Naxçıvan. Cəhri kəndi. 20.05.2022. Mayor Rasim Əbdül oğlu Məmmədovun cənnətdəki mövludu qeyd olundu. “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirildi. Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova Tabor komandiri Aprel şəhidlərimizdən olan Rasim Məmmədovun dünyaya göz açdığı Cəhri kəndində başqa illəldən fərqli anım mərasimi keçirilməsinin təşəbbüskarı olub. Üç ay öncə 29 şəhidimizin (burda həm 1 –ci Qarabağ müharibəsi həm də Vətən müharibəsi şəhidləri yer alıb) əziz xatirəsinə həsr olunmuş “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirilmişdi. Kitabda Rasim Məmmədova da ayrılmış səhifə var. Jalə Cəfərova bir çox şəhid ailələrinin kitab təqdimatında iştirak edə bilmədiklərini nəzərə alaraq özü bir çox rayonlarda təkrar təqdmatlar sərgiləşişdir. Cəhri kəndinə toplaşan Rasimin əzizləri, Naxçıvanın müxtəlif bğlgələrində mövluda toplaşan qazilərimiz, məktəblilər təqdimata rəng qataraq xatirələrini bölüşdülər. Jalə xanım hər kəsi salamlayaraq bu sözlərlə mövlud gecəsini davam etdirdi”İllərdir tanıdığım bu ocaq mənim üçün həm əzizdir həm də müqəddəs. Bu ocaqda vətənə olan sonsuz sevgini sözüylə əməliyə, qanıyla, canıyla sübut edən üç nəslin nümayəndəsi gəlib keçib. Calal Məmmədov 1941-45 ci il müharibəsinin iştirakçısı, oğlu Əbdül Məmmədov Birinci Qarabağ müharibəsi başlayan kimi olmazın fədakarlığını göstərərək sağlamlığını itirərək 24 il yataq xəstəsi oldu və onun böyüdüb tərbiyə verdiyi Rasim Əbdül oğlu Məmmədov. “Anım mərasiminə toplaşan əzizlər qazilər, Rasimin və Əbdül Məmmədovun müəllimləri,Nazilə anamız söylədikləri xatirələriylə hamını kövrəltsələr də belə oğulla qürur duyduqlarını da xüsusi vurğuladılar. Məktəb direktoru Rəşad Rüstəmli, qazilərimiz Fərdi Məmmədov, Birinci Qarabağ müharibəsi qazisi Osman İbrahimov (Osman Məmmədov həm də kitabda müsahibə verən Nurhan İbrahimovun atasıdır) ,qazi Roman İbrahimov, Tamara müəllimə, Girşad Rüstəmlinın çıxışlarını həyacansız dinləmək mümkün deyildi. Sonra Jalə xanım kitabda adı keçən igid şəhidlərimizlə bağlı geniş məlumat verərərək “Mən bir daha təkrar edirəm, bu igidlərin həyatını vərəqlədikcə,onları böyüdüb tərbiyə edən valideynləri dinlədikcə içimdə bir səs eşitdim və bir daha əmin oldum ki BU DÜNYA BELƏ OĞULLARIN QARŞISINDA ÇOX HƏM DƏ ÇOX KİÇİK GÖRÜNÜR. Kitabın adını məhz ona görə belə adlandırdım“, – dedi.
Evdəki mərasim Jalə xanımın imzasıyla təqdim etdiyi kitabların təqdim olunmasıyla davam etdi. Rasim Məmmədovun adına açılmış süfrədən sonra ata-balanın uyuduğu dağın ən hündür yerindəki məkana məktəblilər əklil qoydular. Şəhidlərimiz anıldı, Dövlət Himnimiz səsləndi. Şəhidimizin qardaşı Etibar Məmmədov dinimizin adətlərinə uyğun müqəddəs kitabımız Qurani-Kərimdən surələr oxundu və Nazilə anamızın Etibar bəyin hər kəsə təşəkkürüylə sona çatdi.
Şəhid Məhəmmədəli Həsənzadənin adını daşıyan sinif otağının açılışı oldu
20 may tarixində Qubadlı r. Xocahan kənd məktəbində şəhid Məhəmmədəli Həsənzadənin xatirəsinə həsr olunmuş sinif otağının açılışı oldu. Xocahan məktəbi şəhidimizin valideynlərinin təhsil aldığı məktəbdir. Tədbiri məktəbin direktoru Sevinc Məmmədova Azərbaycan Dövlət Himni ilə açıq elan etdikdən sonra şəhidimizin anası və atası Məhəmmədəli Həsənzadənin adını daşıyan sinif otağına daxil olublar. Könül müəllimənin rəhbərlik etdiyi bu sinifdə şəhidimizin xatirələri yaradılan güşələrlə əbədiləşib və şagirdlərin hər biri qəhrəmanımızı qürurla yad edəcəklər. Bu tədbirdə illərin qocaman müəllimləri öz yetişdirdikləri şagirdlərin böyütdüyü qəhrəman oğul haqqında qürurla danışıb, valideynlərinə səbr dilədilər. Tədbirdə həmçinin İcra nümayəndələrindən şəhid Əlyar Əliyevin oğlu Emin müəllim, Natiq müəllim və başqaları iştirak edirdi. İcra Hakimiyyətinin Xocahan nümayəndəliyindən Kənan müəllimin dəvəti ilə tədbirdə iştirak edən şairə Esmira Günəş də çıxışı zamanı şəhid Məhəmmədəli Həsənzadənin xatirəsinə həsr etdiyi şeiri səsləndirərək kitabını məktəbin ən fəal şagirdinə hədiyyə etdi.
Tədbir bir-birindən maraqlı çıxışlarla davam edərək, sonda şəhidimizin valideynlərinin çıxışı ilə yekunlaşıb. Şəhid Məhəmmədəli Həsənzadənin anası Vüsalə xanım ” belə tədbirlərin sayının çoxalması, bizim təskinliyimizdir.”-deyərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. Sonda xatirə şəkilləri çəkilib və qonaqlar böyük sevgi və hörmətlə yola salınıb.
Eşq- ömrünün sonuna qədər qəlbinin dərinliyində tüğyan edib çırpınan duyğu… Aşiqlər qovuşsa da, qovuşmasa da bu duyğu öz adını dəyişmir, sadəcə zaman keçdikcə həsrətə, nisgilə qarışır və hiddətlənir. Vaxt gəlir, beynində əzbərlənən ad, keçmiş xatirələr, bütün vücudunu sızıldadacaq ağrı olur. Yenə onunla söhbət etmək, birdən duruxub gözlərinin düz içinə qədər baxmaq, əllərinə, saçına, səsinin titrəyişinə toxunmaq istəyərsən. Hətta bu hissləri yenidən yaşamaq üçün o qədər darıxarsan ki, gözündə yaşlar donar. Gözünü bir nöqtəyə dikib, uzun müddət səssiz qalarsan. Bu, bəlkə də yaşananları qəbullanmaqla, “Kaş ki” kəlməsinin ortasında qalan hissdi. Çarəsizsən, amma sən bu yola tək davam etməlisən, yaşamağa çalışmalısan. Hə, hərdən özündən ixtiyarsız yaranan gülüşlərindən, yediyin gözəl yeməklərdən, onsuz gəzdiyin yerlərdən utanarsan. Yaxınlarının şad gününə qonaq gedəndə dodağına qonmuş kiçik busəni tez yığışdırarsan. Nə ani olaraq yaşadığın sevincini, nə də xoş günlərini doyunca yaşaya bilməzsən. Həmişə o duyğuların yarısına çatmadan yarımçıqlıq hiss edərsən. Qolun, qanadın sınar, amma yenə də davam edərsən… Gecənin bir yarısında, bütün dərdlərin, itirdiklərin gözünün önündə canlanar, oturduğun yerində qıvranıb möhkəm bağırmaq istəyərsən, amma olmaz. Əmanət körpələrin yatır. Gözlərini qıyıb, dizlərini qucaqlayıb özünə layla çalarsan… Bütün bunlar yarını itirmiş qadından -Şəhid Əlizadə Qorxmazın Şəbnəmindən müşahidə etdiklərimdir. Hələ hiss edə bilmədiyim çox şeylər var…
Əlizadə Qorxmazın həyatı, döyüş yolu, nakam qalan sevgi hekayəsi haqqında o qədər danışılıb ki, artıq bütün el-obanın dillər əzbəridir.Bu əzbər yaddan çıxmamalıdır, həkk olunanı silinməyə qoymamalıyıq… Şəbnəmin timsalında bütün mərd şəhid qadınları məğrur dayanmağa, övladlarına gözəl həyat bəxş etmək üçün çalışır… Bizim Şəbnəmin heç 30 yaşı belə yoxdu. Ömrünün yarısına belə çatmayıb, amma çiyinləri yaşından çox ağır yük daşıyır. Bir şəkli var, həyat yoldaşının məzarı qarşısında boynunu büküb dayanıb. Bu foto nəhəng bir ağrını təsvir edir. Həqiqi aşiq üçün o ağrıdan o tərəfi yoxdur…
Qəhrəman şəhidimiz, 1995-ci il yanvar ayının 27-də Qax rayonunun Cəlayır kəndində dünyaya göz açmışdır. Oxuduğu orta məktəbdə, hərbi təhsili aldığı liseydə, xidmət göstərdiyi hərbi hissədə böyük rəğbət qazanmışdır… O, hər uğurunu çətinliklə əldə etmişdir. Sevdiyinə qovuşmaq üçün hər şeyi gözünün önünə alıb ailəsini tam hala gətirmişdi. Bir gün müharibə başlanır və Qorxmaz yenə də hər şeyə rəğmən həyatında olduğu kimi, döyüşdə də qəhrəmanlıqlar göstərir. Düşmənlə əlbəyaxa döyüşür, zədə alsa da döyüşə davam edir…
Şəbnəm doğulacaq körpəsinin, hələ çox kiçik olan qızı Ömürün atasını qarşılyacağını xəyal edir. Ömürün atasının önünə qaçıb, onu bərk-bərk qucaqlamağını təsvir edir. Amma təəssüf ki, onun xəyalları başqa yönə istiqamət alır. O, sevdiyini üstündə üçrəngli bayrağımız olan tabutda görür. Həmin anda nələr yaşadığını, düşündüyünü yazmaq çətindir, bunu yaşayan daha yaxşı bilər… İkinci övladı doğulur, adını QorxmazFateh qoyur. Deyir, o mənim kiçik yarımdır. Övladlarının qoxusunu duya-duya həyat yollarında bərkiməyə çalışır, ayağına dolaşan əngəlləri aşmağa çalışır… İllər keçəcək, şəhid övladları böyüyəcək, bizim Şəbnəm də onlarla bərabər böyüyəcək. Amma danılmaz və üzücü bir faktdır ki, o nisgil heç vaxt səngiməyəcək. Vaxt-vaxt özünü biruzə verəcək…
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * * Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
Bu gün Elşad Baratın Vətən müharibəsi şəhidlərinə həsr etdiyi “Ölümsüzlər” kitabının Ağsuda təqdimatı olub. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəsmiləri, ziyalılar, şəhid ailələri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dinmir buraların göz yaşı… Damcı-damcı, asta-asta “sən” axır … Həsrət yağır küçənizin küncündən, Elə bilirəm, dilə gəlib ad çağırır …
* * *
Axı hardadır dünən gördüyüm? Yollarımda gülə-gülə gəzdiyim, Qoxusuna həsrət qalıb bitdiyim… Eh….Ləpir izi… A ləpir izi? Sənə qurban, yadlaşma… Yağış yuyub aparmasın, Külək olub uçurmasın , İstəmirəm, istəmirəm … Toxumasın, İgidimin ayaq izinə … Maşınlar şütüməsin, Adamlar təntiməsin, Qoy itməsin qədəmləri … Yoxsa böyük dərd olar, Bu sərsəri başıma… Ey, sən ! O küçədəki həmin ağac… Daha yığılmayacaq xəzəllərin Uçacaq uzaqlara, Elimizdən lap uzaqlara… Görən apararmı sədamızı Bilinməyən sonsuzluqlara, Görünməyən adamlara…. A torpaq … İsitdiyin canlara ömür qurban, Qoru, oğlunu … Qoru, körpəni … Qoru … Qoy qəribsəməsin qoynunda… A başdaşı, A daşlar, Bir az yüngül olun, Çökməsin ağırlıq … Axı yaraşmır, Siz daşların, qara mərməri, Onun düz 23 yaşına…
* * *
Neçə vaxtdır qanamırdı yaralar… Bu gün oldu, elə bu gün son olsun… Çəkilmişdi başım üstdə buludlar, Gəldi, doldu, tez gedər olsun… Dinmişdi, əzizim, dinmişdi gözümün yaşı… Elə bilmişdim, Tökmüşəm qəlbimdən, bu möhkəm daşı! Ay Allah, bu qədər işgəncə nədir axı?! Boğasan, aparasan, tərk edəsən bu başı! Sızlayır könlümdə yuva quran kəpənək. Ömrü də az qalıb, o da gedir deyəsən… Azacıq bir ömürdə , gərəkdir ki, gün görəsən, Yoxsa bu imtahan, o dünyaya qədərmi, nədir?! Donub hisslərimin hər bir nöqtəsi. İtələyirəm, bağırıram , getmir ki getmir! Varlığımdan, yoxluğumdan, elə özümdən də bezmişəm… Ümiddir e vallah, dünyadan kəsilmək bilmir ki bilmir…
* * *
Ömrümün hansı payızından kəsim, 22ilin qırılıb qol-qanadı… Hər xoşluğun arxasınca bədbəxtlik, Saxla burda… Saxla !Xoş günlərimi kəsim… İtirəcəyim nə var ki,onsuz, Qazandıqlarım ki itib,batıb… Biriləri yıxar,ümidlər quruyar, Yetim qalar bizsiz xəyallar… Ömrümün hansı payızından kəsim, Hansı yaşımı dondurum, Hansı yaşda cavan qalım.. Bəlkə də bəsdi artıq Onsuz da quruyub canım, Yaxın gəlin… Ruhumun ehsanından sizə pay çəkim…
* * *
Uzaqların min dərdi olur,əzizim Hərdən fəryad çəkib hayqırır… Uzaqların həsrət qoxusu olur, Elə hey yaraları qanadır… Əl uzatdıqca itib,batır, Cızılır kol-kosla biləklər Uzaqların yarası böyük Qanadıqca iz bağlayır… Burda bir gün isti günəş Bir gün də soyuq ay Bir-biri ilə yarışır.. Günlər də keçir ,aylar da Diləklər görmür gərçək üzü… Hərdənbir şişmək çaxır, Hərdənsə tufan olur… Aparır bütün ümidləri… Burda həyat başqadı, Saniyədə dəyişir fəsillər… Burda insanlar olmur Nə də kirli bədənlər… Ruhlardır,gəzib tozur… Bir azadlıq uğrunda Çırpınır illər boyu…
* * *
Fərqli sandığın fərqlənmir, Sən yenə pislərə yaxşı de… Zamanla insan düzəlmir, Burax əlimi,çıx get! Tanımırsan can deyəni, Canını alıb gedir… Diliylə bal tökənlər, Əli ilə zəhər gətirir… Əcələ gərək yoxdu, Yaşarkən öldürürlər… 70illik ömrünü, Tabutda gəzdirirlər…
* * *
Səhər də açılmır, Gəlmir birinin səsi… Sən ki yaxşı bilirsən Hərkəsin varkən, kimsəsiz olmaq nədir! Soyuq əllərinlə Tanrıya getmək nədir… Bir gün; Susacaq günahların, Bağırmayacaq üstümə Yanaqların su içəcək Gözyaşından birtəhər…
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM), Sabitlik və İnkişaf İB-nin (SİM İB) üzvüləri Gülzar ananın dəvəti ilə Biləsuvarda şəhid baş leytenant Ramiq Mikayılovun anım günündə iştirak etmişlər. Gülzar ana oğlu haqqında fəxrlə danışır və bütün şəhid analarına səbr diləyirdi. Tədbirdə Biləsuvarın icra başçısı başda olmaqla rayonun məsul işçıləri, rayonlardan və Bakıdan gəlmiş şəhid anaları da iştirak edirdi. Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər. Sonra xatirə lövhəsi önünə tər çiçəklər qoyuldu.
Şəhid baş leytenant Ramiq Mikayılov haqqında
Şəhid baş leytenant Ramiq Mikayılov 1993 cü il yanvarın 25 -də Şamaxı rayonunun Ovçulu kəndində anadan olmuşdur. 1999-2007ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2010cu illərdə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə almışdır.
2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Agdam rayonunda yerləşən “N”saylı hərbi hissəsində zabit kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Ramiq Mikayılov 2020-ci il sentyabrın 27 -dən Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda aparılan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı ugrunda gedən qızğın doyüşlərdə iştirak edib.
Ramiq Mikayılov sentyabrın 30-da Xocavənd döyüşləri zamanı şəhid olub. Dogulduğu Şamaxının Ovçulu kəndində torpağa tapşırılib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissənin qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan prezidenti İlham Əliyevin 15.12.2020 ci il sərəncamına əsasən Ramiq Mikayılov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyinə və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il sərəncamına əsasən Ramiq Mikayılov (ölümündən sonra) “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bnərp edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Ramiq Mikayılov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2021 tarıxli sərəncamına əsasən Ramiq Mikayılov (ölümündən sonra)” Azərbaycan Bayrağı”ordeni ilə təltif olundu. Ramiq Mikayılov (15.07 2014-cü ildə) “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”yubiley medalı, (26.06.2018 )” Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə də təltif edilmişdir.
Şəhidimiz Ramiq Mikayılov evli idi. Vətənə bir oğul övladı yadıgar qaldı.
Ramiqin anası Gülgəz xanım əslən Cəbrayıldandır. Şamaxıya gəlin gəlib. Hazırda Biləsuvarın Cəbrayıl qəsəbəsində oglu Ağa və şəhidin yadigar qalan körpəsi ilə yaşayır.
Salam olsun, dəyərli oxucu! Sizinlə daha bir görüşə imkan yaratdığı üçün Uca Yaradana minnətdarlığım sonsuzdur.
Zəfər ab-havası yaşadığımız bu günlər eyni zamanda ibrətamizdir. Bir yanda qələbə sevinci yaşadığımız halda, digər tərəfdə şəhidlərimiz dağ kimi dayanır. Necə deyərlər, bir gözümüzün gülüb, birinin ağladığı bu günlərdə çox diqqətli olmalı, bu zəfəri hansı itkilərin, necə oğulların qanı, canı hesabına əldə etdiyimizi unutmamalıyıq. Yəqin ki, indi bu sətirləri oxuyan hər bir şəxsin özünün şəxsən tanıdığı qəhrəman şəhidimiz və ya qazimiz var.
Qeyd edim ki, şəxsən tanıdığım, ya illərlə bir yerdə xidmət etdiyim, ya da ən azından bir neçə saatlıq da olsa, yol yoldaşı, söhbətdaş olduğum neçə belə igidlər var. Elələri var ki, həyatlarını dəfələrlə riskə atsalar da, sağ-salamt yeni döyüşlərə canla-başla hazırdırlar. Çoxları isə ya qazidirlər, ya da şəhidlik zirvəsinə ucalıblar. Və mən onları sayıb qurtara və ya bir-birindən fərqləndirə bilmərəm. Bu yazını yazmaqda məqsədim şəxsən tanıdığım belə qəhrəmanlardan biri şəhid polkovnik-leytenant Həmdəm Ağayevin timsalında bütün şəhidlərimizin ruhunu şad etmək, onları xatırlamaq, eyni zamanda müəyyən məqamlar barədə öz subyektiv fikirlərimi sizlərlə bölüşməkdən ibarətdir.
Həmdəmlə tanışlığım 1995-ci ilin may ayının ortalarına, səhv etmirəmsə, 16-sına təsadüf edir. Həmin gün Azərbaycanın müxtəlif bölgələrində olan hərbi hissələrdən komandirlərin təqdimatları ilə döyüşlərdə və xidmətdə fərqlənmiş hərbi qulluqçular Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbulda iştirak etmək üçün seçim mərhələsinə göndərilmişdi. Bütün gələcək namizədlər məktəbin həyətində toplanmışdı. Boş vaxtdan istifadə edərək hər kəs bir-biri ilə maraqlanır, kimin hansı hərbi hissədən gəldiyini soruşur, yerlilər toplaşıb dərdləşirdilər. Mən Tərtər cəbhəsindən gəlmişdim. Həmin günəşli gün indi də ən xırda detalına kimi yadımdadır. Ağdam cəbhəsindən gələn Dadaşov Haqverdi (Qubadlı) və Rəfiyev İlqarı (Şəki) çıxmaq şərti ilə Ağdamdan olan namizədlər; Əsgərov Əhliqar, soyadını unutduğum Sahib və rəhmətlik Həmdəm Ağayev bir ağacın kölgəsində dayanıb söhbət edirdik. İsgəndərov Namiqlə mən Tərtədən gəlmişdik. Ordan-burdan, hərə öz hərbi hissəsindəki vəziyyətdən danışırdı. Sahibdən (Sahib hamıdan hündür və canlı olsa da, sən demə, neçə illər cəbhədə döyüşən, hələ atəşkəsdən sonra da bir il qalıb xidmət edən bu dağ boyda igidin ürəyi xəstə imiş. O, bu səbəblə tibbi müayinədən keçə bilmədi.) başqa hamı qəbul olundu və zabit kimi ordu sıralarını qayıtdı. İndi bu yeddi nəfərin hərəsi bir mövqe sahibidir. Ən uca məqamı isə şübhəsiz ki, Həmdəm qazanıb. Sonralar uzun illər ərzində arada-sırada görüşdüyümüz vaxtlarda da Həmdəm, ümumiyyətlə, azdanışan, ciddi, qaraqabaq adam təsiri bağışlasa da, əksinə, o tam fərqli; sakit, yuxaürəkli, mərhəmətli, olduqca səmimi, bir yerindən nöqtə tapıb söhbətə başlaya bilsən çox məlumatlı, hərtərəfli ensiklopedik biliyə sahib, maraqlı həmsöhbət idi. Həmin gün də bəlkə o heç ağzını açıb bir söz deməmiş sanki bir ağsaqqal kimi hamını dinləmiş, kimin nə qədər şişirtmələrə yol verdiyini özü üçün saf-çürük etmişdi. Bizim onunla tanışlığımız bax belə başladı. Fakültələrimizin fərqli olması səbəbindən sonralar da ara-sıra görüşərdik. Adətən, ya o, bizim kazarmaya gələndə (bizim “starşina” Məmmədov Fərmanla lap yaxın dost idi, tez-tez onun yanına gəlib, gedirdi), ya gündəlik məktəb həyatında təsadüfən idmanda, ya da dərsarası vaxtlarda belə görüşlər mümkün olurdu.
Həmdəm Mayıl oğlu Ağayev 9 sentyabr 1975-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Yeniyetmə və gənclik illəri məlum münaqişənin ən qızğın dövrlərinə təsadüf etdiyindən, demək olar ki, o dövrün əksər gəncləri kimi güllə səsi, mərmi partlayışları əhatəsində olğunlaşmışdır. Onun məktəbli olduğu illəri tanınmış söz adamı, pedaqogika üzrə fəlsəfə doktoru Mayıl Dostu belə xatırlayır: “Əvvəlcə onu deyim ki, Həmdəmin ölümü həqiqətən məni çox ağritdı. Səhv etmirəmsə, Həmdəmgilin sinfinə 5-6 il dərs demişəm. Həmdəm çox çalışqan, məsuliyyətli, ciddi və ən əsası isə qorxmaz idi. Mən hələ o vaxtlar belə qənaətə gəlmişdim ki, bu ötkəm, sözübütöv gənci heç bir vasitə ilə qərarından döndərmək mümkün deyil. Onun gözlərində qorxu deyilən hiss yox idi… Biz müəllimlərin belə gənclərə ümidləri böyük idi. Bizim nəzərimizdə onların hər biri həkim, müəllim, mühəndis kimi gələcək müstəqil Azərbaycanın qurucuları idi… Təəssüf… Belə… Allah rəhmət eləsin… Ruhu şad olsun…”. Müəllimlərin və böyüklərin müxtəlif arzularının olmasına baxmayaraq, Həmdəm də digər həmyaşıdları kimi orta təhsilini başa vurar-vurmaz könüllü ordu sıralarına qoşularaq vətənin, doğma yurdun müdafiəsinə qalxdı. Oxumaqdan söz salanlara onun bir cavabı var idi: – “Oxumaq qaçmır ki, – söz, bunların işini bitirən kimi gedib oxuyacam!” Bu minvalla 1994-cü ilin may ayı gəldi, atəşkəs oldu. Atəşkəsdən sonra da bir il xidmət edən Həmdəm komandirlərinin tövsiyəsi və təqdimatı ilə 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu. 1999-cu ilin iyul ayında təhsilini müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsində yenidən zabit olaraq ordu sıralarında xidmətinə davam etməyə başladı. 9 oktyab 2020-ci ilə qədər Naxçıvan da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində yerləşən hərbi hissələrində fərqli vəzifələrdə xidmət etdi. Ən böyük arzusu olan Qarabağın azadlığı uğrunda Vətən Müharibəsinin bu günündə amalı yolunda qəhrəmancasına şəhid oldu. Bakıda, II Fəxri Xiyabanda dəfn olunub. Onun saysız-hesabsız mükafatları, təltifləri içərisində ölümündən sonra qazandığı “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeninin öz yeri var. Çünki bu ödülləri canından çox sevdiyi Qarabağı düşmən tapdağından azad etdiyinə görə alıb.
Bu əvəzsiz təhsil müəssisəsinin (BABKM) bir özəlliyi var ki, dörd il təhsil müddətində yeddi kursun kursantları ən azından hamısı bir-birini üzdən tanıyır. Bir az diqqətli olanlar kimin kim olduğunu yaxşı bilir. Yaxınlar isə qardaş olurlar. Bu yeddi kursun kursantları isə nə az, nə çox – ortalama 5-6 min insan, dəliqanlı gənc, hər şeyi gözə almış vətənə sevdalı ər deməkdir. Təhsilin ilk illərində Həmdəmlə, adətən, axşamlar boş vaxtda idman şəhərciyində tez-tez görüşürdük (Yuxarı kurslarda isə o şərq əlbəyaxa döyüş növlərinin biri ilə şəhərdə – məktəbdən kənarda məşq edirdi). Bir də Ağdamın Qiyaslı kəndindən orta məktəbi bitirib gəlmiş, bizdən yaşca bir neçə yaş kiçik Mehdiyev Ramiz var idi. Bu üçlük idman edə-edə söhbətləşərdik. Söhbətin mövzusu hər dəfə eyni idi. Qarabağ, Ağdam… Hər söhbətin sonu, adətən, belə bitərdi “…bu biabırçılıq nə vaxta qədər belə davam edəcək?” Həmdəm isə deyərdi: – ”İnşallah, bir gün sonu gələr. Zalımın zülmü yerdə qalmaz. Biz öz işimizlə məşğul olaq. Bizim vəzifəmiz o günə hazırlaşmaqdan ibarətdir.”
Həmdəm xidmətdən çavuş kimi gəlmişdi və təhsil müddətində də komandir müavini olaraq fəaliyyət göstərirdi. Dəfələrlə onun gələcəkdə onunla çiyin-çiyinə eyni sırada zabit kimi duracaq yaşca kiçik, hələ dünyanın bərk-boşundan çıxmamış öz kursantlarına sakit, aramla, yavaş səslə necə öyüd-nəsihət verdiyinin şahidi olmuşam. Məsələn, onun ən çox işlətdiyi bir cümlə var idi: – “Dövlət bu ağır günündə sənə cibindən bu qədər pul xərcləyir, yedirdir, içirdir, geydirir, oxudur, sağlamlığını qoruyur, sən isə yatırsan, oxumursan, 2 alırsan. Bu, kişilikdən deyil. Hər işdə gərək halallıq olsun”. Bir məqamı da nəzərinizə çatdırım, artıq söz deməyə heç bir ehtiyac qalmayacaq. Buraxılışa sayılı günlər qaldıqda belə Həmdəmin tağımı məktəbdə öz nizam-intizamı ilə seçilirdi. Hərb həyatdan az-çox xəbəri olanlar bilir ki, çox haylı-küylü həyatdır. Həmdəm burada da özünəməxsusluğu ilə seçilirdi. Tutaq ki, dərsarası vaxtda və ya yeməkxanaya gedəndə nə qədər qarışıqlıq olsa da, görürdün ki, bir tağım (25-30 nəfər) qutu kimi nizam-intizamla öz yolu ilə bütün intizam qaydalarına ciddi riayət etmək şərti ilə gedir. Yaxınlıqda komanda verən heç kim olmasa da bilinirdi ki, bu, Həmdəmin tağımıdır. Diqqətlə ətrafa baxdıqda görərdin “planşet”i çiynində, başıaşağı, fikirli-fikirli gəlir. Gəlib çatanda qayğılı baxışlarla süzüb, başı ilə yüngül salam verib keçərdi…
Beləliklə, 1999-cu ilin yayı gəldi. Buraxılışa az qalmış şanlı qələbəmizin memarlarından olan Hikmət Mirzəyev məktəbdə göründü. Bu barədə mənə ilk olaraq Namiq xəbər vermişdi. Hikmət Mirzəyev onun komandiri olmuşdu. Mən də onu hələ Tərtərdən ciddi, səliqəli, hörmətli (Yəqin ki, Lənkəran Əliyevi mütləq tanıyacaqsınız, o da ordu quruculuğunda böyük əməyi olan zabitlərdən biridir. Doğma yaşlı atası belə qəbuluna gələndə elə olurdu ki, saatlarla NBM-də gözləməli olurdu. Hikmət Mirzəyev gənc olmasına rəğmən yeganə zabit idi ki, sutkanın hansı vaxtı gəlsə gözlətmədən Lənkəran Əliyev onu qəbul edirdi.) komandir kimi tanıyırdım. Tezliklə məlum oldu ki, xüsusi təyinatlılardan ibarət yeni hərbi hissə yaradılacaq, kim istəyir könüllü yazıla bilər. Həmin vaxt da Həmdəm, Namiq və mən təxminən 100-ə yaxın gələcək leytenantlar könüllü yazıldıq. Siyahılar hazır olandan sonra bir dəfə də məktəbin qərargahındakı akt zalında yeni yaranacaq hərbi hissənin kadrlar bölməsinin zabitləri ilə görüşümüz oldu. Bizə xidmətin özəllikləri və bəzi məhdudiyyətlər barədə məlumat verdilər. Bütün bunlarla tanış olduqdan sonra yenidən ərizə yazdıq. Həmdəmi sonuncu dəfə bax həmin toplantıda görmüşdüm. Xeyli söhbət etdik. Demişdi ki, sizi buraxmayacaqlar. Bizim qrupdan 11 nəfər yazılmışdı, onlardan, sadəcə, 1 nəfərin əmri gəldi (Məmmədov Rəşad – Bərdəli). Mən də daxil olmaqla qalanları üçün izahat belə oldu komandan buraxmayıb (O vaxt bizim komandan rəhmətlik Rail Rzayev idi). Komandan deyibmiş ki, dörd ilə güc-bəla 40 nəfər mütəxəssis hazırlamışıq, onu da sizə verə bilmərik. Çox da ki, leytenantlar bunu istəyir, onlar hələ çox cavandırlar.
Bizim son görüşümüz həmin toplantıda oldu. Sonra hərə bir tərəfə – öz xidmət yerlərinə yollandı. Eşitmişdim ki, Həmdəm istədiyi kimi həmin hərbi hissəyə düşüb. Sonra bir dəfə eşitdim ki, artıq Naxçıvandadır. Həmin vaxt mən də Naxçıvanda xidmət edirdim. Mənim vaxtım çox olsa da, onun heç vaxtı yox idi. Kəşfiyatda komandir idi. Həmişə ya təlimdə, ya tapşırıqda olurdu. Həmdəm bax beləcə bir ömrü hərbi geyimdə, əlində silah başa vurdu. Şərəflə özü demişkən, hər kişiyə qismət olmayan şəkildə başa vurdu. Halbuki tamam başqa cür də ola bilərdi. Sizi inandırım ki, o necə peşəkar zabit idisə, ondan on qat daha tanınmış müəllim, pedaqoq, alim, mühəndis ola bilərdi. Təəssüf ki, əksər həmyaşıdları kimi o da özünə sənət seçə bilmədi. Onu seçən sənətin ardınca getməli oldu. Necə ki, digər şəhidimiz Polad Həşimovun anası demişdir: – “…o hüquqşünas olmaq istəyirdi, yaxşı da oxuyurdu, tarixi, xarici dilləri əla bilirdi, ancaq lap son anda bir gün gəlib dedi ki, mən hərbçi olacağam, indi vətənimiz üçün bu daha vacib peşədir…” Bu arada qısa bir haşiyəyə çıxıb sonra söhbətimi bitirmək istəyirəm.
HAŞİYƏ
İndi yazacaqlarım bəlkə də kim üçünsə qəribə görünə bilər. Ancaq inanın biz istəsək də, istəməsək də, inansaq da, inanmasaq da bu belədir. Bu fikrin dərinliyinə getmədən, sadəcə, (hamımızın yaxşı tanıdığı, hörmət etdiyi) son şəhidlərimizin adlarını xatırlatmaq kifayətdir. Məsələn, Polad Həşimov, Şükür Həmidov (bir ildən artıq eyni hərbi hissədə xidmət etmişik), Həmdəm və hələ 1993 -94-də xüsusilə, atəşkəsə lap az qalmış mart-aprel döyüşlərində Tərtər-Ağdam cəbhəsində nə qədər gənc yaşda şəhid olmuş 75-lər. Qələbəmizin digər memarlarından olan Hikmət Həsənov, Zaur Rüstəmov (şəxsən tanıyıram) və digər nə qədər tanımadığımız qəhrəman 75-lər. Allah hamısına can sağlığı versin. Hərbçi olmayan Ceyhun Məmmədov, Kənan Hacı, İlqar Fəhmi və digər xüsusi istedad sahibi 75-lər. Bu adını çəkdiyim şəxslərin hamısını yaxından tanıyıram. Onların seçilmişlər olduğuna inanıram. Bu keyfiyyətlər təkcə 75-lərə deyil, məsələn, tanıya biləcəklərimiz…,. 1951, 1963, 1987, 1999… –cu illərdə anadan olmuş insanlara da aiddir. Kimə maraqlı gəlsə, diqqət edib fərqinə vara bilər. Həmdəm bu seçilmişlərin öndə gələnlərindən biri idi. Onu yaxından tanıyan, hörmət edən əsgərlərinin, döyüş yoldaşlarının dediyi kimi, “o, şəhidlərin sultanıdır”. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hamısı bizim üçün əzizdir. Və söhbətimin əvvəlində qeyd etdiyim kimi, bu yazı Həmdəmin timsalında bütün şəhidlərimizə həsr olunur. Yazının məqsədi, sadəcə, necə igid oğullar, seçilmiş ərlər itirdiyimizə diqqət çəkməkdən ibarətdir. Məsələn, Həmdəmlə eyni gündə, sadəcə, bir dövr (bir dövr 12 ilə bərabərdir) əvvəl, yəni 9 sentyabr 1963-cü ildə anadan olmuş hamımızın fəxri İqor Aşurbəyli.
Bizim bu gün zamanın, sənətin onu seçib bizə məğrur, qayğıkeş, qorxmaz, səmimi, mərd, şəhid komandir kimi təqdim etdiyi, tanıtdığı Ağayev Həmdəm həmən-həmən, hardasa aşağı-yuxarı eyni potensiala sahib bir şəxs olub… Eləcə də Polad Həşimov, Şükür Həmidov və digərləri… Bunları xatırlatmaqda məqsədim odur ki, bu insanları unutmağa haqqımız yoxdur nə qədər ki, həyatdayıq. Çünki adları bu yazıda anılan və digər yüzlərlə qəhrəman oğullar bir an düşünmədən, gözlərini qırpmadan öz həyatlarından, arzularından, üstəgəl, yaxınlarının, doğmalarının, övladlarının istəklərindən vaz keçiblər… Və dahası, bu gün, bu an üçün on illiklərlə (on, iyirmi, otuz) hazırlaşıblar… Tam səmimi olaraq qeyd edim ki, döyüş toy-bayram kimi bir şeydir (Bir neçə saatlıq keçid, adaptasiya dövrü xaric.). Ancaq illərlə buna hazırlaşmaq, saysız-hesabsız məşəqqətli təlimlərə, müxtəlif mənəvi, maddi, fiziki məhrumiyyətlərlə dolu ağır xidmət illərinə qatlaşmaq, əsl şücaət budur. Bilirsiniz bu nəyə bənzəyir? İllərlə bəzənib, süslənib şərəfli anın nə vaxt gələcəyini gözləyirsən… Cidd-cəhdlə onu qarşılamağa can atırsan… Bax, bu məqamları unutmayaq. Bir an fikirləşək ki, Polad Həşimov ən azından hansısa rayonun hakimi kimi indi isti kabinetində oturub. Necə ədalətli bir hakim ola biləcəyini onun əsgərlərindən soruşun. Və ya Şükür Həmidovu ən azı bir rayonun icra başçısı kimi təsəvvür edin. O rayonun necə ola biləcəyini onu tanıyanlardan soruşun. Yaxud da bizim qəhəmanımız Həmdəm Ağayevi ali məktəblərin birində müəllim kimi təsəvvür edin. Onu tanıyanlar bilir ki, o, bu peşəyə necə yaraşardı və onun öhdəsindən layiqincə gələr, ölkəmizə, millətimizə, xalqımıza, gələcəyimizə nə qədər faydalı ola bilərdi. Ancaq onlar bütün bunların hamısından bizlərə görə imtina etdilər. Ali xüsusiyyətlərinə görə Uca Yaradan onları seçdi, onlar da canla-başla bu yolu…
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizi daim xatırlayaq, nümunə götürək, onların bizə əmanət etdiyi gələcəyə xəyanət etməyək! Ruhunuz şad olsun, seçilmişlər…
30.12.2020. BAKI.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZUNCU yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
1.“Sənətin seçdiyi adam – şəhid Həmdəm Ağayev”, “Təzadlar” qəzeti, 12.01.2021, say: 01 (2286), s.5-14.
ŞƏHİD HAQQI (Mübarizlərin ruhu qarşısında borcluyuq…) Hər bir gedən şəhidin haqqı var boynumuzda, Onlara borclu olan bir can var qoynumuzda, Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə, Əgər biz unutsaq da, dövran bunu unutmaz… Bu yara hey su verər, zaman onu qurutmaz… * * * Bu bizim şakərimiz, həp şikarı unutmaq, Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq, Cismimiz oyansa da, layla deyib uyutmaq, Bir gün biz istəsək də, dövran bizi oyatmaz… Biz yatmaq istədikdə, zaman bizi uyutmaz… * * * Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz, İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz, Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”, Bu qədər bivec ata, yada ki, qardaş olmaz… Vallah, atam-qardaşım bundan vacib iş olmaz… * * * Hər şeyi yükləmişik, Lazım bəyin belinə, Zalım oğlu zalım da qüvvət verib dilinə, Heç kimsə razı olmaz, bir quş səkə gülünə, Bəs bu dağlarda yatan gül balalar kimindi?! Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?! * * * Dəstəklərə yazılı, neçə-neçə adımız, Qundaqlara qazılı, sezilməyən ay-ulduz, Nişan durub, gözləyir; birdən düşər yolumuz, Gəlin, o nişanların gözün yolda qoymayaq… Bu işi, bu gün görək, sabaha saxlamayaq… * * * Bu işin bir yolu var, göstəribdi Mübariz! Torpaq bizim Vətənsə, düşməlidi izimiz. Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz. Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!! Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!! * * * Dəli bilirlər bizi, doğruldaq adımızı, Dost özün göstərəcək, tanıyaq yadımızı, İllərdir su vermişik, püskürək odumuzu, Belə yaşamaq olmaz, bilməliyik hamımız!!! Mübariz gedən yolu, getməliyik hamımız!!! 03.08.2019 – 19.06.2020. Bakı.
GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… (Poladla, İlqarın məzarı başında) Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
YER CƏZA YERİDİR! Ey insan, unutma; Almanı xatırla, Adəmi xatırla, Həvvanı xatırla! * * * Ey insan, unutma; Əzanı xatırla, Qəzanı xatırla, Cəzanı xatırla! * * * Ey insan, unutma; Yer cəza yeridir! Yer cəza yeridir! Yer cəza yeridir! 14.09.2020. Bakı.