Etiket arxivi: Sədulla Şirinovun hekayəsi

Sədulla Şirinov – Sirr

SİRR

(hekayə)

     Sirlərlə doludur dünyamız. Tanrımızın yaratdığı hər şeyin öz sirri var. Bəşər yaranandan üzü bəri insan oğlu üçün gizli qalan o qədər sirlər var ki,axirətə qədər üstü örtülü qalacaq. Bəlkə də elə bir sir var ki, üstü açılarsa, insan oğlunun kabusuna çevrilən xəstəliklərin bir əlaşla çarəsi tapılar. Ola bilər ki, indiki dövrümüzdə mövcud olan qidalanmamızın elə üsulu var ki, dilimizdə dolaşan “çox yaşa!” alxışı “yüz yox, qədimlərdə olduğu kimi “iki yüz”, “üç yüz” il nəzərdə tutular.

  Keşməkeşli ömrünün yetmiş ilini arxada qoyub, səksana doğru addımlayan Heydər kişi cavanlığında olduğu kimi, indi özünə uzun ömür arzulamırdı. Hər  namaz üstə Allahdan: ağrı – acısız, yatağa düşmədən, qəfil ölüm arzulayırdı. Təbiətcə sakit adam idi o. Kiminsə xətrinə dəyəcək, ona nifrət ediləcək hərəkət eləməmişdi o. Vızıldaya-vızıldaya üstünə qonan ağcaqanadı şilləsiylə öldürəndə də, – bu da Allahın yaratdığı bir həşaratdır yaşamağa haqqı var – deyə heyifsilənərdi. Ömründə bir dəfə də olsun heyvan başı kəsməmişdi. Məcburiyyət qarşısında kəsdiyi toyuğun boğazından axan qan, başını üzüb buraxdıqdan sonra ora-bura çırpınması uzun müddət gözlərinin önnündən çəkilmirdi. Bir canlının həyatına son qoyduğuna üzülürdü. Sadəlöv olduğuna görə çox aldadılmışdı, həriflənmişdi. Heç vaxt onu aldadanlara, hərifləyənlərə nifrət eləməmişdi. Çünki onlar yadlar idi. Tədbirsiz olduğuna görə qınanılası özü idi. Özünü də qınayardı.

  Xətrinə dəyən biri var idi. O da kənarda deyildi. Özünün qurub – yaratdığı yurdunda idi. Baxmayaraq ki, qonu-qonşu, el-oba arasında xeyirə-şərə yarayan, yaxşı adam kimi nifuzu vardı, əlindın hər iş gəldiyinə, heç kəsdən köməkliyini əsirgəmədiyinə görə başına and işirdilər, ailə daxilində isə öz evində onu adam yerinə qoymayan vardı. O da kim olsa yaxşıdır? Onun özünün təkidi ilə ailəsinə caladığı – kinli, öpkəli, hegemon gəlini.

  Ömrünün qırx bir ilini birlikdə yaşamışdı, rəhmətlik altı il qabaq dünyasını dəyişən Xədicə ilə. Bu müddətdə bir dəfə də olsun qəlbini qıracaq acı söz eşitməmişdi ondan. Atası onu, bir gözdən ibarət çəpərlə hörülmüş, hər iki tərəfi sarı torpaqla suvanmış daxmaya köçürəndə, böyük oğlunun bir yaşı olardı. Əlavə üç övlad dünyaya gətirmişdi Xədicə xanım bu daxmada. Atasının iki mərtəbəli evində böyüməsinə baxmayaraq bir dəfə də olsun o, – bu nə yaşayışdır? – sualını verməmişdi ona. Qış vaxtlarında  hamıdan gec yatağına girərdi o. Yatmazdan qabaq dəmir sobaya qapağından zornan sığan yoğun odunlar doldurardı ki, uşaqları üşüməsin. Tez-tez oyanıb, sobaya nəzarət edərdi. Səhərə kimi tam sönməsinə imkan verməzdi. Arabir oyanmadığı vaxtlar da olurdu. Bir dəfə səhərə yaxın oyananda gördü ki, soba sönüb, daxma soyuyub. Qalxıb uşaqların üstünü yoxlayıb, sodanı alışdırdı. Qapıya yaxın yatan böyük oğluna gözü sataşdı. Uşağın burnunun ucundakı buz dənəsini görəndə sanına od ələndi. Ehtiyyatla buzu qopardıb sobaya atdı. Təzədən yerinə girmədi. Dəftər qələm götürüb arzuladığı evin modelini cızdı.

  İndi yaşadıqları evi yoldaşı ilə əl-ələ verib halal zəhmətləri ilə inşa eləmişdi o. Atasıyla qaynatası bir-birləri ilə yarışırmış kimi göstərdiyi cüzi yardımı evinə xərcləməzdi. Uşaqlarını bol paltarla, ərzaqla təmin edərdi. O vaxtlar kənddə ev tikiləndə, indiki kimi pul müqabilində köməyə gəlməzdilər. Özü hamıya əl tutduğuna görə, çağırmadıqları da ona köməyə gələrdi.

  İndi bu evdə o vaxtlar yuxusunda da görmədiyi hər bir şəraitin olmasına baxmayaraq, gəlininin həyatından giley-güzar etməsi ona qəribə gəlirdi. Tez-tez təkrarlanan havalandığı zaman dilinə elə iradlar gətirirdi ki, gəlininin dəlilik dərəcəsinin hansı səviyyədə olduğu barədə düşünürdü. Bir dəfə günün günorta çağı idi. Həmişəki kimi donquldana-donquldana həyətdəki armud ağacının altından keçərkən, quruyub yerə düşmüş budağa ilişib az qala yıxılacaqdı. Bir-neçə mertlik məsafədə olmasını görsə də, onu vecinə almadan demişdi: – andıra belə yurdu qalsın! Çör-çöpünün də məni görən gözü yoxdur.

  Minbir əziyyətlə, öz alın təriylə tikdiyi evə rəhmətlik həyat yoldaşının dünyasını dəyişdiyi vaxtdan ayağı dəyməmişdi. Bir otaqlı həyət evində tənha qalırdı. Biş-düşünü də özü hazırlayırdı. Çox vaxt özünün yemək bişirməsinə gərək qalmırdı. Ev-eşiyi ayrı olan oğlanları, yaxınlıqda yaşayan böyük qızı hər gün ona baş çəkərdilər. Soyuducusu övladlarının gətirdiyi müxtəlif çeşidli xörəkləri ilə dolu olardı. İstədiyi vaxt isidib yeyərdi.

  Gəlininin ürəyincə olmasa da oğlu işə gedəndə də, qayıdanda da ona baş çəkərdi. Hal-əhvalını xəbər alardı. Nəvələri də analarının qadağasına məhəl qoymazdılar. Səhərlər yuxudan oyanan kimi ona baş çəkərdilər.

  Keçən həftə həkimə getmışdi. Təcrübəli həkim – terapevt ondan dərdini soruşanda demişdi:

  – Doxtur, ağacların kökü torpaqdadır. Torpaqdan qidalanır, inkişaf edir. Kök belində saxladığı gövdənin yaşaması üçün vacib olan maddələrdən məhrum olsa nə baş verər? Əlbəttə, ağac quruyar. Gövdə də yarpaqları vasitəsi ilə günəşdən aldığı enerjini köklərə ötürməsə, eynisı baş verər. Biz də kökümüzü qarnımızda daşıyırıq. Necə qidalanırıqsa, elə də inkişaf edirik. Belə çıxır ki, sağlamlığımız özümüzdən azılıdır. Qəbul etdiyimiz həyatı vacib proteynin natamamlığı da, aşırılığı da zərərimizədir. Səhətimizin qeydinə qalmalıyıqsa, ilk növbədə qidalanmağımızı norma daxilində yaşımıza uyğun tənsimləməliyik. Mən televizorda nümayiş olunan sağlamlıq verilişləri izləyirəm. Sağlamlığa aid xeyli kitablar oxumuşam. Yutubda da paylaşılınan həkim məsləhətlərini təkrar-təkrar izləyirəm. Muayinə edən həkimlər bəzi orqanımda olan qüsurları yaşıma uyğun xarakterik hal kimi qəbul edirlər. Bu qədər öz qeydimə qaldığım halda nəyə görə ağrı-acı məndən əl çəkmir? Təziqim, ürəyimin döyüntüsü artır, başımın ağrısı kəsmir?

  Onu maraqla dinləyən həkim üzünü tib bacısına tutub dedi:

  – Eşitdinmi? Dayı tib elmi barədə o qədər məlumatlıdır ki, mənim məsləhətimə gərək qalmadı. Belə pasiyenti müalicə etməyə nə var ki?

  Həkim onun təziqini ölçdükdən sonra, gözünün alt qapağını dartıb diqqətlə baxdı. Dilini çıxartdırıb boğazını da yoxladı. Sağ əlinin barmaqlarını dikəldib , yan tərəfi ilə hər iki tərəf böyrünün qabərğa altı hissəsinə vurduqdan sonra, yaşını soruşdu:

  – Dayı, neçə yaşınız var?

  – Yetmiş.

  Həkim yenə üzünü tib bacısına tərəf çevirib dedi:

  – Bu dayı geridən yetmiş il yaşamasa, günah onun özündə olmayacaq.

  – A doxtur, bu, qoca kaftarın bu dünyadan rəd olub gedəcəyi günü səbirsizliklə gözləyən var axı.

  Həkim diqqətlə onun üzünə baxdı.

  – Dayı, Allah eşitsə, bunu sizə arzulayanın dilini qurudar. Qəbizliyiniz varmı? İçtəhanız necədir?

  – İştəhamın həyacan siqnalı çalacağı anı gözləmirəm. Mədəmi də yükləmirəm. Qəbizliyin qarşısını dərmansız alıram. Gündəlik menyumdan kəpəkli çörək, meyvə qurusu əskik olmur. Qurutduğum xurma, alma, əncir qurusu növbəti mövsümə qədər tükənmir.

  Həkim çalışdığı müddətdə ilk dəfəydi ki, bu yaşlarda qəbul edib, resept yazmadığı belə tədbirli pasiyentlə qarşılaşırdı.

  – Dayı, siz özünüz özünüzün terapevtisiniz. Sizi kardioloqa yönəldirəm, təziqinizə qarşı dərman yazsın. Onun yazacağı dərmanı yeri-yerində işlədin. Zəhlətökən adamlardan uzaq durun. Özünüzə qapanmayın. Vaxtınınızı ürəyinizə yatan dost-tanışlarınızla keçirin. Normal yeyib-içməklə yanaşı sizin üçün deyib – gülmək də həyatı vacib şərtdir.

  Həkim kardioloq onun kardioqrafiyadan çıxan kağız lentin üzərində cızılmış qalxıb – enən cizgini diqqətlə nəzərdən keçirdikdən sonra soruşdu:

  – Dayı, neşə yaşınız var?

  – Yetmiş.

  – Həyat yoldaşınızla necə yola gedirsiniz?

  Gözləmədiyi sual Heydər kişini diksindirdi. Dərindən köks ötürdü.

  Səhvə yol verdiyini dərk edən həkim xəcalət hissini söndürmək üçün üzür istədi:

  – Dayı, bağışlayın. Sizə şad xəbər verməzdən qabaq zarafat eləmək istədim, belə alındı.

  – Doxtur, narahat olmayın. Altı ildir ki, bu sualı məni tanımayanlardan eşidirəm. Susuram. Aramızda yoxdur – deməyə dilim gəlmir. Cavanlığımda ata-anamı itirəndə şükür etmişdim: nə yaxşı ki, bu bəla uşaqlığımda baş verməyib. Belə olsaydı həyatımı “ yetim Heydər” kimi davam edərdim. Qocalıqda üzləşdiyim- həyat yoldaşımın itgisi, uşaqlığın yetimliyindən ağır imiş. Anamın qırxı şıxmamış atam dünyasını dəyişmişdi. Atam anamın yoxluğuna qırx gün də dözməmişdi. Mən isə altı ildir yaşayıram. Axı mən də yoldaşımı ondan az istəməmişdim. Nə edə bilərəm? Əcəlin hökmü Allahın ixtiyarındadır. Qırx bir il birlikdə yaşadığımız müddətdə onun dilindən bir kəlmə də olsun, acı söz eşitməmişdim. Belə bir ömür-gün yaldaşının itgisindən ağır dərd olarmı bu dünyada. Altı ildir bu, ağır yükə tab gətirən ürək sağlam olmasaydı çoxdan partlayardı. Tanıdıqlarım arasında eiə ifritə, dığ-dığlı xanımlar görürəm ki, onların itgisi ərləri üçün yasa yox, toy-bayrama çevrilər. Bağışlayın. Çox danışıb, vaxtınınızı aldım.

  Heydər kişinin söhbətindən kədərlənən həkim kövrəlib gözləri yaşaran tib başısına baxdı.

  – Mətanət, görürəm ki, dayının söhbəti səni də göynətdi. – deyəndə, tib bacısı cib dəsmalı ilə gözyaşını silib dedi:

  – Bu, adi söhbət deyildi. Müdrik bir ağsaqqalımızın bizə keşdiyi faydalı ibrət dərsi idi.

  – Fikrinə şərikəm. Doğrudan da dayı bizə elə bir həyatı vacib ibrət dərsi keçdi ki, həyatım boyu ona minnətdar olacam. Mətanət, yəqin ki, sosial şəbəkərdə izləmisən. Həyatda da rastıma gəlib. Gileylənirlər ki, niyə hər yetənə müəllim deyirlər. Dayının hansı peşənin sahibi olduğunu bilmirəm. Müdrik bir ağsaqqal olduğuna şübhəm qalmadı. O, bu söhbəti dərdini açıqlamaq üçün yox, bizi marifləndirmək üçün eləmişdi. Özü də elə məntiqlə izah elədi ki, pedoqoq olmasa belə, ona müəllim deyirəmsə, niyə bu bəzi kəmdüşüncəliləri qıcıqlandırmalıdır? Dayı, sizə iki dərman yazıram. Birini səhər, birini də axşam yeməkdən sonra qəbul edin. Həyacan doğuracaq yerlərdən uzaq durun. Nə vaxt ki, mənim sahəmdə səhətinizdə problem yarandı, buyurun, gəlin. Sizi növbədən kənar qəbul etməyə hazıram.

  Heydər kişişi gülümsündü. Bu, gülüşün altında nəyinsə gizləndiyini dərk edən həkim soruşdu:

  – Dayı, yoxsa mənə güvənmirsinizmi?

  – Ürəyinizə başqa şey düşməsin. Axı qapınızdakı bildirişdə: qocaların növbədən kənar qəbulu nəzərdə tutulmayıb.

  Heydər kişinin məntiqli iradını anlaşılıqla qarşılayan həkim bildirişi tərtib edənləri qınadı. Axı milli metalitetimizdə, nəvəsi yaşda olanlara qocaların yol verməsi qəbul edilməzdi.

  – Dayı, bildirişi mən tərtib eləsəydim, növbədən kənar qəbul edilənlərin  siyahısında başda qocaları qeyd edərdim. Gündəlik qəbul etdiyim xəstələr arasında qöcalar bir-neçə nəfərdən artıq olmur.

                                           ***

  Həkim məsləhətilə vaxtını xoş kecirmək üçün qonşu rayona gələn Heydər kişi  öncə şəhərin kolxoz bazarına baş çəkdi. Əslındə indi buranı kolxoz bazarı adlandırmaq düzgün deyil. Çünki bazarın bəlkə də doxsan faizini ticarət obyektləri təşkil edir. Otuz – qırx il bundan qabaqlar da, bu bazara tez-tez gələrdi o. Onda bu şəhərdə dost- tanışları çox idi. Bazarın girəcəyindəcə onlardan bir-neçəsi ilə rastlaşardı. Ya çayxanada, ya da kafedə xoş ovqatlı gün keçirərdilər.

  Bu gün isə bazarı dolaşdı. Köhnə tanışlırından birinə də rast gəlmədi. Bilirdi ki,onların çoxu artıq bu həyatda yoxdular. Qalanlar da bazar gəzəcək halda deyillər. Bazarda bolluq idi. Hər çeşiddə mal tapmaq mümkündü. Satıcılar da bol idi. Gözlərini onlara yaxınlaşan sakinlərdən çəkmirdilər. Baxışları ilə : “ gəl, məndə yaxşı mal var” mesaşı ötürürdülər. Satılan mallara gözucu baxaraq ötənlənlərin arxasınca baxıb, təəssüflənirdilər.

  Heydər kişiyə də müraciətlər olurdu: “ dayı, yaxşı mallarım var. Buyurun, baxın.” Ona heç nə lazım deyildi. O, bura nəsə almaq məqsədilə gəlməmişdi. Köhnə dost-tanışlarından sağ qalanları ilə görüşüb, keçmişinin arxivinə baş vurub həyatının xoş keçən anlarını xatırlamaq keşirdi ürəyindən. O, Bazarı dövrə vurdu. Bu şəhədə yaşayan tanıdığı həmyaşıdlarından heç biri ilə rastlaşmadı. Kor-peşman buranı tərk elədi. O, kəndlərinə tərəf gedən mikroavtobusa bir-neşə dəqiqə gecikmişdi. Növbəti reysin vaxtına bir saat qalmışdı. Yaxınlıqdakı şirniyyat köşkünün yanındakı alçaq, uzun oturacağın bir təfində əyləşdi ki, dincini alsın. Oturacağın kölgə düşən tərəfində oturan,  təxminən onunla həmyaşıd olan ağsaqqal söhbət etdiyi cavana yavaşcadan dedi:

  – Gəl biz ağaca tərəf çəkilək, ağsaqqal günün altında oturmasın.

  Kişi elə zən edirdi ki, tanımadığı bu adam da özünün kimi ağır eşidir. Amma yanılmışdı. Onun eşitmə sistemi fəaliyyətini norma daxilində davam elətdirirdi.

  – Kişi, günün atında oturma! Gölgəyə gəl.

  Heydər kişinin oturdu sahə alakölgəli idi. Tərlədiyi üçün özü bu sahəni seçmiıdi. Tanımadığı ağsaqqalın xoş niyyətli təklifinə münasibətini biidirdi:

  – Qeydimə qaldığınıza görə sağ olun. Tərlədiyimə görə özüm bu yerdə əyləşmişəm ki, tərim qurusun.

  Kişi maraqla ona baxıb soruşdu:

  – Neçə yaşın var?

  – Yetmiş.

  – Özünü qoruduğuna görə belə yaxşı qalmısan.

  – Özüm özümü görmədiyimə görə, necə qaldığımdan xəbərsizəm. Amma hiss edirəm ki, qocalmışam. Çünki əvvəlki işlərimi o vaxtkı kimi görə bilmirəm. Tez haldan düşürəm.

  – Mənə neçə yaş verərsən? – deyib kişi ayağa qalxıb, özünü nümayiş elədi. Hətta yumruqlarını düyünləyib çiyinlərini dartdı ki, necə gümrah olduğunu göstərsin.

  Heydər kişi ona diqqətlə baxdı. Doğrudan da gümrah göstərilən adamın yaşını müəyyən etməkdə çətilik çəkdi.

  – Məncə, altmış – yetmiş arası olar – dedi.

  Kişi yanındakı cavana göz basıb, gülümsündü. Sonra üzünü çevirib ona tərəf diqqğtlə baxıb dedi:

  – Doğrusu, sənə yetmiş yaş verməzdim.Yaxşı bax! Bəs özün mənə altmış yaş verərsənmi?

  – Baxışla insanın yaşını ancaq təxmin etmək olar. Mənim təxminimə görə altmışdan aşağı olmaz.

  Kişi yenə gülümsəyib yanındakı oğlana tərəf üzünü çevirdi.

  – Murad! Mən desəm inanmayacaq. Özün de.

  Cavan oğlan da gülümsəyib dedi:

  – Dayı, desəm ki, bunun səksan yaşı var, inanarsınızmı?

  Heydər kişi də onlar kimi gülümsəyərək dedi:

  – Niyə inanmıram ki? Mən də onun dediyini özünə qaytarıram: yaxşı qalıb.

  – Mənim belə qalmağımın səbəbini təxminsiz – filansız dəqiq deyə bilərsənmi? İstəsən, variantları səsləndirim.

  – Variantsız birbaşa deyə bilərəm ki, özünüzü qoruyubsunuz.

  Hər ikisinin ürəkdən gülməsindən pərt olan Həsən kişi sözünə davam elədi:

  – Mən öz həyat təcrübəmə əsaslanıb, insanın bu yaşlarda belə gümrah qalmasının əsas şərtini səsləndirdim.

  Kişi ayağa qalxdı. Ətraflna boylandı. Çırtma çalıb, oynadı.

  – Bax, məni belə saxlayan budur. – deyib Heydər kişiyə baxdı.

  Murad da onun dediyini təsdiqlədi:

  – Dayı, bunu belə saxlayan bu xasiyyətidir. Dünya dağılsa vecinə olmaz. Hələ bu harasıdır? Bu gün yeyib-içən dostlarına rast gəlmədi. Yüzsə qram işsəydi elə konsert verərdi, uzun müddət xatırlayıb gülərdiniz. Qapıbir qonşumuzdur. Onu birdəfə də olsun qaşqabaqlı görməmişəm.

  Bəlkə də ötüb-keşənlər bu, ağsaqqalın hərəkətini –  yaşına yaraşmayan anormallıq kimi qəbul edirdilər. Heydər kişi isə əks fikirdəydi. Ürəyində: xöşbəxt adamdır – deyib, terapevt həkimin ona səsləndirdiyi məsləhəti xatırladı. Doğrudan da insanın gümrah halda çox yaşaması üçün dietlə bərabər, heç nəyi vecinə almayıb əylənməyin, deyib-gülməyin də vacib şərt olduğunu anladı. Amma o, istəsə də bu kişi kimi ola bilməzdi. Cəhd eləsə də, süni-şit alınardı. Çünki, təbiətcə onlar baçqa-başqa adamlardı.

Müəllif: Sədulla ŞİRİNOV

SƏDULLA ŞİRİNOVUN YAZILARI

jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏDULLA ŞİRİNOVUN KİTABLARI

Sədulla Şirinovun yaradıcılığı

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I