Tanımırsanmı məni?! Kimsəyə boyun əymərəm… Boz buludlar Səmada var-gəl edərkən Axşamın xəfif küləyi əsərkən Hələ zülmət gəmiyə minməmişkən Bilirdim ki, yer üzü məzarlıq, Ömrümün naxışları işgəncədir…
Sən öküzləri əhilləşdir Kasıblar üçün beynini yorma… Ağla indi, ürəyin boşalana qədər, Doyunca ağla… Halına yanmadığım Şərq və Cənub üçün ağla Parçalanmış duygular, ödənməmiş borclar və Yerinə yetirilməmiş vədlər üçün ağla… Göy üzünə boylan, Bax, düz buraya, Sabahın quşları qanad çırpır səmada Torpaq nə gözəl tumurcuqlar verib Sən və sevgin qəlbinin qapısına möhür vurarkən Körpələr analarının döşlərindən zorla alınırdı. Kaş görmüş olaydım, Kaşki , qarışmayaydım demə əbəs yerə… Daha heçnə söyləmə İnamım qalmayıb sənə… Amma ki, mən hər xəfif küləyə Nəvazişlə sığal çəkdim Bir əsrdən neçə eşq keçdiyini saymadan… Əsrlərin zaman dilimini Bütün planetləri yola salana kimi Körpə bahar gələnə kimi Sirr saxlayıram… Sabahların birində Gələcəklər uşaqlar… Kim bilir, bəlkə də Pəncərəmdən boylanıb Sənə baxaram… Göy üzü salam göndərəndə Əllərimi yelləyərəm…
Və o zaman dərin bir Ah çəkəcəksən Kaşki heç yaranmasaydım deyə Sahildəki xəyalları, Küləyin səmadan yerə ələdiyi ulduzları Aşağı -yuxarı boylanıb Bir, iki, üç deyə Saymağa başın qarışacaq… Yeri- göyü yaradan Tanrının qarşısında Kim ola bilərik ki, biz Xırdaca varlıqlarıq, Bir az cılız, bir az aciz…
Tələbəlik həyatı yaşamış hər bir insan təqaüdün tələbə üçün nə demək olduğunu yaxşı başa düşür. Sənan iki imtahandan kəsilmişdi. Deməli, növbəti semestdə təqaüd ala bilməyəcəkdi. Amma onun heç vecinə deyildi. Atası Kənanın canı sağ olsun. Onu cib xərcliksiz qoymayacaqdı.
Kənan isə Sənan deyildi. Oğlunun təqaüdsüz qalacağından çox narahat idi. O da bu universitetdə işləyirdi. Əlini əlinin üstünə qoyub oturmayacaqdı ki. Universitetdə dost-tanışlar vardı. Az-çox sözü keçirdi. Təcili tədbir görməli, göndəriş alıb oğlunun kəsirlərini düzəltdirməli idi. Odur ki, özünü qaranəfəs fakültə dekanına çatdırdı. Səməd müəllim onu xoş dillə qarşıladı. Başqa cür ola da bilməzdi. Neçə illər idi ki, bir müəssisədə çalışırdılar.
-Kənan müəllim necədir?
Kənan müəllim dilxor:
-Necəliyim yoxdur, Səməd müəllim.
-Niyə?
-Uşağın iki kəsiri var.
-Hə, bu, yaxşı olmadı. Kəsirlərini verməsə təqaüd almayacaq.
Kənan müəllim əlavə etdi:
-Məsələ elə təqaüddədir.
Səməd müəllim soruşdu:
-Kəsirlər hansı müəllimlərdəndir?
Kənan müəllim:
-Biri Xasay müəllimdir, – dedi.
Səməd müəllim qaşlarını çatdı:
-Özün bilirsən Xasay müəllim necə adamdır. Söz deməli deyil.
-Bilirəm.
-O biri müəllim kimdir?
Kənan müəllim dinmədi. Fükültə dekanı cavab gözləyirdi. Kənan müəllim onu çox gözlətmədi:
-O biri müəllim mən özüm.
Səməd müəllim ayağa qalxdı. Təəccüb və maraq dolu nəzərlərlə ona baxdı:
-Nə danışırsan? Gəlmisən ki oğlunu sənə tapşırım?
Kənan müəllimin key-key baxdığını görüb:
-Bir kafi yaza bilmirdin? – deyə xəbər aldı.
Kənan müəllim peşman:
-İmtahana hazırlaşmamışdı. Tələbələrin yanında, gözləri qarşısında əlacsız qaldım. Qiymət yaza bilmədim.
Səməd müəllim əlini onun çiyninə qoydu:
-O sənə arxayın olub oxumur, özünü yaxşı aparmır. Sən də kömək əlini uzatma. Qoy hazırlaşsın. Gəlib imtahanlarını versin. Bu hələ birinci kursdadır. Gör neçə il onu himayə etməlisən.
Fakültə dekanı Kənan müəllimin susduğunu görüb:
-Bəs indi nə edək? – deyə soruşdu.
Kənan dilləndi:
-Səməd müəllim, xahiş edirəm, göndəriş yazın. Xasay müəllimə də, mənə də.
Səməd müəllim qınayıcı nəzərlərlə ona baxdı:
-Kənan müəllim, sən özün heç olmasa ona iki qiymət yazmayaydın.
-Mən onun başına 2 yazmışam. Başı işləmir. Başının qiymətidir. Amma qarnı işləyir, özü də yaxşı işləyir. Gərək təqaüd ala ki, qarnını yola versin.
Onun sözlərini eşidən Səməd müəllimi gülmək tutdu. Əyləşib göndəriş yazdı. Birini Xasay müəllimə, birini də Kənan müəllimə.
Hava çox isti idi. Gün adamı yandırırdı. Hər kəs bir kölgəliyə çəkilib, günəşin istisindən qorunmaq istəyirdi. Şahbaz da əl üzünü yuyub, evə keçdi. O, pəncərədəki radionun düyməsini basdı. Niyaməddin Musayev “Şahnaz təsnifi”ni oxuyurdu: Deyin hardadır, o üzü dönmüş. Şahbaz pəncərənin yanındakı çarpayıya uzandı. Əllərini bir-birinə daraq edib, gözlərini yumdu. Niyaməddin oxuyurdu: Deyin hardadır, o üzü dönmüş, sevən ürəyim onu soraqlar.Fikir, xəyal Şahbazı çox-çox uzaqlara apardı.
xxx
Dərs ili yenicə başlamışdı. Səməd müəllim sinif uşaqlarını bir-bir durğuzub, yerlərini dəyişdi. Hər partada bir oğlan, bir qız oturdu. Şahbazla Gülyaz üçüncü cərgədə, ikinci partada oturdular.
Gülyaz sakit təbiətli, tərbiyəli, savadlı bir qız idi. O, hər gün dərsə hazırlıqlı gəlir, müəllimin verdiyi tapşırıqları mütləq yerinə yetirirdi. Şahbaz da pis oxumurdu. Onlar orta məktəbi bitirdikdən sonra təhsillərini davam etdirmək fikrində idilər. Gülyaz riyaziyyatı çox sevirdi. O, riyaziyyat müəllimi olmaq istəyirdi. Şahbaz isə mühəndis olmağı qarşısına məqsəd qoymuşdu. Onları hər şeydən çox bu riyaziyyat fənni yaxınlaşdırırdı. Çünki onlar eyni müəllimin məşğələsində mütəmadi olaraq iştirak edir, bu fənn üzrə çox sorğu-sual edirdilər.
Deyirlər məhəbbət həm də vərdişdən yaranır. Artıq Şahbazla Gülyaz bir-birinə o qədər vərdiş etmişdilər ki, birinə bir şey olanda o birisi çox narahat olurdu. Hər birinin ailə üzvüləri bunu çox normal qarşılayır, məktəb, sinif yoldaşı olduqlarını düşünürdülər.
Günlər, aylar bir-birini ötüb keçirdi. Uşaqlarda həmin uşaqlar deyildi artıq. Onlar böyüyüb həyata başqa gözlə baxırlar. Şahbazın qəlbində başqa bir hiss yaranmışdı. Bir gün Gülyazı görməyəndə özünü çox narahat hiss edirdi. Elə Gülyaz da Şahbaza biganə deyildi.
xxx
Səməd müəllim uşaqları çağırıb, onlara sabah riyaziyyatdan əlavə dərs olduğunu dedi:
– Uşaqlar, bildiyiniz kimi sabah riyaziyyatdan əlavə dərsimiz var.
Maraqlı mövzular olacaq. Bu Gülyaz üçün çox sevindirici oldu. Həm bilmədiklərini öyrənəcək, həm də yenə Şahbazla bu mövzuda sorğu-sual edəcək.
Dərsdən sonra uşaqlar gəlib sinif otağının yanında müəllimi gözlədilər. Gülyaz əlindəki kitabı o üz bu üzə vərəqləsə də fikri Şahbazın yanında idi. Şahbaz da altdan-altdan Gülyazı seyr edirdi. Budur Səməd müəllim əlində kitablar gəlib sinfə daxil oldu. Uşaqlar da keçib hər kəs öz yerində oturdular. Müəllim aram – aram mövzuları uşaqlara başa salır, bilmədiklərini yenidən təkrar edirdi. Gülyaz hamıdan tez verilən tapşırıqları yerinə yetirdi. Və Şahbazın yazısı ilə maraqlanırdı. Şahbaz da tapşırıqları yazıb qurtardı və müəllimə göstərdi. Müəllim dəftəri alıb baxdı, başı ilə razılığını bildirdi.
Dərs qurtardı, uşaqlar hər kəs öz evinə getdi.Artıq Şahbaz tamam dəyişmişdi. O Gülyazı bir an nəzərindən uzağa qoymurdu. Şahbaz uşaqlardan ayrılıb, Gülyazla yanaşı addımlamağa başladı. Mövzunu bəhanə edib, bayaq ki, dərs haqqında onunla bir xeyli söhbət etdi.
xxx
Dərs ili qurtamaq üzrə idi. Dərs ilinin qurtarmasına günlər qalırdı. Uşaqlar orta məktəbdə imtahana hazırlaşırlar. Onlar həftənin bütün günlərini məktəbdə keçirir, həm orta məktəb imtahanına, həm də ali məktəbə qəbul imtahanına hazırlaşırlar. Onları çətin imtahan gözləyir. Gülyaz bir an kitabdan ayrılmır, bütün günü dərslərə hazırlaşırdı. O mütləq ali məktəbə qəbul olmalıdır.
Şahbazı nə qədər imtahan narahat edirdisə, bir o qədər də Gülyaz narahat edirdi. Şahbaz artıq özü ilə bacara bilmirdi. O Gülyazsız bir an qala bilmir, hər dəfə bir şeyi bəhanə edib, onun yanına gəlir, onunla söhbət edirdi. Yox o Gülyaza onu sevdiyini deməlidir. Artıq orta məktəbi qurtarırlar. Yeni həyata atılırlar. Öz arzularının dalınca gedəcəklər.
Şahbaz neçə dəfə bu sözü demək istəmişsə də, o özü ilə bacara bilməmişdir. Ancaq Gülyaz artıq Şahbazın üzündən, gözündən, davranışından ona olan münasibətini hiss edirdi. Elə Gülyaz da bu sözü ondan eşitmək istəyirdi. Gülyaz da Şahbazı görəndə ürəyi əsirdi. Bir gün Şahbaz Gülyazdan özünün riyaziyyat kitabını istədi. O kitabı Şahbaza verəndə ya təsadüfdənmi, ya bilərəkdənmi Şahbazın əli qızın əlinin üstünə düşdü. O bu hərəkətdən az qala yıxılacaqdı, ürəyi elə çırpındı ki, az qala yerindən qopub düşəcəkdi. O evə necə gəldiyini bilmədi.
Şahbaz evə gələn kimi bir qələm, bir kağız götürüb, ora bu sözləri yazdı.
Gülyaz, mən səni sevirəm. Məni gözlə.
Səni dünyalar qədər sevən Şahbaz.
Vərəqi qatlayıb, kitabın arasına qoydu. Tələsik kitabı aparıb Gülyaza verdi. Gülyaz da onun fikrini hardasa anlamışdı. O kitabı alıb, evə gəldi, tez kitabı vərəqləməyə başladı. Kitabın arasından vərəq yerə düşdü. Gülyaz tez kağızı açıb oxumağa başladı. O kağızı ovcuna sıxıb, gözlərini yumdu, bilmədi ki, neyləsin. Ağlasınmı, gülsünmü, sevincdən qışqırsınmı. Ayaqları əsməyə başladı, ürəyi titrəyirdi. Bir təhər gəlib çarpayıda uzandı. Nə vaxt yuxuya getdiyini bilmədi.
xxx
Şahbaz dərsə gələndə yol boyu Gülyazı düşünürdü. Tez gedib onu görsəydim, onun gözlərinə baxsaydım. Nəhayət dərs başladı.Hamı sinfə daxil oldu. Qapının ağzında Şahbazla, Gülyaz rastlaşdı. Şahbaz dik Gülyazın gözlərinin içinə baxdı. Elə bil qızın gözləri nə isə demək istəyirdi. Gülyazın yanaqları sanki yanırdı. Sifəti allanmışdı. O keçib yerində əyləşdi, nə edəcəyini, nə deyəcəyini bilmirdi. Şahbaz əlindəki qələmi tez-tez partaya vurub, fikrini cəmləmək istəyirdi. Yaxşı ki, müəllim uşaqlarla danışmağa başladı. Müəllimin səsi hər ikisini öz fikrindən ayırdı. Şahbaz nə qədər narahat görünsə də, bir o qədər də özünü rahat hiss edirdi. Ürəyindən keçəni Gülyaza demişdi.
Artıq Şahbaz Gülyazla başqa cür rəftar edirdi. Gülyaz da onun səmimiyyətinə inanır, onu olduğundan daha çox sevirdi.
xxx
Orta məktəbdə buraxılış imtahanı başa çatmışdı. Məzunlar atestatlarını alıb, hər kəs öz arzuladığı peşənin dalınca getdi. Kimi instituta, kimi texnikuma, kimi sənət məktəbinə üz tutdu. Şahbaz da sənədlərini hazırlayıb, Neft və Kimya İnstitutuna verdi. Qəbul imtahanlarından yaxşı və əla qiymət alıb, ali məktəbə qəbul oldu. Sevincinin həddi- hüdudu yox idi. Çəkdiyi zəhmət hədər getməmişdir. Bir tərəfdən də sevinirdi ki, Gülyazla eyni şəhərdə yaşayacaqdı, istədiyi vaxt görüşəcəkdi.
O Gülyazla görüşüb, vəziyyətlə maraqlandı. Gülyaz da universitetin riyaziyyat fakültəsinə qəbul olunmuşdu. Onlar tələbə biletlərini alana qədər şəhərdə qaldılar. Onlar illərlə çəkdikləri zəhmətin bəhrəsini görmüşdülər. Bir az gəzib dincəlmək istəyirdilər. Tez-tez Şahbaz gəlib Gülyazı da götürüb şəhərə çıxır, parkda, bulvarda gəzib dolandılar. Bir neçə gündən sonra biletlərini alıb, evə qayıtdılar. Bir azdan onlar üçün qaynar tələbəlik həyatı başlayacaqdı. Şahbazgilin də, Gülyazgilin də evində toy-bayram idi. Axı hər iki evin övladı ali məktəbə qəbul olunmuşdu.
xxx
Şahbaz paltarlarını geyinib, divardan asılmış güzgünün qarşısına keçdi. Saçlarını səliqə ilə darayıb pilləkənə tərəf getdi. Pilləkəndə anası ilə rastlaşdı. Anası oğluna baxıb sevindi, zarafatla, — Anan qurban, hara gedirsən, görüşə gedənə oxşayırsan. Şahbaz anasının boynunu qucaqladı, üzündən öpdü, yavaşca anasının qulağına dedi: — Hə ay ana, görüşə gedirəm və yoluna davam etdi. O Gülyazgilə gedirdi. Gülyazı görüb, nə vaxt şəhərə getməyini bilmək istəyirdi. Şahbazın qanadı olsaydı uça-uça gedərdi Gülyazgilə.Qəlbində o qədər sevinc var idi ki. O Gülyazgilin darvazasının yanına çatanda qapı açıq idi. Bir – iki addım içəri keçmişdi ki, həyətdə Gülyazın anası Qəmər xalanı gördü. Salam verdi: — Hər vaxtın xeyir, Qəmər xala. Qəmər xala Şahbazı görüb — Qadan alım, a Şahbaz niyə gəlmirsən, orda niyə durmusan? Şahbaz Gülyaz lazımdır, kitab var onu soruşacağam, dedi. Qəmər xala Gülyazı səsləyib, — Ay Gülyaz, Şahbaz səninlədi gör nə deyir . Gülyaz Şahbazı görcək həm sevindi, həm də özü-özündən bir az utandı. O, irəli gəlib, Şahbazla görüşdü, nə üçün gəldiyini soruşdu. Şahbaz kitab almağa gəldiyini dedi. Əslində o Gülyazdan nə vaxt şəhərə gedəcəyini soruşmağa gəlmişdi. Gülyaz gələn həftə gedəcəyini dedi. Bir az söhbət etdikdən sonra Şahbaz evlərinə qayıtdı.
xxx
Şahbazın anası onun Gülyaza meylinin olduğunu çoxdan duymuşdu. Ancaq ürək edib, oğlundan bu haqda heç bir söz soruşmamışdı. Vaxtı gələndə özü deyəcək, demişdi.
Şahbaz əlində kitab evə gəldi. Çox sevincək idi. Anası da bunu görüb çox sevindi.
Şahbaz — Ana mən gələn həftə Bakıya gedəcəyəm. Mən gərək indidən hazırlaşım. Anası, nə deyirəm, ay ağul, işin avand olsun, dedi.
xxx
Bu bir həftə Şahbaza bir il kimi göründü. Nəhayət Bakıya yola düşdü. Heç vaxt yaddan çıxmayan tələbəlik həyatı başladı. Hər gün dərs, tələbəyə məxsus məişət qayğıları, tələbə kasıblığı. Bütün bunlarla yanaşı Şahbaz Gülyazı da yadından çıxarmırdı, onun da qayğıları ilə maraqlanır, lazım olan kitabı tapır, onun üçün də bazarlıq edirdi.
xxx
Artıq universitetdə çox uşaqlar Şahbazı tanıyırdı. Yataqxananın demək olar ki, bütün tələbələri, komendantı və başqaları Şahbazı görən kimi bilirdilər ki, Şahbaz Gülyazdan ötrü gəlib.
Beləcə birinci, ikinci kursu başa vurdular. Üçüncü kursu bitirdikdən sonrs tələbələri yay tətilində Krasnodora göndərdilər. Bütün tələbələr kimi Gülyaz da Krasnodara yola düşdü. Tələbələri pomidor yığımına cəlb etmişdilər. Onlar həftənin müəyyən günlərində yığımda iştirak edir, müəyyən vaxtlarda isə şəhərə gəzməyə çıxır, konsertə gedirdilər. Bu müddət ərzində Camal heç də Gülyazı gözdən qoymurdu. Yığım vaxtı onun vedrəsinə kömək edir, şəhərə çıxanda onunla gəzməyə fürsət axtarırdı.
Camal da universitetin fizika fakültəsində oxuyurdu. Yaxşı imkanlı bir ailənin uşağı idi. Məktəbə maşınla gəlir, geyimi ilə, davranışı ilə hamıdan seçilməyə çalışırdı. O, hərdən Gülyazla rastlaşır. Hər dəfə onu görəndə Camal da qəribə bir hiss yaranırdı. Bir dəfə universitetin pilləkənlərində Gülyazla Camal rastlaşdı. Camal özünü itirmədən Gülyaza salam verdi. Gülyaz onun salamını alıb keçdi. Camal ona nə isə demək istədi, ancaq dönüb getdi. Yox o elə-belə hiss deyildi. O, Gülyaza vurulmuşdu. Mütləq onu görməli, danışmalı idi.
xxx
Universitetdə çox qızlar Camalla dost olmaqdan, hətta sevgili olmaqdan ötrü əldən-ayaqdan gedirdilər.Camalsa bunlara əhəmiyyət vermirdi. O, Gülyaza vurulmuşdu. Bunu mütləq ona deməlidir. Camal bir neçə dəfə Gülyazı izlədi. Onun kiminlə dostluq etdiyini, kiminlə gedib – gəldiyini öyrəndi. O, Gülyazın yaxın rəfiqəsi Kəmalə ilə görüşüb, söhbət etdi. Gülyaz haqqında ətraflı məlumat topladı, harada qaldığını öyrəndi.Camal bu məsələnin həll etmək yolunu ancaq Kəmalədə gördü. Ancaq bu yolla bu məsələni həll edə bilərdi.
Bayramlarda o Kəmaləyə hədiyyə alıb gətirir, birini də rəfiqəsinə verməyi tapşırırdı. Bir gün o Kəmaləyə Gülyazdan xoşu gəldiyini dedi. Kəmalə də bunu çoxdan hiss etmişdi. O bu haqda Gülyaza söyləyəcəyini Camala dedi.
Kəmalə Gülyaza dərsdən gələndən sonra şəhərə getməyini təklif etdi. Gülyaz da bir az tərəddüd etdikdən sonra razılaşdı. Onlar bir az gəzdikdən sonra parkda skamyaların birində oturdular. Bu vaxt Camal maşınla gəlib, parkın kənarında onlarla üzbəüz dayandı., maşını saxlayıb, maşından düşdü.Kəmalə bunu görüb Gülyaza dedi:
– Camal da burdadır, dur bir az gəzək. Gülyaz heç özü də bilmədən
ayağa durdu. Onlar parkın ortasında görüşdülər. Bir az gəzdikdən sonra qayıtmaq istədiklərini bildirdilər. Camal onları maşınla aparmaq istədiyini dedi. Qızlar bir az tərəddüd etsələr də razılaşdılar. Beləcə onlar bir neçə dəfə görüşdülər. Bir gün Kəmalə Gülyaza Camalın ondan xoşu gəldiyini dedi. Gülyaz Kəmaləyə – yox, ola bilməz, bu haqda heç fikirləşməyə dəyməz, dedi.O, bu sözü eşidəndə gözünün qarşısına Şahbaz gəldi.Axı illərdir Şahbaza söz verib, bu necə ola bilərdi. Şahbaz bunu eşitsə nə deyər?
Kəmalə Gülyaza – ay qız, ağlını başına yığ, universiteti qurtarmağımıza günlər qalıb, Camal kimi oğlanı əlindən buraxacaqsan? Şəhərdə qızlar ondan ötrü əldən ayaqdan gedirlər. İmkanlı, yaraşıqlı oğlandı. Yaxşı fikirləş, sonra peşiman olarsan. Onlar bir az bu haqda söhbət etdikdən sonra hər kəs öz işinin dalınca getdi. Nə Camal, nə də Şahbaz Gülyazın gözünün qarşısından getmirdi. Camal da yaraşıqlı, imkanlı bir oğlandı, Neyləsin hansını seçsin.
xxx
Şahbaz ali məktəbi qurtardıqdan sonra onu təyinatla Tümen vilayətinə işləməyə göndərdilər. O evlərinə gəlib, valideyinləri ilə görüşüb, Tümenə getdiyini onlara bildirdi. Tələsik Bakıya qayıtdı ki, gedib Gülyazı görsün, onu məsələdən agah etsin. O, Bakıya gəldi. Gülyazı görə bilmədi. Gülyaz da evlərinə qayıtmışdı. Şahbaz çox narahat oldu. Fikirləşdi ki, məktubla əlaqə saxlayar. O Tümenə yola düşdü.
xxx
Gülyaz bir az rayonda qalıb, şəhərə qayıtdı. Kəmalə şəhərdə onu gözləyirdi. O Camala cavab verməli idi. Nə olur, olsun Gülyazdan razılıq almalıdır. Gülyaz Kəmalə ilə görüşüb, hal-əhval tutdu. Kəmalə ordan-burdan söhbət edib, məsələni yenə Camalın üstündə saxladı. – Ay Gülyaz, nə oldu fikirləşib, qurtardın? Axı Camal səndən cavab gözləyir, deyə Gülyazdan soruşdu. Gülyaz nəsə demək istədi. – Axı, Kəmalə onun sözünü ağzında kəsdi. Nə axı, ay qız, sənin ağlın yoxdur başqası olsaydı, indi çoxdan toyları da olmuşdu. Mən Şahbaza söz vermişəm dedi. – ay qız, quru sözdən nə çıxar, sən gələcəyini fikirləş, həyatını, uşaqlarını fikirləş. Şahbaz hanı o, çıxdı getdi, kim bilir orda sən onun yadına düşəcəksən, ya yox.
Gülyaz – sən mənə bir az vaxt ver Kəmalə, fikirləşim deyərəm.
Kəmalə Camalla görüşüb, vəziyyəti ona söylədi. O vaxtı uzatmaq olmaz, – dedi. Kəmalə – nə olur – olsun ondan hə cavabı alacam, deyərək Camaldan ayrıldı.
xxx
Qadınların özləri kimi sevgiləri də müxtəlifdir, qəribədir. Kimi ağlı ilə sevir, kimi gözü ilə, kimi də eşitdiyi sözlə sevir. Elə sevgilər var ki, ağlın, dərrakənin yox, varın, dövlətin, gözəlliyin üzərində yaranır.
Camalın imkanı, yaraşığı, Gülyazı elə dəyişdi ki, o saf eşqin, məhəbbətin nə olduğunu tez unutdu. Camal Gülyazın qəlbinə elə yol tapdı ki, Şahbaz onun yadından çıxdı, unuduldu.
xxx
Kəmalə Gülyazla görüşüb, təkidlə, Camal səndən cavab gözləyir, dedi. Gülyaz – nə deyirəm olsun, yaxşı, deyib, pəncərənin qarşısına keçdi, pəncərədən çölə baxdı. Kəmalə sevincək gəlib, Gülyazı qucaqladı, üzündən öpdü və bu şad xəbəri Camala çatdırmaqdan ötrü tələsik onun yanına getdi.
Camalla Gülyaz el adəti ilə nişan alıb, toy etdilər.
xxx
Şahbaz gəlib Tümenə çatdı, qaldıqları yeri, ünvanı müəyyənləşdirdikdən sonra o, Gülyaza məktub yazdı, poçtla yola saldı. Bir neçə dəfə məktub yola saldıqdan sonra o çox narahat oldu. O, yazdıqları məktublara cavab almırdı. O çox əsəbləşdi, görəsən məktublara niyə cavab gəlmir, bəlkə məktublar gedib ünvana çatmır, ya da Gülyaz özü cavab vermək istəmir. O, artıq dözə bilmədi. Mütləq evə qayıtmalıdır, bir səbəb olduğunu öyrənməlidir. O iş yerindən bir neçə günlüyə icazə alıb, vətənə qayıtdı. Gəlib Bakıya düşdü.
Gözəl Bakı. Xoş günlərimizin keçdiyi gözəl şəhər. Həm də bir çox hadisələrə səbəb olan şəhər. Bəlkə də Bakı olmasaydı Camal Gülyazı görməzdi, ona vurulmazdı. Gülyaz da öz əhdinə dönük çıxmazdı. Nə isə.
Şahbaz rayon avtobuslarının birinə oturub, evə gəldi. Anası Şahbazı görüb sevincindən ağladı. Onlar görüşüb hal-əhval tutdular. Bu neçə vaxtda kimin evlənib, kimin hara getdiyini soruşdu Şahbaz. Anası söhbət arası Gülyazın da ərə getdiyini dedi. Şahbaz ola bilməz, ana, deyə qışqırdı. Ana bu sözdən elə bil səksəndi. Və nə deyim ay oğul, mən neyləyim, anan ölsün, dedi. Şahbaz bir neçə gün burda qalıb, Gülyazı görmək istədisə də, onu görə bilmədi. Kor-peşiman yenidən Tümenə qayıtdı.
Texnologiya günümüzün ayrılmaz hissəsidir. Dövrün tələbinə çevrilən müasir rəqəmsal texnologiya sabit qalmır, daim yenilənir və inkişaf edir. Hər keçən gün yeni bir texnoloji inkişafla qarşılaşmaq təəccüb doğurmur. Bu proses həm də yaşayışımızı asanlaşdırır, avtomatlaşdırır və müşkül işlər öz həllini qısa zaman kəsiyində tapır.
Rəqəmsal texnologiyanın inkişafını dəyərləndirən ölkələr bu yeniliyi ordularında da tətbiq edirlər. Bu mənada, Azərbaycan Ordusunun rabitə sistemlərinin imkanlarının inkişafı məqsədilə görülən işlər diqqəti cəlb edir.
Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarə edilməsi yüksək səviyyədə həyata keçirilir. Qarşı tərəfin radioelektron mübarizə (REM) vasitələrinə qarşı ən müasir yeni rabitə vasitələri alınaraq istifadəyə verilib. Ordumuzun silahlanmasına, bir çox mobil rabitə kompleksləri də daxil edilib. Eyni zamanda, Azərbaycan Ordusunun arsenalında olan döyüş texnikalarındakı rabitə vasitələri müasir radiostansiyalarla əvəzlənir. Bundan əlavə, ordumuzda müasir tələblərə cavab verən cihazlarla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Burada da istehsalatla yanaşı, peşəkar radiomexaniklər tərəfindən cari təmir işləri həyata keçirilir.
Azərbaycan Ordusunun bölmələri ən müasir rəqəmsal rabitə vasitələri ilə təchiz edilib. İşğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin idarə edilməsində dünyanın ən qabaqcıl ölkələrindən alınan rabitə texnikası və vasitələrindən istifadə olunur. Azərbaycan Ordusunun idarəçiliyində məxfililik və qoşunların gizli idarə olunması nəzərə alınıb. Ordunun silahlanmasında yer alan döyüş texnikalarının rabitə vasitələri yeni müasir rəqəmsal radiostansiyalarla əvəz olunub.
Ümumiyyətlə, lokal və qlobal münaqişələrin həllində güc tətbiqi getdikcə daha geniş vüsət alır və bu proseslərdə REM vasitələri həlledici faktora çevrilmişdir. Birmənalı şəkildə, daha mükəmməl REM-ə malik olan ordu yüksək müvəffəqiyyətlərə nail olur. Texnikaların modernizasiyası həlledici rola malik REM-in inkişafını və təkmilləşdirilməsini istisna etmir. Çünki radiodalğa böyük məlumat massivlərinin uzaq məsafələrə yüksək sürətlə çatdırılmasını təmin edən yeganə vasitədir.
Silahlı qüvvələr etibarlı rabitə sistemləri ilə təmin olunmursa, həmin ordunun məğlubiyyətə düçar olması qaçılmazdır. Sülh və savaş dönəmində, aralıqsız şəkildə potensial rəqiblərin rabitə sistemlərinin “dinlənməsi” hərbi təhlükəsizliyin vacib əməllərindən biridir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Qələbə qazanmasında REM vasitələrinin əhəmiyyəti danılmazdır. Xatırladım ki, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi general-polkovnik Movses Akopyan 2020-ci ilin noyabrın 19-da İrəvanda keçirdiyi mətbuat konfransında bir sıra maraqlı açıqlamalarla çıxış etmişdi. O, Azərbaycanın pilotsuz uçuş aparatlarına (PUA), xüsusilə də Ermənistan ordusunun hərbi texnikalarını məhv edən “Bayraktar TB2” silahlı PUA-larına qarşı istifadə etdiyi ən yeni sistemin effektsiz olmasını təəssüf hissi ilə dilə gətirmişdi. General bildirmişdi ki, Ermənistan tərəfi döyüşlərin gedişatında Rusiyadan alınmış “Pole-21” REM kompleksi ilə ilk günlər TB2-lərin işini müəyyən dərəcədə pozmağı bacarsa da, 4 gün sonra adıçəkilən sistem heç bir işə yaramadı. “Bayraktar TB2”lər əvvəlki qaydada Ermənistan ordusunun ön xətdə və cəbhənin dərinliyindəki obyektlərini vurmağa davam edib. Əlbəttə, bu cinayətkar Ermənistanın məğlubiyyəti, Azərbaycan Ordusunun qələbəsi idi.
Heç təsadüfi deyil ki, dünya dövlətləri öz ordularının REM sistemlərinin etibarlı quraşdırılmasına olduqca önəm verirlər. Etibarlı rabitə sistemi dedikdə, radiodalğaların kəsintisiz və ya güclü olması qədər düşmən tərəfindən dinlənə bilməməsi də nəzərdə tutulur. Məhz bu sahədə meydana çıxan boşluqlar məğlubiyyətin görünməz “iz”ləri, səssiz “əcəl zəngləri”dir.
Ermənistanın radioelektron mübarizə sistemlərini dərindən təhlil edən Azərbaycan Silahlı Qüvvələri labüd savaş ssenarisində düşmənin rabitə əlaqələrinin izlənməsi və dinlənməsi, eləcə də əlaqəyə müdaxilə detallarını nəzərdən qaçırmamışdı. Azərbaycan Ordusunun düşmən radiodalğalarında “fırtına qoparan” sistemlərlə təminatında ən önəmli yeri, təbii ki, qardaş Türkiyənin təmsilçisi olan ASELSAN şirkəti tutur.
Vətən müharibəsindən öncə və savaş günlərində ASELSAN-ın COMINT (Communications Intelligence) sistemləri vasitəsi ilə düşmənin səs və məlumat yüklü radio dalğalarının axışını hədəf alan kommunikasiya kəşfiyyatı Azərbaycan Silahlı Qüvvələrinə bir çox üstünlüklər qazandırmışdı. Müharibənin gedişində ASELSAN-ın COMINT sistemləri vasitəsilə düşmənin hər gün orta hesabla 80 məlumatını dinləmək və lokasiyalarını təyin etmək mümkün olub.
Ümumiyyətlə, ASELSAN hərbi sahədə istifadə oluna biləcək müxtəlif spektrli, o cümlədən KORAL Mobil Radioelektron Mübarizə Sisteminin istehsalını həyata keçirir. KORAL Mobil Radioelektron Mübarizə Sistemi hərbi taktik maşınlara inteqrasiya edilmiş, geniş dalğa diapazonlarında çalışan Elektron Dəstək Sistemi (KORAL ED) və Elektron Hücum Sistemindən (KORAL ET) ibarətdir. Azərbaycan Ordusunun arsenalında yer alan və hərbi qüvvələrin imkanlarını əhəmiyyətli dərəcədə artıran bu sistem radar dalğalarını aşkarlayır, analiz edir, istiqamətini təyin edir. Bununla yanaşı, hədəf radarları qarışdırıb aldadaraq, onların funksiyalarını yerinə yetirmələrinə maneçilik yaradır. Bu imkanlarına görə KORAL sistemi düşmənin hava hücumundan müdafiə sistemlərinə önəmli zərbə vuracaq qabiliyyətə malikdir.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələri də zaman-zaman REM vasitələrinin istehsalı, hazırlanması və inkişafı istiqamətində müəyyən addımlar atıblar. Məsələn, 2016-cı ilin sentyabr ayında nazirliyin Elmi Tədqiqat İnstitutu (ETİ) tərəfindən ADEX sərgisində nümayiş etdirdiyi GSM/BS-REM kompleksi döyüş və antiterror əməliyyatları zonasında mobil GSM rabitəsinin baza stansiyalarının susdurulması üçün işlənib hazırlanıb. Çıxış gücü 50Vt təşkil edən kompleks 880-1980 MHz tezliklərdə fəaliyyət göstərir. Bir nəqliyyat vasitəsinə bazalaşdırıla bilən kompleksin ötürücüsünün çəkisi 22 kq, antenlərin çəkisi 10 kq təşkil edir. GSM/T-REM cihazı isə ərazidəki mobil GSM rabitə terminallarının susdurulması üçün nəzərdə tutulur. 925-2170 MHz tezliklərdə çalışan kompleks maşınlara quraşdılır. Müəssisənin KNS-REM adı verilmiş GPS və QLONASS peyk naviqasiya sistemlərinin siqnallarına maneəqoyma stansiyası isə döyüş əməliyyatları zonasında düşmənin peyk naviqasiyasından istifadə edən sistemlərini, avtomatlaşdırılmış artilleriya-kəşfiyyat komplekslərinin, o cümlədən pilotsuz uçuş aparatlarının fəaliyyətini əngəlləmək üçün vacibdir. Çıxış gücü ən azı 30Vt təşkil edən stansiyanın təsir məsafəsi ən azı 30 kilometrdir. 400x160x680 mm ölçülərə malik stansiyanın nəqliyyat vasitələrindən yerləşdirilməsi mümkündür.
Bir sözlə, Azərbaycan Ordusu REM sahəsində yeniliklər tətbiq edir. Bu da ordumuzun döyüş qabiliyyətini və təhlükəısizliyinin artırılmasında əvəzsiz rol oynayır.
Bu yazı Media Agentliyinin “Ən yaxşı jurnalist araşdırması” nominasiyasının qalibi olub.
Külək səngiyən kimi qonşu həyətdən boğuq bir səs gəldi:
– Bu dəqiqə səni öldürəcəm, itin qızı, neçə dəfə demişəm o donqar adamla danışma?
Ardınca da Çiçəyin səsi ətrafı başına götürdü:
– Kömək edin, ay qonşular, bu vicdansız məni öldürmək istəyir…
Aydın səsi eşidən kimi küçəyə çıxdı. Anası narahat halda dedi:
– Hara gedirsən, ay bala, gecə düşür, hava da soyuyub.
Aydın arxaya baxmadan dedi:
– Ana, geciksəm, bu kopoyoğlu qızı öldürəcək.
– Hansı qızı, ay bala, sən nədən bəhs edirsən? – Səmayə xala indi daha bərk narahatçılıq keçirtdi.
Aydın əlinin işarəsi ilə anlatdı ki, qoy gedim o qızı xilas edim, gəlim, hər şeyi sənə başa salacam.
Aydın sürətlə qonşu həyə qaçdı. Elə getdi ki, deyərdin, yanından sürət qatarı ötdü. Həyətə çatanda gördü ki, Səməd bıçağı bacısının boğazına endirir. Cəld hərəkətlərlə özünü ona çatdırdı, məqsədi bıçağı onun əlindən almaq idi. Səməd dirsəyi ilə onu itələmək istədi, ancaq bıçaq bacısının yanağını cızdı. Aydın güclü bir həmlə ilə Səmədi sanki ağuşuna aldı, sağ əli ilə onun biləyini sıxdı, gücün təsirindən Səməd bıçağı əlindən atdı. Bu dəfə bacısına yalın əllə zərbə endirmək istədi, lakin Aydın bu həmləyə də qarşılıq verdi, Aydını tamamilə tərksilah etdi. Həyətə doluşan digər qonşular yanağından qan axan Çiçəyi küçəyə çıxartdılar. Aydının anası da orada idi, o, Çiçəyi sanki qonşu qadınların əlindən dartıb aldı, qoluna girib evinə apardı. Aydın və digər qonşu kişilər Səmədi sakitləşdirməyə çalışırdılar. O da özünü kimlərəsə göstərirmiş kimi deyirdi:
– Buraxın məni, onu tikə-tikə doğrayacam.
Aydın qəfildən dilləndi:
– Ayıbdı, görən-eşidən bacın haqqında nə düşünər? Utanmırsan?
Başqa bir qonşu kişi soruşdu:
– Axı sən o qızı niyə öldürmək istəyirsən? Axı o, neyləyib ki?
Səmədin ağzı köpük bağlamışdı, ağzını marçıldada-marçıldada dedi:
– Nə edəcək, neçə dəfə dedim ki, o donqar oğraşla danışma, bayaq gəlib görürəm ki, yenə onunla danışır.
Yaşlı qonşu kişi dedi:
– Ay oğul, bəlkə bir-birlərini sevirlər?
Səməd dəli kimi oldu:
– Nə? Nə sevmək? Yüz bacım ola, yüzü də yurdda qala, birini də o itə vermərəm.
Kişi dedi:
– Günahdı, bala, belə eləmə. Özünü qoy o it dediyin adamın yerinə, sənə qarşı belə sözlər deyilsə, xoşun gələr?
Səməd bir az susdu, sonra dedi:
– Mən heç kimin qızına, anasına-bacısına söz demirəm ki, nəsə də desinlər.
Aydın dedi:
– Yaxşı, sakitləş, hirsin soyusun, sonra bir yerə yığışıb məsələyə aydınlıq gətirərik.
Səməd acı baxışlarla Aydını süzdü, ancaq nədənsə bir söz demədi, qəfildən süstləşdi. Qonşular da onu evə apardılar ki, daha dərindən sakitləşdirə bilsinlər. Beləcə, aradan iki saata qədər vaxt ötdü. Aydın hiss etdi ki, Səməd bacısının harda olduğunu bilmək istəyir, dərhal dedi:
– Sən narahat olma, Çiçək bizdədir, onu anam apardı bizə. – Gözlərini Səmədə bərəltdi: – Nə baxırsan, o da mənim bacım. Hara getməli idi, küçədə qalmalı idi, ya da burda qalmalı idi ki, sən də vurub öldürəsən?
Səməd susdu. Ancaq gözlərindəki məna ilə Aydına minnətdarlıq etmək istədi. Aydın bunu hiss etdi, gözlərini qıyıb ona baxdı, dedi ki, narahat olma, bacın bizdə qalacaq anamla, mən də burda qalacam səninlə sabaha qədər.
Vaxt sürətlə ötdü. Gecə necə keçdi, bilən olmadı. Qonşular çoxdan evlərinə dağılışmışdılar. Səmədin yanında təkcə Aydın qalmışdı. Xoruzun ilk banı hər ikisi yuxudan ayıldı. Səməd dedi:
– Aydın, sağ ol, yuxuna haram qatıb burda mənimlə qaldın. Məni bacı qatili olmaqdan qurtardın. Minnətdaram. İndi get evinizə, Çiçəyə də de ki, gəlsin. Söz verirəm, ona toxunmayacam.
Aydın qəribə tərzdə Səmədi süzdü:
– Sənə necə inanım, Səməd?
Səməd özünə inam qazanmaq üçün dedi:
– Yaxşı, qoy ananla, səninlə birlikdə gəlsin. Ona əlimi də toxundurmayacam.
Aydın dedi:
– Bax, mənə söz verdin. Sonra bir peşimançılıq yaratma.
– Narahat olma, Aydın. Sənə kişi sözü verirəm.
Aydın tam əmin olduqdan sonra evlərinə getdi. Aralarında cəmi iki ev vardı. Evə çatanda gördü ki, anası süfrəyə çay düzür, Çiçək də ufuldaya-ufuldaya yanağının yarasına örtük qoyur. Qapını möhkəm örtdü ki, onun gəldiyini hiss etsinlər. Çatan kimi dedi:
– Sabahınız xeyir.
Anası salam vermədən soruşdu:
– Neylədiniz, ay bala? O dəlini necə sakitləşdirə bildiniz?
Aydın dedi:
– Birtəhər, ana. Sabaha qədər yanında keşik çəkdim ki, bir dəlilik etməsin.
– Yaxşı etdin, ay oğul, qorxdum, sənə bir xətər toxunar.
– Narahat olma, sənin Aydının o qədər də əfəl deyil.
Anasının gözlərinə təbəssüm qondu. Çiçək də gözləri ilə Aydına minnətdarlıq etdi. Birlikdə çay içdilər. Bir tikə çörək yeyəndən sonra Aydın üzünü Çiçəyə tutub dedi:
– Çiçək, qardaşın dedi ki, evə gəlsin. And içdi ki, əlimi də toxundurmayacam ona.
Çiçəkdən qabaq səmayə xala dilləndi:
– Sən deyirsən, ay oğul, o, dəlinin biridir, ona inanma, çox da söz verib, and içib.
Çiçək də evə getməkdən qorxdu. Ancaq ömrü boyu burada qalmalı deyildi. Dedi:
– Qoy nə edir-etsin, mən evə gedəcəm.
Aydın dedi:
– O, səni nə üçün öldürmək istəyirdi? Nə xətan var axı?
Çiçək başını aşağı salıb dedi:
– Bir-iki dəfə Akif mənə zəng vurub müəyyən məsələlər barədə nəsə soruşmuşdu. Ona görə məni öldürmək istəyir.
– Hə, nə olar, adam adamdan söz soruşar da. Buna görə mütləq bıçağa əl atılmalıdır?
Səmayə xala təlaşla dedi:
– Yox, qızım, mən səni o dəlinin yananı buraxmaram.
Aydın dedi:
– Ana, narahat olma, biz də onunla bərabər gedəcəyik.
Səmayə xala duruxdu, dedi:
– Nə deyirəm, ay bala. Necə məsləhətdir.
Beləliklə, Aydın, anası və Çiçək təxminən bir saatdan sonra Səmədin yanına getdilər. Darvazanın qapısı açıq idi. Aydın içəri keçən kimi möhkəm səslə Səmədi səslədi:
– Səməd, evdəsən? Biz gəlmişik.
Səməddən səs gəlmədi. Aydın bir də soruşdu:
– Səməd, evdəsən? Biz gəlmişik.
Yenə səs gəlmədi. Aydın bu dəfə narahat oldu, düşündü ki, Səməd özünə nəsə edər. Cəld hərəkətlərlə evə qalxdı. Otaqları bir-bir gəzdi. Evdə heç kimi görmədi. Eyvana çıxıb dedi:
– Səməd evdə yoxdur. Görəsən, səhərin bu çağı hara gedə bilər?
Səmayə xala da çiyinlərini çəkdi. Qəfildən Çiçək qışqırdı:
– Akif… O, tam əminəm ki, Akifi döyməyə gedib. – Üzünü Aydına tutdu: – Qurban olum, qardaş, özünü tez Akifgilə yetir, amandır, durma.
Aydın sanki indi ayıldı, Çiçəyin səsi qulaqlarında əks-səda verdi. Anasına dedi:
– Sən qızdan muğayat ol, onu burada tək qoyma. Apar bizə. Mən gedim görüm bu dəli hardadır.
– Yaxşı, ay bala, ancaq ehtiyatlı ol.
Aydın küçəyə çıxan kimi üzüaşağı götürüldü. Beş-on dəqiqədən sonra Akifgilin evinə çatdı. Burada əməlli-başlı sakitlik idi. Küçədə heç it də yox idi. Aydın düşündü: bu axmaq hara gedə bilər axı? Elə bu fikirdə ikən Səmədin yuxarı küçə tərəfdən gəldiyini gördü. Tez onun qarşısına keçdi:
– Bacıma zəng vururdu tez-tez. Neçə dəfə hər ikisinə xəbərdarlıq etdim, məni adam yerinə qoymadılar. Mən də etməli olduğumu etdim.
– Sən heç bilirsən, nə etmisən? İndi camaat bacın haqqında nə düşünəcək? Nədən onun adına söz çıxartdın?
– Mən lazım olanı etdim, kim nə düşünür düşünsün.
Aydın yuxarı küçəyə sarı boylandı:
– Yaxşı, sən Akifi doğrudan gəbərtmisən?
– Bəs necə, məndə nə vaxt yalan görmüsən?
– Harda?
– Bax o təpənin dalında. Axşamdan demişdim ki, səhər tezdən ora gəlsin. O da gəldi.
Aydın yuxarı küçə tərəfdəki təpəyə sarı qaçmaq istəyəndə qəfildən Səməd dedi:
– Dayan, əvvəlcə məni dinlə.
Aydın dayandı. Səməd cod sifətini ovuşdura-ovuşdura dedi:
– Mən burdan birbaşa polis idarəsinə gedirəm. Könüllü təslim olacam. Anana de ki, Çiçək ona əmanətdir. – Baxışlarına məsum bir acizlik çökdürdü.
– Yaxşı, deyərəm. – Bir anlıq duruxdu, dedi: – Niyə özünü bədbəxt elədin Səməd? Allah bilir, nə qədər iş verəcəklər sənə.
Səməd başını yellədi, dedi:
– Sən məni boş ver, bacımdan muğayat olun.
Aydın hiss etdi ki, Səməd daha nəsə demək istəyir, soruşdu:
– Sözlü adama oxşayırsan. Hiss edirəm ki…
– Hə, Aydın, düz hiss etmisən, mən o donqar oğraşı bacıma görə öldürməmişəm.
Aydını təəccüb götürdü:
– Nəyin üstündə öldürdün onu?
– Sirac kişinin qızına görə. Mən onu sevirəm. O kopoyoğlu da imenni gedib o qıza eşq oxuyub. Neçə gün idi qız da nə zəngimə cavab verir, nə də görüşə çıxmırdı. Bu, bəs etmirmiş kimi, o donqar oğraş bu yandan da mənim bacıma zənglər vururdu. Neynim, dözə bilmədim, şeytan məni çaşdırdı. – Gözlərini küçənin o ğaşındakı boşluğa zilləyib dedi: – Nə isə. Olan oldu. Səndən son ricam, bacımdan muğayat olun. Onun məndən başqa heç kimi yoxdur. Onu sizə əmanət qoyuram.
Aydın dedi:
– Allah köməyin olsun. Gərək sən bu səhvi etməyədin. Bu boyda kəndə qızmı yox idi?
– Get, gör o itin leşini çaqqal-çuqqal yeməyibsə, ailəsinə xəbər et, aparıb atsınlar çuxura-zada.
Aydın sürətlə təpəyə sarı qalxdı. Aranı zəif duman basdı. Akifin meyitini görəndə tam inandı ki, Səməd dediyini edib. Özünü itirmədi, tez anasına zəng vurdu, dedi ki, təcili Çiçəyi kənddən çıxart, Səməd o donqabel Akifi bıçaqla qətlə yetirib. Bəlli ki, bu dəqiqə onun adamları evi basacaq. Qurban olum, təcili kənddən çıxın. Yoxsa qızın başına oyun açarlar.
Səmayə xala da ötkəm qadın idi, özünü itirmədi, Çiçəyə dedi ki, qardaşın şəhərdə iş tapıb, bir müddət orada qalacaq. Mən də səni burada saxlaya bilmərəm, camaat nə deyər. Gəl səni Bakıya – bacımgilə aparım, bir müddət orada qal. Bacım da təkdir, bir-birinizə həyan olarsız.
Çiçək xoşagəlməz bir hadisənin baş verdiyindən duyuq düşdü, and-aman etdi ki, Səmədə nə olub, ya da o, nə edib? Səmayə xala da dedi ki, bu dəqiqə dialoq qurmağa vaxt yoxdur, biz təcili buranı tərk etməliyik. Yolda sənə nə olduğunu deyərəm.
Çiçək təlaş içində üzüldü. Səmayə xala maşını işə saldı, Çiçəyi də götürüb sürətlə şəhərə doğru şütüdü.
Səməd isə könüllü polisə təslim oldu.
Kəndi ağlaşma səsləri bürüdü. Akifin adamları elə ah-nalə qopartdılar ki, eşidənin bağrı yarılırdı. Qohumlardan bir qismi dərhal Akifin yaşadığı evə cümdü, evi sanki bombardman etdilər, həyətdə-baca bir islahat qalmadı. Fəqət nə Akifi tapdılar, nə də Çiçəyi.
Aydın yol boyu öz-özünə dedi:
– Çox şükür, qızı tapmadılar. Allah bilir, nə edərdilər.
Gizli baxışlarla şəhərə doğru şütüyən maşının arxasınca baxdı…