına şəhid oldu. Bu xəbər təkcə döyüş yoldaşlarını, ailəsini, onu tanıyanları yox, hamını sarsıtdı. Vətən yolunda şəhid olan Ziya artıq bir ailənin deyil, Vətənin övladı oldu.
Zirvənə zirvəlik gəldi, Lələtəpə. İşıqlandı təpə, yamac. Ziyamıza torpaqmı ac?! O müqəddəs izləri sən Möhkəm qoru Lələtəpə. Sən Ziyanın işığıyla, Sən şəhidin xoş ruhuyla, Qələbəyə qədəm qoydun, Təpə lələ, Lələtəpə.
Baş leytenant Ziya Niyazi oğlu Həsənov Bərdənin Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salındı. Mərasimdə Müdafiə Nazirliyi, Bərdə rayon içra hakimiyyəti, hərbi hissənin nümayəndələri də iştirak edirdilər. Bu böyük izdihama ölkənin hər yerindən gələnlər vardı. Cəbhənin Füzuli-Xocavənd istiqamətində – Lələtəpə yüksəkliyi uğrunda gedən döyüş əməliyyatında böyük fədakarlıq və qəhrəmanlıq göstərərək şəhid olan baş leytenant Ziya Niyazi oğlu Həsənov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olundu.
Sən “Qanım sənə halal olsun, Vətən!” – deyənlərdənsən. Sən Vətəni canından çox sevənlərdənsən, Şəhidim! Xalqın çiynində getmək əbədiyyət qazanmaqdır. Əbədiyyətin mübarək, ŞƏHİDİM!
Doğmaları Ziyanın özüylə necə fəxr edirdilərsə, onun Vətən yolundakı rəşadəti, qəhrəmanlığı, şəhidliyi ilə də, eləcə fəxr edir, qürur duyurlar. “Vətən, xalq sağ olsun!” – deyirlər!
Bərdədə Niyazi müəllimin evində “Ziya muzeyi”ni yaradılıb. Muzey Ziyanın şəxsi əşyaları, hədiyyə olunan müxtəlif eksponatlar, onun haqqında yazılan kitablar, yazılarla zəngindir. Muzeyi təkcə Ziyanın dostları, doğmaları, döyüş yoldaşları deyil, kiçikdən-böyüyə onu sevənlərin hamısı ziyarət edir. Bərdə və ətraf rayonların sakinləri də bu məkanı ziyarətə gəlirlər. Muzeydə hardan baxırsansa, Ziya ordan sənə baxır. Bəlkə də, bizə elə gəlir. Məncə, o, hər yerdən Yağmura baxır.
Ziyanın toyunun 26 iyuna – Silahlı Qüvvələr Gününə düşməsi təsadüf deyildi. Bu zabit üçün qürur, şərəf və peşəsinə bağlılığın göstəricisidir. Ziyanın ailə həyatı uzun olmasa da, yadda qalan oldu. Bu zabit, hərbiçi həyatıdır, burda nəyəsə qarant durmaq, qərar vermək olmur. Zabitin həyat yoldaşı bunu mütləq nəzərə almalıdırlar. Torpağı işğalda olan ölkədə müharibə qaçılmazdır. Ziya şəhidliyindən iki ay sonra dünyaya gələn Yağmurunun “Ata” kəlməsini eşitmədi. Ruhu isə Yağmurunun onun şəklini öpüb bağrına basdığını mütləq görür. Yağmur böyüdükcə qəhrəman atasıyla daim fəxr edəcək.
Şəhidlər Vətən sevdalılarıdır. Canlarını Vətən yolunda qurban verənlər ölmürlər. Nə qədər Azərbaycan var, VƏTƏN ŞƏHİDLƏRİmiz də var olaraq yad olunacaqlar. Ruhlarınız şad olsun, VƏTƏN SEVDALILARI! Qürurumuzu özümüzə qaytaranlar!
Ziya qısa ömrü ilə tarix yazdı. Şəhidlik zirvəsinə yüksəldi. Ürəyi bütöv Azərbaycan boyda olan Ziya Azərbaycanın ziyasına çevrildi. Ziya mülki həyatda olduğu kimi hərbidə də o qədər hörmət qazanmışdı ki, o, şəhid olanda zabit dostları və əsgərləri Ziyanın qisasını almağa söz verdilər. Vətən müharibəsi zamanı onlardan döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olanları da oldu. Şəhid olanlardan biri də, dostu baş leytenant Ziya Həsənov şəhid olandan sonra Müdafiə Nazirliyinə müraciət edərək öz istəyi ilə hərbi xidmətini döyüş bölgəsində davam etdirərək 2020-ci ilin oktyabrın 1-də Talış döyüşləri zamanı şəhid olan, ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilən kapitan Elçin Tağıyev idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Artıq Ziyanın və bütün şəhidlərimizin ruhları şaddır. Ziyanın dostları, yetirmələri, davamçıları Qarabağda böyük Zəfərlə qələbə çaldılar. Azərbaycanın süverenliyi bərpa olundu.
Zəfəri şəhidlər qanlarıyla, qazilər əzalarıyla, döyüşçülər mübarizliyi ilə qazandılar. Zəfər Günündə şəhidlərin büründükləri bayraqları başımız üstündə dalğalandıran şəhidlərin sevinən, şad olan ruhlarıdır. Yoxsa, bayraq belə möhtəşəm dalğalanmazdı!
Sən üzündəki nurla Tanrının seçilmişisən, Şəhidim!. Sən bizi məğlub vətəndaş adından xilas etdin. Sən torpaqlarımızı geri qaytardın. Sən bizim qürurumuz, şərəfimizsən! Sən Vətən sərhədisən! Heç bir bayraq sənin büründüyün bayraq qədər öpülmədi, əzizlənmədi, sevilmədi, Şəhidim! Sən bayrağı şərəfləndirdin, Bayraq səni!
Ziyaya
Zəfərə gedən yolun İlk döyüş şəhidisən, Sevincə göydən baxan Sən zaman şahidisən.
Sən şəhidlik zirvəsiylə Qələbəyə yol açmısan, Amalınla, diləyinlə, Zəfərə qoşa baxmısan.
Arzuların çiçək açıb Qələbənin izlərində. Ruhun təzə güllər əkir Qarabağın düzlərində.
10-cu Bakı Beynəlxalq Kitab sərgisi çərçivəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Klassik Azərbaycan şeirinin günəşi – Məhəmməd Füzuli” mövzusunda Beynəlxalq Elmi konfrans keçirilib
2 oktyabr tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzinin konfrans zalında “Klassik Azərbaycan şeirinin günəşi-Məhəmməd Füzuli” mövzusunda Beynəlxalq Elmi konfrans keçirilib.
10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində həmçinin “Məhəmməd Füzuli 530” mövzusunda ekspozisiyanın açılışı olub.
Ekspozisiyada dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin əsərləri, əlyazmaları, daşbasmaları və digər kitablar nümayiş olunur.
Biz Cəlal Bəydilli ilə bir neçə ildir ki, qonşuyuq- eyni binada yaşayırıq. Yüz səksənə yaxın ailənin yaşadığı bu binanın cəmi bir giriş-çıxışı olduğu üçün onunla tez-tez üz-üzə gəlirik. Sadə, mehriban adamdır. O qədər təvazökardır ki, yaxından tanımasan, nə elmlər doktoru, nə də ki, məsul vəzifədə çalışdığını hiss etməzsən. Adama elə gəlir ki, haradasa müəssisələrin birində çalışan sadə peşə sahibidir…
İnsanları yaxşı tanıyır. Qayğıkeş olduğundan son tikəsini bölüşməyə hazırdır. Səbirli və təmkinlidir. Bu illər ərzində onun kiminləsə, nəyə görəsə mübahisə etdiyinin şahidi olmamışam. Ən gözəl xüsusiyyəti isə odur ki, insanlarda mənfi yox, müsbət xüsusiyyətlərə önəm verir…
Deyir ki:- “Şairlər böyük şəhərlərin “cəhənnəmindən” yetəcək qədər danışıblar. Bodler iri şəhərə “ölümün kölgələr ölkəsi” deyirdi… Doğrudan, gün keçdikcə böyük şəhərlər üzərində daha az ulduz görünür. Günəşi belə unutmaqda olan şəhər insanının ulduzlara tamaşa etmək heç ağlına gəlməz. Hərçənd ulduzlar öz varlığının fərqinə varanlar üçün ümid işığıdı – insana daim var olduğunu xatırladar. Ancaq ulduzların səpələndiyi göylər aləmiylə əhatəli kənd adamından fərqli olaraq şəhər adamı ulduzlu səmanı seyr edə bilmir. Yəqin bu üzdəndi, artıq sevməyi də bacarmır… Günəşin, Ayın, ulduzların… Allaha səcdə etdiyini görmədən necə sevsin?..”
Onun üçün tarazlıq çox böyük əhəmiyyət kəsb edir. Həyatda nəyinsə həddən artıq olmasını xoşlamır. Tarazlığın, ölçünün pozuiduğu yerdə harmoniya və mütənasibliyi bərpa etməyə can atır. Çox həssas insandır. Özündən əvvəl başqalarının reaksiyalarına diqqət yetirməyə meyllidir. Estetik hisslərinin inkişaf etdirilməsi, ictimai sahədə fəal olması onu sevilən, hörmətli insan kimi tanıtdırır…
“C.Meriç deyir ki, “renessansdan bu günəcən ötən tarix antik çağların yabançısı olduğu bir dərd aşıladı insanlığa”. Kökü “fabriklərin uğultusunun İsrafilin suru kimi insanlığın yuxusunu qaçırdığı” sənaye inqilabları dövrünəcən uzanan bir dərd: “angoisse”… bir inamsızlıq duyğusu olaraq özünü göstərir. “Angoisse” hiss edən fərd sıxıntısının qaynağını bilməz… Cismani baxımdan nəfəs darlığı ilə bəlli edər o özünü, döş qəfəsində bir sıxıntı hiss edər, tərləyərsən, nəbzin daha sürətlə vurar. Çox vaxt əllərin-ayaqların titrər və canına ümumi bir halsızlıq gələr…” Və başqalarından daha çox seçilmək istədikcə, o boğuntu qarşısında bir elə çox çarəsiz qalarsan.”- söyləyir…
Cazibədarlığı ilə münasibətlərdə son dərəcə təsiredici ola bilir. Dərin hisslərə qapılmamağa üstünlük verir. Azadlığına önəm verməyi, müstəqilliyini qoruyub saxlamağı bacarır. Amma tənhalıqdan da zəhləsi gedir. Komandada çalışmağı xoşlayır…
Bir vaxtlar eyni elmi kollektivdə çalışdığı, filologiya elmləri doktoru Seyfəddin Rzasoy onun barəsində söyləyir:- “Cəlal Bəydili (Məmmədov) müasir Azərbaycan filoloji-folklorşünaslıq fikir məkanında xüsusi məna sahəsi, daha doğrusu fikir paradiqması yaratmış alimdir. Akademik fəaliyyətinə “Dədə Qorqud” obrazının təhlili ilə başlamışdır. Bu obrazı türk etnik-mədəni ənənəsinin məna qatları boyunca araşdırmaq gənc alimə türk eposuna çox geniş prizmadan baxmağa imkan vermişdir. Bu cəhətdən, müəllifin namizədlik dissertasiyası Dədə Qorqud obrazı ilə bağlı ciddi elmi qənaətlərlə zəngin olub, bu gün də qorqudşünaslığın əsas qaynaqlarından hesab olunur. Cəlal müəllimin müəllifi olduğu “Türk mifoloji sözlüyü” adlı izahlı lüğət həm həcmi, həm terminoloji tutumu, həm də elmi səviyyəsi baxımından Azərbaycan humanitar-filoloji fikir məkanında xüsusi hadisədir. Mifoloji lüğət – “mifin dili” deməkdir. Bu dili öyrənmək, onun kodlarını, şifrələrini, semiotik məna çalarlarını öyrənmək və sistemləşdirmək ömürdən illər və ağır zəhmət tələb edən hadisədir. Cəlal Bəydili (Məmmədov) ömrünün bir çox qiymətli illərini bu möhtəşəm abidənin yazılmasına sərf etdi və Azərbaycandilli elmi məkanı son dərəcə qiymətli abidə ilə zənginləşdirdi. Cəlal müəllimin elmlər doktorluğu dissertasiyası da fundamental elm hadisəsidir. Bu iş türk mifoloji obrazlarının strukturu və funksiyası probleminə həsr olunmuşdur. Bu sahə ilə məşğul olan insan kimi deyə bilərəm ki, türk mifoloji obrazlarına bu kontekstdə yanaşma bütün dünya türkologiyasında ilk dəfə Cəlal Bəydili (Məmmədov) tərəfindən həyata keçirilmişdir. Cəlal məndən bir neçə yaş kiçikdir. Müxtəlif ali məktəblərin filologiya fakültələrinə eyni vaxtda daxil olmuşuq. Tələbəlik illəri də gözümün qabağında keçib. Onun tələbəliyi kitabla keçdi. Kitab onun dünyası idi və indi də elədir. Miflərin, əfsanələrin, hikmətli sözlərin vurğunudur. Biləsuvar rayonunda bir neçə il müəllim işlədi. Şagirdləri indi də öz sevimli müəllimi ilə əlaqə saxlayırlar. O, çox prinsipial insandır. Elmin mənafeyinə çox ciddi yanaşır və bu məsələlərdə nadir hallarda güzəştə gedir. Buna görə də bir qədər “soyuq adam” təsiri bağışlayır. Əslində isə Cəlal müəllim sadə qəlbə, düzgün dəyərlərə əsaslanan prinsipial xarakterə malik insandır və bir alim kimi həmişə elmi həqiqət daşıyıcılarının yanında durur. Cəlal müəllimə, onun ailəsinə, sevdiklərinə və onu sevənlərə can sağlığı arzulayıram.”
Deyir ki:- “…İnsanların bir-birilə bağlanmamağı, ünsiyyət saxlamamağı, təmas qurmamağı və könüldaş olmamağı əslində əsrarəngiz tərzdə “Tanrıdan uzaq” olmaqlığın özüdür. Şəhərə təbiətin ahəngini qatmayan, əksinə, bu ahəngi büsbütün özündən qovan meqapolis artıq içərisində Allahın yer almadığı bir məkandır. Şəhərlər böyüdükcə dindarlığın azalmağı yəqin bu üzdəndi… Amma modern “həyatın sıxıntı və fəlakətlərinə də ancaq din ilə müqavimət göstərmək” olardı. “Dövrümüzün ən mühüm icadını soruşsaydınız, tərəddüd etmədən deyərdim: individ”. İri şəhərin tənha insanının varlığını təhdid edən, yaşamağı gözündə mənasızlaşdıran sıxıntı məhz “individ” olmağı üzündən meydana çıxıbdır. Bu ifrat fərdiyyətçiliyi onu inancdan məhrum qoydu, mənəvi dünyasını viranəyə çevirdi. Çəkdiyi sıxıntı, yaşadığı üzüntü bu üzdəndir. Fərqinə varmadı ki, “Tanrısı olan birini sıxıntı əsla ələ keçirə bilməz”. Bax, mənəviyyatı belə zəif olan, könül dünyalarında dərin boşluq yaranan və kim olduğunu unudanlardı o məşum dərin tənhalıq duyğusuna qapılanlar. Vəhdaniyyət hissindən məhrumiyyətin, parçalanmışlığın gətirdiyi qorxu içində isə heç hansı dəyərə bağlı qalmadan, həyata məna vermədən çox da uzun yaşamaq olmur. Müasir şəhərlərin dayanılmaz sıx informasiya məkanı tənhalığı ən şiddətli dərəcəyə çatdırdı. Meqapolislərdə yaşayanların çoxunun özünəməxsus qəribə psixi xassəli olmağı həm də ona görədir… Bu gedişlə günümüzün nəhəng şəhərləri bir neçə nəsil sonra həyat üçün yararlı olmaqdan çıxıb yaşanılmaz hala gələcək…”
Bəli, haqqında söhbət açdığım Cəlal Bəydilli maraqlı və məzmunlu insandır. Onu tanımaq, ünsiyyətdə olmaq böyük şərəfdir. İnsanlara sevgin, məhəbbətin, ehtiramın artır…
Oktyabrın 9-u Cəlal müəllimin 60 yaşı tamam olur. Ona möhkəm can sağlığı, fəaliyyətində uğurlar arzulayıram… Çox yaşasın!
DOĞUM GÜNÜ TƏBRİKİ Günlərin bir günü, heç gözləmədiyim anda, ümid çırağımı yandıran bir MƏLƏK endi göylərdən…. O, gündən ÇOX VAXT keçib… Bugün o Mələyin doğum günüdür…
Doğum günün mübarək,
ey mənim məxsusi göndərilmiş mələyim… Yerin sonsuz səmanın ənginlikləri, nəsibin sevgi dolu həyat olsun… Tanrının nəzərindən düşməyəsən… Sən olmasaydın bu şeirlər də olmazdı… Bu kəlmələr sənin riqqətə gətirdiyin qəlb tellərinin səsi olduğundan yalnız və yalnız sənə aiddir,
ey zəriflik, paklıq, bakirəlik mücəssiməsi,
– bütün ülvi hisslərin məcmusu- AĞ ÇİÇƏYİM…. Hörmətlə: Zaur USTAC