NAHİD HACIZADƏ – 90

NAHİD HACIZADƏ – 90
Bu dünyada unutmadıqlarımdan biri də şair, yazıçı, publisist, dramaturq, ssenarist, ən başlıcası da səmimi, xeyirxah insan kimi tanıdığım Nahid Hacızadədir.

O, bəlkə də yeganə yazıçı idi ki, Azərbaycanın əksər korifey sənətkarları ilə görüşüb, ünsiyyətdə, dostluq, yaradıcılıq münasibətində olub. Hər biri haqqında xeyli sayda oçerk, publisistik əsərlər, xatirə yazıları ərsəyə gətirib. Bu əsərlər özünəməxsus üslubu, dilinin səlisliyi, zərifliyi, milli koloriti, duyğusallığı ilə ürəklərə yol tapıb.

Nahid Hacızadə özünün genişəhatəli yaradıcılığı ilə həmişə Azərbaycan ədəbi mühitinin mərkəzində olan, xalqın ictimai şüuruna işıq saçan sənətkardı. Əslində bu, yazıçının düşüncəsindən, ürəyindən qələminə süzülən əsərlərinin işığıdır…

Yazıçının 2008-ci ildə işıq üzü görmüş “Yada düşdü” kitabında yer almış xatirə yazıları Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrindən hesab olunur. Nahid Hacızadə kitabına yazdığı ilk sözündə deyir: “Mən yarım əsrdir ki, söz-sənət adamları ilə sıx ünsiyyətdəyəm. Radio, televiziya, qəzet və nəşriyyatlarda işlədiyim uzun illər ərzində görkəmli yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar, səhnə ustaları, elm və mədəniyyət xadimləri ilə, tanınmış şəxsiyyətlərlə sayagəlməz görüşlərim, söhbətlərim olub. Bunların unudulanı, yaddan çıxanı da olub, ürəyimdə iz salanı, yaddaşıma yazılanı da”. Deyirəm, nə yaxşı ki, yazıçı yaddaşına yazılanları vaxtında cəmləşdirərək kitablaşdıra bilib…

Nahid müəllim uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Azərbaycan televiziyasında Ədəbi dram redaksiyasının Baş redaktoru olub. O zaman həmin redaksiya ilə yaradıcılıq əlaqələrim vardı. “Səhər görüşləri” “Hekayə axşamı” proqramlarında kiçik hekayələrim əsasında hazırlanmış səhnəciklər nümayiş olunurdu. Hər dəfə də yazıçı Rafiq Səməndər hekayələrim haqqında Nahid müəllimin fikirlərini mənə çatdıranda çox təsirlənirdim. Onunla şəxsən tanış olmasam da gənc yazıçıya qayğısını, dəstəyini hiss edirdim. Bu, məni yazmağa həvəsləndirirdi….


Təqvimdə 2012-ci ildi. O zaman Azərbaycan nəşriyyatında yerləşən bir sıra qəzet və jurnallara yazı vermək üçün vaxtaşırı həmin nəşriyyatda olurdum. Bir gün də yolumu Nahid Hacızadənin Baş redaktoru olduğu Xatirə ədəbiyyatı redaksiyasından saldım. Yazıçı həm də “Yada düşdü” jurnalının Baş redaktoru idi. Həmin gün burada uzun illər “Gənclik” nəşriyyatında birgə işlədiyim şair, publisist, eləcə də həmyerlim Zülfüqar Şahsevənli ilə qarşılaşdım. O, məni Nahid müəllimə təqdim etdi. Amma təqdimatına bir qədər uzaqdan başladı. Dedi, Şəfəq hörmətli bir ziyalı ailənin övladıdır. Babası, tanınmış İrəvan ziyalısı Məmmədəli Nasir jurnalist, mollanəsrəddinçi olub. Qardaşı, bacısı filan yerlərdə işləyir, özünün də filan kitabları (adlarını dilə gətirdi)… “Beyləqanın güllü yazı”na çatanda, Nahid müəllim qayıtdı ki, Zülfüqar, burda saxla! Bayaqdan ordan-burdan danışırsan. Elə Şəfəqi “Beyləqanın güllü yazı” kitabının müəllifi kimi təqdim etsəydin, bəs edərdi. Yoxsa başlamısan, o belə gəldi, bu da belə getdi… Hə, yadıma düşdü, Şəfəq xanım vaxtilə bizim redaksiya ilə də əməkdaşlıq edib. Şəxsən görüşməsək də onu qiyabi olaraq elə bu kitabından tanımışam…

1991-ci ildə 30 min tirajla çap olunmuş adı çəkilən kitabım həmin vaxt respublikada geniş yayılmış və yaxşı qarşılanmışdı. Demə, “Beyləqanın güllü yazı”na maraq göstərənlərdən biri də Nahid Hacızadə imiş…

Sonralar nə vaxt yolum Azərbaycan nəşriyyatına düşürdü, hökmən Xatirə ədəbiyyatı redaksiyasına da baş çəkir, Nahid müəllimlə görüşürdüm. Bir gün də Baş redaktora yazıçı Manaf Süleymanovla bağlı bir yazı təqdim etdim. Hələ oxumamış qayıtdı ki, Manafın yazı dili çox quru və pintidi, nəyini tərifləmisən ki. Bu sözdən bir qədər pərt olsam da halımı büruzə vermədən özümü ələ aldım. Dedim, bu bir xatirə yazısıdır. Xahiş edirəm, imkanınız olsa baxarsınız.

Təxminən iki həftədən sonra Nahid müəllimlə görüşəndə məni mehribanlıqla qarşıladı, dedi, yazını çox bəyəndim, gözəl xatirədi. Növbəti nömrəmizdə verəcəyik. Və gözləmədiyim halda ərkyana bir tərzdə qayıtdı ki, bu günlər jurnalımızın 1 yaşı tamam oldu. Bəlkə nömrələrə baxasan, xoşuna gəlsə haqqımızda bir təəssürat yazısı hazırlayarsan. Məmnuniyyətlə razılaşdım. Bir həftə ötməmiş məqaləni Baş redaktora təhvil verdim. Yazı həm jurnalda, eləcə də “525-ci qəzet”də, səhv etmirəmsə,“Respublika” qəzetində də dərc olundu.

Sonralar “Respublika”nın Baş redaktoru Teymur Əhmədov məni qəzetdə işləməyə dəvət etdi. O vaxtdan Nahid müəllimlə tez-tez görüşürdük. “Yada düşdü” jurnalında yazılarım dərc olunurdu. Nahid müəllim arada nahar fasiləsində bizim mərtəbəyə qalxır, Teymur müəllimlə yaradıcılıq qayğılarından danışır, bəzən məni də bu söhbətlərə dəvət edirdilər…


Nahid Hacızadə işıqlı İnsan idi. O işıq mənəvi dünyasından, yaradıcılığın bütün növ və janrlarında qələmə aldığı əsərlərindən görünən işıqdı. Biz o işığı bu gün də görür, hiss edir və bu işıqlı İnsanı böyük ehtiramla anırıq…

Martın 14-də unudulmaz yazıçı Nahid Hacızadənin 90 yaşı tamam olur. Ruhu şad, məzar evi nurla dolsun…

Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir