Görkəmli mütəfəkkir-pedaqoq Mirzə Əbdürrəhim Talıbov yazır ki: Mənşə, rəng, cins və digər mənsubiyyətlərdən asılı olmayaraq, hər xalqın, hər millətin elə oğul və qızları olmuşdur ki, öz təfəkkür, bilik və ilham mənbələrindən qidalanaraq, əbədiyyətə qovuşan əsərlər yaradıb, ümumbəşər xəzinəsinə vermişlər. Bunlara alimlər, mütəfəkkirlər və sənətkarlar ordusu deyərlər. Bütün bəşəriyyətin borcu budur ki, bunların bizə bəxş etdiyi abidələri və əbədi mirası həvəslə öyrənib, hər kəs öz gücü və qavraya bildiyi qədər onlardan pay götürsün. Bu elm və ədəb xəzinəsindən payı çox olanın səadəti də çox olar. Bəli, belə əbədiyyətə qovuşan və ümumbəşər xəzinəsinə çevrilən əsərlərdən biri də pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Akif Nurağa oğlu Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyidir (Bakı: Mütərcim, 2010, 320 səh.). Əminliklə deyə bilərik ki, Nizaminin, Sədi Şirazinin, Marağalı Əvhədinin, Nəsirəddin Tusinin və digərlərinin əsərləri ilə çağdaş dövrümüz arasında neçə yüzilliklər varsa, Akif Abbasovun müdrik fikirlər, hekayələr, sual və tapşırıqlarla zənginləşdirdiyi “Milli əxlaq və ailə etikası” adlı dərsliyi də gələcək yüzillikər içərisində həmişə vərəqlənəcək, əldən-ələ keçəcək əsərlərdən olacaqdır.
Çağdaş dövrümüzün ən iqtidarlı alimi, görkəmli pedaqoq və yazıçılarından olan Akif Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyi dörd bölmədən (fəsildən) ibarətdir. “Milli əxlaq və ailə etikasının ümumi məsələləri” adlı I bölmədə Akif müəllim əxlaqın yaranması və inkişafından, Azərbaycan şifahı xalq ədəbiyyatındakı milli-mənəvi dəyərlərdən, “Avesta”da, islam dinində və “Kitabi-Dədə Qorqud” dastanında əxlaqi təlimin mahiyyətindən, həmçinin Nizami Gəncəvinin, Nəsirəddin Tusinin, Şah İsmayıl Xətayinin, Məhəmməd Füzulinin, Azərbaycan maarifçilərinin yaradıcılığındakı ailə münasibəti məsələlərinin incə və həssas məqamlarından söz açmış, tədqiq-təhlil süzgəcindən keçirmişdir. Müqəddəs kitablardakı tərbiyəedici imkanlardan, həmçinin Zərdüşt peyğəmbər (ə), Məhəmməd Peyğəmbər (ə), Həzrəti Əli (ə), övliya bildiklərimiz Abdullah bin Mübarək, Əbdül Qadir Gilani, Əbu Səid Xərraz, Cüneyd Bağdad, Sirri Sədəqi və başqa bu kimi böyük zatlardan bəhs edən professor ailə münasibətlərində mənəvi xarakter(lər) müəyyənləşdirmişdir.
Bu bir faktdır ki, əsrlər keçmiş, bəşəriyyət tarixində köklü dəyişikliklər, yeni dəyişikliklər olmuşdur. Ancaq Akif Abbasovun sözləri ilə desək əxlaq nə qədər inkişaf etmiş olsa da, forma və məzmun dəyişsə də yenə də ötən əsrlərdə ailə haqqında deyilən tərbiyəvi fikirlərin dəyəri heç də azalmamışdır. Bu gün də ailəyə bağlılıq, qadının sədaqəti, kişi qeyrəti, qadın isməti, ailənin şərəfini qorumaq və s. milli dəyərlər arasında xüsusi yer tutur. Xalq pedaqogikasına geniş yer ayıran Akif Abbasov bu kimi ibrətamiz misallar gətirir: “Arvadın isməti-ərin izzəti”, “Varını itirən az şey itirər, namusunu itirən çox şey”, “Ailə xoşbəxtliyin açarıdır”, “Ağıllı gəlinin ailədə üzü ağ olar”, “Ağıllı gəlin ər evində həm yarıyar, həm qarıyar”, “Ailədə yanılmaq yamanlıq gətirər”, “Ailnin üzüağlığı namusdur”, “Ailəyə xor baxan aləmə də xor baxar”, “Ailənin sirri, sözü ailədə qalar”, “Arvadı tənbəl olan kişinin işi əngəl olar” və s. Professor haqlı olaraq qeyd edir ki, xalq təfəkkürünün ən gözəl, bariz nümunələrinin toplandığı folklor insanları mənəvi baxımdan saflaşdırır, bir şəxsiyyət kimi kamilləşdirir, yetkinləşdirir. Belə nümunələr ailə və məktəb uşaqlarının, yeniyetmə və gənclərin tərbiyəsində istifadə olunmalıdır.
Professor Akif Abbasov “Avesta” və islam dinindəki ailəyə ciddi münasibətlərin formalaşdırılması məsələlərini də xüsusi diqqət mərkəzində saxlamışdır. Hər iki əsərdən nümunələr gətirərək göstərir ki, ailə tərbiyəsi prosesində bihudə yerə tələbkarlığı azaltmaq, ehtiyac duyulmadan tərbiyə olunana acıyaraq rəhmdillik, yersiz mərhəmət göstərmək, güzəştə getmək, sərt tədbir görmək lazım gəldiyi halda bağışlamaq uşağın əxlaqını pozar, onu ərköyün, sözeşitməz edər.
Görkəmli alim, professor Akif Abbasov “Kitabi-Dədə Qorqud”da ailə tərbiyəsi nümunələrini də ətraflı və maraqlı şəkildə tədqiq-təhlil süzgəcindən keçirmişdir. Belə ki, Oğuzlarda övlada valideyn məhəbbətini; oğlan və qızlara ad qoyma mərasiminin necə və hansı şəkildə təşkil olunmasını; qadına münasibəti; ailə şərəfini; ömür-gün yoldaşlarını necə seçmələrini; ailədə uşaqlar arasında qarşılıqlı münasibətlərin necə tənzimlənməsini; ailələrdə uşağa(lara) tələbatın həllinin necə tapmasını təsvir etmişdir. Müəllif yazır ki, Oğuzlarda ailənin şərəfini qorumaq ailənin bütün üzvlərinin müqəddəs borcu, vəzifəsi hesab edilmişdir. Bu gün də türk dünyasında, Azərbaycan xalqında bu hiss son dərəcə güclüdür. Ailənin namusunun, qız-gəlinin ismətinin qorunması üçün cavanlarımız, ailənin başçıları, qadınlarımız tarixən hər cür məhrumiyyətlərə, əzab və işgəncələrə sinə gərmiş, mübarizə aparmışlar.
Bildiyimiz kimi, Dədə Qorqud 54 öyüd söyləmişdir. Bu 54 öyüdün 16-sı ancaq ailə və ailə tərbiyəsi ilə bağlı öyüdlər sayılır ki, Akif müəllim də bu kimi öyüdləri anlaşıqlı və sadə dildə təhlil obyektinə çevirmişdir. Akif müəllim dərs vəsaitinin “Kitabi-Dədə Qorqud”da tərbiyə məsələləri” adlı yarımbölməsində övlada olan ata sevgisini, ana məhəbbətini, ailədə uşaqlar arasındakı qarşılıqlı münasibətləri boylardan gətirdiyi faktlarla, misallarla təsvir edir və bütün bunları ailə etikasının rəmzi hesab edir. Belə ki, Baybörənin oğlu Beyrəyin “ölüm” xəbərini eşitməsi və atanın ağlamaqdan gözlərinin tutulması, 16 illik ayrılıqdan sonra oğluna qovuşması, oğlu olduğuna əmin olması üçün, oğlunun (Beyrəyin) çəçələ barmağını qanadıb dəsmala silib gözlərinə çəkməsini, gözləri açılarsa, gözlərinə yenidən nur gələrsə oğlu olacağına inanacağını; Dirsə xanın xainlər tərəfindən aldadılaraq oğlu Buğacı ölümcül yaralaması, ananın dağ çiçəyi və ana südü ilə oğlunun yarasına məlhəm qoyub sağaltması; Beyrəyin bacılarının hər gedib-gələndən Beyrəyi sormalarını, ələmə-yasa batmalarını və s. Akif Abbasov psixoloji baxışdan entuziast bir sənətkar kimi xarakterizə edir.
Demokratik fikirlər müəllifi Akif Abbasov Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində Məhin Banunun Şirinə poetik dillə dediyi öyüd dolu sözləri eyni ruh, eyni görüşlə nəsr dilinə çevirərək mənəvi gözəllik ölçüləri ilə oxucusuna belə çatdırır: “Sən (Şirin – K.C.) bütün gözəllərin sultanısan, sənin bircə nazın yüz şahlığa dəyər; xoşbəxtlik sənin ardınca kölgətək gəzir. Gözəlsən, camalın yer üzünə nur saçır, fəqət, sənin bəzəyin ismətdir, nəzakətdir, hüsnün ismətinin pənahındadır” [Bax: səh.50]. Bu bölmənin təhlili bir daha göstərir ki, Akif müəlllimin dili diqqətəlayiqdir. Akif müəllim dilin hissi cəhətinə, təsirli olmasına çox əhəmiyyət verir. Professorun dili bir şeir qədər ahəngdar və ifadəlidir, lirik bir parça təsiri bağışlayır.
“Əxlaqın əsas kateqoriyaları” adlanan (vicdan, şərəf və ləyaqət, namus, ismət, həya, məsuliyyət, şərəf və ləyaqət, xeyirxahlıq və yaxşılıq və s.) ikinci bölmədə Akif müəllimin mövqeyi çox böyükdür. “Əxlaqın əsas kateqoriyaları” adlı bölmədə müasirlik biz oxucuları hər şeydən daha çox maraqlandırır. Çünki ədəbiyyatlardan gətirdiyi yüksək bədii mövqeni misallarla, məsəllərlə qiymətləndirdiyi kimi, onun ictimai-tərbiyəvi rolunu da yüksəkdə tutur. Vicdan nədir? sualına “Vicdan şəxsiyyətin öz davranışına görə mənəvi məsuliyyəti anlamasının bir formasıdır” – cavab verən Akif Abbasov etibarlı mənbələrdən, müxtəlif şair və yazıçılardan da maraqlı misallar gətirir. Yazır ki, vicdanlı insan pislik toxumu səpməkdən uzaq olur. Belə insanlar çalışırlar ki, həyatda fəal mövqe tutsunlar. Təhsil alan, işləyən insanlara qayğı ilə yanaşsınlar. Tək özlərinin yox, ətrafdakı insanların da sevincinə, kədərinə şərik olsun, xeyirxahlıq, qayğıkeşlik göstərsin. Belələri çalışırlar ki, sonradan peşmançılıq çəkməsinlər. Vicdan bəzi xüsusiyyətlərə malikdir: ideala can atmaq; şəxsi qiymət; hərəkət və davranışın ideala uyğun olması, yaxud olmaması nəticəsində meydana gələn mənəvi hiss və s. Professor vicdanın oyaq olması, adama düzgün yol göstərməsi üçün özünəhesabatı vacib amil hesab edir. Əgər insan günü başa çatandan sonra – ötən saatları necə keçirdim, ondan səmərəli istifadə edə bildimmi? Məktəbdə, işdə üzərimə düşən vəzifəni layiqincə yerinə yetirdimmi, yoxsa günümü birtəhər ötüşdürdümmü? Kiminsə xətrinə dəydimmi? Bu və ya digər hadisə baş verərkən mənəvi borcuma əməl etdimmi? Kiminsə bədxahına çevrilmədim ki? bu və ya bu kimi başqa suallarına cavab axtarırsa deməli vicdanı qarşısında da cavab verir. Həyanı vicdanın barometri hesab edən Akif müəllim gənc ailələrdən vicdanı, abırı, həyanı itirən insanlardan kənar olmağı tövsiyə edir. Yazır ki, belələrindən hər cür pislik, mərdiməzarlıq, alçaqlıq gözləmək olar. İnsan taleyi ilə oynamaq həmin şəxslər üçün heç nədir. Belə ünsürlər cəmiyyət qarşısında, vətən, xalq qarşısında məsuliyyət daşımaq istəmirlər. Vicdanını itirənlər yalnız özlərini düşünür, öz firavanlığı, mənafeləri üçün çalışırlar.
Akif Abbasov “Milli əxlaq və ailə etikası” dərsliyində şərəf və ləyaqət, namus, ismət, həya, məsuliyyət, xeyirxahlıq və yaxşılıq və s. söhbət açarkən belə anlayışların qədim tarixə kökləndiyini misallar və izahlarla açıqlayır. Yazır ki, feodalizm dövründən başlayaraq bəy, ağa, zadəgan, xan, hersoq, qraf, baron və knyaz kimi ti-tulların sahibləri şərəf, namus və ləyaqət baxımından öz şəxsiyyətlərini digər insanlardan üstün hesab etmiş, bu məfhumlara böyük dəyər vermiş, bəy, ağa, qraf, knyaz adlarına ləkə gətirməkdən çəkinmişlər. Professor “O olmasın, bu olsun” bədii filmindən misal gətirir: Rüstəm bəy qumarda uduzur. Daha pulu olmadığı üçün ayağa qalxaraq uduzduqlarını qaytaracağına masa ətrafdakıları inandırmaq üçün tituluna and içir: “Uduzduğum pulları yarım saatdan sonra gətirərəm. Mən bəy kimi namusuma and içirəm” – deyir. Şərəf, namus və ləyaqət hissi bəzi bəy, ağa, xanlarda lovğalıq, xudpəsəndlik, şöhrətpərstlik, heç kimi bəyənməmək, harınlıq da yaradırdı. Ancaq bəy, ağa, xanların bir çoxu, sözün həqiqi mənasında, şərəf, namus, ləyaqət nümunəsini göstərir, özlərini ağayana – əsl insan kimi aparmışlar. Bu mənada, Akif müəllim İsmayıl Şıxlının “Dəli Kür” romanındakı Cahandar ağanı oxuculara xatırladır. Təbii ki, bu fikirlərdən heç də belə anlaşılmasın ki, şərəf, namus, ləyaqət ancaq bəy, ağa, zadəgan, xan, hersoq, qraf, baron və knyaz kimi titulların sahiblərinə aid edilməlidir. Xeyir, heç də elə deyil. Bu gün cəmiyyətin ayrı-ayrı üzvləri şərəf, ləyaqət və namusu var-dövlətdən, titul və rütbədən, vəzifədən də uca tuturlar. Akif Abbasovun atalar sözü və zərbi-məsəllərdən, həmçinin görkəmli mütəfəkkirlərdən gətirdiyi misal və məsəllər də təqdirəlayiqdir. Bunlardan bir neçəsinə nəzər salaq: “Varını itirən az şey itirər, namusunu itirən-çox şey”; “Namusu itə atdılar, it yemədi”; “Ağlın varsa, gücə, qızıla, nüfuza tabe olma! Qoy sənə rəhbərlik edən ancaq təmiz vicdanın olsun (X.Şirvani)”; “Sizə yaxşılıq edildiyi vaxt siz də yaxşılıq edin (Məhəmməd peyğəmbər)”; “Bacardığın qədər yaxşılıq toxumu ək ki, yaxşı bəhrə götürəsən (Hümam Təbrizi)”; “Mənəvi borc insanlar arasında münasibətlərdən yüksəkdə durur (İ.Kant)”; “Çalış öz dövrənə həmişə əxlaq, namus və qeyrət hasarı çək (M.Əvhədi)”; “Kişinin qeyrəti olmasa, məsləki də olmaz (Keykavus)”; “Namuslu adamlar üçün namus, alim üçün alimlikdən daha əzizdir (J.J.Russo)”.
Akif Abbasov “Milli əxlaq və ailə etikası” adlı dərsliyində maraq dolu suallar da yaratmışdır. İnsan nə üçün yaşayır? Həyatın mənası varmı, varsa – nədədir? Hansı həyat tərzinə üstünlük verilməlidir? Yaşamağa dəyərmi? Xoşbəxtlik var-dövlətdir, yoxsa…? Belə maraq dolu suallara Akif müəllim özü də cavab verir. Drəslikdə qeyd edildiyi kimi, bəziləri güman edirlər ki, insan dünyaya gəldi, yaşadı, öldü – bu dövr, bu müddət onun həyatıdır. Əslində isə bu belə deyil. İnsanın mənalı, məzmunlu, cəmiyyət və ailəsi, bəşəriyyət üçün gördüyü işlər, onlar üçün yaşayıb fəaliyyət göstərdiyi faydalı, məhsuldar ömrü onun əsl həyatıdır. Mənasız sərf etdiyi, sadəcə yeyib-yatdığı, ailəsinin gözündən oğurlayıb çəkdiyi kef, necə deyərlər, “papağını günə yandırdığı”, insanlığa fəlakətlər gətirdiyi günlər, adamların iztirabına, göz yaşlarına, kədərinə, bəxtəvərliyinə, əzab-əziyyətinə, işgəncəsinə səbəb olduğu anlar onun ömrünə yazılmır, yazılsa da, qara qara hərflərlə yazılır.
Akif müəllim cəmiyyət və ailəsi üçün gördüyü işlərdən, onlar üçün yaşayıb fəaliyyət göstərən Azərbaycan xalqının iftixarları sayılan Rahib Məmmədovdan, Mübariz İbrahimov kimi igid, qorxmaz cəsurlardan da bəhs edir. Bir zamanlar Biləsuvarda böyüyüb boya-başa çatan Mübariz İbrahimovu tanıyanlar zənnimizcə onlarla idi. Ordu sıralarında vətəni xidmətini yerinə yetirən zaman nə qədər üzdəniraq erməni əsgərlərini, zabitlərini, generallarını və sursatlarını məhv etmişdisə ermənistanda matəm elan olunmuşdur (2010-cu ilin iyun ayı). Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülən Mübariz İbrahimovun valideynlərinə də Azərbaycan xalqının məhəbbəti sonsuzdur. Böyük Vətən Müharibəsində igidlik göstərən Mehdi Hüseynzadə, Gəray Əsədov, Həzi Aslanov, Qafur Məmmədov və digərlərin adını çəkiriksə II Qarabağ uğrunda gedən döyüşlərdə Qarabağı mənfur düşmənlərdən qanı bahasına geri alan minlərlə şəhidlərin və qazilərin adını çəkmək olar. Professorun qeyd etdiyi kimi, ana torpağı öz canları-qanları bahasına qoruyan şəhidlər və qazilər hər bir ailənin övladlarına örnəkdir, nümunədir. İnsan ömrü çox da uzun deyil, ona görə də bu həyatı mənalı yaşamağa çalışmaq lazımdır. A.Barbüsün dediyi kimi: Ölmək yox, yaşamamaq dəhşətdir.
Tədqiqatçı-alim Akif Abbasov “Ailə etikası” adlı üçüncü bölmədə “Oğlan və qızların qarşılıqlı münasibətlərinin əsasları”, “Sevənlərin davranış mədəniyyəti”, “Ni-kah”, “Ailə üzvlərinin hüquq və vəzifələri”, “Ailənin mənəvi əsasları”, “Ailənin psixoloji iqlimi”, “Ailə bayramları”, “Ailə büdcəsi” və s. məsələlərdən bəhs edir. Ailə – insanların qarşılıqlı əlaqə, fəaliyyət və münasibətlərinin ən qədim təsisatı, unikal hadisə və təzahürüdür – deyən professor ailəni ictimai-tarixi hadisə adlandırır. Həmçinin, ailənin bir sıra funksiyalarına (reproduktiv, təsərrüfat-iqtisadi, ünsiyyət, tərbiyə, ailənin asudə vaxtının və istirahətinin təşkili, bərpaedici və s.) da aydınlıq gətirmiş və təhlil süzgəcindən keçirmişdir.
Professor “Milli əxlaq və ailə etikası” dərsliyinin “Ailə və uşaqlar” adlı dördüncü bölməsində də (“Gənc ailədə uşaq” səh.287; “Ailədə uşaqların tərbiyəsi. Ata və ana ilk tərbiyəçilərdir” səh.295; “Ailədə tərbiyənin prinsip və metodlarından istifadə” səh.308) ailədə tərbiyənin prinsip (Uşaqların yaş, cinsi və psixoloji xüsusiyyətlərinin nəzərə alınması; Tərbiyədə fərdi yanaşma prinsipi; Hörmət və tələbkarlıq prinsipi; Tərbiyə olunanın müsbət cəhətlərinə istinadən qüsurların aradan qaldırılması (nikbinlik) prinsipi; Uşağın diqqətini mənfi nümunələrə yönəltməklə davranış normalarından kənaraçıxma hallarının qarşısını almaq prinsipi; Tərbiyəvi təsirlərdə vahidliyin gözlənilməsi prinsipi; Sistematiklik və ardıcıllıq prinsipi) və metodlardan (alışdırma, öyüd-nəsihət, söhbət, rəğbətləndirmə və cəzalandırma, şəxsi nümunə və s.) necə istifadə etməyin yollarına aydınlıq gətirmiş və həmçinin, aydın, səlis, rəvan sözlər və cümlələrlə şərh və izah etmişdir.
Əbəs yerə demirik ki, aydın zəka sahibi Akif müəllim “Milli əxlaq və ailə etikası” adlı dərsliyində ailə münasibəti məsələlərini səlis, rəvan dillə və sadə, aydın cümlələrlə şərh və izah etmişdir. Bir çox dərsliklərə nəzər salan zaman görürük ki, çox müəlliflər hər hansı bir mövzunu tədqiq və təhlil etməyə çalışarkən (Məsələn, deyək ki, Ailə tərbiyəsi; Ailəyə pedaqoji kömək; Ailənin psixoloji iqlimi; Ailə bayramları; Sinif rəhbərinin ailə ilə işi və s.) daha çox aşağıdakı şəkildə yazırlar: Valideynlər Konvensiyanın uşağın yaşamaq hüququ haqqında müddəalarını bilməlidir(lər); Ailə ənənələrin varisliyini təmin etməlidir(lər); Sağlam ailələrdə valideynlər və uşaqlar gündəlik təbii münasibətlərə bağlı olmalıdır(lar); valideynlər öz uşaqlarının xarakter və xüsusiyyətlərini bilməlidir(lər) və s. və i. Göründüyü kimi, dır, dir, lar, lər. Ancaq professor Akif Abbasov istiqamətvericiliklə yanaşı hər bir mövzuda fikirləri aydın işıqlandırmış, portret rəssamı kimi əlvan rənglərlə, boyalarla canlandırmış, oxucusunu fikirlər, anlayışlar aləminə səfərbər etmişdir. Bu da təbii ki, hər bir oxucuda xeyirxah əməllər sahibi olmaq əzmini, emosionallığı, mənəvi tələbatları daha da qüvvətləndirir.
Akif Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyindəki fikir və görüşlərə yekun vurarkən aşağıdakı nticələrə gəlirik:
1. Pedaqogika elminin inkişafında yorulmaq bilmədən axtarışlar aparan cəfakeş tədqiqatçı Akif Abbasov Azərbaycan ailəsində milli əxlaqımızı və onun tələblərini əsas götürərək qarşılıqlı münasibətlərin qurulmasını pedaqoji-psixoloji məqamlarla araşdırmışdır;
2. Pedaqoji və psixoloji biliklərin azmanı Akif Abbasov Azərbaycan şifahı xalq ədəbiyyatı, “Avesta”, islam dini və “Kitabi-Dədə Qorqud” dastanlarındakı şəxsiyyətin keyfiyyətlərinin inkişafı qayğısına qalmağı vacib tələb kimi irəli sürmüş və işıqlandırmışdır;
3. Tarixi həqiqətləri zərrə-zərrə üzə çıxarmış Akif Abbasov Nizami Gəncəvinin, Sədi Şirazinin, Marağalı Əvhədinin, Nəsirəddin Tusinin, Məhəmməd Füzulinin, A.Bakıxanovun, M.F.Axundovun və b. mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırış və ailədə əxlaqi keyfiyyətlərin təbliği ilə bağlı mövqelərini müəyyənləşdirmişdir;
4. Pedaqoji elmin yorulmaz təbliğatçısı Akif müəllim Azərbaycan ailəsində pedaqoji-psixoloji, milli-mənəvi xüsusiyyətlər, adət və ənənələr, valideyn-oğlan münasibətləri, oğlanlarla qızların dostluğuna münasibəti, sevənlərin davranış mədəniyyəti, nikah, geyim və gözəlliyin vəhdətindəki qanunauyğunluqları müəyyənləşdirmiş, təhlil etmişdir;
5. Alicənab duyğular və nəcib hisslər carçısı Akif Abbasov Azərbaycan ailəsində oğlan və qızların sosializasiyasının xüsusiyyətlərini müəyyənləşdirmiş və çağdaş mərhələdə sosializasiya anlayışının mahiyyəti və məzmununun nədən ibarət olduğuna aydınlıq gətirmışdır;
6. Milli ruh və milli düşüncə sahibi Akif Abbasov qızların oğlanlarla ünsiyyəti, yaşlılarla qarşılıqlı münasibətlərinin pedaqoji-psixoloji məsələlərini araşdırmış, ailə ixtilaflarının səbəblərini aydınlaşdırmış və təhlilini vermişdir;
7. Sözündə qəti, işində mübariz, qərarında prinsipial olan professor Akif Abbasov dərslikdə gender – insanın cəmiyyətdə davranışını müəyyən edən sosial cins və bu davranışın necə qəbul edilməsinin vəzifələrini, funksiyalarını və rolların konsepsiyasını müəyyən etmişdir;
8. Saysız-hesabsız əsərlər müəllifi Akif Abbasov ümumtəhsil məktəblərində valideynlərin, xüsusilə gənc valideynlərin hamılıqla pedaqoji-psixoloji sərvət və biliklərə yiyələnmələri üçün səmərəli tədbirlər həyata keçirməyin metod və yollarını müəyyənləşdirmişdir.
Qəlibləşmiş sterotiplərə qarşı çıxmaq cəhdi həmişə “topla-tüfənglə” qarşılanıb. Bu üzdən mülahizə və qənaətlərimin səmimi və anlaşıqlı qəbul olunmasını xahiş edirəm.
Etiraf edim ki, ədəbiyyatşünaslığın stereotipləşmiş bir neçə “qanunu” var ki, onları qəbul etmək, onlarla razılaşmaq şəxsən mənim üçün çətindir. Bu sırada iki məqalə təqdim olunur:
1 – uşaq ədəbiyyatı (uşaq əsəri), yoxsa uşaqlar üçün ədəbiyyat (uşaqlar üçün, yaxud uşaqlar haqqında və ya uşaqlardan bəhs edən əsərlər);
2 – “Surət” və “obraz” (fərqli baxış).
I I MƏQALƏ
“SURƏT”, YOXSA “OBRAZ”
Bu istilahlardan hansinin hansi məqamda
işlədilməsi daha məqsədəuyğundur?
GİRİŞ
Məqalədə “surət” və “obraz” anlayışlarının xarakterik cəhətlərindən – oxşar və fərqli əlamətlərindən bəhs olunur. Qeyd olunur ki, “obraz” anlayışı müqayisədə “surət” anlayışından daha geniş məzmundadər. O mənada ki, həm insan, həm də təbiətə, heyvanlara, hər hansı əşyaya aid predmetlər, başqa sözlə, dağ, yamac, ceyran, cüyür, hansı isə çiçək növü də yazıçı tərəfindən obrazlaşdırıldığı, başqa sözlə “obraz” adlandırıla bildiyi halda, dağ, yamac, ceyran, cüyür, çiçək heç vədə surət ola bilməz. Surət anlayışı yalnız insana şamil oluna bilər.
Həm rus, həm də Azərbaycan ədəbiyyatşünaslarının uzun illərdir “surət”və “obraz” anlayışlarını, fərqinə varmadan eyni anlamda və əsasən də “surət” anlamında işlətdiklərindən və bu sırada yalnız filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadənin fərqli mövqe sərgilədiyindən bəhs olunur. Qeyd olunur ki, ədəbi qəhrəman yalnız insan olduqda “surət” adlandırıla bilər, faunaya və floraya (və s.) aidliyi yetən ədəbi qəhrəmanları “surət” deyil, “obraz” adlandırmaq daha məqsədəuyğundur, N.Şəmsizadənin öz sözləri ilə desək, “atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür”
“Surət” və “obraz” istilahlarını tədqiqat müstəvisinə çıxarmaq niyyətimiz də elə bu istəkdəndir.
ARAŞDIRMA
“Surət”, yoxsa “obraz”. Bu istilahlardan hansının
hansı məqamda işlədilməsi daha məqsədəuyğundur?
Öncə “obraz” və “surət” anlayışlarının oxşar və fərqli məziyyətlərinə aydınlıq gətirək.
“Azərbaycan dilinin izahlı lüğət”ində ədəbiyyat termini olaraq, “obraz” istilahının “surət”, “obrazlı” (sifət) və “obrazlılıq” (isim) kimi mənaları olduğu diqqətə çatdırılır [1. s.297].
“Lüğət”də “surət” anlayışının yeddi anlamının qeyd olunduğu ilə rastlaşırıq ki, onlardan yalnız biri riyazi (məs., “kəsirin surəti”) anlamdadır, altısı isə ədəbiyyat və mədəniyyət sahələrini əhatə edir. Diqqət yetirək: 1 – zahiri görünüş, üz, sifət, sima; 2 – şəkil, üsul, qayda, tərz; 3 – bir şeyin əslindən eynilə köçürülmüş nüsxəsi, üz (məs., protokolun surəti); 4 – yazıçının, rəssamın, artistin yaratdığı tip, obraz, surət; 5 – şəkil, portret, təsvir; 6 – “surətdə” tərzində (məs., süni surətdə, belə olan surətdə) [8].
Qeyd olunan altı anlayış hüquq vermişdir ki, ədəbiyyatşünaslıq illər uzunu həm insan, həm də dağ, dərə, heyvanlardan bəhs ediləndə “surət” anlayışından bəhrələnsin.
Bunu da xatırladım ki, “obraz” istilahı rus dilində “insan şüurunda obyektiv inikas forması”, “surət”; türk dilində isə “surət” anlamından başqa, “sima” və “şəkil” anlamlarında da işlədilir [2].
Ədəbiyyat nəzəriyyəçiləri arasında bu istilahları (təəssüf ki) eyniləşdirənlər də var, hər birini öz məqamı, yeri ünvanında qəbul edənlər də.
Qeyd edək ki, “obraz” və “surət” anlayışları qoşa qanad kimi həmişə yanaşı işlədilib, ancaq müqayisədə “obraz” anlayışı “surət” anlayışından daha geniş məzmundadır. O mənada ki, təbiətə, heyvanlara, hər hansı əşyaya aid predmetlər, başqa sözlə, dağ, yamac, ceyran, cüyür, hansı isə çiçək növü də yazıçı tərəfindən obrazlaşdırıla bilər, insan da. Ancaq dağ, yamac, ceyran, cüyür, çiçək heç vədə surət ola bilməz. Surət anlayışı yalnız insana şamil oluna bilər, bədii əsərdə surət olaraq ancaq insan ədəbi qəhrəman simasında təqdim oluna bilər. Ədəbiyyatçünas Nizaməddin Şəmsizadə bu qənaətdədir, fərqli mövqe yalnız N.Şəmsizadənin araşdırmasındadır: “atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür” [5. s.100-108].
Xüsusi qeyd etməliyik ki, N.Şəmsizadəyə qədər bütün ədəbiyyatçünaslar obraz anlayışı haqqında eyni fikirdə olublar. Yaradıcılıqlarında “obraz” istilahından bəhrələnmiş olsalar belə, bunu “surət” anlamında işlətmişlər.
Diqqət yetirək:
Leonid İvanoviç Timofeyevə görə, “bədii obraz bədii ədəbiyyatın köməyi ilə yaradılan və estetik əhəmiyyətə malik olan konkret və eyni zamanda, insan həyatının ümumiləşdirilmiş mənzərəsidir” [7. стр. 55].
Əziz Mirəhmədova görə, “Bədii surət (obraz) sənətin varlığa münasibətləri haqqında, sənətin daxili qanunları haqqında təsəvvürlərlə, idrak problemi ilə bağlı olan mürəkkəb, çoxcəhətli bir anlayışdır” [7. стр. 55].
Maksim Qorkinin fikrincə isə, “Bədii obraz, demək olar ki, həmişə fikirdən daha geniş və daha dərindir; insanı mənəvi həyatının bütün müxtəlifliyi ilə, hiss və düşüncələrinin bütün ziddiyyətləri ilə aparır” [9].
Nafiz Qəhrəmanlı obrazı “Ədəbiyyatın məğzində dayanan əsas anlayışlardan biri, bəlkə də birincisi” qismində qəbul edir. Tədqiqatçıya görə, “bədii obraz yaradıcılığın təbiətini, forma və funksiyasını təyin edir. Bədii obrazın mərkəzində isə ilk növbədə ümumiləşdirilmiş insan həyatının, insan səciyyəsinin təsviri dayanır” [3].
Mir Cəlal və Pənah Xəlilov da həmmüəllif olduqları “Ədəbiyyatşünaslığın əsasları” dərsliyində eyni qənaətdədirlər: “Bədii əsər surətlər aləmidir – ictimai varlığın yüksək səviyyədə canlandırılmasıdır. Hər bir əsərdə üç növ surət ola bilər:
Birincisi, insan və kollektiv surəti – tip, ya xarakterlər, personajlar heyəti;
Üçüncüsü: təbiət və əşya surəti – peyzaj, mənzərə, lövhə”…
“Hər hansı bir əsərin, surətin təsir gücü, bədii qüdrəti həyatı, varlığı dürüst, həqiqi, təsirli əks etdirməsindədir” [4. s.15].
Rafiq Yusifoğlu bütün bu qənaətləri təkrarlayaraq ümumi nəticə çıxarır: “Surətə belə tərif vermək olar: Müəyyən insan qruplarının bir fərdin üzərində ümumiləşdirilməsinə surət deyilir” [6. s.52].
Müxtəlif ifadə tərzində olan, ancaq nəzəri cəhətdən bir-birini təkrarlayan bu fikirlər bir ümumi mərkəzdə birləşmişdir: insan da daxil olmaqla bütün predmetlər surətdir.
Və artıq qeyd etdiyimiz kimi, fərqli mövqe yalnız Nizaməddin Şəmsizadənin araşdırmasındadır: “Atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür” [5. s.100-108].
Qeyd olunan bütün fikirlərə ehtiramımızı bildirərək biz də N.Şəmsizadənin nəzəri mülahizəsi ilə razılaşır və demək istəyirik ki, yazıçı əsərində, məsələn, dağ obrazını canlandıra bilər, ancaq bu “dağ” yalnız coğrafi termin olaraq obrazlaşdırılmışdır, surət deyil.
Surətlə obrazı eyni təbiətdə qəbul etməsinə baxmayaraq, R.Yusifoğlu başqa bir məqamda özü də hiss etmədən N.Şəmsizadəyə fikrini əsaslandırmaq üçün “ipucu” verir: “Bədii əsərlərdə müxtəlif predmetlər, heyvanlar, təbiət lövhələri obrazlaşdırılsa da, ədəbiyyatın əsas obrazı insandır. Digər obrazlar yardımçı xarakter daşıyır və son nəticədə, insanın bədii obrazının mükəmməl yaradılmasına kömək edir” [6. s.50].
Rus ədəbiyyatşünası L.İ.Timofeyevin də bu məzmunda mülahizəsi R.Yusifoğlunun fikri ilə səsləşir. L.İ.Timofeyev yazır ki, əgər hər hansı bir rəsmdə kresloda, stol arxasında əyləşən insan təsvir olunursa, bu, heç də o demək deyil ki, burada bərabər hüquqlu obrazlar: stol, insan və kreslo təsvir edilib. Stol və kreslonun təsviri insanın təsviri qədər vacib olsa da, ancaq bu onların bərabərhüquqlu olması demək deyildir, stol və kreslo yalnız və yalnız insanın obrazını tam əks etdirmək vasitəsidir [7. s.63].
Əsas məsələ də elə bundadır: insandan qeyri obrazların yardımçı, surətin isə aparıcı rol oynamasında, digər obrazların yalnız insanın obrazını tam əks etdirmək üçün vasitə olmasında.
Niyyətimizin anlaşıqlı ifadəsi üçün “müəllim” və “müəllimə” istilahlarına diqqət yetirək: həm kişi, həm də qadın cinsindən olan bu ixtisas sahibləri haqqında “müəllim” termini işlətməkdə heç də yanlışlıq etmiş olmuruq. Ancaq “müəllimə” anlayışı gündəmə gətirildikdə, məhz qadından bəhs edildiyi həmin andaca bəlli olur. Başqa sözlə, “müəllim” anlayışı hər iki cinsin nümayəndəsinə şamil olunursa, “müəllimə” anlayışı fikrin daha aydın ifadə formasıdır, yəni ilk andanca qadın müəllimdən bəhs edildiyi anlaşılır. “Учитель”, “учительница” terminlərində olduğu kimi.
“Surət” və “obraz” istilahlarını tədqiqat müstəvisinə çıxarmaq niyyətimiz də elə bu istəkdəndir: hansı məqamda “surət”, hansı məqamda “obraz” işlədilməsi daha məqsədəuyğundur, yaxud daha dəqiq ifadə tərzi hansıdır?!
NƏTİCƏ
N.Şəmsizadə surət haqqında mövcud qənaətləri tədqiqat müstəvisinə çəkəndən sonra fikrinin davamında yazır: “Hansı növə daxil olursa-olsun, obraz yazıçının həyata münasibəti zamanı əldə etdiyi hiss və duyğuların bədii ifadə şəklidir. Surət vasitəsilə yazıçı öz intibahlarını şəklə salır: adam şəklinə, at şəklinə və s. Bədii obraz yazıçının (sənətkarın) estetik idealının ifadəsidir. Onların xarakterini yazıçının estetik idealı müəyyənləşdirir. Biz deyilənləri nəzərə alaraq belə qənaətə gəlirik: yalnız insan obrazına surət deyilir: Atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür” [5. s.100-108]. Çünki, obraz nə qədər daha geniş anlayış olsa da, onun əsasında insan surəti durur.
Biz də bu spesifikliyi nəzərə alaraq N.Şəmsizadənin haqlı mövqeyinə (fikrin daha dəqiq ifadə edilməsi tələbinə) haqq qazandırır və burdan irəli gələn nəzəri qənaəti qəbul edərək, bədii obraz istilahının 1) insandan bəhs edildiyi halda “surət”, 2) digər canlılardan, təbiət və təbiət hadisələrindən (və s.) bəhs edildiyi halda isə “obraz” kimi qruplaşdırılmasını məqsədəuyğun bilirik.
“Surət” anlayışına aidliyi yetən ədəbi qəhrəmanların özünü də iki təsnifatda qruplaşdırmaq olar: 1 – uşaqdan bəhs edildiyi sərlövhəsindən aydın görünən şeirlər. Məsələn, “Keçi və Əziz”, “Külək və Mələk”, “Fərruxun dişi”, “Ali və gavalı”, “Gülnar və gilənar”, “Çoban Həsən”, “Dilarənin danası”, “Şəlalənin cavabı”, “Salam, Məlik”, “Çərkəz” “Ay Vüqar” və s.);
2 – sərlövhəsində insan adı çəkilməyən, yalnız əsərlə tanışlıqdan zamanı uşaqdan bəhs edildiyi aydın olan şeirlər. “Quşəppəyi” (Gülnur), “Çələ və tələ” (Şəlalə və Səfər), “Mən rəngləri tanıyıram” (Elman), “Ay dənizə düşübdür” (Sərxan, Çərkəz, Kamran və Fikrət), “Hamı yatır” (ana və uşaq), “Gil pişik” (Adilə), “Gəlin, gəlin, sərçələr” (Vasya) və “Uçmaq istəyən ağaclar” (Vasya. Hər iki sonuncu şeir rus şairi Yuri Naumoviç Kuşakdan tərcümədir) və s. bu qəbildəndir (Qeyd olunan əsər adları Z.Xəlilin “Ağ leyləklər” kitabından götürülmüşdür – A.İ.).
Açar sözlər: ədəbiyyatşanaslıq, elmi mübahisə, nəzəri mülahizə. qənaət.
♦♦♦
ƏDƏBİYYAT SİYAHISI
1. Azərbaycan dilinin izahlı lüğəti. Bircildlik. Bakı-2005, 452 səh.
2. Çaşıoğlu – 2013.
3. Qəhrəmanlı N. Ədəbiyyat nəzəriyyəsi. Bakı-BDU-2008.
4. Mir Cəlal, Xəlilov Pənah. Ədəbiyyatşünaslığın əsasları. Bakı-Maarif-1972; s.15.
5. Şəmsizadə Nizaməddin. Ədəbiyyat nəzəriyyəsi. Bakı-Proqres-2012, 434 səh.; s.100-108.
Qəlibləşmiş sterotiplərə qarşı çıxmaq cəhdi həmişə “topla-tüfənglə” qarşılanıb. Bu üzdən mülahizə və qənaətlərimin səmimi və anlaşıqlı qəbul olunmasını xahiş edirəm.
Etiraf edim ki, ədəbiyyatşünaslığın stereotipləşmiş bir neçə “qanunu” var ki, onları qəbul etmək, onlarla razılaşmaq şəxsən mənim üçün çətindir. Bu sırada iki məqalə təqdim olunur:
1 – uşaq ədəbiyyatı (uşaq əsəri), yoxsa uşaqlar üçün ədəbiyyat (uşaqlar üçün, yaxud uşaqlar haqqında və ya uşaqlardan bəhs edən əsərlər);
2 – “Surət” və “obraz” (fərqli baxış).
I MƏQALƏ
UŞAQ ƏDƏBIYYATI
(uşaq əsəri),
YOXSA
UŞAQLAR ÜÇÜN ƏDƏBİYYAT
(uşaqlar üçün, yaxud uşaqlar haqqında
və ya uşaqlardan bəhs edən əsərlər);
Bu mövzu illərlə qələm sahibləri, o cümlədən ədəbiyyatşünaslar və tənqidçilər tərəfindən birmənalı qarşılanmamış, konkret bir məcraya yönələ bilməmiş, bu gün də mübahisə predmeti olaraq qalmaqdadır. Hətta mövzuya “uşaq ədəbiyyatı” nöqteyi-nəzərindən yanaşılıb, amma “uşaqlar üçün” anlamında fəlsəfə doktorluğu dissertasiya işlərinin müdafiə olunduğu hallar da var. Bu çaşqınlıqla uşaq kitabxanalarında da rastlaşmaq mümkündür.
Şəxsən mən özüm “uşaq ədəbiyyatı” kafedralarının birində dissertasiya mövzusunun təsdiqi zamanı belə bir hadisənin şahidi olmuşam.
Kafedra “filankəsin uşaq əsərlərində sənətkarlıq məsələləri” adlı mövzunu təsdiq üçün Ali Attestasiya Komissiyasına göndərmişdi. Amma mövzu “filankəsin uşaqlar üçün əsərlərində sənətkarlıq məsələləri” adı ilə təsdiqlənib geri dönmüşdü. Bu hal kafedra əməkdaşları arasında ciddi narazılıqla qarşılandı: “Bunlar tamam fərqli məsələlərdir”, “biz tədqiqat işini bu səpkidə istəməmişdik”.
Əlbətə, tədqiqatçı üçün mövzunun hansı yöndə işləməsinin elə bir önəmi yoxdur. Əksinə, “uşaqlar üçün əsərlərində” anlayışı “uşaq əsərlərində” anlayışı ilə müqayisədə daha geniş, əhatəli məzmun daşıdığı üçün tədqiqatçıya daha ətraflı – yazıçının həm uşaq əsərlərini, həm də uşaqlar üçün nəzərdə tutulmuş əsərlərini tədqiq etmək imkanı yaradır
Məsələn, N.Gəncəvinin “Yaralı bir uşağın dastanı” ilə “Ata nəsihəti” əsərləri uşaq mənzum hekayələri kimi VI siniflərin tədris proqramına daxil edilmişdir. Həmçinin, “Atanın oğluna nəsihəti”, “Kərpickəsən kişinin dastanı”, eləcə də, S.Vurğunun “Azərbaycan”, Ana”, “Ceyran”, “Dağlar”, B.Vahabzadənin “Kitab”, “Müəllim”, “Bayraq”, “İlk dərs” və bu kimi bir sıra əsərlər uşaq ədəbiyyatı nümunəsi kimi təqdim olunur ki, əslində həmin əsərlər heç də uşaq şeirləri deyil, uşaqlar üçün yazılmış əsərlərdir.
Zahid Xəlil, Füzuli Əsgərli və Bilal Həsənli kimi uşaq ədəbiyyatı biliciləri bu qənaətdədirlər ki, “uşaq ədəbiyyatı” dedikdə 3-17,18 yaşadək oxucular üçün yazılan ədəbiyyat nəzərdə tutulur. Həm də yazıçı hansı yaş mərhələsi üçün yazdığını, deyək ki, məktəbəqədər yaşda uşaqlar üçün (3-6 yaş); kiçik məktəb yaşı dövrü (6-10 yaş); yeniyetməlik dövrü (10-14 yaş); yoxsa ilkin gənclik yaş həddi üçünmü (14-17 yaş) yazdığını irəlicədən nəzərə almalıdır [3. səh.13; 2. səh.3]. “Uşaq əsəri yaratmaq üşün sənətkarda istedad, əməksevərliklə yanaşı dünyaya uşaq gözləri ilə baxmaq, uşaq dünyasının incəliklərindən baş çıxarmaq bacarığı lazımdır. Yüksək sənət nümunəsi olan uşaqların bəyəndiyi əsəri yazmaq üçün sənətkarda bədii sözdən istifadə məharəti ilə yanaşı, uşaq qəlbinin, hiss və duyğularının təbiiliyi, sadəliyi, təvazöğkarlığı, saflığı olmalıdır” [2. səh.7].
Məsələn, Z.Xəlilin “Uçan çıraqlar”, “Mən rəngləri tanıyıram”, “Göydən üç alma düşdü”, “Torağaylar oxuyur”, “Cırtdanla Azmanın yeni sərgüzəştləri”, “Здраствуй Джиртан!” və s. şeir və nəsr əsərləri bu sıradandır.
“Uşaq yazıçısı necə və kimlər ola bilər?” sualını V.Q.Belinski belə cavablandırıb: “Uşaq yazıçısının yaranması üçün olduqca çox şərtıər vardır: nəcib, sevən, diqqətli, sakit, körpəcə sadədil bir qəlb, yüksək məlumatlı bir idrak, predmetlərə aydın bir baxış, yalnız canlı bir təsəvvür deyil, həm də şairanə bir xəyal, hər şeyi canlı, zəngin surətlər halında təsəvvür etməyə qabil bir xəyal lazımdır” [1. səh.12].
Uşaq ədəbiyyatı (“uşaq əsəri”) necə olmalıdır sualını yazıçı Zaur Ustac belə cavablandırır: o əsər hamı tərəfindən qəbul edilir ki, hər kəs oxuduğu “hər kəlmədə öz hiss və duyğularını görə bilir. Bir bənd şeiri min əhvallı oxucu oxuyur, hamısı da düşünür ki, bu sözlər məhz onun üçün deyilib. Söz sənətində ustalıq, ədəbiyyatda təqdimetmə bacarığı – obrazlılıq – məhz budur” [6. səh.123. ”Obrazın özü” məqaləsi].
Tədqiqatçı Hədiyyə Şəfaqət isə belə mülahizə yürüdür: “… biz uşağı nə vaxt görə biliriksə, uşaq ədəbiyyatı o zaman yaranır. Uşağı görmək üçün gərək uşağın özü ola. Yəni, əyani material” [5.].
Fikrimizcə, mülahizənin daha dəqiq ifadə tərzi də mümkün idi. Başqa sözlə, bu fikir “… biz uşağı nə vaxt görə biliriksə, uşaq ədəbiyyatı o zaman yaranır” kimi deyil, hansı qələm nümunəsinin içində uşaq dünyası görünürsə, həmin əsəri uşaq ədəbiyyatı nümunəsi qəbul etmək olar” tərzində ifadə olunmalı idi.
Təbii ki, qələm sahibi ədəbi qəhrəmanını necə görürsə, hansı tərzdə qəbul edirsə, düşüncələrini o yöndə də qələmə alır. H.Şəfaqət “Problem” rubrikalı məqaləsində uşaq ədəbiyyatının qəhrəmanları haqqında mülahizələrinin ardını belə ifadə edir: “uşaq çaşmalıdır, ayağı işləməlidir, “2” almalıdır, yeməyini dağıtmalıdır, süd içəndə ağzının böyür-başı bulanmalıdır. Uşaqdır axı” … “Beləcə uşaq ədəbiyyatı yarada bilərik” [5.].
Biz XXI əsrin uşağına bunlarımı təlqin etməliyik? Pinti, XIX, yaxud XX əsrin birinci yarısında qalmış, II Dünya Müharibəsindən çıxmış bir ölkənin uşağınımı? Azyaşlıya bu təbiətli ədəbi qəhrəmanı təqdim etməklə onu bu simadamı görmək istəyirik?
Bəs azyaşlının özü necə? Bununla barışacaqmı?
Belə olan halda gəlin görək bu günün uşağı kimdir?
Mən XX əsrin II yarısında (1951-ci ildə) dünyaya gəlmiş nəslin nümayəndəsiyəm, bu yaşımda da mənə qaranlıq hər hansı işə əlimi bulaşdırmıram. Oğlum XX əsrin 80-ci illərinin əvvəlində (1981-ci ildə) dünyaya gəlib. Bir əlinin barmağının gücü çatmadığından iki əlinin barmaqlarını cütləşdirib televizorun pultunun düyməsini basıb uşaq filmlərinə baxırdı. Onun oğlu Ziyad XXI əsrin əvvəllərində (5 noyabr 2006-cı il) doğulub. Hələ əməlli danışmağı, qaydasınca yeriməyi bacarmadığı vaxtlardı, diski götürüb mənə uzadırdı ki, “baba, qoy”. Deyirdim ki, “mən bacarmıram, ata gəlib diski qoyar, sən də baxarsan”. Sizcə mənə cavabı nə olsa yaxşıdır? “Məni qucağına götür, boyum çatsın, özüm qoyum”.
Mülahizəmi süd qardaşım Arif Dəmirovla bölüşəndə gülümsədi: sən XX əsrin 20-ci illərində dünyaya gəlmiş Ziyatxanın, Böyük Vətən müharibəsinin ağrı-acılarını, sarsıntıları içində böyümüş təfəkkür sahibinin oğlusan, oğlun XX əsrin 80-ci illərinin əvvəlində dünyaya gəlmiş nəslin törəməsidir, nəvən isə oğlunun oğludur, XXI əsrin əvvəllərində dünyaya gəlmiş nəslin nümayəndəsi.
Təxminən 80 illik zaman hüdudunda doğulan üç nəslin nümayədəsinin təfəkkür tərzinə, hansı inkişaf yolu keçildiyinə diqqət yetirdinizmi?
XXI əsrin nümayəndəsi budur: qamışdan, qarğıdan “at” düzəldib çapan yox, səhərdən axşama qədər planşetlə, mobil telefonla, kompüterlə əlləşən!
Deməli, bu günün uşaq ədəbiyyatı da kimlər üçün yazıldığı ilə hesablaşmalıdır. Yazıçı “süd içəndə ağzının böyür-başını bulaşdıran” uşaq üçün yox, planşetlə oyuncaq kimi davranan uşaq üçün yazdığını ruhən qəbul etməlidir.
Əlbəttə, bunu da təbii qəbul etməliyik ki, uşaq – öz uşaq ömrünü yaşamalıdır. Həmçinin, unutmamalıyıq da ki, bu günün dərsdən “2” alan uşağı kimdənsə kömək gözləyən uşaq deyil, dərslərinə özü hazırlaşıb “2”-sini “5”-lə özü əvəz etməyi bacaran uşaqdır.
Türkiyə, Rusiya, Avropa, Amerika filmlərində uşaq surətlərini xatırlayaq: uşaq böyük bacı-qardaşı kimi danışır, iri adam düşüncəsi ilə mühakimə yürüdür, üzləşdiyi vəziyyətdən çıxış yolunu özü arayır.
Biz “hansı qələm nümunəsinin içində uşaq dünyası görünürsə, həmin əsəri uşaq ədəbiyyatı nümunəsi olaraq qəbul etmək olar” deyəndə, bu təbiətli uşaqlar üçün yazılan əsərləri nəzərdə tuturuq. Başqa sözlə, XXI əsrin uşağı XX əsr vətəndaşının tanıyıb-bildiyi uşaq deyil, tamamilə özgə təfəkkürə malik uşaqdır.
Bunu qəbul etməyə, zamanın bu diktəsi ilə barışmağa məhkumuq.
Nəticə: Beləliklə, qətiyyətli olaraq bu qənaəti qəbul etmək gərəkir ki, uşaq ədəbiyyatı – uşaqlar haqqında yazılan, yaxud uşaqlardan bəhs edən əsərlər deyil, içində uşaq dünyasının özü görünən əsərlərdir. Uşaq ədəbiyyatı – uşağı dərk etdiyimiz andan, uşaq dünyasını içimizə hopdurub onu təzədən yaşadığımız anlar qələmə alınan əsərlərdir.
Açar sözlər: uşaq dünyası, uşaq ədəbiyyatı, uşaqlar üçün ədəbiyyat.
♦♦♦
Ədəbiyat siyahısı
1. Belinski V.Q. Seçilmiş əsərləri. Bakı-1948;
2. Həsənli Bilal Azərbaycan uşaq ədəbiyyatı. Bakı-“Müəllim” nəşriyyatı-2015, 522 səh.;
3. Xəlil Zahid, Əsgərli Füzuli. Uşaq ədəbiyyatı. Bakı-2007, 490 səh.;
4. Xəlil Zahid. Azərbaycan uşaq ədəbiyyatı. Bakı-2019, 306 səh.;
5. Şəfaqət Hədiyyə. Uşaq ədəbiyyatında obrazlar və dərsliklər. Problem. 2 iyul 2012-ci il. [https://modern.az/az/news/25987;