Elnur Uğur – SULTAN ŞƏHİD!

ELNUR UĞURUN YAZILARI

SULTAN ŞƏHİD!

(Şəhid Sultan İbrahimovun dipdiri xatirəsinə!)

Bir yaz səhəri,

Günəşlə bir doğdu,

Doğum xəbərin!

Salyandan Vətənə nur saçdı o gün,

Mələklər yerə endilər,

Yerə insan gəldi,dedilər.

Vətən göyünü Salyandan

Sülh rəngi ilə rənglədilər.

Süd rənginə boyandı o gecə

Səma.

Ata,

Ana

Sevincdən qanad taxdı arzularının qollarına.

Uçdular ümid səmasında,

Sultan adını qoydular sənə,

Sultan olacaqmışsan bir gün demə,

Ayrılığın sultanı olan ölümə!

Mələklər də bir yandan

Alnına yazdılar Tanrı tapşırığını:

24 Aprel ana bətnindən olum günün,

24 Oktyabr Şəhadətə doğum günün.

24 yaş yaşadın.

Bu 24 rəqəmi nə yaman yazıldı alnına,

Bir mistik düşüncənin işığında

Qaldırıram həyat adlı dramın ilk pərdəsini,

Oynayıram öz-özümə üzümün doğmalığını,

Yamsılayıram həyatın sevgi səsini.

Düşünürəm,

Bəlkə,

Günəş Yerin başına 24 saata dövrə vurur deyə,

Bir Günəş ömrü yazıb

Tanrı bu sultan sevgiliyə.

Can Şəhidim,

Sultan şəhidim!

Ağbənddə Vətənin üzünü ağ elədin,

Düşmənə niyyətini dağ çəkdin!

Ölümü öldürdün o gün,

Gələcəyin bətninə eşq toxumu əkdin!

Eşq nə demək,

Səndən öyrənəcək,

Gələcək,

Şəhidim!

Ölümləri öldürməkdi eşq.

Özünü qurban verməkdi eşq.

Özünü qurban vermək,

Əslində özünə qiymətdi.

Dünyaya gəliş də,

Gediş də,

Yüksəliş də,

Eniş də

Nə varsa vur-tut bircə niyyətdi.

Hə, niyyətdən doğur,

Bütün iyyət şəkilçili sözlər.

Səmimiyyət də,

Cəmiyyət də.

“Niyyətin hara,mənzilin ora”

Boşuna deməmişlər,

Niyyəti xalislər.

Nə gözəl gedişdi  bu?

Addım -addım uzaqlaşdıqca,

Adam-adam yüksəlişdi bu.

Bu eşqin bir adı var elə,

Bu ad ilə

Milyard ildi,

Yer öz oxundan yapışıb qalıb.

Dünyanı eşqdir,

Bu qədər çirkablar içində duru saxlayıb.

O eşq ki,

Şəhid adı yazılıb baş daşının taleyində.

O eşq ki,

Anaların göz yaşının taleyində,

İşım-işım işıq saçır,

“Vətən sağ olsun!”nidası.

Sən də Vətən sağ olsun dedin,

Getdin,

Dönmədin!

Eh,nə danışıram axı?

Sən elə özün boyda döndün elə,

Niyyətinə,

Baxışlar qurban kəsildi.

Naxçıvan,

Qarabağ,

Şəki,Lənkəran,

Bir də ki,

Məmləkətdəki

Bütün sevdalılar,

O günü Vətən ruhuna qoşulub

Şəhadət yolçuluğuna

Yoldaş olmağa Salyana gəldi!

Bu Vətənin sənə

Vəfa borcu var,Şəhidim!

O haqq məhkəməsində,

Haqqa haqlı Şahidim!

İçdiyin Şəhadət Şərbəti,

Eşqin Kərbəlasından keçmək qisməti!

Ruhunu andıqca

Gözəl anlayıram,

Ruh susadıqca,

Çatlayır adamın qəfəsi-dərisi

Bu boyda sevdanın alın yazısının

Sabahkı yol xəritəsi,

Niyyətinlə yazılır.

Azadlığımın boyu bir ömür də uzandı.

Vətən eşqinə təşnə ruhun,

Vətən boyda sevgi qazandı.

Dualar var əliboş dönür,

Əllər var içi daş dönür,

Səcdədən.

Sən bir müjdəsən

Şəhid sevdanla.

Şahid sevdanla

Sondan sonrakı sonraya.

Yaxşı  bax Şəhidim,

Durduğun sıraya

Mələklər,Tanrı.

Bir də əkiz qardaşları

Bütün Şəhidlərin

Şəhidlər.

Yaxşı bax

Dörd yanın işıq,

Bu nur

Hansı niyyətdən doğur?

Eşqdən?!

Meytək içmisən,

Ölüm can verib hər qurtumunda.

Vətənin qurtuluşunda

Mayak olub səndən sonra

Adın!

Sən ölmədin

Şəhidim,

Yaşadın!

Nəğmədə,

Sözdə,

Əməldə,

Zəfərdə…

Zəfərin möhürü qanın!

Sən sübut elədin,

Təkcə analar qoruyucu mələkləri deyil,

Oğullar da qoruyucu mələyi olur ananın!

Adını Sultan qoymuşdu sevənlər,

Sultan doğmuşdun Atanın taleyinə,

Ananın sənli günlərinə.

Sultan kimi də ucaldın ölümünlə.

Mələklər müjdələyən Şəhadətinə,

Can deyir,can

Yarasından Vətən axan

Misralarım!

Sən Şəhidim,

Baharısan bu yurdun!

Həmişəyaşıl xatirələrin.

Hər baş daşına baxanlar

Baş daşına baş daşı yox,

Vətən deyir!!!

Vətəni torpağın üstündəkilər deyil,

Altındakılardır ayaqda tutan.

Sən dipdiri xatirənlə əbədi yaşamın sübutusan!!!

Müəllif: Elnur UĞUR

ELNUR UĞURUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir