
Şah İsmayılın duası
“Səhəri gün tərəflərin qoşunları hərəkətə gəlib döyüş mövqelərini tutdular. Əbülxeyir xan hələ də şübhə etmirdi ki, malik olduğu çoxsaylı qoşunla Səfəvi qoşunlarını məhv edəcəkdir. Ona görə Übeydulla xanın döyüş düzülüşündə qıpçaq qoşunlarının arxasında mövqe tutmaq arzusunu Əbülxeyir xan istehza ilə qarşıladı.
Übeydulla xanın bəhanəsi də bu oldu ki, qıpçaq qoşunları ağır vəziyyətə düşsələr onda öz qoşun dəstəsi ilə onların köməyinə gələr. Əbülxeyir xan da özünəməxsus əminliklə onu sakitləşdirməyə çalışdı, bəyan etdi ki, özü döyüş meydanının mərkəzinə atılacaq və Şah İsmayılı ələ keçirəcəkdir. Döyüş düzülüşünün ön sırasında Əbülxeyir xanın çoxsaylı qoşunları yerləşdirildi.
Qoşunların mərkəzi hissəsinin rəhbərliyini Əbülxeyir xan öz üzərinə götürdü. Qoşunların sağ cinahı Bayram Atalığa, sol cinahı isə Sarudelə tapşırıldı. Özbək xanlarının qoşunları isə ikinci eşelonda yerləşdirildilər. Məhəmməd Teymur xan Səmərqənd qoşunları ilə sağ cinahın arxasında, Cani bəyin rəhbərliyi altında olan qoşun dəstəsi isə sol cinahın arxasında qərar tutdu.
Səfəvi qoşunlarına gəlincə isə Durmuş xan qoşunların sağ cinahının rəhbərliyini, Sarıpirə qorçubaşı sol cinahın rəhbərliyini öz üzərinə götürdü. Şah İsmayıl özü yenə də qoşunların mərkəzində qərar tutdu. Div Sultana isə qoşunların çərxçiliyi tapşırıldı. Döyüşə başlamazdan əvvəl Şah İsmayıl bir neçə əmirin müşayiəti ilə bir yüksəkliyə qalxıb qarşı tərəfin qoşunlarını izlədi. Bu qoşunlar o qədər çox idi ki, dörd fərsəx dərinliyində olan bir ərazini tutmuşdu.
Qarşı tərəfin ucsuz-bucaqsız qoşunlarını müşahidə edəndən sonra Şah İsmayıl papağını çıxarıb səcdəyə getdi və yaradana belə müraciət etdi: “Ey xudavənd! Mənim bir qarışqalıq gücüm yoxdur. Mənim gücüm və qüvvətim səndəndir. Məni utandırma. Xudavənda, Həzrət Məhəmmədin və onun övladlarının pak nuru xətrinə sən fəthi, uğuru və qələbəni Qızılbaş qoşunlarına əta elə”.
Sonra da başını yerə qoyub dua və səna etdi, göz yaşları axıtdı. Bir müddətdən sonra o özündə bir yeni qüvvə hiss etdi və bunu Allahın lütfü kimi qəbul etdi. Şah İsmayıl əmin oldu ki, bu yeni qüvvə onu qarşı tərəfin qoşunları üzərində qələbəyə gətirəcəkdir. O, sonra da geri qayıdaraq döyüş ələmini dalğalandırmağa başladı.
Əbülxeyir xan da öz növbəsində bir neçə əmirlə bir yüksəkliyin üstünə qalxıb Səfəvi qoşunlarını müşahidə etdi. Qarşıda dayanan qoşunlarının sayının 30 mindən artıq olmayacağına əmin olanda onu gülmək tutdu. Əbülxeyir xan yanındakılara istehza ilə dedi ki, Übeydulla xan burada olsaydı bu qoşunları ona da göstərərdim. Əbülxeyir xana görə, bu qoşunlar elə bir qüvvə deyildi ki, kimsə ondan çəkinsin. O əlavə etdi ki, bu saat təkcə meydana çıxaraq Şeyx oğlunu tutub Çingiz xan bayrağının ayağına gətirəcəkdir.”
Və döyüş başlayır. Şah İsmayılın 30 minlik Qızılbaş ordusu Əbülxeyir xanın 200 minlik ordusunu darmadağın edir…
“Aləmara-yi Səfəvi” s. 442
Mehman Süleymanov “Şah İsmayıl Səfəvi” s. 338