
PREZİDENT KİTABXANASINA VAQİF VƏ YUSİF SƏMƏDOĞULLARININ ƏSƏRLƏRİNDƏN İBARƏT KİTAB HƏDİYYƏSİ
Prezident Kitabxanasının fondu daha bir qiymətli hədiyyə ilə zənginləşib. Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri, görkəmli şair Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova kitabxanaya Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun müəllifi olduqları, eləcə də bu yaradıcı şəxsiyyətlər haqqında müxtəlif dillərdə yazılmış 24 adda 25 nüsxə kitab hədiyyə edib.
Hədiyyə olunan nəşrlər sırasında Vaqif Səmədoğlunun şeirlərini, bədii və publisistik mətnlərini əhatə edən kitablar, onun yaradıcılıq yolunu və ədəbi şəxsiyyətini tədqiq edən elmi əsərlər, həmçinin Yusif Səmədoğlunun roman və povestlərinin müxtəlif dillərdə çap olunmuş nümunələri yer alır. Bu nəşrlər Azərbaycan, rus, ingilis və digər xarici dillərdə işıq üzü görmüş əsərləri bir araya gətirməklə Səməd Vurğun nəslinin görkəmli nümayəndələrinin yaradıcılıq irsinin beynəlxalq miqyasda tanınmasını əks etdirən mühüm mənbə kimi xüsusi əhəmiyyət daşıyır.
Bu kitablar həm Vaqif, həm də Yusif Səmədoğlu yaradıcılığının əsas xüsusiyyətlərini, onların ədəbi mühitdə tutduğu yeri və Azərbaycan ədəbiyyatının inkişafındakı rolunu araşdırmaq üçün geniş imkanlar açır. Nəşrlər Prezident Kitabxanasının müvafiq fondlarında sistemləşdirilərək tədqiqatçıların, ali məktəb müəllim və tələbələrinin, ədəbiyyatsevərlərin istifadəsinə təqdim edilib və artıq oxucular üçün açıqdır. Bu nəşrlər Səmədoğlu ailəsinin zəngin ədəbi irsinin elmi əsaslarla tədqiqinə və yeni analitik araşdırmaların aparılmasına xidmət edir.
Prezident Kitabxanasının rəhbərliyi göstərdiyi diqqət və xeyirxahlığa görə Nüşabə Babayeva-Vəkilovaya təşəkkürünü bildirir, ailə arxivində qorunan bu nəşrlərin ictimai istifadəyə təqdim edilməsini isə milli ədəbi irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm addım kimi dəyərləndirir. Belə hədiyyələr klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə əlçatanlığı artırır, oxuculara onların yaradıcılığını orijinal mənbələr əsasında daha dolğun şəkildə tanımaq imkanı yaradır.
Mənbə və ətraflı:
https://www.preslib.az/az/news/qy8TGHSoWjs3