BİR MÜƏLLİM TANIYIRAM – İLHAM VƏLİYEV

İlham Vəliyev və Zaur Ustac.

BİR MÜƏLLİM TANIYIRAM

(Vəliyev İlham Əli oğlu haqqında)

İYİRMİ DÖRDÜNCÜ YAZI

Bu gün onların günü. Bu gün onların sınağa çəkildiyi, yoxlanıldığı gündür. Hər il bugünkü gündə onlar ya “Müəllim” adlı qala divarına bir qızıl kərpic qoyub bu adı bir basamaq da yüksəldir, ya da yazıq, günahsız uşaqların müəllimlərinə söydürürlər.

Nədənsə, “Müəllim” sözü eşidəndə ilk ağlıma gələn şəxs Üzeyir Hacıbəyov olur. Bu haqda söhbətə başlamazdan əvvəl dünyasını dəyişmiş müəllimlərimi rəhmətlə anmaq, sağ olanlara isə uzun ömür, cansağlığı diləmək istəyirəm. Allah Bayramov Əbdüləli, Qasımov Həsən (Ağdam rayon, Yusifcanlı kənd orta məktəbi), Orucəliyev Malik (BABKM) kimi müəllimlərə qəni-qəni rəhmət eləsin. Əmirəliyev Füzuli (BABKM), Süleymanov Rasim (BDU) kimi müəllimlərə uzun ömür, cansağlığı versin. Bir müəllim də var, hansı ki, bu yazımı ona həsr edirəm və onun haqqında geniş söhbət açacam. Ancaq onun haqqında danışmazdan əvvəl hal-hazırda müəllimlik fəaliyyəti ilə məşğul olub, hər gün 20-30 şagird və ya tələbənin olduğu sinif otaqlarına – auditoriyalara baş çəkən müəllimlərə xatırlatma olsun deyə qısa bir haşiyəyə çıxmaq istəyirəm.

HAŞİYƏ

BABKM-da oxuyanda bir “müəllim” var idi, bizə zenit silahlarının istismarı fənnindən dərs deyirdi. Dərs vaxtı orda-burda avaralanar, dərsləri boş keçərdi. İmtahan vaxtı TKM-i çağırıb deyərdi ki, bütün qrupdan filan məbləğdən yığmalısan. Ya hamı, ya heç kim. Siyahıda nə qədər kursant var, hamısı verməlidir. Mənim pul verməyəcəyimi bildikdə isə deyərdi: “Onda Mustafayev, uzağı ondan başqa da bir nəfər – Rüstəmov Elnuru nəzərdə tutardı – qiymət alacaq, qalanları kəsildi”. Uşaqları salardı üstümə: – “Sənə görə biz də kəsiləcəyik” – qəribə olsa da, reallıq belə idi. Mən də onlara yeganə çıxış yolunu göstərərdim (nə yaxşı ki, uşaq vaxtı rəhmətlik Sükeydə nənəm mənə “Cırtdanın nağılı”-nı çox danışıbmış): “Mənim üçün fərqi yoxdur, kəsilmək istəmirsinizsə, mənim də əvəzimə yığın” və onlar məcbur olub, bunu edirdilər. Bir neçə dəfə belə hal olub.

90-cı illərdə BDU-nun tələbələri Qrabağda şəhid olanda, Bakıda bir torba alçaya, almaya qiymət yazan, hətta “üçlük”, mobil telefonlar çıxandan sonra “kontur” ləqəbi qazanmış müəllimlər də var idi. Şamaxı Humanitar Kollecində isə Tədris hissə müdiri vəzifəsindən sui-istifadə edərək, bəzən fənn müəllimlərinin razılığı və xəbəri olmadan yalançı imtahanlar düzənləyib, tələbələri “kəsər”, sonra düzəltmək üçün pul yığardı. Zənn edərdi ki, heç kim bunu anlamır…

Biz orta məktəbdə oxuyanda belə söhbətlər yox idi. Əksinə, müəllimlər dəftər-qələmi olmayana evdən gətirədi, ya da anındaca şkafdan çıxarıb verərdi… Ta indikilər kimi çığırıb-bağırmaz, kiminsə, nəyinsə xatirinə bəzi həkimlərdən öyrəndikləri metodlarla lazımlı-lazımsız əlavə vəsaitləri uşaqlara bəlkə də valideyinin sonuncu 5-6 manat çörək pulu, yol pulu üçün saxladığı vəsaitə aldırıb, sonra ilboyu arasın açmadan bir küncdə yatırtmazdılar… Bunlar həqiqət olsa da, necə deyərlər, dünya təkcə bunlardan ibarət deyil. Sadəcə, sözüm bəzi müəllimlərədir ki, diqqətli olsunlar. Allah bilir bu gün onların qarşısında oturan şagird və tələbələr sabah nələr danışıb, nələr yazacaqlar. Bu qədər geniş və təfsilatlı girişin yalnız bir məqsədi var, dünya təkcə bu gündən ibarət deyil, bunun sabahı da var… Və həmişəki kimi bizim pislərlə işimiz yoxdur – pis elə pisdir, onlar həmişə olub, və olacaqlar. Sadəcə, tək-tək fərdlər yaxşılardan nümunə götürüb yaxşı olsunlar deyə, bilməzlikdən bu girdaba yuvarlanmasınlar deyə nümunəvi, nəsə öyrənilə biləcək şəxslərdən, nümunələrdən yazmaq, təbliğ etmək lazımdır. Bugünkü qəhrəmanım, haqqında söhbət açacağım şəxs Şamaxı Dövlət Regional Kollecinin direktoru iqtisad elmləri namizədi, dosent İlham Vəliyevdir.

QISA ARAYIŞ

Vəliyev İlham Əli oğlu – 7 oktyabr 1959-cu ildə Tovuzu rayonunun Əlibəyi kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

İlham müəllimi 2017-ci ildən – Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik etməyə başladığı ilk günlərdən tanıyıram. O vaxt diqqətimi çəkən onun kollecə rəhbərlik etməyə başladıqdan sonra təhsil müəssisəsində ab-havanın dəyişməsi və yerli camaatın onun haqqında müsbət fikirləri olmuşdur. Həmin vaxt İlham müəllimlə görüşüb ətraflı söhbət etmiş, nəticədə mətbuatda “STEREOTİPLƏRİ YOX EDƏN ADAM” adlı yazı ilə çıxış etmişdim. Bu yazı mənim 23 yazımdan 12-cisi olub, elm və təhsillə bağlı, eləcə də digər kütləvi elekton vasitələrdə yayımlanmaqla bərabər, “YARADANLA BAŞ-BAŞA” kitabıma on ikinci yazı kimi daxil edilib. Bu il (2019) sentyabrın 9-u, ya 10-u idi. Mobil telefonuma zəng gəldi – İlham müəllim idi. Salamlaşdıq, hal-əhval tutduq. İlham müəllim məni kollecdə 16 sentyabr Bilik Günü münasibəti ilə təşkil olunmuş tədbirdə bir məzun kimi çıxış etməyə dəvət etdi. Məmnuniyyətlə qəbul etdim, vədələşdik. Ayın 16-sı, səhər saat 9:00-da Şamaxıda olmalı idim. Əvvəlcədən şair-publisist “Həftə içi” qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı da mənimlə getməyi planlaşdırsa da, son anda vacib iş çıxdığına görə gedə bilməyəcəyini söylədi. Və mən ehtiyat əməkdaş, şəxsi fotoqrafım Tuncay bəylə gedəsi oldum. Vədə günü səhər saat 9-a 15 dəqiqə qalanda biz artıq hadisə yerində idik. Olduqca maraqlı tədbir keçdi. Mən də gənclərə, xüsusi ilə birinci kurs tələbələrinə bir məzun kimi tövsiyə xarakterli çıxış etdim. Eyni zamanda, onlara iştirak edə biləcəkləri davam edən “Kərəmli – 700” layihəsi barədə məlumat verdim. Ustac.az və Yazarlar.az adından İlham müəllimə layiq görüldüyü digər məşhur bir müəllimin adına olan “Vintsas” Mükafatını təqdim etdim. Tuncay bəy də çəkdi. Sonra onun kabinetində bir-neçə il əvvəl qaldığımız yerdən söhbətimizə davam etdik. İlham müəllim böyük şövqlə bu il kollecin 35 məzununun imtahansız – subbakalavr diplomu ilə ali məktəblərə qəbul olunduğunu bildirdi. (Səmimiyyətimə inanın, İlham müəllim bu nəticəyə elə sevinirdi ki, elə bil öz doğmaca övladları ali məktəbə daxil olub. Halbuki elə valideyinlər var, övladı ali məktəbə daxil olanda nəinki, sevinmir, hətta onlara mane olmağa çalışır. Örnəyi ilə elə bu ilki qəbulda da rastlaşdıq…). Sonra ümumi mənimsəmədə ən aşağı nəticənin 53%-ə çatdırıldığını bu yöndə fəaliyyətin davam etdiyini bildirdi. Söhbət zamanı hiss edirdim ki, İlham müəllim məni boş-boşuna dəvət etməyib. Əvvəlki dövrlərdən xəbərdar olan və nə olur-olsun səmimi olacaq bir şəxs kimi mənim fikrimi bilmək istəyir ki, görsün nə qədər fərq, dəyişiklik var. İlham müəllim, buradan tam səmimi olaraq demək istəyirəm ki, çox fərq var. Bu fərq artıq Şamaxıya daxil olan kimi əhalinin, tələbələrin söhbətindən, kollecdəki ab-havadan, müəllimlərin və tələbələrin davranışından hiss olunur. Rəqəmlər və nəticələr də göz qabağında. Sağollaşıb çıxanda İlham müəllim yenə ilk görüşümüzün sonundakı kimi hələ nöqsanların olduğunu və onların səylə aradan qaldırmağa çalışdıqlarını bildirdi. Haqlı olaraq qeyd etdi ki, bu iş çox vaxt rəhbərlik və müəllimlərdən asılı olmur, bəzi valideynlər, tələbələr dəfələrlə onlara “yalnız oturub oxumaq lazımdır” – deyilməsinə rəğmən yenə digər yollar axtarırlar və aldanırlar, səhv edirlər, əsassız söz-söhbətlərə səbəb olurlar. Bu yerdə lap indi dəbdə olan məktəblərdə sinif valideynlərinin “vatsap” qrupları yadıma düşdü. Təhsil naziri əmr verir, məktəb direktorları hər dəfə iclas edib az qala bir-bir hər valideynə şəxsən çatdırır. Hər küncə-divara məlumat-bildiriş yapışdırır… Bir də görürsən bir valideyn düşdü ortaya, bəs ayıbdı, “Müəllimlər günü” gəlir pul yığmaq lazımdır. Özü də nə az, nə çox, filan qədər… Nəsə mətləbdən uzaqlaşmayaq. Necə deyərlər, pislər qalsın, pis yerində…
Zaur Ustac İlham Vəliyevə “Vintsas” mükafatın təqdim edərkən

Bəli, sevinirəm ki, belə bir müəllim tanıyıram və bu gün onun da günüdür. Gününüz mübarək, İlham müəllim! Sizə uzun ömür, cansağlığı və başladığınız bütün işlərdə müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun! Heç narahat olmayın, nəticələr əladır və kənardan olduqca gözəl görünür. Xüsusi ilə qeyd etmək istəyirəm ki, fərq çox böyükdür. Ümumi mənafeyi düşünən bütün vətənpərvər vətəndaşlarımız adından sizə çox sağ olun deyirik. Başladığınız işdə Uca Yaradan yar və yardımçınız olsun. Var olun!

19.09.2019. Şamaxı – Bakı.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ DÖRDÜNCÜ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunub:

1.“Bir müəllim tanıyıram”, “Təzadlar”,01.10.2019, say: 45 (2230), s,13,
2.“Bir Müəllim tanıyıram”, “Ədalət”,03.10.2019, say: 158 (5622), s,8,



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir