
ÖN SÖZ ƏVƏZİ
Kiçik “Çağdaş Danimarka poeziyası” antologiyasını hazırla maq, şeirləri Azərbaycan dilinə çevirmək təklifini Bakıdaykən türk əsilli Danimarka vətəndaşı, şair-tərcüməçi Hüseyn Duyğu verib, 2024-cü ilin yayında, mən də məmnuniyyətlə qəbul eləmişəm. Onunla isə şeirləri bu topluda yer almış, görkəmli Danimarka şairi Nils Havın vasitəsilə tanış olmuşam. Bir gün məktub aldım. Nils türk dostu Hüseynin Bakıya gələcəyini bildirir, mənim ona vaxt ayırmağımı xahiş edirdi. Nilslə isə Rumıniyada, Yaş şəhərində keçirilən beynəlxalq poeziya festivalında tanış olmuşduq.
Hüseyn Duyğu gəldi, səfər yoldaşları ilə birlikdə Azərbaycan Yazıçılar Birliyini ziyarət elədi, dostlaşdıq, Bakıdaykən bir neçə dəfə, sonradan bir dəfə də İstanbulda görüşdük.
Xüsusən onun hazırladığı siyahı və təklif etdiyi şeirləri əsas götürsəm də bir xeyli başqa adları və mətnləri də araşdırdım, fərqli seçmələr elədim. Çünki daha əvvəl, 2020-ci ildə, pandemiyanın tüğyan elədiyi vaxtlarda XX əsr Danimarka şeirindən bir xeyli mətn oxumuşdum və “Ədəbiyyat qəzeti”nin 2020-ci ilin sentyabr sayında (44 günlük Zəfər savaşımızdan 10 gün öncə idi) çağdaş Danimarka şeirinin metrlərindən sayılan, bu yaxınlarda dünyasını dəyişmiş Peter Poulsendən bir silsilə tərcümələrim də dərc edilmişdi.
Beləcə Hüseyn Duyğunun orijinalları ilə birlikdə təqdim etdiyi türkcə tərcümələri, mənim isə əsasən rus və qismən də ingiliscədən oxuduqlarım, tutuşdurduqlarım əsasında hazırkı müəllif siyahısını, anadilli kitabı ərsəyə gətirdik. Tərcümələrdən seçmələr bir ay boyunca “Şeirli günlər” layihəsi çərçivəsində www.mustaqil.az saytında dərc edildi, sonra isə 12 şairin hə
rəsindən 1 şeir olmaqla “Ulduz” jurnalında, “Dərgidə kitab” rubrukasında (2025-ci il, yanvar-fevral sayı) işıq üzü gördü. Yeri gəlmişkən, Nils türklərə və azərbaycanlılara sevgi və hör mətlə yanaşan ədibdi, bu baxımdan da şəxsən mənim üçün çox qiymətlidi. Onu 3 il əvvəl gerçəkləşdirdiyim onlayn “Şuşaya sa lam” beynəlxalq poeziya layihəsinə də dəvət etmişdim ki, sağ ol sun, sözümü yerə salmamışdı.
İstər klassik dövr olsun, istər yeni dövr, Danimarka ədə biyyatının dilimizə tərcüməsi və tədqiqi ilə bağlı əsaslı mən bələrin olmasından şübhəliyəm. Çox güman böyük əksəriyyət Danimarka ədəbiyyatı deyəndə elə mənim kimi o dəqiqə ya Hans Xristian Anderseni (1805-1875), ya da Sören Kyerkeqoru (1813-1855) xatırlayacaq. Bəlkə də yanılıram.
Hər necəsə Danimarka ədəbiyyatı, danca (bu deyişi tür kiyəlilərdən götürdüm və düşünürəm, istifadə eləmək olar) yazılı ədəbiyyatın tarixi elə də qədim deyil. XII əsrə aid Sven Aqqesenin yazdığı “Danimarka salnaməsi”, yaxud Sakson Qrammatikin daha çox qədim dan, norveç qəhrəmanlıq dastan və rəva yətlərinin toplusu olan “Danimarkanın tarixi” əsəri latıncadır, latın-dan orta əsrlər ədəbiyyatının böyük abidələridi. Sonuncunun itmiş nüsxəsi yalnız 600 il sonra tapılacaq, 1514-ci ildə Kristyern Pedersen (1480-1554) tərəfindən nəşr ediləcək, 60 il sonra isə dancaya çevrilmiş nüsxəsi çap olunacaqdı. Təxminən eyni dövrdə hekzametrlə və latın dilində arxiyepiskop Anders Sensenin yaradılış barədə didaktik poeması da ərsəyə gələcəkdi.
Dan/Danimarka ədəbi dilinin banisi az əvvəl adını çəkdiyim, Parisdə təhsil almış,“İncil”in danca ən uğurlu ilk tərcüməsinin müəllifi Pedersendir.
Əlbəttə dancanın, Danimarka ədəbiyyatının ən böyük poetik abidəsi 500 epik və lirik poetik mətndən ibarət, müəllifləri naməlum, yaxud anonim, “meşə-xalq nəğmələri”dir. Əksər sü jetlər qədim skandinav əsatirlərini, xristian apokriflərini/ hədislərini, bir qismi isə Qərbi və Cənubi Avropa xalqlarının folklorunu nişan verir.
Tədqiqatçılar hesab edir ki, məhz bu “meşə-xalq nəğ mələri”ni Danimarka poeziyasının başlanğıcı hesab etmək olar. Və şəksiz, bir çox Avropa xalqlarının ədəbiyyat tarixində olduğu kimi sonrakı beş əsr boyunca Danimarka ədəbiyyatı skandinav özünəməxsusluğunu saxlasa da, mistisizmə, melanxoliyaya, ədəbi qotikaya, sonradan dekadansa meyllənib, ümumAvropa təma yüllərindən yayına bilməyib.
Sonrakı əsrlərdə Danimarka ədəbiyyatı və poeziyası Tomas Kinqo (1634–1703), Nikolay Qruntviq (1783-1855) və bayaq adlarını çəkdiyim Andersen və Kyerkeqor, XX əsrdə isə Vilyam Haynesen, Pit Hayn, Tove Ditlevesen, İnqer Kristensen və bir çox başqaları kimi böyük ədiblər yetişdirib. Və tədricən də, aşağı-yuxarı bizimlə eyni vaxtda, intizamlı, heca şeirlərini sərbəst və ağ şeir əvəzləməyə başlayıb. Yuxarıdakı sadalamada son ad, şairə Kristensen “qafiyə özü nüifadəni məhdudlaşdırır, səni söyləmək istəmədiklərinin səmtinə aparır” bəyanatı indi Danimarka şeirində normadır.
Bu gün “Danimarka şeirinin baş qəhərmanı fanilik, ek zistensial heçlik, daha çox zülmətin qara dəliyini yamamaq cəhdidir”. Bütün zərifliyin, incə, lirik çalarların, peyzaj və əqlinəticələrin üzərinə məhz ekzistensiyanın, indiki postmodern və post-postmodern dövrün bəzən ustalıqla gizlənmiş xəfif ironiyasının örtüyü atılıb.
Belədirmi? Belə deyilmi?
Qərarı bizim təqdimatımızda və Azərbaycan poetik auditoriya sı üçün ilk və bu kiçik “Çağdaş Danimarka poeziyası” antologiyası əsasında əlbəttə, hörmətli oxucular verəcək.
10 fevral 2025-ci il

Mənbə: Salim Babullaoglu
Məlumatı hazırladı: Günnur Ağayeva
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru