www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Zaur Ustac – “Qarabağ Azərbaycandır!”

Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyev 3 oktyabr 2019-cu ildə Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Qarabağ münaqişəsindən bəhs edən zaman bildirmişdir ki, “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

“QARABAĞ AZƏRBAYCANDIR!”
(esse)
    Vətən insanın sadəcə doğulduğu yer deyil. Vətən onun ruhudur, yaddaşıdır, keçmişi və gələcəyidir. İnsan bəzən özünü itirəndə də vətənini itirmir. Çünki vətən insanın içində yaşayır – ana laylasında, ata nəsihətində, baba ocağında, torpaq qoxusunda, şəhid qanında, bayraq rəngində yaşayır. Bu mənada Azərbaycan təkcə coğrafi məkan deyil; minilliklərin yaddaşını daşıyan böyük bir mənəvi xəzinədir. Onun ayrılmaz parçası olan Qarabağ isə xalqımızın ruhunun, qürurunun, mübarizə əzminin və milli kimliyinin canlı simvoludur.
     “Qarabağ Azərbaycandır!” ifadəsi təkcə siyasi bəyanat və ya tarixi həqiqətin ifadəsi deyil. Bu fikir xalqın yaddaşına yazılmış müqəddəs anddır. Bu sözlər illərlə həsrət çəkən insanların ürəyində közərən ümidin səsidir. Bu nida Vətən sevgisinin ən ali məqamıdır.
     Qarabağ Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, milli kimliyinin ayrılmaz hissəsidir. Ağdamın ağrısı, Şuşanın nisgili, Xocalının yarası, Xankəndinin həsrəti, Laçının yolu, Kəlbəcərin dağı, Ağdərənin nəfəsi, Zəngilanın torpağı, Qubadlının izi, Füzulinin nisgili, Cəbrayılın xatirəsi xalqın ortaq yaddaşında yaşayır. Qarabağ sadəcə xəritədə görünən bir ərazi deyil. Qarabağ insanın ruhunda yaşayan Vətəndir.
     Yurd həsrəti tamamilə fərqli bir anlayışdır. Onu yaşamadan dərk etmək, anlamaq sözün əsl mənasında çətindir. Sanki hər gecə yuxuda kimsə insanı əlindən tutub tarixin yolları ilə aparır: bura Ağdərədir, bura Kəlbəcərdir, bura Laçındır, bura Göyçədir, bura Borçalıdır, bura Dərbənddir, bura İrəvandır, bura Zəngəzurdur, bura Təbrizdir… Hər addımda keçmiş danışır, tarix nəfəs alır, yaddaş dirilir. Sonra yol Qarabağa çıxır. Şuşaya çıxır. Qalaya qalxır. “Yeddiqatın” dolanbaclarında insan anlayır ki, Vətən sadəcə torpaq deyil. Vətən ruhdur. Vətən kimlikdir. Yurd yuvadır. Yurd şair demişkən, “əcdadımızın mədfənidir”:
Vətən – əcdadımızın mədfənidir,
Vətən – övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.

(Abbas Səhhət – “Vətən”)
    Azərbaycan xalqı tarix boyu çox çətin sınaqlardan keçib. Müharibələr, işğallar, ayrılıqlar, ağrılar xalqın taleyindən keçib. Qarabağ dərdi də uzun illər xalqımızın qəlbində sağalmayan yara kimi yaşadı. Yurd-yuvasından didərgin düşən insanlar illərlə doğma ocaqlarının həsrətini çəkdi. Uşaqlıq xatirələrimiz yarımçıq qaldı. Dağlar sahibsiz, yollar nisgilli, evlər qərib oldu.
    Amma xalq ruhdan düşmədi. Çünki Azərbaycan insanı yaxşı bilirdi ki, Vətən unudulmaz. Torpaq unudulmaz. Haqq gecikə bilər, amma itmir.
     Vətən sevgisi insanın daxilində böyüyən ən müqəddəs hisslərdən biridir. Bu sevgi insana güc verir, iradə verir, mübarizə ruhu verir. Qarabağ uğrunda aparılan mübarizə də sadəcə torpaq savaşı deyil. Bu mübarizə milli ləyaqətin, tarixi ədalətin, mənəvi dəyərlərin qorunması uğrunda mübarizədir! Şükür olsun Böyük Allaha hər gün yuxularımızda, xəyallarımızda getdiyimiz yolları, gəzdiyimiz yurd yerlərini bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında Azərbaycan Əsgəri canı, qanı bahasına addım-addım, qarış-qarış geri alır. Hər gün sözün əsl mənasında bir daha böyük əminliklə şahidi oluruq ki, “QARABAĞ AZƏRBAYCANDIR!”. İndi bu nida Azərbaycan Əsgərinin başlıca silahına çevrilib. Bu yolda verdiyimiz şəhidlərimiz  Azərbaycan Əsgərinin mübarizə əzmini, qələbəylə, Böyük Zəfərə inamını daha da artırır. Necə deyərlər, – “Bir ölür, min diriliriz!”
     Şəhidlik anlayışı Azərbaycan xalqının mənəviyyatında xüsusi yer tutur. Vətən uğrunda canını fəda edən insanlar sadəcə döyüşçü deyil, xalqın əbədi yaddaşına çevrilən müqəddəs adlardır. Bu torpaqlar uğrunda şəhid olmaq hər kəsə nəsib olmur. Şəhidlər Vətənin daşına, torpağına, havasına qarışaraq xalqın ruhunda əbədi yaşayırlar.
     Qarabağ həm də milli birliyin rəmzidir. Çətin zamanlarda xalqın bir yumruq kimi birləşməsi, ortaq məqsəd ətrafında sıx dayanması Azərbaycanın ən böyük gücünü göstərir. Bu birlik göstərir ki, vətən sevgisi insanları birləşdirən ən güclü bağdır.
     Bu torpaqlar sadəcə coğrafi məkan deyil. Bu torpaqlar tarixdir. Yaddaşdır. Mədəniyyətdir. Nizaminin sözü, Üzeyirin musiqisi, Vaqifin nəfəsi, Xurşidbanu Natəvanın nisgili, şəhidlərin qanı, anaların duasıdır.
     Azərbaycanın hər daşı, hər qayası bir tarix danışır. Qarabağ isə həmin tarixin qəlbidir. Çünki Qarabağ Azərbaycanın mənəvi dayağıdır. Qarabağ milli ruhun yaşadığı yerdir.
     Bu gün Qarabağ deyəndə insanın gözündə sadəcə dağlar, yollar, şəhərlər canlanmır. İnsan qürur görür. Əzmkarlıq görür. Qayıdış görür. Dirçəliş görür.
      “Qarabağ Azərbaycandır!” — bu ifadə təkcə bir cümlə deyil. Bu xalqın yaddaşıdır. Bu millətin iradəsidir. Bu torpağın haqq səsidir.
      Qarabağ Azərbaycandır! Dünən də belə idi. Bu gün də belədir. Sabah da belə olacaq.
       Çünki Vətən sevgisi zaman keçdikcə azalmır. Böyüyür. Dərinləşir. İnsanla birlikdə yaşayır.
        Qarabağ Azərbaycandır! Azərbaycanın qürurudur. Azərbaycanın ruhudur. Azərbaycanın özüdür.
20.10.2020. Ağdam.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Yol qeydləri və Zəfər yolu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Murad Eloğlu – Çətin

Çətin

Ağrın alım ay kasıb
Yaşa çətin, öl çətin
Durmağa yer də yoxdu
Ev qaramat, çöl çətin.

Bəyənmədin qucağı
Özün seçdin bucağı
Di ha üflə ocağı
Közərərmi kül? Çətin!

Nə evinə gəliş var
Nə üzündə gülüş var
Nə əppək var, nə iş var
Sevin çətin, gül çətin.

Dərdin var hər biçimdə
İsinmədi peçin də
Bu qayğılar içində
Dikələrmi bel? Çətin!

Kimsə sənə yanmasa
Adın haraylanmasa
Gül ordan boylanmasa
Oxuyar bülbül? Çətin.

Tək əldən çıxmaz səmir
Fikirlə iş düzəlmir
Bəlkə Murad düz demir
Anla çətin, bil çətin.

25.02.2021.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ana dilim qəribsəmə

Ana dilim qəribsəmə

Sən anamın laylası san
Sən dilimin duasısan
Sən tarixin qalasısan
Ana dilim, qəribsəmə.

Yolun daim olub çətin
Hər dövrdə oldun mətin
Tükənməsin təravətin
Ana dilim, qəribsəmə.

Sənlə dinir saz obamda
Sənlə yanır köz obamda
Öz elində, öz obanda
Ana dilim, qəribsəmə.

Sən dərsliyim, əlifbamsan
Min illərdir yanan şamsan
Mən Muradam, sən anamsan
Ana dilim, qəribsəmə.

21.02.2021.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


                

Zaur Ustac – Şəhidim

ŞƏHİDİM
(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi…
Çoxunun gözü ackən, Sənin gözün tox idi…
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək lazımdı, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi…
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi…
Çoxunda beş-beş olan, Səndə biri yox idi….
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş…
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi…
Çoxu sayın bilmirdi, Sənin biri yox idi…
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı samasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi…
Bilən bilir qardaşım, Sənin mislin yox idi….
21.01.2018. Bakı.

Müəllif: Zaur USTAC

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur USTAC – Anam Azərbaycan!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I