ÖTƏN İLİN BİR QIŞ GÜNÜNDƏ…

ÖTƏN İLİN BİR QIŞ GÜNÜNDƏ…
Gecədən başlayan qar gün ərzində bir qədər səngisə də aravermədən elə hey yağırdı. Günboyu çöldə-bayırda həm işlərimlə məşğul olur, həm də ağ örtüklü bağlarda, səkilərdə gəzib-dolandıqca xatirələrə dalırdım. Gəncliyimdən qarlı havalarda tək-tənha gəzməkdən zövq alırdım.

Elə ki güclü qar başlayırdı, yarım saat ötməmiş təbiət ağ örpəyə bürünürdü. O zaman ev-eşiyə yığışmaq istəmirdim. Səhərə qədər küçələri, bağları dolaşmağa təşnəydim. Adı nəydi bu dəliliyin… Əlbəttə ki Romantika…

İndi yadıma 70-ci illərin qarlı-şaxtalı qış günləri düşür. Jurnalistikada oxuduğum çağlardı. Bir gün auditoriyada “Sov.İKP tarixi”ndən mühazirə oxuyan professor, mərhum Xəlil Əlimirzəyevin dərsindəydik. Yadımdan çıxmamış, əvvəl onu deyim ki, Xəlil müəllim dərsə davamiyyəti yoxlayarkən hər kəs adı çəkildiyi zaman bir-bir qalxıb “burda”, cavabını verəndə, mən “buradayam”, deyirdim. Bu zaman Xəlil müəllim təəccüblə üzümə baxır, amma bir söz demədən yoxlamasına davam edirdi…

Çöldə quşbaşı qar yağır, ağaclar bu bəyazlıqda elə gözəl görünürdü ki! Həmin anlarda ürəyimə sanki lopa-lopa cevinc dolurdu. Əlimi üzümə dayayıb böyük vəcdlə pəncərənin o üzündəki gözəlliyə baxırdım. Dərsdə olduğumu tamam unutmuşdum. Fikrim-zikrim qar dənəciklərinə dönüb fırfıra kimi havada uçurdu. Qəflətən Xəlil müəllimin acıqlı səsi məni yaşadığım sevinc dolu aləmdən ayırdı:

– Qız! Fikrin hardadı, indi səni bayıra çıxararam, ağlın başına gələr!
Həmişə qaşqabaqlı, zəhmli olan Xəlil müəllimin səsindən, sözündən tez də özümü yığışdırdım. Amma qorxu mənə nə qədər əsər eləsə də cəsarətimi toplayıb, hələ qeyb olmayan fərəhli ovqatımla müəllimin diqqətini bu gözəlliyə çəkmək istədim:

– Xəlil müəllim, bir baxın, bayırda necə gözəl qar yağır, elə bil göydən yerə sevinc ələnir.

Xəlil müəllim eynəyinin üstündən bir mənə baxdı, bir də bayırda yağan qara. Onda gördüm, çöhrəsinə təbəssüm qondu, həmin anda sərtliyindən əsər-əlamət qalmadı:

– Jurnalisti romantik xəyallarından ayırmaq olmaz- deyib, kürsüdən aralandı. Əslində müəllim mühazirəsini bitirmişdi. Asta yerişlə masanın arxasına keçib yerində əyləşdi. Jurnalı qarşısına çəkib, qeydlərini yazmağa başladı. Auditoriyada elə yumşaq, rahat ab-hava yarandı ki…

Professor Xəlil Əlimirzəyev Qəbələ rayonunun Mirzəbəyli kəndində doğulmuşdu. Təbiəti də o yerlərin qışı kimi sərt idi. Amma həmin mükaliməmizdən sonra Xəlil müəllimin davranışında büruzə vermədiyi səmimiyyətini hiss etdim. Auditoriyada olanda simasında gördüyümüz sərtliyi, intizamı, ciddiliyi zabitəli insan olduğundan irəli gəlirdi…

Həmin hadisədən sonra kursumuza dərsi olan günlər tənəffüslərdə pəncərə qarşısında mənimlə mehribancasına söhbət edirdi. Bir gün də Jdanov rayonundan (indiki Beyləqan) olduğumu biləndə xəbər aldı ki, Səməd Hacıyevi tanıyırsan? Dedim bəli, oğlu ilə bir sinifdə oxumuşam. Xəlil müəllim Səməd kişi ilə dostluğundan, bir neçə dəfə evində qonaq olduğundan, birgə ova çıxdıqlarından danışdı. Söhbət əsnasında həyəcan keçirsəm də fərəhimi gizlədə bilmirdim. Demə, Xəlil müəllim sadə və mehriban insan imiş…

Biz universiteti bitirən ili, 1976-cı ildə Xəlil Əlimirzəyev 58 yaşında vəfat etdi. O, XX əsr Azərbaycan ədəbiyyatı tarixindən bizə dərs deyən Xalid Əlimirzəyevin əmisi idi…

İndi quşbaşı yağan qarlı havada gəzişərkən Xəlil müəllimi xatırladım. Allah ona da, Xalid müəllimə də rəhmət eləsin! Ruhları şad olsun!
9 yanvar 2023

Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir