Dünyanın ən şirin sözünü özünə təxəllüs götürüb şair Barat Vüsal. Ürəyimizi sıxan həsrətin məngənəsindən, gözümüzü yolda qoyan intizardan yaxa qurtarmaq istəyəndə haradasa şirin bir vüsal axtarmışıq. Amma, əziz oxucu, axtarmışıq dedim. Vüsala çatmağın çox keşməkeşli yolları var. Yusif Züleyxasının, Kərəm Əslisinin, Məcnun Leylisinin, Qərib Şahsənəminin, Abbas Gülgəzinin vüsalına tələsəndə nələr olmadı,nələr?!Vüsalın yolu əzablardan, ağrılardan, acılardan keçir. Elə Baratın poeziyaya gələn yolu da bu şirin əzablardan keçib. Amma axırda şirin bir vüsala qovuşub, şeir yazıb, şair olub. Özünün dediyi kimi, eyvanlarında qaranquş yuva qurub, öz qaranquşları olanda, sevgisinə bənzəyən utancaq bənövşədən dəstə bağlayıb köhləninin belinə qalxanda, köç edən durna qatarını xatırlayanda can atdığı bu duyğular vüsal imiş. Barat Vüsal yurd sevgisinə köklü bir şairdir. O, şair ömründə, insan taleyində bütöv Azərbaycan vüsalını yaşamaq arzusundadır.
Sənin kimi olacağam Azərbaycan, Sənin kimi vüqarlı, sərt! Sənin kimi uca, məğrur, Cəsur, comərd.
Sənin kimi üzündə nur, gözündə nur, Dərdi-sevinc, sevinci dərd, Bəxti yüyrək, bəxti qara, Ürəyində min bir arzu, min bir yara.
Sənin kimi çadırlarda yaşayacam, Səngərlərdə al qanıma bələnəcəm, Sənin kimi olacağam, ölənəcən, Sənin kimi olacağam – Azərbaycan!
Baratın içində zaman-zaman közərən duyğu ocağından ətrafına sıçrayan qığılcımlar sətirlərə, misralara dönür. “Məni tanı” – deyir, “Yaxşı tanı. Çör-çöp yığıb Vətən ocağını sönməyə qoymayan mənəm, öz ömrünü yurd ömrünə calayan mənəm, Vətən dərdi ilə yaş-yaş yanan mənəm, heç kimə baş əyməyən, heç kimə əl çalmayan, kərpic kəsib, ot otlayıb yaşayan mənəm, yüz yol ölmüş bildiyin, amma ölməyən mənəm”.
Mən öləndə görəcəklər, Köksüm üstə ürək deyil, Azərbaycan döyünürmüş!
Şairin ürək yerində Azərbaycan döyünən köksündən böyük ümidlərlə, böyük arzularla Qələbə yolları keçir. Amma bunun üçün təpərli ürək lazımdır. Dərdə sığal vermək yox, dərdi döymək lazımdır. Bu itən, bu yanan Vətənin dərdinin üzünə çəkdiyimiz yaddaş pərdəsini zalımcasına yırtıb, həqiqətin gözünə baxmaq lazımdır. Göz dağımızdan baxmaqla, danışmaqla bir iş çıxmaz. Və şair demiş:
Gözün umuduna qalası olsa, Bir də o dağları görməyəcəyik.
Yenə də şair ana bətnində körpəmizə belə qənim kəsilən yağıya dərs vermək üçün “Qələbə yolları ürəkdən keçir” deyir:
Bağrımız başına basaq silahı, Ürəyə qısılsın o silah gərək. Ürəklə bu yurdun olub pənahı, Zəfəri ürəklə qazanmaq gərək.
Baratın əlimdəki kitabı “Yolumuz eşqə bağlıdır” adlanır. Heç bir mübaliğəsiz bu kitabı oxuyub qurtarmaq olmur. Sözlərin, fikirlərin tutumu, məna yükü olduqca təsirlidir.
Məni dağ başından yerə tullayın, Araza tullayın, Kürə tullayın. Ağlamayın, gülə-gülə tullayın, Məni o dağ başı çəkir özünə!
“Ağlamaq səsi“, “Mən ayağa qalxacam”, “Qara daş haqqında ağı”, “Mərmi”, “Sahildə“”, “Koroğlu daşı“, “Gözümün üstü“,“Palıd kökləri“ “Yurd üstündə yellənən bayraq“və s. şeirləri onun iç dünyasından, vətəndaş yanğısından xəbər verir. “Mən ayağa qalxacam“ şeiri Vətən harayı, şair demiş, əsgər andı, əsgər səsidir. Vətənin torpağını şama bənzədən şair hər kəsi özünü oda vuran pərvanə olmağa çağırır.
Bəsdir iniltilər, bəsdir sızıltılar: Bəsdir deyib ağladım, yoxdu bir kəsim deyə, Qoymaram borclu qalıb ruhum tələssin göyə. Anamın göz yaşları bir yolluq kəssin deyə, Mən ayağa qalxacam, yarama torpaq tökün.
Bəli, bütün dərdlərimizin dərmanı bu torpaqdadır. Ona görə də şair deyir: “Bütün dərdləri yenən təzə dərman tapmışam, Mən ayağa qalxacam, yarama torpaq tökün”. Baratın poeziyası axtarışdı, təəssübdü, düşüncədi, fikirdi. Nəticədə tutumdu, mahiyyətdi, mənəviyyatdı. Baxın, “Qara daş haqqında ağı” şeirində Barat yollara atılmış, ya yolların küncündə atılıb qalmış qara daşa təkcə bir daş parçası kimi baxmır, oxucusuna tarix açır, mahiyyət söyləyir, ağı deyir. Bu daş yüz düşmən başı yara bilərdi, bəlkə bu daşlar bir vaxtlar kəsilmiş bir başdı, ya bəlkə qədim bir qaladan düşən tarixi yaddaşdı, bəlkə bir igidin köhlən atıdı, ya doğrudan da qara bir daşdı. Amma niyə bu qara daşın dərdinə ağlayan yoxdu.
Taleyi üstündə bir duman gördüm, Çox şeydən ötəri ağlağan gördüm. İtə də, qurda da ağlayan gördüm, Heç bu qara daşı ağlayan yoxdur.
Baratın dilindəki söz, fikir axtarışı gözəldir. “Mərmi” şerində diqqətinizi belə bir ifadəyə cəlb etmək istəyirəm. “Əsgər əllərinin yası”…“ çox mənalı seçimdir, sanki bütün şeirin canıdır. Şeir bütün varlığı ilə həmin ifadədən gəlib keçir. Anasının qırxından yarımçıq çıxıb xidməti borcunu – Vətən, Torpaq borcunu hər varlıqdan üstün tutan əsgər, Azərbaycan əsgəri sən Vətənin, Torpağın ölməzliyini fikirləşirsən, sən düşmənin qəzəbini, hikkəsini özünə tuşlayırsan, amma düşmən də oyaqdı. Budur mərmi düşən vuran əllərini qoparıb, sənin dərdinə dərman olacaq dərmanlarsa yoxdur, satılıb, ya bəlkə müştərisi üçün bir küncə atılıb. Sənin dərdinə, sənin ölümünə şairin qələmi ağlayır, şeiri ağlayır. İlahi, bu şeir dərmandımı götürün qoyun əsgərin əlləri üstə. Bu əsgərin əlləri düşmənə uzanmışdı, bu əsgərin niyyəti zəfərə tuşlanmışdı. Nə yazıq ki, əsgərin qopan əlləri kimi qəlblərindən vicdanını qopardanlar da var.
Sənin boğazından kəsir bir alçaq, Mənim boğazımdan kəsir bir alçaq. O əsgər əlləri uzanmalıydı, Hələ çox zəfərlər qazanmalıydı Uzanan o namərd əllərinə bax, “Qazanan” o namərd əllərinə bax.
Olsun namərdlərə ölüm, deyirəm, Yığşırsın qoy hələ pul ətək-ətək. Gəlin ay adamlar, gəlin, deyirəm, Əsgər əllərinin yasına gedək.
Baratın kitabını oxuduqca bitkin, orijinal, özünəməxsus fikirlər müşahidə etdim: “Sənin yox, özümün sonum başlayır. Əgər ürəyimdən yıxılsan, Vətən“, “Baxtını devirib yatırammazlar, Yığılan var üstə oturammazlar”, “Bir daş ayağımız altında qalıb, Yağır başımıza tənə daşları”, “Söyüd gövdəsinə güvənmək olmur, Aşır işlərimiz palıd kökündən“”, “Dostları görəndə zəncir gəmirir, Düşməni şırvanıb keçirir başa“, “Bu iti içimə kim bağlayıbdı”, Qələm böyüdəni kiçiltmək olmur” və s. Baratın nəğmə dolu ürəyinin bir neçə vərəqini aça bildim. Çünki sənət eşqinə bağlı bu yolu getmək (“Yolumuz eşqə bağladır”) çox mətləbləri açmağı tələb edir. Şair qardaşım, bu fikirlər sənin çox dəyərli kitabından oxuduğum şeirlərin olsa-olsa, beş-altısı haqqında ürək sözlərimdir. Deyəcəyim sözlərin çoxu qabaqdadır. Sağlıq olsun. Bir torağay uçuşunda, bir tütək səsində yenə sənin yaradıcılığına dönəcəyəm. Qırmızı qurşaqlı səməni də, çölə, çəmənə ətir saçan novruzgülü gülü də dünyaya gəldiyin 18 mart günündə bu yazı ilə birgə sənə hədiyyə olsun. Şeirində təvəllüd gününlə bağlı bu günü heç kimə verməyəcəyəm,- deyirsən. Biz də arzu edirik ki, ömrünün bütün sevinci bu günü keçirdiyin günün sevinci qədər olsun.
Yandırın, a dostlar, bayram şamını, Bu günü ömrümə naxış sayıram. Qonaq çağırıram bu gün hamını, Bu günü hamıya bağışlayıram, Bu günü heç kimə verməyəcəyəm.
İstefada olan polis polkovniki Müzəffər Süleymanov əslində dünyaya saz çalmaqdan, şeir yazmaqdan ötrü gəlmişdi. Amma taleyinə, ömür yoluna xalqına şərəflə xidmət missiyası yazıldı.. Ömrünün 35 ilini polis peşəsinə həsr etdi.
Süleymanov Müzəffər Məmməd oğlu 1955-ci il mart ayının 18-də Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Orta məktəbi Daşkəsəndə bitirib 1972-ci ildə Yeyinti Sənaye texnikumuna qəbul olundu. Texnikumu əla qiymətlərlə bitirdikdən sonra Sovet ordusu sıralarında hərbi xidmətə başladı. Erkən yaşlarında sərbəst həyata alışdığıından Sibirin sərt iqlimində xidmət etməyinə baxmayaraq əsgərlik həyatı ona çox asan və sadə görünürdü. Canında, qanında məsuliyyət hissi güclü olduğundan onu hərbi dairə üzrə starşina rütbəsinə layiq bildilər.. Hərbi xidmətdən sonra 1976-cı ildə hərbi hissənin zəmanəti əsasında Bakı şəhəri Səbail rayonu Milis idarəsində bölmə komandiri kimi fəaliyyətə başladı. Fəaliyyətdə olduğu illərdə Milis məktəbini, sonrakı dövrlərdə Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirdi. Ləyqətlə, bir kimsəyə arxalanmadan “Mənim dayağım mənim Allahımdır” – deyərək hər zaman köməksizlərə kömək oldu Müzəffər müəllim. Əvvəl Səbail Pİ-də , sonrakı illərdə BBPİ -də məsul vəzifələrdə çalışdı . Pespublikamızın sayılıb-seçilən, təcrübəli polis əməliyyatçılarından biri kimi fərqləndi… Çalışdığı dövrlərdə humanistliyinə, səmimi münasibətinə görə insanların rəğbətini qazandı.. Zaqafqaziya Komsomol Məktəbini fərqlənmə diplomu ilə bitirən M.Süleymanov polis orqanlarında çalışdığı dövrlərdə Komsomol Təşkilatının , İlk Partiya Təşkilatının katibi seçilmişdir. Həmçinin, “Əlbəyaxa döyüş” idman növü üzrə məşqçilik də edirdi.
Qarabağ müharibəsi başlandığı dövrdə – 1990- cı ildə polis zabiti olaraq ilkin təşəbbüs qaldırmış , bir qrup həmkarı ilə birgə Qazax rayonunun Ermənistanla sərhəd kəndlərində və Qarabağ bölgəsində mənfur düşmənə qarşı döyüş əməliyyatlarında iştirak etmişdir.
2002- ci ildə vəzifəsinin icrası zamanı təhlükəli cinayətkarıla əlbəyaxa döyüşdə dörd bıçaq yarası alsa da cinayətkarları orqana təslim edə bilir. Həyatla ölüm arasında olarkən həkimlərimizin şəfalı əlləri və onu sevən insanların duaları Müzəffər müəllimi yenidən həyata qaytarır…
Müzəffər Süleymanov xidmət etdiyi dövrlərdə yüksək şücaət göstərdiyinə görə dövlətimiz tərəfindən 70- dək müxtəlif təltiflərə, I, II, III dərəcəli “Qüsursüz xidmətə görə” medalına layiq görülmüşdür. 2011-ci ildə BBPİ-də kadrlar idarəsinin şöbə müdiri vəzifəsindən təqaüdə çıxmışdır.
Müzəffər müəllimin poeziyaya vurğunluğu onun mənəvi dünyasına hər zaman işıq salıb. Xeyirxahlıq onun əsas qayəsi, həyat fəlsəfəsi olub. Şeirlərini oxuduqca mənəvi zənginliyini, müdrikliyini hiss etməmək mümkün deyil. İnsanlığa yüksək dəyər vermək onun əsas amalı olub. Müzəffər müəllim həmçinin çox gözəl saz ifaçısıdır. Çox mənəm-mənəm deyən aşıqlar onun yanında sazı sinələrinə ehtiyatla götürürlər. O, ədalətsayağı coşğulu, iti barmaqlıdır. Həmişə yorğunluğunu sazla qol-boyun olanda unudar…Könlündə, zehnində bulanıq nə varsa sazla duruldar…. Onu sazsız təsəvvür etmək mümkün deyil..
Müzəffər Süleymanov mükəmməl ailə başçısı, qayğıkeş babadır. Ali təhsilli üç oğul övladı onun yolunu layiqincə davam etdirirlər. Uğurlar arzu edirəm!
کاش گله م اوتورام دیه م سیرریمی تا بلکه یاش گوزلره دولا داغلار ایسته ییرم سنله چوخلی دردله شم تا اوره ک قوشوم آزاد اولا داغلار گر دئمه سم اوره ک دونر قان اولار اوچار آباد منزیلیم ویران اولار غم تالانار بوتون آه فغان اولار نولی منه بیر همدم اولا داغلار زمانه نین ایری سی چوخ دوزی آز چالیب نئجه بیزلره نیسگیللی ساز الدن چیخیب هم قیشیمیز هم ده یاز قورخورام بو نیسگیله سولا داغلار آمان زمانه نین خیانتین دن عرصه ده جاهیلین حماقتین دن بی وفا دوسدان سا،رفاقتیدن سنله اولام نئجه قول قولا داغلار
Norveçin paytaxtı Osloda “Zəfərin ilk baharı” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Beynəlxalq Muğam Mərkəzinin, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı- NAYO, Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin və Oslo Azərbaycan Evinin dəstəyi ilə keçirilən tədbirdə ilk olaraq Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş sözü ilə açan Norveç üzrə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Ramil Əliyev qeyd edib ki, 44 günlük Vətən Müharibəsində qazandığımız qələbə və 19 Sentyabr 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulub və ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam bərpa olunub. “Bu bahar Zəfərimizin ilk baharı olduğu üçün, tarixi ədalətin bərqərar olduğunu nəzərə alaraq “Zəfərin ilk baharı” adlı tədbir Norveçdə yaşayan azərbaycanlıların, cəmiyyətimizin dostlarının bir araya gəlməsinə, dostluq və həmrəyliyimizin möhkəmlənməsinə xidmət edəcək” – deyə o bildirib.
Daha sonra Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin şagird və valideynləri Vətən, Novruz bayramına həsr edilmiş şeirlər səsləndirib, Novruzun rəmzi olan Bahar qızı tədbir iştirakçılarının bayramını təbrik edib, Kosa və Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb.
Tədbir çərçivəsində Novruz bayramı və baharın gəlişinə həsr edilmiş, milli və qədim adət-ənənələrimizi nümayiş etdirən və mədəniyyətimizi təbliğ edən sərgi nümayiş olunub.
Tədbirdə Norveç Azərbaycanlıları Gənclər Təşkilatı-NAYO və Oslo Azərbaycan Evinin dəstəyi ilə Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin şagirdi Səlim Abbaszadənin müəllifi olduğu və Azərbaycan tarixini, Qarabağ münaqişəsini və qazandığımız parlaq Zəfəri işıqlandıran, norveç və ingilis dillərinə tərcümə olunmuş “Sən elə bir zirvəsən” adlı kitabın təqdimatı da baş tutub.
Eyni zamanda Beynəlxalq Muğam Mərkəzi ilə Oslo Azərbaycan Evi arasında memorandum imzalanıb. Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə bildirib ki, bu memorandum muğamımızın Skandinaviya ölkələrində geniş təbliği və gələcəkdə bir sıra maraqlı layihələrin həyata keçirilməsinə yeni imkanlar yaradacaq.
“Zəfərin ilk baharı” adlı konsertdə Beynəlxalq Muğam Mərkəzinin solistləri, tanınmış xanəndələr Mirələm Mirələmov və Kamilə Nəbiyevanın ifalarını tədbir iştirakçıları rəğbətlə qarşılayıblar. Tədbirdən fotolar:
Mən Vahidi 70-ci illərin sonlarından, tələbə ikən tanıyırdım. Təbinə də bələd idim. Ağrısını, yanğısını da bilirdim. Son illərə kimi özündən, sözündən xəbərsiz idim.
Bu dəfə onu şeirlərindən tanıdım. Artıq şeirləri də özü kimi müdrikləşib. Şeirlərinin saçları da öz saçları kimi ağarıb. Mehribanlığı isə həmənki kimidi.
Vahid Çəmənlinin mənə təqdim etdiyi bu kitabdakı şeirləri onun indiyədək oxuduğum şeirlərindən üslub və yanaşması ilə fərqlənir. Son vaxtlar daha çox qoşmalar yazır. Yaxşı da alınır. Hansı formada yazmağın fərqi yoxdur. Əsas olan özünü lazımca ifadə etməkdir.
Vahidin şeirlərində məni ən çox özünə çəkən onun vətən mövzulu, vətən həsrətli şeirləridir. Bu bəlkə də çəkdiyimiz dərddən, ağrıdan doğur. Həsrətin, ayrılığın, hissin doğmalığından gəlir. İstənilən itki, yoxluq adamı ağrıdır. Yurd, vətən – Qarabağ itkisi isə tam başqadır.
Nə yaxşı ki, Vahidin doğulduğu Çəmənli kəndi işğal altında deyil. Vahid kəndinə gedə bilir. İlk addım atdığı torpağı yenidən addımlayır. O yollar, cığırlar onun uşaqlıq xatirələrini oyadır. Amma Vahid də Çəmənlidən əlini uzatsa çata biləsi Ağdama, Şuşaya, dədə-baba yurdu Göyçəyə, Kəlbəcərə hələ də həsrətlə baxır. Bu baxış Vahidin içini yandırır.
Vahidəm, fəryadım döndü ağıya, Kim verdi fürsəti acgöz yağıya? Cənnət məkanımı verib dığaya Səhrada komalar tikirəm indi.
və ya
Əhvalın necədi, ay tənham, təkim? Yolçusuz yollarım, Dağılan səkim. Sənin həsrətini nə qədər çəkim? Yağının əlində əsir Ağdamım.
Vahidin bayrağa sevgisi də özünəməxsusdur:
Rəngin üç olsa da, qan rəngindəsən, Qaçqın, köçkün də sən, didərgin də sən… Zəfər döyüşündə ürəyimdəsən, Sənsən cəsarətim, savaşım Bayraq.
Vahid Çəmənlinin şeirlərində səmimiyyət var. Özü necə danışırsa, şeiri də adamla eləcə, səmimiyyətlə, ədəblə danışır. Hətta deyişmələri də…
Əlindən qum kimi süzülüb axdı, Hesabı qum qədər olan günlərin… Ağrısı, acısı canını yaxdı, Vədəsiz açılıb solan günlərin.
Vahidin ruhu oxşayan, sadə dildə yazılmış gözəl şeirləri var.
“Gəlir” şeirində yazır:
… Söyüdlər üstümə sallayıb çətri. Məst edir nanənin, yarpızın ətri, Sinəmdə çağlayır nəğmənin sətri, Ağ vərəq üstünə şirin söz gəlir.
Vahid, içimdədi harayım, hayım… Yanır, külə dönür məhəbbət payım. Qayğımı çəkməyə yox əmim, dayım, Nə Sakit yetişir, nə Çingiz gəlir.
İndiki qarışıq dünyada qayğını çəkməyin çətinliyi başa düşüləndi. Amma inanıram ki, Vahidin şeirlərinin daxili səsini eşidənlər çox olacaq.
Kitabda Vahid Çəmənlinin son illərdə yazdığı şeirlərlə bərabər onun Rahib Məmmədovun xatirəsinə həsr olunmuş “ Unudulmayan qəhrəmanlar” sənədli əsəri də yer alıb.
Ağdamın birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid qəhrəmanlarından da əvvəl qəhrəman olmuş övladlarından biri – 20 yaşlı əsgər Rahib Məmmədovun 1987-ci ildə Rioni çayının daşması nəticəsində ölümlə üzbəüz qalan Gürcüstanın Xobi rayonun Çaladidi kəndinin sakinlərini təkbaşına xilas etməsindən, gürcü xalqının ona olan sevgisindən, Çiladidi və doğulub boya-başa çatdığı Ağdamın Mahrızlı kəndlərindəki məktəblərə Rahib Məmmədovun adının verilməsindən, o dövrdə, SSRİ məkanında bu hadisənin böyük əks-səda doğurmasından yazan müəllif əsərdə qəhrəmanın və qəhrəmanlığın unudulmadığını sənədli formada oxuculara çatdırır.
İnanıram ki, Vahid Çəmənli bundan sonra da könlümüzü oxşayan yeni şeirlərlə, əsərlərlə bizi hələ çox sevindirəcək.