Kateqoriya arxivləri: Aliyə CAVANŞİR

Böyük alim, mərdanə insan, etibarlı dost ŞİRİNDİL ALIŞANLININ xatirəsinə…

“…Alimlər dünyanın ÇIRAĞI, axirətin NURUDURLAR”…

Böyük alim, mərdanə insan, etibarlı dost ŞİRİNDİL ALIŞANLININ xatirəsinə…

“Alimləri eşidin, onlar dünyanın çırağı, axirətin nurudurlar” – deyib Peyğəmbərimiz.

Şirindil müəllimin alimliyindən, ədəbiyyat tariximizdəki xidmətlərindən həmkarları çox yazıblar. Bu gün də yazır­lar… Ölü­mündən sonra…

Xatirəsinə ehtiramla yazdığım bu yazı isə ona olan minnətdarlıq borcum­dur.

“Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzində direktorum, arxa-dayağım olub Şirindil Alışanlı. Böyük ehtiyac içində olan məcburi köçkün ailəsinin vəziyyətini bir az yüngülləşdirmək üçün halal çörək qazanmaq yolunda çarpışan bir kəndli qızına zamanında edilən yaxşılığı heç bir təşəkkür, minnətdarlıq ödəməz, təbii ki…

Şirindil müəllim “Köhnə kişilər”dən idi. Samballı, ağır çəkili, ciddi. Yaxından tanıma­yan üçünsə həm də “çox sərt”. Bu xarakterin zirvəsində isə onun XEYİRXAHLIĞI daya­nırdı. Görənlər üçün, görmək istəyənlər üçün o belə biri idi. “Elm və həyat” jurnalının redaktor müavini, rəhmətlik Binnət Süleyman həmişə xoş sözlər deyərdi onun barəsində, – mən onu şəxsən tanımadığım illərdə… Deyilənlərə layiq olduğunun illər sonra özüm də şahidi oldum.

Bu yaxınlarda özü ilə telefonla danışanda ürəyimdə olan ən yaxşı sözlərimi ona dedim. Nə yaxşı ki, dedim. Bu tezlikdə itirəcəyimiz heç ağlıma da gəlməzdi. Mənə ən böyük təsəlli də elə budur… İnsana nə lazımdır ki… Adi bir xoş söz, gülər üz… Bütün inciklikləri, qəlb qırıqlıqlarını bir xoş sözlə əritmək olar, məncə, yetər ki, kindən, qərəzdən uzaq olasan… Ürəyimdəkiləri ona deməyə geciksəydim, bu ağır yük bir ömür çiyinlərimdən asılıb qalacaqdı… Məni diqqətlə dinlədikdən sonra gülərək: “Eh… Aliyə, çox sağ ol ki, sən bu sözləri deyirsən. Mən nələr etmişəm, bunu bir Allah bilir, bir də mən. İnsanlıq ölüb gedir artıq. Bilə-bilə ki, bu gün mən xəstəyəm, adi zəng edib hal-əhval tutmaq mədəniyyətləri belə qalmayıb çoxunun”. Ad da çəkdi… Tanıdıqlarım idi… Mən də şahidi olmuşdum onlara etdik­lərinin… Təəs­süf…

Bir neçə nəfərin adını isə minnətdarlıqla çəkdi. Xüsusilə, filologiya üzrə elmlər dok­toru, professor  Qəzənfər Paşayevin və vaxtilə onun rəhbərlik etdiyi “Elm” nəşriyyatının hazırkı direktoru Cəbuhi Qəhrəmanovun adlarını.

Xalq şairi Nəriman Həsənzadə ilə ara-sıra görüşdüyünü dedi. Biri-birilərinin xətrini istəyir­dilər. Bunları deməyi özümə borc bildim…

Martın 12-də professor Musa Quluzadənin xatirəsinə bir yazı yazmışdım. Orada dar günün dostları sırasında, təbii ki, Şirindil müəllimin adı da var idi. 2 gün sonra isə vəfat etməsi xəbərini eşitdim. Gec eşitdim… İnanmadım. Son danışığımızda demişdi ki, martda xarici ölkəyə müalicəyə gedəcək. Görüşməliydik. Telefonuma baxdım… 29 fevralda zəng etmiş­dim. Götürməmişdi. Adətən götürməyən­də, sonra özü yığırdı. Bu dəfə zəng gəlmədi. Düşündüm ki, yəqin gedib müalicəyə, inşallah, qayıdar görüşərik.

Təəssüf… Bir dəyərli dostu da beləcə vaxtsız itirdim…

İllər öncə Xalq şairimiz Bəxtiyar Vahab­zadənin ömrünün sonlarına yaxın bir müsahi­bəsinə qulaq asmışdım. Dostluqdan, xeyirxah­lıqdan danışırdı…

Mir Cəlal Paşayevin, Nəsir İmanquliyevin, Aslan Aslanovun, Şıxəli Qurbanovun, Cəfər Xəndanın, Həmid Araslının, Muxtar Hüseynza­dənin, Abbas Zamanovun, Qulu Xəlilovun, Famil Mehdinin, Nurəddin Babayevin, Nəriman Həsənzadənin adlarını çəkdi.

Belə bir söz dedi Bəxtiyar Vahabzadə: “Nu­rəddinin bir sözünü unutmuram. Dostla­rımızı bir-bir itirib acısını çəkdikcə: “Vay arxaya qalanın halına…”, – deyirdi.  

Yəqin Bəxtiyar Vahabzadə özünü nəzərdə tuturdu, dostlarının, xeyirxahlarının bir-bir “yoxa çıxması” onu qorxudurdu. Çox kövrək olmuşdu…

Ömrü yazan Allahdı, düzdü… Amma doğma­ların, dostların itkisini kənardan müşahidə etmək həqiqətən çox ağırmış…

Vay axıra qalanın halına!

Sonda Şirindil müəllimin 3 gözəl, ağıllı-kamallı qız övladına üzümü tutub: “Belə bir atanın övladı olmaq səadəti hər kəsə nəsib olmur. Başınızı uca tutun, həyat davam edir! – deyirəm.

Ehtiramla: Aliyə CAVANŞİR,

tədqiqatçı

ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

VƏTƏNİN TARİXİNDƏ ƏBƏDİ İZİ QALDI…

MƏŞƏDİXANIM NEMƏT – 100

VƏTƏNİN TARİXİNDƏ ƏBƏDİ İZİ QALDI…

Var idim İZİM qaldı,

Od idim KÖZÜM qaldı.

Əsrin DAŞ YADDAŞINDA

Mənim də SÖZÜM qaldı…

(Məşədixanım Nemət)

Tanınmış tarixçi-alimimiz Firdovsiyyə Əhmədova deyəndə ki, Məşədixanım Nemətin 100 illiyidir, istər-istəməz 25 il əvvələ qayıtdım, gözlərim önündə xoş xatirələr canlandı. Yüksək mövqeyinə baxmayaraq, seçdiyi peşəsi, sadəliyi, mehribanlığı, bir az da zarafatcıllığı ilə qəlbimdə özünə əbədiyyət qazanan “Şöhrət” ordenli AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, görkəmli epiqrafçı alim Məşədixanım Sədulla qızı Nemətlə bağlı xoş təəssüratlar onun haqqında yazı yazmaq istəyi yaratdı məndə. Lakin əvvəl tərəddüd etdim. Zərif çiyinlərində yüz illər boyunca haqsızlıqlar içində boğulan xalqının ağır yükünü daşıyan alimlərimizdən biri haqda yazmaq çox məsuliyyət tələb edir axı…

Azərbaycanımızın Amazonkası adlandırılan, “Əsrin daş yaddaşında mənim də sözüm qaldı…” deyən Məşədixanım Nemət öz dəyərini çox gözəl bilirdi… Bilirdi ki, qızmar yay günəşi altında ilanmələyən çöllərdə, qışın sərt soyuğunun insanın iliyinə işləyən çağlarında Vətənini qarış-qarış dolaşıb min bir əziyyətlə araya-ərsəyə gətirdiyi, hələliksə öz layiqli dəyərini almayan tapınt ıları nə zamansa xalqının, Dövlətinin əlində ən “kəskin silaha” çevrilib düşmənin və onun havadarlarının sinəsinə tuşlanacaq və əsrlər boyu zülm, zillət çəkən xalqı nəhayət ki, rahat nəfəs alacaq…

Və o gün gəldi… Bir az gec oldu, təəssüf… Bu günün gələcəyini səbirsizliklə gözləyən yurd həsrətli valideynlərim kimi, cəfakeş alimimiz də bu şərəfli, tarixi günlərin cismən şahidi ola bilmədi. Ruhlarınınsa azad Qarabağımızı bizdən də artıq sevincək ziyarət etdiklərinə əminəm…

Məşədixanım Nemətə Qarabağ xanlığının banisi Pənahəli Xan Cavanşir nəslinin kiçik bir nümayəndəsi kimi də mənim ayrıca təşəkkür borcum var. Və bu, məni daha da ürəkləndirdi yazı yazmağa. Bugünkü Böyük Qələbəmizin qazanılmasında məhz onun fundamental axtarışlarının, tapıntılarının rolu əvəzsizdir. Qarabağın, Zəngəzurun və zaman-zaman “qonşu­lara” pay-püş edilən digər ərazilərin Azərbaycana məxsus olduğunu, azərbaycanlıların isə ta əzəldən bu ərazilərin qədim-qayım sakinləri olduğunu sübut edən məhz bu cür dəlillər Dövlətimizin başçısına bütün dünyaya nəinki Qarabağın, indiki Ermənistanın belə Azərbaycanın qədim tarixi əraziləri olduğunu cəsarətlə söyləməsinə təkan verdi…

Bu təkzibolunmaz faktlar qarşısında erməni və onun havadarlarının susmaqdan başqa çarəsi qalmadı…

Yaxşı xatirimdədir… 1997-ci ildə tale mənə respublikamızın ən populyar elmi nəşri olan “Elm və həyat’’jurnalı redaksiyasında işləməyi nəsib etdi. Əvvəl yazıçı Cəmil Əlibəyovun direktoru olduğu “Elm və həyat” nəşriyyatında, sonradan isə “Elm və həyat” jurnalında. Ağır illər idi, xalqımız üçün də, elmimiz, təhsilimiz üçün də. Milli Elmlər Akademiyasının elmi nəşrləri siyahısında olmasına baxmayaraq, maddi məhrumiyyətlər içində olan jurnalın cəfakeş kiçik kollektivi – Ülkər Hüseynova, Maral Poladova, Mehparə Axundova, Binnət Süleyman öz hesablarına bu jurnalı tərtib edir, ədəbiyyatşünas alimimiz Şirindil Alışanovun rəhbəri olduğu “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya mərkəzində nəşr etdirirdilər. Bu cəfakeşliyin nəticəsidir ki, jurnal bu gün də fəaliyyətini davam etdirir.

Bu elm ocağının mənim həyatımda, bir vətəndaş kimi formalaşmağımda böyük rolu oldu. Demək olar ki, Azərbaycanın necə deyərlər, “qaymaqları” – tanınmış şairlər, yazıçılar, alimlər, bir sözlə, böyük bir ziyalı ordusu bu kollektivə gəlir, Xalq şairi Nəriman Həsənzadənin təbirincə desək, bu ocağın istisinə yığışırdılar.

Mən məcburi köçkünlük səbəbindən təhsilimi axıradək davam etdirib yüksək təhsil ala bilməsəm də, burada böyük bir akademiya təhsili aldım. Həyatımda böyük rolu olan şəxsiyyətlərə yazılarımda dəfələrlə minnətdarlığımı bildirmişəm…

…Bir gün əməkdaşlarla birgə kompüter otağına zərif, çöhrəsindən nur yağan, gözləri gülən bir xanım daxil oldu. O dəqiqə tanıdım. Dedim ki, mən sizi tanıyıram. Ona xoş olsa da, dinmədi.

Bilirsiz sizi hardan tanıyıram? – soruşdum. Gülümsədi, – hardan?

Dedim Zəngəzurda aşkar etdiyiniz Urud abidələri haqqında 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qarşısında çıxış edəndə televiziyada görmüşəm sizi… Atamla birgə sonadək izləmişəm verilişi.

Əlavə etdim ki, o zaman üçün böyük siyasi əhəmiyyəti olan Naxçıvan Muxtar Respublikasının yaranmasının 75 illiyi ilə bağlı Heydər Əliyevin üzünü tarixçilərə tutub həyəcanla dediyi: “…Biz ermənilərin bütün bu iddialarının əsassız, uydurma olduğunu beynəlxalq aləmdə sübut etməliyik. Bunun üçün əsaslı sənədlər, fundamental elmi, populyar nəşrlər yaranmalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü nəinki yaşadığımız indiki illərdə, gələcək nəsillər üçün də qoruyub saxlamaqdan ötrü çox güclü bir konsepsiya yaratmalıyıq. Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indi Ermənistan Respublikası yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin…” – sözlərindən sonra siz tribunaya qalxıb Zəngəzurdakı Urud abidələri haqqında çıxış edərkən Heydər Əliyevin əlini çənəsinə dayayıb Sizə necə maraqla və fəxrlə baxdığının canlı şahidiyəm…

Bu sözlərim alimimizə çox xoş oldu. Xeyli danışdı o barədə. Ürəyi dolu idi…

Səmimi münasibətimiz yarandı. Sonra bizdə 85 illiyi ilə bağlı qızı – görkəmli tarixçimiz Vəfa Quliyevanın tərtibçiliyi ilə “Daşlaşan sirlərin sirdaşı” adlı kitabı capa hazırlandı. Onda daha da doğma münasibət yarandı. Kitab çap olunanda məni də unutmadı. Öz xətti ilə kitaba təşəkkür avtoqrafı yazıb göndərdi…

Ulu babalarım Cavanşirlərlə bağlı yazılarım qəzetlərdə, jurnalda dərc olunanda Vəfa xanım telefonla məni təbrik etdi, bildirdi ki, yazını oxuyub kövrəldim. Anam da, mən də təbrik edirik səni, uğurlar olsun.

* * *

Urud abidələrinin aşkar edilməsinin Dövlətçilik tariximizə necə böyük töhfə verdiyinin illər sonra şahidi olduq.

Zəngəzurda aşkarlanmış qoç şəkilli, sənduqə formalı məzar daşları üzərində 1961-1963-cü illərdə apardığı tədqiqatların nəticəsi olan bu tapıntılar Məşədixanım Nemətin epiqrafika elmində demək olar ki, 50 illik araşdırmalarının zirvəsi hesab edilir. Onun bu tapıntısı Cənubi Qafqazda yeni tarixi konsepsiyanın əsasını qoydu.

…Tarixi dədə-baba torpaqlarımız olan İrəvan xanlığının ərazisinin ermənilərə məxsuz olmasını sayıqlayan erməni alimi Papazyana cavab məktubunda alimimiz əsaslı olaraq soruşur: “…əgər Urud qəbiristanlığı erməni abidəsi idisə, o qəbiristanlığı nəyə görə dağıtdınız, viranə qoydunuz?! Əgər siz o məzar daşlarının ermənilərə aid olduğunu sübut edə bilsəydiniz, bu gün də onu şüşənin içinə salıb bütün dünyanı gəzdirərdiniz ki, bu, bizim tariximizdir. Sübut edə bilmədiyiniz üçün dağıtdınız!”

Bu məntiqli cavabın özü bir dəlil, bir əsaslı sübut deyilmi?!

Məhz bu cür fundamental dəlillərin nəticəsidir ki, Azərbaycan Ordusu 44 günlük savaşla Dövlətimizin ərazi bütövlüyünü bərpa etdi, Dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdı.

Bu gün Zəngəzurun, Qarabağın, Təbrizin və digər tarixi torpaqlarımızın göyləri üzərindən gülümsər bir çöhrə məmnunluqla bizə baxır:

“Müqəddəs bir torpaq olan,

Haqqı, səadəti anan

Zəngəzur, Mehri, Qarabağ,

Təbriz, Şuşa, can Dilican,

Qalxmış artıq Azərbaycan!

Didərgindir ocağından,

Dədə-baba torpağından,

Xan, Bülbülün oylağından.

Müntəzirdir Göyçə, Qafan,

Qalxmış artıq Azərbaycan!” —

deyib sevincimizə şərik olduğunu bildirir… Bizi daha böyük qələbələrə səsləyir!..

Ruhunuz şad olsun! Böyük Xanım! Məşədixanım!

Qalxmış artıq Azərbaycan!

Aliyə CAVANŞİR,

tədqiqatçı

25.02.2024.

ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru