AMEA Dilçilik İnstitutunda professor Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub

AMEA Dilçilik İnstitutunda professor Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub

Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Prezident təqaüdçüsü, əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Mahirə Hüseynovanın elmi-pedaqoji fəaliyyətindən, Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə verdiyi əvəzsiz töhfələrdən bəhs edib. Mahirə Hüseynovaya elmi və pedaqoji fəaliyyətində qazandığı yüksək nailiyyətlərə, Azərbaycan dilçiliyinin inkişafında misilsiz xidmətlərinə, həmçinin səmərəli ictimai və elmi fəaliyyətinə görə AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı və Nəsimi adına Dilçilik İnstitutunun Fəxri professoru diplomu akademik İsa Həbibbəyli tərəfindən təqdim edilib. Diplomların təqdimatı yubliyarın elmi fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirilib.

Tədbirdə çıxış edən AMEA Nəsimi adına Dilçilik institutunun direktoru, professor Nadir Məmmədli professor Mahirə Hüseynovanın elmi-bədii yaradıcılığından və onun şeirlərində əks olunan dərin həyat fəlsəfəsindən danışıb.
Sonra professor Sayalı Sadıqova “Azərbaycan filologiyasında Mahirə Hüseynovanın yaradıcılığı”, professor Məsud Mahmudov “Azərbaycan bədii-elmi düşüncəsinin fenomeni”, filologiya elmləri doktoru Gülbəniz Babayeva “Mahirə Nağıqızının poetik dünyası”, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva “Mahirə Hüseynovanın yaradıcılığında dialektoloji istiqamət” adlı məruzələrlə çıxış ediblər.


Sonda professor Mahirə Hüseynova göstərilən diqqət və qayğıya görə AMEA-nın prezidenti İsa Həbibbəyli başda olmaqla Dilçilik İnstitutunun rəhbərliyinə və kollektivinə dərin minnətdarlığını bildirib.

ADPU-nin Filologiya Fakültəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir