Qurban Rzayev yazır

YAS VƏ TOY MƏDƏNİYYƏTİNƏ YENİ BAXIŞ: İSRAFÇILIQDAN YIĞCAMLIĞA

Son zamanlar cəmiyyətimizdə yas mərasimlərində və toy şənliklərində artan israfçılıq tez-tez müzakirə olunur. Əslində bu problem təkcə maddi məsələ deyil, eyni zamanda insanlara düşən mənəvi və psixoloji yükdür. Düşünürəm ki, bu sahədə daha yığcam, səmərəli və dövrün tələblərinə uyğun bir yanaşma mümkündür.

Yas mərasimlərinin mahiyyəti mərhumun xatirəsini ehtiramla yad etmək və yaxınlarına mənəvi dəstək olmaqdır. Bunun üçün kütləvi süfrələr, izdihamlı axınlar, ev sahibini əlavə xərclərə və əziyyətə salan təşkilatçılıq işləri vacib deyil. Yas mərasimlərində yalnız yaxın qohumların iştirakı kifayət edə bilər. Başsağlığı isə sosial şəbəkələr, messengerlər və digər onlayn vasitələrlə çatdırıla bilər. Yardım etmək istəyənlər üçün kart hesabının paylaşılması həm şəffaf, həm də daha rahat bir yoldur. Beləliklə, həm israfçılığın, həm də yas sahibinə düşən ağır yükün qarşısı alınar.

Toy şənliklərinə gəldikdə isə, bu mərasimlər sevincin nümayişi yox, paylaşılması üçündür. Toylara onlayn dəvətnamələrin sosial şəbəkələr və messengerlər vasitəsilə göndərilməsi, təbriklərin eyni qaydada edilməsi artıq dövrümüz üçün tam məntiqlidir. Nəmərin kart vasitəsilə köçürülməsi nə hörmətsizlikdir, nə də ənənəyə ziddir — bu sadəcə müasir və sivil bir formadır. Toy mərasimlərinin 50–60 nəfərlik yaxın qohum çevrəsi ilə keçirilməsi həm ailəvi mühiti qoruyar, həm də lazımsız təmtəraq və yarış ab-havasını aradan qaldırar.

Bu yanaşma:
kütləvi axının və israfçılığın qarşısını alar, insanları borca və süni rəqabətə sürükləməz, yas və toy sahiblərini lüzumsuz maddi və mənəvi əziyyətdən xilas edər.
Ənənələr dəyişməz deyil; onlar zamanla cəmiyyətin həyat tərzinə uyğunlaşmalıdır. Əsas olan formanı yox, mahiyyəti qorumaqdır. Yığcam, səmimi və məqsədinə uyğun təşkil olunmuş yas və toy mərasimləri həm insani, həm də daha sağlam bir cəmiyyət modelinə xidmət edər.

Bu təklifin məqbul hesab olunmasının əsas səbəblərindən biri də ondan ibarətdir ki, son illər sosial şəbəkələr və messengerlər vasitəsilə onlayn qaydada təbrik və başsağlığı bildirmək artıq geniş yayılmağa başlayıb. Müasir həyat tərzi, insanların sağlamlıq durumu, iş-güc, məşğulluq, eləcə də məkan və zaman məhdudiyyətləri, çətinlikləri hər kəsin yas və toy mərasimlərində şəxsən, fiziki olaraq iştirakını çox vaxt qeyri-mümkün edir. Nəticədə isə istər-istəməz incikliklər, anlaşılmazlıqlar və söz-söhbətlər yaranır. Onlayn təbrik və başsağlığı forması bu cür halların qarşısını almağa, münasibətləri daha sivil və anlayışlı çərçivədə qorumağa imkan verər.

Bu təklifi emosiyadan yox, sağlam məntiqdən çıxış edərək verirəm,
cəmiyyəti ittiham etmək yox, çıxış yolu göstərməkdir, “ənənəyə qarşı çıxmaq” deyil, ənənəni yüngülləşdirmək məqsədi güdürəm və ən əsası, çoxlarının içində deyib dilinə gətirmədiyi reallığı sakit, mədəni formada səsləndirməyə çalışıram.

Təmtəraqlı mərasim evlərinin, şadlıq evlərinin tikilməsinə, məhəllə və küçələrdə çadırlar qurulmasına heç bir zərurət yoxdur. Əslində, bu “çadırçılıq” adlanan ənənə, orada yol verilən antisanitariya, yemək-içmək, natəmizlik, “qazan-qasturka” biznesi dünyasını dəyişən insanın xatirəsinə ehtiram yox, çox vaxt onun ruhuna hörmətsizlik təsiri bağışlayır. Yas məclisi səssizlik, təmkin və səmimiyyət tələb etdiyi halda, maddi imkanların nümayişinə çevrilən bu cür yığıncaqlar mərhumun urvatını ucaldır yox, əksinə, onu kölgədə qoyur. İnsanların bir-birinin üzünə baxaraq formal şəkildə iştirak etdiyi, mənəvi dəyəri azalan bu cür toplantılara yenidən baxmağın və onlara son qoymağın vaxtı çoxdan çatıb.

Bu tip təkliflər adətən əvvəlcə narahatlıq yaradır, sonra isə “əslində düz deyir” mərhələsinə keçə bilər.

24 yanvar 2026

Müəlif: Qurban Rzayev

QURBAN RZAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir