
Stalinin sonuncu sevgilisi…
Bütün tanınmış adamlar kimi diktator Stalin haqqında da çoxlu miflər, nağıllar uydurulub. Amma elə şeylər var ki, onunla bağlı nağıl quraşdırmağa ehtiyac yoxdur. Stalinin həyatı ilə bağlı indi danışacağım hadisə uydurma deyil, faktlara söykənir. Bu faktların haradan qaynaqlandığını bir az sonra deyərəm.
Valentina İstomina adlı gənc qadını ev işləri üzrə köməkçi kimi işə götürəndə Stalinin yaşı əllini keçmişdi.
Bəs kim idi bu qadın?
Valentina (Varvara) Vasilyevna İstomina 1915-ci ildə Tula quberniyasında doğulub, 1994-cü ildə Moskvada vəfat edib. Yəni uzun bir ömür yaşayıb. O, SSRİ Dövlət Təhlükəsizliyi serjantı olmuş, Stalin yanında 1935–1953-cü illərdə çalışmış təsərrüfat bacısı olmuşdur.
Qızın 18 yaşı tamam olanda o, Moskvaya köçmüş və fabrikdə işə düzəlmişdi. Məhz orada Stalinin mühafizə rəisi Nikolay Vlasikin diqqətini çəkmişdi. Vlaskin gənc Valentinaya yalnız xəyal edilə biləcək “xüsusi bir iş” təklif etmişdi: Dahi rəhbərin süfrəsini açmaq, onun qulluğunda durmaq. Valya, təbii ki, razılaşdı.
Zubalovoya gənc Valentina kiçik bir bağlama ilə gəlmişdi; bağlamanın içində konspekt dəftərləri, yun şal və İosif Vissarionoviçin portreti olan bir açıqca vardı. Bunda təəccüblü heç nə yox idi: axı yoldaş Stalin milyonlarla sovet qızının kumiri idi. Valya da onu uzaqdan sevirdi və yaxından tanıyandan sonra da fikrini dəyişməmişdi. Qız hamının xoşuna gəlmişdi: sadə, şən və həyatsevər idi.
Qız təkcə qayğıkeş və tapşırıqları dəqiqliklə yerinə yetirən deyildi, həm də rəhbərə sədaqətli idi. Stalinin ömrünün son illərində Valentina onun ən yaxın adamına çevrildi, onun çətin xasiyyətinə asanlıqla dözə bilən azsaylı insanlardan biri oldu.
O, Stalinin məşuqəsi idi, bunu “politbüroda” hamı bilirdi. Hər səhər Valentina rəhbərə çay verirdi, hər gecə isə onun yataq otağına gəlir, ona istiliyini və qadın nəvazişini bəxş edirdi.
Valentinaya rəhbərin mühafizəsindən olan bəzi kişilər yaxınlaşmağa çalışsalar da, o, hamısını qəti şəkildə “yola salırdı”. Bunu hiss edən “xozeyin” belələrini gedər-gəlməzə göndərmişdi.
1950-ci illərin əvvəllərində, rəhbərin artıq ciddi sağlamlıq problemləri olduğu və həkimlərə etibar etmədiyi vaxtlarda Valentina ona qulluq edirdi və ola bilsin ki, bununla da onun ömrünü bir qədər uzatmışdı.
Stalinin cangüdənlərindən biri- Aleksandr Varentsev xatırlayırdı: “Hamı bilirdi ki, gecə düşən kimi Valya onun yanına qaçır. Gözəl deyildi, amma pis də deyildi. Öz aramızda deyirdik: Valiyanın həyatı yaxşıdır — işləri qaydasındadır, üstəlik də Stalin onu sevir”.
Çox keçmədən Valya sadəcə “Xanım”a çevrildi — özü də böyük hərflə. Yəni Sahibin Xanımına.
Valentina xüsusi ambisiyaları olmayan sadə bir qız idi. Ona böyük bağ evi xoş gəlirdi — bu, onun Orlikov döngəsindəki balaca birotaqlı mənzili deyildi. Üstəlik, hər şeyə qadir rəhbərin diqqəti qıza xoş təsir bağışlayırdı: o, belə bir kişinin ona diqqət yetirəcəyini heç yuxuda da təsəvvür edə bilməzdi. Mühafizəçilərin məruzələrində belə qeydlər vardı: “12 dekabr, saat 4:00-da İstomina yoldaş Stalinin yataq otağından çıxaraq öz otağına getdi”. Və ya: “13 dekabr, saat 5:30-da İstomina yoldaş Stalinin yataq otağından çıxıb mətbəxə yollandı”.
Bu qeydlər həm də onu göstərirdi ki, Stalin özü də öz yaratdığı sistemin, çekanın nəzarətində idi.
Valya gələndən sonra Stalinin özü isə dəyişmişdi — həm də müsbət yöndə. Hamı bunu hiss edirdi: rəhbər daha şən olmuş, əhvalı tez-tez yaxşı olur, gülümsəyir və zarafat edirdi. Üstəlik, əvvəllər alt paltarına ümumiyyətlə fikir vermədiyi halda, o, birdən-birə keyfiyyətli fransız alt paltarına keçmişdi. Qızı Svetlana xatırlayırdı ki, atası iradəli, güclü qadınları sevmirdi. Sonuncu arvadı Nadejda Allilueva ilə ömrü boyu mübarizə aparmış və nəticədə qadın intihar etmişdi. Valya İstomina isə tamam başqa cür idi — mülayim və itaətkar. O, rəhbərə ehtiramla yanaşır, onu əksər Sovet adamları kimi çox böyük, nəhəng bir insan sayırdı. Qalmaqal salmır, mübahisə etmirdi — bundan yaxşı “sakit liman” olardımı?
Ümumiyyətlə, diktator nəinki iradəli qadınları, elə məğrur kişiləri də sevmirdi. O, özünü ölkənin yeganə sahibi, ağası, erkəyi hesab edirdi.
Valentina demək olar ki, 20 il, düz Stalinin ölümünə qədər bağ evində çalışdı. Onun vəfat etdiyi gün Valya təsəllisiz idi. O, divanın yanında diz üstə çökmüşdü, üzünü mərhumun sinəsinə söykəmişdi və kəndlərdə olduğu kimi ucadan ağı deyərək hönkürdü. Qadın uzun müddət sakitləşə bilmədi və heç kim onu cəsəddən uzaqlaşdırmağa cürət etmədi. İosif Vissarionoviçin yuyulması və geyindirilməsi işi də məhz İstominaya tapşırıldı.
Xruşşov öz qaydalarını tətbiq etməyə başlayanda və Stalinin çox silahdaşlarının “başları gedəndə” Valentinaya heç kim toxunmadı. O, 35 yaşından etibarən yüksək məbləğdə pensiya alırdı və buna görə artıq işləməyə ehtiyac qalmamışdı.
İstominlərin öz övladı olmadı, lakin Valyanın üçüncü qardaşı Vasili həlak olandan sonra onun oğlunu övladlığa götürdü. Hamısı mehriban yaşayırdı, Valentina isə bir daha işləməyə qayıtmadı. Əvəzində ev-eşiklə məşğul olmağı çox sevirdi. Onun həm bağ evi, həm də mənzili sadə idi, amma hər yerdə ideal təmizlik hökm sürürdü. Valya çox gözəl yeməklər bişirirdi. Gürünür, onu Stalinə sevdirən cəhətlərdən biri də bu idi. Valya da öz “xozeyni” kimi mütaliəni çox sevirdi: hər gün qəzetlərə baxır, kitabları birnəfəsə oxuyub bitirirdi.
Sonralar Baş katibin qızı Svetlana Allilueva onu belə təsvir edirdi: “Gənc, burnu bir azca yastı, gün boyu şən gülüşdən ağzı bağlanmayan bir qız idi Valya… Ömrünün sonuna qədər o, dünyada atamdan yaxşı insan olmadığına əmin olmuşdu”.
Uzun bir ömür yaşamış, Rəhbərin ən yaxın silahdaşı olmuş Vyaçeslav Molotov isə İstomina haqqında üstüörtülü danışırdı: “Valentina İstomina… Əgər o, Stalinin arvadı olubsa da, bunun kimə nə dəxli var?”
Valentina İstomina uzun bir ömür yaşadı. Yenidənqurma dövrünün və SSRİ-nin dağılmasının şahidi oldu. Jurnalistlərin, qonşuların, qohumların Stalinlə bağlı verdiyi suallara heç vaxt cavab vermir, daş kimi susurdu.
Valya bəlkə də keçmiş SSRİ-də Stalinə ürəkdən bağlı olan yeganə adam idi.
p.s.
Soruşa bilərlər ki, bütün bunları yazmağın nə mənası? Elə deyirlər də… Mən də belələrinə deyirəm ki, istəməsəniz oxumaya bilərsiz. Bu bir. İkincisi də, diktator haqqında bütün dünyada son illərdə cild-cild kitablar yazılıb. Üçüncüsü, bu adam milyonların qanını batırıb, yeri gəlmişkən, şəxsən bizim ailədən ondan çox adam repressiyaya məruz qalıb. Dördüncüsü, adamları maarifləndirirəm. Beşincisi, “Tarixin kölgəsi” əsəri üzərində işləyən zaman topladığım materiallardan bəzi “qırıntıları” təqdim etməklə, zənnimcə, heç kəsə pislik etmirəm. Yeri gəlmişkən, bu gün həmin əsərin qəhrəmanlarından biri-M.Ə.Rəsulzadənin ad günüdür. Əsərin digər iştirakçısı da Stalindir.
Müəllif: FİRUZ MUSTAFA
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında