Sədulla Şirinovun hekayəsi

KİMDİR DƏLİ?

     (hekayə)

  Həsən kişi televizorun pultunu əlinə alıb Azərbaycanın, Türkiyənin kanallarını aradı. Zövqünü oxşayan baxılacaq bir çey tapmadıqda, söndürüb yatağına uzandı. Adəti üzrə on il qabaq dünyasını dəyişmış həyat yoldaşını xatırlayıb, xəyalən onunla dərdləşdi. Ailəsində, ətrafında baş verən gündəlik məlumatı ona çatdırdı. Zal otaqda az qala divarın yarısını tutan geniş ekranlı televizorda Türk serialına baxan kiçik oğlu ilə gəlininin söz atışması, onun dərmanla nizamladığı ürək döyüntüsünü norma həddini aşırdı. İki gün qabaq oğlu onu həkimə aparmışdı. Kardioloq-Şücaət onu müayinə etdikdən sonra, yazdığı resepti oğluna verib aptekə göndərdi. Təklikdə ona ciddi xəbərdarlıq etmişdidi ki, stresdən, qalmaqallı yerlərdən uzaq dursun. Televizorda təsir edici verilişlərə baxmasın.

  Onda o, həkimə demişdi:

  – Doxtur desəniz ki, televızora baxma! Bu, mənim əlimdə su içmək kimi bir şeydir. Onsuz da mən xeyli vaxtdır televizorda ancaq xəbərlərə baxıram. Bu dövrün qocaları zamanın elə bir mərhələsində yaşamağa məhkum olublar ki, stresdən yayınmaq mümkünsüzdür. Dabanıma tüpürüb hansı yana qaçsam da qarşıma çıxacaq.

  – Aqressiv,amormal ünsürlərdən uzaq durmaq çoxmu çətindir?

  – Kənarda olsaydılar çox asan olardı. Özümü elə bir dalana dirəmişəm ki, qurtuluşum ancaq əzrayılın əlindədir.

  Onun nə demək istədiyini dərk edən kifayət qədər həyat təcrübəsi olan həkim soruçdu:

  – Pensiya alırsınızmı?

  – Alıram.

  – Ev-eşik kimin adınadır?

  – Mənim.

  – Həsən dayı, sizi yaxşı tanıyıram. Elə də zəif adam deyilsiniz. Bunun çox qısa, həm  də rahat yolu var axı.

  Həkimin fikrini göydə tutan Həsən kişi gülümsündü. Dərindən köksünü ötürüb barmaqlarını ona göstərib soruşbu:

  – Bu barmaqlar kimindir?

  – Sizin.

  – Bunlardan biri zədələnərsə, ağrısını kim çəkəcək?

  – Əlbəttə, siz.

  – Evimdə böyüyən dörd nəvəm də canımın bir hissəsi deyilmi? . Fikriniz mənə çatdı. Reallaşsa ən çox zərər çəkən onların olacağını bildiyim halda nə etməliyəm? Ya insanlıq naminə səsiz-səmirsiz yurddan uzaqlaşmalıyam, bu da maddi imkanım daxilində deyil. Ya da layiq olmadığım acını uda-uda əzrayılın

gəlişini gözləməliyəm.

  Həsən kişinin sağlamlıq durumuna yaxşı bələd olan həkim ona ürəyincə olmayan proqnoz vermişdi:

  – Həsən dayı, ömrün müddətini təyin edən Tanrıdır. Əlimdəki müayinələrinin cavabına görə tam əminliklə deyə bilərəm ki, yolunu gözlədiyin əzrayılın gəlişi  qarşıdakı on-on beş ildən sonralara uzanır.

  Həkimin proqnozu onun üçün müştuluğa layiq olmadığından, Həsən kişi bunu, təəssüf hissi ilə qarşıladı.

  – Doktor, əzrayılla üz-üzə gəlsəm, ona ilk sualım bu olardı: mənim kimi, yolunu gözləyən hay-hayı gedib, vay-vayı qalan qocaları qoyub, cavanların canına qıymağın ədalətsizlik deyilmi?

  – Həsən dayı, əsrayılı qınama! O, Allahın icraçısıdır. Tanrımız hər birimizin ömrümüzün müddətini alın yazımızda qeyd eləyib. Əcəl yaşa baxmır. Kimi tez-kimi gec yaxalayır. Hələ dünyaya gəlincə əbədiyyətə qovuşdurulan  döllərin sayı bəlkə də dünyaya göz açan körpələri ustələyir.

  – Doktor, fikrinizlə tam şərikəm. Dediklərimi ciddiyə almayın. İçimdə tüğyan edən dərdimdən yayınmaq üçün ağzıma gələni üyüdürəm. Anaların bətnində yetişdirdiyi dölün qətlinə fərman verib, dünya işığına həsrət qoymasını Allah onlara bağışlayarmı? Bu, dünyada törədilən cinayətlərin ən dəhşətlisi deyilmi? Təəssüf ki, bu, cəmiyyət tərəfidən qınanılmayan, laqeyid qalınan, yeganə ən qatı cinayətdir.

  Həsən kişinin mərhun həyat yoldaşı da ondan xəbərsiz bir-neçə dəfə, bətnində dölünü tələf eləməşdi. Bu dünyada onu düşmən gözündə görən yeganə adam-gəlıni də, qaynanasının yanlış əməlini təkrarlamışdı. Heç birinin Allahın qadağa qoyduğu bəd əməlinə qarşı müdaxilə etmək iqtidarında olmamışdı o. Heç birində ailə başçısı kimi onun rəyi nəzərə alınamışdı. Alınsaydı, əlbəttə, o, buna qarşı çıxardı.

  İndi gəlininin qızışıb ərinə qarşı cəngə girişməsinin kökündə- ailə daxili probem qaynamırdı. Psixi durumu sarı xətti aşmayan normal insanlar üçün, bu ailənin maddi səviyyəsi qənaətbəxş idi. Təəssüf ki, bu onu qane eləmirdi. Özünü daha artığına layiq sanırdı. İzlədiyi seriallarda özündən əskik sandığı obrazların meşşan həyat tərzinin paxıllığını çəkirdi o. İstəyirdi ki, o da onlar kimi qulluqçu buyursun. Bahalı maşın idarə eləsin. Ziyafətlərdə hamının diqqət mərkəzində olsun. Bu axşam da ər-arvad həmişəki kimi uşaqlarını yatdırıb seriala baxırdılar. Ziyafət səhnəsində xanımların ədalı davranışları onun tarıma çəkilmiş kövrək hissini alovlandırdı.

  – Onlar da deyir: yaşayırıq, biz də. Dırnağımın kirinə də layiq olmayanların yaşayışına baxanda, məni dünyaya gətirənlərə nifrət edirəm. Deyə mızıldayanda, Ənvər emosiyasının ipini darta bilmədi.

  – A bədbəxt! Onlar tamaşada, rola giriblər. Roldan çıxdıqdan sonra ust-başlarında nə varsa təhvil verəcəklər. Bəlkə də real həyatda onların maddi durumu sənə qibtə edəcək vəziyyətdədir.

  – Düz deyirsən, bədbəxtəm. Səninlə evlənməyə razılıq verməklə özüm özümü bədbəxt eləmişəm. Mən kəndin ortasında sürünə-sürünə yaşamağa layiq bir qız deyildim. Şəhərdə qalsaydım bilırsənmi səsim haralardan gələrdi?

  – Səni məndən yaxşı tanıyan varmı?

  – Bu nə sualdır mənə verirsən?

  – O sualdır ki, sənin qabında nə qaynadığını məndən yaxşı bilən yoxdur. Qabiliyyətinə də bələdəm, zehni potensıalına da, ağlına da. Faktiki dərrakənə görə tam əminliklə deyə bilərəm ki, xəyalında canlandırdığın sədan yüksəkliklərdən yox, ancaq çökəkliklərdən eşidilər.

  – Budurmu mənə verdiyin dəyər? Nail olduqlarını mənim sayəmdə əldə etmisən. Tələb etməsəydim bunların heç birini yuxunda da görməzdin.

  – Hansı birində bir qəpiklikdə zəhmətin olub. Götürdüklərim kreditlər atamın pensiya kartı ilə ödənilib. Kartının rəngini vaxtı bitəndən-bitənə görür, atam.

  – Yeyib-içdiyinin, geydiyinin, həkimə, iynə-dərmana xərclədiklərinin hesabı göydənmi yağır?

  – Sadaladıqların onun kartından istifadə etdiyimin cüzi bir hissəsidir. Bunu dərk etməməyin cımxır dəli olduğuna, məndə şübhə yeri qoymur.

  – Mənim dəli olduğuma yox, dəlilərin içində qaldığıma camaat yanıb-yaxılır. Heç bilirsənmi neçə adam məndən soruşub: bu can-zürənlə kişi qəhət idimi ki, ömrünü dəlilərin işində çürüdürsən?

  – Daha sənə sözüm yoxdur. Dəlixanadakılar bilsələr ki, sənin kimilərə dəli demirlər, üsyan edərlər.

  – Sizinkiləri onlara qatmırlar deyə üsyan edırlər.

  – Atam həmişə mənə deyib: dəliyə baş qoşub, özünü onun səviyyəsinə endirmə! Sənin kimilərə insaniyyətin nə olduğunu qandırmaq eşşəyə əttəhiyyət surəsini izah etmək kimi bir şeydir.

  Ənvər qapını çırpıb həyətə çıxdıqdan sonra da gəlinin ağzı yumulmadı. Mızıldana-mızıldana nəsil-kökünü qatıb-qarışdırmaqda davam elədi. Televizorun səsni artırıb astadan danışdığından, nə sayaqladığını eşitməsə də, nədən bəhs etdiyini anlayırdı Həsən kişi.

  Tez-tez təkrarlanan belə hallarda ürəyinin doyüntüsü yüzü keçən Həsən kişi rəhmətlik həyat yoldaşı-Münəvvər müəllimə ilə təmasda olurdu. M.C. Qluzadənin “ Ölülər” əsərindəki kefli İsgəndərin monoloqunu başqa variantda səsləndirirdi:

 – Əgər Rəbbimiz Cəbrayıl mələyin vasitəsi ilə sənə ismarıc göndərsə ki, yenidən bu dünyaya qayıtmaq istəyirsənmi? Əsla razılaşma! Dəlisinin say tərkibi ağıllısını üstələyən, dəlisi ağıllını dəli zən edən bu dünyada, sakit təbiətli, saf insanların hüzur içində yaşaması günü-gündən çətinləşir. İki gün qabaq sonbeşik oğlumuz məni səni müalicə edən Şücaət doxturun yanına aparmışdı. Ciddi xəbərdarlıq elədi ki, stresdən özümü qoruyum. Başımıza elə bir daş salmışıq ki, bizim evdə bu, mümkünsüzdür. Belimizə bələdiyin- xətrini çox istədiyin qohumun dədəsi evində qarıyası qızı- gəlinimiz hələ də başımızda od qalayır. Özümüzünkidir deyə yola verdikcə, baş qoşmadıqca ayağı yer aldı. Özünə yer elədi. Verdiyimiz yola gül əvəzinə tikan döşədi. Sənə nə var ki? Cənnətməkanda öz keyfindəsən. Bu dünyanın dəlilıyi sübuta yetirilməz ünsürləri gözün görmür, könlün bulanmır.

  Axşam izlədiyi serialdakı meşşan qadın obrazlarının canlandırıldığı-təmtəraqlı həyat tərzinin paxıllığını çəkən gəlininin havalanıb, həyatından giley-güzar etməsinin təsirindən gecəni kəm yuxulu keçirmişdi, Həsən kişi. O seriallara baxmasada, bilirdi ki, orda ibrət götürəsi, nəticə çıxardası, müqayisə edəndə özünün yaşadığı həyat tərzinə şükür ediləsi səhnələr də yer alıb. Onu yandırıb-yaxan, təəccübləndirən, təəssüfləndirən – gəlini kimi dayaz düşüncəli düşüklərin müsbəti duymayıb, məfiyə köklənməsidir.

  Gecəni natamam yuxulu keçirməsinə baxmayaraq, həmişəki kimi obaşdan oyanan Nəsən kişi dəstəmazını alıb, sabah namazının azanının səsləndirilməsini gözlədi. Namaz qıldıqdan sonra mətbəxə keçdi. Qaz sobasını alışdırdı. Çaydandakı suyu boşaldıb, yaxalayıb, doldurub qaynamağa qoydu.

  Çayı dəmlədikdən sonra dəm aldığı müddətdə qəlyanaltısının hazırlığını gördü. Soyuducudan kərə yağ götürüb masanın üzərinə qoydu. Qapalı dolabdan yarıya qədər boşaldılmış, yarım litirlik bankədən bir xörək qaşığı xarramış cökə balı çıxardıb, qaşıq qarışıq nəlbəkiyə qoydu. Bir ədəd yumurtanı kiçik qazançada sarısı qırmızı hal alana qədər bişirib, qəlyanaltısını elədi.

  Hirsı soyumayan gəlin də oyanıb, qaynatasına fikir vermədən səhər yeməyinin hazırlığına başladı.

  Həsən kişi gəlininin  işini sərbəst görməsinə şərait yaratmaq üçün yeməyini tamamlayıb, otaığına keşdi.

  Televizoru açdı. Gəlini kimi serial axtarışına çıxmadı. O, hər səhər qəlyanaltıdan sonra əvvəlcə yerli xəbərləri izlədikdən sonra, kanalı dəyişib TRTE – 1 xəbərlər proqramına baxardı.

  İstirahət günü olduğu üçün Ənvər yatağından gec qalxmışdı. Əl-üzünü yuyub, həmişəki kimi mətbəxə keçmədi. Gəlib divanda əyləşib televizora baxan atasının yanında oturdu. Həmişəki kimi onun hal-əhalını xəbər aldı. Səhəti ilə maraqlandı. Şücaət həkimin yazdığı dərmanları qəbul etməsini soruşanda, gileyləndi:

  – Qocalığımı görməsəm də, hiss eləməsəm də, altdan-altdan işini görürmüş. Nə yeməkdən əvvəl, nə də sonra işəcəyim dərmanları unutmuşam. Nə yaxşı ki, yadıma saldın.

  – Bax, bu olmadı. Şücaət doxtur tapşırmadımı ki, qalan ömrünü ağrı-acısız başa vurmaq istəyirsənsə, dərmanlarını vaxtlı-vaxtında qəbul elə. Laqeyid yanaşsan, ara versən faydası olmayacaq.

  – Bilirəm. Qalan ömrüm azar-bezarsız, dəva-dərmansız ötüşməyəcək. Cavanlıqda dua edəndə Tanrıdan  çox çey istəyirdim. İndi isə yeganə istəyim: yatağa düşmədən, heç kəsi incitmədən, qəfil ölümdür. Məni indən sonra yaşayacağım müddətdə qaçılmaz olacaq ağrı-acım əsla narahat eləmir. Narahatçılığım-necə öləcəyimdir.

  Həsən kişi cəhd eləsə də, doluxsunduğunu oğlundan gizlədə bilmədi. Yanaqlarında gilələnən göz yaşı da sübut elədi ki, nə qədər açı olsa da, hamı kimi  o da, öz xoşu ilə bu dünyadan ayrılmaq istəmir. İstəyə baxan varmı ki? … Yaranış elə proqnozlaşdırılıbdır, yaradılan hər-bir canlı bu dünyanın müvəqqəti sakinidir.

  Körpəliklə başlayan insanın ömrü qocalıqla sona yetir. Qocalıq mərhələsinə çatmadan tamamlanan-natamam ömürlərin sayı təəssüf ki, tam ömürləri üstələyir. Taleyin hər bir inssanoğlunun qısmətinə yazdığı ömür payının son mərhələsi-qocalıq çağını yaşayanlar gözlənilən ağrıları həkimlərin yazdığı dərmanlarla dəf edə bilərlər. Ətrafındakı anormal ünsürlərin isə, yanğısı daha dəhşətli olan – neqativ enerjisının əlacı təbibin yox, əzrayılın əlindədir.

  Həyat yoldaşının anormal davranışından zara gələn Ənvər düşünəndə ki, qarşıdakı yaxın illərin bir günündə anası kimi atası da onu əbədi tərk edəcək, canına üşütmə düşürdü.

  İndi onun atasına körpəlik çağında olduğundan daha çox ehtiyacı var idi. Atasının yardımı olmasaydı danışığının başı-ayağı bilinməyən, dayaz düşüncəli, israfçılıqda tayı-bərabəri olmayan, həm qohum, həm də uşaqlarının anası olduğuna görə hər kaprizinə dözdüyü həyat yoldaşının imkanxaric tələbini reallaşdırmaqda çətinlik çəkərdi.

  Həsən kişi nəmli gözlərini oğlundan gizlətmək üçün diqqətini televizora yönəltmişdi. Ənvərin nəzərləri atasına zillənmişdi. Cavanlıq illəri ilə müqaisədə onun indiki görkəminin bu qədər nəzərə çarpacaq dərəcədə dəyişdiyini bu anadək hiss eləməmişdi o. Buna səbəb kiçik yaşlarından atası ilə danışanda  üzünə baxmaması idi. Anasının vaxtsız dünyasını dəyişməsindən sonra atasının uzun müddət qaşqabağı açılmamışdı. Deyib-gülən, zarafatcıl bir adamın yüz səksan dərəcə dəyişilib qaraqabaq bir insana çevrilməsi, tez-tez tənhalığa çəkilib gözünü bir nöqtəyə dikib uzun-uzadı fikrə getməsi, verilən suallara ləng cavab verməsi, Ənvərlə bacılarını çox narahat edirdi. Onu özünə qaytarmaqdan ötrü dəridən-qabıqdan çıxsalar da, cəhdləri nəticəsiz qalırdı.

  Bir gün onların bacarmadığını Ənvərin kiçik oğlu –    Arif reallaşdırdı. Həmin gün bacıları uşaqları ilə onlara gəlmişdilər. Böyük bacısı Səba xətrinə dəydiyinə görə Arif küsüb ağlaya-ağlaya həyətdəki calğanın altındakı oturacaqda oturub, həmişəki kimi dərin fikrə gedən babasın yanına getdi.

  Həsən kişi nəvəsini qucağına aldı. Saçını sığallayıb, soruşdu:

  – Yenə kimdir sənin xətrinə dəyən?

  – Kim olacaq? Hamınızın çox istədiyi bacım.

  – Sənə kim dedi ki, onu sədən çox istəyirik.

  – Özü belə deyir.

  – Sənə bir sir açsam heç kəsə deməzsan ki?

  – Demərəm. Bir daş altda, bir daş üstə. Buyur gəlsin.

  Dörd yaşlı nəvəsinin böyüklər kimi danışması, Həsən kişinin sifətindən qeybə çəkilən təbəssümünü geri qaytardı. Oğlunun da bu yaşlarda olarkən nəyisə bacıları ilə bölşə bilmədikdə, ağlayaraq ona sığındığı vaxtlarını xatırladı. Bir vaxt oğlunun keyfini yüksəltmək üçün səsləndirdiyi ifanəni nəvəsinə təkrarladı:

  – Mən səni hamıdan çox istərirəm.

  – Bacılarımdandamı?

  – Nəinki onlardan, bu dünyada yaşayan insanların hamısından çox istəyirəm. Bilirsənmi niyə?

  – De bilim də.

  – Çünki sən mənim balamın balasısan.

  – Bacılarım da sənin balanın balasıdır axı.

  – Onlarda mənə əzizdir. Sən isə evimizin bir kişisisən. Buna görə də səni hamıdan daha çox istəyirəm.

  – Kişiyəm deyəndə, bacım deyir ki, mən hələ uşağam. Kişi olmağıma çox qalıb. Keybaş qanmır ki, kişinin böyüyü kiçiyi olur. Mən bu evin balaca kişisiyəm.

  – Onlara fikir vermə. Mən səni gerçəkdən də çox istəyirəm. Amma bu, ikimizin arasında qalsın. Fikrimi onlara çatdırsan, xətirlərinə dəyər. Məndən də küsərlər. Sözündə duracağına əmin ola bilərəmmi?

  – Ağzında deyirsən: kişiyəm. Kişi sözündə durar da.

   Nəvəsindən – atasının təxminən bu yaşlarda olarkən, eynən buna bənzər ifadənin təkrarını eşidənə, heç zaman ağlından keçməyən bir fikir peyda oldu beynində. Xeyli götür-qoy edib, düşündü: bu, təsadüfdürmü, yoxsa?… Cavabı qəliz yoxsanın ətrafında da xeyli baş sındırdıqdan sonra, ağlına gəlsə də, heç vaxt dilinə gətirməyə cürət etməyəcəyi bir fikir formalaşdı təxəyyülündə: İnsan oğlunun ilahi yaranış barədə olan təsəvvürü yanlış istiqamətə köklənib. Yaranışın gerçək sirrini ucaTanrımız bəndəsinə hələ açıqlamayıb.

  O nəvəsinin üzünə diqqətlə baxdı. Bu məsum sifətdə oğlunu da gördü, özünü də, atasını da, babasını da. Əlbəttə orda üzünü görmədiyi N sayda babalar da vardı. Daha diqqətlə baxdıqda, itgisi həyatını alt-üst edən, onu bu dünyanın nəşəsidən məhrum edən nənəci – rəhmətlik həyat yoldaşını da görəndə, sanki onu qəflət yuxusundan ayıtdılar. Birdən-birə onda elə təəssürat yarandı ki, ölüm – insanın bu dünyadakı varlığının sonu deyilmiş. Əbəs yerə- ömür payının ən gözəl çağını ona sərf edən həyat yoldaşının yoxluğuna üzülürmüş. Onun ruhu tək halda əbədiyyətə qovuşsa da, bu dunyada hələ neçə-neçə Münəvvərlər həyatını davam etdirəcəklər.

  – İndi də mənim sənə sualım var. Kişi kimi mərdi-mərdanə söylə: evimizdə kimi daha çox istəyirsən?

  – Səni də istəyirəm. Xətrinə dəysə də, düzünü bılmək istəyirsənsə, bil ki, atamı daha çox istəyirəm. Nədənsə, anamı heç istəmirəm. A baba, o, nə üçün hamımızın üstünə bağırır?

  Nəvələrinin heç birindən belə bir sual gözləmirdi Həsən kişi. Üzdə olan cavabı səsləndirməkdə sətinlik çəkdi o. Əlbəttə, nəvəsinə deyə bilməzdi: – a bala, o, dəliliyin astanasındadır. Atanla mənim kimi baş qoşma ona.

  – Analar uşaqlarına bağırar da, səbəb olanda döyər də. O, sizi çox istədiyindən döyür ki, ağıllanasınız.

  – Vallah baba, sənin belə düşünəcəyini gözləmirdim. O məni bağırmaqla, döyməklə ağıllandıracağını zən edisə, yanılır. Bizi çox istəsəydi, üstümüzə bağıra-bağıra, döyə-döyə yox, şirin dillə, əzizləyə-əzizləyə ağılandırmağa cəhd edərdi.

  Səkası yaşını qabaqlayan nəvəsinin məntiqinə məətəl qalan Həsən kişi onun dünaya gəldiyi günü xatırladı. Gecə yarıdan keçmişdi. Sancısı tutan gəlinini oğlu ilə yoldaşı-Münəvvər doğum evinə aparmışdılar. O həyacanla təzə xəbər gözləyirdi. Ürəyində Allaha yalvarırdı kı, üçüncü nəvəsi oğlan olsun. Nəhayət günortaya yaxın telefonuna zəng gəldi. Oğlu sevinclə xəbər verdi:

  – Ata! Gözün aydın olsun! Muşduluğunu hazırla. Oğlumuz olub – deyəndə, o dərəcədə sevindi ki, bəd xasiyyətinə görə danışdırmadığı gəlini yanında olsaydı, bağrına basardı.

  – Təbrik edirəm. Atalı-analı xoşbəxt böyüsün!

  – Anam deyir ki, adını Həbib qoyaq. Sən nə deyirsən?

  – Yox. Bu adı ikincisinə qoyarıq. Mən onu atamın adlyla çağıra bilmərəm. Arif qoysaq necə olar?

  – Ay ata, bəs ikincisını necə çağıracaqsan?

  – Onu bunun qədər istəməyəcəyəm axı.

  – Nəyə görə bu adı seçdin?

  – Ona görə bu adı düşündüm ki, dünyamız arif adamlara möhtacdır. Mən tələb etmirəm ki, hökməm bu adı qoyun. Öz aranızda düşünüb, bəyəndiyiniz adı seçə bilərsiniz.  

  Adın insanın həyatındakı rolu barədə heç bir məlumatı yox idi Həsən kişinin. Nəvəsinə ad seçərkən ilk ağlına gələn bu olmuşdu.

  Nahara gələn Ənvər oğlunun nə dedisə, atasının qəhqəhə çəkib güldüyünü görəndə, həm sevindi, həm də təəccübləndi. Anasının ölümündən sonra ilk dəvə atasının ürəkdən güldüyünü görəndə, özü də çox sevinmişdi.

  – Baba ilə nəvə birləşib kimin qeybətini qırır? – dedi.

  Arif həmişəki kimi atasının qabağına gedib, özünü öpdürdükdən sonra dedi:

  – Ay ata, arvadlar qeybət qırar. Evin kiçik kışısiylə böyük kişisi öz aramızda söhbət edirdik.

  Həsən kişi nəvəsini çiynyndən tutub sinəsinə sıxıb, alnından öpdü. Sonra başını qaldırıb oğluna baxdı.

  – Eşitdinmi?

  – Dünən buna vurduğuna görə anasına acıqlanmışdım. Ona dediyini eşitsən dəhşətə gələrsən.

  – Nə demişdi?

  – Anası deyəndə: sənə urcah olan günə daş yağaydı, canım çıxaydı, sənin kimi qədirbilməzə qismət olmayaydım. Bu, çəkinmədən demişdi: – elə özün daşın yekəsisən də düşmüsən başımıza. 

  Həmin gündən sonra Həsən kişi deyib gülməyə başladı. Nəvələrinə sevgisi bəd xasiyyətli  gəlinininə qəlbində közərən nifrətinin qarşısına  sipər çəkmişdi. Onun anormal davranışından zəhləsi getsə də, məntiqsiz, ət tökücü danışığına əhəmiyyət vermirdi.

  O gün Ənvər atasını həkimə apararkən, onun normanı aşan ürək döyüntüsünü qaydasında saxlamaq üçün hansı pəhriz növündən istifadə etməyin vacib olduğunu soruşanda, Şücaət dokror gülümsəyərək demişdi:

  – Atan pəhriz haqda kifayət qədər bigiyə malikdir. Hətta mənə də bu sahədə dərs verə bilər. Sən onu gücün çatırsa stresdən qoru. Əks təqdirdə yazdığım dərmanların efekti olmayacaq.

  Ənvər həkimin nə demək istədiyini anlamışdı. Dərindən kösk ötürüb ürəyində demişdi: elə bir əhvi ilan bəsləyirik, evimizdə bu mümkünsüzdür.

                                                  ***

  Gəlininin axşamkı absurd giley-güzarının təsirini dəv etmək üçün, yaxınlıqda yaşayan qızı – Şahnaz gilə getməyə qərar verən Həsən kişi yolda, gözləmədiyi hadisə ilə üzləşdi. Evlərindən təxminən iki yüz metr aralıqdakı üç yolda beş – altı nəfər gənc oğlan, otuz-otuz beş yaşlarında olan əqli qüsurlu Əhmədlə mübahisə edirdilər. Yanlarından keçəndə Əhməd ona səsləndi:

  – Həsən dayı, tələsmirsənsə bir dəqiqə dayansana.

  – Əhməd, səndən ötrü bir saat da dayanaram.

  – Həsən dayı, günün hansı vaxtı keçirəmsə bu şeyləri burda görürəm. Bunların evlərində iş-gücləri yoxdurmu? Nə boyük sayırlar, nə kiçik. Ağızlarına gələni sayaqlayırlar. Başımı sallayıb yolumla gedirəm. Çevrilib üzlərinə də baxmıram. Söz atırlar, cavab vermirəm. Çünki axmaq-uxmağa baş qoşmaq istəmirəm. Dinməzcə ötüb-keçirəm. Yenə dillərini dinc qoymurlar. Arxamca:-dəli Əhməd – deyə məni təhqir edirlər. Sən bu kəndin sözü keçən, nüfuz sahibi, dünya görmüş  ağsaqqalısan. De görüm burda dəli kimdir? Bunların hansı məndən ağıllıdır?

  Həsən kişi gənşlərə baxanda, başlar aşağı sallandı. Gözləyirdilər ki, danlanacaqlar bu baş vermədi. Allahın məğmun bəndəsınin qəlbini qıracaq səviyyədə ağlı olan insanı, bir-neçə kəlmə ilə ağıllandırmağın mümkünsüzlüyünü dərk edən Həsən kişi onlara baxıb, təəssüflə başını bulamaqla kifayətləndi. Üzünü Əhmədə tutub, onun qırılmış könlünü almaq üçün dedi:

  – Sən baş qoşmadıqlarının hamısından ağıllısan.

                                                                                    21.07.2024

Müəllif: Sədulla ŞİRİNOV

SƏDULLA ŞİRİNOVUN YAZILARI

SƏDULLA ŞİRİNOVUN KİTABLARI

Sədulla Şirinovun yaradıcılığı

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir