
BİR RUH HALININ ŞEİRİ
Çox da şux görünür kölgəm,
Tez aldanmaq olur ilk təəssürata.
Əslində bir az kefim yoxdur,
bir az imkanım
sərçələrin səsinə diqqət kəsilməyə…
Bəllidir kim necə yeyir başqalarının haqqını
Bir az da yorğunam soyuq bir qış günü,
Vaxtın kədərini yaşayıram
xəzrinin uğultusunda.
Öz dərdləri olmasa yan keçən adamlar
elə də biganə deyil başqalarının ağrısına.
Sınaq zamanıdır yenə
hər gün olduğu kimi çətin və cansıxıcı…
Nə çətinliklərdən usandı ömür,
nə də mən sevinə bildim bəsit yenilgilərə.
Yıxılanı seyr etməyin ölüsüyük biz,
ayaq üstə öz gücünə tutunub qalanları
diri görmək istəmədiyimiz kimi…
Oysa ki, yaşamağa hər kəsin haqqı var.
Dönə-dolana öyrənmək olmur həyat dərsini,
Bilmədiyim yerdən düşdü yenə
suallar həyat imtahanında…
Dəngələrin pozulduğu məqam…
Kəsilməklərin ən yaxşısıdır bu,
nəinki qurbanlıq kimi gözləmək ölüm anını.
Çox da şux görünür siluetləri çinarların…
Müəllif: SÜLEYMAN ABDULLA
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru