Şəfəq Nasirin yaradıcılığı milli yaddaşın işığında

Şəfəq Nasirin yaradıcılığı milli yaddaşın işığında

Azərbaycan jurnalistikasında özünəməxsus dəst-xətti ilə seçilən yazıçı-publisist Şəfəq Nasir uzun illərdir ki, oxucuların rəğbətini qazanan qələm adamlarından biridir. Onun publisistikası, araşdırmaları və bədii düşüncəsi hər zaman diqqət çəkib. Şəfəq xanımın yaradıcılığını yaxından izləyənlər yaxşı bilirlər ki, o, yalnız jurnalist kimi deyil, həm də milli yaddaşımıza xidmət edən ciddi tədqiqatçı kimi fəaliyyət göstərir.
Son illərdə işıq üzü görən “İdrakın işığında”, “Lək-lək”, “Bürhani-həqiqət” kitabları müəllifin zəngin yaradıcılıq axtarışlarının nəticəsidir. Bu əsərlərdə təkcə ədəbi düşüncə deyil, həm də milli kimliyimizə bağlılıq, tariximizə və mənəvi köklərimizə ehtiram açıq şəkildə hiss olunur. İrəvan ədəbi mühitini, Qərbi Azərbaycanın zəngin mədəni irsini özündə əks etdirən bu kitablar oxucular tərəfindən böyük maraqla qarşılanıb.
Bu günlərdə həmin kitabların təqdimat mərasimi Qərbi Azərbaycan İcmasında keçirildi. Tədbirdə elm və ədəbiyyat adamları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etdilər. Təqdimat zamanı geniş müzakirələr aparıldı, müəllifin yaradıcılığı yüksək qiymətləndirildi.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov çıxış edərək Şəfəq Nasirin Azərbaycan ədəbiyyatına və publisistikasına verdiyi töhfələri xüsusi vurğuladı. O bildirdi ki, müəllifin əsərləri milli yaddaşın qorunmasına, Qərbi Azərbaycanın ədəbi və mənəvi irsinin gələcək nəsillərə çatdırılmasına mühüm xidmət göstərir.
Çıxış edən alimlər və tədqiqatçılar Şəfəq Nasirin mənsub olduğu ziyalı nəslindən də bəhs etdilər. Xüsusilə onun babası, “Molla Nəsrəddin” ədəbi məktəbinin davamçılarından olan Məmmədəli Nasirin yaradıcılığı yada salındı. Bildirildi ki, Şəfəq xanımın bu gün milli düşüncəyə, maarifçiliyə və həqiqətə xidmət edən bir yol seçməsi təsadüfi deyil. O, babasından gələn ziyalılıq ənənəsini uğurla davam etdirir.
Şəfəq Nasirin yaradıcılığı bir daha göstərir ki, ədəbiyyat yalnız söz sənəti deyil, həm də milli yaddaşın qorunması, həqiqətin yaşadılması missiyasıdır. Onun zəhmət və məsuliyyətlə ərsəyə gətirdiyi əsərlər milli-mənəvi dəyərlərimizin təbliğinə xidmət edir.
İnanırıq ki, yazıçı-publisist Şəfəq Nasir bundan sonra da yeni əsərləri ilə oxucularını sevindirəcək, Azərbaycan ədəbiyyatında və publisistikasında qazandığı uğurlarını davam etdirəcəkdir.
Şəmsiyyə Kərimova,
29.05.2026 Bakı
Əməkdar jurnalist

Şəfəq Nasirin yazıları

Şəmsiyyə Kərimovanın yazıları

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir