İNSAN Nə yaxşı ki, bu dünyaya yolum düşüb! Təsadüfmü, zərurətmi doğub məni? Bağrım olub oyum-oyum, deşim-deşim, Zaman əzib, güllələyib, boğub məni.
Fəqət yenə dikəlmişəm ayaq üstə, Ağır illər keçib gəlib izim mənim. Üzərimə düşmən axıb dəstə-dəstə, Bircə kərə yer görməyib dizim mənim.
Qüvvət alıb Nəsimidən, Xətaidən, Torpğımı qorumuşam gözüm kimi. Qılınc ilə, qələm ilə məşhuram mən, Qılıncım da kəsərlidir sözüm kimi.
Mən insanam, qüdrətim var, şöhrətim var, Mən insanam, yerin, göyün məbədiyəm! Qoy eşitsin uzaq, yaxın kainatlar: Bu dünyada qonaq deyil, əbədiyəm!
Qeyd:Siz həmişə bizimləsiniz. Nə qədər bu dil, bu sözlər yaşayır Siz də yaşayacaqsınız. Əbədiyaşar əbədiyyət Şairi. Şeiri bizimlə olan Şairə necə özü aramızda yoxdur deyə bilərik!?
– Siz həmişə bizimləsiniz…!!! Bizim aramızdasınız!Əbədiyyət Şairi!!!
MÜQƏDDƏSLƏR (… bütün məzarsız Vətən övladlarına ithaf olunur…) Səngəri məzarı olan qardaşım, Hələ də bilinmir əhvalın sənin… Dəfndən Məada Bərzəx deyirlər, Məchuldur durumun, məqamın sənin… * * * Silahın pas tutub, daha heç atmaz, Dəbilqən gəzsə də, çəkmən köç etməz, Kəmər yox olsa da, toqqan heç itməz, Qumquman olubdu kimliyin sənin… * * * Üç rəngli bayrağım süsləyən dağlar, Hər zirvə minlərlə şəhidi ağlar, Bənövşə çiçəyi qəlbimi dağlar, Dağların ağ qarı kəfənin sənin… * * * Zaur buz bulaqdan içəmməz daha, Bənövşə müqəddəs, dərəmməz daha, Ağ qarı tapdayıb, gəzəmməz daha, Bu yurdun nəyi var, ünvanın sənin… 09.05.2021. – Bakı.
XX əsr Azərbaycan ədəbiyyatının nəhənglərindən biri də Hüseyn Cavid olub. Əzab dolu həyat yaşasa da yaradıcılığı ilə insnların ağlında, şüurunda, ürəyində yuva qura bilib. 1938-ci ildə həbs olunaraq “əks-inqilabi əlaqələr saxlamaq”, “bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq”, “öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək” kimi ittihamlarla günahlandırılaraq, 9 iyun 1939-cu ildə 8 il islah əmək düşərgəsinə məhkum edilib. O, 1941-ci ildə 59 yaşında ikən İrkutsk vilayətinin Tayşet rayonununda dünyasını dəyişib. Ölümündən sonra 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə bəraət alıb. Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Hüseyn Cavid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib…
Hüseyn Cavid Naxçıvanda anadan olmuşdu. Ondan 85 il sonra eyni gündə, 1967-ci ilin oktyabrın 24-də Gədəbəy rayonunun Arabaçı kəndində bir oğlan uşağı dünyaya gəldi. Adını Ayaz qoydular. Ayaz Hüseyn Caviddən fərqli olaraq qorxu-hürküsüz həyat yaşadı. 1984-cü ildə Arabaçı kənd orta məktəbini bitirdi. Artıq bir neçə il idi ki, şeir yazırdı. Doğulduğu kəndin adını özünə təxəllüs götürdü. Orta məktəbdə oxuduğu illərdə şeirləri “Azərbaycan gəncləri” qəzetində, “Ulduz” jurnalında dərc olundu, radionun uşaq verilişlərində səsləndirildi. Arada hərbi xidmətə çağırıldı və hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilinə yiyələndi. Mütəxəssis kimi Təhsil Nazirliyində fəaliyyətə başladı, bir müddət sonra ictimai-fəlsəfi qəzet olan “İdrak” qəzetində baş redaktor, “Diplomat” nəşriyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, “Xudafərin” jurnalının redaktoru işlədi. Şeirləri Türkiyənin bir sıra ədəbi dərgilərində çap olunub. Türkiyədə çap olunmuş Avrasiya Antologiyasında dərc edilmiş şeirləri xüsusi mükafata layiq görülüb. 10-a yaxın şeir kitabının müəllifidir. Xeyli sayda ədəbi-bədii, publisistik və tarixi kitabların redaktorudur…
Deyir ki:- “Bu yaşımda az-çox ovqatımı təzələyəcək bir şey varsa o da ədəbiyyatdır. Ədəbiyyat mühüm prinsiplərimi həyata keçirə biləcəyim yeganə vasitədir. Bu həm də yazı -pozu adamının duruluğunu, saflığını saxlayan, büdrəmələrdən qoruyan bir məharət mənbəyidir. Ədəbiyyatdakı ovqatım demək olar ki, yaxşıdır. Estetik konsepsiyaları əsas tutsam belə bu sahədə çox az xəyal qırıqlığı yaşayıram. Yeri gəldikcə mütaliyə edirəm və mütaliəyə daha çox vaxt ayırmağa çalışıram. Ədəbiyyata kimin necə və hansı niyyətlə soxulmasından asılı olmayaraq, o təravət və gözəlliyini saxlamaqdadır. Bizdə zamanın hüdudlarını aşıb keçə biləcək kifayət qədər imzalar və əsərlər mövcuddur. Hətta böyük inqilabi ideyaları gerçəkləşdirə biləcək əsərlər belə var. Gözəlliyə, incəliyə və dərinliyə baş vuran gənc nəslin uğurlu eksperimentləri də göz qabağındadır. Əsas silah kimi pulu yox, sözü seçə bilsək nailiyyət özü gələcək.”
Çox qətiyyətli və əzmkar insandır. Məqsədinə çatmaq üçün hər cür çətinliyi aşmağa hazırdır və bu yolda heç nədən çəkinmir. Güclü iradəsi onu həyatdakı maneələri dəf etməyə ruhlandırır. Eyni zamanda, o çox sadiqdir. Sevdiklərinə və yaxınlarına dərindən bağlıdır və bu bağlılıq onun üçün çox əhəmiyyətlidir…
“Əslində biz Allahı demək olar ki, tamam unutmuşuq. Allaha olan sevgi ya cahilcəsinədi, ya da ki, qorxudandı. Hara baxsan, Allahsızlıq açıq-aşkar görünür. İndi biz daha çox haram pulların at oynatdığı bir səltənətin məzlum və fəqir adamlarıyıq. Ona görə də ədəbiyyatda Allaha şikayət məzmununda şeirlər, hekayələr çoxalır. Müqəddəs kitablardan ancaq təsəlli tapır, ümidimizi o bir dünyaya bağlayırıq. Nə qədər çaba göstərib, zehni qüdrətimizi işə salsaq belə Allahı dini kitablardan real dünyaya çıxarda bilmirik.”- söyləyir…
Güclü hissiyatı var, çox ehtiraslı insandır. Hər şeyi ürəkdən yaşayadığından, bu xüsusiyyəti onu hədsiz enerjili və hərəkətli edir. O, öz ideyalarını həyata keçirmək üçün bütün gücünü sərf etməyə hazırdır. Bəlkə də həyatdakı uğurlarının əsas səbəblərindən biri də budur…
Deyir ki:- “ Bu gün ədəbiyyatımızın kifayət qədər problemləri var. Çünki ədəbiyyatı əsl fədailər yaratmalıdır. Çünki ağır güzəranın altında inləyərək, evsiz-eşiksiz, xirtdəyədək məişət ağrılarıyla dolu bir zamanda ədəbiyyata könül verib vəfa göstərmək asan iş deyil. Bu cür adamlar böyük hünər sahibi olmalı. Xüsusən nırxı pozulmuş bazarda yaralı qəlbinin brilyant göz yaşlarını layiqli qiymətə satmaq, özünü təsdiq etmək çətindir. Çözüm bu ki, maddi rifah yüksəlməlidir. Bir ucaboylu, qədd-qamətli maaş hər şeyi həll edə bilər.”
Ən böyük mənfi cəhətlərindən biri gizlilikdir. O, çox vaxt özünü başqalarından gizləyir və hisslərini paylaşmaqdan çəkinir. Bu xüsusiyyət, onun daxili dünyasının dərinliyini başqalarına açmağı çətinləşdirir və bəzən yanlış anlaşılmalara səbəb ola bilir. Onun sirli təbiəti həyatın daha dərin və mənalı tərəflərinə olan marağını artırır. O, həyatda daha çox araşdırmağı və hər şeyin arxasındakı həqiqətləri öyrənməyi sevir. Onun üçün həyatın gizli tərəflərini kəşf etmək böyük bir ehtirasdır. O, mistik və ya metafizik mövzulara xüsusi maraq göstərir və bəzən ölümdən sonrakı həyat və kainatın mənası kimi böyük suallarla məşğul olur…
“Mən sonluq deyə bir şey düşünmürəm heç vaxt, bu ifadəni də qəbul etmirəm. Ən azı özümçün. Mənə qalsa ölüm ruhumuzun qaranlıqlardan sıyrılıb çıxmasının xilas yoludur. Sözsüz ki, hansısa kövrək məqamda kimlərisə – yaxınları, dostları ağlada biləcək zərif, dəbdəbəli, ağrılı nəsə yazmaq keçib könlümdən. Bilmirəm, bəlkə də səmimi ola bilmədim. Amma bir vaxt belə misralar yazmışam: Baharda bənövşələr xəzanı heç düşünmür, Ömrün qısa olmağı gəlmir ağıllarına.”
Bəli, Ayaz Arabaçı komandanı Nizami Gəncəvi olan Azərbaycanın şairlər ordusunun cəsur əsgərlərindən biridir. Ən böyük mükafatını zaman verəcək. Oktyabrın 24-də 57 yaşı tamam olur. Hələ ki, iki il Hüseyn Caviddən cavandır…
Onu təbrik edir, uzun və firavan ömür arzulayıram.
Vaqif İbrahim – Vaqif İbrahim oğlu Hüseynov 1936-cı ildə Lənkəranda doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. İlk mətbu şeiri 1958-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunub. “Leninçi” adlı Lənkəran rayon qəzeti redaksiyasında şöbə müdiri, məsul katib (1958-1965), “Çağırış” adlı Masallı rayon qəzeti redaksiyasında şöbə müdiri, məsul katib, sonra redaktor olub (1965-1977). Sosial yüklü məqalə və felyotonları, dövrün ədalətsizliklərinə qarşı sərt şeirləri, redaktor kimi prinsipial mövqeyi onun qısa bir zaman ərzində tanınmasına və nüfuz qazanmasına zəmin yaradıb.
Rəhbərlik etdiyi qəzetdə ən müxtəlif sahələrdəki problemləri işıqlandırması, rayon rəhbərliyinin təzyiqlərinə boyun əyməməsi “Çağırış” qəzetinin redaktorluğundan getməsi ilə nəticələnib. 1978-ci ildə doğulduğu Lənkərən rayonuna qayıdıb və omrünün sonunadək radio verilişləri redaksiyasının redaktoru vəzifəsində çalışıb.
1967-ci ildə “Sevərək yaşayanlar” povesti, 1983-cü ildə “Dəniz çağırır” kitabı, 1985-ci ildə “Vətən sənə borcum qaldı” kitabı çap olunub.
Vaqif Hüseynov (1936-1985) əlli yaşına çatmamış, özü də nigaran halda dünyasını dəyişdi. Şeirlərinin yaşayacağı-yaşamayacağı, bir şair kimi yad edilib-edilməyəcəyi fikri ilə getdi dünyamızdan. Sağlığında tanınırdı, sevilirdi. Masallıda, Lənkəranda yaşamasına baxmayaraq respublika ədəbi ictimaiyyəti onu istedadlı bir şair və jurnalist kimi qəbul edirdi. O, Lənkəranda “Leninçi”, Masallıda “Çağırış” qəzetlərində işləmiş, hər iki qəzetin nüfuzunu qaldırmış, respublikada, hətta o zamankı SSRİ miqyasında bir naşir kimi tanınmışdı. “Çağırış” qəzetində redaktor işləyərkən “Pravda” qəzetində bu rayon qəzetinin işi təriflənmişdi. Bir sözlə, Vaqif Hüseynov Cənub bölgəsində ən hörmətli və nüfuzlu bir ziyalı kimi hamının rəğbətini qazanmışdı. Deyək ki, o illərdə Masallı və Lənkərana yolu düşən şairlər, sənət adamları Vaqif Hüseynovun da qonağı olurdular. Çox təəssüf ki, bu şöhrəti gözü götürməyənlər oldu. Masallıda, “Çağırış” qəzetində redaktor işləyərkən rayon partiya komitəsinin birinci katibi Vaqifi şərlədi. Təpədən dırnağa hirs və hikkə, namuslu ziyalılara qarşı qərəzçi olan Katibin qarşısında çoxları əyildi, sındı, mənliyini itirdi, bir çoxları buyruq qulu oldular (o dövrdə rayonlarda hakimi-mütləq olan kiçik padşahlarının diktatorluğunu unutmamışıq), amma Vaqif əyilmədi, bu cırtdan despotun yanında başını dik tutdu. Mənəvi təqiblər başlandı, qəzetin “nöqsanlı işi” rayon partiya komitəsinin büro iclasına çıxarıldı. Vaqif Hüseynov işdən azad olundu, bu iş Bakıya da gedib çatdı, amma heç kəs bu haqsızlığın qarşısını ala bilmədi. Rayon qəzetinin şərəfini, nüfuzunu bir respublikada tanıdan, “Qızıl qələm” mükafatı laureatı, həm də istedadlı bir şair bir nadan katibin qərəzçiliyi ucbatından öz işindən təcrid oldu, hardasa kiçik mühasib işinə düzəldi, az maaşla balarını dolandırmaq lazım idi. Amma o despotcığaz hələ Masallıdaydı, dünən Vaqifin şərəfinə ucu güllü, ütülü tost söyləyənlər isə bir andaca qeybə çəkildilər. Və Vaqif Hüseynov Masallını tərk edib Lənkərana köçdü. Radio redaksiyasında balaca bir maaşla işləməyə başladı və əlli yaşı olmamış bütün bu haqsızlıqların qövr elədiyi ürəyi dayandı…g Vaqif Hüseynov unudulmayıb. Haqsızlığın ömrü uzun sürmədi. Sular duruldu. O despot katibdən bu dünyada bir xoş xatirə belə qalmadı, köçünü sürüb getdi və kimsə onu yad eləmir, amma Vaqif Hüseynov yaşayır. Lənkərandakı şəhər mədəniyyət evi onun adını daşıyır. Sağ qalan şair dostları və ondan poeziya dərsi alan cavanlar (indi onlar da Vaqif yaşına gəlib çatıblar) onu yad edirlər. Vaqifin Bakıda və Lənkəranda 70 illiyi təntənə ilə qeyd olundu. Vəfatından sonra “Vətən, sənə borcum qaldı” və “Mənə vaxt verin” şeir kitabları işıq üzü gördü. Əlbəttə, onu bir şair kimi çox sevdim və indi-XXI əsrin ikinci onilliyində onun şeirlərinin heç də köhnəlmədiyini görürəm. Şair kimdir? Bu sual əsrlərdən bəridir səslənir. Bu gün də bir daha, bəlkə daha israrla səslənməlidir. Çünki:
Şeirə təpilibdir yuxuyozanlar, Axı, söz sinədə boğulmur daha! Odur ki, çoxalıb şeir yazanlar, Fəqət əsl şair doğulmur daha!
Mən də istəmirəm boğulsun istək! Mən də istəmirəm kilidlənsin dil! Ancaq şairsənsə möcüzə göstər! Onsuz peyğəmbər də peyğəmbər deyil!
Bir şeir yüz gözün yaşını silsə, Təslim olsa xərçəng, sağalsa vərəm. Dəli ağıllansa, kor görə bilsə, Mən ona, mən ona şair deyərəm!
Nə vəzifə ara, nə şöhrət, nə taxt, Ömür ki tələsən səhər yelidir. Unutma, unutma, unutma heç vaxt Şair də möcüzə göstərməlidir. Vaqif Hüseynov bu şeirdə yaratdığı şair obrazına layiq olmağa çalışırdı. Əsl şair üçün isə əyalətdə, ya mərkəzi şəhərdə yaşamağın heç bir fərqi yox idi. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra (4-1958) doğulduğu, boya-başa çatdığı Lənkərana qayıtmışdı. Ədəbi-publisistik yaradıcılığını da elə Lənkəranda, sonra Masallıda davam etdirmişdi. Amma gözdən-könüldən iraq deyildi, şeirləri mərkəzi mətbuatda tez-tez çap olunurdu.
Ah, bu necə lövhədir! Düşünürəm bayaqdan. Düşmür söz qəlibinə. Xana-xana pəncərəm. Göyün bir parçasını Salıb öz qəlibinə Pəncərəm xana-xana, Asiman xana-xana.
Vaqif Hüseynov dünyaya, onun gözəlliklərinə, cəmiyyətə, cəmiyyət hadisələrinə, təbiət və təbiət hadisələrinə öz ömrünün “xana-xana pəncərəsindən” baxırdı. Dünya gözəl idi, həyat şirin. Amma bu gözəl dünyada narahat bir şair ömrü çırpınırdı. Onun “İnsan” sonetlər çələngi XX əsr insanının duyğu və düşüncələrindən süzülmüşdü. Əsrin həyəcanları, bu həyəcanları içində yaşadan bir şairin öz oğluna vəsiyyəti idi bu sonetlər çələngi.
Hamıdan güclüsən insan, ey insan! Səni sarsıtmayıb xaqanlar, şahlar. Əllərin göylərdən üzülən zaman Ayağın altına düşüb allahlar.
Başın günəşdədir, gücün torpaqda, Sabahın həqiqət, keçmişin nağıl. Oğluma danışdım hünərin haqda, -Sən də hünərli ol,-dedim, – ay oğul!
İnsan cərgəsinə qoşul, ay bala! Bir qartal qanadlı quş ol, ay bala! Simurq tək hayan ol insan oğluna. Bu dünya tamaşa, şəbih deyil ki! İndidən anla ki, indidən bil ki, Xalı döşənməyib ömür yoluna.
Vaqif Hüseynov “müharibə uşağı” idi. Atası İbi kişi müharibədən qayıtmadı. Bu həsrəti, bu nisgili o, bir çox şeirlərində və “Atam yaşındayam mən” poemasında ifadə elədi. “Söylə, hardasan, ata?! Tapıb son ünvanını Gəldim Sapun-qaraya, Cavab ver, məlhəm göstər Qəlbimdəki yaraya”… Vaqif təbiət vurğunu idi. Necə olmayaydı? O, Lənkəran kimi başdan-ayağa təbiət möcüzələri ilə dolu bir diyarda doğulmuşdu. Lakin insanları, vəzifəli adamları mədh eləmədiyi kimi, təbiətin də məddahı deyildi, amma təbiətin gözəlliklərini, möcüzələrini şeirlərində canlandırırdı. Onun “Lənkəran” sonetlər çələngində, həmçinin neçə-neçə şeirində Lənkəranın, Cənub bölgəsinin gözəllikləri, buraların dağları, meşələri, Xəzər dənizi konkret lövhələrlə rəsm edilir, sanki təbiətdən şeirə köçürülürdü. Budur, qış lövhələri:
Buz tutub dərədə bulağın gözü, Gərək qar dolduraq susuz sənəyə. Axır ki, əsl qış gəldi, “qar” sözü, Az qala dönmüşdü bir əfsanəyə.
Balalar quş kimi pərvazlanaraq Evlərdən həyətə tökülmüşdülər. Bir dünya sərçəylə bir dünya uşaq Elə bil multfilmə çəkilmişdilər.
Başqa bir lövhə: payız.
Dərəyə səs düşdü, qaya bağırdı, Düşən ildırımdı, kişnəyən göydü. Bir parça gecənin rəngi ağardı, Bir daraq ağ yağış torpağı döydü.
Əsib silkələndi payız gecəsi, Buluddan-buluda od düşdü sanki. Heyrətlə boylanan bir dağ keçisi Zirvədə heykələ dönmüşdü sanki.
Vaqif Hüseynov elə bir dövrdə yaşayırdı ki, vəzifə, şan-şöhrət uğrunda ləyaqətsiz mübarizələr, pulun çirkin rolu, yaltaqlıq, riyakarlıq kimi mənfi hallar baş alıb gedirdi. Bunlar indiki dövrdə bəlkə daha çoxdu. Amma o illərdə belə neqativ hallara qarşı mübarizə aparmaq, sözü üzə demək çox çətin idi. Amma ümumi şəkildə olsa da, Vaqifin satirik şeirlərində bu mənfiliklərə qarşı saçılan atəşləri görürük. Onun pula aid yazdığı şeirləri buna misal ola bilər: “Səni kim doğdu, kim əkdi, kimdən aldın ad, Pul! Dad qıldı kimlər ol gün, kimlər oldu şad, Pul! Sən ayaq açdıqca, dil açdıqca açdın qol-qanad, Qol-qanad açdı, ayaq açdı fitnə-fəsad, Pul! Yer özü pul kisəsi, ay da, Günəş də o sayaq, Fərş-Pul, əflak-Puldur, fərd-pul, Əfrad-Pul! Bir qulaq ver nə deyir rənginə həsrət Vaqif, Dad əlindən, dad əlindən, dad əlindən, dad Pul!” Vaqifin bir qisim şeirləri “Yaxşı adamları qoruyaq gərək!” başlığı altında təqdim edilir və bu da səbəbsiz deyil. O, əksər şeirlərində İnsanı tərənnüm edirdi, onun əməyini, qəlbinin gözəlliklərini şeirdə canlandırırdı. Keçən əsrin 60-80-ci illərində şairlərin bir çoxu böyük vəsfguluq və tərənnümçülüklə Lenini, partiyanı, sinəsi ulduzlu Sosialist Əməyi Qəhrəmanlarını tərifləyirdilər, Vaqif Hüseynov isə bunlardan, bu ənənəvi məddahlıqdan qaçırdı. O, konkret olaraq bir insanı yox, ümumiyyətlə, həyatın, bəşərin, tarixin yaradıcısı olan insanı şeirlərinin qəhrəmanına çevirirdi. Onun şeirlərinin qəhrəmanı olan bu İNSAN azərbaycanlı idi, milli mənsubiyyəti məlum idi:
Nə yaxşı ki, bu dünyaya yolum düşüb! Təsadüfmü, zərurətmi doğub məni? Bağrım olub oyum-oyum, deşim-deşim, Zaman əzib, güllələyib, boğub məni.
Fəqət yenə dikəlmişəm ayaq üstə, Ağır illər keçib gəlib izim mənim. Üzərimə düşmən axıb dəstə-dəstə, Bircə kərə yer görməyib dizim mənim.
Qüvvət alıb Nəsimidən, Xətaidən, Torpğımı qorumuşam gözüm kimi. Qılınc ilə, qələm ilə məşhuram mən, Qılıncım da kəsərlidir sözüm kimi.
Mən insanam, qüdrətim var, şöhrətim var, Mən insanam, yerin, göyün məbədiyəm! Qoy eşitsin uzaq, yaxın kainatlar: Bu dünyada qonaq deyil, əbədiyəm!
Vaqif Hüseynovun ölümündən 36 keçir. Bu illərdə çox sular dəyişib, məmləkətimizdə çox hadisələr baş verib. Quruluş dəyişib. İnsanlar dəyişib, zövqlər yeniləşib. Azadlıq qazanıb, müstəqillik əldə etmişik. Vaqif Hüseynov yaşasaydı, bütün bu yeniliklərdən, dəyişmələrdən yazardı. Poeziyasında yeni Azərbaycanla baş-başa verərdi. Amma sağlığında bu günləri çox arzulamışdı… Allah rəhmət eləsin, – deyirik…
Sabah pafosla desək mənim günümdür. Amma bəlkə də ilk və son dəfə AYB kitabımın təqdimatına şahidlik edəcək… Nədən?! Bu qərarı verməyimə səbəb ilk dəfə qatıldığım iki kitab sərgisi oldu. Bir zamanlar cəmiyyətin az qala elitası, ən ziyalı, hörmətli, kitablarının çapından aldıqları qonorarlar sayəsində müəyyən qədər yaxşı dolanan zümrəsi yazarlar idi. İndi isə!.. Oxucusuz qalan müəllif cüzi tirajla çap edilmiş kitabını sata bilmir. Bizim məktəb dövrümüzdə ədəbiyyat adamlarını dərsliklərdən savayı məktəb və kənd kitabxanasına gətirilən bədii kitablardan tanıyırdıq. “Azərbaycan” jurnalının səbirsizliklə çıxmasını gözləyir, yeni yazılmış ədəbi nümunələri acgözlüklə oxuyurdum. Bu gün qələm adamına əfsus ki belə bir jest yoxdur. Bəlkə də indiki gənclərin maraq dünyalarının oğru və ya digər pis vərdişlər aləminə sürüklənməsinə məhz onların məktəb dövründən kitabxana ilə tanışlığının, ünsiyyətinin olmamasıdır. Hər dəfə səni qırmamaq üçün tədbirinə gəlib aldığı kitabı evdə hansı küncə atdığını unudan eyni dost-tanışları haçanacan bəlli səbəblə yığmağa, danışmağa məcbur etmək olar ki?! Bu cür münasibət mənə yaddır, qürurlu adamam. Üstəlik də özüm içində olduğum durumun həqiqətlərini bildiyimdən heç kimi qınaya da bilmirəm! Mütaliə edən insanlar dediyim məqamları yaxşı bilir, dilimizdə xeyli sayda sözlər var ki dialektdir. Müəyyən bir bölgəyə aiddir. Başqa bölgə insanı o yerəl sözlərlə demək olar ki tanış deyil. Amma mütaliə insanı üçün dialektin bağlı məkanı yoxdur. Bu bölgə sözlərinin sərhəddini qırıb vəhdət yaradan məhz ədəbiyyat, bədii kitablardır. Onlar vasitəsilə biz yerəl sözləri tanıyırıq. Bəli, texnologiya əsridir. Amma elm bizi ancaq müasir avadanlıqlarla təchiz edə bilər, yaşayışımızı komfortlaşdıran texnika və aparatlar təqdim edə bilər. İstənilən qədər elmi ilahiləşdirsək də dili qoruyan məhz ƏDƏBİYYATdır. Adicə bir bənd şeirdə dili işlək saxlayıb fikrimizi ifadə etmək üçün leksikonumuzdan nə qədər etik, estetik sözlər axtarıb tapırıq. Bu mövzu o qədər uzundur ki, danışmaqla bitməz. O üzdən dediyim kimi yəqin ki ilk və son olaraq təqdimat edəcəyəm. Yazmağa da fasilə vermişəm. Çünki kitabı çıxarmağa öz büdcəm, kitab satmağa isə oxucu bazarı yoxdur. Üç kitabımın üçünü də mənimçün dostlarım çıxarıb… Mən kiminçün yazmalıyam?! Azərbaycan dilini qorumaq fədakarlıqdırsa mən bu yolun məmnuniyyətlə fədaisiyəm, amma və lakin… Nə isə, sabah gəlin, dediyim kimi yəqin ki son dəfə halallaşaq və kitablaşaq!
Ömür yolumun növbəti altmış yeddinci ilini qarşılamaq üçün ata – baba yurduma , qədim Xocalı elinə , təmiri başa çatmamış evimizə səfər etdim . Ömrümün tən yarısını , yəni otuz üç ilini Xocalıda , ikinci yarısını məcburi köçkünlük illərində Ağcabədidə , Ağdamda , Şabranda , Siyəzəndə və ölkəmizin paytaxtı Bakı şəhərində keçirmişəm . Bu yerlərdə hər ilin iyirmi iki oktyabrında qeyd etdiyim doğum günlərində ” Növbəti ad gününü Xocalıda , doğma yurdunda keçirəsən” təbrikləri elə arzu olaraq ürəyimdə qalırdı. Nəhayət 2024 – cü ilin 22 oktyabrında doğum günümü dünyaya göz açdığım ata yurdunda qeyd etmək qismətim oldu . Sanki soyqırım gecəsində şəhid olmuş ata – anamın , qardaşlarımın , bacımın , gəlinimizin , əllidən artıq ən yaxın qohumlarımın , onlarla uşaqlıq dostlarımın , tanışlarımın , dünyasını dəyişmiş mehriban qonşularımın müqəddəs ruhları , qayıdış və doğum günümü təbrik etmək üçün həyətimizə , otuz üç yaşlı gənc ikən məcburi şəkildə bu yurddan didərgin salınmış , ömrünün ixtiyar çağında hər zaman ürəyində gəzdirdiyi doğma yurduna qovuşan ağ saçlı qocanı təbrikə gəlmişdilər . Müəllif: Akif Mirsiyaboğlu