TURAN NOVRUZLU

TURAN NOVRUZLU

Eskişehirə qar yağır

Eskişehirə qar yağır

Elə bil, havada uçuşan

Ağ kəpənəklər balıqları

Salamlamaq üçün tələsirlər…

Elə bil, bu şəhərin itləri, pişikləri də

Buludların qucağında

Yayxanıb sevinirlər…

Sanki bir sürü qu quşu

Porsuq çayını dövrəyə alıb

“Bənövşə- bənövşə” oynayır

“Bənövşə bəndə düşə,

 Bizdən sizə kim düşə?”

Bəlkə bir cüt maralın sehirli arabasında

“Az gedib, uz gedib, dərə-təpə düz gedib”

 Yolunu azıb “sizdən bizə”

Masal Şatosuna düşəsən?

Qaradam pıçıldayır: “

 Gəl, qartopu oynayaq.”

Birdən yadıma düşür ki,

 Axı, əlcəklərim Bakıda,

Əllərim Səndə qalıb.

 Küləklər şəhəri xatirələrimdən,

Sən Laplandiyadan da uzaqdasan…

 Bəs mən necə qartopu oynayım?

Baharım

Mən qar altında qalan,

Sırsırası salxımlanan

tənha torpaq kimiydim

Gündüzləri qış günəşi

Gözlərimi dalayardı,

Gecələri zülmət olar

Varlığımı talayardı

Üşüyərdim…

Hardan gəldin?

Qarlı qışa sinə gərdin, nərgizim,

Ləçək – ləçək nur ələdin köksümə…

Budağından ayrı düşən yarpaq idim

Buludlara qonaq edən

Yel oldun…

Ürəyim elə dolmuşdu ki,

Gözyaşıma yoldaş olan sel oldun…

Ruhumu sazaq vurmuşdu

Sən könlümü isidən

Alov oldun, od oldun…

Nə yaxşı ki, boz ömrümə

Cəmrə oldun, baharım

Naxışıma ilmə oldun, nübarım…

Sevirəm

Mən Səni sevirəm lal sular kimi

Səssiz -səmirsiz

Mən səni sevirəm

Sönmüş ocaq tək

İstisiz, hənirsiz…

Mən səni sevirəm boş qucaq kimi,

Ağaca sancılmış bir oraq kimi,

Divardan asılmış yiyəsiz yaraq kimi…

Mən səni sevirəm cızma-qara yazılmış,

Əzilib, yumarlanmış yerdəki varaq kimi…

Varlığın yoxluğumu nə duyur, nə eşidir

Bu sahibsiz sevgim

Qar kimi, buz kimi içimi üşüdür…

Sol tərəfini boş saxla

Özümü biləndən

Həmişə məsləhət eşitmişəm

Atamdan, anamdan

Bibimdən, xalamdan…

Məsələn, anam deyərdi ki,

Yaxşı oxusan varlı olacaqsan.

Xalam tənbeh edərdi:

“Qız uşağısan

indidən qaşlarını alsan

evdə qalacaqsan”

Taleyimin bircə tükdən

Asılı olduğunu sanardı.

Amma Nənəm bəxtimin

Əvvəldən yazıldığına inanardı…

Bibimə görə qadın şərab içməzdi,

Sevdiyi oğlanla görüşməzdi.

Müəlliməm arada köhnə adətləri yada salardı,

Qız uşağı yeriyəndə yerə baxardı

Qonşulara görə qızlar

qulağını deşdirib qızıl sırğa taxardı.

Amma ən gözəl məsləhətin 

Otuzumdan sonra fərqinə vardım:

Yağışlı qış axşamında

Metronun eskalatorunda

Fikrə dalarkən

Qaydaları anons edən

Xanımın səsi gəlir

“Sol tərəfi keçid üçün boş saxlayın”

Amma mən həmişə

Sol tərəfimə əziyyət etmişəm…

Eh! heyif ki, bu anonsu

Belə gec eşitmişəm…

Hə, dostum indi sənə

bir məsləhət verim:

“Sol tərəfini keçid üçün boş saxla,

 Gəlib keçənlərə mane olma”

Əmin ol,

Gələnlər bir gün

Mütləq gedəcəklər.

