Azərbaycan Yazıçılar Birliyinin üzvü tanınmış şair Təvəkkül GORUSLUnun “Damcı izi…” adlı yeni kitabı işıq üzü görüb. Sözə dəyər verən Şakir Həsənovun maliyyə dəstəyilə “Adiloğlu” nəşriyyatında ərsəyə gəlmiş kitabın naşiri Zaur Qafarzadə, redaktoru isə Zaur Ustacdır.
Kitaba ön sözü Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru görkəmli şair İBRAHİM İLYASLI yazıb.
Dəyərli şeirsevər oxucularımız kitabı Bakı şəhərində 28 may metrosunun yaxınlığında yerləşən KİTABEVİM.AZ kitab evindən əldə edə bilərlər.
YAZARLAR olaraq, TƏVƏKKÜL müəllimi KİTAB və MÜƏLLİF günündə belə gözəl nailiyyət münasibətilə təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!! Uğurlarınız bol olsun, TƏVƏKKÜL müəllim!
Bir müdrikdən soruşurlar ki, : “Dünyada ən çox kimi sevirsən?” O söyləyir ki, dərzimi sevirəm. Maraqlıdır deyilmi? İndi mənanı açaqmı? Dərzinin yanına nə vaxt getsək, ölçümüzü alıb, bədənimizə uyğun olanı tikəcək. Digər insanlar isə haqqımızda olan təəssüratlarını ölənəcən dəyişmirlər. Axı insan dəyişə bilər, niyə bunu anlamırlar ki… Bir söz bir qərarı, bir hiss həyatı, bir insan insanın özünü dəyişə bilər. Bu cümləni nə vaxtsa, oxuduğumu xatırladım. Yaxşı, razılaşdıq ki, dəyişə bilər. Bəs dəyişməyən insanlar varmı? “Qozbeli qəbir düzəldər” atalar sözünü xatırlatsın. Əlbəttə, var və olacaqdır da. Hər kəs eyni xarakterə malik deyil ki. Nə edək belə insanlarla? Həyat insanlara neçə dəfə anlatsın ki, dəyər verərkən elə dəyər verin ki, sonunda dəyərsiz olduqda şam kimi sapına lənət oxumayasınız. Kibritin nə günahı var ki.. Körpə neçə dəfə yıxılır, amma sonunda yeriməyi öyrənir. Amma biz böyüklər neçə dəfə içdən yıxılsaq da, dost-düşməni tanımırıq ki, tanımırıq. Ağaca dəyən balta neçə dəfə vurulduqdan sonra kötük aşır. İnsan da belədir özü onu dəyərsiz edənə şans verir ki, gəl, buyur…İllər dərs verir, biz isə həyat dərsindən sinifdə qalırıq. Ayılanda isə saçımız, saqqalımız ağ olur. Bəzilərimiz üçün bu bəyazlıqda heç nəyi anlatmır. Elə necə var idik, elə də qalırıq. İllər keçir, biz isə həyat dərsindən kəsilib aşağı siniflərdə qalırıq. Albert Eynşteynin bir fikri yadıma düşdü:” Uğurlu insan olmaqdansa, dəyərli insan olmağa çalışmaq lazımdır”. Həqiqətən, bizə verilən dəyəri dəyərləndirək. Çünki hər adam hər adama dəyər vermir. Dəyərsiz olduğumuzu anladığımız zaman bilək ki, qarşımızdakı özünü mükəmməl sayır, bəli mükəmməl. O zaman “o mükəmməli” tənha buraxmaq lazımdır. Çünki o özü dəyərlə dəyərsizin nə olduğunu anlayıb peşman olacaq. Çox təəssüf ki, bu zaman ” daldan atılan daş topuğa dəyəcək”. Qanqal harada olsa, qanqaldır, nə fərqi məkanın. Ovçunun vurduğu ovun çırpıntısana məyus baxmağı heç nəyi dəyişmir. O ov artıq məhv olmuşdur. Əvvəlcədən düşünmək lazım idi. Zəhər ilanın həyatının bir parçasıdır, amma ilana toxunanın ölümüdür axı…Dəniz dəniz canlılarının həyatıdır, üzə bilməyən insanların məzarıdır axı… Allahın yaratdığı möhtəşəm və heyrətamiz varlıqdır İnsan,niyə qəlbləri qıraq ki, niyə dəyərsiz edək axı. Uca Rəbbim qəlbləri sevərək yaratmışdır. Qəlb ətdəndir, amma ən tez qırılandır. Qırmayaq qəlbləri ahı ağırdır. Əksinə, şad edək, özümüz də sevinək və rahatlıq tapaq. Allah insanlığın dərdinə şərik olanlara səbir verib, gücləndirsin! AMİN!
Bu haqda nə Azərbaycan şəxs adlarının izahlı lüğətində, nə də şəxs adlarına dair tədqiqat əsərlərində məlumata rast gəldim.
Ad “suan” və “verdi” sözlərindən yaranıb. “Verdi” sözü ilə işlənən adların önündə gələn sözlər adətən mistik və dini etiqadlarla bağlı olur.
Güney Azərbaycandan olan bir dostum yazıb ki, İranda çap olunmuş “Skiflər mifi” adlı bir məqalədə müəllif “suan” adını saqaların “Günəş tanrısı” kimi qeyd edib. Bu fakta inansaq, deyə bilərik ki, Suanverdi adı tanrıçılıqla bağlıdır. Adın tərkibindəki “verdi” sözü də bu fikri qüvvətləndirir. Bizdə bu gün də həmin qəliblə düzələn adlar mövcuddur:
Tarverdi — əslində “tar” “Əkinçilik tanrısı”nın adıdır. “Tarla” sözü də “tar”dan yaranmışdır. Tanrıverdi, Allahverdi, İmamverdi, Xudaverdi və b. adlar da bu qəlib əsasında yaranmışdır. Bu, Suanverdi adının kökəni haqda ilkin mülahizəmdir.
Adın kökənli haqda ikinci fikir də maraq doğurur.
Suan adı döyüşkən türk tayfasının adı ilə də bağlı ola bilər. Bəzi tədqiqatçılar suanları alpan tayfasının bir qolu hesab edirlər. Suanların öz tamğası var idi. Həmin tamğanı aşağıda vermişəm. “At qamçısı” anlamı daşıyırdı. Onlar da “batır” (bahadır, igid) ləqəbli bir türk boyu olmuşdur. “Baysuan!” (“varlı suanlar!”) deyib hücuma keçərdilər.
Suanların izlərini Orta Asiyada axtarmaq lazımdır. Suanlar haqda çox danışmaq olar. Tədqiqatçılar onların üç qola ayrıldığını yazıblar.
Ola bilər ki, Suanverdi adındakı “suan” elə sözügedən türk boyunun adı ilə bağlıdır.
Varli bir kişi var idi. Ömrü boyu sərvət yığmağı qarşısına məqsəd qoyan bu adam ahıl yaşında zəngin dövlət sahibinə çevrilmişdi. Bu kişinin var-dövləti aşıb-daşsa da, xeyirxah deyildi. Kasıb-kusuba əl tutmaz, xeyirdə, şərdə iştirak etməzdi. Həmişə əli gətirdiyindən çox şeyi başa düşmür, mahiyyətini anlamırdı. Amma görürdü ki, pulu-parası çox olsa da camaat onu sevmir. Fikirləşirdi ki, yəqin adamlar mənə paxıllıq edirlər. Bir gün bu kişi xəstələndi, yatağa düşdü. Bütün adlı-sanlı həkimlər, bilikli loğmanlar gəlib onu müayinə etsələr də dərdinə əlac tapmadılar. Kişi uzun müddət yataqda uzanıb düşünür, illərlə topladığı, qazandığı pulların, qiymətli əşyaların onun sağalması üçün heç bir əhəmiyyət kəsb etmədiyinə təəssüflənirdi. Bir də ona görə təəssüflənirdi ki, ölüb gedəcək, hamı onun haqqında pis sözlər danışacaq. Çünki qohum-əqrəba, el-oba üçün heç bir faydalı iş görməmiş, yaxınlarının dərdinə şərik olmamışdır. Elə buna görə də onu heç kim yoluxmağa gəlmirdi. Bütün günahların özündə olduğunu gec də olsa, başa düşən kişi gələcəkdə yeganə oğlunun da bu vəziyyətə düşməməsi üçün onu yanına çağırıb dedi: –Oğlum, mən bu dünyadan tezliklə köçəcəyəm. Sənə iki vəsiyyətim var. Birinci vəsiyyətim budur ki, məni ayağımda corab dəfn etdir. İkinci, sənə bir zərf verəcəyəm. Yalnız ən ağır, çıxılmaz vəziyyətə düşəndə onu açarsan. Bir neçə gündən sonra ata vəfat etdi. Oğul atasının vəsiyyət etdiyi kimi onu ayağında corab dəfn etmək istədi. Amma molla və ağsaqqallar şəriətə zidd olduğundan buna qəti etiraz etdilər. Oğul ilk baxışda atasının sadə görünən vəsiyyətini yerinə yetirə bilmədiyinə görə çox təəssüf etdi. Birdən yadına atasının verdiyi zərf düşdü. Tez zərfi açıb oradakı kağız parçasına yazılmış bu sözləri oxudu: –Oğlum, mən səni başa salmaq üçün birinci vəsiyyəti etmişdim. Bil ki, insan öləndə özü ilə heç nə aparmır, nəyi var bu dünyada qalır. Elə yaşa ki, səni xeyirxah əməllərinə görə xatırlasınlar. Mənim səhvlərimi təkrar etmə, insanlara gərəkli ol.
BAKININ FƏVVARƏLƏR MEYDANININ “PARAPET” ADI HANSI MƏNADANDIR? (Əsl bakılılar bu bağa “Parapet bağı” deyirlər.)
Bu gün Bakı şəhərində öz gözəlliyi ilə insanı məftun edən Fəvvarələr Meydanı şəhərin köhnə meydanlarından biridir.Onun görünüşü şəhərimizin və xarici turistlərin nəzərini cəlb edir və bura bir turistik məkana çevrilmişdir. Parkı gəzərkən ətrafımda gəzişən bir uşaq anasından xəbər aldı ki, “ana bura niyə Parapet bağı deyirlər?”Anası uşağa cavab verə bilmədi və “biz belə eşitmişik” cavabını verdi. Bu gün mövcud olan istər toponimik, istərsə də tarixi adların öyrənilməsi dilçilik elmindən keçir.Həm toponimik adlar, həm də tarixi adlar insan təfəkkürü ilə yaranmışdır.Söz yaradıcılığının sütunu insanın təfəkkürüdür.Nominativlişmiş sözlər insan zəkasının məhsuludur.Əgər söz varsa orada dilçilik faktoru mütləqdir. Bakının Fəvvarələr Meydanının tarixi “Parapet” adının öyrənilməsi dilçilik baxımından çox vacibdir.Bu adın bu günə qədər öyrənilməməsi bəzi jarqon mənşəli mənaların meydana gəlməsinə səbəb olmuşdur.Məhz bu məndə təəssüf hissi oyadır.Uşağın verdiyi suala nəinki tək onun anası, heç dilçiliklə məşğul olanlar da cavablandıra bilməmişlər.Bu nə vaxta qədər davam edəcəkdir? Keçək “Parapet” adının semantik etimologiyasına.(Onsuz da bu suala cavab verən olmayacaq.) Tarixi məlumatları təkrar etmək məqsədim yoxdur.Ancaq tarixi məqamlar dilçilik aspektinə böyük cığırlar açır.Tarixi məlumatın birində deyilir ki, “1920-ci ildə Sovet dönəmində bağın “Günəşli meydan” adı “Marks bağı” adlandırıldı, bağ yaşıllaşdırıldı və orada daha parad keçirilmədi.Paradlar əvəzinə sovet tədbirləri və teatrların açıq havada tamaşaları, siyasi çıxışlar keçirilirdi. Bu tarixi mətndə “parad” sözü nəzərimi cəlb etdi və adın öyrənilməsinə düzgün istiqamət oldu. “Parapet” sözünün 1-ci hecası latın mənşəli dillərdə olan “parade” sözü dilimizdə “rəsmi keçid, nümayiş” kimi mənalanır. Sözün 2-ci hecası “pet” sözü latın mənşəli dillərdə “pedestrian, a pied, a piedi, in pede” və s. kimi “piyada” mənasını bildirir. Həqiqətən də bu meydanın həm nümayiş məqsədli və eyni zamanda şəhərin digər küçələrinə keçid kimi funksiyası olmuşdur. “Parapet” meydanının adı geniş mənada “nümayiş və keçid” meydanı mənasını daşımışdır. “Parade” sözü latın mənşəli söz olsa da, Oxford lüğəti bu adı heç bir izahlı lüğətində aça bilməmişdir.Bunun səbəbi dünya dilçilərinin (lüğətçilərin) Fironizm dilçiliyindən xəbərlərinin olmamasıdır.Təəssüf ki, bu mənzərə bu günə aiddir. “Parade” sözü fironizmin leksikasıdır.Latın dilindəki, “pare” sözü qibti dilindəki “fərr” sözündəndir.Dilimizdəki ərəb mənşəli “feil” sözü də “hərəkət” mənasını bildirir.”Hərəkət” sözü də qibti mənşəli olub, “Hor” tanrısının adından yaranmadır. Sözün tarixi semantikası Fironla bağlıdır.Firon Musanın adamlarını “Günəş Tanrısına” biət etmədikləri üçün onları Misirdən qovmuşdur.Lakin Musanın adamları Fironun qisasını duyaraq onlar yol boyu piyada qaçmışlar.”Parade” sözü Fironun dövründən latın dilinə Fironun adının “far” şəklindən “par” şəklini almış yüzlərlə adlarından biridir. Bu gün moda sərgilərinin nümayiş etdilməsinə ingilis dilində “fair” deyilir.Bu sərgidə geyimləri yeriyərək nümayiş etdirirlər.(Görəsən dünyanın ən varlı milyarder modelyerləri bu sözün mənasını bilirlər?) Ingilis dilində “fare” sözü “gediş haqqı”; arxaik mənada “səyahət etmək” kimi mənalanır.(Ingilislər bunu haradan bilərlər?) Hətta ingilis dilində olan “following” -“ardınca getmək” sözü də buradandır.(Sözdə r-l samit əvəzlənməsidir.)
“Qaçmaq” sözü istər latın mənşəli olsun, istər Qədim Oğuz mənşəli dillərdə eyni paralellikdədir.Yəni latın mənşəli dillərdə “pair”-“qoşa” sözü və oğuz dillərində “qoşa” cüt mənasında “ayaq” mənasını bildirir. Maraqlıdır, dilimizdə olan “piyada” sözü yəqin ki, yunan-roma dövründən dilimizə keçmədir.Rus dilindəki “пешком” sözü də buradandır. Ərəb dilindəki “fərari” – “qaçqın düşmək” sözü də fironizmlə bağlıdır. Araşdırmadan aydın olur ki, “parad” sözü həm semantik, həm də tarixi mənada fironizmdən gəlir.Onun tarixi terminologiyası Fironun keçirdiyi müxtəlif tədbirlərin nümayişlərindən formalaşmışdır.Rus dilindəki “парадный” sözü də “keçid” mənasındadır.”Keçmək” sözü də dilimizə “qoşa” sözündən törəmədir.Sözün ən ilkin mənası “qoç” inamından yaranmadır.Yəni “qoç” inancımızın “qoşa buynuzlu” olmasından yaranmadır.Yəni ayağın qoşa olması(iki).Əslində bizlərə verilən “köçəri” adı bizim inancımızın adı olan “qoç+lar” terminin təhrif olunmuş nominatividir. Tarixdəki “ağ qoyunlular” və “qaraqoyunlular” soyları da “qoç” heyvanının adı ilə tayfanın inanc adı ilə adlanmasındandır. Latın mənşəli dillərdə “keçmək” sözü də türk dillərinin paralelliyindədir.”Cross” sözü bu gün də idman yarışlarının bir növü kimi adlanır.”Cross” sözünün özü Latın dilindəki “cornu”-“buynuz” sözündəndir.Yəni dilçilərin aça bilmədiyi C+C –dir.Ayağın qoşa(iki) mənasındandır.Türklərin “koşmak” sözü daha əski türk formasını özündə saxlamışdır. Nəticə olaraq “PARAPET” sözünün əsl mənası dilimizdə olan onun jarqonik mənadan təmizlənmiş “Nümayiş keçidi, rəsmi keçid” mənası daşıması dilçiliyin tarixi və müqayisəli təhlili əsasında ən doğru yekunudur. P.S.Hərdən fikirləşirəm “yazım, yazmayım?”Mənə elə gəlir ki, “yazmaq” yaxşıdır.”Oxumaq” olsa daha da yaxşıdır.
Kainatda bu qədər parlaq ulduz varsa, niyə gecələr səma qaranlıq olur? Bu sualın cavabı açıq görünə bilər: gecələr qaranlıq olduğu üçün səma qaranlıqdır. Ancaq əslində hər şey o qədər də sadə deyil.
Gəlin ondan başlayaq ki, hətta gündüzlər də səmamız yalnız atmosferə görə mavi olur. Əgər atmosfer olmasaydı, Günəşin işığına baxmayaraq, gündüzlər də səma qaranlıq olardı. (Aydakı kimi, atmosferin olmadığı yerdə). Kosmos özlüyündə qaranlıqdır, bəs niyə? Axı o, sözün əsl mənasında ən parlaq ulduzlarla doludur? Kainat sonsuzdursa və parlaq ulduzlarla doludursa, gecə niyə səma qaranlıq olur?
Bu sualı ilk verən riyaziyyatçı Yohan Kepler olub. Fizik və astronom Qalileo Qaliley teleskopdan istifadə edərək adi gözlə görülməyən ulduzların olduğunu sübut edib. Kepler təklif edib ki, sıx bir meşədə dayanarkən yalnız ağacları tamamilə dayanmış görürüksə, Kainatı öyrənərkən də, bütün ulduzları görməliyik və kosmos onların işığından parlaq olmalıdır.
Keplerin fərziyyəsi bir ulduzun sonsuza qədər yanması və kosmosa sonsuz miqdarda işıq buraxması faktına əsaslanırdı. Amma bu belə deyil. Əslində, ulduzlararası məsafələr o qədər böyükdür ki, kainatdakı bütün ulduzlar bütün enerjilərini ulduz işığına çevirsələr belə, bütün kosmosu işıqla doldursalar və beləliklə də Yerin gecə səmasını işıqlandırmaq kifayət etməyəcək.
Onu doldurmaq üçün çox az su olan nəhəng bir vanna kimi düşünə bilərsiniz. Ulduzların sadəcə olaraq, bütün Kainatı işıqla doldurması üçün kifayət qədər enerjisi yoxdur, buna görə də kosmos qaranlıq görünür. Alimlər bu faktı, mövzunu 1826-cı ildə geniş elmi dairələrdə ilk dəfə qaldıran alman astronomunun şərəfinə Olbersin paradoksu adlandırırlar.
Bundan əlavə, uzun müddətdir ki, elm adamları arasında bir inam var idi ki, əksər ulduzlar “qırmızı cırtdanlar” olduğundan (və bütün ulduzların təxminən 70% -i) gecə səmasının qırmızı rəngdə olması lazımdır, lakin bu da yanlış çıxdı. 2002-ci ildə 200 min qalaktikadan gələn işığı təhlil edən Cons Hopkins Universitetinin (ABŞ) alimləri Kainatın orta rənginin solğun yaşıl olduğu qənaətinə gəliblər. Lakin bir müddət sonra dəqiqləşdirilmiş hesablamalar göstərdi ki, əslində Kainatın rəngi boz-qəhvəyi rəngə daha yaxındır.
Yaxşı qan üçün süfrədə olması lazım olan yağlı qidalar
Həkimlər yaxşı qan üçün süfrədə hansı qidalar olmasını açıqlayıb. Mütəxəssislərin fikrincə, pəhrizinizə bir neçə qida, o cümlədən yağlı qidalar daxil etməklə qanın “tərkibini yaxşılaşdıra” bilərsiniz.
Dəmir ehtiyatlarını bərpa etmək üçün (orqanizmin qırmızı qan hüceyrələrinin – eritrositlərin əmələ gəlməsi üçün zəruri olan mikroelement) qırmızı ətdən imtina etməmək tövsiyə olunur.
Həkimlər xatırladıblar: “Ətə sıx qırmızı rəng verən heyvan hemoglobinin tərkibindəki böyük miqdarda dəmirdir.
Dəmir tərkibinə görəgörə, liderlər arasında heyvan mənşəli məhsullar da var. Yeri gəlmişkən, mal qaraciyərində mal ətindən daha az yağ var. Ancaq yadda saxlamağa dəyər ki, malın iç orqanları yüksək xolesterollu bir qidadır, buna görə də xidmət ölçüsünə nəzarət etməlisiniz, həmçinin həkiminizin mümkün əks göstərişlərini nəzərə almalısınız.
Toyuq və bildirçin yumurtaları da yaxşı dəmir mənbəyidir.
“Onlar həm də maqnezium, doymamış yağ turşuları və vitaminlərin etibarlı tədarükçüsüdür” həkimlər deyir.
Yaxşı qan üçün ətdən daha çox dəmiri olan orqanlar: Mütəxəssislər mal ürəyi yeməyinə xüsusi diqqət yetirməyi məsləhət görürlər. Ürəkdə mal ətindən altı dəfə çox B vitamini olduğu, bir yarım dəfə çox dəmir olduğu aydınlaşdırılıb. Buna görə də, bu cür qida bədənin qırmızı qan hüceyrələrini (eritrositlər) istehsal etməsi üçün, lazım olan dəmir ehtiyatlarını bərpa etməyə kömək edəcəkdir. Qaraciyərdə çoxlu dəmir, vitamin B12 (anemiyanın qarşısının alınması və müalicəsi üçün vacibdir) var. Yumurtanın müntəzəm istehlakının xolesterolun artması riski ilə əlaqəli olduğuna inanılır. Son araşdırmalar göstərib ki, “pis” xolesterol səviyyəsinə yumurtanın özü deyil, onları nə ilə yediyimiz təsir edir. Məsələn, kolbasa və donuzla. Kardioloq, tibb elmləri namizədi Anna Koreneviç qeyd edib. Ancaq hər şeydən istifadə etdikdə, həddi və nə vaxt dayanacağını bilmək lazımdır.
Həkimlər qeyd ediblər ki, balıq zəngin dəmir, yod və bir çox vitamin mənbəyidir. İspanağa da yaxından nəzər salmağa dəyər. İspanaqda olan dəmir (digər bitki qidalarından fərqli olaraq) yüksək konsentrasiyaya malik C vitamini sayəsində daha yaxşı sorulur. Həmçinin şokoladdan miqdarında istifadənin də orqanizmə xeyri var.