
Fədailərimizi tanıyaq! (6)
Məhəmməd Biriya (Bağırzadə)
Şair, ictimai xadim, Azərbaycan Demokrat Firqəsinin Maarif naziri, mücahid.
(Babam İsmayıl Paydarın timsalında bütün həmşərilərimizə, fədailərimizə ithafən)
Təbriz, 12 şəhrivər 1946-cı il.
Azərbaycan Demokrat Firqəsinin yaradılmasının bir illiyi münasibətilə xalq bayramı.Tribunada dayanmış Kaviyan, Biriya və başqaları bir-birilərini itələyir, Pişəvərini sıxışdırır, özlərini gözə soxmağa çalışırlar.
Trubunanın qabağından izdiham keçir.Sinələrdə medal.Medalda Biriyanın şəkli çarpaz bayraqlar arasından boylanır.Bu medalı Biriya özü təsis edib.
-Qiyməti neçəyə olsa yaxşıdır?
-3 tümən.
Pişəvərinin şəkli isə kiçikdir, sanki düymə boyda.
“Nə üçün Tehrana gedən nümayəndə heyəti bu vaxta qədər qayıtmayıb? Bəlkə Qəvamüsəltənə onları orada yemləyir? Sən hökümət adından dərhal teleqram vur.10 saata kimi qayıdıb gəlməsələr bir daha bu yana üz çevirməsinlər”
Bu sualları yağış kimi Çavuşi Seyid Cəfərə yağdırırdı.Seyid Cəfər isə naçar durumda “neynim” deyirdi.
-Bəs Qəvam hökuməti ilə danışığa gedənlər kimlər idi?
-Ali Sovetin sədri Hacı Mirzəli Şəbüstəri, Sadıq Padigan, general Pənahian, daxili işlər naziri doktor Cavid.
Fabrikə qayıdan kimi hamıya bildirdim ki, bütpərəstlik eləməyin, medalları tökün yerə.
-Nə üçün Lalə dağlarına çəkilmədik?
-Nə üçün Qaradağ meşələrinə çəkilmədik?
-Nə üçün ölüm-dirim döyüşünə atılmadıq?
-Əlimizi qoynumuza qoyub düşmənin haçan hücuma keçəcəyini gözlədik.Nümayəndələr 74 gündən sonra qayıdıb xəbər gətirdilər ki, Qəvam tələb edir: Zəncanı verək.Əvəzinə 10 gündən sonra onlar bizə Təkabı verərlər.Bunlar, əlbəttə, hiylə idi.Qəvam qəsdən danışığı uzadır, Milli hökuməti al qanına boyamaq üçün qüvvə toplayır, məqam gözləyirdi.Nəhayət, onlar əyalət seçkiləri keçirmək bəhanəsi ilə Azərbaycan torpağına qoşun yeritdilər.Əvvəlcə Zəncanı tutub demokrat bir mollanı öldürdülər.
1946-cı ilin 2 dekabrı…Pişəvəri Arazı keçib gedib.Kabineti boşdur.Biriya özünü MK-nın katibi kimi aparır.Pişəvərinin kabinetində nə edəcəyini bilmir.Məhəmməd Biriya:
-Balam, gəlin görax da.Bu düymələrin hansını basax, haradı.
-Təbrik edirəm, Biriya.Axır ki, niyyətinizə çatdınız.Hökuməti devirdiniz.Ancaq çox da sevinmə, sənin hökmranlığın da yarım saatlıqdır.
Bu sözləri Təbrizdə Mir Mehdi Çavuşi Biriyanın üzünə söyləyir.
Bakı, Xaqani küçəsi…Pişəvərinin evi.Ortada nərdtaxta var.Çavuşi və Pişəvəri nərd oynayırlar.Əllər zər atsa da, üzlər kədərlidir.Birdən Seyid Cəfər əl saxlayır:
-Miri, axı sən həmişə yaxşı oynayırdın.Niyə belə könülsüzsən?
Zərləri cütləyib nərdtaxtanın üstünə qoyan Çavuşi kədərlə dolu iri gözlərini Seyid Cəfərin üzünə dikir.
Çavuşinin gözləri Pişəvərini ittiham edir, həm də ondan cavab gözləyir:
-Axı sən deyirdin, gərək üstümüzdən tanklar keçə.Ancaq o tanklar 25 min azəri türkünü al qana boyadı.Halbuki, o 25 mindən onca mini döyüş meydanına çıxsaydı, əgər başçı meydandan qaçmasaydı, biz nəinki Azərbaycanı, hətta bütün İranı xilas edə bilərdik.
-Sən məni bağışla, Miri.
Pişəvəri Çavuşidən üzr istəməklə bütün xalqdan üzr istəmiş olurdu.Onun qarşısında Təbriz şəhər firqə komitəsinin katibi dayanmışdı.Bir neçə gün ərzində 10 komitə yaradan, 14 min təbrizlinin partiya sıralarına keçməsini təmin edən bir insanın indi bir cüt zərə gücü çatmırdı.
Qeyd edim ki, Məhəmməd Biriyanın da həyatı asan keçmədi.Quzey Azərbaycana pənah gətirəndən qısa müddət sonra həbs edildi, sürgünə göndərildi, 1956-cı ildə işinə xitam verildi, sonra yenə Təbrizə qayıtdı.İpə-sapa yatmayan, bir an belə dinc durmayan Biriya ömrünün sonlarında təklənmiş bir həyat sürdü.Naçar və çıxılmaz vəziyyətdə dünyasını dəyişdi.Bütün ixtilaflara və nöqsanlarına rəğmən Güney Azərbaycan türklərinə azadlıq nemətini daddıranlar arasında, Demokratik Firqə hökumətində yer alanlar sırasında şair
Məhəmməd Biriya da vardı.
…Və nə yaxşı da ki, vardı!
9 may 2024-cü il.
(Yazımda Mir Mehdi Çavuşinin və Xəlil Rza Ulutürkün xatirələrinə istinad etməklə yanaşı, həm də ailəmizdə danışılanları, evimizdəki söz-söhbətlərimizi və atamdan eşitdiklərimi qələmə almışam)
MÜƏLLİF: TURAN UĞUR
“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru