
PAYIZ OLUR AYRILIĞIN SƏHƏRİ
Qəm qoşunu hücum çəkir üstünə,
Viran qoyur könlündəki şəhəri.
Dəyişilir dünəninin havası,
Payız olur ayrılığın səhəri.
Ürəyində dərd özünə yer alır,
Ağ vərəqlər misra-misra qaralır,
Yaşıl-yaşıl arzuların saralır,
Payız olur ayrılığın səhəri.
Eşq sarayın kərpic-kərpic sökülür,
Cismin həsrət bələyinə bükülür,
Budaq-budaq yarpaqların tökülür,
Payız olur ayrılığın səhəri.
Xəyalında ocaq-ocaq yanırsan,
Öz odunu, öz közünü danırsan.
Yazı, yayı keçib getmiş sanırsan,
Payız olur ayrılığın səhəri.
Canın zəmi, səbir dəndi, dözüm dən,
Bulud-bulud yağış yağır gözündən.
Təşnə quşlar su içirlər izindən,
Payız olur ayrılığın səhəri.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI