Kateqoriya arxivləri: ŞƏHİD BARƏDƏ

Şahnaz Şahin – TORPAQ ONU SEVDİ, O DA TORPAĞI

ŞAHNAZ ŞAHİNİN YAZILARI

TORPAQ ONU SEVDİ, O DA TORPAĞI

Esse

    Müharibə bitdi, xalqımız otuz ilə qədər qəddarcasına qovulduğu doğma yurd yerlərinə-doğma Qarabağına qovuşdu. Azərbaycan əsgəri öz üçrəngli qalib bayrağını yaralı torpaqlarda qürurla dalğalandırdı. Şəhidlərimizin qanı yerdə qalmadı. Analar göz yaşları içində gülümsəməyi bacardılar. Axı onların dağ cüssəli balaları vətənə sipər olmuş, vətənin azadlığı yolunda da canını qurban vermişdi…

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

   İndi yazılanlar da, deyilənlər də qalib ordunun qalib əsgərinin şərəfinə hesablanmışdır. Dövlətimiz qısa zaman ərzində daşı daş üstə  qalmayan, viran qoyulan, malı-mülkü talan edilən Qarabağda böyük quruculuq işlərinə başladı… Torpaq da sevindi, hava da, meşələr, çöllər də. Bəli, vətənin tikanı da əzizdir…

   44 günlük İkinci Vətən savaşında qazanılan qələbə  Azərbaycan dövləti, Azərbaycan ordusu və Azərbaycan xalqının birliyinin təntənəsi idi. Övladını cəbhəyə yola salan ana və atalar :-“get, aslan kimi döyüş və qələbə ilə geri dön!” –deyib Allaha əmanət elədilər. “Arxa da, ön də vətəndir, unutma, bir addım irəli getmək imkanın varsa, geriyə bir addım qoyma!..”  Vətəni ruhu, torpağı cismi-canı hesab edən mərd oğlanlar getdi müharibəyə, getdi ki, torpağın yaralarına bədəni ilə məlhəm qoysun, elə qoydu da..  .

   Vətəni səngər, qala bildilər, ana bildilər, bala bildilər, zəfər eşqinə getdilər. Torpağı elə sevdilər ki, torpaq da onları sevdi. Axı, eşq də yolxucu xəstəlik kimidi… İllərdir əsir yurd yerlərimizin səsi gəlirdi qulağına, “gəl məni azad et..”-deyə torpaq çağırırdı onları.

     Azərbaycanın hər bölgəsindən qəhrəman oğullar könüllü yollanırdı müharibəyə. Onların biri də Məmmədov Pərvin Rza oğlu idi. O, 1994-cü ildə, mart ayının 30-da Göyçay rayonunun Yeniarx kəndində anadan olmuşdur. Ailənin dörd övladından biri olan Pərvin, elə uşaq yaşlarından fərqliliyi ilə seçilirdi. O, sakit, söz eşidən bir uşaq olmaqla yanaşı, həm də bacarıqlı idi. Uşaq yaşlarından maşın və texnikaya həvəsli idi. Kim ona maşın bağışlasa sevincinin həddi-hüdudu olmurdu. Bir az oynayandan sonra isə həmin maşını söküb hissələrə ayırır və yenidən bir yerə yığıb düzəltməyə çalışırdı…

     Pərvin 2000-ci ilin sentyabrında elə yaşadığı Yeniarx kənd orta  məktəbin birinci sinfinə getmiş, və 2011-ci ildə tam orta məktəbi bitirmişdir. Sinif yoldaşları ali məktəbə sənəd verəndə, o, uşaqlıqdan öyrənmək istədiyi peşənin ardınca getmək qərarına gəlir.  Elə bu istəklə də əmək fəaliyyətinə başlayan Pərvin, tezliklə bacarıqlı mexanik kimi tanınmağa başlayır. 2012-ci ilin yazında hərbi xidmətə çağırılır. Pirəküşkül “N” saylı hərbi hissədə xidmət dövrünü 2013-cü ilin payızında layiqincə başa vurub kəndə dönür. Gənc oğlan yenidən mexanik kimi işini davam etdirib ailəsinə maddi dəstək olur. Tərbiyəli, sakit təbiətli, mehriban, xoş xasiyyətli bu oğlanı sevgi də tez tapır. Bir könüldən min könülə aşiq olduğu həyat yoldaşı Rüfanə xanımdan razılıq alaraq ona elçi göndərir… Və, 2014-cü ilin dekabr ayının soyuq havasını bu iki gəncin toy şənliyi isidir…

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

    2016-cı ilin məlum aprel döyüşləri başlayarkən Pərvin də könüllülər sırasına yazılır, amma döyüşlər tez başa çatdığından iştirak edə bilmir. Vətən sevdalısı bundan pərişan olur, amma fikrindən dönmür. Bu dəfə vətənə xidmət etməyin başqa yolunu taparaq gizirlik kursuna yazılır. Elə həmin günlərdə iki sevinci birgə qarşılayır, həm ata olur, həm də Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədən ərizəsinə müsbət cavab alır… Xüsusi təyinatlı “HƏMLƏ” taborunda əməliyyatçı, döyüş maşınlarının komandiri kimi xidmət edən gizir, burada da öz zəhmətkeşliyi, dəqiqliyi, bacarığı ilə hamının  hörmətini qazanır… 2018-ci ildə göstərdiyi qüsursuz xidmətə görə  “Cümhuruyyətin 100 illiyi” medalı ilə təltif edilir.

    2019-cu ildə ikinci dəfə atalıq bəxtvərliyini yaşayan gənc gizir digər yoldaşları kimi sərhədyanı ərazilərdə baş verən hadisələrdən qəzəblənirdi. Tökülən nahaq qan, onun da qaynar qanını coşdurur, ermənilərin layiqli cavabını vermək üçün alışıb yanırdı. Azərbaycanın hər qarış torpağı yolunda can verməyə hazır olan döyüşçü, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri verməsini həm məsuliyyət, həm də sevinc hissi ilə qarşılayır…

…Qisas deyib durub gör neçə ildi,

Məzarı dağılan ruhlar çağırır.

Murovdan o üzə süzür xəyalım,

Bütün varlığıyla torpaq çağırır…

    27 sentyabr 2020-ci ildə Göranboy rayonunun Ağcakənd istiqamətindən başlayan döyüş yolu Gülüstan,Tərtərin Talış kəndi və Ağdərə istiqamətində gedən ağır döyüşlərin iştirakçısı olur. Əsgər yoldaşları ilə birgə düşmənin qurduğu istehkamların dağıdılmasında qəhrəmanlıq nümunəsi göstərir. Yeri gələndə yalın əl ilə, dişi-dırnağı, yumruğu  ilə döyüşür, düşmənlə əlbəyaxa döyüşlərə atılaraq nifrəti, qəzəbi ilə onları məhv edir…

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

   Lakin Suqovuşan uğrunda gedən çətin və qanlı döyüşlər onun son döyüşü olur.  Düşmən snayperinin atdığı güllə onun həyatını da, gələcək arzularını da yarımçıq qoyur. Şəhidlik adı qazanan Pərvinin ruhu vətənin azad səmasına pərvazlanır, bədəni isə 02.10.2020-ci ildə doğulub böyüdüyü, ruhən bağlı olduğu doğma Yeniarx kəndində elə sevdiyi, könül verdiyi torpağa tapşırılır… Məmmdəov Pərvin Rza oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”,  və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhid torpağındı, torpaq şəhidin,

Varsa bu  ülfəti bir pozan, gəlsin.

Alın yazısını torpaq üstünə,

Gəlsin, qanı ilə qoy yazan gəlsin…

    İndi bu evdə onun iki övladı böyüyür, onlar Qarabağın qara günləri barədə anasının danışdığı söhbətlərdən xəbər tutacaq, kitablardan oxuyacaqlar. Atalarını da fəxrlə, qürur hissiylə xatırlayacaqlar. Biləcəklər ki, o, Qarabağın azadlığı uğrunda şəhid olan 3000-ə qədər igid və qəhrəman Azərbaycan oğullarından biridir!

Müəllif:Şahnaz ŞAHİN
AYB və AJB üzvü, Prezident Mükafatçısı,
Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.


ŞAHNAZ ŞAHİNİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təranə Məmməd – Azərin son gülü

TƏRANƏ MƏMMƏDİN YAZILARI

Azərin son gülü
Ağstafada heç vaxt olmamışam. Amma Qazax, Ağsatafa camaatının mərd, qorxmaz və etibarlı olduğunu çox eşitmişəm. Ürəyimdə gedib o dilbər guşəni görmək arzusu həmişə olsa da oralara qiyabi səfər edəcəyim haqda heç düşünməmişdim.
Ancaq Ağstafaya məhz qiyabi səyahət etməli oldum, çünki haqqında yazacağım qəhrəman Ağstafada anadan olub.
O, Ağstafanın Böyük Kəsik kəndində ziyalı ailəsində dünyaya gəlib. Anası Məmmədova Yeganə xanımın dərs dediyi orta məktəbi bitirib. Yeganə xanım oğlunu həm evdə, həm məktəbdə əsl azərbaycanlı oğul , vətənpərvər bir şəxsiyyət kimi böyütmüşdü. İndi onun adını daşıyan Böyük Kəsik kənd məktəbinin şagirdləri 44 günlük Vətən müharibəsi qəhrəmanının adına layiq böyüməyə çalışır və onun kimi vətənpərvər olmağa söz verirlər.
O, adında Azərbaycanın bir hissəsini daşıyırdı. Valideynləri Azər adı vermişdilər ona. Vətən sevgisi ilə, vətən məhəbbəti ilə bir yerdə yaşadırdı bu adı Azər. Ailədə iki qardaş idilirər. Azər fərqli idi . Elə uşaqlıqdan fərqli idi. O, həmişə, hər yerdə öndə olmağı sevərdi. Hər kəsin dərdinə ilk o yarayardı. Hamının sevincini də ilk bölüşənlərdən olmaq istəyərdi. Hər yerdə fərqləndiyi kimi 44 günlük Vətən müharibəsində də fərqləndi və 9 dekabr 2020 – ci ildə Ali baş komandan İlham Əliyevin əmri ilə Vətən müharibəsi qəhrəmanı kimi yüksək ada layiq görüldü Azər.
Görünür, qəhrəmanlar elə anadan qəhrəmanlıq üçün doğulurlar.
Azər hələ uşaq vaxtlarından hərbçi olmaq arzusuyla böyüyürdü.
2012- ci ilin aprel ayında hərbi xidmətə yollanmış, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 – ci bölüyündə kiçik çavuş rütbəsində xidmət etmişdir. Xidmətini bitirdikdən sonra hərbiçi olmaq arzusu onu Sərhəd qoşunlarına, daha dəqiq desək, Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin 2003 №li hərbi hissəsinə gətirib çıxarır. Burada xüsusi bacarığı və idman hazırlığı ilə fərqləndiyinə görə Azər Xüsusi Təinatlı dəstəyə göndərilir və Tovuz döyüşlərində artıq kəşfiyatçi kimi fəaliyyətə başlayır.
Hələ orta məktəbdə oxuyarkən torpaqlarmızın işğal altında olması Azəri çox narahat edirdi. Elə bu narahatlığın nəticəsi olaraq Vətən müharibəsinin ilk günlərindən bir çox gərgin döyüşlərdə iştirak edib qəhrəmanımız.
Azər Yusifli Füzulu , Cəbrayıl, Qubadlı, Hadrut, Zəngilanın azad edilməsində şücaət göstərib. Cəbrayıl rayonu azad edilərkən Xudafərin körpüsünə və Zəngilan şəhər prokurorluğunun binasına Azərbaycan bayrağını məhz Azər Yusifli sancıb.
– Yolumuz Şüşaya, Xankəndinədir! – deyirdi Azər onun halını soruşanlara.
İndi atası Nazim müəllim Azərdən danışanda ürəyində oğul itkisi gövr edir, əbədi sağalmayan yarası sızıldayır.
“Cəbrayılda bir neçə gün vuruşub oğlum. Düşmən irəliləməyə qoymurmuş bizim əsgərləri. Yüksək rübəli komandirin dediyinə görə Azər o döyüşdə böyük şücaət göstərib və düşmən səddinin yarılmasında fədakarlıq nümayiş etdirib. Təkcə bir döyüşdə düşmənin 30-a yaxın canlı qüvvəsini və 4 zirehli texnikasını sıradan çıxarıb”,- deyə Nazim müəllim kövrələ-kövrələ, lakin qürurla oğlundan danışır.
Azərin dayısı Fərman müəllim deyir ki, Azər bir neçə yaralı əsgəri ölümdən qurtarıb. Döyüş meydanında bir nəfər də olsun yaralı qoymayıb. Hamısını od-alov içərisindən təkbaşına çıxarıb, ölümdən xilas edib.
Həqiqi xidmətini başa vurduqdan sonra Azər qayıdıb doğma kəndində 12 il əhdinə vəfalı olduğu nişanlısı Songül adlı qızla ailə qurub yaşaya bilərdi. Lakin o, sevdiyi qıza bir qızıl gül bağışlayıb “Getməliyəm!” deyir və ordudan ayrılmamağı qərara alaraq Vətən müharibəsində iştirak edib qəhrəmancasına vuruşur. Bu gülün Azərin Songülə bağışladığı son gül olacağını heç kim güman etmirdi. Hamı elə bilirdi ki, Azər o qədər cəsur, o qədər güclüdür ki, ölüm ona qalib gələ bilməz.
Azər əsl Azərbaycan kişisi idi, Azərbaycan qəhrəmanı idi.
– Bu müharibədə geriyə dönüş yoxdur. Biz ancaq irəli gedəcəyik!- deyirdi Azər.
O, dediyi kimi də oldu. Ordumuz düz Şüşüya qədər dönmədən , yorulmadan irəlilədi və sonda qələbə çaldı. Lakin… Azər o qələbəni görmədi. Zəngilan döyüşlərinin birində ağır yaralanan Azər qəhrəmancasına həlak oldu. Şəhidlik zirvəsinə ucaldı o gün Azər.
Göstərdiyi şücaətə və qəhramanlığa görə Azər Nazim oğlu Yusifli “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra), “Vətən uğrunda medalı”(ölümündən sonra),”Cəbrayılın azad olunmasına görə”(ölümündən sonra) medalla təltif olunub .
Martın 28-i Azərin anadan olduğu gündür. Yaşasaydı həmin gün 28 yaşını qeyd edəcəkdi…
Bu gün mənim qiyabi səfər etdiyim Ağstafa şəhərinin küçələrinin biri Azər Yusiflinin adını daşıyır.
Söz verirəm ki, bir gün mən də Azərin məzarını ziyarət edib ona yaşadığım üçün, qoğma Qarabağımı mənə qaytararkən canindan keçdiyi üçün ona mütləq təşəkkür edib bir ömür ona və onun kimi minlərcə şəhidlərimizə borclu olduğumu bildirəcəm.
İndi isə bilirəm ki, bu bahar günündə məzarının üstündə pərvaz vuran quşlar, minlərlə insanın ona gətirdiyi güllər, çiçəklər onun ölməz ruhunu oxşayır. Bu məzarı ziyarət edən hər kəs “ Allah rəhmət eləsin sənə, igid! Ruhun şad olsun!”- deyir.

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Zaur Ustac – Bu Gün Onların Da Bayramı

Müəllif: Zaur Ustac
  • Bu gün onların da bayramı…
    Ruhunuz şad olsun, Qardaşlar…

    VARMIŞ
    Nə deyim, Allahım sən bilən haqqdır,
    Görəcək günləri görmək də varmış…
    Elçini, İlqarı alıb yanına,
    Zaura sən gözlə, demək də varmış…
    * * *
    Gözün biri gülür, biri ağlayır,
    Ağlaya-ağlaya gülmək də varmış…
    Poladı, Şükürü alıb yanına,
    Zaura sən gözlə, demək də varmış…
    * * *
    Şükür yazdığına, şükür qismətə,
    Dərdin acısını sevmək də varmış…
    Həmdəmi, Rəşadı alıb yanına,
    Zaura sən gözlə, demək də varmış…
  • Müəllif: Zaur Ustac

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Şəhidlər haqqında şeirlər

ZAUR USTACIN YAZILARI

HƏR GÜN NƏFDİR
Altmış üçdən nəf hesablar kişilər,
On səkkizdən başlamışam saymağa…
Kaldan, şitdən daim uzaq durmuşam,
Meylim olub özün tutmuş qaymağa…
* * *
Zənbur kimi çiçək-çiçək gəzmişəm,
Gül üzəndə, tər qönçəsin üzmüşəm,
Qürbət elin cəfasına dözmüşəm,
Bir arzum var, kaş dönəydim oymağa…
* * *
Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…
15.05.2020. Bakı.

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA…
(Poladla, İlqarın məzarı başında)
Hanı qoşun, hanı ləşkər?
Tək qalbdı iki Paşa…
Baiskarı kimdi, bilməm,
Kaş dönəydi özü daşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Əlim üzümdə qalıbdı,
Sözüm ağzımda qalıbdı,
Arzum gözümdə qalıbdı,
Qanım gözdə dönüb yaşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Ustacam, artıb ələmim,
Ta yazmır, sınıb qələmim,
Hər gün də artır sələmim,
Eşqim düzdə dönüb quşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
17.07.2020. II FX. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR…
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

ŞƏRİT ŞAHİD…
Müharibə,
Şərit şahid…
Pandemiya,
Şərit şahid…
* * *
Doğulursan,
Döyülürsən,
Böyüyürsən,
Şərit şahid…
* * *
Toy-büsat var,
Ziyafət var,
Şücaət var,
Şərit şahid…
* * *
Oldun əsgər,
Dəydi xətər,
Verər xəbər,
Şərit şahid…
* * *
Tək bir dəfə,
Etməz vəfa,
Çəkməz cəfa,
Susar şahid…
*Şərit- zivə, paltar ipi.
17.09.2020. Bakı.

YER CƏZA YERİDİR!
Ey insan, unutma;
Almanı xatırla,
Adəmi xatırla,
Həvvanı xatırla!
* * *
Ey insan, unutma;
Əzanı xatırla,
Qəzanı xatırla,
Cəzanı xatırla!
* * *
Ey insan, unutma;
Yer cəza yeridir!
Yer cəza yeridir!
Yer cəza yeridir!
14.09.2020. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RÖVŞƏN HÜSEYNOV – 55

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun doğum günüdür. Yaşasaydı 55 yaşı olacaqdı. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Yubiley yaşın mübarək olsun, Şəhidim!!!

QISA ARAYIŞ:

Rövşən Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər.

Rövşən Hüseynov tələbə tağımının komandiri kimi tələbələrdən ibarət tağımı ilə birlikdə  “N” saylı hərbi-hissə – taborun tərkibində vuruşurdu. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqamətində hücuma keçmişdi. Rövşənin taqımı nəinki ermənilərin iki zirehli texnikasını hətta onlarla canlı qüvvəsini məhv edə bildi. 1992-ci il 11 may Şıxarx uğrunda qanlı döyüşlər gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini alır. Rövşənin başçılıq etdiyi taqım döyüşə atıldı. Onlar mühasirəyə düşən 27 döyüşçünü azad edə bildilər, lakin özləri mühasirəyə düşdülər. Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir. Burada tələbələrdən ikisi həlak olur, digərləri isə mühasirədən çıxa bildilər. Pulemyotu ilə erməni faşistlərinin xeyli hissəsini məhv edən cəsur vətən övladı döyüş meydanında qəhrəmancasına həlak oldu.

YAZARLAR olaraq, Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədi ilə artıq bir neçə ildir ki, “25 YARPAQ” layihəsinin icrası uğurla davam edir. Bu il də bu layihə çərçivəsində gənc yazar Leyla Yaşarın “Daş adam” adlı ilk kitabı işıq üzü görüb.

LAYİHƏ HAQQINDA MƏLUMAT

Layihənin adı:

“25 YARPAQ”

 Layihənin məqsədi:

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək. Gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək.

Birinci Qarabağ Müharibəsi zamanı Bakı Dövlət Universitetində təhsilini yarımçıq qoyaraq torpaqlarımızın müdafiəsinə yollanmış və qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynov timsalında şəhid tələbələrimizi (doxsanıncı illərin sonuna kimi bütün şəhid olmuş tələbələrin portretləri BDU-nun əsas binasının girişində, göz önündə asılmışdı…) xatırlamaq, onların yarımçıq qalan arzularına, Vətən naminə öz istəkləri ilə aldıqları qərarlarla yarım qalmış qısa ömürlərinə diqqət çəkməkdən ibarətdir…. #25yarpaq haştağından istifadə olunur.

Layihənin müddəti:

01.09.2019- cu ildən – MÜDDƏTSİZ.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – MÜQƏDDƏSLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

MÜQƏDDƏSLƏR
(… bütün məzarsız Vətən övladlarına ithaf olunur…)
Səngəri məzarı olan qardaşım,
Hələ də bilinmir əhvalın sənin…
Dəfndən Məada Bərzəx deyirlər,
Məchuldur durumun, məqamın sənin…
* * *
Silahın pas tutub, daha heç atmaz,
Dəbilqən gəzsə də, çəkmən köç etməz,
Kəmər yox olsa da, toqqan heç itməz,
Qumquman olubdu kimliyin sənin…
* * *
Üç rəngli bayrağım süsləyən dağlar,
Hər zirvə minlərlə şəhidi ağlar,
Bənövşə çiçəyi qəlbimi dağlar,
Dağların ağ qarı kəfənin sənin…
* * *
Zaur buz bulaqdan içəmməz daha,
Bənövşə müqəddəs, dərəmməz daha,
Ağ qarı tapdayıb, gəzəmməz daha,
Bu yurdun nəyi var, ünvanın sənin…
09.05.2021. Bakı.

ATALAR
Atalar Yer üzündə Allahın kölgəsidir,
Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir.

* * *
Həm arxa, həm dayaqdı övlada varlı ata;
Uşaq var ata istər, uşaq da varlı ata…

* * *
İstəyirəm gorəsən, mümkün deyil danışmaq,
Belə olur atanın ətəyindən yapışmaq…

* * *
Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq,
Balaca yumruqlarla, “allahlarla” vuruşmaq …

* * *
Həm arxa, həm dayaqdı övlada varlı ata;
Uşaq var ata istər, uşaq da varlı ata…
13.06.2021. Bakı.

İLQAR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Qəhrəman olmaq üçün
Gəlmişdi Yer üzünə.
Silahı sevgi idi,
Qonmuşdu nur üzünə.
* * *
Verdilər İlqar adın,
Böyüdü üzdə vüraq.
Fəxriydi dostun, yadın,
Əhdinə düzdü İlqar.
* * *
Ananın sevinciydi,
Obanın şan-şöhrəti.
Ziyası oldu xalqın,
Əritdi zin-zülməti.
* * *
Gətirdi gedişiylə
Şərəfi, şanı bizə.
Qollara qüvvət oldu,
Təpəri yetdi dizə.
* * *
Məzara düşən gün o,
And içdi mərd oğullar:
-“Bu qanı alacağıq,
Sən rahat uyu, İlqar!”
* * *
İgidlər tutdu sözün,
Bir gündə döndü zaman.
Göstəriş verildi ki,
Düşmənə yoxdur aman!
* * *
Çin oldu arzuları,
Qarabağ oldu azad.
Uyuyur rahat indi,
Şəhidim indi rahat…
21.06.2021. Bakı.

VƏTƏN DAŞI
“Yaşıl”ına yaşıl qatan,
Dizi yaşıl oğullar var!
“Göy”ün açıq olsun deyə,
Göydən buludu qovdular!
* * *
“Qırmızı”na qanın qatan,
Gözü yaşlı analar var!
Sən beləcə şax dur deyə,
Qəddini əydi atalar!
* * *
Haqqın yoxdur; nə solmağa,
Əyilməyə Vətən daşı!
Vətənimin sözüsən sən,
Yadelliyə Vətən daşı!
29.06.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *
Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR – ŞƏHİD MƏZARI

LEYLA YAŞARIN YAZILARI

ŞƏHİD MƏZARI
Uzanan yollara baxan bir məzar daşı vardı. Hündür təpəlikdə özünə məskən salmışdı.
Buradan yayda gözəlliyə bürünən meşələrə, al-əlvan rəngə boyanan çəmənliklərə, sevinclə oynayan uşaqlara baxardı bu soyuq məzar daşı. Payız gələndə saralar solar, qışda qarın buzun altında buzlaşardı sanki…
Nə gələni vardı, nə gedəni. Kimsəsi yoxdu bu məzar daşının. Kimsə bilməzdi kimin yadigarıdı burada uyuyan. Yaxınlığına hərdən uşaqların topu gəlib düşərdi. Onlar da qorxa-qorxa yaxınlaşıb götürərdilər topların. Bir də hərdən özü kimi bir kimsəsiz çoban gələrdi bu tənha məzarın yanına. Qəmli-qəmli tütək çalardı. Bu məzarın ana laylası da, “Quran” sədası da o qəmli musiqi idi…
Əslində kimsənin bilmədiyi, sirlərlə dolu olan bu məzar daşı şəhid məzarıydı. Ata-anasının yeganə göz qarası, bacısın ürək parası, yarının can parası, övladının hər şeyi idi, bu məzar daşı… Uzaq-uzaq ellərdə onu gözləyən neçə-neçə arxasınca həm aglayan, həm axtaran, həm ümid edən ürəklər vardı… Qəlblər qəhrəmanı idi bu şəhid məzarı…
Nənəsi nəvəni dizi üstə oturdub, oxşayıb atasının qəhrəmanlıqlarından tez-tez danışardı. Babası atasının döyüş yoldaşlarının yanına aparardı, anası gecelər xısın-xısın aglayaraq, taleyinə boyun əyib, gözüyaşlı bağrına basar, oxşayardı onu: -“qayıdacaq can bala atan”,- deyərdi. Qayıda bilməsə, bizə göylərdən baxacaq deyərdi… Sən böyüyüb atan kimi olacaqsan deyirdi. Balaca qızarıb şişmış gözlərini silib:- “mən səni qoyub getməyəcəm, atam kimi”, -deyirdi… Anası onu hər dəfə qucaqlayıb:-“atan bizi qoyub getmədi, o, bizi qorumaga getdi”,- deyərdi…
İllər keçdi…Tənha məzar daşı yenə də uzanan yollara qəmli-qəmli baxırdı. Lap az əvvəl çoban laylasın çalıb getmişdi. Yaxınlıqdan maşın səsi gəldi, sanki məzar daşı işıqlandı. Bir yaşlı, qoca babayla bir cavan oğlan ona yaxınlaşırdı. Yaşlı baba oğlana nəsə danışırdı. Get-gedə səs aydınlaşırdı: -“Bax bala, dediyim məzar budur, illərdi burda ziyarətsiz qalıb… Gələni yox, gedəni yox… Sənin axtardığın adam ola bilərmi?” Cavan oğlan ürəyi əsə-əsə, ürkək baxışlarını ad yazılan daşa yönəltdi. Sanki ildırm vurdu onu:- “Ola bilməz! Ola bilməz! Kişi bir anlıq qorxdu… Nə oldu mənim balam?. Bu ola bilməz! Mənim atam ölə bilməz! O, qayıdacaq!”,- deyə hayqırırdı cavan oğlan. Kişi onu sakitləşdirməyə çalışdı. Bir az su verdi, oğlan suyu içib daşı qucaqladı. Hönkürtü ilə ağlamağa başladı. Bu anda illərlə tənha qalıb, özünü məgrur tutan məzar daşı kiçilməyə, əyilməyə başladı sanki… Daşdam qəribə bir hənirti gəldi sanki… Bu hənirti dağlara, daşlara əks-səda verdi. O, artıq təhna deyildi…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR – ŞƏHİDLƏR

LEYLA YAŞARIN YAZILARI

MƏZARLIQDA YANAN İŞIQ
Evinə doğru yol almışdı. Hava qaralmağa doğru gedirdi. Günəş çoxdan öz məkanına çəkilmişdi. Ay taxtına çıxıb yer üzünü nuruyla işıqlandırmağa hazırlaşırdı.
Çox yorulmuşdu bu gün. Gecə yuxuda rəhmətlik atasını görmüşdü. Qarmaqarışıq yuxu idi. Yadında qalan atası, bir də şam idi. Gecə yuxudan qorxub oyanmışdı. Sonra nə qədər etsə də yata bilməmişdi. Başı yaman bərk ağrıyırdı. Yuxunun mənasını nə qədər çalışsa da yoza bilmirdi. İşdə agsaqqalları Rəcəb dayıdan soruşmuşdu. Rəcəb dayının cavabı onu bir az sakitləşdirmişdi.
-Xeyirli yuxudu, bala.
Amma içində bir sual var idi. Atası və şam bunları nə birləşdirir görəsən?
Evə yolu çox uzaq idi. Hərdən yolunu qısaltmaq üçün məzarlıq tərəfdən gedərdi. Özünə təsəlli verə-verə keçərdi məzarlıqdan
-Ölülər diriyə heç nə etməz – deyə.
Bu gün də yolunu qısaltmaq qərarına gəlmişdi.
Məzarlığın çox qədim və maraqlı tarixi var idi. Deyilənə görə burada şəhidlər dəfn edilmişdi.
Bir çox,şəhidin məzar daşı yox idi. Adları da yazılmamışdı. Bunu onunla əlaqələndiridilər ki, mənfur düşmənlər bu qoçaq igidlərimizin məzarlarını tapıb dagıtmasınlar. Yağı düşmənə qan udduran igidlər haqqında, yaşlı nəsil dastan edib danışardılar.
O da atasından eşitmişdi bütün bunları.
Nədən xatırladı gecə-gecə bunları?
Məzarlıqdan keçəcəkdi axı?
Məzarlığa az qalmış gözünə uzaqdan bir işıq göründü. İstədi geri qayıtsın. Yolu yarı etmişdi. Arxada itlər hürüşürdü. Vahimə basdı onu.
Yavaş-yavaş yoluna davam etdi. Bir tərəfdə qorxu, bir tərəfdə maraq onun əlindən tutub məzarlığın ortasına gətirdi. Gecənin zülmətində bura necə gəldiyini anlaya bilmədi. Sanki hansısa sehirli qüvvə ona güc verirdi.
İşıq gələn məzara yaxınlaşdı. Yaxınlaşana kimi xəyalından min cür fikir keçdi. Bəlkə ot alışıb, bəlkə ayın işigı nəyinsə üzərində bərq vurur, hardasa oxumuşdu bəzi falçılar məzatlıqda şam yandırır, bəlkə onlardı? Yuxu yadına düşdü. Ürəyində səksəkə məzara yaxınlaşdı.
Qaranlıq, səssizlik, hərdən gələn çaqqlların ulaşması, ən əsası ölülərin məkanı.
Az qaldı ürəyi dayansın. Ətrafa baxdı. Heç kim yoxdu. Qorxa-qorxa məzara yaxınlaşdı.
Kənara çəkildi, yıxılmaqdan özünü güclə saxladı. Özünü topalayıb, gözlərini ovxalayıb bir də baxdı.
Məzardan səs gəlməyə başladı:
– Ey, bəni insan qorxma…
– Sən kimsən?
– Tanımarsan.
– Bu işıq nədi?
– Sənə bir söz deyəcəm. Xahiş edirəm anama çatdır.
– Mən ananı tanımıram axı.
– Bax, mən şəhidəm.
– Şəhid!?
– Bəli.
Səssizlik hökm sürdü. Artıq ürəklənmişdi. Məzardan gül qoxusu gəlməyə başladı. Ətraf işıqlanmağa başladı.
– Anama de, ağlamasın. Mən cənnətdəyəm. Üzülməsin. Mən rahatam. Mən sağam. Şəhid anası olduğu üçün fəxr etsin.
– Atama de, belini əyməsin. Vüqarlı olsun! Şəhid atası olduğu üçün.
– Bacıma de, başını dik tutsun. Şəhid bacısl olduğu üçün.
– Mən onları tanımıram axı?
– Sən onları tanıyırsan.
Bütün şəhidlər deyir bunu …
Ətrafa baxdı. Heç kim yox idi. işıq çəkilib getmişdi. Yuxusunun mənasını indi anladı…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – YENİ ŞEİRLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

YAZ  SEVDASI  VAR
Bu payız bir başqa gəlir ömrümə,
Güzün gümanında yaz sevdası var.
Xəzana bürünüb bütün bağ, bağça
Güzün gümanında yaz sevdası var.
* * *
Bu xəzan yelimi, ya bahar mehi?
Bivaxt tumurcuqda, tər zəfər zehi,
Qızılı yarpaqda zər qəhər şehi,
Güzün gümanında yaz sevdası var.
* * *
Ustac, tac almısan Haqqın özündən,
Gözəllər xoşhaldır şirin sözündən,
Görməz, qəm süzülür qəmgin gözündən,
Güzün gümanında yaz sevdası var.
29.08.2021. Bakı.

MƏN BABƏKƏM
(“Uşaq boğçası”ndan bir şeir)
Babəkdir mənim adım,
Sırğa et qulağında!
Bir ömür xərcləmişəm,
Hürriyyət sorağında.
***
Bu yurd sənə əmanət,
Bəzz yanan ocağımdır.
Mayası qan lalələr,
İstiqlal sancağımdır!

AZƏRBAYCAN
(“Uşaq boğçası”ndan bir şeir)
Odlar yurdu deyir hamı,
Azərbaycan mənim adım!
Sağım, solum, dörd bir yanım,
Öz canımdan,  qol-qanadım!
***
Nazlı Araz kəmərimdir,
Xudafərin onun qaşı!
Birləşdirir ayrı düşmüş,
Dost-tanış, bacı-qardaşı!

HÜSNÜ PÜNHANA
(birinci şeir)
İsmipünhan deyib, yazıb şairlər,
Mənim müsahibim hüsnü pünhandı.
Səmimi, mehriban, həm zarafatcıl,
Mənim müsahibim hüsnü pünhandı.
* * *
Ürəyi yuxadı, xasiyyəti xoş,
Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”!
Camalın gizlədib, deyir:- “Nəğmə qoş”!
Mənim müsahibim hüsnü pünhandı.
* * *
İsmin bağışlayıb; “Nurlu ləçəkdi”,
Cənnət bağçasında şehli çiçəkdi,
Ustacam, bu iş də bir görəcəkdi,
Mənim müsahibim hüsnü pünhandı.
07.10.2021. Bakı.

BAYRAQ  BİZİM  BAYRAĞIMIZ!!!
Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!
11.10.2021.Bakı.

ŞAHİ-CAHAN
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!
* * *
Taclı şair şeir yazdı dodaqsız,
Canın xanı yaranışdan qonaqsız,
Şahi-cahan, yaşar səssiz, soraqsız,
Hərgah coşsa, o çağını yaza yaz!

YARADAN YARATDI
(Dodaqdəyməz)
Tala tala, meşə meşə, dağı dağ,
Yaradan yaratdı yer naxış-naxış.
Sısqa sısqa, dərya dərya, arxı arx,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Aqil alar dərsi iki alandan,
Haqq ayrılar, çıxar yağtək yalandan,
Həyat keçər, əyri-əyri dalandan,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Taclı Şair, taxtın, tacın sirdi sirr,
Sənə çatan baxtın, bacın sirdi sirr,
Qarşı yatan ağrın, acın sirdi sirr,
Yaradan yaratdı yer naxış-naxış.
07.11.2021. Bakı.

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustdan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

YEL
Kim üçünsə mələkdi,
Kim üçünsə fələkdi,
Nə mələkdi, nə fələk…
Küləkdi bu, küləkdi!
* * *
Arada küsər belə,
Hirs ilə əsər belə,
Ümidi kəsər belə,
Ələkdi bu, ələkdi!
* * *
Yenə əsdi, ələdi,
Acı fikrə bələdi,
Toxu dilək dilədi,
Diləkdi, bu diləkdi!
11.11.2021. Bakı.

NAZLI BALA
Alagözdür, verib Xuda,
Gözəl, göyçək Nazlı bala!
Maşallah olsun, namxuda,
Gözəl, göyçək Nazlı bala!
* * *
Gözü Göyçədən su içib,
Kökdən gəlib, çox yol keçib,
“Donun” Xaliq özü biçib,
Gözəl, göyçək Nazlı bala!
* * *
Ustac bağlı soya, kökə,
Nazlı balam bəyim, bikə,
Züryət hardan hara çəkə!?
Gözəl, Göyçək, Nazlı bala!
11.01.2022. Bakı.

USTACLIYAM
Gözlərimin alalığı,
Ulu Göycəmdən ərmağan.
Ərdəbilin naləsidir,
Ruhum həp eylədi fəğan.
* * *
Yarı Qarqar, yarı Əfkər,
Şəhriliyəm; şaham, tacam!
Şah İsmayıl silahdaşı,
Ustaclı oğlu, Ustacam!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYSU TÜRKEL – ÖLÜMSÜZLÜK ŞƏRBƏTİ yaxud ŞÜKÜR UCALIĞI 

AYSU TÜRKELİN YAZILARI

ÖLÜMSÜZLÜK ŞƏRBƏTİ
yaxud
ŞÜKÜR UCALIĞI 

27 sentyabr… Ardı-arası kəsilməyən güllələrin səsi ilə açıldı səhər. Cəbhəyanı bölgələrdə yaşayan kənd sakinləri yenə də atəşkəsin pozulduğunu zənn etdilər.

Nəriman baba pəncərədən boylandı: – Yenə bu vicdansızlar, bu üzdəniraq kafirlər hücum etmək istəyirlər deyəsən. Kaş ki, Ali Baş Komandan əmr verərdi, şanlı ordumuz bu erməni dığalarını torpaqlarımızdan birdəfəlik süpürüb atardı, – deyə düşündü. Sonra üzünü nəvəsinə tutaraq: – Ay bala, ay bala, o televizoru aç görək. Bəlkə nəsə xoş bir xəbər eşitdik, dedi.

-Yaxşı baba, bu dəqiqə açıram, Nurlan cəld yerindən sıçradı. Nəriman baba zənnində yanılmamışdı, elə “Xəbərlər”in efir vaxtı idi. Atəşkəsin pozulduğu haqqında məlumat verilirdi. Xəbərlərin bitməsinə az qalmış aprıcı yeni məlumatların əldə edilməsini bildirdi və sevinc göz yaşları içində hıçqıra-hıçqıra: “Füzulinin dörd, Cəbrayılın isə iki kəndi işğaldan azad edilib” xəbərini çatdırdı. Xeyli vaxt idi ki, qulaqlar qələbə xəbərinə öyrəşməmişdi. Ona görə də hər kəs heyrət və tərəddüd içində idi. Doğrudurmu? – deyə inam və inamsızlıq içində bir-birini təbrik edir, sevincdən atılıb-düşürdülər. Amma bu bir həqiqət idi. Ordumuz sürətlə irəliləyir, illərdən bəri işğal altında inləyən kənd və qəsəbələrimiz düşmən caynağından qurtulurdu.

-Şükürlər olsun, şükürlər olsun ki, artıq igid əsgərlərimiz irəliləyib, işğal altında olan torpaqlarımızı azad etməyə başlayıblar, – Nəriman babanın gözlərindən od parladı. Elə bil yanağında bərq vuran sevinc yaşları yerə düşüb yox olmaqdan ehtiyatlanırdı.

Görəsən Şükür hansı bölgədə, hansı səngərdədir, neçə vaxtdır bir xəbər də eləmir, – Nəriman baba düşündü. Ciyərparası Əzizəyə, Nurlana, ömür-gün yoldaşı Könülə bir zəng də vurmur. Bəlkə də haqlıdır, axı Vətən, torpaq məhfumu hər şeydən üstündür?! 

Cəbhə bölgəsini, səngəri öz evi sanan Şükür Həmidov döyüşlərin ən fəal iştirakçısı idi. Ömrünü hərb sənətinə həsr etmiş bu cəngavər vətənin dar günündə onun imdadına çatmaqdan qürur duyurdu. O, hələ 4 il öncə Qarabağa gedən yolda atılan ilk addım olan Aprel döyüşlərində iştirak etmiş və misilsiz qəhrəmanlıq nümayiş etdirmişdir. O zaman Şükür Həmidov  Horadiz şəhərində “N” saylı hərbi hissənin komandiri idi. O, üzərinə düşən vəzifənin öhdəsindən məharətlə gəlmiş, gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelərini, strateji nöqtələri, o cümlədən Lələtəpə zirvəsinin işğaldan azad edilməsində böyük rol oynamışdı. Elə bu səbəbdən də son 17 ildə sağlığında ilk Milli Qəhrəman adını alan şəxs kimi tarixə düşmüşdü. Amma hazırda Qarabağ uğrunda gedən döyüşlərdə daha böyük qəhrəmanlıq göstərməli idi. Çünki bu, Qarabağın azadlığı uğrunda atılan ən böyük addım olacaqdı. Vətən onu imdada səsləyirdi.

Şükür Vətəni qanı, canı bahasına olsa belə qorumağı, “Vətən!” deyə hayqıran əsgərləri ilə birgə Qarabağı işğaldan azad etməyi qarşısına məqsəd qoymuşdu. Onun ən böyük amalı da elə bu idi. Döyüşə yollanmazdan əvvəl onlara tövsiyyələr verir, nəyin bahasına olursa-olsun döyüşdə bir addım da geriyə çəkilməyəcəklərini, illərlə ürəklərdə yığılıb qalan yurd həsrətinin bitməsi üçün qisas məqamının yetişdiyini bildirirdi:

-Şanlı Azərbaycan ordusunun yenilməz əsgərləri, 30 ildir biz itirdiyimiz yurd həsrəti ilə yaşayırıq! Artıq vətənə olan borcumuzu yerinə yetirmək zamanıdır! Sizə hücum tapşırığı gələndə qartal kimi şığıyıb düşmənləri məhv edib, o müqəddəs torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırmalısınız! Bu müqəddəs yolda şəhid də ola bilərsiniz! Hər bir igid getdiyi haqq yolunda şəhadətə hazır olmalıdır! Amma öncə ölmək yox, öldürməyi düşünməliyik.

Coşqun çay kimi kükrəyən kəlmələr əsgərləri nə qədər ruhlandırırdısa, bir o qədər də onların məsuliyyətini artırırdı. Döyüşə yollanan əsgərlər irəli atılanda komandirin söylədiyi kimi düşməni öldürmək üçün sanki yarışa çıxırdılar. Bu mübarizədən qalib çıxmaq üçün alternativ tədbirlərdən istifadə edir, düşməni aldadıcı zərbələrlə mühasirəyə salmağa çalışırdılar. Odur ki, cəsarəti, təpəri, əzmi ilə düşməni əzib keçməyi bacarırdı Azərbaycan əsgəri. Qisas hissi ilə alovlanan qəlbin qığılcımı idi igidlərə döyüşmək üçün güc verən. Şükür Həmidov da bu döyüşlərdə əsgərləri ilə çiyin-çiyinə idi.

Füzuli istiqamətində vəziyyət xeyli gərginləşmişdi. Ən ağır döyüşlərdən biri olacağını Şükür əvvəlcədən təxmin edirdi. Elə bu səbəbdən də o, əsgərlərinə ehtiyatlı olmağı və çevik tərpənməyi tapşırmışdı. Zaman keçdikcə döyüşlər daha da qızışırdı. Xeyli şəhid və yaralıların olduğunu nəzərə alan Şükür əmr etdi ki, cəsədləri də, yaralıları da təhlükəsiz yerə çəksinlər. Özü isə digər silahdaşları ilə birlikdə düşmənə tərəf irəliləməyə çalışdı. Düşmənin Füzuli istiqamətində ən güclü müdafiə olunan mövqelərini darmadağın edərək, Füzulinin bütün ərazisini işğalçılardan tamamilə təmizlədilər.

  • İgid əsgərlərim Füzulini işğaldan azad etməyi bacardıq! Gözümüz aydın! Biz bunu şəhidlərimizin, yaralılarımızın qanı bahasına qazandıq! Amma bu qələbəmiz bizi nə qədər sevindirirsə, bir o qədər də ruhlandırmalıdır. Çünki hələ irəlidə neçə-neçə azad olunası torpaqlarımız, neçə bayraq taxacağımız zirvələr var! Haydı, igidlər, irəli! – polkovnik Şükür Həmidov sözünü tamamlayıb cəng meydanına yenidən atıldı.

Günlər bir-birini əvəz edir və hər gün igidlərin yeni zəfər müjdələrini eşidirdik. Oktyabrın 20-si Şükür Qubadlı rayonu ərazisində döyüşlərə qatıldı. O bu istiqamətdə də məğrurluğu ilə əsgərlərinə örnək oldu. Həftələrlə uzanan döyüşlərin yorğunluğu Şükürü daha məğrur və yenilməz edirdi. Ac-susuz günlərin, yuxusuz gecələrin uzunluğuna baxmayaraq Şükür əzmlə, mətanətlə döyüşür, yorulmaq bilmirdi. Çünki başladığı işi sona çatdırmamışdı. Yorğunluq hissi də onun bu əzəmətli duruşu qarşısında aciz idi.

Qubadlı istiqamətində gedən döyüşlərdə 1 gün ərzində 12 yaşayış məntəqəsi işğaldan azad edildi. Şəhərin bir addımlığında yerləşən Mahmudlu kəndi uğrunda şiddətli döyüşlər səngimək bilmirdi. Təəssüf ki, bu döyüş Şükürün son döyüşü oldu. Yəqin ki, Şükürə elə burada şəhidlik şərbətin içmək nəsib imiş. Beləcə, o da Xarı bülbül ətrafında birləşən şəhidlər cərgəsinə düşdü. Ölümüylə, ölümsüzlüyə qovuşdu!

Nəriman baba bir qüllab vurub siqareti külqabında söndürdü. Bayaqdan bəri masa üstdə buxarlanan çay isə soyuyub buza dönmüşdü. Könül xanım canından artıq sevdiyi ömür-gün yoldaşına demək istədiklərini torpağa gömmüşdü o gün. Amma hər kəsin bir təsəllisi vardı. Şükür ən ali məqama – Tanrı dərgahına ucalmışdı. Və o, ölümü ilə hərb tariximizin şanlı səhifəsinə qəhrəmanlıq dastanını yazmışdı.

Televizor hələ də açıq idi, deyəsən “Xəbərlər” proqramı davam edirdi. Cəbhədən xoş xəbərlər gəlməkdə idi.

Müəllif: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru