
DƏNİZ VƏ SARI AY DASTANI
(kiçik dastanlar silsiləsindən)
I
Dəniz özü boyda xalçadır. Bu xalçanın bütün ornamentlərindən – hər çeşnisindən, naxışından -butasından, ərişindən, arğacından məhəbbət yağır. Buta məhəbbətin rəmzidir. Yarımürəkdir, o biri yarısını (yarını) axtarır. Xalçanın üstündə dayanıb ki, göylərə uçub yarına yetişsin.
Bu xalça – Dəniz hər gecə sevgilisi Sarı Ayın yollarına sərilir ki, gələndə qədəmləri inciməsin. Sarı Ay hər gecə Dənizdə çiməndə Dəniz ona sərinlik gətirən Bulud dostunu səsləyir, ondan xahiş edir ki, göylərə pərdə tutsun, rəqibi Ulduz Sarı Ayı görməsin. Bəlkə də Dəniz bir uçan xalçadır, gecənin bir aləmində göylərə uçur, Sarı Ayın qonağı olur, sevgisinin ləpə diliylə Sarı Ayın qulağına sevgi nəğməsi pıçıldayır.
Sarı Ay sarı-sarı saçlarıyla sarı cığır açaraq Dənizə sarı bir ismarış göndərir ki, gəlmə, əzizim, mavi gözlüm. Sən göylərə gəlsən mən harada yuyunar, güzgülənərəm, sarı-sarı saçlarımı necə darayaram? Sən mənim ən təmiz güzgümsən. Söz verirəm ki, mən hər gecə sənin mavi qoynuna gələcəyəm, heç kimdən qorxub çəkinmədən, cəsarətlə….
II
Dənizin uzaqlara-əngin göylərə gəlin köçmüş qızını tanıyırsınızmı? Göylərdən tez-tez anası Yerə tələsən şəffaf və incə gözəl Yağışı deyirəm. Bəzən Leysan, bəzən Gürşad da deyirlər ona. Körpə çağlarında Çiskin də çağırardılar onu. O, həmişə Yerdəki bacılarına – şirin-şirin zümzümə edən ləpələrə qahmar çıxan, uzaqlardan kiçik və dəcəl bacılarına göz-qulaq olan böyük və şəfqətli bacıdır. Yağış tez-tez Dənizə – atasıgilə qonaq gəlir. Atası və bacıları ilə öpüşür, qol-boyun olur, onları ovundurur, inci-inci Damlalarla. Damlalar Yağışın qızlarıdır, babaları Dənizin, nənələri Sarı Ayın büllur və incəbelli nəvələri, Göylərin nərmənazik gözəlləri. Yağış gələndə qısqanc və qaşqabağı yer süpürən sevgilisi Qara Buluddan Yerə -əmiləri Dənizə və Sahilə sərinlik, təravət, bərəkət gətirirlər, ayrılqdan, həsrətdən alışıb-yanan, cadar-cadar olmuş ürəklərə – Torpaqlara su çiləyirlər, yuyundururlar, əmisi oğlanları Qumlarla gizlənpaç oynayırlar. Qumlar ağızlarını açaraq Göylərdən gələn xeyirxah və səxavətli əmiqızlarını öpüb qucaqlayırlar, bağrına basırlar.
Damlalar Göylər gözəli nənəsi Sarı Aydan genişürəkli babası Dənizə sevgi ismarışları gətirirlər -şırhaşır. Bu gizli heroqlif sətirləri baba Dəniz gizlin-gizlin oxuyur. Gündüz buxar heroqliflərlə, gecələr sarı cığır misralarla nənə Sarı Aya cavab məktubları göndərir. Yağışın qızları Damlaların babaları Dənizə nənələri Sarı Aydan gətirdikləri məktubu oxuyan Dənizin çiçəyi çırtlayır, gündüz Günəşə, gecə şorgöz Ulduzlara sinəsində meydan verir. Axşam görüşə hazırlaşan Dəniz qağayı diliylə, gülüşüylə, xəzri, gilavar pıçıltısıyla sevgilisi Göylər gözəli Sarı Aya ismarış yollayır:
– Səni gözləyirəm, sarışın gözəlim..
III
Dəniz göylərdə sevgilisini axtaran məşuqdur. Görüşəndə şirin-şirin zümzümə edir, nazlı ləpə diliylə. Gecələr Sarı Ayın üzünü qısqanc qardaşı Qara Bulud örtəndə hayqırır, qəzəblənir qızmış nəhəng və amansız korrida öküzünə bənzəyən şahə qalxan dalğalarıyla. Qarşısına çıxanı buynuzlayır, yıxır, uçurur. Hirsi sönüb sakitləşəndə qurbanlarına əbədi sığınacaq verir qoynunda…
Ulduzlar göylərin şıltaq gözəlləridir, uzaqdan nəhəng güzgüdə güzgülənirlər, güzgüdə ləkə görəndə Bulud qaqaşlarının arxasında gizlənirlər. Dənizdə Sarı Ay çiməndə isə həsəddən rəngləri solur, saralırlar, him-cimlə Sarı Ayı öz sarayına- göylərə çağırırlar…
Gecənin bir aləmində sarışın Sarı Ay hamını yuxuya verib Dənizlə gizlincə qol-boyun olur. Niyə gizlin- gizlin? Qorxur ki, onları qol-boyun görüb qınayar Günəş ana. Ona görə də Günəş ana yuxudan oyanmamışdan qaçıb gizlənir, Dənizin ürəyini odlayıb gedir…
25.02.2020
Müəllif: VAQİF OSMANLI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru