QADIN ŞILTAQLIĞI, YOXSA…

QADIN ŞILTAQLIĞI, YOXSA…

(hekayə)

Mahal yorğun-arğın evə gəlib özünü divana yıxdı. Şəfəq qaş-qabaqlı:

-Mahal…

Mahal əlini qaldırıb onu danışmağa qoymadı. Dikəlib bir qutunu ona uzatdı.  Şəfəq tez gözəl tərtibatlı qutunu açdı. Üzük, sırğa komplekti idi.  Brilliantla işlənmişdi.

Şəfəqin sevincinin həddi-hüdudu olmadı. Qızıl üzüyü, qızıl sırğaları vardı. Brilliant dəsti isə yox. O,  Mahala sarıldı. Mahal:

-Ürəyin gedirdi, – dedi. Axır ki, ala bildım.

Şəfəq

-Canım, ürəyim, çox sağ ol. Bir dənəsən.

Şəfəq bir daha öz təşəkkürünü bildirmək, onu öpmək üçün irəli yeridi. Mahal yatırdı. Onu oyatmadı.  Ləl-cəvahir dəstini götürüb otağına çəkildi.

Aradan bir ay keçdi.  Mahal əlində daha bir qutu evə gəldi.  Şəfəq özünü yetirdi:

-Qutudakı nədir? Mənimçin almısan?

-Əlbəttə, səninçin.

Şəfəq maraq içərisində tez qutunu açdı. Bahalı bilərzik idi.

-Mənim həyat yoldaşımdan yoxdur! Var ol!

Mahal yorğun nəzərlərlə ona baxdı:

-Sənin zövqünə, sənin arzuna uyğun  hədiyyə!!!

Başqa bir gün həyat yoldaşına bahalı boyunbağı gətirdi.

Həmin  gündən bir müddət keçdi.   Mahal işşən gəlmişdi. O, əlindəki açarı Şəfəqə uzadaraq:

-Daha bir arzunu da yerinə yetirdim, – dedi. -Pəncərədən bax.

Həyətdə yağın içində bahalı bir maşın dayanmışdı. Şəfəq sevindiyindən yerində atılıb düşdü. Mahalı qucaqlayıb öpmək  üçün ona sarı getdi. Mahalı  yuxu aparmışdı.  Onu oyatmayıb həyətə düşdü,  maşının sükanı arxasına keçdi. Maşınla bir-iki dövrə vurub qayıtdı. 

Mahal oyanıb özünə çay süzmüşdü. Şəfəq onun boynuna sarıldı: 

-Sağ ol, əzizim. Bir dənəsən. Köhnə maşının ümidinə qalmışdım.

Mahal dedi:

-Amma maşın sən deyən köhnə deyildi. Sənin gözünə elə görünürdü. Sadəcə rəfiqələrinlə, işdəki xanımlarla  bəhsə girmişdin. Ona görə də maşın gözündən düşmüşdü.

Şəfəq mətbəxə keçib hazırlıq işləri görməyə başladı. Köməyə bacısı Şəhlanı da çağırdı. Eşidən-bilən təbrikə gələcəkdi. Qonaq otağına keçdi. Mahal yox idi. Şəfəq mobil telefonla ona zəng etdi. Vəziyyəti anlatdı. Mahal üzrxahlıq elədi:

-Siz  yeyin-için, nuş olsun. Əylənin. Məni də orada hiss etdin.  Mənin işim çoxdur. Yox, yox, gələ bilməyəcəyəm. Ola bişin ofisdə gecələdim. Mahal evə bir də ertəsi gün  gəldi. Şəfəq yatmışdı. Onu oyatmadı: “Yəqin axşam gec yatıb. Ev qonaqlı-qaralı olub”.

O, qazı yandırıb çayniki qazın üstünə qoydu. Soyuducudan yağ, pendir, kəsmik, bal,  qaymaq çıxardı, çörək doğrayıb süfrəyə qoydu. Bir dənə də yumurta qaynatdı. Üzünü qırxınca yumurta da bişdi. Oturub səhər yeməyini yedi. Şəfəq hələ yatırdı. Onu oyatmamaq üçün asta tərpənirdi.  Qapıdan çıxmaq istəyəndə Şəfəq yuxudan oyanıb özünü onun üstünə atdı:

-Əzizim, gözümün işığı!

Şəfəq elə bil əvvəlki hikkəli, dilxor, qaşqabaqlı adam deyildi. Mahala can deyib, can eşidirdi.

-Mahal, Allah səni mənə çox görməsin. Hara tələsirsən. Əyləş, çay-çörək verim, südlü aş hazırlayım. Ayaq saxla, bir as söhbət edək, dərdləşək.

Mahal cavabında dedi:

-Səhər yeməyi yedim. Şirin çay da içdim. Narahat olma. Gedim, iş başdan aşır.

Mahal getdi. Bir də gecədən xeyli keçmiş qayıtdı. Yorğun olduğundan divanda uzandı və dərhal yuxuya getdi.

Yenə bir neçə gün keçdi.

 Mahal indi noutbukun qarşısında idi.  Şəfəq onun yanına gələrək:

          -Əzizim, özünü yorma, gedək yataq, – dedi.

          Mahal:

          -Sən get, yat. Mən işləməliyəm. Vacib tapşırıq almışam.

          Şəfəq gedib yatdı. Ertəsi gün Mahal səhər yeməyindən sonra işə getmək istəyəndə Şəfəq onun qarşısını  kəsdi:

          -Üzünə həsrət qalmışam. Bir kəlmə kəsə bilmirəm. Gec gəlib, tez gedirsən. Qarşına yemək də qoya bilmirəm. Özün hazırlayırsan.  Elə bil məndən qaçırsan. Evdən qaçaq düşmüsən. Nə baş verir? Bütün günü işdəsən. Evdə olanda da noutbukdan əl çəkmirsən. Bir anlığa ayaq saxla, oturub söhbət edək. Ər-arvadıq. Mənə vaxtın çatmır? Niyə mənə vaxt ayırmırsan?

          Mahal ah çəkdi:

          – Yadındamı? Bir neçə ay əvvəl işdən ac və yorğun gəlmişdim Yemək istədim. Dedin hazır yeməyimiz yoxdur. Özün hazırla.  Dedim çay gətir. Dedin, dur süz.  Hələ üstəlik əlavə etdin ki,  məhəbbət  ləl-cəvahir dəsti, bilərzik, boyunbağı, maşın alıb gətirmir.  Bunlar pul ilədir. Sonra arzuladığın alınası şeylərin siyahısını mənə verdin ki, onları hər şeydən çox istəyirsən. Məhəbbət gəldi-gedər şeydir. Sən dedin bunları. Sənin arzularını yerinə yetirmək üçün məcbur olub gecəmi gündüzümə qatdım. Bu işdən, o biri işə qaçdım. Pul qazanmaq lazım idi.

Şəfəq başını aşağı saldı. Mahalın gözlərinə dik baxa bilmirdi. Mahal sözünə davam etdi:

-Sənin istəklərini yerinə yetirmək üçün altı aydır  əlləşirəm. İndi sənin brilliant  sırğa-üzük dəstin, üzəri briliyantla işlənmiş qızıl saatın, bahalı boyunbağın və bilərziyin, yağın içində maşının var. Tezliklə yeni mənzilimiz də olar. Bu mənzilə sığmırsan. Bağ evidə alarıq.  Amma bir şeyə təəssüflənirəm.

Şəfəq gözlərini ona zillədi:

-Nəyə?

-Sənin yazdığın siyahıda sənə olan məhəbbətimə dair bir  söz də  yoxdur.

Şəfəqin gözləri doldu. Siyahını ərindən alıb cırdı:

-Yazdıqlarımın heç biri mənə lazım deyil. Bağışla. Sənə istəyirəm. Səni yanımda görmək istəyirəm.

Bakı, 28 sentyabr 2025-ci il

Müəllif: AKİF ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Murad Məmmədovun yeni şeirləri

YER, GÖY VƏ İNSAN
Yer Göyü saxlayır, boşca sözüymüş,
Göy Yerin həmişə ağrıyan başı.
Bəlkə də ulduzlar Göyün gözüymüş,
Yağışlar ağlayan Göyün göz yaşı.

Nə hikmət varsa da başımız üstə,
Yerdən duranımız Göylə əlləşər.
Dərdinə çarəni sən Göydən istə,
Saf olsan bəxtinə üç alma düşər.

Çağırar köməyə çətində, darda,
Əl açıb göylərə inanar insan.
Hər an inandığı nə varsa orda,
Yerdə gördüyünü boş sanar insan.

İnsanıq, doğulub ayrı düşmərik,
Günahlı, günahsız yerdə varıq biz.
Küssək, incisək də heç bölüşmərik,
Ayrılsaq göylərə tapınarıq biz.

Yerin də, Göyün də sahibi bəlli,
Bizlər qolu bağlı sadə bəndəyik.
Ay yerdən yapışıb duran dördəlli,
Heç vaxt ayılmadın, gör nə gündəyik!

QOŞMA
Danışmaq, gülmək də ağıla bağlı,
İnsanın üzünü varsa, ağ eylər.
Gözündə böyüdər kiçik təpəni,
Bir insan ağıldan korsa, dağ eylər.

Tənbəllik ölümdü, eyləmə meyil,
Zəhmətin önündə baş endir, əyil.
Hövsələ, qətiyyət bəs olan deyil,
Dağı fərasətin yorsa, bağ eylər.

Dua et Allaha, əlini üzmə,
Dərdinə çarəni kənarda gəzmə.
Üzünə ağ olma, dərdindən bezmə,
Bəxtin ayaq üstə dursa, sağ eylər.

Ay Murad, gözündə böyütmə pulu,
Dəyər var kiçilməz, uludan ulu.
Bir Allah bəndəsi, bir Allah qulu,
Kasıbın kefini sorsa, çağ eylər.

NƏ GÖRDÜM DÜNYAYA GƏLƏNDƏN BƏRİ
Nə gördüm dünyaya gələndən bəri,
Geriyə boylandım- itirdiklərim.
Önümdə bir ömrün acı dərd-səri,
Saraldı , köhnəldi götürdüklərim.

Dünənin sevinci dünənlə getdi,
Sabaha ümidim nağıl, yuxudu.
Gəncliyim duman tək çəkildi, itdi,
Taleyim üzümə çox şey oxudu.

Nəyə əl vurdumsa , sürüşdü, düşdü,
Gördüyüm nə varsa yaddaşda qaldı.
Dünyanı anlamaq sadə bir işdi,
İnsanı qanmamaq çətinə saldı.

Bu həyat səhv etmə dedi deyəsən,
Səhv etdim dalbadal bilmədim nədən.
Səhvlərim düzümü yedi deyəsən,
Təzədən başladım , ömrü təzədən.

Nə gördüm dünyaya gələndən bəri,
Ac olan ağlayar, tox olan gülər.
Tək qaldım, dedilər danışma, kiri,
Danışsan dünyanın acığı gələr.

HƏR DƏRDİN ÖZ SƏSİ VAR
Köləsiyəm kədərin,
Mən hardayam, o orda.
Ölsəm, olmaz xəbərin,
Mən azadam, sən darda.

Sorğuların əbəsdi,
Sus, danışma demirəm.
Dərdim özümə bəsdi,
Qanatmaq istəmirəm.

Həyat zarafat deyil,
Ya olumdu, ya ölüm.
Mənə də rahat deyil,
Bu canı yarı bölüm.

Duyğular dalğa kimi,
Yuyub aparır məni.
Tərpətmə sarı simi,
Kökdən qoparır məni.

Hər yaşın öz nəşəsi,
Hər dərdin öz səsi var.
Yaşa uyğun peşəsi,
Kimləri, kimsəsi var.

ÜRƏYİMDƏN KEÇƏNLƏR
İnsan istər bulaq kimi durula,
Bütün ömrün bahar ola, yay ola.
Dərdini çözməyə meydan qurula,
Sirrini deməyə sirdaş, tay ola.

Sözün, gözün, dilin qeybət bilməyə,
Səbrin azalmaya, ruhun ölməyə,
Haram nədir sənə yaxın gəlməyə,
Tanrı verən halal-hümbət pay ola.

Zövqsüz yaratmaya Allah heç kəsi,
İnsanı küsdürər bircə kəlməsi.
Ruhun dərmanıdı çal-çağır səsi,
Eldə nişan ola, hərdən toy ola.

Əcəl şərbətini bilib içəsən,
Ölüm körpüsündən gülüb keçəsən,
Dünyaya borcunu silib köçəsən,
Nə şivən görəsən, nə də vay ola.

Həyatda pir olan insanlar çoxdu,
Nəfsi tox olanın gözü də toxdu.
Murad nə arzular ac olan vaxtı?!
Quru pendir-çörək, isti çay ola.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ELÇİN MƏLHƏMLİ – ŞƏHİD

ŞƏHİD

Yeni tarix yazdın öz qanın ilə,
Tarix dərslərindən üç alan Şəhid.
Düşmən qarşısında mərd canın ilə
Durdun, Vətənindən güc alan Şəhid.

Namərd yağıları ot kimi biçdin,
Nə qədər alovlu, odlu yol keçdin,
Sonunda şəhidlik şərbəti içdin,
Düşməni məhv edib öc alan Şəhid.

Damarında mərdlik qanı axırdı,
Səni otuz illik həsrət yaxırdı,
Tanrı öz yanına səni çağırdı,
Tanrı dərgahına ucalan Şəhid.

Qurtardın işğaldan, yurd oldu azad,
Əbədi məşələ döndü bir həyat,
Olduğun məqamda nur içində yat,
Bizim başımıza tac olan Şəhid.

Almadın heç zaman ölümü gözə,
Ürəyin dönmüşdü alova, közə,
Mümkünsə son dəfə halal et bizə,
Ən uca zirvəyə köç alan Şəhid.

04.01.2021

Müəllif: ELÇİN MƏLHƏMLİ

ELÇİN MƏLHƏMLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu zirvəyə yüksələnlər ölümsüzləşir

Bu zirvəyə yüksələnlər ölümsüzləşir

Azərbaycan torpağı tarixboyu igid oğullar yetişdirib. Onlar Vətən üçün can verib torpağın hər qarışını öz qanları ilə Vətən ediblər. Bir torpaq ki, heç vaxt şəhidlərini unutmayıb, unutmayacaq da. Çünki Vətənin bir qarış torpağı üçün canını fəda edən igidlər unudulmaz xatirələri ilə daim xalqın yaddaşında yaşayır. Onların ömür yolu bəzən çox qısa, lakin işıqlı olur. Hər bir şəhid öz adı ilə tarix yazır, nəsillərə örnək olur. Belə qəhrəman oğullarımızdan biri də 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ruhid İslamlıdır. Onun həyat yolu bir gəncin Vətən sevgisinin, fədakarlığının və mərdliyinin parlaq nümunəsidir.
Ruhid İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində dünyaya göz açıb. Yaxınları deyir ki, o, uşaqlıqdan mehribanlığı, çalışqanlığı ilə daim seçilirmiş. Dostları və tanışları onu hər zaman yardımsevər, qayğıkeş biri kimi xatırlayırlar.
Onun gənclik illərinin bir hissəsi Naxçıvanda oxuduğu dövrə təsadüf edib. Təhsilə böyük maraq göstərir, daim öyrənməyə, özünü inkişaf etdirməyə çalışırmış. Ruhid Naxçıvan Müəllimlər İnstitutunun Psixologiya ixtisasını uğurla bitirib, təhsil illərində tələbə təşkilatlarında fəal iştirak edərək həm akademik, həm də sosial bacarıqlarını inkişaf etdirib. Bu illər onun düşüncələrinin daha da formalaşmasına, Vətən sevgisinin daha da möhkəmlənməsinə təsir edib. Ruhid, eyni zamanda idmana böyük maraq göstərib. Hətta uşaq yaşlarından cüdo, cüicutsso, taekvondo, güləş, qaydasız döyüş və üzgüçülük kimi idman növləri ilə məşğul olub. İdman onda fiziki güclə yanaşı, mənəvi dayanıqlılıqda yaratmışdı… Ayaqda qalmaq, dözmək, mübarizə aparmaq.
İdmançı ruhu onu həm də döyüşlərdə daha çevik edib. Ruhid həm də çalışqanlığı ilə hər kəsin rəğbətini qazanıb. Onun ən gözəl cəhətlərindən biri də hər kəsə hörmətlə yanaşması, mehriban münasibəti imiş. Bu xüsusiyyətləri ilə o, tanıyanların yaddaşında daim işıqlı bir xatirə kimi qalıb.
Vətən hər bir gənc üçün ən müqəddəs dəyərdir. Ruhid İslamlı da həqiqi hərbi xidmətə yollananda bunun sıradan bir xidmət olmadığını bilirdi. O, əsgər olmağı özünə şərəf sayırdı. Silahı əlinə alanda, sərhəddə dayananda, yoldaşları ilə çiyin-çiyinə addımlayanda onun ürəyində bir amal vardı: torpaqlarımızı qorumaq, Vətənimiz üçün lazım gələrsə canından keçmək.
2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində yeni bir mərhələ açdı. Bu mübarizəyə qoşulan minlərlə igid oğul kimi Ruhid də ön cəbhədə döyüşüb. Hər bir döyüşçü kimi onun üçün bu müharibə torpaqlarımızın azadlığı, şəhidlərimizin ruhunun rahatlığı demək idi. Hər döyüşdə o, fədakarlığı və mərdliyi ilə seçilib. Onun şücaəti əsgər yoldaşlarına da güc verib.
6 oktyabr 2020-ci ildə Ruhid qəhrəmancasına şəhid olub. Onun gənc yaşda ömrünü Vətənə qurban verməsi arzularını yarımçıq qoysa da, adının Azərbaycan tarixinin igidlik salnaməsinə yazılması ailəsini qürurlandırır. Çünki şəhidlik ucalıqdır, zirvədir. Bu zirvəyə yüksələnlər ölümsüzləşirlər.
Azərbaycan dövləti öz qəhrəman övladlarının adını hər zaman uca tutur. Onun “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenlə təltif olunması qəhrəmanlığının, Vətən yolunda göstərdiyi şücaətin rəsmi təsdiqidir.
Hər bir şəhid kimi Ruhid üçün də ən böyük mükafat xalqın sevgisi, xatirələrdə daim yaşamaqdır. Şəhid Ruhid İslamlı bir ailənin, bir kəndin övladı olmaqla yanaşı, həm də bütün Azərbaycanın qəhrəmanıdır.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞƏHİDLƏRİMİZİ EHTİRAMLA ANIRIQ

ŞƏHİDLƏRİMİZİ EHTİRAMLA ANIRIQ
2020-ci ilin 27 sentyabr tarixində minillərin dövlətçilik tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı öz taleyinin həlledici məqamlarını yaşadı. İllərlə doğmalarının isti nəfəsinə, səsinə-hənirinə həsrət qalmış yurd yerlərimiz, itirilmiş torpaqlarımız igid övladlarının azadlıq uğrunda savaşa atılmasından sanki cana gəldi. Qədim məskənlərimizin dağı, daşı, düzəni, ağacları, bir sısqa otu da yeni oyanış, dirçəliş çağında qamətini dikəldib cəngavər oğulların pişvazına durdular. Belə bir həyəcanı, sevinc ovqatını yaşamaq necə də qürurverici idi!

Candan keçildi, Vətəndən keçilmədi… Siyasi, diplomatik bacarığa, qüdrətə malik olan Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevın rəhbərliyi altında Yenilməz Ordumuzun cəngavər əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu. Azərbaycan böyük bir tarixi qələbə qazandı. Bu Zəfəri xalqımıza yaşadan igid oğullarımız oldu. Mübarək Vətən savaşında yüzlərlə igidlərimiz şəhidliyə qovuşdu.

İndi şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində işğaldan azad olunmuş bütün bölgələrdə Azərbaycanın Bayrağı dalğalanır. Abadlaşmış, yenidən qurulmuş bölgələrimizdə həyat qaynayır.

Hərdən mənə elə gəlir ki, yaz-payız dağların döşündə, yamyaşıl düzəngahda torpaqdan boy atıb, ətrafa gözəllik saçan çiçəklər şəhidlərimizin özüdür. Başqa sözlə, Onlar azad Azərbaycana çiçəklərin gözü ilə baxıb xoşbəxtcəsinə gülümsünürlər.
Ruhunuz şad, məkanınız nur içində olsun, Şəhidlər.

Ehtiramla: Şəfəq NASİR,
Yazıçı, publisist.

Valeh Heydər – Şəhidlər

ŞƏHİDLƏR
(sonet)

Şəhidlər önündə baş əyər bəşər
Allahın sözüdür müqəddəs bu ad
Ona səcdə edər göydə mələklər
Yolunu həsrətlə gözləyər sirat

İzi düşən yerdə gül-çiçək bitər
Keçdiyi zirvələr cənnət ətirli
Vətən harayına ilk onlar yetər
Həyata gəlişi, gedişi sirli

Ey ismi gözəlim, elə ucasan
Yoxdur aləmdə də başqa bir tənin
Həmişə var olmaq deyildir asan
Əbədi oğlusan ana vətənin

Şərə kim edərsə sinəsin sipər,
Ölərsə ruhuyla düşməni yenər.

Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

               

44 günlük Vətən müharibəsinin Naxçıvan şəhidləri

44 günlük Vətən müharibəsinin Naxçıvan şəhidləri

Prezident İlham Əliyev və Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini daim uca tutmuşdurlar. Vətən müharibəsində Silahlı Qüvvələrimizin şəhid olan 2 min 783 nəfər hərbi qulluqçusunun içərisində Naxçıvandan olan şəhidlər xüsusi ilə fərqlənirlər. Belə ki, onlar Vətənin bütövlüyü, birliyi uğrunda canlarından keçərək əzəli və əbədi Azərbaycan torpaqları olan Qarabağı mənfur düşməndən azad etmişdirlər. Şanlı Vətən tariximizin haqq savaşçıları olan Naxçıvandan olan şəhidlərimiz ümummilli lider Heydər Əliyevin uzaqgörənlik və müdriklik siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə ölkənin ərazi bütövlüyünün bərpası yolunda canlarından keçdilər. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan Ordusu arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirilmiş, hərbçiləri bilik və bacarıqları artırılmış şəkildə 44 günlük Vətən müharibəsində qələbə qazandı. 44 günlük Vətən müharibəsi başlamazdan əvvəl Azərbaycanın müdafiə sənayesi inkişaf etdirilmiş, ordunun daxili tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin olunmuş, Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal etməyə başlanmışdı. 44 günlük Vətən müharibəsindən əvvəlki müddətdə Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlarda bütün dünyaya nümayiş etdirilmişdi və bu paradlarda Naxçıvandan olan hərbi qulluqçular xüsusi fərqlənmişdirlər. Azərbaycan xalqının 30 illik dövr ərzində işğalla barışmayaraq, ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi sarsılmaz əzmdə Naxçıvandan olan şəhidlərimizin rolu danılmazdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etmişdirlər və bu gənclərin içərisində Naxçıvandan olan şəhidlərimizin rolu əvəz olunmazdır. Azərbaycanın çoxşaxəli, prinsipial, dürüst xarici siyasətinin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işlərinin aparılması, sıx əlaqələrinin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələrdə Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin güclü olması sayəsində ölkəmizin nüfuzu artmış, dünyada Azərbaycanın iradəsi həlledici amilə çevrilmişdir. Naxçıvandan olan şəhidlərimizin 44 günlük Vətən müharibəsindəki əvəz olunmaz rolu Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və onun əldə edilməsində vacib amilə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsini Naxçıvandan olan şəhidlərimiz 44 günlük Vətən müharibəsində gerçəkləşdirdilər. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğaldan azad olunmasında, Ermənistanın təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyasına son qoyulmasında Naxçıvandan olan şəhidlərimizin rolu danılmazdır. Azərbaycanın Naxçıvan eli nəinki 44 günlük Vətən müharibəsində həm də 2016-cı ilin Aprel döyüşlərindən, 2020-ci ilin İyul döyüşlərində çok fəal iştirak etmişdirlər. Naxçıvandan olan hərbiçilər 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlaması nəticəsində Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatlarına qoşularaq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dəmir Yumruq” adlı devizi altında birləşmişdirlər. Naxçıvandan olan hərbiçilər 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşib, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdilər. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində mühüm xidmətlər göstərən Naxçıvandan olan hərbiçilərin müəyyən bir qismi Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! deyərək qəhrəmanlıqla şəhid oldular. Naxçıvandan olan hərbiçilərin əzmkarlığı Azərbaycan xalqını dünyaya birdaha qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təqdim etdi.2020-ci il noyabrın 8-nin Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazılmasında Naxçıvandan olan şəhidlərimizin rolu danılmazdır. Onlar Şuşa şəhərinin işğaldan azad olunmasında xüsusi fəalllıq göstərmişdilər. 44 günlük Vətən müharibəsində Naxçıvan eli Quliyev Şahmar, Həsənov Sadiq, Cəmiyev Aşur, Əlizadə Fuad, Hüseynov Raqib, Məmmədov Sahil, Vəliyev İsmayıl, Zeynalov Elnur, Ələkbərov Bağır, Eyvazov İslam, İbrahimov İbrahim, İbrahimov Seymur, Qurbanov Xansu, Məmmədov Araz, Məmmədzadə Pərviz, Babayev Rahib, Quliyev Vəli, Seyidov Nihat, Orucəliyev Qabil, Əsgərov Ələsgər, Balabəyli Elcan, Rəcəbov Vaqif, Qasımov İbrahim və s. kimi igid oğullarını şəhid vermişdir. 44 günlük Vətən müharibəsində Naxçıvandan olan şəhid Hüseynov Raqib Adil oğlu xüsusi şücaət göstərmişdir. O, 28.06.1993-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Mərəlik kəndində sadə, azərbaycanlı ailəsində anadan olmuşdur. Hüseynov Raqib Adil oğlu Mərəlik kənd tam orta məktəbinin birinci sinifə qəbul olur və 4 il burada təhsil aldıqdan sonra ailəsi ilə birlikdə Naxçıvan şəhərinə köçür. 2003-2005-ci illərdə idmanın karate növü ilə məşğul olur, 2 kəmər qazanır. O, 2005-ci ildə H.Əliyev  adına tam orta məktəbə daxil olur və burada təhsilini davam etdirir. Hərbiyə olan həvəsi nəticəsində o, 2009-cı ildə H.Əliyev adına hərbi liseyə qəbul olur və 2011-ci ildə buranı əla qiymətlərlə başa vuraraq H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olaraq, hərbiyə və hərbçiyə aid olan  bütün sirrlərə bələd olur. Hüseynov Raqib Adil oğlu 2015-cı ildə leytenant kimi Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmətə başlayır. 2017-ci ildə Tərtər rayonunda yerləşən hərbi hissələrin birinə ezam olunur. Qısa muddət ərzində yaxsı xidmətlərinə görə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən bölük komandiri kursuna göndərilmiş və həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra bölük komandiri vəzifəsinə təyin edilmiş və bir müddət sonra qərargah rəisinin müavini vəzifəsində xidmətini davam etdirərək, 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində taborun qərərgah rəisi, tabor komandirinin 1-ci müavini vəzifəsi kursunu keçmişdir.

          Hüseynov Raqib Adil oğlu 2020- ci il Sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsində bir hərbiçi kimi qatılaraq ağır döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur. O, 29 Sentyabr 2020-ci il tarixində Tərtər rayonu Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə qolundan, başından güllə yarası alaraq ən ali məqama şəhidlik zirvəsinə ucalmışdır. Raqib  Hüseynovun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttinin yarılmasında çox böyük xidmətləri olmuşdur. Şəhid 1 oktyabr Naxçıvan şəhər el qəbirstanlığında şəhər icra hakimiyyətinin nümayəndələrinin, döyüşçü yoldaşlarının, minlərlə şəhər sakininin, ailə üzvülərinin iştirakı ilə torpağa tapşırılmışdır. Baş leytenant Raqib Hüseynov xidməti dövründə bir sıra fəxri diplomlarla, fərmanlarla, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi” medalı medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Baş leytenant Hüseynov Raqib Adil oğlunu ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif etmişdir. Raqibin böyüyüb boya-başa çatdığı evin bir otağı onun şəxsi əşyalarından, hərbi geyimlərdən ibarət olan ev muzeyidir. Hüseynov Raqib Adil oğlunun bu cür tərbiyədə, vətəninə, xalqına sevgisinin yüksək olmasında onun anası Rəna ananın çox böyük, əvəzolunmaz rolu vardır. Onun oğlu Raqib haqqında dedikləri hər bir azərbaycanlının qəlbindədir. “Oğlumla hələ uşaqlığından fəxr edirdim. 5 yaşında olarkən mənə bir hərbi forma aldırmışdı, ən sevimli geyimi idi. İşini çox sevirdi, hərbidə zabit olaraq xidmətindən qürurlu idi. Arzuları çox idi, hər zaman söhbət edərkən şahidi olurdum ki, general olmaq arzusundadır. Bir sözlə özünü tapmışdı bu peşədə. Əsgərindən öndə gedirdi. Əsgərləri evimizin qonağı olarkən Raqib haqqında çox gözəl sözlər, xatirələr danışdılar. “Komandirimiz gözəl qəlbli insan idi, həmdə həsas idi. Hər birimizə böyük qardaş, ata qayğısı göstərirdi. Onun haqqı ödənilməz!” dedilər. Ən unudulmayan xatirə o oldu ki, Raqib bir-bir əsgərlərinin üstünü örtüb çıxarmış.”

Nəsibə Murtuzayeva,

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu.

Nəsibə Murtuzayevanın digər yazıları

Vətən sevgisinin təntənəsinə çevrilən 44 günlük savaş

Vətən sevgisinin təntənəsinə çevrilən 44 günlük savaş

          27 sentyabr 2020-ci il tarixində Azərbaycanın qəhrəmanlıq salnaməsində yeni səhifə açıldı. Bu tarixi zəfərin başlanğıcı olan səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı sayəsində açıldı. 27 sentyabr 2020-ci il tarixində Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına başladı. Onlar Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək və düşmən tapdağında qalan el-obamızı kafir caynağından qurtarmaq, üçrəngli müqəddəs bayrağımızı azad olunmuş yaşayış məntəqələrində asmaq, şanlı zəfər qazanmaq üçün döyüşə başladılar. Bu tarixi ədalət zəfərinin əldə olunmasının bütün mərhələlərində Ali Baş Komandan İlham Əliyev onların yanında idi. 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycanın qəhrəman oğullarının qazandıqları qələbələr Azərbaycan xalqının sevincinə, coşqusuna səbəb olurdu və düşmən üzərində qazanılan hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırırdı. Bu birlik tələb edən günlərdə bütün Azərbaycan xalqı öz rəhbəri ətrafında sıx birləşdi və minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı, dövlət-xalq, xalq-dövlət bir yerdə oldu, barmaqlar dəmir yumruqda birləşib düşmənin başına ağır zərbə vurmağa nail oldu. İgid, mərd, qorxmaz Azərbaycan əsgəri düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını, canlı qüvvələrini darmadağın edərək, işğal altında olan kəndləri, strateji yüksəklikləri düşməndən xilas etdilər. 27 sentyabr 2020-ci il tarixində başlayan savaş nəticəsində Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 günlük müharibə ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndləri daxil olmaqla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu və üçrəngli şanlı bayrağımız yenidən doğma torpaqlarımızda dalğalanmağa başladı. 27 sentyabr 2020-ci il tarixində başlayan savaşın nəticəsində Qarabağın tacı sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edildi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə son qoyan şəxs kimi adını dünya tarixinə yazdı və 30 illik Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyuldu. Ordumuzun düşmənə endirdiyi “dəmir yumruq” sayəsində 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi, məcburi köçkünlərimiz qəribçilikdən qurtularaq doğma el-obalarına qovuşdular, xalqımız möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi yaşadı. Bütün bunlar Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına baş verdi. 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti və qəhrəmanlığı ilə şanlı tarix yazmağa nail oldular. Canlarını Vətənə sipər edən, qanlarını qurban verən igidlərin sayəsində Azərbaycan bayrağı Qarabağ zirvələrində dalğalanmağa başladı. Azərbaycan xalqı igidlərimizə böyük fəxr, qürur, minnətdarlıq duyğusu bəsləyirdi. Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbə Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Azərbaycan Ordusunun hərbi qüdrətinin göstəricisi olan 44 günlük müharibə Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Bu 44 günlük savaş Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu, Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini bütün dünya ölkələrinə sübut etdi. 44 günlük savaş Azərbaycanın necə güclü dövlət, Azərbaycan xalqının necə əzmli xalq olmasını bütün dünyaya göstərdi. 44 günlük Vətən müharibəsi zamanı xalqımız Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdirdilər və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, haqq və ədalətin bərpası naminə Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan müxtəlif millətlərin və dinlərin təmsilçiləri birləşib, bir yumruğa çevrildilər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birləşən Azərbaycan cəmiyyətinin fərqli dini və etnik-milli mənsubiyyətinə mənsub olan vətəndaşları İkinci Qarabağ müharibəsində Azərbaycanın qürur tarixinin yazılmasında çox böyük xidmətlər göstərdilər. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş yüzlərlə Azərbaycan cəmiyyətinin fərqli dini və etnik-milli mənsubiyyətinə mənsub olan əsgər və zabitlərimiz hər bir zaman fəxrimizdir. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək mərdlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş silahlı qüvvələrin hərbi qulluqçularının hər biri ilə fərx edir. Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı şücaət göstərmiş igidlər yeni təsis olunmuş – “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə” 1, 2 və 3-cü dərəcəli, “Rəşadət”, “Azərbaycan Bayrağı”, “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” kimi müxtəlif orden və medallarla təltif olunmuşlar. 44 günlük Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə son qoyaraq, erməni təcavüzünü qəhrəmancasına dəf etdi və bütün dünyaya xalqımızın qələbə əzmini nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun hər bir fərdi vətən uğrunda fəda olmaq və düşmənə sarsıdıcı zərbə vurmaq gücündə və qüdrətində idi. Vətən müharibəsinin qəhrəmanları öz ordusu, öz xalqı, öz milli mənliyi uğrunda qəhrəmancasına vuruşaraq, xalqımıza məxsus olan milli qürur, əyilməzlik kimi keyfiyyətləri qoruyaraq gələcək nəsillərə ötürməyə nail oldular. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində otuz il bundan əvvəl ayaqyalın evindən, doğma yurd-yuvasından didərgin salınan insanlar öz ata-baba torpaqlarına qovuşdular. Qorxmaz, cəsur Azərbaycan əsgərləri düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın edərək, işğal altında olan kəndlərimizi, strateji yüksəkliklərimizi düşməndən azad etdilər. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edilərək, uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı və Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Tarixə qızıl həriflərlə yazılmış bu qələbə Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazanılmışdır. Azərbaycanın 44 günlük qəhrəmanlıq savaşı xalqımızın tarix boyu şanlı qürur mənbəyi olaraq qalacaqdır.

Vəfa Namazova,

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu.

Vəfa Namazovanın digər yazıları

Güldanə Mehdiyeva – Elmi məqalə

Güldanə Mehdiyeva – elmi məqalə: səh. 57, 79

“Xəzan” jurnalı


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SƏMA MUĞANNA KİTABLARINI TƏQDİM EDİB

SƏMA MUĞANNA KİTABLARINI TƏQDİM EDİB

Bu gün – 26 sentyabr 2025-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında İsa Muğanna ocağının varisi gənc yazıçı Səma Mugannanın “Qeyb olan uşaqlıq” və “Həyatımdan parçalar” adlı kitablarının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Zaur Ustac qonaqları Muğannalar ailəsi adından salamlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin moderatoru Zaur Ustac Səma Muğannanın yaradıcılığı və təqdim olunan kitablar haqqında geniş məlumat verdikdən sonra sözü “Həyatımdan parçalar” adlı kitaba ön söz yazmış akademik Nizami Cəfərova verib. Nizami Cəfərov ümumilikdə Səma Muğannanın yaradıcılığı barədə ətraflı söhbət açaraq, Səmanın bu günə qədər yazdıqlarını geniş təhlil edib və prespektiv imkanlarının istiqamətlərini göstərib. Sonra “Qeyb olan uşaqlıq” kitabının ərsəyə gəlməsində xüsusi xidmətləri olan “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədova söz verilib. Professor İlham Pirməmmədov, şair Nazim Muğanlı, tənqidçi Əsəd Cahangir, Azərbaycanın əmək qəhrəmanlarından (Sosialist Əməyi Qəhrəmanı) Tərlan Musayeva, Arzu Nəbioğlu (şair Nəbi Xəzrinin oğlu) Səmanın yaradıcılığı barədə fikirlərini və babası İsa Muğanna ilə bağlı olan xatirələrini bölüşüblər. Sonra şair və yazıçılardan Nazim Əhmədli, Güllü Eldar Tomarlı, Kənan Hacı, Fuad Biləsuvarlı, Nəzakət Eminqızı çıxış edərək Səma Mugannanın yaradıcılığından söhbət açıblar. Səmanı təbrik etməyə gələnlərin arasında tanınmış ziyalılardan şairlər Avdı Qoşqar, Dayandur Sevgin, müəllimləri Elnarə xanım, Səlminaz xanım, Nazlı xanım, Lalə xanım, Günel xanım, ailənin yaxınları Nigar Həsənzadə, Namiq İslamzadə, Könül xanım, Səbinə xanım və digər doğmalar da olub. Tədbirin gedişində Ülviyyə Orucova Səma Mugannanın əsərlərindən parçalar təqdim edib. Tədbirin fəxri qonaqlarından olan tanınmış qiraətçi Rəsmiyyə xanım məclisin abu-havasına uyğun olaraq Cəfər Cabbarlının “Ana” şeirini səsləndirib. Sonda söz Səma Mugannanın ailə üzvləri, həm də “Həyatımdan parçalar” romanının qəhrəmanları İsaya (qardaşı – babasının adaşı) və anası Sevinc xanıma verilib. Yekun olaraq Səma Muganna qonaqlara və xüsusi qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə Muğannalar ailəsi adından təşəkkür edib, xatirə şəkilləri çəkdirib, arzu edənlər üçün kitablar imzalayıb. Tədbirin gedişində Səma Muganna bədii yaradıcılıq sahəsində qazandığı ardıcıl uğurlarına görə yazarlar cameəsi adından “Alqışnamə” mükafatı ilə təltif olunub. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

SƏMA MUĞANNANIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru