MÜQƏDDƏSLƏR (… bütün məzarsız Vətən övladlarına ithaf olunur…) Səngəri məzarı olan qardaşım, Hələ də bilinmir əhvalın sənin… Dəfndən Məada Bərzəx deyirlər, Məchuldur durumun, məqamın sənin… * * * Silahın pas tutub, daha heç atmaz, Dəbilqən gəzsə də, çəkmən köç etməz, Kəmər yox olsa da, toqqan heç itməz, Qumquman olubdu kimliyin sənin… * * * Üç rəngli bayrağım süsləyən dağlar, Hər zirvə minlərlə şəhidi ağlar, Bənövşə çiçəyi qəlbimi dağlar, Dağların ağ qarı kəfənin sənin… * * * Zaur buz bulaqdan içəmməz daha, Bənövşə müqəddəs, dərəmməz daha, Ağ qarı tapdayıb, gəzəmməz daha, Bu yurdun nəyi var, ünvanın sənin… 09.05.2021. Bakı.
ATALAR Atalar Yer üzündə Allahın kölgəsidir, Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir.
* * * Həm arxa, həm dayaqdı övlada varlı ata; Uşaq var ata istər, uşaq da varlı ata…
* * * İstəyirəm gorəsən, mümkün deyil danışmaq, Belə olur atanın ətəyindən yapışmaq…
* * * Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq, Balaca yumruqlarla, “allahlarla” vuruşmaq …
* * * Həm arxa, həm dayaqdı övlada varlı ata; Uşaq var ata istər, uşaq da varlı ata… 13.06.2021. Bakı.
İLQAR (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Qəhrəman olmaq üçün Gəlmişdi Yer üzünə. Silahı sevgi idi, Qonmuşdu nur üzünə. * * * Verdilər İlqar adın, Böyüdü üzdə vüraq. Fəxriydi dostun, yadın, Əhdinə düzdü İlqar. * * * Ananın sevinciydi, Obanın şan-şöhrəti. Ziyası oldu xalqın, Əritdi zin-zülməti. * * * Gətirdi gedişiylə Şərəfi, şanı bizə. Qollara qüvvət oldu, Təpəri yetdi dizə. * * * Məzara düşən gün o, And içdi mərd oğullar: -“Bu qanı alacağıq, Sən rahat uyu, İlqar!” * * * İgidlər tutdu sözün, Bir gündə döndü zaman. Göstəriş verildi ki, Düşmənə yoxdur aman! * * * Çin oldu arzuları, Qarabağ oldu azad. Uyuyur rahat indi, Şəhidim indi rahat… 21.06.2021. Bakı.
VƏTƏN DAŞI “Yaşıl”ına yaşıl qatan, Dizi yaşıl oğullar var! “Göy”ün açıq olsun deyə, Göydən buludu qovdular! * * * “Qırmızı”na qanın qatan, Gözü yaşlı analar var! Sən beləcə şax dur deyə, Qəddini əydi atalar! * * * Haqqın yoxdur; nə solmağa, Əyilməyə Vətən daşı! Vətənimin sözüsən sən, Yadelliyə Vətən daşı! 29.06.2021. Bakı.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * * Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
ÖMRÜN BİTDİYİ GÜN Kəndə çatmagına az qalmışdı. Hava get-gedə qaralırdı. Qüruba bələnən günəşin gözəlliyi bərq vururdu. Qamişlığın arasında rəngi dəyişib, lilə qarışmış, üfunət iyi verən, qurbağaların məskən saldığı balaca gölməçə günəşin son şüaları ilə sanki gözəlləşirdi.. Susuzluqdan çadar-çadar olmuş torpaq həsrətlə yağışın insafa gəlməyini gözləyirdi… torpaqdan gün ərzində günəşin istisinə bürünmüş bir qoxu qalxırdı… Tənha çaqqalların səsi artmağa başlamışdı… Qaranlıq düşürdü… Heydən düşmüş ayaqlarını sürüyə-sürüyə, son ümid damlasını özünə güc edən Qafur bir neçə saniyəlik dayanıb illərdi həsrət qaldıgı havanı ciyərlərinə çəkdi, sanki xəstəlikdən büzüşüb məhv olmaq üzrə olan ciyəri Vətənin havasıyla dolub sağaldı. Gözündə illərdi quruyub qalmış bir damcı yaş yanağını islatdı… Arzularını əlinə alıb birinci döngədən döndü… artıq qapılardan hürməkdən yorulan itlərin səsi gəlirdi. Evlərə baxdlqca xəyallara dalırdı… bu döngələrdə yaşıdlarıyla ayaqyalın, başıaçıq o qədər gəzib dolaşmışdı ki… Bax bu Məsmə xalanın təndirinin yeridi… hər təndirə çörək yapanda onlara balaca çubuqlara keçrilmiş xoş qoxulu çörək verərdi… indi yerində səliqəli, bəzəkli bir dükan var idi… Bir qədər getdikdən sonra qarşısına çıxan bulagı tanıdı. Burdan o qədər su daşımaqda kömək edərdiki hər kəsə… indi yerini Şəhid bulağı tuturdu… Ovucuna su alıb bir qurtum içdi, sanki bir qədər gümrahlaşdı. Addımlarını daha rahat atmaga başladı… ilk rastına çıxan qapının zəngini çaldı… Bu qapının kimin olduğunu xatırlamağa çalışdı… Hə xatırladı… Qulu dayıgilin qapısı idi. Qonaqlı-qaralı mehriban bir adam idi Qulu dayı… Yoldaşı Səmayə xala, uşaqları Səməd, Mehman, Səbinə qonşuların sevimlisi idilər… Xəyallar aləmindən cəftənin səsi ayırdı onu… Qapını hündür, sarışın bir adam açdı, gələnin kim oldugunu, kimi axtardıgını soruşdu… Diqqətlə baxanda Mehmanı tanıdı… Tanışlıq vermək istəmədi… Bir Allah qonağıyam dedi… Mehman ürkək baxışlarla onu süzüb Allahın qonağını qapıda saxlamazlar deyib, ehtiyatla onu içəri dəvət etdi… Həyətdə bir böyük tut ağacı vardı… Altında stol-stul … Samavar dəmdə… Həmən tut agacıydı… Altına salafan sərib, çırpıb doyunca yedikləri ag tut… Ağac qocalsa da məğrurluğun saxlamağa çalışmış, hələ də bar verməkdə davam etmişdi… Mehmanın səsi aləmi başlna götürmüşdü: “Ay uşaq görmürsünüz qonaq var?” Gəlin çaydan-çörəkdən verin… Uzaq yol gələnə oxşayır, üzündən yorğunluq yagır… Sonra üzünü Qafura tutub:- “Otur qardaş, niyə ayaqüstəsən? Bir az dincəl, özünə gəl… Ye. İç… De görək kimsən, nəçisən, hardan gəlirsən, hara gedirsən?” Bir azdan stolun üstünə düzülən nemətlər onu kövrəltdi… Durub Mehmanı doyunca qucaqlayıb aglamaq istədi… Özünü topalayıb udquna-udquna, qəhərinə sığınaraq ləzzətli samavar çayını içdi… Bir qismət olandan yeyib Mehmanın üzünə minnətdarlıq dolu baxışlarla baxdı. – Ay qardaş mənə yaman tanış gəlirsən. Bayaqdan baxıram kiməsə oxşadıram səni, bizim kəndin adamına oxşayırsan… Qafur icazə istəyib bir siqaret yandırdı… Əlləri əsə-əsə, siqaretin tüstüsündə boğula-boğula fikrə getdi… Evin tək oğlu, dörd bacının göz qarasıydı Qafur. Atası Mərdan kişi zəhmətkeş, kəndinin sayıb-seçilən agsaqqal kişilərindən biri, anası Firuzə ana evdar qadın idi. Kəndin içində tanınan ailələrindən biri olan bu ailə öz halal zəhmətilə dolanardı. Atası Mərdan kişi təhsilsiz olsa da uşaqlarının gələcəyini həmişə düşünür, əllərinin çörəyə çatması üçün bir peşə sahibi olsunlar istəyirdi. Orta məktəbdə oxuyanda daima dərslərinə nəzarət edər, maraqlanardı Mərdan kişi… Ən çox Qafurun təhsil almağını istəyirdi. Onun müəllim olmasının tərəfdarıydı. Ancaq həyat onlara başqa bir tale yazdı… Gün gəldi balaca dəcəl Qafur atasının istəyini reallaşdırdı. Ali məktəbə qəbul olundu. Atanın sevinci yerə göyə sıgmırdı. Balaca, kasıb daxmasının qapısını hər kəsə açdı. Saxladığı qoyunlardan kəsdirib qurban payladı. Zarafat deyil oğlu müəllim olub qayıdacaq, kənddə neçə neçə evlərə işiqlı gələcək bəxş edəcəkdi… Qafur danışdıqca boğulur, dayanır, gözünü yumub açıb yenidən davam edirdi. Ona çox ağır idi illər sonra bu günündə iz qoyan keçmişi xatlrlamaq… İstəsə də istəməsə də xatırlamalıydı… Bu onun həyat yolu, ömür hekayəsiydi. Tələbəliyin dadını təzə çıxatmağa başlayırdı ki, atasından qəribə bir məktub aldı. Qafur, oğlum, durma gəl, qeyrətimiz əldən gedəcək. Məktubun məzmunu ona çox qəribə gəlmişdi. Ağlına min cür fikir gəlirdi. Görən bacılarından hansısa pis hərəkətmi edib? Ağlına sığışdlra bilmir, özünə yaxın qoymurdu bu cür fikirləri… Bəs əgər elədirsə ne edəcək, nə etməlidir deyə düşünürdü. Bir gecə ona bir ilə bərabər oldu… Səhər əl üzünü yuyub, heç nə yemədən vağzala gəldi. Rayona birinci çıxan maşınla kəndlərinə üz qoydu… Ağlında hər şeyi götür qoy- edirdi. Yanında oturan insanlar nədənsə çox, sakit, xısın-xısın danışırdılar. Bu daha da onun şübhələrin artırırdı. Kəndə çatmağını o qədər çox istəyiirdiki… Budur artıq kəndə çox az qalıb… Nəhayət ki… Qafur diqqətlə ona qulaq asan Mehmandan üzr istəyib bir siqaret yandırdı, siqaretin tüstüsünün kölgəsində yenidən danışmağa davam etdi… Qapıya çatıb qapını açan Qafur həyətdə ailə üzvlırini bir yerdə qəmgin, qorxa-qorxa oturduğunu gördü… Anası yüyürüb onu qucaqladı, ağladı, can bala nə yaxşıki gəlib çıxdın… Atası onu qucaqlayıb, mərd oğlum yaxşı ki, varsan, yaxşıki gəldin dedi, bacıları həmişəki kimi hamısı birdən onu qucaqladılar və hönkürdülər. Bacılarını özündən ehtiyatla aralayıb bir-bir başlarına sıgal çəkdi, alınlarından öpdü… Nə olub bir deyin görək, niyə yasa batmısınız? Ata-anası bu 3-4 gündə qocalmışdılar sanki, bacılarının rəng- rufu solmuşdu. Ürəyim partladı axı, biri mənə başa salacaq nə olduğunu? Atası: – Otur oglum, hərçənd ki, oturmağa vaxtımız da yoxdu. Bilirsənmi oğlum, səni bugün üçün böyütdük. Son bir həftədir ki, qonşuluğumuzda yaşayan ermənilər bizə qarşıdılar. Torpaqlarımızı əlimizdən alıb, özlərininki etmək istəyirlər. Bu gün bütün kənd ayaq üstədi. Qocalı-cavanlı mübarizə aparmalıyıq. Sənin də borcundu. Qafur dərindən nəfəs aldı. Sanki üstündən ağır bir yük götürüldü. Gələnə kimi nələr düşünməmişdi. Bütün yol boyu bacılarının hansınınsa onların başını aşağı etdiyini düşünür, min cür plan cızırdı. Xəyaldan onu qaça-qaça gələn qonşunun 5 yaşlı ,toppuş oğlu Vüsal ayırdı, Mərdan baba, Mərdan baba atam deyir ki, kənddən çıxmaq lazımdı. Mərdan kişinin qaşları çatıldı, Füruzə ananın gözləri doldu, qızlar sakit-sakit ağlamağa başladılar. Yaxşı ay oğul, atana denən gələcəm indi… Uşağı yola salandan sonra üzünü oğluna çevirib: “Get oğul Vətən sənə əmanət!” … Danşdıqca Qafuru öskürək tutur, gözləri dolub boşalırdı. Mehman durub onu qucaqlayıb hönkürtüylə ağlamağa başladı… Nə olduğunu anlamayan yaşıl gözlü qızcığaz onlara maddım- maddım baxırdı. Qızını görən Mehman onu evə göndərdi… Qafura təklif etdi ki, gəl bağı gəzək, başqa meyvələrdən dad, həm də özünə gəl. Ağırdı sənə danışmaq bilirəm, ancaq maraq məni boğur… Durub bağa keçdilər, Təzə-təzə qızarmağa başlayan gilasdan ağzına atan Qafur söhbətinə davam etdi… Bilirsənmi qardaş həyat əslində çox qısadı. Biz nə qədər çalışsaq da istədiklərimizi əldə edə bilmirik.. Dərindən nəfəs alıb nar ağacına yaxınlaşdı… Nar ağacıyla bağlı xatirələri göz önündə canlandı… Məktəb vaxtı Qəmər adlı sinif yoldaşı vardı. Bir partada oturardılar. Çox mehriban qız idi. Gülərüz, şən , qayğıkeş qız idi. İllər onları bir-birinə daha da yaxınlaşdırırdı. Adına sevgi deməsələr də kənardan hər kəs bunun sevgi olduğunun fərqindəydi. Qafur ali məktəbə daxil olanda Qəmər də tibb texnikomuna qəbul olmuşdu. Şəhərdə Qafur gedib onu tapmış, əlaqələrini daha da möhkəmləndirmişdilər. Qısa müddət kənddən kənarda olsalar da Qafur onu hər şeydən hər kəsdən qoruyurdu. Dərslərində kömək etməklə yanaşı, bir yerli kimi, sinif yoldaşı kimi dayaq idi ona. Qəmər artıq dəyişmişdi, həmin məktəbli qızdan əsər əlamət yox idi, deyib-gülən qız getmiş yerinə ciddi bir qız gəlmişdi. Onlar kənddən çıxıb şəhərə gedəndə təpəliyə bir nar çubugu basdırmışdılar. Bu böyüyüb agac olub, bar gətirəcəksə bizim də tale yollarımız birləşəcək deyə söhbətləşmişdilər. Yanından qəfil uçan sərçənin pırıltısı onu diksindirdi… Gördü ki, Mehman yazıq-yazıq boynunu büküb onu gözləyir. Mehmana yazığı gəldi… Yaralarını yenidən qanatmağa başladı: – Atasının ermənilərlə bağlı sözünü eşidən Qafur həyət qapısından çölə çıxır. Küçədə bir neçə kişinin bir yerə toplaşaraq söhbətləşdiyini görür. Məmməd kişi vəziyyətin çox pis olduğunu, tezliklə buraları tərk etməyin vacibliyini deyir. Arvad-uşaqları Bakıdan kömək çağırıb çıxartmaq lazımdı kənddən. Özümüz də komissarlığa müraciət edib silah almalıyıq! Bu Vətən, bu torpaqlar bizim əzəli yurdumuzdu. Erməni dığasına el-obamızı niyə verməliyik biz? Qafur onlardan uzaqlaşıb yeyin addımlarla, demək olar ki, qaça-qaça komisarlığa gəldi. Burda da cavanlar qaynaşırdı. Gözlərdə düşmənə qarşı nifrət alov saçırdı. Hər kəs silahlanıb düşməni məhv etmək istəyirdi. Siyasi oyunların qurbanı olan hər iki tərəf illərin düşməninə çevrilirdi artıq. Qafur adını milli orduya yazdlrıb, evdəkilərlə vidalaşmaq üçün geri qayıtdı. Evdə hər kəs bikef, gözü nəmli idi. Bir azdan gələcək maşınla ana və bacıları kəndi tərk edəcəkdilər. İllərdi əziyyətlə tikdikləri ev, həyət-baca, ən əsası gözəl günlərinin xatirəsini bu həyətdəcə dəfn edəcəkdilər. Çox agır bir ayrılıq idi. Sonu bilinməyən ayrılıq. Gedib Bakıya çıxa biləcəklərmi? Amma nə olur, olsun artıq burda qalmaq təhlükəli idi. Hər an məhv ola bilərdilər. Ən azından risk etmək lazım idi… Bu vaxt Əli dayının səsi gəldi… Artıq vaxtdır getməliyik! Sağollaşın, Allaha sığınaraq gedə . Hər kəs ağlaşa- ağlaşa maşınlara mindi. Qonşularındakı qadın, uşaqların minməsinə kömək edən Qafur gözlərini silib, siz rahat olun bizlər varıq dedi… Maşın qapıdan çıxar-çıxmaz Qafur evlərinə doyunca baxıb, həyətlərini sonuncu dəfə gəzib həyət qapısını örtüb çıxdı. Atası küçədə kişilərlə söhbət edirdi . Atasıyla vidalaşıb birbaşa cəbhəyə yola düşən avtobusların yanına gəldi . O qədər özündə güc hiss edirdiki, qarşısına düşmən çıxsa parça-parça edərdi. Avtobusda onun kimi dəliqanlı cavanlar oturmuşdular. Hər birinin ürəyi Vətən eşqi ilə döyünürdü. Vətən sevdalıları döyüş haqqında planlar cızırdı… Avtobusa oturub gözlərini yumdu. Gözlərinin önündə Qəmər canlandı, görən haradadı, kəndə qayıtmaz yəqin, onunla vidalaşmaga vaxtı olmamışdı. Olsun, sağ-salamat qayıdaramsa vəziyytin birdən-birə dəyişdiyini deyərəm. Yəqin ki, məni başa düşər… Artıq döyüş bölgəsindəydilər. Bir tərəfdə silahların səsi, digər tərəfdə komandirlərin əmri, aləm dəymişdi bir birinə … Get-gedə vəziyyət çətinləşirdi… Yaralıların sayı artırdı. Ordudakı təcrübəsizlik, silah sursatın vaxtında gəlib çıxamaması qarşı tərəfin əvvəlcədən cızmış olduğu planı həyətə keçirtməyə şərait yaradlrdı. Artıq ordumuz itkilər verməyə başlamışdı… Qafurgilin komandası artıq meşəliyə doğru irəlləyirdi. Qabaqda sakitçilik idi… Hava artıq soyuyurdu… Gecəyə doğru getdikcə yorulur əldən düşürdülər. Komandir A.Vəliyev bir az dincəilin, yenidən davam edərik dedi. Oturan kimi hər biri mürgüləməyə başladı. Qafurun gözündən yuxu tökülsə də yata bilmirdi. Birdən uzaqda gözünə bir işıltı dəydi. Tez yoldaşlarını səslədi… Bütün komanda hazır vəziyyətə gəldi. Agacların arxasında gizləndilər… Gələn erməni əsgəri idi, kəşfiyyata göndərilmişdi…. Hər şey bir göz qırpımında baş verdi. Onlar mühasirədəydilər. Düşmən getdikcə yaxınlaşırdı. Murada dəyən güllə Qafuru diksindirdi. Murad qolları üstə canını tapşırdı. Onların sayı getdikcə azalırdı. Silah sursatları tükənmək üzrə idi. Birdən partlayış səsi gəldi. Yaxınlıqlarına düşən mərmi onları bir-birindən ayırdı. Qafur gözlərini açanda artıq başqa “dünya”daydı. Gözlərini açıb ətrafa baxmaq istəyirdi ki, ayağını nəyləsə bərk sıxdılar. Qışqırmaq istədi, səsi çıxmadı. Danışılanların heç birini eşitmirdi, qulağı tutulmuş, səsi batmışdı… Gözləri toran görürdü … Yanında dörd saqqalı hərbi geyimdə adam vardı. Gözlərini yumub xatırlamağa çalışdı. Bura haradı, necə gəlib bura, bunlar kimdi? Yoxsa o əsir düşüb? Hər şey mərmi partlayandan sonra olub demək. Bəs yoldaşları haradadı? Suallar içində yuxuya getdi… Gözlərini açanda yarıqaranlıq bir yerdə gördü özünü. Diksinib qışqırmağa başladı..ş Öz səsinin əks sədası vahimələndirdi onu. Ətrafda heç kim yox idi. Qolları bağlı agzıüstə uzadılmışdı. İlk gözünə dəyən sarğıda olan ayagı oldu. Qorxa-qorxa ayaqlarına baxdı… Ayaqları, əlləri qan içindəydı, şükür etdi, əl qolu yedindəydi. Yanında kif basmış quru çörək, kirli paslı dəmir qabın dibində su vardı. Burda kimsə yoxdumu deyə qışqırmağa başladı. Ayağa qalxmağa çalışdı. Bir yandan dözülməz yaraları, bir yandan ağzıüstə olmağı onu incidirdi… Birdən səs gəldi. Qapı bərk çırpıldı. Nə qışqırırsan, ay türk? Halın xoşuna gəlmir?- deyib şaqqanaq çəkdi. Bu sənin ən xoş günündü. Qafur çırpınmağa başladı. Kəndir əllərini kəssə də qurtulmaq, ayağa durub düşmənu öldürmək istədi… Amma çarəsizcə dayandı. Gözündə nifrət, əsəb adlı bir yaş quruyub qaldı. Aşot adlanan köpək onun saçından tutub başını qaldırdı, üzümə yaxşı bax ki, unutmayasan, ağıllı ol səsin gəlməsin, yoxsa sənlə ayrı cür davranaram! Zərblə Qafurun başını divara çırpıb zirzəmidən çıxdı… Qafur huşunu itirdi. Ayılanda isti qanın gözlərinə , agzına axdığını hiss etdi. Gözlərini yumdu və bir daha açılmamasını arzuladı. Artıq anlayırdı ki qabaqda onu acınacaqlı bir həyat gözləyir. Zirzəminin qapısı bərk döyüldü. Diksinib gözlərini açdı. İki saqqallı erməni əsgəri al qanın içində olan bir cavan oğlanı sürüyüb içəri atdılar . “İkiniz baş-başa qalıb dərdləşin”, – deyib, bərkdən gülməyə başladılar. Hiss olunudu ki, oğlana işgəncə vermişdilər. Qapını çırpıb çıxdılar. Yenidən qapı açıldı. Hə yadınızdan çıxmasın arada yemək də yeyin… Yenidən gülüb çıxıb getdilər. Qafur sürünə-sürünə oğlana yaxınlaşdl. O özündə deyildi, sayıqlayırdı… Bir damcı su, bir damcı su deyib zarıyırdı . Qafur çarəsiz idi, əlləri bağlı heç cür kömək edə bilməməsi onun vicdanını sızladırdı… Oğlan birdən hüşunu itirdi. Qafur artıq qorxmağa başlamışdı. Bir gün burdan çıxacağına etdiyi ümidin son közərtisi sönmək üzrə idi… Onun burdan çıxmaq şansı yox idi. Düşüncələr içində yenidən hal onu apardı. Neçə günün ac susuzluğu onu heydən salmışdı… Bir az keçmışdi ki, yanında hənirti hiss etdi. Ani olaraq diksindi. Yaralı sürünə-sürünə ona daha da yaxınlaşdı. Başı ilə salam verdi, gülümsündü, ala gözlərindəki kədər birdən-birə gülüşün içində bir anlıq yox oldu. Gəl tanış olaq qardaş. Adım Valehdi, beş gündü ki, bunların əlindəyəm. Vermədikləri əzab qalmayıb. Bunlar nədən bizə bu qədər qəzəblidilər, nifrət doludular? Danışdıqca qaşları çatılır, yumruqları düyünlənirdi. Döyüşdə əsir düşdüyünü, yoldaşlarının ikisinin işgəncələrə dözməyərək öldüyünü, neçə gündü bədəninə tok verildiyini, soyuq suda saxlandığını, dəmir parçasıyla döyüldüyünü danışdıqca sanki hər şeyi yenidən yaşayırdı. Məqsəd başqa döyüş yoldaşlarının yerini öyrənmək imiş. Mən yerlərini demədikcə onlar hiddətlənir, daha da vəhşiləşidilər. Sonda böyükləri burda bir türk var zirzəmidə, aparın onun yanına atın, bir az qalsınlar ağıllansınlar, özləri hər şeyi danışacaqlar dedi. Bu gün istirahət etsinlər. Sabahdan siçovullar onların dilini açar.. . Sənin adın nədir qardaş? – Qafurdu… – Gəl sənin əlini açım, qardaş… Dözümlü ol! Görək bizi nə gözləyir. Valeh çətinliklə də olsa onun əllərini açmağı bacardı. Qafur güclə toparlanıb divara söykənib oturdu… Əllərini kəsən kəndirin izlərinə baxdı. Aclıq hər ikisini get-gedə heydən salırdı. Kif basmış quru çörəyə baxıb udqundular. Əlac yox idi. Valeh əli əsə-əsə çörəyi yerdən götürüb gözünün üstünə qoydu, öpdü yarı böldü: – Al qardaş, ye özünə gəl… Qafur çörəyi alıb suya batırdı, agzına aparlb iştahla yeməyə başladı. Bir birlərinə baxdılar… İtə, pişiyə, toyuğa atdıqları çörək onlara o qədər doğma, ləzzətli gəldi ki… Hər ikisi ani olaraq gülümsündülər… Bir anlıq xatirələr bulağından su içən Qafur başını qaldırıb yazıq-yazıq Mehmana baxdı. Mehman Qafurun gözlərindəki sönük işığa baxıb sanki diksindi… Qafuru çox yorduğunun sanki indi fərqinə vardı… Qafurun gözləri Mehmanda olsa da, ruhu sanki bədənində deyildi… O son günlərini yaşayırdı. Əsirlikdə yaşadlqlarını unutmağa çalışır, son günlərini rahat, ata yurdunda keçirmək istəyirdi… Mehmanın səsi yenə həyəti başına götürmüşdü… Mal-qaranın örüşdən qayıdan vaxtı idi. Aləm dəymişdi bir-birinə. Mehmanın yoldaşı utana- utana onlara yaxınlaşdı. Mehmanı sakit səslə çagırıb, yavaşca nəsə deyib getdi. Qafurun fikri uzaqlarda olsa da, gözləri Mehmandaydı. Mehman üzr istəyib evə keçdi. Üstündən çox az zaman keçmışdi ki, qapı döyüldü. Qapını açmağa qaçan Emin bir az ciddi görkəm aldı. Gələn kəndin “uçaskovu”su Şirin idi. Adı kimi özü də şirindil adam idi. Uşaqla-uşaq, böyüklə-böyük idi. Eminə cibindən bərbəzəkli bir konfet uzatdı. Ye bala, de görək dədən haradadl? Emin konfeti soyub agzına qoydu, agzına sıgmayan konfetlə atasını çağırmaga başladı… Şirini gülmək tutdu. Eminin başını tumarlayıb həyətə girdi. Səs-küyə Mehman çıxdı. Şirinlə görüşüb, “otur bir çayımızı iç”, -deyə? təklif etdi. Şirin boyun qaçırdı. İşim çoxdu, ay Mehman, bir xəbər eşitmişəm dedim gəlim sənə deyim. Mehman maddım- maddım Şirinə baxırdı. Deyirlər Qəmər özün yandırıb, sonra da atıb çaya. Bu yazığın yaşadıqları nədi belə? Mehmanı dəhşət bürüdü. Nə vaxt olub bu hadisə? Necədi vəziyyəti? Niyə nəzarətsiz qoyublar onu? Yazıq qız. Qafurdan sonra bədbəxt oldu. Qafurun da öldü-qaldısı bilinmədi. İnsan neçə dəfə canına qəsd edər, özünə qıyar. Hər dəfə ölümdən dönür, yenə də Qafur deyib dağa-daşa ün salır. Şirin əyilərək Mehmanın qulağına nəsə dedi. Mehman bir müddət susdu. Sonra ola bilməz, nə danışırsan deyə güclə səsini çıxartdı. Qafurun kəsilmiş başını görən olub dedilər. Necə yanı Qəmərin yanından keçıb? İnanmaram. Elə söhbət də ondan gedir də, Qəmər onu tanıdığı üçün canına qıyıb. Deyib ki, mənə tərəf baxmadı. Üst-başı kirli idi, guya ki, kəndə tərəf gəlirmiş. Qıraqdan eşitdiklərinə səbrini basıb, sakitcə qulaq asan Qafur ürəyini tutub yerə yıxıldı…. Gözlərini açmağa çalışsa da bacarmadı. Gözlərini yumub, ovuclarını düyünlədi, qaşları çatıldı, yadına əsirlikdə Vazgenin qəhqəhəylə dediyi, heç vaxt unuda bilmədiyi cümlə düşdü: “Bilirsən ey türk, sənə verdiyimiz işgəncənin min qatını yaxınlarına verəcəyik.” O vaxt bir o qədər də anlamırdı. Zaman ötdükcə anladı hər şeyi. Əsirlikdə it damına baglanıb it kimi hürməyə məcbur edildiyi günlər, it yalından yemək yemək üçün başına dəfələrlə vurulan təpiklər, Dığaların qapılarında etdiyi nökərçiliklər… İşgəncə altında, təhqir edilərək, əzilərək yaşamışdı bu neçə illəri… yaşamaq demək olardısa bunun adına… Bir dəfə onları məzarlığa aparmışdılar. Qəbrlərin baş daşlarını sındırıb, torpağı dəmirlə, taxtayla qəbirləri meyitləri çıxarırdılar. Neçə nəfərin ürəyi getmişdi. Ayıldıqdan sonra sayıqlayır, özlərinə gələ bilmirdilər. Qafur nə qədər unutmağa çalışsa da, heç nəyi unuda bilmirdi… Gözlərini yavaş-yavaş aralamağa başladı… Gözünü mavi səmanın gözəlliyi qamaşdırdı. Günəş öz gözəlliyi ilə bərq vururdu. Quşların bir birinə qarışan səsi sanki bir ansambl yaratmışdı. Otların, ağacların üzərində şeh damcılarına düşən günəşin bənövşəyi şüası rəngarənglik yaradırdı.. Qafur başını arxaya çox çətinliklə döndərdi. Divarda saatın əqrəbi 6 nın üstündə dayanıb sanki ətrafa boylanlrdı. Qafur ayağa durmaq iatədi, nə qədər cəhd etsə də bacarmadı. Bu vaxt Mehmanın çöldən qırıq-qırıq gələn səsi qapının açar yerındən özünə yer tapıb ıçəri dolmağa başladı. Ay Vüsal qardaş, vallah dünəndən ayılmayıb çox narahatıq. Deyəsən telefonla danışırdı. Səs yavaş-yavaş kəsilməyə, uzaqlaşmağa başladı. Üstündən bir az keçmiş yavaşca qapı açıldı. Mehman yazıq yazıq, ayaqlarının ucunda onun çarpayısına yaxınlaşdı. Qafurun ayıldığını görüb, az qaldı çırtıq çallb oynaya. “Ay qardaş bizi yaman qorxutdun”, -deyib, sual yagışına tutdu onu. Qafurun çətinliklə cavab verdiyini görüb əl çəkmək məcburiyyətində qaldı. “Bizi yaman qorxutdun qardaş, gedim deyim çaydan çörəkdən düzəltsinlər”, – deyib, otağı tərk elədi. Xəyallarıyla baş-başa qalan Qafur əsirlikdən qaçdığı günü göz önünə gətirdi. Qızıl payız yayı sanki zorla qovub özünə yer eləmişdi… Yayın cırhacırından sonra havanın sərin mehi, saralıb agacların altına tökülən sarı, sanki həyatından küsmüş yarpaqlar, aram-aram yorğuncasına yağan yağış, taleyini sanki tez tez xatırladlr, bu əzabdan qurtul deyirdi. Qafur döyülməkdən xəstə düşmüşdü, orqanları sıradan çıxmaq üzrə idi. Kəlfətinlə çəkilən saglam dişlərinin yerləri göyərmiş, çənəsi əyilmişd. Ayaq dırnaqları yerindən çıxardılmış, yerini qaysaq dolu qan tutmuşdu. Başında qalan çox az tük agarıb sanki yanmışdı, hər dəfə saçı alışqanla yandırıldıqca özünə ölüm arzulayan Qafur nədənsə ölə bilmirdi. Dəfələrlə intihara cəhd etsə də alınmırdı. Sanki hansısa qüvvə onu ölümün pəncəsindən alıb yaşamağa məcbur edirdi. Və bir gün… Həmən gün idi ki, Qafur əsirlikdən qaça bilmişdi. Vazgen arvadıyla söhbət edirdi. Qulağı çaldı ki, Vazgen bazara meyvə aparacaq satmağa. Arvadıyla bərk mübahisələri düşmüşdü. Axşamdan içkili olan Vazgen ayaq üstə zorla dayanırdı. Arıq, burnu uzun arvadı ona yolda maşını idarə edə bilmyəcəyini, maşını aşıra biləcəyini qışqıra-qışqıra deyirdi. Vazgensə təbii ki, əksinə cavab verirdi. Qafur saniyələrin belə qızıl olduğunu başa düşür, hər dəqiqəni belə nəzarətindən buraxmırdı… Birdən qapı döyüldü. Vazgenin özündən yaşca çox kiçik olan arvadı qapıya getdl. Vazgensə, hələ də içki içməkdə davam edirdi. Birdən ayağa durub, səntirləyə-səntirləyə maşına yaxınlaşdı. Vazgenlə eyni maşına minmək ağılsızlıq idi. Nəinki sürücünün onun olması… Nədənsə maşına minən erməni dığası onu çagırmadı… Aha deyəsən günəş Qafurun üzünə doğurdu… Qafur xəlvətcə, sürünə-sürünə maşının arxasına yaxınlaşdı. Son qüvvəsini topalayıb baqajı açdl. Günlərdi heç nə yeməyən, qapıda dayanmadan işlədilən, zəncir vurulan, döyülən, gecələri ağrıdan ağı deyən Qafuru güclü, iradəli bir Qafur əvəz etmişdi… Mehmanın gəlişi onu incidən, paramparça edən xatirələrdən bir qədər kənarlaşdırdı. Mehman əlində meyvə dolu vazla gəlmişdi… Ye, bir az özünə gəl. Sənə birdən birə nə oldu? Çox zəifsən. Vitamınlər yeyib düzəlməlisən. Sonra səni bir yaxşı həkimə göstərərik. Qafurun gözləri dolmuşdu. Mehman içindəki yanğının gözlərindəki əksini görməsin deyə üzünü bir neçə saniyəlik divara çevirdi. Mehmana baxıb gözündəki kədəri gizlətmək üçün gülümsündü. Bu Mehmanın gözündən qaçmadı. Ah çəkib otaqdan çıxdı. Çıxarkən, gətirdiklərimi mütləq ye, dedi. Qapı astaca örtüldü. Qafur yenidən o günlərə döndü… Vazgen maşına minən kimi baqaja girib, nəfəsini içinə çəkib baqajı örtdü… Özünü idarə edə bilməyən birinin maşın idarə etməsi nə qədər qorxulu idisə, azadlığa qovuşmaq sevgisi ondan güclü idi. Sonu bilinməyən bir yolçuluğa çıxan Qafur nələr düşünmür, nə xəyallar qurmurdu… Gah evlərinə çatıb əzizlərini görmək, qovuşmaq hissi, gah da ki, istənilən vaxt ələ keçmək qorxusu… İkili hissi bir neçə saat yaşayan Qafur hərdən kələ kötür yollarda atlanıb düşən maşından az qalırdı ki, yerə düşsün. Özündə güc tapıb, Yaradana dua edib, kömək istəyib son ümid işıgını qəlbində yandırmışdı. Bu onun son ümid işığı idi. İstənilən vaxt sönə bilər, ya da ki daha da güclənib gələcəyə işıq verə bilərdi… Ağır-agır nəfəs alan, təngnəfəslikdən əziyyət çəkən Qafur son gücünü topalayıb baqajın qapısını bir qədər araladı… Buralar yaman tanış gəlirdi ona… Aha deyəsən həyat üzünə gülürdü. Budur Qəmərlə görüşdüyü ilk balaca təpəcik. Gözlərinə sevgi işıgı gəldi. Ürəyi yerində atlanıb düşməyə başladı. Gözlərini bir anlıq yumdu… Qəmərin ilk utancaq baxışları gözünün önünə gəldi. Öz-özünə gülümsündü… Həyat eşqi daha da artmağa, onun ölmüş ruhunu oyatmağa başladı. Demək ki, Yaradan “öl” deməsə, ölmək olmurmuş. Uşaqlıgından Allaha bağlı olan Qafur əlini göyə qaldırıb şükür etdi . Vazgen demək olar ki, maşını at kimi çapırdı. Qafur kənardan səs gəldiyini görüb baqajı bağladı. Çətinliklə nəfəs almağa başlasa da xilas olmaq duyğusu sanki ona nəfəs verir, qüvvətləndirirdi . Səsin kəsildiyini görüb baqajı yavaş-yavaş yuxarı qaldırdıəş… Artıq vaxt idi… Burada düşmək lazım idi… Və Qafur son gücünü topalayıb yerə tullandı… Yıxılsa da, tez-tələsik ayağa qalxlb balaca, lakin Qafur üçün əzəmətli görsənən kolun arxasında gizləndi. Maşın gözdən itənədək arxasınca baxıb, gələcəyə gedən yollara boylandı. Bir az keçməmiş Mehman otağa yenidən qayıtdı, qapını yavaşca aralaylb Qafurun solğun sifətinə baxıb yatıb yatmadığını aydınlaşdırmağa çalışdı. Qafur bir gözünü qıyıb işığa baxırdı. Sanki işıqdan güc alıb ayağa qalxmaq istəyirdi. Mehman bir neçə saniyə dayansa da, Qafurun ona reaksiya vermədiyini görüb qayıtmaq istədi. Birdən yadına nə düşdüsə ayağının birini ehmalca içəri qoyub sakit səslə Qafuru səslədi. Səsə başını çevirən Qafur zorla gülümsündü. Özünü necə hiss edirsən indi? Məlahət sənin üçün əriştə bişirir, sirkə sarımsaqla yeyib qalxarsan ayaga Allahın köməkliyi ilə… Qafur minnətdarllq dolu baxışlarla onu süzdü… Mehman sakitcə otağı tərk etdi. Çöldən səsi gəlməyə başladı. Yeyəcək deyəsən, heç nə demədi, sən bişir, birtəhər yedizdirərik… Gərək yaxşı qidalana ki, ayağa qalxa bilə… Səs get-gedə zəifləməyə başladı… Qafur əlini başının altına qoyub boynunu yavaş-yavaş ovxalamaq istədi. Əllərinin keyidiyini hiss etdi… Təzə əsir düşən vaxtları idi… Başqa əsir yoldaşını öldürmək ona tapşırılmışdı… Qafurun qorxudan dizləri əsirdi. Ömrü boyu bir toyuq başı kəsməmişdi. İnsan başını necə kəsə bilərdi? Öz millətindən, qanından olan günahsız, imdad diləyən həmyaşıdının? Ona verilən baltanı yerə tullamış, qışqırıb ürəyi getmişdi. O vaxtdan da bu zəhirmar xəstəlik onu tapmışdı. Tez-tez ürəyi gedirdi… Üstünə soyuq su töküb onu dəfələrlə ayıldıb, baltanı əlinə vermişdilər. O yaraşıqlı, cavan oğlanın bərəlib, az qala yerindən qopub Qafurun ayağının altına düşüb, məni öldürmə deyəcək gözləri hələ də yadından çıxmırdı… Oğlanın qorxudan dili batmışdı. Hər dəfə əlinə balta verildikcə qarşısındakının ölüb dirildiyini görmək dəhşətli bir səhnə idi… Qafurun inadını gördükcə daha da hiddətlənir, oyun oynayırdılar sanki. Hər ikisinin çəkdiyi əzabdan ləzzət alır qəhqəhə çəkib gülürdülər. Qışın soyuğunda üstünə soyuq su tökülməkdən üşüyən Qafur birdən əsməyə başladı. Dişlərinin şaqqıltısı açıq aydın eşidilirdi… Bundan qəzəblənib, ara bu türkə deyəsən soyuq oldu, balta əlində yaxşı durmur, bunun əlin isitmək lazımdı deyən pəzəvəng o birinin üzünə baxıb siqaretdən saralmış dişlərini ağartmağa başladı… Peçın üstündən qaynar suyu götürüb Qafurun əllərinə tökdü. Qafur vay anam deyib yerə yıxılıb bagırmaga başladı. Yerdə əlllərini bir birinə sürtüb qovrulur, hıçqırıq dolu səslər çıxardırdı. Əllərinin dərisi yanmışdı. Neçə ay əlləri o vəziyyətdə yaşadı Qafur… Adına yaşamaq deyilərsə… O vaxtdan əllərini hiss etmirdi… Maşından düşdüyü günə qayıtdı xəyalən… Kolun arxasında bir qədər dayanıb Vazgenin getdiyinə əmin oldu. Başını göyə qaldırıb Yaradana təşəkkür etdi, sonra əyilib torpaqdan öpdü… Artıq yola düzəlməliydi… Burada dayanmaq hər an təhlükə yarada bilərdi. Yolu əlinə alıb yaddaşını işə saldı… Öz kəndlərinə üz tutdu… Maraqlısı budur ki, neçə illər keçməsinə baxmayaraq, düşməndən alınıb abadlaşan kəndi Qafur gözüyumlu tanıdı. Vətənə, torpağa, el-obaya bağlılıq, yaxınlarını görmək həvəsi ona sanki yolun istiqamətini göstərirdi… Yolu irəllədikcə maraqla baxan Qafurun diqqətini kir-pasın içində, üst başı nimdaş, gözündə illərin kədəri yatan bir qadınla rastlaşdı. Qadın ondan gözünü qaçırıb qəm yükünə bürünüb tez uzaqlaşdı… Dünən anlamışdı ki, o Qəmər imiş … Onun al yanaqlı Qəməri… Talenin məngənəsində slxılıb məhv olmuş, illərlə onun yolunu gözləyən Qəmər… Qafurun gözündən axan yaş yanağını islatmağa başladı… Əslində Qəmərin fədakarlığına aglaylrdı. Bir Azərbaycan qadınının öz həyatını ,gəncliyini,gəlib gəlməyəcəyini bilmədiyi sevdiyinə verməsinə, onun yolunda dəfələrlə canına qəsd etməsinə ağlayırdı Qafur .. Valideyinlərini də Qəmər kimi görəcəkdisə o zaman yaşaya biməyəcəyini anlayırdı. Amma hardan biləydi ki, onlar yola düşəndən təxminən bir saat sonra kənd mühasirəyə alınmış, atası qəhrəmancasına şəhid olmuşdu. Dayı, əmilərindən xəbər yox idi. Anası atasının, dayısının xəbərini eşıdib havalsmış, xəstəxanada keçinmişdi. Bir bacısı keçirdiyi sarsıntıdan ruhi xəstə olmuş, neçə illər ruhi dispanserdə yatmış, sonra canına qıymışdı, həyata qaytarmaq mümkün olmamışdı. Digər bacısı ailə qurmuş , övladı olmamışdı. Vərəmdən dünyasın dəyişmişdi. Evlərinin sonbeşik gülüysə, qatarın altında qalmışdı. Bir sözlə bir ailə məhv olmuşdu… Qafur bunları bilmir və bilməyəcəkdi də…. Get-gedə hava qaralırdı. Günəşin evə düşən son şüaları çəkilmək üzrə idi. Bayaq özündə bir az güc tapıb, durub oturaraq Məlahətin dadlı əriştəsindən bir boşqab doyunca yemişdi. Sanki yemək ona yeni nəfəs vermişdi. Durub yavaş-yavaş evin qapısına yaxınlaşdı. Qapını astaca açıb çölə çıxdı. Havanın xoş ətri burnuna doldu. Ağaclardan, otlardan gələn əvəzolunmaz ətir ruhuna hopdu… Artıq hər şey sona yaxınlaşırdı. Doğmalarını tapıb hallalaşmaq vaxtı idi. Nədənsə birdən yadına Valeh düşdü… Əsirlikdə işgəncələrə dözməyən Valehin son sözünü xatırladı. Biz buradan qayıtsaq da yaşaya bilməyəcəyik. Bizə verilən işgəncələr bizim bütün varlıgımızı məhv edib. Valehə deməyə heç bir cavab tapa bilməmişdi. Ovundurmağa söz yox idi. Özü hər şeyi yaxşı bilirdi. Bilirdi ki, bunların əlindən qaçmaq mümkünsüzdü. Amma yenə də ümid işığını son nəfəsi ilə yandırır, sönməyə qoymurdu. Bəlkələr yaşadırdı onu. Valeh gözəl, qəmli baxışlarını ona dikib durmuşdu… İlahi o baxışlarda nələr yatmırdı… Son ümid çırağı, nalə, fəryad, imdad, arzu, istək, yaşamaq eşqi, əzabdan qurtulmaq mücadiləsi… Çarəsizlik həyatda ən acı duyğudu. Qarşındakının imdad diləyən gözləri səni səndən alır, bir ömür boyu unuda bilmirsən gözlərdəki o mənanı… Sönük gözlərin içindəki, bəbəkdəki işartı həyatda qalmağın sonuncu damlası olur. Ha əlini üzatsan əlin çatmır, çata bilmir… Get-gedə o işartı azalır, uzaqlaşır, sönüklüyə qərq olub itib-batır… Və sən də acizcəsinə, boynubükük məhv olursan. Valehlə son görüşü belə olmuşdu… Heç unutmayacağı 5 dəqiqəlik ayrılıq ona əsrə bərabər olmuşdu… Əsə-əsə həyətə düşdü. Birtəhər özünü topalayıb həyət qapısına doğru addımladı. İstədi qayıdıb Mehmandan halallıq alsın. Ancaq tez bu fikrindən vaz keçdi. Bildi ki Mehman onu getməyə qoymayacaq və o sonuncu şansını qaçırmış olacaq. Dünən qulağı çalmışdı ki, Qəmər kənd xəstəxanasındadı. Gedib ona baş çəkməli və vidalaşmalı idi. Həyət darvazasını örtüb küçəyə çıxdı. Hava qaralmağa dogru gedirdi. Təxmini xəstəxananın yerini bilirdi. Üz tutdu son nəfəs yerinə… Çətinliklə də olsa xəstəxananı tapdı. Gülərüz tibb bacından Qəməri xəbər aldı və palataya yaxınlaşdl. Ayaqlarını ürəyi idarə edirdi. Bu sənin son şansındı deyirdi. Qapını iki dəfə heysiz barmaqlarıyla döyüb, sakit, xəstə dilindən çıxan gəl sözündən sonra qapını açdı. Qəmər başı aşağı oturub özü-özünə mızıldanırdı. Mən onu gördüm , o bir gün gələcək, mənə niyə heç kim inanmaq istəmir, məni niyə dəli sanırlar axı? Bilirəm o gələcək..! Birdən başını yuxarı qaldırlb Qafuru gördü. Başını yenidən aşağı saldı. Bir neçə saniyəlik uzaqlara baxır kimi xəyala daldı. Sanki dəqiqlışdirmək istəyirdi. Gördüyünün yuxu, ya gerçək olduğunu… Birdən ayağa qalxıb qışqırmağa başladı… O qışqırmırdı, nalə çəkirdi… Səsi bütün kəndi götürmüşdü. Səsə gələnlər heç nə anlamır, maddım-maddım Qafura baxırdılar. Birdən ayağa qalxıb Qafurun üstünə yüyürən Qəmərdən hamı qorxdu. Elə bildilər ki, Qafura zədə yetirəcək… Əksinə baş verdi hər şey… Qafuru qucaqlayıb son nəfəsiylə Qafuru çox sevdiyini, onu gözləməyə həmişə hazır oldugunu qırıq-qırıq sözlərlə deməyə başladı. Mənim Qafurum, mən sənsiz heç kiməm! Yaxşı ki gəldin indi rahat ölə bilərəm. Qapının yanında Qafurun dalıyca dabanbasma gələn Mehman quruyub qalmışdı. Neçə gündü qonağının uşaqlıq dostu oldugunu biləmədiyi üçün özünü qınayırdı. Birdən Qəmərin nəfəsi kəsildi… Qafurun qollarında ruhsuz, cansız bir bədən uzanmışdı… Qafur üçün bu əsirlikdə yaşadıqlarından da dəhşətli idi… Ömrün bitdiyi gün… Hər kəs yerindəcə donub qalmışdı… Qafur hər kəsə bir-bir baxıb sönük gözlərindəki son işartıyla hər kəslə vidalaşdı… Və o gündən o kənddə bir xatirə bulağı tikildi . Qafur və Qəmərin əziz xatirəsinə tikilən bu bulaq həm də sevgi bulağı kimi tanındı…
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
YARPAQ VƏ TORPAQ Can verəni candan alı qoyarıq, Unudur yarpağa möhtacdır yarpaq… Torpağa su deyil, zəhər veririk, Marağa məəttəl qalıbdır torpaq… * * * Xəzələ aman yox torpağa çata, Qurumuş canıyla cana can qata, Əbədi qanunla rahatca yata, Süprülüb çöplüyə atılır yarpaq… * * * Torpağa ting deyil, sütun əkirlər, Arx, kanal yerinə hasar çəkirlər, Dəmirdən, betondan kəfən biçirlər, Gözü baxa-baxa gömülür torpaq… * * * Bizə can verənin canın almayaq, Bu iki aşiqin yolun burmayaq, Yarpağı torpağa həsrət qoymayaq, Yarpaq elə torpaq, torpaqdır yarpaq… * * * Ay Ustac, haqq deyən Nəsımı öldü, Haqq bir damladır, batilsə göldü, Qardaşlar tək gəlmiş Adəmi böldü, Bizlər unutsaq da, unutmur torpaq… 31.01.2021. Bakı.
A SİMSAR Salam olsun, sənə şanlı ixtiyar! Mizrab tutan əlin, qolun var olsun! Şükür, əlindədir külli-ixtiyar! Mizrab tutan əlin, qolun var olsun! * * * Nə deyim, a simsar, elə sim sarı, Simsar sinsidərmi, belə simsarı, Hələlik dönüş var, hələ sim sarı, Mizrab tutan əlin, qolun var olsun! * * * Rəvamıdır, bu edilən Ustaca!? Diqqət istər sim sarıyan ustaca… Al dil ilə deyər halın ustaca, Mizrab tutan əlin, qolun var olsun! 05.02.2021. Bakı.
BƏRK YAPIŞ Ay Zaur, deyirlər ən yaxşı vaxtdır, Bir az daha qeyrət, güləş, bərk yapış! “İgid odur, atdan düşə, atlana.” Bu işdə dönüş yox, dirəş, bərk yapış! * * * “Kor qızın baxtı”ndan yeyindi baxtın, İlikdən tacın var, sümükdən taxtın, Olmasa da adan, ya da ki, “yaxt”ın, Olanları qoru, çalış bərk yapış! * * * Ay Ustac, bilirsən, yastığın üç gül, Göydə ulduz sayır basdığın müşkül, Bir türlü dolmayır asdığın kəşkül, Haqqın ətəyindən sallaş, bərk yapış!
SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR Xoşbəxtlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! Ölməzlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! * * * Bu gün doğum günü, yaşar əbədi, Eliynən bir ünü, yaşar əbədi, Sonsuzluğa yönü, yaşar əbədi, Təqvimin bu günü İlqar günüdür! * * * Zaur tək yüzləri bir çətən oldu, Çoxu arzuladı, o yetən oldu, Vətən torpağında o, bitən oldu, Təqvimin bu günü İlqar günüdür! 08.05.2021. Bakı.
XƏZƏR DELTASINDA GÖYQURŞAĞI (Zaur Ustacın yeni kitabı haqqında) Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır. Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.
ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI Zaurun bu kitabı sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı. Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz… * * * Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz! Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür. Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu: Özün getdin yuxuya, Milyonları oyatdın… Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər. Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. Ana torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib. Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır. “Xəzər deltasında göyqurşağı” adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir. Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac! 11.01.2022. Bakı.
Nə yaxşı gəldi…. Və o gün bəşər tarixinin ən gözəl günüydü bəlkə də…. Dünya belə sevgi görməmişdi, əminəm… Vətən deyib ayaq basdığım torpağımı bu dəfə başqa sevdim… Çünki bu torpaqda Onun da addımları var idi…. Milyonların içində sıxıldığım şəhəri bu dəfə başqa sevdim…. Çünki eyni şəhərin havasını udurdum Onunla…. Elə gəldi ki, qapımı döymədən, icazə almadan gəldi ruhumun tanışı… Gəldi və belə də olmalı imiş kimi taxt qurdu ürəyimdə…. O qədər xoşbəxtlikdən ayaq açıb yeriyə bilməz ikən, qanad açıb uçdum bir andaca…. Şəkillərdə güldüyüm halda həyatıma gülüş gətirdi, bütün daşları yerinə oturtdu halbuki…. Gəldi, sanki indiyədək yazdığım bütün misralar Ona aid imiş, sanki hər şeydən xəbəri var imiş kimi gəldi….. Düşünsənə, sanki bir ömürə yetmətəcək qədər tanıyıram Onu….əlifbanın altıncı hərifinə sığdırdığım bir dünyanın başlanğıcı idi adının ilk hərfi…. Bəzəkli kəpənəklərə dönüşdürdü məni. Fəqət tırtılın da son günü idi kəpənəyə dönən günü….. Halbuki gəlişi toy bayrama çevirmişdi bəxti qara məmləkəti… barmaqlarımın uclarına içimdən gələn sözlər hərflərlə birləşib sevgiylə tökülürdü bütün sözlərimə…. Bütün sözlərimi cümlələrdə birləşdirəndə rəqs edirdi fikirlərim…. Təntənə marşı səsləndirdi ömrümün 27 ilinin son akordlarında…. Xoşbəxtlik bu deyilsə əgər, mənim istəyim sadəcə budur. Səmanın altında , yerin üstündə idi o gözəl ruhunu daşıdığı cismi…. Eyni kainatda idik…. Bəlkə Tanrıya etdiyim duaların qəbulu, bəlkə də savablarımın qarşılığı idi O. Kim bilir? Bəlkədə nacizanə gəlişində idi bu sehir… Sanki, işi gücü yox imiş kimi həyatıma Günəş kimi doğdu. Günəş kimi saldı şəfəqlərini üstümə isitdi məni…. Sevgi ya eşq?… Məhəbbət…. Əslində sinonim səslənən bu üç sözü birləşdirən ruhumuzun harmoniyası idi….bir ömürə sığışmayan məhəbbət sığışdı 1 günə…. 10 Yanvar…. 365 günlük bir təqvimin ilk 10- cu günündəydi Onu tanıdığım…. Və insan maksimum bir saata danışıb mövzu tapmayıb yorularkən, 10 saatı keçmişdi danışmağımız….. Nəyin sürəti idi anlamadım…. Amma bu sürət dağıtmadı, qəza etmədi… Əksinə çiçək açdı ömrümün torpağı…. Su çilədi həyatıma… Huzur sanki… Və insan toxunmadığı birini də sevərmiş demək ki,.. Eynilə bətnində daşıdığının üzünü belə görməyən, amma sevgisini ona adayan analar kimi idi sevgim…. Gəldi laləzar etdi büsbütün sinəmi….. İllərdi varlığından belə xəbərim olmayan hisslərimi oyatdı… Gəldi… Gəlişində idi bütün sehir…. Üzündəki təbəssümündə idi möcüzə…. Bəlkə mən öz üzümü sevməsəydim, mütləq alın yazımı sevərdim…. Çünki ora ” O ” yazılmışdı…. Bilsəydim adını görəcəm aynanın qarşısından bir an da çəkilməzdim…. İndi ən çox alnımı sevirəm. Onun öpdüyü, yazısının olduğu yeri. Milyonlara meydan oxumağa hazır ikən Ona heç nə demədən nitqini susduran eşq idi… Toxunduğum əllərini buraxmama hissi… Bu doğmalıq…. Dağınıq, pərakəndə həyatımı düzənə salan adam… Söhbətindən doya bilmədiyim halda səssizliyini də dinləyə bildiyim insan… Amma hiss edirdim gələcəyini, içimdə yolunu səbirsizliklə gözlədiyim bir eşq idi…. İndiyədək özümə sadiqliyimin hədiyyəsi idi bəlkə də. Böyük bəzəkli bağlamada verilmədi, amma kainatın ən gözəl, ən təmiz hədiyyəsi idi… və bəhs etdiyim “O” elə sənsən. Sən nə gözəl gəldin… Xoş gəldin sevdiyim.
Sənə lazım olan yeganə insan Özünsən. Hara gedirsənsə get, çevrəndəki hər kəsi özünlə apara bilmərsən, hər kəslə hər sözünü, sirrini danışa bilmərsən, hər kəslə 1 yerə qədər münasibət qurarsan və səni bir yerdə tək başına buraxar. Çünki çevrənin missiyası budur. Bəzən təcrübə qazandırar, bəzən dərs verər, bəzən isə bizi gələcəyə hazırlayar….
Çevrə dediklərimiz seçicidir bəzən, yaxşı halına sevinməzlər, dara düşdüyündə səndən uzaqlaşmaq üçün bir bəhanə arayar…. və unutma, axtaran tapar… Yaxşı görmək istəyən yaxşı, pisi görmək istəyən isə pisi görər həmişə… Səni bəyənməyənlər bəyənməmişlərdir, səni sevməyənlər sevilməmişlərdir ələ salanlar ələ düşmüşlərdir unutma. Bir sözlə, sənə çata bilməyənlərdir…. necə deyərlər “Pişiyin əli ətə çatmayınca”…
Odur ki, özünü sev, özünə güvən, özünə arxalan. Kimsə sənin “mən”ini səndən yaxşı bilməz. İçini gözəl tut, insanın içi gözəl olarsa, çölünə də yansıyar….
Səhvlərini, düzlərini sev… qəbullan və önündəki daşları nərdivan et zirvəyə qalx… Hərçənd zirvə də yüksəlişin sonu, enişin başlanğıcıdır, amma bir şeyi unutmaq olmaz ki, ağac da bar verərkən başını aşağı əyər. Qalxmaqdan da, enməkdən də qorxma. Və heç vaxt özünü günahlandırma.
Çünki öyrənməyin üçün kamilləşməyin üçün ən çətin etaplardan keçməlisən – gücünü görmək üçün. Həyatdır bu. Özünü kəşf etdiyin andan həyat sənə istədiyin qapıları açar, yetər ki, doğru qapıya yaxınlaşmağı bil və yanlış qapıdan çıxdığında bir də o qapıya tərəf getmə.
Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana bütün yaranmışların ünsiyyətlərindəki səslərin, dillərindəki kəlmələrin sayının min qatı qədər şükürlər olsun ki, belə vacib və faydalı mövzuda sizlərlə həmsöhbət olmaq da qismətdə var imiş. Son günlərdə olduqca bəsit və gülünc iddialarla istər sosial şəbəkələrdə, istərsə də necə deyərlər ucuz reklam xatirinə onlara “yel verən” KİV (EKİV)-də yer almış cızma-qara sahiblərinə kiçik bir xatırlatma məqsədi ilə qələmə aldığım bu yazı “Həftə içi” qəzetində dərc olunmaqla bərabər eyni zamanda “Yaradanla baş-başa” adlı məqalələr toplusuna (ikinci hissə) daxil olacaq iyirmi ikinci yazıdır. Söhbətə başlamazdan əvvəl onu qeyd edim ki, bu “qəhrəmanları” Qadir Allahın bəxş etdiyi nemətlərin ən əzəli, öndəgələnlərindən olan ünsiyyət vasitəmiz dili (yazılı) yaxşı məqsədlə istifadə etmədiklərinə görə onları şiddətlə qınayır və əlbəttə onlar üçün adi olan, əslində olduqca faydalı, ibrətamiz, misilsiz digər bir nemət olan suyun misalında yaranışın, nizamın düşündükləri qədər bəsit olmadığını açıqlamağa çalışacağam. DAHİLƏR VƏ QAHİLƏR “Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir.” Bu müdrik kəlam heç də indi bəzilərimizin düşünə biləcəyi kimi Şərq üləmalarına məxsus deyil. Əksinə, tam tərsi ilahiyyatla heç bir əlaqəsi olmayan Qərbin dəqiq elmlər üzrə alimi Verner Karl Heyzenberqə aiddir. QISA ARAYIŞ: Verner Karl Heyzenberq (alm. Werner Heisenberg, 5 dekabr 1901, Vürzburq – 1 fevral 1976, Münhen) – görkəmli alman fiziki, matriks kvant mexanikasının yaradıcısı, 1932-ci il fizika üzrə Nobel mükafatı laureatı. 1976-cı ildə xərçəng xəstəliyindən vəfat etmişdir. Verner Karl Heyzenberqdən əlavə bu siyahını Qərbin müsəlman olmayan digər dəqiq elmlər üzrə dahi Pifaqordan üzübəri tanınmış alimləri İsaak Nyuton, Albert Eynşteyn, Mixail Vasilyeviç Lomonosov, Dmitri İvanoviç Mendeleyev, eyni zamanda Lev Nikolayeviç Tolstoy, Vintsas Kreve kimi məşhur yazarları və başqa onlarca, bəlkə yüzlərcə bəsirət gözü açıq olan dahilərin (Nikola Tesla ilahi qüdrətə bir az başqa cür don geyindirirdi) hesabına uzatmaq da olar. Hətta Ziqmund Freydin timsalında dinin VI əsrdə ilişib qalanlar üçün lazım olduğunu iddia edən bizim bu “qəhrəmanlar” özləri də bilmədən Allahın varlığını mülahizələri ilə sübuta yetirmiş olurlar. Ziqmund Freydlə bağlı başıma gələn bir hadisə haqqında ibrətamiz qısa haşiyəyə çıxmaq istəyirəm (Ziqmund Freyd – Ziqmund Freud, Sigismund Şlomo Freyd – mənim şəxsiyyətinə, əzminə, iradəsinə, elminə hörmət etdiyim, tapa bildiyim kitablarının hamısını oxuduğum, fikir və mülahizələrini çoxunu bəyənib qəbul etdiyim həkim-psixoloq, özünəməxsus araşdırma və analiz qabiliyyəti olan alim, söz adamıdır.): HAŞİYƏ Əgər, səhv eləmirəmsə, 2013 – cü ilin payızı, oktyabr ayı idi. Şamaxıda idim. Əlimdə ağ paketdə Ziqmund Freydin “Totemlər və tabular” kitabı, bir də həmişə özümlə gəzdirdiyim qara dəri balaca əl çantam var. Cümə günü, günortadan xeyli keçmişdi. Şamaxı Cümə Məscidi olan əsas küçə ilə yuxarıdan aşağı – avtovağzal istiqamətində heykəllərin şəklini çəkə-çəkə üzüaşağı düşürdüm. Məscidin yanından keçəndə qərara gəldim ki, girim həm məscidi ziyarət edim, həm də iki rükət namaz qılaram. Məscidin həyətinə girib, düz dəstəmazxanaya getdim. Əlimdəki kitab olan ağ paketi yerə qoyub (orda asılqandan başqa kətil, dolab olmadığına görə) qara dəri çantanı da üstünə qoydum. Dəstəmaz alıb, məscidə getdim. Məscidin girişində yenə ayaqqabılarımı çıxarıb, onlar üçün nəzərdə tutulmuş rəflərə qoydum və içəri keçdim. Namazımı qıldım, xeyli dua etdim. Təxminən 45 ‘ – 1 saat vaxt keçmiş olardı. Qalxdım, gəldim ayaqqabılarımı geyinib çıxanda baxıram ki, əlimdə ancaq qara əl çantası var. Bəs ağ paket hanı? – Əvvəl elə bildim içəridə unutmuşam. Ayaqqabılarımı çıxarıb yenidən məscidə daxil oldum, gedib əl çantasını qoyduğum yerə baxdım. Yox idi. Düşünə-düşünə gəlib ayaqqabılarımı geyinib, ayaqqabılar olan rəfə də baxdım. Bəlkə, bura qoymuşam. Yox idi. Lap əvvəldən xatırlamağa çalışdım… Dəstəmazxanaya girib kitab olan paketi döşəməyə, qara çantanı da onun üstünə qoyub dəstəmaz almağa getmişdim… Bu düşüncə ilə dəstəmazxanaya girdim. Paket elə ordaca dururdu… Paketi döşəmədən qaldırdım, tüklərim biz-biz olmuşdu… Nə qədər düşündüm, necə ola bilər ki, dəstəmaz alandan sonra üstündə olan çantanı götürəsən, paket özü unudula – əslində necə olmuşdusa mən heç paketi görməmişdim, sanki, o heç olmamışdı… Dəstəmaz alandan, ta ziyarət və ibadəti tamamlayıb məsciddən çıxana qədər onun haqqında məlumat yaddaşımdan tamam silinmişdi. Bir də məsciddən çıxanda xatırladım və nəql etdiyim kimi gedib tapdım… İndi də o hadisəni xatırlayanda bu qənaətə gəlirəm ki, Qadir Allah (ƏL – QƏDİR) bu kitaba onun evinə girməyə izin vermədi və o ehtiva etdiyi məlumatlarla birlikdə məni yalnız həmin yerdə gözləyə bilərdi…
Özlərini ağıllı sayanlar (stəkanı hələ indi-indi uzaqdan görənlər) “olmayandan (yoxdan) danışmaq olmaz” tezisini unudaraq sərsəm fikirlərlə gündəmə gəlməyə çalışırlar… Bu barədə çox dərinə getmədən sadəcə yazıqlar olsun deməklə kifayətlənirəm… Və əlbəttə deyildiyi kimi, “…vay o kəslərin halına ki, …” Yəqin o şəxslər özləri də yaxşı bilirlər ki, onlar nəinki yuxarıda adları çəkilən müdrik şəxslərdən ağıllı deyillər, hətta çoxları onların bir çoxunu heç tanımırlar belə… Ümidvaram ki, bu yazıdan sonra tapıb, oxuyub, öyrənəcəklər. İnanıram ki, əgər, bu qafillər heç olmasa stəkana yaxından baxa bilsələr, dibi haqqında onlarda ilkin təsəvvürlər formalaşa bilər. Belələri haqqında hələ keçən əsrin axırlarında “Dostum” adlı bir şeir yazmışdım. Elə o vaxt da birmənalı olmayan fikirlər çox səslənirdi. (maraqlananlar “Google” axtarış sistemində Zaur Ustac “Dostum” şeiri yazıb, oxuya və dinləyə bilər – bura əlavə edib yer tutmaq istəmədim.) İki hissəli bu yazımın birinci hissəsini məhz belə yekunlaşdırmaq istəyirəm, qahilərdən olmaq istəmirsinizsə, dahiləri tanımaq lazımdır. KEÇİD Yuxarıda yəni birinci hissədə bilərəkdən ancaq qeyri-müslimlərdən misallar çəkdim. Ancaq, bu demək deyildir ki, bizim özümüzün sitat gətiriləcək dahilərimiz yoxdur. Mövcudatın qarşılıqlı olduğunu (gecə-gündüz, dağ-dərə və s.), təsirin əks təsirə bərabər olduğunu nəzərə alsaq qahilərin bizdə Qərbə nisbətən daha çox olduğunu iddia ediriksə deməli şübhəsiz ki, dahilər də bizdə – Şərqdə daha çoxdur… Yəni, stəkan hələ icad olmazdan, hörmətli alman fiziki Verner Karl Heyzenberq elmi bir su misalında ona doldurmazdan çox əvvəl Şərqdə Şeyx Nizami Gəncəli suyu belə vəsv etmişdir: “Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir su da.” Müəllif: Nizami Gəncəli Tərcümə edən: Səməd Vurğun Dahi Nizaminin yazdğı dildə bu misraların hansı fikri ifadə etdiyini bir kənara qoyub, sevimli şairimiz Səməd Vurğunun şirin dilində ifadə etdiyi məna üzərindən iki istiqamətdə fikir yürüdərək dahiliyə və qahiliyə müasir (sirr dolu) insanın baxış açısından qısa izahda aydınlıq gətirməyə çalışacağam. “su çox incə bir varlıqdır” – bu bizə ulu əcdadlarımızdan – dahilərdən –kodlaşdırılmış, şifrəli şəkildə ötürülmüşdür. Müasir “dahi”(əslində o qahidir) bu məlumatı götürür, ikinci -“dərd verən” tərəfini araşdırmağa başlayır və məlum olur ki, bəli su nə qədər faydalı olsa da həddindən artıq çox qəbul edildikdə, bir o qədər də zərərli ola bilər. Beləki, orqanizmin təbii ehtiyacı olmadan (belə söz var – ürək istəmədən) həddən çox su işdikdə ilkin olaraq kəskin baş ağrıları ilə müşayət olunan “su zəhərlənməsi”, sonra maddələr mübadiləsinin pozulması (əlbəttə, onu da yaxşı bilir ki, hal-hazırda içməli su konkret olaraq yoxdur) nəticəsində bədəndə artıq suyun yığılmasına, bu maye yığıntısının qarın boşluğunda özünə yer etdikcə tədricən artaraq digər vacib orqanların fəaliyyətini məhdudlaşdırdıqca, həyati əhəmiyyətli orqanlarda xəstəliklərin əmələ gəlməsinə səbəb olur ki, bu xəstəliklərin müalicəsində olduqca bahalı, “çətin tapılan” (bu status onların vacibliyini və dəyərini artırır) xarici dərmanlardan istifadə olunur. Müəyyən (qahiliyə bəs edəcək qədər) psixoloji bliklərə də malik olan “dahi” daha çox insanın oxuya biləcəyi, məlumatlanacağı bütün imkanlardan (sosial şəbəkələr, KİV, TV və s.), vasitələrdən istifadə edərək təxmini bu məzmunlu yazılar tirajlamağa başlayır, “…baxın, filankəs hər gün sadəcə su içməklə nələrə nail oldu…”, bilir ki, bir dəfəyə orqanizm tələb etmədən çoxlu su içmək çətindir. Odur ki, “…ilk günlər çətin olsa da, sonra tədricən öyrəşmək olur, gör filankəs altı ayda nələr etdi…” və s. bu qəbildən olan təhrikedici cümlələrlə qabaqlayıcı önləmlər alır. Bu məqamda o məşhur deyim yada düşür, “ayının min oyunu bir qozun üstündə gedir…” – mətbuatı (növündən və vasitələrindən asılı olmayaraq) boş yerə hakimiyyətin növlərindən biri hesab etmirlər. Xüsusi ilə sürətli məlumat yaymağın asanlaşdığı müasir dövürdə bu öz gücünü daha qabarıq şəkildə göstərir. Bəli suyun “faydası” haqqında yazılıb, mümkün qədər bütün vasitələrlə yayılan yazınını bircə məqsədi var. Daha çox adam xəstələnib, Hippokrat babalarının cəddinə dönə-dönə and içmiş, dərman firmaları ilə əvvəlcədən müqavilə bağlayaraq onlarda qeydiyyatdan keçmiş nömrəli reseptlərlə və ya təşviqedici reklam xarakterli blanklarla təchiz olunmuş, qahi həkimlərə müraciət etsin ki, bahalı dərmanlardan daha çox satılsın… Söhbətimiz obyekti su olduğuna görə mən sudan misal gətirirəm. Yoxsa, heç kimə sirr deyil ki, indi hər yan bu tip təhrikedici yazılarla doludur. Belə yazılara, söhbətlərə ümumiyyətlə “qulaqdandolma” məlumatlara inanmayın onlar qahilərin sözüdür. Ələxsus sağlamlıq – həkim məsələlərində ən etibarlı, sınanmış şəxslərə müraciət etmək olar… İndi demək olar ki, dünyanın aparıcı şirkətləri səbəbi və nəticəni bir əldə cəmləməyə nail olublar. Məsələn, dünyaca məşhur şirkət uşağın ağlı kəsəndən reklam edə-edə bahalı, ləzətli ancaq, zərərli şokaladı və digər şirniyyat, qənnadı məmulatlarını şirin-şirin 30-40 yaşına qədər ona yedirdib, içi şəkər qarışıq müxtəlif sağalmaz xəstəlikləri (hansı ki, bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanları da özü istehsal edir…) onun orqanizmində yaradır, yenə həmin şirkət istehsal etdiyi bahalı dərmanları reklamla qazandırdığı xəstəlikləri müalicə edir adıyla ömrünün qalan hissəsini bu şəxsə almağa məcbur edir… İkisində də onlar qazanır, biz itiririk… Bu gözlə görünən, hər gün ətrafımızda olan, hamımızın hiss edə biləcəyi maddi misalları çəkməkdə iki əsas məqsədim var idi. Birinci publisistika kimi günümüzün acı həqiqətlərini bir daha xatırlatmaq, ikincisi isə bu maddi timsalda digər yazıların əslində mənəvi – ruh aləmimizə, insanlığa nə qədər sağalmaz yaralar vurduğunu gözlər önünə sərməkdən ibarət idi… Bu müqəddəs torpağın yetirdiyi dahilər təkcə Şeyx Nizami ilə məhdudlaşmır. Bu siyahını cəlal sahibi, Alim Allahın (Əl – Əlim) elmindən kifayət qədər agah olan, Bəhmənyar, Nəsrəddin Tusi, Nəsimi, Xətai, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev kimi mütəfəkkirlərin, eyni zamanda Qurbani, Sarı Aşıq, Aşıq Ələsgər və digər adını qeyd etmədiyim xalq içərisindən çıxmış saz-söz adamlarının hesabına uzatmaq olar. Yaxud da heç uzağa getmək lazım deyil, müasirlərimiz dünyaca məşhur Çingiz Abdullayevin, ölkəmizdə kifayət qədər tanınmış Əsəd Cahangirin fikirləri bu, bir ovuc qahinin tutarlı cavabı ola bilər. Müasirlərimiz olan elm adamlarından gənc alim-yazar Sadıq Qarayevin dünya-aləm, kainat-yaranış haqqında olan düşüncələri maraqlıdır. SU DÜNYAYA AÇILAN PƏNCƏRƏDİR Yuxarıda, “DAHİLƏR VƏ QAHİLƏR” və “KEÇİD” bölümlərində qoyulmuş problemi mümmkün qədər dünyaca məşhur şəxslərin adı, misalları anlatmağa çalışdım. Ancaq, digər əvvəlki yazılarla tanış olan oxucu bilir ki, bu o qədər də xarakterik hal deyil. Mən adətən bütün yazılarımda məsələnin əsas mahiyyəti “mən” deyə gətirdiyim misallarla açır və fikrimi təsdiq edirəm. Bu heç də təvəzökarlıqdan uzaq “mənəm-mənəm” – lik iddiası deyil, əksinə tam tərsi özümün tam əmin olmadığım fikri, doğruluğuna inanmadığın hadisəni başqasına anlatmağın düzgün olmaması qənaətindən irəli gəlir. Odur ki, mən yazılarımın böyük əksəriyyətində praktik məsələləri öz həyatımdan, gördüklərimdən, dəqiq bildiklərimdən, şahidi olduqlarımdan misal gətirməklə əsaslandırmağa çalışıram. Yenə həmişə gözümüzün önündə olan, gün ərzində dəfələrlə təmasda olduğumuz su haqqında misallarla dinin bəzi hökmləri ilə əlaqəli şəkildə tanış olacaq, fikrimizi əsaslandırmağa çalışacağıq. Bu təfsilata keçməzdən öncə hamımızın diqqət etməli bir neçə məlumat nəzərinizə çatdıracağam. Onu da qeyd etmək istəyirəm ki, yazının bu hissəsində sonra fikir – açıqlama (izah) kimi təqdim edəcəyim məlumatlar “NİYƏ BELƏDİR?” – sualına uzun illər axtarıb, araşdırıb tapdığım cavablardan ibarətdir: DİQQƏT!!! Azanın vaxtı elə təyin olunub ki, Yer üzərində (daha dəqiqi sonsuz fəzada – kosmosda Yerdən daim azan səsi gəlir) fasiləsiz olaraq azan səsi gəlir, Allahın kəlamları oxunur. Müsəlmanların Ay təqvimindən istifadə etməsi, təbii Günəş və Ay saatlarının nəzərə alınması ilə bu mümkün olmuşdur. Əgər, insan onun orqanizmi üçün təyin olunmuş qaydada hər gün Günəş doğmazdan öncə oyanıb, dəstəmaz alıb, günə ibadətlə (şükrü-səna, arzu-niyazla) başlayaraq, yalnız günün işıqlı vaxtı (Günəşi gördüyü vaxt) oyaq olub, hava qaralanda – gecə düşən kimi yenə qüsul-dəstəmazın həll etdikdən sonra ibadətini (şükrü-səna, arzu-niyazla) yerinə yetirib yatarsa, yəni “Günəşlə oyaq ol, Ayla yat…” göstərişinə əməl etsə, insan bu gün düçar olduğu bir çox bəlalardan uzaq olardı… Bunun səbəbi insan orqanizminin təbii Günəş və Ay saatlarına görə ayarlanmasıdır. Hər söhbətə, yeməyə başlayanda “BİSSMİLLAH”, qurtaranda isə “ƏLHƏMDÜLİLLAH” demək boğaz (udlaq -qırtlaq) üçün faydalıdır. Beləki, bu sözləri işlətmək ağız boşluğunu sonrakı fəaliyyət üçün hazırlayır. Bunun səbəbi hər iki sözün tərkibində olan “ALLAH” kəlməsini tələffüzü ilə bağlıdır. Namaz qılarkən “TƏKBİR”-də əllər sürətlə qulaq bərabərinə qalxıb düşür. Bu hərəkətin düzgün icra olunmasında insan orqanizmi üçün böyük fayda var. Beləki, hərəkət nəticəsində barmaqların ucundakı xırda kapilyarlar silkələnir və qan damarlara daha sürətlə qayıdır. Eyni zamanda ürəyə giriş –çıxış damarları dartılıb hərəkət etdiyinə görə, bu hərəkəti hər gün müntəzəm şəkildə dəfələrlə təkrar edən adamda (bunu namaz qılanda düşünmədən edirik – avtomatik) damar kirəcləşməsi, bu səbəbdən infarkt olma riski sıfıra bərabərdir. Bu sadaladığım misallar ən adi, hər gün istifadə etdiyimiz, içində olduğumuz misallardır. Belə sadə misalları çəkməkdə məqsədim “din VI – VII əsrlərdə ilişib qalanlar üçündür” deyənlərə Böyük Allahın əzəmətinin ən xırda – bizim bilmədiyimiz – bir detalda, məqamda, hərəkətdə ola biləcəyini xatırlatmaqdan ibarətdir. Və din hansısa zaman üçün deyil, insan – insanlıq üçündür. SU – ALLAHIN BİR LÜTFÜDÜR Aşağıda sadalayacağım misalların qaynağı, qüsul və dəstamaz qaydaları, namazın evimizdən axan çaya bənzədilib, gündə beş dəfə orda paklanmalı olduğumuzun tövsiyə olunması, şərab içənin ibadətinin qırx gün qəbul görməyəcəyinin xəbərdar edilməsi və başqa bu kimi ibrətamiz məlumatları öyrəndikdən sonra “NİYƏ BELƏ OLMALIDIR?” sualına uzun illərin araşdırmaları, öz üzərimdə sınaqdan keçirdiyim təcrübələrin nəticələridir. Onu qeyd edim ki, mən gözümü açıb evdə nənəmi, babamı ibadət edən görsəm də ilk olaraq namazı və sonra böyüdükcə digər şərtləri kitablardan müxtəlif informasiya vasitələrindən əlbəttə eşidib, görüb, bildiklərimi də göz önündə tutaraq on beş yaşım olar-olmaz müstəqil öyrənməyə başlamışam və bu son nəfəsə qədər davam edəcək. Hədis məlum. Su məsələsində yenə iki məsələ qabarıq görsənir: -Birinci onun xarici təmizlik üçün istifadə olunması, qüsul və dəstəmazın həqiqətən də orqanizmə cism və ruh olaraq ayrı-ayrılıqda bir çox cəhətdən müsbət təsiri göz önündədir. Bu təkzibedilməz faktdır. -İkinci isə suyun birbaşa insanın orqanizminə daxildən təsiri, qəbul olunub, qana sorulması prosesi ilə bağlıdır. İnsan bədəninin həyatverici – daşıyıcı qüvvəsi qanının nisbətdə yarıdan çox hissəsinin su olmasını nəzərə alsaq hər su içmə prosesi sanki, insanın özünə qayıdışı, özünü tanıması, ətraf aləmlə vəhdət təşkil edib, tamlığa qovuşması hadisəsidir. Əlbəttə çiy (qaynamamış, qatqısız), pak, saf içməli sudan söhbət gedir… Başlayaq qüsuldan, niyə bütün hökmlərdə israrla cünub halda yatmağın, ümumilikdə qüsulsuz qalmağın zərərli olduğu buyurulur? Tibbi və sağlamlıq tərəfi, əlaqədən sonra həmən çimib, qüsul aldıqda ən azından tərəflərdə olan parazitlərin yumurtalarının (törədicilərinin) bir-birinə ötrülməsi ehtimalı azalır, digər bir çox infeksion xəstəliklərin yayılmasının qarşısı alınır və s. Mənəvi – ruh tərəfi gecə rahat, sakit və dərin yuxu ilə yatmaq mümkün olur. Oyandıqda yeni gün daha bərəkətli və faydalı olur. (Məsələn, istənilən tacir, ticarətlə məşğul olan adam, iş adamı eyni obyektdə işlədiyi qüsullu günü ilə qüsulsuz günün nəticələrini analiz edib, alacağı inanılmaz dərəcədə fərqli nəticənin şahidi ola bilər)Pak və dualı bir iş günü olduqca xoş əhval-ruhiyyədə keçməklə yanaşı, həmdə adi günlərdən çox fərqlənəcək dərəcədə bərəkətli olur. HAŞİYƏ Parazitlərlə bağlı kiçik bir haşiyəyə çıxmağa ehtiyac duydum. Bu haşiyə həm yazının birinci hissəsi ilə ikinci hissəsi arasında əlaqəni möhkəmləndirəcək, həm də parazitlər haqqında qısa məlumat verəcək. Beləki, hal-hazırda qahilər parazit (insan orqanizmindəki müxtəlif qurdlar) mövzusunu əldə bayraq edərək, bundan da qazanc məqsədi ilə istifadə edirlər. Parazitlər mövzusunda “USTACNAMƏ” kitabının dördüncü bölümündə ətraflı məlumat olduğuna görə bu yazıda çox dərinə getməyərək, sadəcə onu bildirmək istəyirəm ki, insan bir bədən, cism, orqanizm olaraq digər bütün yaradılmış canlılar kimi, parazitlərlə birgə yaşamağa məhkumdur və bu bəzi kənara çıxmaları – xarakterik olmayan yoluxmaları –nəzərə almasaq təbii haldır. Onları qahilərin iddia etdikləri (reklam edib, pul qazandıqları) üsullarla bədəndən təmizləmək mümkün deyil və buna ehtiyac da yoxdur. Bədənimizdə yaşayıb, bizim hesabımıza parazit həyatı sürən orqanizmlərin qahilər iddia etdiyi kimi tam təmizləmək mümmkün olsaydı, şübhəsiz ki, bu əməlin zərəri faydasından çox olacaqdı. Çünki, bizimlə birgə yaşayan yad orqanizmlərin çoxu Alim (Əl – Əlim) və Qadir (ƏL – QƏDİR) olan Böyük Allah tərəfindən görəvləndirilmiş təbii likvidatorlardır. Bu canlılar da digər bütün canlılar kimi təbii Günəş və Ay saatlarına uyğun yaşam tərzi sürür, bəlli zamanlarda insan oqrqanizminin dəri səthinə açılan bütün dəlik və kanallarından (ağız, göz, burun, qulaq da daxil olmaqla) xaricə çıxaraq yumurtalarını qoyub, geri qayıdırlar. Müntəzəm sadəcə su ilə və ya bəzi təbii sabunlardan istifadə edərək təmiz yuyunmaqla bu törədicilərin yenidən orqanizmə qayıdıb düşməsini azaltmaq olar. Tez-tez bədəni tam yuyub qüsul almaqda bu baxımdan fayda var. İkinci dəstəmaz məsələsi dəstəmaz suyunun şərtləri və qaydaları məlum olduğuna görə burada ona yer ayırmayıb, mətləbə keçirəm. Mən bütün qaydaları müstəqil öyrəndiyimə görə lap uşaqlıqdan namazda təkbirə görə və dəstəmaz alanda ayağa məsh çəkəndə həmişə böyüklərdən –qocalardan iradlar alardım və cavanlıq iddiası ilə niyə elə olmaz və ya niyə elə olmalıdır, harda belə yazılıb sualları verərdim… Və ya məni ən çox düşündürürdü; niyə isti su ilə dəstəmaz almaq olmaz, niyə qurulamaq olmaz… bir yeri niyə iki dəfədən artıq yumazlar… və digər qocaların qoyduğu maraqlı qadağalar… İndi keçək cavablara: -dəstəmaz alarkən bədənin sonluqları – orqanizmin bir-birindən ən ucqar, uzaq nöqtələri otaq temperaturundakı (qızdırılmamış, təbii ətraf mühit temperaturunda) suyla yuyunduqda və ya məsh olunduqda yenə bu kapilyarların oyanmasına və bir başa qan dövranına təsir edir. Su mühitin təbii temperaturundan isti olduqda bu effekt olmur və dəstəmazın bu cəhətdən orqanizmə heç bir faydası olmur. Üz-gözümüz, qolumuz sulu qaldıqda ibadət əsnasında təbii şəraitdə yavaş-yavaş quruduqca bədənin sonluq səthlərinin soyuması davam edir. Dəstəmaz qurulandıqda bu effekt olmur. Su nə qədər soyuq olsa da iki dəfədən artıq bədənə vurmanın efekti olmur, üçüncü artıq israfçılıqdır. İki dəfəyə dəri tam oyanır və üçüncünü hiss etmir… Kişilərin ayaqlarına baş barmağın ucundan üstə doğru məsh çəkmələri onların daxili orqanlarının, xüsusi ilə piylənmə vəziyyətinə görə qadınlardan fərqli olduğuna görədir. Bu səbədən qadınlar ayaqlarının içinə doğru, kişilər isə üstünə doğru məsh çəkirlər. Ayağa məsh çəkdikdə kapliyarların oyanma effekti yumaqdan daha artıq olur. SU İÇDİKDƏ NƏ BAŞ VERİR? Yuxarıda bu haqqda kəsədən daxilə çiy, pak, saf, qatqısız su qəbulunun insanın özünə qayıdışı, təbiətlə vəhdət yaratması anlamına gəldiyini qeyd etmişdik. Çiy su ilə, qaynanmış və ya qatqılı suyun orqanizm üçün nə fərqi və ya ümumiyyətlə bunu ibadətlə nə əlaqəsi var? Bu sualın cavabı şərab içənin ibadəti qırx gün qəbul olunmaz məzmunlu hökmdə gizlənib. Çiy su, qaynanmış su, qatqılı su, şərab bu dörd vacib informasiya üzərindən mühakimə yürüdərək belə nəticəyə gəlirik ki, bu dörd varlığın fərqi yalnız ölü və diri olmasındadır. Diri kimi yalnız çiy, saf suyu qəbul edirik. Niyə şərab içmiş insanın ibadəti qəbul olunmur? Çünki, Allah kəlamı ona təsir etmir. Niyə təsir etmir? Bu onun qanındakı qatqılı mayeyə görədir. Nəinki şərab içənə, hətta daim qaynanmış su, çay, kompot və digər şirələr içən adamla müqayisədə müntəzəm olaraq çiy, saf su qəbul edən adama (indiki reallıqda çətin olsa da…) azanın, avazla oxunan quranın təsiri tam fərqlidir!!! – İNANMAYANLAR ÖZ ÜZƏRİNDƏ YOXLAYA BİLƏRLƏR – 40 GÜN ƏRZİNDƏ NƏTİCƏ ALMAQ MÜMKÜNDÜR. Məncə, bu insan orqanizminin cox hissəsini su təşkil etməsi ilə əlaqədar hadisə olub, damarlarımızda axan qanın cox hissəsi saf, pak, diri su olduqda Allah kəlamı bütün digər canlılara təsir etdiyi kimi damarlarımızda olan suya da təsir etdiyindən və su molekulları ƏR-RAİ, ƏR-RƏQİB, ƏŞ-ŞƏHİD, ƏL-MUSSƏVVİR, ƏL-VƏHHAB, ƏL-XƏBİR, ƏL-MÜHİT kimi gözəl adların sahibi Böyük Allahın şirin avazlı müəzzin tərəfindən düzgün oxunan sözlərinə qarşı biganə qalmadığının bariz göstəricisidir… XATIRLATMA Ey qahilər, istəyirəm biləsiz ki, mövzuya uyğun xatırlatdığım, daim gözümüzün önündə olan, hamımızın görüb, hiss edə biləcəyi bu misallar Böyük Allahın yaradılmışlara lütfünün çox kiçik bir qismi, bəlkə də heç milyonda biri də deyil… Ancaq, inanclı insanlar bu qazanc – xeyirlər naminə ibadət etməzlər. Onlar sadəcə vacib buyrulmuş əməlləri yerinə yetirdiklərinə görə, əvvəlcədən vəd olunmuş səvaba-faydaya qovuşarlar, bu qədər. Sonda din geridə qalmışlar üçündür məzmunlu fikirlər səsləndirən münafiqlərə (bəli, onlar əsl münafiqlərdir) sözüm budur: -bir damla suyun ən zəif, ən xırda, parçalanmış, yaralı bir molekulu qədər hissiyyatınız, qabiliyyətiniz olsun… Onlara bir xatırlatma da etmək məcburiyətindəyəm: – bilin ki, İslam sonuncu və ən kamil olan dindir və bu din sizin inkişaf etmiş Avropa adlandırdığınız (əsrlər boyu Şərqdən oğurluq edən, öyrənib öz adına çıxan) Qərbdə heç bir zor-güc olmadan, ən bilikli, savadlı, hər tərəfli imkanlı, dünyanı, əsl tək olan elmi anlayan qabaqcıl insanlar arasında sürətlə yayılmaqdadır… Və orada bəziləri bundan bərk narahatdırlar… Bəlkə də sizinkimilər elə belələrinin qarmağı ilə suya düşürlər… Nə qədər gec deyil, bu yoldan çəkinin… O sürüşkən qarmaqla endiyiniz çirkab gölməçədən çıxın, üstündə içi pak su dolu stəkan olan masaya yaxınlaşın, diqqətlə baxın, ibrət alın. Ən azından çiy su içməyə başlayın… “Bir damla su” tam anlamı ilə bütün mənalarda (insan özünün də bir damla “su”-dan necə əmələ gəldiyini və sonrakı bütün inkişaf mərhələrini – hansı ki, bu barədə də ən xırda təfsilatı ilə müqəddəs kitabımız “Quran”-da məlumat verilmişdir – unutmamalıdır…) əsl insan üçün həqiqətən də dünyaya açılan pəncərədir, sadəcə bunu görüb, dərk etmək lazımdır… Qeyd: “Qahi” – qəhr olmuş, “Qahilər” – qəhr olmuşlar deməkdir. 27.04.2019. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında İYİRMİ İKİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda“Su dünyaya açılan bir pəncərədir”, “Həftə içi”, 03.05.2019, say: 80 (3128), s.8. dərc olunub.
Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha! Hər dəfə sizlərlə bölüşməyə sözüm olanda sevincimin həddi-hüdudu olmur. Bu dəfə məni belə sevindirən, ruhumu ovsunlayıb öz sehrinə qərq edən çox dəyərli bir kitabdır. Böyük əminliklə qeyd edirəm ki, əgər siz bu yazını oxuyursunuzsa, mütləq mənim “Su dünyaya açılan bir pəncərədir” adlı yazımı da oxumusunuz. Bu məqamı xatırlatmaqda məqsədim kitabla necə tanış olduğumu sizlərə çatdırmaqdan ibarətdir. Belə bir kitabın varlığından tam xəbərsiz olaraq, sadəcə “sirli aləm”, “sirli dünya”, “dünyanın sirli işdəkləri” kimi ifadələr yazıb “Google” dostumuzun əvəzsiz xidmətlərindən faydalanırdım. Axtarş nəticəsi olaraq çıxmış “Sirli gedişlər” ifadəsi diqqətimi cəlb etdi. Lingdən keçid edib qısa araşdırma aparanda məlum oldu ki, “Vahid Mərkəzləşdirilmiş Kitabxana Portalı”nın “Göygöl rayon Mərkəzi Kitabxana”sının qonağıyam və həmsöhbətim Lətifə Orucun (Lətifə Əliyeva) “Sirli gedişlər” kitabıdır. Bizim tanışlığımız bax beləcə, iki bir-birini tanımayan qonağın onların hər ikisini yaxşı tanıyan dost evində görüşü kimi qəfil, gözlənilməz şəraitdə baş tutdu. “Sirli gedişlər” ifadəsi diqqətimi cəlb etdi. PDF kitabı pulsuz və təhlükəsiz şəkildə endirib oxumağa başladım. Axşam saat 20:00 – a az qalırdı. Axşam xəbərlərini gözlədiyimə görə vaxt dəqiq yadımda qalıb. “Xəbərlər”in başlamasına qalan 5-6 dəqiqə vaxt ərzində mən “Sirli gedişlər” adlı kitabın müəllifinin Lətifə Oruc olduğunu, hörmətli professorumuz Nadir Məmmədli tərəfindən 2021-ci ildə “Elm və təhsil” nəşriyyatında çap edildiyini öyrəndim və hətta çox hörmətli şairimiz Sabir Rüstəmxanlı tərəfindən kitaba yazılmış ön sözə də göz ata bildim. AzTv-də “Xəbərlər” proqramının başladığını bildirən video çarxın getdiyi (səsindən məlum olur) anda mən artıq “I FƏSİL” də “Suyun kənarında Quran oxunuşu, musiqi, qarğış…” (üçüncü abzas) ilə başlayan maraqlı məqamla rastlaşmışdım. Mövzu mənə tanış gəldiyinə və çox maraqlı oduğuna görə, – “Tunu qaqa, (Tuncay Şəhriliyə adətən belə müraciət edirəm) televizorun səsini azalt”,- deyə bildim və “Sirli gedişlər” məni öz sehirli ağuşuna aldı. Bu günə qədər oxuduğum kitabların içərisində yalnız və yalnız 5-ci sinfdə oxuyan zaman kənd kitabxanasından götürüb oxuduğum (Ağdam rayonu, Yusifcanlı kəndi) “Kapitan Qrantın uşaqları” (fransız yazıçısı Jül Vern tərəfindən 1867-1868-ci illərdə yazılmış roman) kitabını belə, ilk cümləsindən sonuna qədər ayrılmadan, birnəfəsə oxumuşdum. Kitab ötən əsrin ortalarından başlayaraq sonlarına doğru, iki əsrin kəsişməsindəki keşməkeşli dövrü, əsrimizin təlatümlü çağlarını (keçmiş ittifaq və müstəqillik dövürlərində) tipik orta statistik kasıb ailənin və belə ailədə böyüyüb, boya-başa çatmış övladların həyatı, yaşam tərzi fonunda şahidi olduğumuz həyat reallıqlarını gözlər önünə səririr. Bu məqamda, təfsilata keçməzdən əvvəl ən azı gələcəkdə istinad etmək üçün sizi müəlliflə tanış etmək vacibdir.
QISA ARAYIŞ
Lətifə Oruc (Əliyeva Lətifə Oruc) 9 yanvar 1960-cı ildə Naxçıvan Muxtar Respublikasında (Şərur rayonu, Düdəngə kəndi) anadan olub. 1976-cı ildə Şərur rayon, Cəlil Məmmədquluzadə adına Cəlilkənd kənd orta məktəbini, 1986-cı ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Müəllifi olduğu “Sirli gedişlər” (kitab Azərbaycan, Rus və İngilis dillərinə tərcümə olunub) adlı kitabına görə Rusiya Yazıçılar Birliyinə üzv qəbul olunub.
Ailəlidir. Biri qız, biri (tanınmış şahmatçı Rauf Məmmədov) oğlan olmaqla iki övladı var.
Əsərdə şərti adlarla təqdim olunan ailə; sürücü ata, evdar qadın və onların yeddi qız övladı real həyatdan götürülüb (Lətifə xanımın öz ailəsi). Lətifə xanımın yanvar ayında doğulmağından tutmuş, bütün təhsil pillələrində və iş karyerasında əzmlə irəliləməsi, eyni zamanda bacılarının həyatı, zəhmətkeş atanın, qayğıkeş ananın fəaliyyəti belə bir faydalı kitabın yaranıb, ortaya çıxmasında mühüm rol oynamışdır.
Kitab “Tərəfsiz ədəbiyyat tarixdir” prizmasından baxdıqda da bütün tələbləri ödəyir.
Lətifə xanım istər keçmiş ittifaqda yaşadığımız çağlarda, istərsə də müstəqillik dövrümüzdə adi ailə-məişət zəminində baş vermiş hadisələri elə böyük ustalıqla təqdim edir ki, hadisələr fonları ilə birlikdə tarixi, mədəni, mənəvi əhəmiyyət kəsb edir.
Əsərdə təqdim olunan olduqca müxtəlif vəziyyətlər onun real həyat hadisələrindən qaynaqlandığının göstəricisidir. Çünki, situasiyalar və onların təsvirləri o qədər təbii və inandırıcıdır ki, bu kimi halların sadəcə yazıçı təxəyülünün, fantaziyasının məhsulu olmaq ehtimalını heçə endirir.
Əsərdə baş verən hadisələr, onların kompanentləri təbii olduğu kimi, dili də olduqca sadə və axıcıdır. Məhz dilin sadəliyi onu birnəfəsə oxunan kitablar sırasına qoşur. Yuxarıda qeyd etdiyim kimi kitabın Azərbaycan, Rus və İngilis dillərində olan variantları var. Hər üç dildə olan variantlarla artıq tanış olmuş bir oxucu kimi deyə bilərəm ki, dilindən asılı olmayaraq oxunaqlı əsərdir. Qəti olaraq oxucu yorulmur. Burada dilin sadəliyi ilə yanaşı müəllifin hadisələri oxucunu intizarda saxlayacaq tərzdə inkişaf etdirmək bacarığı da mühüm rol oynayır.
Ümumilikdə son olaraq, onu qeyd etmək istəyirəm ki, bəlkə də nadir, hər halda ibrətamiz əhvalatlarla dolu unikal bir ailənin həyat hekayəsini gözlər önünə sərən Lətifə Orucun “Sirli Gedişlər”kitabı əhatə etdiyi dövrün zəruri mədəni, sosioloji, tarixi məlumatlarını özündə daşıdığına görə olduqca əhəmiyyətli ədəbiyyat hadisəısidir. Hamınızı bu hadisə ilə yaxından maraqlanmağa və faydalanmağa dəvət edirəm. Sona qədər həmsöhbət olub, Uca Yaradanın bizlərə ən böyük hədiyyəsi olan çox dəyərli zamanınızı bu sətirləri oxumağa həsr etdiyinizə görə qarşınızda təzim edir və intəhasız təşəkkürlərimi sunuram.