Sən sol tərəfindən muğayat ol, dostum

“Sol tərəfini hər zaman boş saxla”…

Qəfil qonaq

Ey ömrümə qonaq olanım

Qapımı nə gec döydün?!

Çayım buza dönüb, çörəyim bayatlayıb,

Fələk naşı bağban kimi

Ömrümü baltalayıb.

Nə ağzımın dadı qalıb,

Nə də əlimin duzu.

Bu vaxt qonaq gəlmək olar?

Bəxtim fil qulağında yatıb,

Əcəl ac qurt kimi ulayır,

Saçımdakı ağ tellər

Canıma kəfən biçir.

Nə qəlbimin taqəti var,

Nə də gözümün nuru.

Daha gələni də gözüm pis seçir

Sen, ey ömrümün qəfil qonağı,

Qapımı ne gec döydün?!.

Bu vaxt qonaq gelmek olar?

Məkan bilməz könül

Sonra yeddi rəngli günəş çıxdı

Təpə-təpə buludların arasından…

Sonra ləçək- ləçək lalə kimi

Yuvarlandı göz yaşlarım

Ürəyimin yarasından…

Arzularım yaşıl rəngdi

Sarı- sarı saman oldu,

Ümidlərim alovlandı, közü qaldı,

Duman oldu…

Öz ömrümün rənglərində

Görən kimin gözü qaldı?

Xəyallarım nalə çəkdi kaman kimi…

Günəşimin gürub çağı

Eşqim yalan, güman kimi…

Sonra torpaq sevəcək məni

Heç kəsin sevmədiyi kimi

Ruhuma dalğalar sığal çəkəcək

Heç kəsin öpmədiyi kimi…

Məndən salam deyersən

yanındakı qadına

Gecən xeyirə qalsın,

Yol adam, yorğun adam…

Qəlbinə girməsəm də

Mən sənə vurğun adam

Məndən “salam” deyərsən

Yanındakı qadına…

De ki, yuxuya getsən

Pəncərəni bağlasın,

Külqabındakı közün

Söndüyünü yoxlasın.

Sən çox içdiyin axşam

Sinəni sığallasın,

Çox danışıb ağlasan

Gözlərinə baxmasın

Köksünə sıxıb səni

Saçını tumarlasın

Boynundakı xalından

Qoy öpsün axşam- səhər

Xalın nə günahı var

Yoxluğumu duymasın

Yola verin birtəhər…

Gecən xeyirə qalsın,

Yol adam, yorğun adam

Ömrün payızı tutgun

Qışı qar, çovğun, adam…

Elə yaşa ki, daha

Ürəyin üşüməsin,

Əllərin boş qalmasın,

Kürəyin üşüməsin…

Lizon xala kimi

Bilmirəm fikir veribsənmi

Beşiklərin yastığında

Gecə-gündüz yatan

Körpələrin başının izi qalar

Bax eləcə izin qalıb köksümdə…

İndi yanımda olsan

Başını sinəmdəki

O məchul boşluğa sıxıb

Elə möhkəm

Qucaqlayardım ki, səni

Sonra da çərpələng

Qollarına bürünərdim

Axşamın mehindən,

Səhərin şehindən

Beləcə gizlənərdim

Qollarının arasında…

Nə qədər başımı qatsam da

Hər kəslə danışıb

Səsimi başıma atsam da

Gecələr elə pis göynəyirsən ki,

Ürəyimin yarasında

Mopassanın

“Bir yaz axşamında”kı

Lizon xala kimi

Elə kimsəsizəm ki…

Bəzən divarın o tərəfindəki

Həzin bir səs, xəfif bir gülüş

Qanadar yaralarımı…

Nə qədər uzağa qaçsam da

Yenə elə həminkiyəm…

Ruhuma hopmuş

Qanıma qarışmış, zalım,

Üz çevirib getsən də

Yenə elə səninkiyəm…

ÇOBANYASTIĞI

Axşama qonaqlıq var idi

Beş badə düzmüşdüm

Masanın üstünə

Bir mum yandırmışdım

Bir dəstə də çobanyastığı

Almışdım güldana…

Yenə gəldi qonaqlarım

Qaş qaralanda,

Göz gözü görməyəndə

Xoruzlar banlayana kimi

oturduq…

Birinci badəni sənsizlik qaldırdı

Sənin şərəfinə içdik

İkinci badəni xəyallara süzdük

Sevdiyin mahnını da qonaq çağırmışdım

Səhərə qədər sağlıq dedi dayanmadan

Şam kimi əriyən ömrümün

Badəsini göz yaşlarımla doldurmuşdum

Çobanyastığı “sevir” deyənə qədər

Otağıma həbs edib ləçəklərini

soldurmuşdum…

Son badəni qaldıran olmadı

O axşam masada bir yer boş

Bir badə yiyəsiz qaldı

Sən adlı qonağım gəlmədi

Bu axşamkı qonaqlıqda da üzüm gülmədi…

Qızıma məktub

Bağışla məni, mələyim,

Ömrümün şaxtasına, sazağına

Qonaq elədim səni…

Bağışla məni, canım qızım,

Sənə yedirtdiyim yavan çörəyin

Hər tikəsinə görə bağışla məni

Gözlərindən süzülüb

Yanaqlarına tələsən

Hər damla göz yaşına görə

Bağışla məni…

Sənə aldığım oyuncaqlar da

Kədərli görünür,

Üzünü güldürə bilmədim

Bağışla məni…

Bağışla ki, sənə beşik başında

“Lay- lay dedim yatasan,

Qızılgülə batasan,

Qızılgülün içində

Şirin yuxu tapasan” demişdim,

Onda hardan biləydin ki,

Bu dünyada qəlbimizə

Güllərin tikanları batır,

Onda hardan biləydin ki,

Adam isti evdə, rahat yataqda

Şirin yuxu tapır.

Bağışla məni, mələyim,

Körpə canın üşüyəndə

İsti qucaq oldum

Nəfəsimlə isitdim nəfəsini.

Canın od kəsiləndə

Alnına sərin əl,

Ürəyinə şirin dil oldum.

Bağışla məni, canım qızım

Ev ola bilmədim,

Ailə ola bilmədim.

Bəlkə də mən günah oldum

Nalə oldum, ah oldum,

Bəlkə də mən al şəfəqli

Sabah oldum…

Bəlkə yenə ömrümüzə bahar gələr

Ümidimiz çiçək açar,

Sevinc bizi tapar gələr, kəpənəyim.

Kaşki həyat şirin olsun noğul kimi

Tanrı sənə ömür versin nağıl kimi

Eh…Nə çox oldu

Bu bəlkələr, bu keşkələr

Nə çox oldu

Boz buludlar, kölgələr

Bəlkələrə, keşkələrə görə

Bağışla məni, kəpənəyim

Sənə yaşadıqlarıma görə

Bağışla məni, körpə mələyim…

Qəzetçi

Xatirələr dumanlı, gözlərimiz yuxulu,

Həyat köşkə bənzəyir, ömür qəzet qoxulu

Suallarla, nidalar sətirə naxış olsun

Gəl, görüşək, əzizim, öpüşün yağış olsun

Bax, qapını döyürəm, qulaqardına vurma

Daşı tök ətəyindən, belə deyingən olma

Gəl, yaşayaq bu ömrü,

Bir gün qəzetçi kimi, bir gün simitçi kimi

Gəl, yaşayaq bu ömrü, qalma seyirci kimi

Nəyi pisdi dünyanın, yağışı var, qarı var

Sən yanımda olanda dünya da cənnət olar

Gəl, yaşayaq bu ömrü,

 Zamanı çox daralmış iki kəpənək kimi

Yenə aç qollarını əlvan çərpələng kimi

Yenə yazda görüşək, yayda günaha bataq

Sən qəm yemə, əzizim

Nə də olsa payızın o leysan yağışları

Günahları yuyacaq…

Nə dalıbsan dəryaya tənha balıqlar kimi?

Çıxaq göyün üzünə qoşa buludlar kimi

Gəl, barışaq, əzizim, məni sənsiz qoyma, gəl,

Bilirsən, darıxıram,  göz yaşıma qıyma, gəl

Sən ki, özün deyirdin, hər şey yaxşı olacaq

Aylar, illər keçəcək,

Köhnə qəzetlər kimi

Ömrümüzə yazılan xatirələr qalacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir