Azad Qaradərəlinin seçilmiş əsərlərinin 10-cu cildi işıq üzü görüb

Azad Qaradərəlinin seçilmiş əsərlərinin 10-cu cildi işıq üzü görüb

Tanınmış yazıçı Azad Qaradərəlinin seçilmiş əsərlərinin 10-cu cildi çapdan çıxdı. Bu cildə yazıçının “Erməni doktorun gündəliyi və Qarabağın qara hekayətləri” romanı ilə yanaşı, eyni mövzuda yazdığı bir neçə hekayəsi də daxil edilib. 10-cu cild çapa hazırlanarkən yazdıqlarımı bəzi dəyişiklərlə sizlərlə təkrar bölüşürəm. Bu roman bütün məziyyətləri: dil (zənginliyi və koloriti), üslub (özünəməxsusluğu), təhkiyə ustalığı, hadisələrin dinamizmi, mətnin güclü daxili enerjisi, təsvirlərin orijinallığı və inandırıcılığı ilə ədəbiyyatımızın, həqiqətən, böyük uğururdur. Kitaba öz söz yazmış tanınmış ədəbiyyatşünas alim, professor Bədirxan Əhmədli də bu fikirləri bölüşür. Kitabın hər parçası deyilənlərin təsdiqidir: “Yer qadın uşaqlığı kimi həssas idi. Yuxarıdan nə yağırdısa qəbul edirdi: yağış, qar, dolu, güllə, mərmi, toxum, çəyirdək… Cücərtdiyini cücərdir, cücərtmədiyini ağuşuna çəkir, üstünü basdırır, gizləyirdi…”
“Erməni doktorun gündəliyi…” Azərbaycan ədəbiyyatında müharibə mövzusunda indiyədək yazılmış (təəssüf, onların sayı elə də çox deyil) ən yaxşı əsərlərdən biri, bəlkə də birincisidir. Romanı sakit, həyəcansız oxumaq mümkünsüzdür. Onu, sadəcə, gözdən keçirmək belə adamdan dözüm, güc tələb edir. Az qala hər səhifədə yer alan dəhşətli mənzərələr, yaxın tariximizdə xalq və fərd olaraq üzləşdiyimiz faciələr təkrar göz önündə canlandıqca nəfəsin elə kəsilir ki, tüstün təpəndən, ruhun canından çıxır. Xəcalət, qəzəb qarışıq qəhər boğazında düyünləndikcə varlığın sarsılır. Bu vəziyyət yalnız ermənilərin törətdiyi “Xocalı soyqırımı” və digər kütləvi cinayətlərlə üzləşdiyimiz günlərdə xalq və fərd olaraq yaşadığımız hisslərlə müqayisə oluna bilər.
Romanda Birinci Qarabağ müharibəsinin gedişində ermənilərin azərbaycanlılara qarşı planlı şəkildə həyata keçirdikləri amansız cinayətlər, tükürpədən vəhşiliklər olduğu kimi qələmə alınmışdır. A.Qaradərəli insan talelərindən keçirdiyi həmin qanlı, dəhşətli hadisələri ustalıqla və son dərəcədə canlı təsvir edib. “Erməni doktorun gündəliyi…” adi, sıradan bir bədii əsər deyil, hər səhifəsindən qan daman, yandırılan, əzaları tikə-tikə doğranan, digər görünməmiş işgəncələrə məruz qalan, “dərdlə bağrı badaş (A.Q.)” olan ayrı-ayrı fərdlərin və ailələrin, dədə-baba yurdları zəbt olunan, ocağı söndürülən bir xalqın taleyinin qara yazısıdır. Əlbəttə, yazıçının bütün bu faciələri özünün və ailəsinin taleyində yaşaması da əsərin uğurunu şərtləndirən amillər sırasındadır.
Erməni doktorun dilindən qələmə alınmış romanın tərcümə edilib müxtəlif xarici ölkələrdə çap etdirilməsi ermənilərin Azərbaycana, azərbaycanlılara yaşatdıqları fəlakətlərin təkzibolunmaz ehtirafı və təsdiqi olardı. “Harada çörək varsa, ora vətəndir” deyən bir xalqın torpaq iddiası ilə Azərbaycana qarşı yenidən səlib yürüşü təşkil etmək cəhdlərinin qarşısının alınmasında da bu, son dərəcədə gərəklidir.

Müəllif: Lətif Babayev

Azad Qaradərəlinin yazıları

Lətif Babayevin digər yazıları

KİTAB.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir