HEYDƏR VƏ AZAD

HEYDƏR VƏ AZAD
         (hekayə)

17 fevral 1992-ci il Xocavənd rayonu, Qaradağlı kəndi, mövqe, sübh çağı
    Qaradağlıya sübh həmişə sakit gələrdi. Bu dəfə isə sübh qorxu gətirmişdi. Torpaq sanki əvvəlcədən xəbərdar idi – titrəyirdi. Hava ağır idi, nəfəs almaq çətinləşirdi. Günəş çıxmamış, kəndin üstünə ölüm kölgəsi düşmüşdü.
     Düşmən qəfil hücuma keçdi. Texnikanın tırtılları torpağı yara-yara irəliləyirdi. Avtomat səsləri kəndin əbədi sükutunu param-parça edirdi. Qadınların ah-naləsi, uşaqların çığırtısı, kişilərin harayı bir-birinə qarışmışdı.
      Qaradağlıya köməyə gələn Ağdam taborunun tərkibində Yusifcanlı kəndindən iki gənc döyüşürdü – Azad və Heydər.
      Azadın toyundan cəmi bir həftə keçmişdi. Gəlininin əlindən hələ xına qoxusu getməmişdi. O, bu döyüşə könüllü gəlmişdi. “Torpaq gedəndə toyun nə mənası var?” – demişdi.
      Heydər subay idi. Hər zaman səliqəli geyinər, sözünü ölçüb-biçərdi. Döyüş yoldaşları onu sakitliyinə görə tanıyırdı. Amma o sakitliyin altında qaya kimi möhkəm iradə vardı.
      Kiçik müdafiə dəstəsi günortaya qədər düşmənin qarşısını saxladı. Onlar bilirdilər ki, qüvvələr qeyri-bərabərdir. Amma geri çəkilmək də yox idi. Arxada kənd vardı. Arxada qadın, uşaq, torpaq vardı.
      Azad ağır yaralandı. Qanı torpağa süzülürdü. Ayaqları onu aparmırdı. Heydər də yaralanmışdı, amma mövqeni tərk etmədi. Bir-birinin gözünə baxanda sözə ehtiyac yox idi: dayanmaq lazımdır.
     Günorta müdafiə yarıldı.
     Düşmən kəndə doldu. Sağ qalanları bir yerə topladılar. Yaralı əsgərləri, mülki insanları, hətta şəhidlərin cansız bədənlərini belə yük maşınlarına yüklədilər. Sonra şəhidləri silos quyularına atdılar.      Torpaq sanki nalə çəkirdi.
       Hamını kəndin kənarında sıraya düzdülər. Düşmən başçısı qabağa çıxıb qışqırdı:
— Bu torpaqlar bizimdir! Siz isə həmişə bizim köləmiz olmusunuz!
       Heydər yerə uzanmışdı. Düşmən əsgərlərindən biri gəlib yarasının üstünə basırdı. Heydər dişlərini sıxırdı. Qışqırmırdı.
     Birdən başçı istehza ilə dedi:
— Qorxmursunuzsa, uşaqlara icazə verirəm qaçsınlar. Bax orada sizinkilərdir. Gedin deyin, çıxıb getsinlər. Gələcəyik… Bakıya qədər gələcəyik!
      Bir neçə məktəbli uşaq irəli çıxdı. Heç kəs arxalarından “dayan” demədi. Çünki deyəcək valideyn qalmamışdı.
      Uşaqlar qaçmağa başlayan an başçı avtomatın qoruyucusunu açdı.
       Elə həmin an Heydər qalxdı.
       Yaralı bədəni ilə düşmən başçısının boğazından yapışdı. Onu yerə yıxdı. Avtomatdan açılan nəzarətsiz atəş bir neçə düşməni vurdu. Heç kim atəş aça bilmirdi – bir-birinə çox yaxın idilər.
         Heydəri vururdular, təpikləyirdilər. Amma o buraxmadı. Son gücü ilə avtomatı başçının sinəsinə dirədi və güllələri boşaltdı.
          Başçı öldü.
          Bir neçə saniyəlik sükut oldu.
          Sonra Heydəri güllələdilər.
          Heydər yerə yıxıldı. Baxışları qaçan uşaqların arxasınca getdi. Dodağında zəif bir təbəssüm vardı.
            Azad bu səhnəni gücsüz halda seyr edirdi. Gözlərinin önündən toy günü keçdi. Sonra hər şey qaranlıqlaşdı.
           Qaradağlı torpağı iki igidini qucaqladı.
           Onlar bir kəndi qoruyub saxlaya bilməsələr də, bütov bir xalqın ləyaqətini xilas etdilər. İgid oğullarımızın canları, qanları bahasına qoruyub saxladığı bu ləyaqət və mənlik hissi zamanı gələndə öz işini görəcəkdi…
03.02.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir