
Uzaqdan şanını eşidib gəldim,
Dedim, görüm səndə varmıdır yerim?!
Buyur, – edərsənsə keçib oturram,
Olmazsa bir Allah salamı verim.
Soruşum halını, bilim necəsən,
Yoxsa qarışıbsan puça, heçə sən?
Gərəkdir sevgidən Eşqə keçəsən –
Yoxsa titrədəmməz bir qəlbi şeirim.
Atəşdən düşəsən, oda yanasan,
Alovdan min köynək geyib qanasan,
Bir hissə qapılıb uçan sanasan –
Özünü, a mənim ilhamım, pərim..
Gör ki baxan yoxdur solan bənizə,
Düşünməzlər növbə çatacaq bizə…
Toxmaq oldu əllər başa, həm dizə,
Dərsini alan bir, ya iki,- derim..
Şair ömrü keçər çox iztirabdan –
Bir an da ayrılmaz ruhi-xitabdan…
Amandır, Adilə, əsas kitabdan
Əl üzmə, tək Odur vəfalı yarım.
01.12.2025
Müəllif: Ailə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru