…Əsgər haqqında ballada… Nədir yenə, ümman kimi, çalxalanıb, coşdun, ürək? İçindəki bu təlatüm, bu oyanış de nə demək? Həsrətdənmi, nisgildənmi, Ürək, yenə çağlayırsan? Anasına həsrət qalmış, Körpə kimi, ağlayırsan… İçindədir; ümid adlı, qığılcımın od-alvu, tərslik etmə, dəli könül,
intizara alış, yovu!!! Həqiqətlər qarşısında, Biz gücsüzük, biz heç nəyik, Dinlə məni deyim, ürək, Biz nəçiyik; şan-şöhrətli,
– “hüququndan keçmiş əsgər”, həmdəminə həsrət canıq, bəzən canlı, bəzən cansız, biz “robotuq”, biz “əşyayıq”… Bu torpaqdan yoğrulmuşuq, Bu torpaqdan doğulmuşuq, Yardan əfsəl, anamızın Qulluğuna buyrulmuşuq!!! 15.04.1995. Marağa.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
“DÜNYA BİR PƏNCƏRƏDİR…” (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək lazımdı, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı samasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
CAN AY ANA… (Milli Qəhrəman Polad Həşimovun anasına) Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular, Bu baxışda min vaizin xütbəsi… Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. Bakı.
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar! * * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar! * * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar! * * * Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar! * * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar! * * *
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar! * * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * *
Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
ANA (Anamın ad günü münasibəti ilə) Qayğımıza qalan, anadır, ana. Varmı bu dünyada, anadan əziz?! Dünyanın bəzəyi, anadır, ana. Ananın özüdür, anadan əziz… *** Harda bir bala var, orda ana var, Analar olmasa, bala da olmaz! Dünyanı sözüylə bəzər analar, Analar olmasa, dünya da olmaz!!! 27.10.2018.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
SƏRÇƏ (hekayə) Qürbətdə yaşanan ömür cəhənnəmin bir parçasıdır! Muxtargil İçərişəhərdə yaşayırdılar. Ailələrinin dolanışığı o qədər də yaxşı olmasa da, ataları Əbülfəz kişi xalça alveri ilə külfətini dolandırmağa çalışırdı. Anası Ağbacı xala Bakı-Moskva qatarında bələdçi işləyirdi. Yol adamı olduğuna görə uşaqların tərbiyəsinə kifayət qədər vaxt ayıra bilmirdi. Tanrı ona iki oğul, iki qız bəxş etmişdir. Oğlanları Muxtar və Familə ali savad verə bilməsə də, qızları Nabat və Gültəkini Tibb texnikumuna sala bilmişdi. Çətinliklərə baxmayaraq, qəzlar tibb bacısı ixtisasına yiyələnə bildilər. Ancaq oğlanlarınkı gətirmədi, qürbətdə çörəkpulu qazanmağa üz tutmağa məcbur oldular. Çünki Vətən torpağında onlara bir iş tapılmırdı. Bütün hadisələr Ağbacı xalanın oğlu Familin həbsindən sonra baş verdi. Sanki ailəyə bir həbs damğası vurulmuşdu. O günləri yada salan Ağbacı xala oğlu Familə deyərdi: “Ay bala, sənə neçə kərə demişdim ki, o avara-uvaralara qoşulma! Gördün, sənə deyirdim ki, bu işin axırı yaxşı qurtarmayacaq! Bu da axırı!” Famil bir çox yerlərə iş üçün müraciət etsə də, xeyri olmamışdır. Eh, kim bilir?… Ehtiyac insanı hansı addımlar atmağa məcbur edir. Bütün bu olanlar da insan hərisliyindən, şeytan əməlindən baş vermişdi. Muxtargilin həyətində göyərçin damı vardı. Famil və Muxtar onları yedirtməyə, uçurmağa çıxaranda həmişə bir cüt sərçə onlara qoşulardı. Bu mənzərəni seyr etmək qardaşlar üçün təəccüb və maraq doğurardı. Beləcə günlər ötürdü. Oğlanlar böyüdükcə özləri ilə bərabər dərdləri də böyüyürdü. Oğurluq üstündə həbs edilən Famil üç il sonra azadlığa buraxıldı. Həbsdən sonra Famil elə bil başqa cür olmuşdu. Saatlarla dinməzdi, oturub elə hey nə barədəsə düşüncələrə dalardı. Bir gün anası Ağbacı xalanı mətbəxə çağırıb dedi:
– Ana, mən çörəkpulu qazanmaq üçün Vətəni tərk etməli olacağam. Muxtar istəsə, mənimlə gedə bilər. Anası əvvəlcə oğlunun nə demək istədiyini başa düşmədi, sonra oğlunun qürbətə gedəcəyini, orada başına hansı fəlakətlərin gələcəyini düşünəndə, fəryad qopardı:
– Getmə, ay oğul! Getmə! – deyən ana özünü oğlunun üstünə atdı. Famil isə soyuqqanlılıqla anasına:
– Axı dolana bilmirik, nə vaxtadək ilan kimi sürünəcəyik? Atam da artıq qocalıb. Bir şey fikirləşməliyik, ya yox? Naəlac qalan ana axırda oğluna təslim oldu. Qardaşı Muxtarla da söhbətdən sonra Famil artıq getməyə israrlı idi. Uzaq Sibirdə çörəkpulu qazanmağa can atan Famil artıq bütün yol hazırlıqlarını görmüşdü. Hətta atası Əbülfəz kişini də yola gətirə bilmişdi. Famil yola düşməzdən əvvəl nə vaxtlarsa saxladığı göyərçin damına son dəfə baş çəkməyə qalxdı. Artıq çox gec idi. Göyərçinlər uçub getmişdilər. Sanki öz yiyələrinin qürbətə getdiyindən xəbər tutmuşdular. Ancaq bir cüt sərçə isə qürbətdə yaşamaqdansa, öz Vətənini üstün tutub, həmin taxçanın üstündə oturub, heyran-heyran Familə baxırdı. Sanki baxışları ilə yiyələrinə deyirdilər:
– Qürbətdə yaşanan ömür cəhənnəmin bir parçasıdır…
Rubrikamızın qonağı bir sıra beynəlxalq mükafatlar laureatı, AYB-nin və AJB-nin üzvü, tanınmış teleradiojurnalist, şair-publisist Mübariz Ağaxan oğlu Süleymanlıdır.
BU GÜN Yarpağı saralan,küləyi coşan, Dərəsi dillənən,çayları daşan, Dağına ,daşına nəğmələr qoşan Bağrıma basıram payızı bu gün.
Tanrı nəfəsinin ruhunu duyan, Əlini köksünün üstünə qoyan, Dünyanın malından gözləri doyan, Bağrıma basıram payızı bu gün.
Təndirin həniri ,sobanın közü, Ardınca səsləyir qışın sərt üzü, Bəxtmə yazılan o qara gözü, Bağrıma basıram payızı bu gün.
Haramı dadamaz halalın biri, Əzəldən bilinməz dünyanın sirri Məclisdə tanınar insanın yeri, Bağrıma basıram payızı bu gün.
Hiyləgər adamın işi kələkdi, Etdiyin əməli yazan Mələkdi, Kəfən doğulandan bizə bələkdi, Bağrıma basıram payızı bu gün
DESƏNƏ
Bələyim də ,kəfənim də ağ oldu Çəkdiklərim ürəyimə dağ oldu. Xoş günlərim göz oxşayan çağ oldu… Dünya sənə nə borcum var de bilim…
Nadanların sarayını ucaltdın, Kişilərə əzab verib qocaltdın. Yaxşılara yerli-yersiz söz atdın, Dünya sənə nə borcum var desənə ..!
Aldandıqca hiyləgərə zalıma, Tikan əkdin, düz dolaylı yoluma . Heç görmədim yanan olsun halıma, Dünya sənə nə borcum var desənə..!
Nə verdinsə, onda gözüm olmadı, Özgə baxta könlüm tamah salmadı… Yaşamağa heç həvəs də qalmadı, Dünya sənə nə borcum var desənə..!
Əzəl gündən kəm gətirdin baxtımı, Çox itirdim qızıl kimi vaxtımı ! İstəmədim , nə tacını -taxtını , Dünya sənə bə borcum var desənə ..!
OLDUM
Baş qoşmadım bir zalıma, Davam etdim öz yoluma, Kimsə yanmadı halıma, Öz dərdimə yetər oldum.
Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya, qocaya hörmət Sirdaşa sədaqət, güvən sənindi! * * * Zamanla hökm etdin tüm yer üzünə Hakimiyyət sənin, höküm sənindi! Aman istəyəni kəsmədin heç vaxt, Ən böyük ədalət, güzəşt sənindi! * * * Unutma ki, lap binədən belədi, Mərhəmətli, yuxa ürək sənindi! Xilas etdi, bağışladı ənamlar, Yamana yaxşılıq, ancaq sənindi! * * * Döyüşdə, düşməni alnından vuran, Süngüsü əlində ərlər sənindi! Savaşda, uçağı kəməndlə tutan, Qüvvəsi qolunda nərlər sənindi! * * * Dəli-dolu Türk oğullar cahana Bəxş etdiyi şərəfli ad sənindi! Adı gəlsə, yeri-göyü titrədən Qorxu bilməz, şanlı əsgər sənindi! * * * Çöldə simgə etdin Qurdu sancağa, Kəhər Atın ən yaxşısı sənindi! Ay-yıldızı nişan tikdin Bayrağa, Zəkalar, dühalar tümü sənindi! * * * Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!