YAXŞI İNSAN, YAXŞI ZİYALI, ETİBARLI DOST

YAXŞI İNSAN, YAXŞI ZİYALI,
ETİBARLI DOST

Ürək gözəlliyə vurulardımı?
Bulanan çeşmələr durulardımı?
Bu dünya təzədən qurulardımı?
Sənin tək insanlar olmasa əgər.

Ulu Tanrı sevdiyi bəndələrinin alnına xoş tale, xoşbəxtlik yazır. Bu yazını oxuya-oxuya, reallığa çevirə bilmək və yalnız o şəxslərə əbədi yaşamaq haqqı verir ki,onlar həyatın müxtəlif sınaqlarından ləyaqət və mərdliklə çıxa bilirlər.
Hacıyev Adıgözəl də Tanrının sevdiyi bəndələrdən biridir.
Haşiyə: Hacıyev Adıgözəl Şixkərim oğlu 1959-cu il aprel ayının 4-də Quba rayonunun Buduq kəndində fəhlə ailəsində anadan olub. 1966-1974-cü illərdə Buduq kənd səkkizillik məktəbində oxuyub, orta təhsilini 1974-1976-cı illərdə Quba şəhərində internat məktəbində tamamlayıb. Bir il istehsalatda çalışdıqdan sonar -1977-cı ildə Əli Bayramlı (indiki Şirvan) Pedaqoji məktəbinə daxil olub. Keçmiş Sovet ordusu sıralarında xidmət eləyib. 1982-ci ildə ƏliBayramlı Pedaqoji məktəbini “İbtidai sinif müəllimi və pioner baş dəstə rəhbəri” ixtisası üzrə təhsil alıb.
Pedaqoji fəaliyyətdən ayrılmadan 1983-1988-ci illərdə Lenin adına APİ-nin (indiki ADPU-nun) filologiya fakultəsində qiyabi təhsil alıb və ali təhsil müəssisəsini “Orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi” ixtisası üzrə bitirib. 1993-cü ildə Quba rayonunun Alekseyevka kəndinə köçüb və Alekseyevka kənd tam orta məktəbində dil-ədəbiyyat müəllimi kimin pedaqoji fəaliyyətimi davam etdirib. İşlədiyi dövrdə gənc nəslin əsl vətəndaş kimi yetişməsinə çalışıb. Dərs dediyi yüzlərlə şagird ali və orta-ixtisas təhsili almış, hazırda müxtəlif sahələrdə çalışırlar. Rayonda təhsilin inkişafı üçün də əlimdən gələni əsirgəməyən Adıgözəl Hacıyev uzun müddət dil-ədəbiyyat fənni üzrə rayon olimpiada komissiyasının tərkibində fəaliyyət göstərib..
“Öyrədən” statuslu müəllim kimi kurikulumu müəllimlərə öyrətmək istiqamətində məktəbdə seminarlar təşkil etmiş, Azərbaycan Müəllimlər İnstitutunun Quba
filialında ixtisasartırma kurslarında mühazirə və seminarlar keçirib. Pedaqoji fəaliyyətlə yanaşı, elmi fəaliyyətlə də məşğul olmuş və hal-hazırda bu fəaliyyəti uğurla davam etdirir.
Adıgözəl müəllimin dediklərindən: Mənsub olduğum etnik qrup dilinin-Buduq dilinin tədqiqi ilə məşğulam. 2001-ci ildə yazısı olmayan bu dilin latın qrafikalı əlifbasını tərtib etmişəm. 2003-cü ildə “Buduqluların kompakt yaşadığı ərazilərdə təhsil alan uşaqlar üçün doğma dil- Buduq dili proqramı” hazırlamışam. 2004-cü ildən fransız dilçi alim Autier Gilles ilə birgə “Buduq dilinin qrammatikası” üzərində işləyirik.
2015-ci ildə İtaliyanın Neapol şəhərində, 2016-cı ildı Rusiyanın Moskva şəhərində beynəlxalq linqvistika konfranslarında Buduq dilinə dair məruzələrlə çıxış etmişəm. Multikulturalizm ili olan 2016-cı ildə müxtəlif müəlliflərin kitablarında Buduq atalar sözləri, məsəllər, nağıllar və Buduq dilinə etdiyim tərcümələr çap olunmuşdur. Amerikan alimi Ken Keyeslə birlikdə azyaşlı uşaqlar üçün Buduq dilini öyrənmələrinə kömək məqsədi ilə “Budano mezo şikilbezin lüğət” (“Buduq dilində şəkilli lüğət”) kitabını hazırlamışıq. Alman, rus alimləri ilə də elmi əməkdaşlığı davam etdirirəm.
Hal-hazırda I-IV sinif şagirdləri üçün “Budanu mez” (“Buduq dili”) dərslikləri üzərində çalışıram. 2024-cü ilin iyun ayindan təqaüdə çıxmağımla əlaqədar pedaqoji fəaliyyətimə xitam verilmişdir.
1984-cü ildə ailə həyatı qurmuşam. Bu evlilikdən dörd övladımız- 3 oğul və 1 qızımız vardır. Övladlarım ali və orta-ixtisas təhsillidirlər. 9 nəvəm var, xoşbəxt babayam.
Adıgözəl müəllim onu da bildirdi ki, müəllim yüksək nüfuz sahibi və uşaqlara nümunə olmalıdır. Dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də, müəllim hər sözünə və hərəkətinə məsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyində durmalıdır.
Müəllim bir dünyadır- işıqlı bir dünyadır. Müəllimsiz dünya olar, amma müəllimsiz sivilizasiya heç vaxt ola bilməz. İnsanların öz biliklərini başqa nəsillərə ötürməsinin yeganə yolu təhsildir.
Mənalı və zəngin həyat yolu keçmiş Adıgözəl müəllim öz daxili dünyasından ayrılan cığırla, işıqlı amala doğru can atan xeyirxah əməlləri kamil bir şəxsiyyətin rəmzinə çevrilib.
Adıgözəl müəllim yüksək intellektə sahib, güclü məntiqi ilə seçilən, ziyalı, xalqın vətənin gələcəyi olan gənc nəslin yollarına nur eləyən müəllim kimi də yaddaşlara həkk olunub.
Tələbə yoldaşımız Vidadi Süleymanovun dediklərindən: -Bəli, ömür boyu yana- yana azalmayan,artan, böyüyən, ucalan müəllim ömrü – Adıgözəl müəllimin ömrü neçə-neçə insan ömrünü əhatə edən, yollarına işıq saçan, şan- şöhrətli bir ömürdür, doğulub boya-başa çatdığı Qubanın saf təbiəti, bulaqları kimi təmiz bir ömürdür. Onun səsində insan ruhunun şeriyyatı, müdriklik, üzündə özünə məxsus dəyişmiş koloriti, baxışlarında həmişə axtardığımız, möhtac olduğumuz, gec-gec tapa bildiyimiz bir yaxınlıq, dostluq doğmalıq var…
Adıgözəl müəllim təmənnasız adamdır. Həm də yaxşı yoldaş, etibarlı dostdur. Kimsə çətinliyi düşərsə, ehtiyacı olarsa Adıgözəl müəllim köməyini əsirgəməz.
Onun haqqında saatlarla danışsam da, nə sözüm tükənməz. Mərd, xeyirxah adamdır. Dar məqamda, çətin ərəfədə kömək, imdad gözləyirsənsə öncə Adıgözəl müəllimi düşünün. Sevinci, yaxud da Allah eləməmiş qəm – qüssəni bölmək istəyirsənsə, Adıgözəli müəllimi axtarın. O,dost yolunda hər cür cəfa çəkə bilər. Etdiyi yaxşılığı üzə vurmaz, heç vaxt təmənna gözləməz.
Adıgözəl müəllim bir örnəkdir, nümunədir. İllər ötəcək,onu həmişə nümunə göstərəcəklər, haqqında xoş sözlər danışacaqlar…


Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB – nin və AJB – nin üzvü.

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir