Yenə bu gecə sanki xəyal girdabına batmışdım. Nə fikirləşdiyimi, nə qərarda olduğumu bilmirdim. Çünki fikirləşdikcə fikirlərim parçalanır, ağlıma qəribə fikirlər gəlirdi. Axır ki, qərara gəldim və qərarım bu idi ki, onunla danışıb məsləhətləşməliyəm. Lakin içimdə olan fikirlər, sanki onu görməyəcəyimi, xəstəxanaya getməyimin faydasız olduğunu deyirdi. Mən onun həyatda dostu, bəlkə də sirdaşı idim. Amma onun mənim üçün kim olması, həmişə mənə maraqlı idi. Çünki ilk dəfə onu görəndə, bu şəxs mənə çox tanış gəlmişdi. Biz onunla o qədər səmimi danışmışdıq ki, elə bilirdim O, mənim ən doğma adamımdır. Bu qədər əzab-əziyyət çəkməsinə baxmayaraq həmişə nikbin idi. Ağciyərləri neçə illər idi ki, xəstə idi. Amma O, bu halına gorə Allaha şükür edir və sağalıb, Yeganəsinin yanına qayıdacağı günü gözləyirdi. O, mənə sevgi tarixçəsini, keşməkeşli həyatını danışanda, mənə çox qəribə gələrdi ki, görəsən bu insan o qədər əziyyətə necə dözüb. Bir dəfə yaxşı yadımdadır, ona sual etdim ki, necə olub sənin kimi gözəl əxlaqlı adam zindana düşüb? O, həyatını danışmağa başladı. Dedi: Bir gün xanımımla küçədə idim, iki nəfər xanımıma söz atdı və mübahisə dava oldu. Heç bilmədim bıçaq hardan çıxdı və birdə onda gördüm, bir nəfər yerə yıxılıb. Sonralar o adamın axırı necə oldu bilmədim, amma mən isə dəmir barmaqlıqlar arasında idim. Sonra isə zindan həyatı, həyatımı dəyişdı və cavan ömrüm bu hala düşdü deyərək üzümə baxdı. Hər dəfə suallar verib onun keçmişini soruşmağım məni ona dahada yaxın etmışdir. Bu gün isə onun bütün həyatı barədə öyrənəcəkdim. Hətta yoldaşının və qızının ünvanında axtarıb tapmaq niyyətində idim. Bu fikirlərlə xəstəxananın həyətində dayanmışdım və xəstəxana pilləkənlərinə doğru addımlamaq istəyirdim, amma içimdəki həyəcan, təlaş qəlbimi yaman bürümüşdür. Xəstəxananın 5-ci mərtəbəsinə çıxıb bir-bir xəstəxana otaqlarını saymağa başladım və budur Onun otağıdır. Dayandım, sanki qəlbimin dərinliyində bir səs mənə, getmə artıq gecdir deyirdi. Lakin qapını döyüb gözlədim. Buyurun kəlməsindən sonra otağın qapısını açıb içəri daxil oldum. Tanımadığım dünyaya düsmüşdüm, nə deyəcəyimi də sanki unutmuşdum. Özümü ələ alıb Elçin burda müalicə almırmı? məgər dedim. Otaqdakılar mənim təlaşımı gorüb, buyurun əyləşin indi gələr, deyərək mənə yer göstərdilər. Bu sözdən sonra özümə gəldim, mənə göstərilən yerdə əyləşdim. O,artıq sağdı düşündüm. Otaqda olan xəstələrlə söhbət eləməyə başladım. Mənim kim olduğumu, Elçini hardan tanıdığımı soruşur, hərdən də gözəl söhbətlər edirdilər. Xəstəxanadan gələn dərman qoxusu ilə bərabər, xəstələrin iztirablı baxışları dözülməz idi. Amma bəzən xəyal girdabına düşən fikirlərimi görən xəstələr, söhbətlərinə ara verərək mənim xəyal dünyamın qapısın açmaq istəmirdilər. Bir neçə saat keçməsinə baxmayaraq, hələ də ondan xəbər yox idi. Onun otaq yoldaşlarına nəzər salıb belə sual etdim. Bəs Elçin bu saata qədər harda qaldı ki gəlib çıxmadı? Otaqdakılardan biri diqqətlə üzümə baxıb dedi ki, qardas bağışla, sən elə vəziyyətdə içəri daxil oldun, elə pərişan idin ki, biz sənə əsil həqiqəti deyə bilmədik. O, gedib daha yoxdur deyərək, xəstə olan şəxs birdən hönkürdü. Yenə də heç nə başa düşə bilmədim, fikirləşdim ki, bəlkə onu dincəlmək üçün evə buraxıblar, amma oğlanın ağlamağı məni qəlbən sarsıtdı. İçimdəki şübhələr, hisslər yenə məni incitməyə başladı. Sanki kimsə mənə sən artıq gecikmisən, o qatar dünən gedib, sən isə sərnişin olaraq o qatara çata bilməmisən, aldığın bilet də əlində qalıb deyirdi. Oğlana yenə sual etdim ki, yəni dediyiniz şəxs evə buraxılıb, düzmü başa düsdüm? O, isə cavabında xeyr, O artıq bu dünyada yoxdur. Hər şey aydın oldu. Sanki içimdə hər şey qırıldı və necə olub ki, Elçin ölüb deyə bildim. Oğlan isə dünən olan hadisəni danışmağa başlayaraq dedi: hər kəs bu hadisəyə mat qalıb, Elçin səhər burda olan insanlarla sağollaşıb, halallaşıb və deyib ki, mən artıq burdan gedirəm. Sonra xəstəxananın həyətinə düşüb, həyətdəki oturacaqlardan birinə oturub və xəstəxanaya baxıb, elə həmin yerdə gözlərini yumub. Həyətdəki şəxslər qışqırıblar ki, burda cavan oğlan ölür, kömək edin! Amma artıq O, ölmüşdür. Deməli dünən səhər deyərək içimdən hıçqırtı qopdu. Mən dünən gələcəkdim, hiss etmişdim ki, nə isə olub, təəsüflər olsun ki, gələ bilmədim. Lakin hisslərimə heç vaxt inanmırdım, demə hisslərim məni bura gəlməyə məcbur edirmiş. Otaqdakı şəxslər mənim halımı görüb təəsüflə dedilər: O, sizi arzulayırdı, nə isə deyəcəkdir sizə, amma bu baş tutmadı və bu müəmmalı ölüm onun cavan həyatına son qoydu. Artıq orda qala bilməzdim, onlarla sağollaşıb xəstəxananın pilləkanları ilə aşağı düsdüm və dünən Elçinin son dəfə əyləşdiyi yerə baxdım. Xəstəxananın həyətindən çıxıb, küçə boyu getməyə başladım. İndi beynimdə iki fikir dolaşırdı. Görəsən Elçin mənə ölümündən qabaq nə deyəcəkdi və Onun Yeganəsi hal-hazırda hardadır?
XOCALI DƏRDİNƏ DƏRMAN GƏZİRƏM Xocalım, qəlblərə dağın çat salıb, İntizar gözlərin yollarda qalıb, Səni çox zəhərli bir ilan çalıb, İllərdir, dərdinə dərman gəzirəm. *** O dəhşəti bircə-bircə görmüşəm, Qəm meyvəsin elə onda dərmişəm, Sünbüllü qəmimdən taya hörmüşəm, Dərdimi döyməyə xırman gəzirəm. *** Boynu bükük qalıb hər Qarabağlı, Ədalət gəzirəm — qapılar bağlı, Nə qədər qalacaq ürəyim dağlı? Dağ üyüdən bir dəyirman gəzirəm. *** Nə vaxtacan qanım yerdə qalacaq? Analar nə qədər saçın yolacaq? Allah, zəfər günüm haçan olacaq? Qisasa çağıran fərman gəzirəm. *** Söhbətlə əzabım deyil düzələn, Qisasım təzələn, kinim təzələn! Üzü Qarabağa səf-səf düzülən, Xocalı ünvanlı karvan gəzirəm. *** Deyə bilməmişəm hələ sözümü, Qəm basıbdı yerə baxan gözümü, Xəcalətli, hələ qara üzümü, Gizlətməyə bir sıx orman gəzirəm. *** Düşmən əlindədir o qeyrət Tacım, Eşit, ay qardaşım, ay əziz bacım, Qisasdır! Qisasdır, yalnız əlacım, Qüdrətli bir təbib, loğman gəzirəm. Qisası almağa meydan gəzirəm! 25 fevral 2016-cı il
Dünya “zor dilində” danışır yenə, Min il də, yüz il də əvvəl beləymiş… Həqiqət gör necə düşüb düyünə, Ədalət libasın şər geyinərmiş.
Sevgidən güc alıb qələmim, Allah, Kini, ədavəti düşmən seçibdi. Qanım qisas deyir, məndə yox günah, Yağı öz boyuna ölüm biçibdir…
Zaman-zaman fürsət düşən kimi Azərbaycan torpaqlarına qəsd etdi məkrli erməni. Biz də bu məkrin burulğanında unutqan olduq…biganə olduq… 1992-ci il fevralın iyirmi beşindən iyimi altısına keçən gecə…düşmən növbəti qəsbkarlığını – Xocalı soyqırımını həyata keçirdi. Xocalı qətliamı Azərbaycan tarixinə qanla yazıldı. Qanla yazılan tarix gələcək nəsillərin qan yaddaşının ibrət dərsi olmalıdır. Yoxsa…
İyirmi beş fevral… şaxtalı gecə… Yazım bu ağrını bilmirəm necə?! Xocalı söyləsin qoy bircə-bircə… Əsrin müsübəti-Xocalı səsi!
Qələmlə göz yaşım axdı kağıza, Qəmdən uyuşmuşdu dil də ağızda, Ləkə gətirəndə gəlinə-qiza… Əsrin müsibəti -Xocalı səsi!
Qaralan buludlar səpər yağışı, Ürək qübarından tökər göz yaşı… Neçə soydaşımın kəsildi başı, Əsrin müsibəti – Xocalı səsi!
Müdhiş bir gecədə qaniçən, zalım Əsrin sinəsində açdı bir şırım. Xocalı dəhşəti qanlı soyqırım, Əsrin müsibəti – Xocalı səsi.
O dinc əhalinin yolu bağlandı, Haray ərşə qalxdı, sinə dağladı. Körpə naləsindən göylər ağladı… Əsrin müsibəti – Xocalı səsi!
“Üç yüz altmış altı” qanlı bir alay, Erməni cəlladdan umdu sərvət, pay. Tanklar Xocalıda qopardı haray, Əsrin müsibəti – Xocalı səsi!
Gözü qabağında balanın ana, Ərin qarşısında qadını-sona, Baba, ata-bala bulandı qana, Əsrin müsibəti – Xocalı səsi!
Süngüyə keçrildi südəmər körpə, Cəlladın əliylə boğazlar ipə… Başsiz cəsədərdən quruldu təpə, Əsrin müsibəti – Xocalı səsi!
Yüzlərlə soydaşim yetrildi qətlə, Neçəsi çəkildi gözündən milə. Bilinmir neçəsi əsirdir hələ… Əsrin müsibəti – Xocalı səsi!
Qanlı köynəkdədir dağlar, təpələr, Haqqın sinəsində at oynadır şər. Eşitsin nəsillər, qoy bilsin bəşər- Əsrin müsibəti – Xocalı səsi!
Kəsdikcə başları qansoran, cəllad, Köməksiz Xocalı qopardı fəryad. Zaman buna özü verəcəkmi ad? Əsrin müsibəti – Xocalı səsi!
Gözümdən həsrətin elə axır ki, İnci tək dağılır,yığa bilmirəm. Ölmüş ürəyimin daş divarını, Sevgiylə əridib, yıxa bilmirəm. * * * Ovunmaq istədim, telə dolmuşam, Mizrabı yandırıb, zilə dolmuşam, Elə kövrəlmişəm, elə dolmuşam, Daha yağış olub yağa bilmirəm. * * * Qan damır sən dolu bəbəklərimdən, Elə ələnmişəm ələklərimdən, Qismətim yox imiş çörəklərindən, Küt oldum, təndirdən çıxa bilmirəm. * * * Misra göyərtmişəm, şeir bitibdi, Bir pəri könlündə şair itibdi, Tanrının əlinə əlim yetibdi, Neyləyim, başqa əl sıxa bilmirəm. * * * Çıxmazda qalmışam, əlac gəzirəm, Sevgi dəryasında mən aç gəzirəm, Tanrı, möhtacınam, Merac gəzirəm, Qəlbindən başqasın yuxa bilmirəm. Müəllif: Təranə Arifqızı
Anam iflic idi,7 il çəkdi… 7 il nə çəkdi,bir özü bildi, Bir də Allah! Küçədə,bazarda,toyda,hüzürdə görünməyəndə hamı zənn etdi ki,ölüb. -Əslində ölmüşdü,ömrü gedirdi… Çox işləməkdəndi yəqin ki,əvvəl sağ əli dayandı, Sonra yorulub sağ ayağı da yerimədi. Daha sonra dili danışmaq istəmədi,sözlər yavaş-yavaş uçub getdi… Axırıncı iki söz qalanda bildik anamın sözlərinin qurtaqdığını… Anası rəhmətə gedəndə anamın 7 yaşı varmış.Qadın körpə qızını Allaha əmanət edib köçmüşdü. Allah qızcığaza yaxşı baxdı,yetimlikdən çıxardı. Könül verdi,aşiq oldu,evləndi,ev-eşik oldu… Bu dəfə Allah yoruldu. Gördü ki,sağlam ata,sağlam ana,uşağını atan,ata-anasını atan,hamı “Allaha əmanət ol!” deyir… Son 7 ildə Allah anamızı bizə tapşırdı. O da hər gün Allahı və anasını yad edirdi. Doğma atasından,ögey anasından hələm-hələm danışmazdı. -Bu evliliyə qarşı olan varsa,ya indi desin,ya da əbədiyyətə qədər sussun! Anam susmağı tərcih etdi… İtirməkdən qorxduğu üçün bütün sevdiklərindən əvvəl ölmək istəyirdi anam. Əvvəllər itkin qardaşını həmişə deyib ağlardı: -Gəl,ay qardaş eyyy…
Qardaş,ürəyim qardaş, Arxam,qirəyim,qardaş, Sən dəmi atdın məni, Sənə nə deyim,qardaş?!
Dərd çəkən idi qadın. Elə çəkirdi ki,heç baca elə tüstü çəkməzdi. Qurunun oduna yanan yaşın tüstüsü də onun təpəsindən çıxırdı… İflic olandan sonra atamdan utanmağa başlamışdı, İşləyən əli ilə hərəkətsiz qolunu tutub atama göstərir, və üzrxahlıq edərcəsinə ağlayırdı.Yəni,günah bunlardadı,yoxsa mən ölənəcən sənin qulluğunu edəcəkdim… Uşaq olanda böyük oğlum bir gəfə soruşmuşdu:- Ana,sənin anan hambal işləyirdi? O ki,varsa güldüm,sonra bir o qədər ağladım… -Bəli,qul idi,əzik idi,ürəyi bütöv, sözü keçən,hökmü yeriyən olmamışdı anam!.. Atam da,elə biz də qədrini-qiymətini bilmədik onun. Sonradan o ağır,azdanışan,sərt kişi:-Bədbəxtin qızı elə deyirdi!..deyirdi… Görəcəkli günləri sonda imiş onun da… Anamın xəstəliklərini hələ indi-indi kəşf edirik; təzyiqi yuxarı olurmuş…zobu da varmış…bəlkə də son vaxtlar gözü görmürdü… Özümüzdəki əlamətlərlə tutuşdururuq onun hallarını… Bir arzusu da vardı:-Sizi öz əllərimlə köçürmək istəyirəm,deyirdi… (Altı qızdan ikisini ər evinə özü yola salmışdı.) Olmadı… O bizi yox,biz onu köçürdük,Allahın əmanətini onun özünə qaytardıq… Müəllif: Nübar Eldarqızı
Danışdım hər şeyi, danışdım sənə, əsl həqiqəti, bilmədən güldün, dünya da fanidir, söylədim sənə, bir anlıq dayanıb, dəlisən dedin.
Baxdın bu həyatın, gedişatına, bilmədin bu həyat, müvəqqətidir, düşündün həmişə, yaşayacaqsan, amma bilmədin ki, həm də ölüm var.
Dünyaya aldandın, yaşadın necə, dünyaya aldanan, elə uduzar, düşünər dünya da, həmişə vardır amma vaxt vədəsi, yetişər bir gün.
Dünyada nə etdin, hesabı vardı soruşacaqlar ki, nələr etmisən, mən olmayacağam, gülüb gedəsən, danışdıqlarımı, biləsən nağıl.
YENƏ QAR YAĞIR
Yenə qar yağır, düşüncələrə. Uşaqlar da sevinib, qəmin divarlarından uzağa baxırlar. Parçalanmış hisslərlə, bir-birlərinə qar atırlar. Yenə qar yağır, pəncərədən bir kişi baxaraq, qarın maşına vuracağı zıyanı düşünür , kədərlənir. Bir kişi zibil yeşiklərində, çörək axtarır, göy üzünə baxaraq, nəsə pıçıldayır. Onu çağırır, bizə rəhim elə deyir.
(Deyir, deyib ki “qız, səni şair edəcəm”) Olmasın heç sözdə kəsər, “Qa”ki dedin, yağlı əsər, Böylə yazır cümlə bəşər, Yaz! səni şair edəcəm, Qız, səni şair edəcəm. * * * Cibin məmnun, beş üç manat, Gözün xumar, sərxoş həyat, Yum gözünü, xumarlan, yat! Yaz səni şair edəcəm, Qız, səni şair edəcəm. * * * Cismi qoy şöhrət yoluna, Şöhrət can qatar quluna, Çalmasan da tax qoluna- Saz, səni şair edəcəm, Qız, səni şair edəcəm. * * * Ocaq çatmısan içimdə, Olmaz Huri sən biçimdə, Boğacam sərvət içində Az, səni şair edəcəm, Qız, səni şair edəcəm! * * * Dəb olacaq cızmaqara, Oxu bəmdən “para, para”, Əcəlim ol, çəksin dara Naz, səni şair edəcəm, Qız, səni şair edəcəm. * * * Köz söndürər kömür satan, Pasa dönər dəmir tutan, Lalə haqqsan, budur xatan, Söz, səni şair edəcəm, Qız, səni şair edəcəm.
Lalə İsmayı– İsmayılova Lalə Barat qızı 02 fevral 1972 – ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Zəngilan rayonun Yuxarı Yeməzli kəndində anadan olmuşdur. Hal-hazırda Bakı şəhərində yaşayır. Təhsil sahəsində çalışmaqla yanaşı, ədəbi yaradıcılıqla da məşğuldur.
Müntəzəm olaraq ölkəmizdə və onun hüdudları xaricində yazıları dərc olunur. Şeirlərində milli ruh, xalqa yaxınlıq, folklora bağlıq qabarıq şəkildə hiss olunur.