Yazarlar.az olaraq, bütün dünya müsəlmanlarını, bu mətni gözəl, şipşirin ana dilimizdə oxuyb-anlayan müsəlman soydaşlarımızı Qurban Bayramı münasibəti ilə təbrik edir, Böyük Allahdan əziz günlər xatirinə bəşəriyyətə şəfqət, mərhəmət göstərməsini diləyirik. Bayramınız mübarək, Uca Yaradanı tanıyan insanlar! Tanrı sizləri qorusun! Amin! Amen!
Bu gün gözəl insan, əsl ziyalı, gənclərə daim dəstək olması ilə seçilən tanınmış yazıçı, naşir Müşfiq Xan ın doğum günüdür! Ad günü münasibəti ilə Müşfiq müəllimi təbrik edir, Uca Yaradandan can sağlığı, uzun ömür və bütün işlərində müvəffəqiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Müşfiq müəllim!!!
Rəşad MƏCİD – Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın ideya müəllifliyi, Birliyin təşəbbüsü ilə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı möhtəşəm qələbəyə həsr olunmuş “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün zəfəri” adlı kitab işıq üzü görüb.
Kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında düşüncələrinə, xatirələrinə yer verilib.
Kitabın redaktoru və ön söz müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir.
Rəşad Məcidin kitaba yazdığı ön sözü oxuculara təqdim edirik.
***
27 sentyabr 2020-ci il Azərbaycan xalqının tarixində unudulmaz günlərdən birinə çevrildi. Nəhayət, 30 illik torpaq həsrətimizə son qoyan Vətən müharibəsi başlandı və Azərbaycan düşmənin, onun havadarlarının qarşısına qətiyyətli Ali Baş Komandanı və rəşadətli Ordusu ilə çıxdı.
Elə həmin gün Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa müharibə dövründə ənənə halına çevriləcək möhtəşəm müraciətlərindən birincisini ünvanladı. O, inamlı və qətiyyətli çıxışı ilə Ermənistan Ordusunun təcavüzkar həmlələrinə qarşılıq olaraq, Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığını və bu əməliyyatın Qarabağın azadlığı ilə nəticələnəcəyinə inandığını bildirdi. Həmin gün ilk həmlədə rəşadətli ordumuz tərəfindən kəndlərimizin azad olunması bu inamı daha da gücləndirdi, xalqın bir yumruq ətrafında birləşməsinə yol açdı.
Oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad olunması münasibətilə xalqa müraciətində biz Azərbaycan rəhbərinin məğrur, müzəffər və qətiyyətli Ali Baş Komandan olduğunu bir daha gördük və buna ürəkdən, bütün varlığımızla inandıq. O, “Bizim müqəddəs şəhərimizi murdarlayırlar” – deyə Şuşa haqqında sonsuz səmimiyyət və hərarətlə danışır, Cəbrayılın işğaldan azad olunmasını böyük fəxrlə bəyan edirdi.
Ali Baş Komandanın “Bizim işimiz haqq işidir, biz qalib gələcəyik” sözləri isə həmin o ilahi ədalətin təcəlli etdiyini, o müqəddəs anın artıq gəlib çatdığını göstərirdi. Prezident İlham Əliyevin ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elə o ərəfədə sosial şəbəkələrdə paylaşdığı “Qoy uca Tanrı hər bir Azərbaycan vətəndaşına müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin” sözləri isə Azərbaycan xalqında torpaqlarımızın işğaldan tamamilə azad olunacağına, üçrəngli bayrağımızın Şuşada dalğalanacağına sonsuz əminlik yaratdı. Əsgər və zabitlərimizin, ümumən ordumuzun, insanlarımızın böyük ruh yüksəkliyi də bundan xəbər verirdi. Azərbaycan Prezidenti hər çıxışı ilə həm xalqı qələbəyə ruhlandırır, həm də uzun illərdən bəri informasiya savaşında üzləşdiyimiz bütün sədd və baryerləri öz dəmir məntiqi ilə vurub dağıdır, savaş meydanında hər gün irəliləyən şanlı ordunun Ali Baş Komandanı, siyasət meydanında güclü təzyiqlərə sinə gərən, qüdrətli dövlət xadimi kimi davamlı olaraq zəfər tariximizin parlaq səhifələrini yazırdı.
Şəhər və kəndlərimiz bir-birinin ardınca azad olunduqca xalqa müraciətləri ilə insanları dərindən təsirləndirən, əksəriyyəti kövrəldən Prezident İlham Əliyevin leksikonu, danışıq üslubu, ürəkdən tikan çıxaran sözləri hər birimizin könlünü oxşayırdı. “Azərbaycan xalqının ləyaqəti bərpa olunur” deməklə xalqın qürurunu özünə qaytarır, “Şuşasız bizim işimiz yarımçıq qalar” sözləri ilə hər birimizin içindəki mübhəm, nisgilli arzunun həyata keçəcəyinə inamı daha da artırırdı.
Əlinizdə tutduğunuz bu kitabın ideyası Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara məxsusdur. Anar müəllim İkinci Qarabağ müharibəsi günlərində öz fikir və duyğularını bildirmiş, Şuşa işğaldan azad olunanda “Gözün aydın, Şuşa!” adlı yazı da yazmışdı.
Anar müəllimin 1985-ci ildə “Ulduz” jurnalında çap olunan “Qarabağ şikəstəsi” adlı yazısı yaxşı yadımdadır və Qarabağ düşmən işğalında olduğu dövrlərdə mən dəfələrlə bu yazıdan sitat gətirmişəm: “Özüm də bilmirəm, Şuşanı niyə bu qədər sevirəm. Burda doğulmamışam, burda böyüməmişəm, əslim-nəslim bu şəhərdən deyil, qohum-əqrəbam burda yaşamır. Söz yox, vətənin hər qarışı, hər bucağı əzizdir, müqəddəsdir, amma Şuşa elə bir yerdir ki, imkanım olsaydı, bütün ömrümü burda keçirər və vəsiyyət də edərdim ki, öləndə məni burda basdırsınlar.
Şahanə bir vüqarı var Şuşanın. Elə bil, o, ömrümüzü bütün adiliklərdən, xırdaçılıqlardan təmizləyir, ayırır, içəri dünyamızı arıtlayır, duruldur, bizi gündəlik həyatımızın, tanış dünyamızın fövqünə qaldırır. Şuşanın ülviyyəti onun təkrarsız təbiətiylə, tarixiylə, taleyilə bağlıdır”.
Anar müəllimin Şuşaya, Qarabağa münasibəti hər bir çıxışında, yazısında özünü göstərib. Eyni zamanda, Anar müəllim özü də vurğulayır ki, ən ali mükafat olan “Heydər Əliyev mükafatı”nı alanda da Şuşa haqqında danışmış, Şuşanın azadlığını arzulamış və Şuşa azad olunana qədər yaşamaq istədiyini demişdi.
Anar müəllim müharibə günlərində Qarabağdan olan yazıçıları, şairləri arayaraq təbrik etdi və arzuladı ki, onlar işğaldan azad olunan doğma yurdları haqqında yazılar yazsınlar. Bu kitabın da əsas mahiyyəti məhz o oldu ki, hər bir yazıçı uşaqlığının keçdiyi, yaddaşının ən gözəl yerlərinə həkk olunmuş doğma torpaqlar haqqında xatirələrini, duyğularını qələmə alsın. Nəticədə belə bir kitab yarandı.
Möhtəşəm qələbədən sonra yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ilk dəfə Şuşaya gedəndə Şuşa haqqında o gözəl və səmimi sözləri səsləndirdi: “Biz dünən gecə Şuşada qalmağa qərar verdik, halbuki Bakıya qayıtmalı idik. Ancaq mən hesab etdim ki, mütləq gecə Şuşada qalmalıyıq. Çünki Azərbaycan Prezidenti ilk dəfədir ki, Şuşaya gəlib. Bizim müstəqilliyimizin təxminən otuz yaşı var. Ancaq bu otuz il ərzində birinci dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir.
Şəhərin nadir memarlığı, relyefi, təbiəti, havası, aurası təkrarolunmazdır. Bir daha gördüm ki, bu şəhərin nadir aurası, təbiəti, memarlığı bizim böyük sərvətimizdir”.
Cənab Prezident martın 16-da – Novruz bayramı ərəfəsində ilaxır çərşənbəsi günü yenidən Şuşaya səfər etdi. Bu səfər zamanı Cıdır düzündən xalqa müraciət edən dövlət başçısı Şuşanın və azad edilən bütün torpaqların sürətlə bərpa olunacağını vurğuladı: “Şuşa bizim qədim şəhərimizdir. Erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də, xeyri yoxdur, tarix var. Pənahəli xan Şuşanın təməlini qoydu, Şuşanı tikdi, qurdu. Biz isə Şuşanı əsarətdən çıxardıq və xalqımıza qaytardıq, dövlətimizə qaytardıq. Şuşa qədim Azərbaycan şəhəridir, həmişə belə olub. Son 28 il ərzində mənfur düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib.
Biz Şuşanı bərpa edəcəyik, mütləq bərpa edəcəyik. Biz nəinki Şuşanı, azad edilmiş bütün torpaqları bərpa edəcəyik”.
Bu sözlərdən sonra mən bir daha Anar müəllimin, digər yazıçılarımızın Şuşa haqqındakı fikirlərini xatırladım. Yadımdadır ki, özüm də 2013-cü ildə jurnalistlər üçün yaşayış binasının Prezident İlham Əliyevin də iştirak etdiyi açılış mərasimindəki çıxışım zamanı Anar müəllimin “Unudulmaz görüşlər” kitabından sitat gətirmiş və İlham Əliyevin hələ 1980-ci illərin əvvəllərində valideynlərilə birlikdə Şuşada, Cıdır düzündə olduğunu qeyd etmişdim. Şübhəyə yer qoymayan bir əminliklə demişdim ki, biz inanırıq, Sizin Ali Baş Komandanlığınızla torpaqlarımız işğaldan azad ediləcək, Azərbaycan bayrağı Şuşada dalğalanacaq və bir gün Siz Azərbaycan yazarlarının əsərlərində nisgilli bir ah kimi keçən Cıdır düzünün həndəvərində yaradıcı insanlar üçün bir yaradıcılıq evinin təməlini qoyacaqsınız. Həqiqətən də, istər həmin vaxt, istərsə ondan sonrakı illərdə yaradıcı insanların içində bu möhtəşəm arzunun bir gün mütləq gerçəkləşəcəyinə sonsuz inam olub.
Fikrimcə, cənab Prezidentin Şuşaya hər iki səfərində söylədiyi o sözlər ciyərdolusu Şuşa havası almaq, eyni zamanda, illər boyunca bizim yazıçıların Şuşa haqqında dediyi sözlərin, Şuşa nisgilinin ən böyük və məntiqi yekunu idi.
Kitab Xalq yazıçısı Elçinin Şuşa haqqında təsirli essesiylə başlayır. Kövrək xatirələrlə zəngin bu yazıda 1982-ci ilin 14 yanvarında – həmin o qarlı qış günündə Ümummilli lider Heydər Əliyevin rəhbərliyilə Molla Pənah Vaqifin məqbərəsinin açılışı, orda baş verən hadisələr qələmə alınır. Elçin müəllimin güclü yaddaşı nəticəsində biz yenidən o günləri xatırlayır, tez-tez arxiv lentlərində gördüyümüz o anları sanki bir daha yaşayırıq. Eyni zamanda, Elçin müəllim həmin ilin 29 iyulunda ilk dəfə keçirilən, İlham Əliyevin də iştirak etdiyi Vaqif Poeziya Günlərini xatırlayır, Heydər Əliyevin bu Poeziya günlərinin ənənəvi şəkildə ardıcıl keçirilməsi haqqındakı qərarına da toxunur.
Elçin müəllim yazısında deyir: “Düzü, mən Şuşanın azad olunacağı günü görəcəyimə inamımı itirmişdim”. Bu etiraf mənə cənab Prezidentin çıxışlarının birində dediyi fikirləri xatırlatdı: “Mən son vaxtlar görürdüm ki, insanlar inamını itirir”. Fikrimcə, bu qalibiyyətlə cənab Prezident inamı itən və ya itməkdə olan insanların hamısına öz inamını geri qaytardı.
Muzeyin həyətində yerləşdirilən Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri… ətrafında ağrı dolu söhbətlər səngimək bilmədi. Kimisi onların Şəhidlər xiyabanında nümayiş olunmasını təklif edir, kimisi Dənizkənarı parkda sərgilənməsini uyğun hesab edirdi. Amma dövlətimiz tərəfindən bu istiqamətdə heç bir addım atılmırdı. Nəhayət, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qələbədən sonra Şuşaya ilk səfərində – yanvarın 14-də həmin o “güllələnmiş heykəllər” də Şuşaya – öz doğma torpaqlarına qovuşdular.
Şuşaya qovuşan heykəllərin açılışında dövlət başçısı keçmişi xatırlatdı, bu abidələrin ətrafındakı söz-söhbətləri yada saldı. İllərdir ona da bu heykəllərin aqibətiylə bağlı çox sualların, təkliflərin verildiyini dedi: “Amma mənim bunlara tək cavabım vardı: “O heykəllər zamanı gələndə Şuşaya – öz yurduna geri dönəcəklər”.
Bu, Ali Baş Komandanın Şuşaya qayıdacağımıza qəti inamının bir göstəricisiydi.
Xalq artisti Fərhad Bədəlbəylinin azad olunan Şuşaya səfəri zamanı söylədiyi “Bizi bağışla, Şuşa!” sözləri də adamı kövrəldir. Şuşa haqqında bu sözləri oxuyanda 1979-cu ildə 15 yaşımda Şuşanı, Cıdır düzünü gəzərkən keçirdiyim duyğuları xatırladım, o hisslərin ifadəsi kimi şeir yazmış, Şuşanı “tarixin möcüzə sərgisi” adlandırmışdım. Şuşaya ilahi
məhəbbətim həmişə olub. 1985-1986-cı illərdə, gənc yaşlarımda mən də dinləyici kimi Vaqif Poeziya Günlərində iştirak etmiş, şairlərin coşğulu çıxışlarının şahidi olmuşdum. İndi də o çıxışlar yaxşı yadımdadır. Ən çox yadımda qalan və heç unutmadığım isə tanınmış şair-tərcüməçi Səyavuş Məmmədzadənin şeirini dinləməyim idi. Səyavuş Məmmədzadə, adətən, rusca yazırdı. Buna görə də onun Vaqif Poeziya Günlərində, məqbərənin qarşısında Azərbaycan dilində Şuşaya həsr etdiyi şeirini deməyini indiyəcən unuda bilmirəm. Şeirin ab-havası, sirli hüznü həmişə məni Şuşanın, Cıdır düzünün sehrli aurasına qovuşdurur. 1986-cı ildən yaddaşıma ömürlük həkk olunan həmin şeirdə şair deyir:
Şuşadan yol getdim, yol getdim, Dedilər, qal, getdim, qal, getdim, Ürəyim dilə gəldi, Dinmədim, lal getdim, lal getdim.
Elçin müəllim yazır ki, onsuz da Şuşaya bir dəfə gələndən sonra tez-tez gəlmək istəyəcəksən. Şuşanın bu sehri, hər kəsə təsir edən aurası sanki tilsimlidir. Prezident İlham Əliyev də Şuşaya hər iki səfərində səsləndirdiyi fikirlərində də məhz bu sehrli auranı ifadə edib.
Fikrimcə, yazıçılarımızın azad olunmuş Qarabağ haqqındakı bu təsirli yazıları çox lazımlı və vacib idi. Ona görə Anar müəllimin bu təşəbbüsü böyük razılıqla qarşılandı. Məsələn, Aqil Abbasın Ağdam, Seyran Səxavətin Füzuli, Elçin Hüseynbəylinin Cəbrayıl, Nəsiman Yaqublunun Zəngilan haqqında yazıları kövrək və doğma hisslərin ifadəsinə çevrildi.
Xalq şairi Ramiz Rövşənin müharibə günlərində dediyi “Azərbaycan əsgəri bizim ümidlərimizdən, arzularımızdan daha sürətli çıxdı” – sözləri hər kəsin diqqətini cəlb etmişdi. Onun Qubadlı haqqında yazdığı “Qapısız açarlar” essesi, doğrudan da, insanın duyğularına toxunur, qəlbini gizildədir. Bu yazıda erməni xisləti, tarixən ermənilərin etdiyi zülmlər, onun doğulduğu Qubadlı rayonuna qarşı düşmən təcavüzləri xatırlanır. Lakin bütün bunlarla yanaşı, “Qapısız açarlar” essesinin sonu ümid və inamla bitir: “Odur ki, bir vaxt dolu qoyub çıxdığımız, düşmənin soyub, talayıb, sonra da od vurub yandırdığı o doğma evlərin xarabalıqlarına baxanda, indi nəyəsə peşman olmağa, çox da kədərlənib qüssələnməyə ehtiyac yoxdu. O xarabalıqların yerində təzə, daha gözəl evlər tikmək, o köhnə evlərin illər boyu göz bəbəyi kimi qoruyub saxladığımız, indi qapısız qalan açarlarını da o təzə evlərin ən görüntülü yerində, gözmuncuğu kimi divardan asmaq lazımdı. Qoy təzə evlərimizə göz dəyməsin!..”
Professor Şirindil Alışanlı “Su səltənəti Laçın” yazısında doğulduğu torpaq haqqında danışır və “Su səltənəti” ifadəsini də vaxtilə Xalq yazıçısı Anarın “Qarabağ şikəstəsi” əsərində Laçınla bağlı işlətdiyini xatırladır. Adil Cəmil, Jalə Əliyeva öz yazılarında Kəlbəcəri anır, əslən şuşalı, Şuşa tarixinin mahir bilicisi, tədqiqatçı-jurnalist Vasif Quliyev XVIII əsr “Qarabağ poeziya məktəbləri” adlı məqaləsində Qarabağ xanlıqları zamanında fəaliyyət göstərmiş poeziya mühitindən ətraflı və geniş şəkildə bəhs edir.
Eyni zamanda, bu kitabda hörmətli professor Vilayət Quliyevin “Qarabağ bədii ədəbiyyatımızda” yazısı, akademik, Xalq yazıçısı Kamal Abdullanın müharibə dövründə yazdığı essesi, Xalq yazıçısı Çingiz Abdullayevin vaxtilə qələmə aldığı qeydləri, Xalq şairi Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poeması, akademik Zemfira Səfərovanın “Şuşa Azərbaycanın musiqi qalasıdır” məqaləsi, yazıçı Mehriban Vəzirin Qarabağın məşhur qadınları – Ağabəyim Ağa, Gövhər Ağa, Xurşidbanu Natəvan, Həmidə xanım Cavanşir haqqında ətraflı və gözəl araşdırması, Günel Anarqızının “Ataya… Arzu…”, Pərvinin “Qarabağı vərəqləmək”, Əsəd Cahangirin “Səs” yazıları yer alıb.
Vaqif Bayatlının poetik ön sözüylə başlayan “Şeir çələngi” bölümündə tanınmış şairlərimizin Qarabağa, onun tarixinə və təbiətinə həsr olunmuş, bir-birindən xeyli zaman fərqiylə yazılmış şeirləri toplanıb. Bütün şeirlərin ruhuna Qarabağa ilahi bir sevgi hopub. Qarabağın işğalda olduğu illərdə yazılmış şeirlərdə məyusluq, kədər əks olunsa da, torpaqlarımıza dönəcəyimizə sonsuz ümid də bu əsərlərdən xali olmayıb. Uzaq illərdə və qələbədən sonra yazılmış şeirlərdə də əks olunan ümumi bir mətn var: “Qarabağ Azərbaycandır!”
Bütün bu yazıların içərisində dərin Qarabağ sevgisi, bizim torpaq həsrətiylə keçirdiyimiz ağrılar, eləcə də 30 ildən sonra Ali Baş Komandanın qətiyyəti, ordumuzun gücü sayəsində torpaqlarımızın azadlığı ilə qürurumuzun bərpa olunması və bunun yaşatdığı sevinc öz əksini tapıb.
Kitabda, həmçinin, Azərbaycan-Türkiyə dostluğuna həsr olunmuş səhifələr də var. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğu, müqəddəs savaşımızda Türkiyənin ölkəmizə verdiyi dəstək, eləcə də həmin günlərdə Türkiyə yazıçılarının həmrəylik məktubları yer alıb.
Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyevanın yazısında isə Türkiyənin və Türk Cümhuriyyətlərinin Azərbaycana verdikləri dəstək sadalanır.
Kitabın sonunda Xalq yazıçısı Anarın ötən əsrin səksəninci illərində yazdığı, yuxarıda xatırlatdığım, informasiya bolluğu ilə seçilən, təsir gücünü itirməyən, hər oxuduqda Şuşanı xatırladıb ürəyimizi gizildədən “Qarabağ şikəstəsi” yazısı, həmçinin, Xalq yazıçısının müxtəlif illərdə Qarabağ mövzusunda yazdığı sanballı məqalələr də yer alıb. Elə bilirəm, bu kitab Azərbaycan yazıçılarının Qarabağın azadlığına sevincinin ifadəsindən əlavə, bu qələbəyə dəyərli töhfəsi və Müzəffər Ali Baş Komandana, qalib Azərbaycan Ordusuna minnətdarlığının əksidir.
“Dədə Ələsgər ocağı” İctimai Birliyinin təqdimat mərasimi iştirakçılarına!
Hörmətli dostlar, əziz ələsgərsevərlər! Bu gün hər birimiz üçün olduqca əlamətdar, sevincli, bayram günüdür. Azərbaycan-Türk ədəbi irs xəzinəsində haqlı olaraq aşıq poeziyasının zirvəsi, peyğəmbəri hesab edilən, cahanşümul poetik-dini-fəlsəfi düha olan 200-illik yubileyini qeyd etdiyimiz Aşıq Ələsgər ocağının adını daşıyan birliyin yaradılması, rəsmi təsdiqi, onun ictimaiyyətə təqdim olunması, həyata qədəm qoyması münasibətilə hər birimizi, bütün ələsgərsevərləri, milli ədəbiyyatımızı, ilk növbədə o müqəddəs ocağın nümayəndələrini, birliyin yaradılmasında əməyi olan hər kəsi təbrik edirəm!
Ona uğurlu gələcək, maraqlı, davamlı həyat, faydalı fəaliyyətiylə onun hörmətini və məhəbbətini qazanacaq mütərəqqi, vətənpərvər, Ələsgər şəxsiyyətinə vurğun, şerini sevən dostlar, tərəfdaşlar arzulayıram! Birliyin gələcək fəaliyyətinə uğurlar diləməklə yanaşı, bir neçə təklif və tövsiyyələrimi də nəzərinizə çatdırmaq istərdim.
İlk növbədə əminliyimi bildirmək istərdim ki, bu qurum öz gündəlik əməli fəaliyyətində Aşıq Ələsgər irsinin, onun adını ölkəmizdə əbədiləşdirən maddi və mənəvi simvol və rəmzlərin qorunub saxlanılmasında, ona məxsus olan şeir və dastanların toplanmasında, Dədənin və ümumən aşıq sənətinin təbliği, gənc nəslin milli ruhda tərbiyə olunmasında, bu gün mövcud olan, gələcəkdə yeni yaradıla biləcək müvafiq qurumlarla sıx əlaqə, qarşılıqlı xeyirxah, xoş münasibət şəraitində beynəlxalq səviyyədə önəmli nümunə göstərəcəkdir! Əminəm, “Dədə Ələsgər ocağı” ictimai birliyi xüsusilə çoxəsrlik tarixi olan, adı Misgin Abdal, Ozan Heydər, Ağ Aşıq Allahverdi, Şair Məmmədhüseyn, Aşıq Alı, Növrəs İman və onlarla digər ustad sənətkarlarla bağlı olan qədim oğuz yurdu, Aşıq Ələsgərin doğulub ömür sürdüyü Ulu Göyçənin söz-saz sənəti irsinin, adət və ənənələrinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində, onlarda milli-mədəni ruhun formalaşmasında da mühüm, əhəmiyyətli rol oynayacaqdır! Bu gün isə, Birlik ölkə Prezidentinin Yubileylə bağlı müvafiq sərəncamından irəli gələn planların həyata keçirilməsində fəal iştirak etməlidir. Bir daha bütün ələsgərsevərləri, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin idarə heyətini, işçi kollektlvini təbrik edir, onlara uğurlar, faydalı əməli fəaliyyət diləyirəm!
Nəcibə İLKİN– “Azad qələm” jurnalının təsisçisi və baş redaktoru, şairə.
Yazarlar.azxəbər verir ki, iyulun 22-si, saat 14:00-da “AZƏRKİTAB” kitab təbliğat mərkəzində “Azad qələm” jurnalının təsisçisi və baş redaktoru, şairə Nəcibə İlkinin “Gədəbəy Qartalı” və “Yarımçıq toy” adlı kitablarının təqdimat mərasimi keçiriləcək.
Həmin gün həm “Milli Mətbuat” günü, həm də şairənin 60 illik yubiley günüdür. Nəcibə İlkin facebook divarında özü üçün üçün ikiqat bayram saydığı bu gözəl gündə şeiri və sözü sevən dəyərli dostlarının hər birini yanında görməkdən məmnun olacağını qeyd edib.
Bu gün – 17 İuly – tanınmış psixoloq-konsultant, Sənətşünaslıq üzrə fəlsəfə doktoru – kulturoloq Nigar Sultanlı nın doğum günüdür. Ad gününüz mübarək, Nigar xanım. Sizə uzun ömür, can sağlığı, bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!
Qəlibləşmiş sterotiplərə qarşı çıxmaq cəhdi həmişə “topla-tüfənglə” qarşılanıb. Bu üzdən mülahizə və qənaətlərimin səmimi və anlaşıqlı qəbul olunmasını xahiş edirəm.
Etiraf edim ki, ədəbiyyatşünaslığın stereotipləşmiş bir neçə “qanunu” var ki, onları qəbul etmək, onlarla razılaşmaq şəxsən mənim üçün çətindir. Bu sırada iki məqalə təqdim olunur:
1 – uşaq ədəbiyyatı (uşaq əsəri), yoxsa uşaqlar üçün ədəbiyyat (uşaqlar üçün, yaxud uşaqlar haqqında və ya uşaqlardan bəhs edən əsərlər);
2 – “Surət” və “obraz” (fərqli baxış).
I I MƏQALƏ
“SURƏT”, YOXSA “OBRAZ”
Bu istilahlardan hansinin hansi məqamda
işlədilməsi daha məqsədəuyğundur?
GİRİŞ
Məqalədə “surət” və “obraz” anlayışlarının xarakterik cəhətlərindən – oxşar və fərqli əlamətlərindən bəhs olunur. Qeyd olunur ki, “obraz” anlayışı müqayisədə “surət” anlayışından daha geniş məzmundadər. O mənada ki, həm insan, həm də təbiətə, heyvanlara, hər hansı əşyaya aid predmetlər, başqa sözlə, dağ, yamac, ceyran, cüyür, hansı isə çiçək növü də yazıçı tərəfindən obrazlaşdırıldığı, başqa sözlə “obraz” adlandırıla bildiyi halda, dağ, yamac, ceyran, cüyür, çiçək heç vədə surət ola bilməz. Surət anlayışı yalnız insana şamil oluna bilər.
Həm rus, həm də Azərbaycan ədəbiyyatşünaslarının uzun illərdir “surət”və “obraz” anlayışlarını, fərqinə varmadan eyni anlamda və əsasən də “surət” anlamında işlətdiklərindən və bu sırada yalnız filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadənin fərqli mövqe sərgilədiyindən bəhs olunur. Qeyd olunur ki, ədəbi qəhrəman yalnız insan olduqda “surət” adlandırıla bilər, faunaya və floraya (və s.) aidliyi yetən ədəbi qəhrəmanları “surət” deyil, “obraz” adlandırmaq daha məqsədəuyğundur, N.Şəmsizadənin öz sözləri ilə desək, “atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür”
“Surət” və “obraz” istilahlarını tədqiqat müstəvisinə çıxarmaq niyyətimiz də elə bu istəkdəndir.
ARAŞDIRMA
“Surət”, yoxsa “obraz”. Bu istilahlardan hansının
hansı məqamda işlədilməsi daha məqsədəuyğundur?
Öncə “obraz” və “surət” anlayışlarının oxşar və fərqli məziyyətlərinə aydınlıq gətirək.
“Azərbaycan dilinin izahlı lüğət”ində ədəbiyyat termini olaraq, “obraz” istilahının “surət”, “obrazlı” (sifət) və “obrazlılıq” (isim) kimi mənaları olduğu diqqətə çatdırılır [1. s.297].
“Lüğət”də “surət” anlayışının yeddi anlamının qeyd olunduğu ilə rastlaşırıq ki, onlardan yalnız biri riyazi (məs., “kəsirin surəti”) anlamdadır, altısı isə ədəbiyyat və mədəniyyət sahələrini əhatə edir. Diqqət yetirək: 1 – zahiri görünüş, üz, sifət, sima; 2 – şəkil, üsul, qayda, tərz; 3 – bir şeyin əslindən eynilə köçürülmüş nüsxəsi, üz (məs., protokolun surəti); 4 – yazıçının, rəssamın, artistin yaratdığı tip, obraz, surət; 5 – şəkil, portret, təsvir; 6 – “surətdə” tərzində (məs., süni surətdə, belə olan surətdə) [8].
Qeyd olunan altı anlayış hüquq vermişdir ki, ədəbiyyatşünaslıq illər uzunu həm insan, həm də dağ, dərə, heyvanlardan bəhs ediləndə “surət” anlayışından bəhrələnsin.
Bunu da xatırladım ki, “obraz” istilahı rus dilində “insan şüurunda obyektiv inikas forması”, “surət”; türk dilində isə “surət” anlamından başqa, “sima” və “şəkil” anlamlarında da işlədilir [2].
Ədəbiyyat nəzəriyyəçiləri arasında bu istilahları (təəssüf ki) eyniləşdirənlər də var, hər birini öz məqamı, yeri ünvanında qəbul edənlər də.
Qeyd edək ki, “obraz” və “surət” anlayışları qoşa qanad kimi həmişə yanaşı işlədilib, ancaq müqayisədə “obraz” anlayışı “surət” anlayışından daha geniş məzmundadır. O mənada ki, təbiətə, heyvanlara, hər hansı əşyaya aid predmetlər, başqa sözlə, dağ, yamac, ceyran, cüyür, hansı isə çiçək növü də yazıçı tərəfindən obrazlaşdırıla bilər, insan da. Ancaq dağ, yamac, ceyran, cüyür, çiçək heç vədə surət ola bilməz. Surət anlayışı yalnız insana şamil oluna bilər, bədii əsərdə surət olaraq ancaq insan ədəbi qəhrəman simasında təqdim oluna bilər. Ədəbiyyatçünas Nizaməddin Şəmsizadə bu qənaətdədir, fərqli mövqe yalnız N.Şəmsizadənin araşdırmasındadır: “atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür” [5. s.100-108].
Xüsusi qeyd etməliyik ki, N.Şəmsizadəyə qədər bütün ədəbiyyatçünaslar obraz anlayışı haqqında eyni fikirdə olublar. Yaradıcılıqlarında “obraz” istilahından bəhrələnmiş olsalar belə, bunu “surət” anlamında işlətmişlər.
Diqqət yetirək:
Leonid İvanoviç Timofeyevə görə, “bədii obraz bədii ədəbiyyatın köməyi ilə yaradılan və estetik əhəmiyyətə malik olan konkret və eyni zamanda, insan həyatının ümumiləşdirilmiş mənzərəsidir” [7. стр. 55].
Əziz Mirəhmədova görə, “Bədii surət (obraz) sənətin varlığa münasibətləri haqqında, sənətin daxili qanunları haqqında təsəvvürlərlə, idrak problemi ilə bağlı olan mürəkkəb, çoxcəhətli bir anlayışdır” [7. стр. 55].
Maksim Qorkinin fikrincə isə, “Bədii obraz, demək olar ki, həmişə fikirdən daha geniş və daha dərindir; insanı mənəvi həyatının bütün müxtəlifliyi ilə, hiss və düşüncələrinin bütün ziddiyyətləri ilə aparır” [9].
Nafiz Qəhrəmanlı obrazı “Ədəbiyyatın məğzində dayanan əsas anlayışlardan biri, bəlkə də birincisi” qismində qəbul edir. Tədqiqatçıya görə, “bədii obraz yaradıcılığın təbiətini, forma və funksiyasını təyin edir. Bədii obrazın mərkəzində isə ilk növbədə ümumiləşdirilmiş insan həyatının, insan səciyyəsinin təsviri dayanır” [3].
Mir Cəlal və Pənah Xəlilov da həmmüəllif olduqları “Ədəbiyyatşünaslığın əsasları” dərsliyində eyni qənaətdədirlər: “Bədii əsər surətlər aləmidir – ictimai varlığın yüksək səviyyədə canlandırılmasıdır. Hər bir əsərdə üç növ surət ola bilər:
Birincisi, insan və kollektiv surəti – tip, ya xarakterlər, personajlar heyəti;
Üçüncüsü: təbiət və əşya surəti – peyzaj, mənzərə, lövhə”…
“Hər hansı bir əsərin, surətin təsir gücü, bədii qüdrəti həyatı, varlığı dürüst, həqiqi, təsirli əks etdirməsindədir” [4. s.15].
Rafiq Yusifoğlu bütün bu qənaətləri təkrarlayaraq ümumi nəticə çıxarır: “Surətə belə tərif vermək olar: Müəyyən insan qruplarının bir fərdin üzərində ümumiləşdirilməsinə surət deyilir” [6. s.52].
Müxtəlif ifadə tərzində olan, ancaq nəzəri cəhətdən bir-birini təkrarlayan bu fikirlər bir ümumi mərkəzdə birləşmişdir: insan da daxil olmaqla bütün predmetlər surətdir.
Və artıq qeyd etdiyimiz kimi, fərqli mövqe yalnız Nizaməddin Şəmsizadənin araşdırmasındadır: “Atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür” [5. s.100-108].
Qeyd olunan bütün fikirlərə ehtiramımızı bildirərək biz də N.Şəmsizadənin nəzəri mülahizəsi ilə razılaşır və demək istəyirik ki, yazıçı əsərində, məsələn, dağ obrazını canlandıra bilər, ancaq bu “dağ” yalnız coğrafi termin olaraq obrazlaşdırılmışdır, surət deyil.
Surətlə obrazı eyni təbiətdə qəbul etməsinə baxmayaraq, R.Yusifoğlu başqa bir məqamda özü də hiss etmədən N.Şəmsizadəyə fikrini əsaslandırmaq üçün “ipucu” verir: “Bədii əsərlərdə müxtəlif predmetlər, heyvanlar, təbiət lövhələri obrazlaşdırılsa da, ədəbiyyatın əsas obrazı insandır. Digər obrazlar yardımçı xarakter daşıyır və son nəticədə, insanın bədii obrazının mükəmməl yaradılmasına kömək edir” [6. s.50].
Rus ədəbiyyatşünası L.İ.Timofeyevin də bu məzmunda mülahizəsi R.Yusifoğlunun fikri ilə səsləşir. L.İ.Timofeyev yazır ki, əgər hər hansı bir rəsmdə kresloda, stol arxasında əyləşən insan təsvir olunursa, bu, heç də o demək deyil ki, burada bərabər hüquqlu obrazlar: stol, insan və kreslo təsvir edilib. Stol və kreslonun təsviri insanın təsviri qədər vacib olsa da, ancaq bu onların bərabərhüquqlu olması demək deyildir, stol və kreslo yalnız və yalnız insanın obrazını tam əks etdirmək vasitəsidir [7. s.63].
Əsas məsələ də elə bundadır: insandan qeyri obrazların yardımçı, surətin isə aparıcı rol oynamasında, digər obrazların yalnız insanın obrazını tam əks etdirmək üçün vasitə olmasında.
Niyyətimizin anlaşıqlı ifadəsi üçün “müəllim” və “müəllimə” istilahlarına diqqət yetirək: həm kişi, həm də qadın cinsindən olan bu ixtisas sahibləri haqqında “müəllim” termini işlətməkdə heç də yanlışlıq etmiş olmuruq. Ancaq “müəllimə” anlayışı gündəmə gətirildikdə, məhz qadından bəhs edildiyi həmin andaca bəlli olur. Başqa sözlə, “müəllim” anlayışı hər iki cinsin nümayəndəsinə şamil olunursa, “müəllimə” anlayışı fikrin daha aydın ifadə formasıdır, yəni ilk andanca qadın müəllimdən bəhs edildiyi anlaşılır. “Учитель”, “учительница” terminlərində olduğu kimi.
“Surət” və “obraz” istilahlarını tədqiqat müstəvisinə çıxarmaq niyyətimiz də elə bu istəkdəndir: hansı məqamda “surət”, hansı məqamda “obraz” işlədilməsi daha məqsədəuyğundur, yaxud daha dəqiq ifadə tərzi hansıdır?!
NƏTİCƏ
N.Şəmsizadə surət haqqında mövcud qənaətləri tədqiqat müstəvisinə çəkəndən sonra fikrinin davamında yazır: “Hansı növə daxil olursa-olsun, obraz yazıçının həyata münasibəti zamanı əldə etdiyi hiss və duyğuların bədii ifadə şəklidir. Surət vasitəsilə yazıçı öz intibahlarını şəklə salır: adam şəklinə, at şəklinə və s. Bədii obraz yazıçının (sənətkarın) estetik idealının ifadəsidir. Onların xarakterini yazıçının estetik idealı müəyyənləşdirir. Biz deyilənləri nəzərə alaraq belə qənaətə gəlirik: yalnız insan obrazına surət deyilir: Atın surəti, itin surəti, qağayının, yaxud dənizin surəti demək olmaz. Bunlara at obrazı, dəniz obrazı demək daha düzgündür” [5. s.100-108]. Çünki, obraz nə qədər daha geniş anlayış olsa da, onun əsasında insan surəti durur.
Biz də bu spesifikliyi nəzərə alaraq N.Şəmsizadənin haqlı mövqeyinə (fikrin daha dəqiq ifadə edilməsi tələbinə) haqq qazandırır və burdan irəli gələn nəzəri qənaəti qəbul edərək, bədii obraz istilahının 1) insandan bəhs edildiyi halda “surət”, 2) digər canlılardan, təbiət və təbiət hadisələrindən (və s.) bəhs edildiyi halda isə “obraz” kimi qruplaşdırılmasını məqsədəuyğun bilirik.
“Surət” anlayışına aidliyi yetən ədəbi qəhrəmanların özünü də iki təsnifatda qruplaşdırmaq olar: 1 – uşaqdan bəhs edildiyi sərlövhəsindən aydın görünən şeirlər. Məsələn, “Keçi və Əziz”, “Külək və Mələk”, “Fərruxun dişi”, “Ali və gavalı”, “Gülnar və gilənar”, “Çoban Həsən”, “Dilarənin danası”, “Şəlalənin cavabı”, “Salam, Məlik”, “Çərkəz” “Ay Vüqar” və s.);
2 – sərlövhəsində insan adı çəkilməyən, yalnız əsərlə tanışlıqdan zamanı uşaqdan bəhs edildiyi aydın olan şeirlər. “Quşəppəyi” (Gülnur), “Çələ və tələ” (Şəlalə və Səfər), “Mən rəngləri tanıyıram” (Elman), “Ay dənizə düşübdür” (Sərxan, Çərkəz, Kamran və Fikrət), “Hamı yatır” (ana və uşaq), “Gil pişik” (Adilə), “Gəlin, gəlin, sərçələr” (Vasya) və “Uçmaq istəyən ağaclar” (Vasya. Hər iki sonuncu şeir rus şairi Yuri Naumoviç Kuşakdan tərcümədir) və s. bu qəbildəndir (Qeyd olunan əsər adları Z.Xəlilin “Ağ leyləklər” kitabından götürülmüşdür – A.İ.).
Açar sözlər: ədəbiyyatşanaslıq, elmi mübahisə, nəzəri mülahizə. qənaət.
♦♦♦
ƏDƏBİYYAT SİYAHISI
1. Azərbaycan dilinin izahlı lüğəti. Bircildlik. Bakı-2005, 452 səh.
2. Çaşıoğlu – 2013.
3. Qəhrəmanlı N. Ədəbiyyat nəzəriyyəsi. Bakı-BDU-2008.
4. Mir Cəlal, Xəlilov Pənah. Ədəbiyyatşünaslığın əsasları. Bakı-Maarif-1972; s.15.
5. Şəmsizadə Nizaməddin. Ədəbiyyat nəzəriyyəsi. Bakı-Proqres-2012, 434 səh.; s.100-108.
Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik İlqar Mirzəyev dəfn olunduğu gün Şəhidlər Xiyabanının qarşısı gecə saatları.
O GÜN (Şəhid İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * * Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. -Bakı.
Jurnalın bü sayında kimlər var? Heç yerdə oxumadığınız poeziya, nəsr əsərləri, publisistik təhlillər… “XƏZAN” ədəbi-bədii jurnalının iyun-iyul, 2021 sayı çapdan çıxıb. Sayca 34-cü nömrəsi sayılan 128 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.Jurnalın redaksiya heyəti şairlərdən Əjdər Yunis Rza və Vahid Çəmənlinin 65, yazıçı Əli bəy Azərinin isə 55 yaşının tamam olması münasibətilə hər üçünü təbrik edib.Jurnal Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Şuşa Bəyannaməsi – bölgədə sülhə çağırışın salnaməsi” məqaləsi ilə başlayır. Eyni zamanda bölgə üçün Sülh və Barış çağırışı hesab olunan tarixi sənəd “Şuşa Bəyannaməsi” də bütövlükdə redaktor guşəsində yerləşdirilib. Qeyd etmək lazımdır ki, jurnalın beş yaşı tamam olub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Mətbuat tarixi və publisistika” şöbəsi, elmi işçisi Dilbər Rzayeva “Xəzanın beş yaşına” məqaləsi ilə bu təqvimi qeyd edib.Şair-filoloq Elvin İntiqamoğlu “Əlli beş illik romanın on beş illik hekayələri” məqaləsi ilə Əli bəy Azərinin, şair-publisist Ələsgər Talıboğlu “Özünü sözündən asan şair” məqaləsi ilə Əjdər Yunis Rzanın, şair Zaur Ustac “Mən eşq atəşiyəm” məqaləsi ilə Vahid Çəmənlinin yaradıcılıqlarına səyahət etmişlər. Azərbaycan ədəbiyyatı divançılıq tarixində ilkə imza atan- bütün qəzəlləri yalnız azərbaycan sözlərindən istifadə etməklə yazılan Hafiz Əlimərdanlının “Divan”ı AMEA-nın müxbir üzvü professor Nizami Cəfərovun və Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli bəy Azərinin məqalələrində qismən təhlil olunmuşdur.AMEA N.Gəncəvi adına Ədəbiyyat institutunun kiçik elm işçisi, Bakı Dövlət Universitetinin doktorantı Təhminə Vəliyevanın təqdimatında Seyid Hüseynin “Ağvalideyn, yaxud, zavallı Məşədi Zaman” hekayəsi və onun təhlili yer almışdır.Özbək ədəbiyyatından Əzizbəy Abduməlikin “Qatarı dayandıran “Leyla”nın ifaçısı Türküstan bülbülü Dədəxan Həsən” məqaləsi şair Şahməmməd Dağlaroğlunun tərcüməsi əsasında çap olunub. Dilbər Rzayevanın “Vüqar Əhməd yaradıcılığında Qarabağ mövzusu”, şair Əliyar Yusiflinin yaradıcılığından bəhs olunan Ələsgər Talıboğlunun “Əzəl gündən könül verib vətənə” və Ələsgər Talıboğlunun Qəhrəman Qasımovla birgə hazırladığı “Qvami Məhəbbətoğlunun Alpan etüdləri” məqalələri ədəbi təhlillər sırasındandır. Natəvan Quıiyevanən “Kəndə onlarsız qayıtmalı olacağam” məqaləsi bir vaxtlar uşaqlıq illərini keçirdiyi, otuz ilə yaxın erməni işğalında inləyən doğma yurd yerlərinin ab-havasına həsr olunub. Tərlan Əliyevanın “Qızıllı Salman adı ilə tanınan zirək, qoçaq, mərd babam” məqaləsində isə bölgədə yaşanan qaydalardan, ağsaqqallıq missiyasından, böyüyə hörmət, ehtiram kimi ülvi milli dəyərlər fonunda əlbəttə ki, tarixi hadisələrə çevrilmiş həqiqətlərdən söhbət açılır. Rəna Mirzəliyevanın “Görüşə bilmədik bu il, bənövşəm”, Anar Əhmədovun ““Qarabağ” ordenli cəsur baş leytenant”, Sadıq Rəfiyevin “Torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq qürurludur” məqalələrində 2020-ci ilin patızında baş vermiş 44 günlük döyüş iştirakçılarından və şəhidlərdən, Günay Rzayevanın “Türk şəhidi Xəlil Məmməd oğlu” araşdırma-məqaləsində isə adından göründüyü kimi XX əsrin əvvəlində Osmanlı qoşunu tərkibində Azərbaycana köməyə gəlmiş döyüşçünün taleyindən bəhs olunur.Poeziya bölməsində şair Budaq Təhməzin “Cəsarətdən doğan qeyrət” poeması çap olunub. Şairlərdən: Xaliq Azadi, Zeynalabdin Novruzoğlu, Hafiz Əlimərdanlı, Məhəmməd Əli, Cəlil Xeyirbəy, Qərib Hüseynov, Əbülfəz Əhməd, Ədalət Nəcəfoğlu, Şərqiyyə Balacanlı, Kirman Rüstəmli, Xaliq Laçınlı, Ələsgər Talıboğlu, İlqar Boranoğlu, Bəxtiyar Abbas İntizar, Gülşən Aydınqızı və Xəyal Zeynalın şeirləri jurnalın bu sayını daha da rəngarəng edib.Nəsr bölməsində Eyvaz Zeynalovun “Qiyaslı gilası”, Əli bəy Azərinin “Anama deyin, məni bağışlasın”, Rəşid Bərgüşadlının “Hacı Novruzəli” hekayələri, Ramiz İsmayılın “Əbədiyyata məktublar” elegiyasının son hissəsi yer alıb.Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və dəyərli yazıları ilə oxucularının görüşünə gəlib.