
Fəsil nəğməsi
Yenə tufan qopub, ildırım çaxır,
Ümidlər diksinir yatmış körpə tək…
Uyub xəyalların şirinliyinə
Evini axtaran, sərkərdan köpək,
Gəl sənin yalına ümid doğrayım,
Bir az da göz yaşı töküm, içərsən.
Solmuş arzulara basıb pəncəni
Dünyanın içindən ötüb keçərsən…
Dönər xəyallara bu ömür-filan,
Bir udum ölümdə qərq olar ya da.
İsti izlərini öpüb qoxlayan,
Körpə küçüklərin qalar dünyada.
Qorxma! Balaların çıxmaz yoluna,
Arxanca boylanan gözləri gülər.
Çünki yetimlərin bomboş yalına
Ölmüş ümidlərin özləri gələr…
Müəllif: İbrahim RÜSTƏMLİ
Şair-publisist, Əməkdar jurnalist
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında