Kateqoriya arxivləri: ƏDƏBİYYAT

“EV BAZARI” – 2

Zaur Ustac yenə də “EV BAZARI” nda gözünü yumub, ağzını açdı…

Salam olsun dəyərli dostlar! Bu dəfə sizlərə qələm dostmuz Müşfiq Xanın başına gələn hadisəni öz qələmindən necə çıxıb eləcə də çatdıracam. Necə deyərlər, aldı görək nə yazdı:

“Bu gün başıma iş gəldi…
Kimnənsə eşitmişdim, təxminən belə deyirdi, bizim ölkə çox təhlükəlidi, burda istənilən oxucu səhər oyanıb yazıçıya çevrilə bilər. Bunu düşünəndə həqiqətən adamın tükləri biz-biz olur. Qulağımı dartıb, nəşrə hazırladığımız ədəbiyyat dərgisinin yeni sayını son oxunuşçün qabağıma çəkdim. Səhifə yarım oxumuşdum ki, qapı döyüldü. Bir az dilxor oldum, çünki bir həftəyə yaxındı nəşri yubanan dərginin bəxti gətirmirdi ki gətirmirdi.
– Gəl, – qapıya səsləndim.
Başımı vərəqlərdən qaldırmadan, bir neçə sətir də oxuyum, qənimətdi, düşüncəylə qırmızı qələmi kənara qoymadım. İki, ya üç sətir oxumuşdum, qapı təzədən döyüldü. Gələn kim idisə qapıya qarşı nəzakətliydi. Hətta mənə elə gəldi, qapı döyülmür, özüyçün mızıldanır, ya da nə bilim, nəyəsə gileylənir. Elə bu an yadıma düşdü ki, qapının ağzı yoxdu, daha doğrusu var, amma danışa bilmir.
– Gəlin, – səsimi bir az yüksəltdim.
Doğrusu yenə hay verən, gələn olmadı. Düşündüm qulağıma səs gəlir. Səhifəni tamamlayıb üçüncü səhifəyə keçəndə qapı cınqıldadı. Bayaqdan qapının taxta hissəsini döyəcləyən məchul qüvvə bunun işə yaramadığını düşünüb əlindəki naməlum əşya ilə bir az yuxarı, şüşəli gözünü taqqıldatmağa başlamışdı. Qulaq verdim, gələn vardı, o yanı-bu yanı ola bilməzdi. Bir az ürəklə:
– Buyurun, gəlin, – əlimi ağzıma söykəyib həsrətlə otağın qurtaracağına baxdım.
Ahh, şükür, bu dəfə qapı açıldı. Sıra ilə otağa üç nəfər girdi. Üçüncü, axırda gələn iş yoldaşım idi. Özünü qabağa verdi:
– Müəllim, bəylər kitab yazıb…
– Yox, bu yazıb, – otuz yaşlarındakı qarabəniz adam yanına salıb gətirdiyi şişman kişini işarə verib burnunun aşağısına düşən maskanı çəkib yerinə otuzdurdu.
Bir az duruxub irəli yeridi, divana çöküb yanındakı ağsaqqal şişmana təpindi:
– Day otur görək də, məllim. Sonra nə düşündüsə, – Qaynatamdı, – deyib yerini rahatladı.
– Buyurun, – adəti üzrə qeyd dəftərimi əlimin altına çəkib özümə “sizi eşidirəm” görkəmi verdim.
– Buyur! – bu dəfə də ələkçinin qıl verəni üzünü şişman kişiyə tutub məzəmmətedici şəkildə təkrarladı.
Ağır söhbət olacaqdı, buna əmindim. Qara günümü qablaşdırıb hələ də susmaqda israrlı olan kitabyazan əmi ilə ünsiyyətə girməyə çalışdım:
– Şeirlərdi?
– Soruşur ki şeir yazırsan?! – maskasını çənəsinə qədər endirib dişlərini qıcadı.
Kişi kürəkəninin sonuncu hərəkətindən ürkdü:
– Hə, hə, biz kitab yazmışıq.
– Biz yox, sən. Məni qarışdırma! – vəkilciyəz kükrədi.
– Aha, baxa bilərəm?
– Müəllim, kitablar qapının ağzındadı, – iş yoldaşım araya girdi.
Bir şey anlamadım. Bunu hiss etdiyi üçün qıvraq hərəkətlə otaqdan çıxıb tez də əlində iki zənbili sürüyə-sürüyə içəris saldı.
– Bunlardı, – müəllif əmi torbaları görəndə gözləri işıqlandı. Dili açıldı. – Burdakılar kirilcədi, çoxdan yazmışam, – saralmış bazar zənbilini qucağına alıb içindəkiləri divanın üstünə boşaltdı. Təxminən otuz-otuz beş dənə sovetdənqalma doxsan altı vərəqli dəftər idi.
Heyrətimdən donub yerimdə qalmışdım. Bu neçə ildə nəşriyyatda başıma gələnlərdən sonra elə deyirdim, bir də heç nə məni heyrətləndirə bilməz, elə bil sözüm Allaha acıq getdi.
– Burdakılarsa təzə əlifbaynandı, – kişi elə bil birdən-birə qızışmışdı.
Əl atıb o biri torbanı da götürüb bu dəfə birbaşa döşəmənin üstünə boşaltdı.
– Ay kişi, sənə deməkdən yoruldum, burdakılar elə köhnə yazdıqlarındı, latın əlifbasıynan üzünnən köçürmüşəm bu dəftərlərə! – kürəkəni nəhayət işəyarayar nəsə danışdı.
Əyilib dəftərlərdən birini yerdən götürüb oxumağa başladım. Deyəsən poema idi. Ucu-bucağı görünməyən misravari sətirlər dəftərin yarısına qədər uzanıb gedirdi. Qəfil gözümə tanış beyt dəydi:
– Axı bu Nəsiminin qəzəlinnəndi…
Mənim sözümnən sonra ağsaqqal cavab tələb edirmiş kimi kürəkənini narazı-narazı süzdü.
– Onu uşağın məktəb kitabından götürüb ora yazmışam ki, kitab bir az maraqlı alınsın. Nə ziyanı var?
– Bəy, belə olmaz. Adamı topa qoyub atarlar, vallah.
– Sənə demişdim də təkcə Nizamidən sal! – ağsaqqal kürəkəninə çəmkirdi.
– Allah yalan danışanın belin sındırsın! A kişi, özün demədin ki, pensiya kartımı üç aylıq sənə verirəm, köhnə kitablardan əlinə nə keçir yaz doldur bu dəftərlərə?
– Nəsimini deməmişdim! – qocaman şair özünü yuyub yarpız üstünə qoymağa çalışdı.
– Nə fərqi var, müəllim? – bu dəfə hirsimdən özümü saxlaya bilmədim.
– Necə yəni fərqi var?! – ağsaqqalın dil-dil ötməyə başlamışdı. Elə bil bayaqkı mağmın bu deyildi. – Nəsimi zəif yazır! Onun qəzəlinin mənim kitabımda nə işi var?!
– Siz nə danışırsız? Biz nəyi müzakirə edirik? – özümdən çıxdım.
– Mənə sizin kimi nəşriyyat lazım deyil! Dur, ədə, dur getdik!
Kürəkəni büzüşüb yumağa dönmüşdü. Bayaqkınan əsər-əlamət qalmamışdı. Böyük ehtimalla qaynatasının pensiya kartı əvəzinə ovcunu yalamalı olacaqdı. Qanı qaralmışdı.
– Ala, bu dəftəri də sənə verirəm, öz adınla çap edərsən! – ağsaqqal ayağa qalxıb həmin dəftəri masamın üstünə tulladı.
– Təşəkkür edirəm! – başqa nəsə demək istəsəm də, gələnlərin qapıya tərəf getdiyini görüb fikrimdən daşındım. Yarım saat sonra dərginin son oxunuşunu tamamlamalıydım.
Allah saxladı, yaxşı qurtadım…”

DİGƏR BURAXILIŞLAR >>>> “EV BAZARI”

Təqdim etdi: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ULUSUN ULUSU – TURAN YOLÇUSU

YAHYA AZEROĞLU

ULUSUN ULUSU – TURAN YOLÇUSU

İYİRMİ BEŞİNCİ YAZI

Ataların bir sözü var, “dost dar gündə bəlli olar”. Bu misalı dosta, qardaşa, lap elə ailə üzvülərinə də aid etmək olar.

Məlum hadisələrlə əlaqədar son günlərdə (Gəncədə baş verən xain düşmən saldırısını da nəzərə almaqla) baş verən hadisələr bir daha göstərdi ki, yaman gündə xalqımız, millətimiz daha da sıx birləşməyi bacarır. Bu nəinki ölkəmizin hüdudları çərçivəsində belədir, hətta onun xaricində də özünü bu soydan bilən hər bir fərdin mənəvi qardaşlıq borcuna çevrilmişdir. Bu baxımdan, artıq uzun illərdir ki, “bir millət – iki dövlət” anlayışı ilə yaşayan Azərbaycan və Türkiyə son günlər sanki “bir millət – bir dövlət” kimi yaşamağa başlayıb. Bu qardaşlıq dövlət başçıları səviyyəsindən tutmuş hər iki ölkənin sıravi vətəndaşlarına kimi dövlətlərimizin mücadilə etdiyi ən müxtəlif cəbhələrdə özünü məhz belə göstərir.

Şübhəsiz ki, qələm adamları bu baxımdan həmişə ön sıralarda olub və olmaqda davam edirlər. Belə ki, son günlər Azərbaycan professoru Ramiz Həsənlinin tanınmış Türkiyə yazarı Yahya Azəroğlu haqqında nəşr etdirdiyi “Turan yolçusu” kitabı təqdirəlayiq hadisədir və bu qardaşlığı möhkəmləndirən addımlardan biri kimi qiymətləndirilməlidir. Kimdir Yahya Azəroğlu? Professor Ramiz Həsənlinin “Turan yolçusu” adlandlrdığı kitabda haqqında bəhs etdiyi şəxs həqiqətən Turan yolçusu, bir ulusun Ulusudur.

Ramiz Həsənlinin Türkiyə yazarı Yahya Azəroğlu haqqında “Turan yolçusu” kitabı.

Bəli, mən onu məhz belə adlandırardım. Düşünürəm ki, bu təbir hər cür mübaliğədən uzaq və reallığa daha yaxındır. O, sözün əsl mənasında Gündoğandan Günbatana bütün türk ellərində aşağı-yuxarı bax, mənim bu yazını yazdığım şipşirin ana dilimizdə oxuyub – anlayan bir ulusun şairi, söz adamı, ulusudur. Təbii ki, onun yazılarını çevirmələr vasitəsi ilə başqa xalqların nümayəndələri də oxuyurlar. Ancaq onlar bu yazılarla hansı dildə tanış olmalarından asılı olmayaraq, müəllifin kim olduğunu, milli kimliyini anlayırlar. Yahya Azəroğlu məhz hər kəlməsinin sahibi olduğu kimi, onun qələmindən həyat qazanan hər bir söz də öz sahibini tanıdır və ona həyat verəni yaşadır. Yahya Azəroğlu təpədən dırnağa qədər vətən, millət, insan üçün çalışan, yazıb-yaradan söz adamıdır. Onu bütün türk ellərində tanıdan da məhz bu xüsusiyyətidir. Onun vətən, bayraq, vətəndaş, qardaş sevgisi bir başqadır. İstər şeirlərində, istərsə də fiziki – faktiki olaraq dünyanı gəzib dolaşan Yahya Azəroğlu bir elin, bir obanın deyil, məhz bir ulu ulusun ulusu – ozanı, şairi olduğunu aşağıdakı iki misrasında çox qabarıq, açıq və net şəkildə ifadə etmişdir:

Vatanın aşkıyla çarptı yüreğim,
Her an kızıl elma oldu ereğim…

Yahya Azəroğlu – Turan yolçusu.

Hər yeri gəldikcə amalından, məqsədindən, yolçusu olduğu yolundan oxucusuna sevə-sevə böyük fəxarət hissiylə, özünəməxsus xüsusi pafosla anladan Yahya Azəroğlu yaradıcılığı boğazdan yuxarı populizmdən uzaq, mayası haqdan gələn səmimi, təbii bir ustad – ozan sözüdür. Belə ki, o, lazımi məqamda nə qədər arzu – istəyindən hayqıraraq söhbət açırsa, yeri gələndə o qədər də hüznlü tonda, acılar içində qıvrıla-qıvrıla nalə çəkən misralarla oxucusuna, soydaşına, qardaşına ümumi dərdimizdən söhbət açır, çıxış yolu göstərməyə çalışır:

Yüreğim kann ağlar yurdun haline,
Hayalim uzanır Oğuz eline,
Maruz kalmış Türk milləti zulüme…


– deyə, ümumi Türk ellərinin Doğudan Batıya, Güneydən Quzeyə mücadilə, arayış içində olduğunu və bu yolda böyük əngəllərlə üz-üzə qaldığını qəlb ağrıları ilə anladır. Ayrı-ayrı yüz bölük olmuş böyük Türk yurdunun dərdi bir xalq ozanı kimi onun hər kəlməsində hiss olunur, duyulur. Doğu Türküstana cıları, Kərkük mücadiləsi, Qarabağ yarası, şanlı Türk Əsgərinin “yurdda sülh, cahanda sülh” şüarı ilə girdiyi savaşlar, bütün bunlar hamısı Yahya Azəroğlunun qələmindən ağ kağızlar üzərinə köçüb, oradan dünyaya boylanır. Bəzən qəh-qəhələrlə gülür, bəzən için-için ağlayır… Bura qədər yazdıqlarımdan oxucuda belə təsəvvür yarana bilər ki, Yahya Azəroğlu tipik bir tribuna şairi, təbliğatçıdır. Xeyir, bu, əsla belə deyil, o, nə qədər emosianal, çağırış şairi olsa da, o qədər də bədii cəhətdən zəngin, poetik duyğular yüklü misraların müəllifidir:

Azer oğlu hayat oldu derbeder,
Yaralı gönlümü yıktı bu haber.
Pencereden bakanlarla beraber
Perdeler ağladı, tüller ağladı…
”

– el ozanı vəzifəsini üstlənmiş şair yurda düşmüş şəhid xəbərini bax belə anladır öz yurddaşına…

Zəngin dünyagörüşünə və eyni zamanda, rəngarəng bədii yaradıcılıq imkanlarına malik olan Yahya Azəroğlu bütün yaradıcılığı boyu ciddi bir arayış içindədir. Demək olar ki, onun bütün yaradıcılığının leykmotivini Vətən, Bayraq, Millət məsələləri təşkil edir. Ulusun ulusu tez-tez xəyaləndə də – babaların yaşadıqları dönəmlərə səyahət edir, təklənmiş oxşar misali ayrılıqda Türk ellərinə çətin olduğunu artıq, hansısa bir ümumi çatı altında birləşməyin zamanı gəldiyini anlayır və soydaşlarına çatdırmağa çalışır.

Ancaq bütün bunlara baxmayaraq, biz qələm adamları, xüsusilə son dövrlərdə qardaş Türk dövlətlərinin başçılarının tez-tez bir araya gəlmələrini, hər dəfə müxtəlif formalarda birlikdən, bərabərlikdən, qardaşlıqdan danışmalarını yüksək qiymətləndirir, gələcəyə nikbin baxışlarla baxır və artıq üfüqdə arzularımızın parıltısını görürük. Uca Yaradan bu ulusun yar və yardımçısı olsun! Tanrı Türkü qorusun! Amin! Belə bir müqqədəs amala xidmət edən, müasir dövrümzüdə olduqca mühüm tərbiyəvi əhəmiyyətə malik kitabın Azərbaycanda, Bakı şəhərəndə geniş oxucu kütləsi qarşısında nəzərdə tutulmuş təqdimat mərasimi məlum məhdudiyyətlərlə əlaqədar hələlik təxirə salınıb. Gələcəkdə bu barədə mətbuat və elektron kütləvi informasiya vasitələri ilə əlavə məlumat veriləcək.

19.10.2019. Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ BEŞİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunub:

1.“Ulusun ulusu – Turan yolçusu”, “Təzadlar”, 13.10.2020, say: 34 (2275) s.15.
2.“Ulusun ulusu – Turan yolçusu”, “Kredo”, 13.11.2020, say: 41 (1021) s.15.



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İNARƏ MUSAYEVA – ŞEİRLƏR

İnarə Musayeva

Şəhid balam

Adın Vüqar, adın kimi vüqarlı
Mənim ilk sinfimin dəcəl şagirdi
Şəhid oldun şəhadətə qovuşdun
Hər zaman önündə əyilir başım
* * *
Şəhid oldun vətən üçün, el üçün
Şəhid oldun iki gül balan üçün
Şəhid oldun ana, bacılar üçün
Şəhid balam, şəhadətin mübarək
16.10.2020.

Şəhadətin mübarək..!

Daxili qoşunların igid əsgəri Seymur
Vətənin keşiyində dayanan məğrur oğul
Şuşanın uğrunda canından keçə oğul
Can şəhidim şəhadətin mübarək..!
* * *
Nişanlının gözü qaldı yollarda
Ananın ürəyi dözməyir dərdə
Düşmən necə qıydı sənin tək mərdə
Can şəhidim şəhadətin mübarək..!
* * *
Dostların hər zaman səni yad edir
Məzarın üsdünə gecələr gedir
Bütün Azərbaycan sənlə fəxr edir
Can şəhidim şəhadətin mübarək..!
07.10.2020.

Yurdum mənim

İşğaldan azad Qubadlım,
Fizuli, Cəbrayıl, Laçın.
Zəngilanım, Kəlbəcərim,
Gözün aydın xalqım mənim.
* * *
Yolum Şuşayadır mənim
Zəfər çalır Ordum mənim
Gözün aydın Azərbaycan
Azad olur yurdum mənim

25.10.2020.
Müəllif: İnarə Musayeva


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“EV BAZARI” – 1

Zaur Ustac – şair, publisisit.

Salam olsun dəyərli dostlar! Bu gün sizlərə qələm dostmuz Mübariz Məsimoğlunun başına gələn hadisəni öz qələmindən necə çıxıb eləcə də çatdıracam. Necə deyərlər, aldı görək nə yazdı:

“Məndə görünməmiş hadisə. Dünən axşam çayxanada qəflətən burnumdan qan açıldı. Bütün çəhdlərimə baxmayaraq qanı saxlaya bilmədim. Yaxında olduğu üçün Dəmir Yol İdarəsi xəstəxanasına müraciət etdim. Dedilər- biz ancaq dəmiryolçulara xidmət edirik. Dedim- hippokrat andını yadınıza salın ilkin yardım göstərin qan kəsilsin. Dedilər – biz hippokratı tanımırıq. Oradan aralanıb bir tibb məntəqəsinə müraciət etdim. Bəxtimə bir medsestira çıxdı. Çox insan adam idi. Xeyli tibbi yardın göstərdi mənə. Qan əclaf yenə dayanmadı. Həmin xanım taksi sifariş verib məni 3 saylı Sabunçu xəstəxanasına yola saldı. Orada da burnumun deşiklərinə yarım metr perekisli bint yerləşdirdilər. Amma qanı saxlaya bilmədilər. Dedilər – təcili özünü Bakı sağlamlıq mərkəzinə çatdlr. Taksini həmin ünvan istiqamətləndirdim. Qəbul şöbəsində qiymətləri oxumağa başladılar. Həkimin sənə baxmasına 40 manat ödəməlisən, malicəyə başlamaslna 130 manatdan başlayaraq pul tərləməlisən. Dedim – yapmayın ya.. o qədər param yoxdu mənim. Əlqərəz uzun söhbətdən sonra dedim məni həkimlə calaşdırın. Calaşdırdılar. Həkim xanım dedi – bu qaydalar rəhbərlikdəndir, mənlik deyil. Bir təhər yumuşaq damarını tapdım. Dedi – 40 manatı ödə qalz yuxarı, əvvəl baxım, sonra bir şey fikirləşərik. Qalxdım. Baxdl. Dedi – burun damarların partlaylb yandırnalıyam. Quymət 130 manatdı. Amma sən şair və ziyalı olduğundan endirim etdirəcəyəm. Danışıqlar aparıb qiyməti 50 manata endirdi. Dedim buna da şükür. Sonra həkim xanım əlində yandırıcı aparat qan damarlarının başının üstünü aldı. 2 dəqiqəyə yanıq iyi ( elə bir kabab iyi kimi) aləmi bürüdü. Və kapliyarlar quzuya döndü, qan axma dayandı. Sonra dedi:- burnunun çəpəri əyridi düzəltmək lazımdı. Dedim – xanım bu burun bu vəziyyətdə məni 59 il yola verib. Bundan sonra da bir 15 il yola verər yəqin. Gülümsədi.- Haradan bilirsən o qədər yaşayacağını. Şəhadət barmağımı yuxarı qaldırdım. Oradan gəlir mənə informasiyalar. Yenə güldü. Dedi -zarafat eləmə. Müayinələrdən keç. Nə edəcəyimi başa salıb bir xeyli dərman yazdı. Dünən bir adam cibimə 100 manat qoymuşdu. Cibimdə də 50 manat vardı. Kafedə xərcləməyə imkan tapmadım. Taksi, xəstəxana, mərkəz arasında buxarlandı. İndi halım alababatdı… həyat davam edir, ağır şərtlər altında. Mənə yardım edən o iki xanıma şəxsən minnətdarlıq edirəm. Amma səhiyyəy sistemimizin bərbad vəziyyətdə olması danılmazdı. Nə isə… Yaşamaq şirin şeydir, şairim.”

DİGƏR BURAXILIŞLAR >>>> “EV BAZARI”

Təqdim etdi: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“EV BAZARI”

Zaur Ustac – şair, publisist.

“EV BAZARI” ZAUR USTACA MƏXSUS BİR LAYİHƏDİR

EV ƏHLİ :

  • PROQRES HƏTƏMXAN
  • TELEQRAF GÜLBAHAR
  • STATUS BƏYBALA
  • KƏRƏVƏNGİ CƏBİ

Qeyd:

Ev əhlinin dilindən cəmiyyətdə baş verən neqativ hadisərə münasibət bildirilir. Müəyyən həcm buraxılışlar toplandıqdan sonra ən azı ildə bir dəfə xüsusi buraxılış şəklində ənənəvi qaydada kitabxanalar üçün nəşr olunur və elekton variantda yayımlanır. Bədii yaradıcılıq müşahidələrə əsaslanır. Təxəyyül məhsuludur. Qəhrəmanların dilindən Zaur Ustac təqdim edir.

=================================================

“EV BAZARI”NIN BURAXILIŞLARI :

=================================================

“EV BAZARI” – 2

“EV BAZARI” – 1

=================================================



Təqdim edir: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BİR MÜƏLLİM TANIYIRAM – İLHAM VƏLİYEV

İlham Vəliyev və Zaur Ustac.

BİR MÜƏLLİM TANIYIRAM

(Vəliyev İlham Əli oğlu haqqında)

İYİRMİ DÖRDÜNCÜ YAZI

Bu gün onların günü. Bu gün onların sınağa çəkildiyi, yoxlanıldığı gündür. Hər il bugünkü gündə onlar ya “Müəllim” adlı qala divarına bir qızıl kərpic qoyub bu adı bir basamaq da yüksəldir, ya da yazıq, günahsız uşaqların müəllimlərinə söydürürlər.

Nədənsə, “Müəllim” sözü eşidəndə ilk ağlıma gələn şəxs Üzeyir Hacıbəyov olur. Bu haqda söhbətə başlamazdan əvvəl dünyasını dəyişmiş müəllimlərimi rəhmətlə anmaq, sağ olanlara isə uzun ömür, cansağlığı diləmək istəyirəm. Allah Bayramov Əbdüləli, Qasımov Həsən (Ağdam rayon, Yusifcanlı kənd orta məktəbi), Orucəliyev Malik (BABKM) kimi müəllimlərə qəni-qəni rəhmət eləsin. Əmirəliyev Füzuli (BABKM), Süleymanov Rasim (BDU) kimi müəllimlərə uzun ömür, cansağlığı versin. Bir müəllim də var, hansı ki, bu yazımı ona həsr edirəm və onun haqqında geniş söhbət açacam. Ancaq onun haqqında danışmazdan əvvəl hal-hazırda müəllimlik fəaliyyəti ilə məşğul olub, hər gün 20-30 şagird və ya tələbənin olduğu sinif otaqlarına – auditoriyalara baş çəkən müəllimlərə xatırlatma olsun deyə qısa bir haşiyəyə çıxmaq istəyirəm.

HAŞİYƏ

BABKM-da oxuyanda bir “müəllim” var idi, bizə zenit silahlarının istismarı fənnindən dərs deyirdi. Dərs vaxtı orda-burda avaralanar, dərsləri boş keçərdi. İmtahan vaxtı TKM-i çağırıb deyərdi ki, bütün qrupdan filan məbləğdən yığmalısan. Ya hamı, ya heç kim. Siyahıda nə qədər kursant var, hamısı verməlidir. Mənim pul verməyəcəyimi bildikdə isə deyərdi: “Onda Mustafayev, uzağı ondan başqa da bir nəfər – Rüstəmov Elnuru nəzərdə tutardı – qiymət alacaq, qalanları kəsildi”. Uşaqları salardı üstümə: – “Sənə görə biz də kəsiləcəyik” – qəribə olsa da, reallıq belə idi. Mən də onlara yeganə çıxış yolunu göstərərdim (nə yaxşı ki, uşaq vaxtı rəhmətlik Sükeydə nənəm mənə “Cırtdanın nağılı”-nı çox danışıbmış): “Mənim üçün fərqi yoxdur, kəsilmək istəmirsinizsə, mənim də əvəzimə yığın” və onlar məcbur olub, bunu edirdilər. Bir neçə dəfə belə hal olub.

90-cı illərdə BDU-nun tələbələri Qrabağda şəhid olanda, Bakıda bir torba alçaya, almaya qiymət yazan, hətta “üçlük”, mobil telefonlar çıxandan sonra “kontur” ləqəbi qazanmış müəllimlər də var idi. Şamaxı Humanitar Kollecində isə Tədris hissə müdiri vəzifəsindən sui-istifadə edərək, bəzən fənn müəllimlərinin razılığı və xəbəri olmadan yalançı imtahanlar düzənləyib, tələbələri “kəsər”, sonra düzəltmək üçün pul yığardı. Zənn edərdi ki, heç kim bunu anlamır…

Biz orta məktəbdə oxuyanda belə söhbətlər yox idi. Əksinə, müəllimlər dəftər-qələmi olmayana evdən gətirədi, ya da anındaca şkafdan çıxarıb verərdi… Ta indikilər kimi çığırıb-bağırmaz, kiminsə, nəyinsə xatirinə bəzi həkimlərdən öyrəndikləri metodlarla lazımlı-lazımsız əlavə vəsaitləri uşaqlara bəlkə də valideyinin sonuncu 5-6 manat çörək pulu, yol pulu üçün saxladığı vəsaitə aldırıb, sonra ilboyu arasın açmadan bir küncdə yatırtmazdılar… Bunlar həqiqət olsa da, necə deyərlər, dünya təkcə bunlardan ibarət deyil. Sadəcə, sözüm bəzi müəllimlərədir ki, diqqətli olsunlar. Allah bilir bu gün onların qarşısında oturan şagird və tələbələr sabah nələr danışıb, nələr yazacaqlar. Bu qədər geniş və təfsilatlı girişin yalnız bir məqsədi var, dünya təkcə bu gündən ibarət deyil, bunun sabahı da var… Və həmişəki kimi bizim pislərlə işimiz yoxdur – pis elə pisdir, onlar həmişə olub, və olacaqlar. Sadəcə, tək-tək fərdlər yaxşılardan nümunə götürüb yaxşı olsunlar deyə, bilməzlikdən bu girdaba yuvarlanmasınlar deyə nümunəvi, nəsə öyrənilə biləcək şəxslərdən, nümunələrdən yazmaq, təbliğ etmək lazımdır. Bugünkü qəhrəmanım, haqqında söhbət açacağım şəxs Şamaxı Dövlət Regional Kollecinin direktoru iqtisad elmləri namizədi, dosent İlham Vəliyevdir.

QISA ARAYIŞ

Vəliyev İlham Əli oğlu – 7 oktyabr 1959-cu ildə Tovuzu rayonunun Əlibəyi kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

İlham müəllimi 2017-ci ildən – Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik etməyə başladığı ilk günlərdən tanıyıram. O vaxt diqqətimi çəkən onun kollecə rəhbərlik etməyə başladıqdan sonra təhsil müəssisəsində ab-havanın dəyişməsi və yerli camaatın onun haqqında müsbət fikirləri olmuşdur. Həmin vaxt İlham müəllimlə görüşüb ətraflı söhbət etmiş, nəticədə mətbuatda “STEREOTİPLƏRİ YOX EDƏN ADAM” adlı yazı ilə çıxış etmişdim. Bu yazı mənim 23 yazımdan 12-cisi olub, elm və təhsillə bağlı, eləcə də digər kütləvi elekton vasitələrdə yayımlanmaqla bərabər, “YARADANLA BAŞ-BAŞA” kitabıma on ikinci yazı kimi daxil edilib. Bu il (2019) sentyabrın 9-u, ya 10-u idi. Mobil telefonuma zəng gəldi – İlham müəllim idi. Salamlaşdıq, hal-əhval tutduq. İlham müəllim məni kollecdə 16 sentyabr Bilik Günü münasibəti ilə təşkil olunmuş tədbirdə bir məzun kimi çıxış etməyə dəvət etdi. Məmnuniyyətlə qəbul etdim, vədələşdik. Ayın 16-sı, səhər saat 9:00-da Şamaxıda olmalı idim. Əvvəlcədən şair-publisist “Həftə içi” qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı da mənimlə getməyi planlaşdırsa da, son anda vacib iş çıxdığına görə gedə bilməyəcəyini söylədi. Və mən ehtiyat əməkdaş, şəxsi fotoqrafım Tuncay bəylə gedəsi oldum. Vədə günü səhər saat 9-a 15 dəqiqə qalanda biz artıq hadisə yerində idik. Olduqca maraqlı tədbir keçdi. Mən də gənclərə, xüsusi ilə birinci kurs tələbələrinə bir məzun kimi tövsiyə xarakterli çıxış etdim. Eyni zamanda, onlara iştirak edə biləcəkləri davam edən “Kərəmli – 700” layihəsi barədə məlumat verdim. Ustac.az və Yazarlar.az adından İlham müəllimə layiq görüldüyü digər məşhur bir müəllimin adına olan “Vintsas” Mükafatını təqdim etdim. Tuncay bəy də çəkdi. Sonra onun kabinetində bir-neçə il əvvəl qaldığımız yerdən söhbətimizə davam etdik. İlham müəllim böyük şövqlə bu il kollecin 35 məzununun imtahansız – subbakalavr diplomu ilə ali məktəblərə qəbul olunduğunu bildirdi. (Səmimiyyətimə inanın, İlham müəllim bu nəticəyə elə sevinirdi ki, elə bil öz doğmaca övladları ali məktəbə daxil olub. Halbuki elə valideyinlər var, övladı ali məktəbə daxil olanda nəinki, sevinmir, hətta onlara mane olmağa çalışır. Örnəyi ilə elə bu ilki qəbulda da rastlaşdıq…). Sonra ümumi mənimsəmədə ən aşağı nəticənin 53%-ə çatdırıldığını bu yöndə fəaliyyətin davam etdiyini bildirdi. Söhbət zamanı hiss edirdim ki, İlham müəllim məni boş-boşuna dəvət etməyib. Əvvəlki dövrlərdən xəbərdar olan və nə olur-olsun səmimi olacaq bir şəxs kimi mənim fikrimi bilmək istəyir ki, görsün nə qədər fərq, dəyişiklik var. İlham müəllim, buradan tam səmimi olaraq demək istəyirəm ki, çox fərq var. Bu fərq artıq Şamaxıya daxil olan kimi əhalinin, tələbələrin söhbətindən, kollecdəki ab-havadan, müəllimlərin və tələbələrin davranışından hiss olunur. Rəqəmlər və nəticələr də göz qabağında. Sağollaşıb çıxanda İlham müəllim yenə ilk görüşümüzün sonundakı kimi hələ nöqsanların olduğunu və onların səylə aradan qaldırmağa çalışdıqlarını bildirdi. Haqlı olaraq qeyd etdi ki, bu iş çox vaxt rəhbərlik və müəllimlərdən asılı olmur, bəzi valideynlər, tələbələr dəfələrlə onlara “yalnız oturub oxumaq lazımdır” – deyilməsinə rəğmən yenə digər yollar axtarırlar və aldanırlar, səhv edirlər, əsassız söz-söhbətlərə səbəb olurlar. Bu yerdə lap indi dəbdə olan məktəblərdə sinif valideynlərinin “vatsap” qrupları yadıma düşdü. Təhsil naziri əmr verir, məktəb direktorları hər dəfə iclas edib az qala bir-bir hər valideynə şəxsən çatdırır. Hər küncə-divara məlumat-bildiriş yapışdırır… Bir də görürsən bir valideyn düşdü ortaya, bəs ayıbdı, “Müəllimlər günü” gəlir pul yığmaq lazımdır. Özü də nə az, nə çox, filan qədər… Nəsə mətləbdən uzaqlaşmayaq. Necə deyərlər, pislər qalsın, pis yerində…
Zaur Ustac İlham Vəliyevə “Vintsas” mükafatın təqdim edərkən

Bəli, sevinirəm ki, belə bir müəllim tanıyıram və bu gün onun da günüdür. Gününüz mübarək, İlham müəllim! Sizə uzun ömür, cansağlığı və başladığınız bütün işlərdə müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun! Heç narahat olmayın, nəticələr əladır və kənardan olduqca gözəl görünür. Xüsusi ilə qeyd etmək istəyirəm ki, fərq çox böyükdür. Ümumi mənafeyi düşünən bütün vətənpərvər vətəndaşlarımız adından sizə çox sağ olun deyirik. Başladığınız işdə Uca Yaradan yar və yardımçınız olsun. Var olun!

19.09.2019. Şamaxı – Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ DÖRDÜNCÜ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunub:

1.“Bir müəllim tanıyıram”, “Təzadlar”,01.10.2019, say: 45 (2230), s,13,
2.“Bir Müəllim tanıyıram”, “Ədalət”,03.10.2019, say: 158 (5622), s,8,



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – CƏZA YERİ

Zaur ustac – şair, publisist.

CƏZA YERİ

Dünya malı, bu dünyada qalandı,
Süleymanın hekayətin sal yada.
Kimi qurdu, kimlər çapdı, taladı
Elə qazan, elə ye ki, bal dada.
* * *
Canfəşanlıq, fitnə-fəsad faydasız,
Tamahkarlıq, hiylə, büsat faydasız,
Riyakarlıq, qorxu, həsəd faydasız,
Şirindil ol, yeri gəlsə, al “qada”.
* * *
Ustac desin, bircə kəlmə, dinlə sən,
Adəm bura niyə gəldi, biləsən,
Həmən yerdi– cəza yeri, anla sən,
Rəvamıdır, verə ömrü, mal bada!?

16.11.2019. – Bakı.



Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC KİMDİR?

Zaur Ustac – Batabat / Şahbuz / Biçənək aşırımı. 2000 – lər.

USTACAM

Müzəffər ordunun şanlı əsgəri,

Ərənlər yurdunun ər övladıyam!

Zalımın zülmünə təhəmmülüm yox,

Babəklər yurdunun hürr övladıyam!

* * *

Ustadım Nəsimi, sözümüz sözdü,

Ədalət, həqiqət bağrımda közdü,

Ziyadar dühası bir deyil, yüzdü,

Mövlalar yurdunun  nur övladıyam!

* * *

Dərvişəm, müqqəddəs sayılır təkkəm,

Hülqumdan yuxarı dayanır öfkəm,

Od, ocaq diyarı tanınır ölkəm,

Alovlar yurdunun nar övladıyam!

* * *

Unutma, şah babam Xətai başdı,

Nadir şah, mətədə tərpənməz daşdı,

İlham, nə keçilməz sədləri aşdı,

İgidlər yurdunun nər övladıyam!

* * *

Tarixdə Nəbisi, Koroğlusu var,

Gen dünya yağıya daim olub dar,

Düşmən qarşımızda yenə oldu xar,

Aslanlar yurdunun şir övladıyam!

* * *

Göydən Yer üzünə ərmağan, payam,

Gündüzlər Günəşəm, gecələr Ayam,

Ən parlaq ulduzdan törəyən boyam,

Ozanlar yurdunun sirr övladıyam!

* * *

Zaur Ustac – baxış istiqaməti Laçın, məsafə təxminən 30 km. 2000 – lər.

Ustacam, vətənim vətən içində,

Axıb duruluruq zaman köçündə,

Min bir anlamı var, adi “heç”in də,

Aqillər yurdunun pir övladıyam!

13.11.2020 – Bakı.


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – YARADANLA BAŞ-BAŞA

Zaur Ustac – şair, publisist.

        YARADANLA  BAŞ-BAŞA

İYİRMİ  ÜÇÜNCÜ  YAZI

Salam olsun, çox dəyərli oxucum! Hər bir yaranmışın öz səbəbi və məqsədi olduğu kimi, bu yazının da özünəməxsus yaranma şəraiti, təyinatı var. Tanınmış şair-publisist Qələndər Xaçınçaylının təklifi üzrə yaranmış və onun tərtib etdiyi “Taclı şair”, mənim müəllifi olduğum “Yaradanla baş-başa”, “Qələmdar” eyni zamanda Gülü xanımın tərtibçisi olduğu “Zaur Ustac” kitablarında yer alacaq bu yazı Qələndər müəllimin dediyi kimi, elə olmalıdır ki, mən kiməm, hardan gəlib, hara gedirəm bütün bu qəbildən olan sualların hamısını cavablandırmalı və arxada qalan 45 ilə dönüb baxanda qaranlıq heç bir sual olmamalıdır. Bəli, bu yazı məni tanıtmaq, oxucularıma və maraqlı şəxslərə anlatmaq kimi mühüm bir vəzifə ilə mükəlləfdir. Beləliklə, mən – Zaur Ustac (Mustafayev Zaur Mustafa oğlu) 1975 – ci ildə yanvar ayının 8 – Bakı şəhərində səhər saat 6:15 də anadan olmuşam. Ancaq nədənsə bu tarix sənədlərdə 14 yanvar kimi qeyd olunub. Dünyaya gözümü açandan, anlayandan yadımda qalan ilk rənglər atamın mənə aldığı, minilə biləcək plasmasdan olan  çəhrayı rəngli oyuncaq təkərli atın rəngi, çəhrayı və qonşu uşağın şar kimi üfürülərək şişirdilən yaşıl rəngli balon atın rəngi, yaşıldır. Tale elə gətirdi ki, kəndə köçməli olduq. Maraqlısı odur ki, burada da yadımda qalan ilk epizod atla bağlıdır. Demək olar ki, hər axşam mal-qara örüşdən qayıdanda babamı doqqazda qarşılayar, oradan evin qabağına qədər onun Qarabağ cinsindən olan qumral – qaşqalı atının tərkində gələrdim. Bilmirəm bu yaxşıdır, ya pis 1979 – cu il mart ayının 21 –dən (tam təfərrüatı ilə xatırladığım ilk Qarqaraçıxılangündən – Novruz bayramı – bu gün həm də kiçik qardaşım Talış anadan olub) bu günə qədər (24.02.2020) baş verən bütün hadisələr, ən xırda detalları ilə birlikdə yaddaşıma həkk olunub. Yəni, yaddaşım mənə əziyyət verəcək dərəcədə güclüdür. Yazıb oxumağı dörd yaşım olanda Yamən əmimdən öyrənmişəm. İntensiv mütaliəyə atamın aldığı kitablarla 1981 – ci ilin payızından başlamışam. İlk oxuduğum kitab (Əlifbadan sonra) “Qızıl şamdan” adlı nağıl kitabı olub. 1981 – 1991 Ağdam rayonu Yusifcanlı kənd orta məktəbində təhsil illərində hazırlıqdan birinci sinfə və onuncu sinifdən on birinci sinfə keçirilmişəm. Yuxarı siniflər və gənclik illərim demək olar ki, müharibənin gətirdiyi fəsadlarla mücadilə içərisində keçib. Ancaq bu hal məni digərləri kimi o qədər də narahat etmirdi bütün baş verənlərə bir tarix, tarixi hadisə kimi normal baxırdım. Məni narahat edən tamam başqa məsələlər var idi. Uşaqlıq dövrümdə qeyri-adilik axtaran Qələndər müəllim və eləcə də Sizlər üçün maraqlı ola biləcək aşağıdakı bir neçə halı sadalaya bilərəm. Məsələn, artıq 10-12 yaşlarımdan adi gündəlik məişətdə baş verəcək hadisələri qabaqcadan hiss edə bilirdim. Həddindən artıq  həssas idim. (Bu gün də belədir – hərdən çox əziyyət verir.) Təxminən 1986 – 87 ci illərdən abort əməliyyatları məni ciddi narahat edirdi. Bu necə baş verdi? – Atam “Elm və Həyat” jurnalına abunə idi və biz bu jurnalı müntəzəm olaraq alırdıq. Xatırlayanlar varsa, jurnalın son səhifəsində maraqlı faktlar yer alırdı. Bir gün orada amerikalı bir alimin abort əməliyyatı barədə qeydlərini oxuyanda çox sarsılmışdım. Yazıda alim qeyd edirdi ki, abort əməliyyatının hansı vaxt aparılmasından asılı olmayaraq (ilk həftələr olsa belə) döl-rüşeyim bunu hiss edir və ona tərəf uzanan maqqaşdan qaçmağa çalışır. Uşaqların cinsini öncədən təyin etməklə ən azından cinsə görə baş verən qətliyamların qarşısını almaq olardı. Çox erkən yaşlarımdan ibadətə başlamışdım. Onu qeyd etmək istəyirəm ki, evdə hər iki tərəfdən qocalardan namaz qılan olsa da mənim ibadətə başlamağımın onlarla heç bir əlaqəsi yox idi. Yəni bu tam müstəqil qərar – daxili ehtiyac və cavabsız qalan sualların nəticəsi idi. Bir də maraqlı yuxular. Belə yuxugörmələr indi də davam edir. Bu barədə ayrıca “Yuxularım” kitabında hər bir yuxu haqqında ətraflı yazdığıma görə burada xırdalığa getmirəm. 1988 – ci ilin may ayının 24 də ilk yazım o vaxtlar Ağdamda çıxan “Lenin yolu” qəzetində dərc olunmuşdu. Bu orqanda müntəzəm olaraq məktəb və kəndin həyatında baş verən mühüm hadisələrlə bağlı yazılarla çıxış edirdim. İlk şeirləri çox erkən yaşda yazsam da, 1990 -91 – ci illərdə həm baş verən hadisələr, həm də artıq can evimin qapısını döymüş ilk məhəbbətin eşqi-havası ilə silsilə şeirlər, hətta bir neçə mənzum pyes yazmışdım. Yəni artıq doxsanıncı illərdə yazdığım yazılar bu gün yazdıqlarımdan elə də fərqlənmirdi. Sizi çox maraqlandıran “Ustac” təxəllüsünü də məhz bu dövrlərdə ilk dəfə “Gözüm qaldı” şeirində işlətmişəm:

Saçların var, qulac-qulac,
Ustac olmuş sənə möhtac!!!

1990-Yusifcanlı

 Nə bu vaxta qədər, nə də bundan sonra ikinci bir təxəllüsüm olmayıb. İndi də əvvəllər olduğu kimi, ya atam verən “Zaur” – öz adımdan, ya da özüm seçdiyim soy-kökümə və durumuma işarət edən “Ustac” təxəllüsümdən istifadə edirəm. “Ustac” tarixdə mövcud olmuş Ustaclı tayfasına işarə edir, mənası-anlamı tacı ağıldan olan deməkdir. Həm ruhən, həm də maddi aləmin belə qarışıq olduğu bir dövürdə orta təhsilimi tamamlayıb Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olundum. Ömrümü kitablarla bağlı sakit bir peşəyə həsr etmək niyyətində idim. (O vaxt son siniflərdə dəbdə olan xatirə dəftərlərində də uşaqların “kim, nəçi olacaqsan?” sualını məhz  belə cavablandırırdım – sakit bir peşə istəyirəm.) Ancaq, necə deyərlər sən saydığını say, gör zaman nə sayır. Artıq BDU-nun əsas binasının girişindən qeydiyyat üçün girdiyim ilk gün bunun mümkün olmayacağını anlamışdım. Foyedə asılmış şəhid tələbələrinin əksəriyyəti dördüncü, beşinci kursda təhsillərini yarımçıq qoyaraq cəbhəyə yollanmış və şəhid olmuşdular. Belə bir vəziyyətdə Qarabağdan olan bir gəncin oxumağa gəlmişəm deyib, paytaxtda gün keçirməsi (o vaxtlar elə keyfiyyətli dərs keçən də yox idi, auditoriyalar, tədris korpusları, xüsusi ilə pilləkənlər zibilin içində itib-batırdı) nəsə mənə qəribə gəlirdi. Və ailədə də uzun söz-söhbətdən sonra döyüşən orduya qoşuldum. Yadımdadır, evdə son qərarımı verdiyim həmin gün axşam istixarə etmişdim və bu müharibədə mənə heç nə olmayacağına tam əmin idim. Nəsə hələ orduya qoşulmazdan əvvəl də səksəninci illərin sonları, doxsanın əvvələri atəşkəsə qədər (13-14 may 1994 Tərtər, Qapanlı.) çox qarışıq dövrləri arxada qoyduq. Artıq təhsilimi davam etdirmək barədə düşünməyə başlamışdım. İlk olaraq 1994 –cü ilin dekabırında (sağ olsun p-k F. Şabanov N saylı hərbi-hissədə qərərgah rəisim idi) BDU-ya belə bir arayış göndərdik ki, hərbi-hissə mənim təhsilimi davam etdirməyə etiraz etmir. 1995 – ci ilin mayına qədər onlardan bir cavab gəlməyincə, komandirlərin təşəbbüs və qərarı ilə bir qurup seçilmiş əsgərlərin təhsillərini davam etdirməsi üçün şərait yaradıldı. Biz əvvəlcə hazırlıq üçün məzuniyyətə sonra isə Bakıya ezamiyyətə göndərildik. Mən ilk olaraq BDU – ya gəldim və orada o vaxtlar prorektor olan Rasim müəllimlə görüşdüm (Rasim Süleymanov). Onu hələ Tərtərdən tanıyırdım. Sağ olsun, məni kabinetində qəbul etdi (indi daha foyedəki şəkillər məni narahat etmirdi – deməli bu təqdiri-ilahi imiş…), çay içə-içə ata-oğul kimi söhbət etdik. Ayrılanda məni binanın giriş qapısına qədər yola saldı. Onun da tövsiyə və xeyir-duası ilə sənədlərimi Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verdim. Və təhsilimi burada davam etdirdim. 1995 – 99 – cu təhsil illərimi başa vuraraq, artıq zabit kimi orduya qayıtdım. Ancaq, yenə çox keçmədi ki, məni narahat edən məsələlərin burada reallaşmayacağını anladım və ordudan ayrılmağa qərar verdim. Sağ olsunlar komandirlərim məni anlayışla qarşıladı əvvəlcə p-k l-nt A. Seyidov, sonra isə p-k M. Rzayevin köməkliyi və bilavasitə təşəbbüsləri sayəsində ehtiyata buraxıldım. 2002 –ci ilin 12 mart tarixindən yenidən Bakı şəhərinə yerləşdim. Və indi məni narahat edən bütün məsələlərlə rahat məşğul ola bilərdim. Yenə qeyd edim ki, ədəbi yaradıcılıq bu günə qədər heç vaxt mənim üçün birinci məsələ olmayıb. Nəzmi cavabı olmayan sualları və ya etik normalara görə açıq deyilməsi mümkün olmayan məsələləri işıqlandırmaq üçün istifadə edirəmsə, nəsrdən tarixilik baxımından əhəmiyyətli hadisələri yaşatmaq, tövsiyə, məsləhət, maarifləndirici xarakterli yazılar yazmaq üçün istifadə edirəm. Ancaq, bu planlı şəkildə fəaliyyət növü olmayıb, müəyyən bir proqramlaşdırma nəticəsində özü ortaya çıxan işdir. Onu qeyd etmək istəyirəm ki, məşğul olduğum, araşdırdığım, xidmət göstərdiyim sahədən asılı olmayaraq həmişə iş – fəaliyyət oblektim insan olub. İstər əsgər, peşəkar zabit olub, onu necə, hansı effektiv yollarlarla, üsullarla  öldürməyin, məhv etməyin sirlərini öyrənmək olsun, istəsə də ordudan sonrakı illərdə onun yaşamını yüngülləşdirmək, həyat tərzini yaxşılaşdırmaq yolunda etdiyim çabalar. Hələ hərbi təhsil aldığım illərdə ikinci bir təhsili ordudan sonra  hüquq, din və ya pedaqoji olaraq alacağımı planlaşdırırdım. Psixoloji biliklərimi artırmaq həmişə aktual olaraq qalıb və qalır. Mütəmadi olaraq olduqca müxtəlif mövzuları əhatə edən əcnəbi və yerli mütəxəssislərin təşkil etdiyi psixoloji kurslara qatılır və bu sahədə olan biliklərimi artırıram. Xidmət zamanı rastlaşdığım gənclərin olduqca acınacaqlı vəziyyəti və xidmətdən sonra gündəlik fəaliyyətimlə əlaqədar olaraq ünsiyyətdə olduğum saysız-hesabsız müxtəlif səviyyəli təhsil görmüş, ayrı-ayrı zümrələrin nümayəndələri ilə söhbətlər zamanı gördüklərim məndə əməlli-başlı çaşqınlıq yaratmışdı. Bütün bunların təsiri ilə pedaqoji təhsil, özü də ən əsas saydığım ibtidai təhsil üzrə mütəxəsis olmağa qərar verdim. 2013 – cü ildə test imtahanlarında iştirak edib, Şamaxı Dövlət Regional Kollecində İbtidai Sinif Müəllimliyi ixtisası üzrə təhsilimi davam etdirmək imkanı qazandım. 2017 – ci ildə təhsilimi müvəffəqiyyətlə başa vurub İbtidai Sinif Müəllimi ixtisasına yiyələndim. 2007 – ci ildən müstəqil yaradıcılıq və inkişaf məsələləri ilə məşğul olan “Yazarlar” jurnalını təsis etmişəm. Hələ bu məqsədlə Ədiliyyə Nazirliyinə müraciət edəndə niyyət ərizəsinin “Məqsəd” bölümündə qeyd etdiyimiz fikirlərə daim sadiq qalaraq yaradıcılıqla məşğul olan şəxslər arasında fərq qoymadan onların mətbuata çıxışını asanlaşdırmaq, həvəsləndirmək kimi amallara xidmət edirik. Bu işdə daha məhsuldar və məqsədyönlü olmaq üçün yazarlarımız Müstəqil Yazarlar Konfederasiyası və Yazarlar Dərnəyi adlı işçi qruplarda birləşiblər. Yazarlar jurnalı olaraq mütəmadi şəkildə xüsusi buraxılışlar, antalogiyalar və almanaxlar formasında yazarlarımızın əsərlərini nəşr edib yayımlayırıq. Eyni zamanda uşaqdan böyüyə onları həvəsləndirmək üçün müxtəlif mükafatlar təsis etmişik. Uşaqları  “Rövşən Hüseynov”, “Bəhmənyar”, “Kirkid”, böyükləri isə  “Ziyadar”, “Vintsas”, “Ustac Milli Mükafatı”, “Bayram Bayramov”, “Tağıyev – Xeyriyyəçi”, “Napaleon – Mütaliəçi” diplomları ilə təltif edir, həvəsləndiririk. Və bütün bunların hamısı haqqında istər ənənəvi, istərsə də elektron kütləvi informasiya vasitələrində məlumatlar dərc olunaraq, yayımlanır. Hal-hazırda ədəbi yaradıcılıqla yanaşı, hamiləlikdən əvvəl ailə planlamasının tərkib hissəsi olan uşağın cinsinin əvvəlcədən planlaşdırılması, uşaqlara onların gələcək həyatlarını müəyyən edəcək adların seçilməsi, kiçik yaşlı məktəblilərlə, onların valideyinləri olan gənc ata və analarla iş,  uşağın – ailənin yaşadığı ev-məkanların seçiməsi və təhcizatı kimi mühüm əhəmiyyətli məsələlərlə bağlı fərdi konsultant kimi də fəaliyyət göstərirəm. Bütün bunlardan əlavə müraciətlər olduqda özümün tərtib etdiyim xüsusi “39 – HƏFTƏ” adlı proqramla kiçik yaşlı məktəblilərə ingilis dili öyrədirəm.  Fəaliyyət sahələrim hələlik bunlardan ibarətdir. Bir sözlə çörəyimiz sözdən çıxır. Təhsil məsələsi əgər yenə nə vaxtsa gündəmə gəlsə, bu yəqin ki, dini təhsil olacaq. Kompüter biliklərim normaldır. Yəni, bütün kompüter, internet və idarə etdiyim saytların əsas işlərini özüm görürəm. Dil bacarıqlarım, ingilis və rus dillərində də eyni ana dilimizdə olduğu kimi mütaliə vərdişlərim var. Hətta ingilis dilindən bir-neçə uşaqlar üçün hekayələr də tərcümə etmişəm. Maraqlı alınıb. Hal-hazırda türk dili adlandırdığımız dlin bizim ana dilimizdən elə bir fərqi yoxdur (o da bizim ata dilimizdir). Odur ki, mən onu xarici dil hesab etmirəm. Yazılarımı adətən sübh vaxtı və ya gecə boyu yazıram. Şeirlər isə ani olaraq, bir – neçə dəqiqə ərzində yazılır. Özüm üçün və eyni zamanda gələcəkdə araşdırmaçılar üçün də maraqlı ola bilər deyə, adətən, son vaxtlar yazdığım şeirlərin sonunda vaxtı mütləq qeyd edirəm. “Qucağını geniş aç” şeirinin yazılma müddəti anbaan “Şeir necə doğulur?” filmində öz əksini tapıb. Həcm və ölçüsündən asılı olmayaraq, hər hansı bir istər nəzm, istərsə də nəsr əsərin yaranması ilkin olaraq ideyadan başlayır və o yaranır. İdeyadan yaranmaya qədər olan müddət ani də ola bilər, bir-neçə il də uzana bilər. Yenilik barədə onu deyə bilərəm ki, şeir də “Ustacı”  adlandırdığım xüsusi bir qayda ilə yazılmış orijinal nəzm nümunələrinin müəllifiyəm. Bu haqda “Ustacı”- lar haqqında – adlı yazımda geniş məlumat vermişəm. Bir də araşdırmaçı – filoloqların yazdıqlarına görə “Şehçiçəyi”  çiçəyini ədəbiyyat bağçasında mənə qədər görən olmayıb. Bu haqda Ülviyyə Hüseynlinin “Ədəbiyyat bağçasında öz çiçəyi olan şair” adlı maraqlı yazısı var. Hal-hazırda məni narahat edən yeganə məsələ torpaqlarımızın işğal altında olmasıdır. Bu barədə mətbuatda “Məcburi köçkün – qaçqın olmaq nə deməkdir?” adlı əhatəli yazı ilə çıxış etmişəm. Ona görə də burada çox xırdalığa getmədən sadəcə bir məsələni vurğulamaq istəyirəm ki, son vaxtlar vaxtımın çox az qaldığını hiss edirəm. Bu məni çox sıxır. Yazmaq istədiklərimin hələ heç birini yazmamışam. Bir insan, fərd olaraq həyata keçməmiş heç bir arzum yoxdur. Min şükür Uca Yaradana!!! Yaradanla baş-başa keçən bütün həyatım boyu onu daim baş ucumda hiss etmişəm dilimə gətirməyə cürət etmədiyim, ancaq, nə vaxtsa ani olaraq xəyalımdan keçən bütün istəklərim də daxil omaqla arzularımın hamısı həyata keçib. İstədiyim hər şeyi mənə verib, ən ağır, çıxılmaz hesab etdiyim vəziyyətlərdə belə hifz edib, qoruyub yəqin ki, boynumuza düşən missiya bitənə qədər bu belə də davam edəcək. Və ümid edirəm ki, torpaqlarımız azad olunacaq, ata-baba yurduna dönəcəyik və orada bütün yazılmalı, deyilməli sözlər bitəcək… Nəslimiz hər iki tərəfdən son beş yüz il ərzində –  Şah İsmayılın vaxtından bəri dəqiq Qaradağ – Ərdəbil, Qarabağ – Yusifcanlı, Zəngəzur – Göyçə – Sivas aralığı ərazilərdə yaşamışdır. Ana tərəfdən babalarımın adı Mürşüd, Ələkbər, Qəhrəman, ata tərəfdən Müseyib (Alagöz kişi), Mahmud, Mustafa, Quluya qədər dəqiq sıra ilə sonra isə ən çox təkrarlanan Mustafa, Mahmud və bir də Allah, Məhəmməd, Əli, Həsən, Hüseyn, Şah kimi müxtəlif adların sonunda “qulu” olmaqla adlar olub. Yadımdadır 1992 – ci ilin payızında Ağdam rayonu, Yusifcanlı kəndində rəhmətə getmiş Müseyib babamdan babalarımızın adını soruşanda həmişə Mahmud, Mustafa, Qulu deyib dayanardı. Bəs onun babasın adı nə olub? – soruşanda – Şahqulu – cavab verərdi. Baba, bəs onun babasın adı nə olub? – yenə soruşanda təbəssümlə Adınaqulu – deyə cavab verərdi. Bu cavab artıq söhbətin bitməsi anlamına gəlirdi. Bu hal biz balaca – qanmaz olanda dəfələrlə təkrar olunmuşdu. Bir də babam deyərdi ki, ulu babamız Mahmud şah qoşununda qoşunbaşı olub. Ulu babamızın adı uzun illərdi nəsildə yaşadılır. Hal-hazırda əmioğlanlarından biri bu adı daşıyır. Dünya, həyat barədə fikirlərimin formalaşmasında Bəhmənyarın, Nəsiminin, Lev Nikolayeviç Tolstoyun, Vintsas Krevenin düşüncələrinin təsiri ola bilər. İbrət aldığım şəxslərin həyatı isə Şəhriyar, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi və yenə də Lev Nikolayeviç Tolstoydur. Bu iki qurup şəxslərin arasında göründüyü kimi Lev Nikolayeviç Tolstoyun adına iki dəfə rast gəlirik. Həqiqətən onun yeri bir başqadır. Onu özümə bütün hali ilə daha yaxın hiss edirəm. Başımıza gələn bütün bəlaların kökünü (adi məişət məsələlərindən tutmuş – dünya işlərinə qədər) cəhalətdə görürəm. Bütün anlaşılmazlıqların kökü məhz odur – CƏHALƏT!!!

24.02.2020. Bakı ş.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında İYİRMİ ÜÇÜNCÜ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda Qələndər Xaçınçaylının “Taclı şair” və Gülü xanımın “Zaur Ustac”  kitabları tərtib olunarkən istifadə olunub.


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LALƏ İSMAYIL – SÖZ

Lalə İsmayıl – şair.

SÖZ
Nə gündəsən a qələm, nə gündəsən a varaq?!
Qaralanıb, pozulur üz-gözün varaq, varaq,
Səni edam eyləyir, hər yetən əl, ovaraq,
Döz, deməyə üzüm yox, tərsə düşüb zamanın.
* * *
Qonub bir şah budağa, “qarr” eyləyir qarğası,
Oturub sağ yanında, dəmin tutur darğası,
Arxasıza toy tutur, kimin varsa arxası,
Sovurur hayın, küyün, sovurmur söz xırmanın.
* * *
Düyün salıb, ilməsi çözülməyən büyüdür,
Üfləyir bəbəklərə, tozu gözdə böyüdür,
Ləl udub, mədəsində, xırdalayıb, üyüdür,
Şər tutub bu dünyanın fırladır dəyirmanın.
* * *
Tamahın zirvəsinə, qanadlanma hündürə,
Siçan düşər tələyə, acsa müftə pendirə,
Şöhrəti yal qabında, düyünləyir kəndirə,
Ucun tapıb, sallaşan, dırmanın hey, dırmanın!
* * *
Dörd tərəfə ayırma, parçalama gəl biri,
Onsuz da ələyəcək şadarası, xəlbiri,
Son gedişin ələkdə, çox qalmazsan sən diri,
Hər at verməz minməyə, hər yetənə yalmanın!
* * *
Özü memarı olsun, insan gərək özünü-
İnşaa edərkən, tutsun bünövrədə sözünü,
Demirəm, burda mənəm, Tanrı yumub gözünü,
Yetəcək harayıma, gözləyirəm fərmanın.
15. 04. 2021.



Müəllif: 
Lalə İSMAYIL

LALƏ İSMAYILIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru