Kateqoriya arxivləri: YAZARLAR JURNALI

ZAUR USTAC – BƏNÖVŞƏ


ZAUR USTACIN YAZILARI

BƏNÖVŞƏ
Kimi öyər, bənövşəni,
Kimi qara, qara yaxar…
Bənövşənin od həsrəti,
Qarı da yandırıb, yaxar…
* * *
Bulaq başı buz, sırsıra,
Əlin düşə, köz ısıra,
Rəbbim yol verməz qüsura,
İçindən can qalxıb, baxar…
* * *
Ustacam, xeyməm laməkan,
Rusqat* verə, qıla imkan,
Tər bənövşəm olar kankan,
Qar içindən çıxıb, qoxar…
12.12.2017. Bakı.

Rusqat*- rüsxət, icazə, izin.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUSA ƏLƏKBƏRLİ – ŞEİR MÖCÜZƏDİR

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI

YUXUDA GÖRDÜM Kİ…
Yuxuda gördüm ki, saraydayam mən,
Xalı döşəməli geniş bir saray.
Ayrı bir həşirdə, haraydayam mən,
Qapılar açılır önümdə tay-tay.
* * *
Gördüm başı açıq, ayağı yalın,
O başa-bu başa gəlib gedirəm.
İçində itmişəm yaşılın, alın,
Bir şahzadə qıza təzim edirəm.
* * *
Başına qoyduğu zərli tacından,
Üzündə ay doğur, gün halələnir.
İncilər, almazlar yağır saçından,
Baxıram üstümə işıq ələnir.
* * *
Uçmaq istəyirəm, bir himə bəndəm,
Tanrıdanmı gəlir bu boyda işıq?!
Hər təzim etdikcə göyə büləndəm,
Qürur yaşayıram qorxu qarışıq.
* * *
Baxır, gülümsəyir şahzadə gözəl,
Qəlbimdən keçəni gözümdən duyur.
İşarə edir ki, bir yaxına gəl,
Nədir iltimasın, ərz elə, buyur…
* * *
Dinmək istəyirəm tutulur dilim,
Mənə nələr deyir bu heyrət, nida?
Qəfildən alışır çəmənim, çölüm,
Mən səni görürəm demə yuxuda.
* * *
Sakitcə üzünə boylanıram mən,
Baxışın mehriban, gözlərin duru.
Yuxuda yuxudan oyanıram mən,
Sən günün işığı, sən ayın nuru.
* * *
Ağzım yaman yerdə dirənib dağa,
Yanıl yanaqların bir dağ laləsi…
Məni öldürməyə, ya yaşatmağa,
Bəs edər əlinin bir işarəsi.
* * *
Əmr elə, cəlladlar boynumu vursun,
Nə əcəb görünmür, bəs onlar hanı?
Çağır fərraşların çubuğa tutsun
Səndən sevgi uman kövrək insanı.
* * *
Duyğulu bir qəlbin tamam bəsisən,
Bülbül istəyim var dil-dil ötməyə.
Sən mənim könlümün şahzadəsisən,
Hazıram bir ömür səcdə etməyə!

AXŞAMDAN YAĞAN BU YAĞIŞ
Axşamdan yağan bu yağış
Gecəni sona yetirdi.
Göyün yerə deyəcəyi
Nə varsa, ona yetirdi.
* * *
O dolan qara buludlar
Sübhə kimi damcıladı.
Payızın göz yaşlarını
Qansız külək qamçıladı.
* * *
Mən də yağdım ağ varağa
Gilə-gilə, damcı-damcı.
Kirpiyimdə salxımlandı
Ürəyimdən qopan sancı.
* * *
Ac köçkünlər muncuq-muncuq
Avropanın yaxasında.
Bu sahibsiz məzlumların
Kimdi duran arxasında?!…
* * *
Arxalı qaniçənlərin
Əmri qandı, hökmü qandı…
Bu dünyanın hər yerində
Ölən ancaq müsəlmandı!
* * *
Axşamdan yağan bu yağış
Ilmə-ilmə sökür məni.
Yurdsuzların yurd gəzimi
Bir üsyana çəkir məni.
* * *
Elə yanıb yaxılıram,
Söz ağzımda kömürləşir.
Xocalıda ruhlar gəzir
Dərd ömrümdə ömürləşir.
* * *
Cövlan edir dalğa, tufan,
Bu dəryada sal köməksiz.
Külək vurur, qayıq aşır,
İnsan oğlu, qal köməksiz…
* * *
Batır gücsüz qoca, qarı,
Körpəyə bax, əl-qol atır…
Bu boğulan məzlumların
Ah, naləsi hara çatır?!…
* * *
Hara çatır haqsızlığın
Batırdığı haqqın səsi?!
Aman allah, bu dəhşəti
Bir daha kimsə görməsin!
* * *
Axşamdan yağan bu yağış
Ürəyimə damcılayır.
Külək çöldə yağışı yox,
Evdə məni qamçılayır!

BU SƏNİN DEDİYİN SEVGİDİ
Seyrələn saçların ağına gəlir,
Boranlı, çiskinli dağına gəlir.
Ömrünün ixtiyar çağına gəlir
Demə daşan selim səngidi vallah,
Bu sənin dediyin sevgidi vallah.
* * *
O gülü bu sayaq üzə bilməzdin,
Arxayın, təmkinli gəzə bilməzdin.
O boyda sevincə dözə bilməzdin
Onunçün yollarda ləngidi vallah,
Bu sənin dediyin sevgidi vallah.
* * *
Bilməzdim “hə” imiş dilindəki “yox”,
Onluğa hədəfmiş kipriyində ox.
Mən elə sevirəm bu sevgidən çox
Ömrün qocalıqla cəngidi vallah
Bu sənin dediyin sevgidi vallah.

NEYNİRDİN ŞAİRİ YARADIB, ALLAH
Bağladın həyata min sirli bağla,
Qəlbinə coş dedin, gözünə ağla.
Bir belə ağrıyla, bir belə dağla
Neynirdin şairi yaradıb, allah?!
* * *
O, dönə bilmirsə kor ağacına
Ya batan gəminin dor ağacına.
Quş olub uçmursa dar ağacına
Neynirdin şairi yaradıb, allah?!
* * *
Aldanıb kimisə öyəcəkdisə,
Sonra öydüyünü söyəcəkdisə.
Kükrəyib “Həqq mənəm” deyəcəkdisə
Neynirdin şairi yaradıb, allah?!
* * *
Ərzi hökmdara yetməyirdisə,
Dərdi, şikayəti bitməyirdisə.
Zindana könüllü getməyirdisə,
Neynirdin şairi yaradıb, allah?!
* * *
Qılınctək kəsməyən şeirə nə deyim,
Şeirdən gələcək xeyirə nə deyim?
Bu bitib-tükənməz sehrə nə deyim,
Neynirdin şairi yaradıb, allah?!
* * *
Onu zaman-zaman oda salırsan,
Öldürüb sonra da yada salırsan.
Səndəmi şeirlə nəfəs alırsan,
Neynirdin şairi yaradıb, allah?!
* * *
Günəşə calanan hörükmü gəzdin,
Zamana od vuran körükmü gəzdin,
Yoxsa öz dərdinə şərikmi gəzdin,
Neynirdin şairi yaradıb, allah?!
* * *
Yurdu dərd bürüdü, ələm götürdü,
Ürəyi yananlar qələm götürdü.
Yeri də, göyü də bu qəm götürdü
Neynirdin şairi yaradıb, allah?!
* * *
Sirrinə müvafiq elmin yoxdumu,
O elmə yönəlik filmin yoxdumu,
Bizə bundan artıq zülmün yoxdumu?
Neynirdin şairi yaradıb, allah?!
* * *
Ömrümüz-günümüz bir yuxu, röya,
İllər ötüb keçdi… Yaşadıq guya?!
Şeirlə düzələn deyilsə dünya,
Neynirdin şairi yaradıb, allah?!

BİLMİRƏM
Ürəyim dönübdür ağlar bir neyə,
Hardan tapdı məni qəza, bilmirəm?
Göylərlə əlaqəm yoxdumu deyə
Yerin yer dərdini yaza bilmirəm?!
* * *
Əlimdən, dilimdən daş asılıb daş,
Sözümdən tez gəlir gözümdəki yaş,
Elə yazılıb ki yazım, a qardaş,
Ömrüm sona yetir, poza bilmirəm.
* * *
Qocalıq günbəgün qəddimi əyir,
Yanımdan yel ötsə dizim titrəyir.
Yaş artır, önümə daş diyirləyir,
Daha düz yolda da gəzə bilmirəm.
* * *
Tanrıya çatmırsa səsim, xitabım,
Deməli bağlanıb şeir kitabım.
Daha bu hicrana qalmıyıb tabım,
Daha bu həsrətə dözə bilmirəm.
* * *
Musa, su üstündə susuz qalmışam,
İçmək yasaq olub, içdən yanmışam..
Təşnə olduğumu ancaq danmışam
Varmı bundan ağır cəza, bilmirəm?!

ŞEİR MÖCÜZƏDİR
Haçan ağ ümidi üstələyir qəm,
Mənə qəhqəh çəkib qara şər gülür.
Elə ki, şeirdən uzaq düşürəm
Yerdən də, göydən də əlim üzülür.
* * *
Sağalmaz göynəkdir könül yaramda,
Şeir möcüzədir, – danışsam haqla.
İlham bir körpüdür mənim aramda,
Göydə mələklərlə, yerdə torpaqla.
* * *
Açılsın gözümdə göylərin qatı,
Uçmaq eşqim varsa ölməyəcəyəm.
Əzrayıl da bilsin mən bu həyatı
Şeirsiz bitirə bilməyəcəyəm!

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mərziyyə Sarvan “Əsgər anasıyam” adlı yeni kitabını təqdim edib

MƏRZİYYƏ SARVANIN YAZILARI

Bu gün Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçlığı ilə Azərkitabda Mərziyyə Sarvanın “Əsgər anasıyam” kitabının təqdimatı keçirilib.

Tədbirin gedişi zamanı “Yazarlar”  jurnalının İctimaiyyətlə əlaqələr üzrə meneceri Nəzakət Kərimova-Əhmədova tərəfindən Mərziyyə Sarvana uzun illər səmərəli pedaqoji fəaliyyətinə və ədəbi yaradıcılıqda qazandığı ardıcıl uğurlarına görə “Vintsas” mükafatı təqdim olunub. DOĞRULAMA LİNGİ >>> LAUREATLAR Tədbirdən fotolar:

“Yazarlar” olaraq, Mərziyyə xanımı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Mərziyyə xanım!!!



>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MURAD MƏMMƏDOV – YENİ ŞEİRLƏR

MURAD MƏMMƏDOVUN YAZILARI

OĞLUMA
Ömrün yolları yoxuş
Dolanbac, çətin olur.
Bu yolları yoranlar
Əzizim, mətin olur.
* * *
Bu ömrə asan demə
Çalışsan asan olar.
Hər işin bir çəmi var
Alışsan asan olar.
* * *
Heç kimdə qüsur gəzmə
Özündə qüsur axtar.
Ağlı başda olanın
Həm düzü, həm səhvi var.
* * *
Üzünə güləndisə
Ondan uzaq, qıraq ol.
Dərdini biləndisə
Ona yanan çıraq ol.
* * *
Baban öyrətdi mənə
Xeyri şərdən ayır sən.
Torpağı sanı yaşa
Babana oxşayırsan.
* * *
Ata nəsihətindən
Adama ziyan olmaz.
Doğmalara yad olma
Qıraqdan həyan olmaz.

VƏTƏN
İnan, heç vaxt unutmaram
Mən anamın can səsini.
Yüz alxışa tay tutmaram
Qurban olum kəlməsini.
* * *
Bir suçum yox, başım uca
Ruhum payız havasında.
Mən baxıram anam qoca
Özüm dərd sər yuvasında.
* * *
Yenə ana nəfəsinin
Duasının mən acıyam.
Dərdin alım kəlməsinin
Tamarzısı, möhtacıyam.
* * *
Bu kəlmənin istisindən
Dilim, dodağım əsir.
Ögey baxış yad səsindən
Dişim bağrımı kəsir.
* * *
Anam indi öz hayında
Nə danışmır, nə də dinmir.
Fikri Tanrı sarayında
Min zikri var yerə enmir.
* * *
Balaları ondan kənar
Bir oğlu var dada yetən.
Vətən üçün canı yanar
Mənim anam, ana Vətən!

BU DÜNYA
İnsanıq dünyaya adsız gəlirik
Sən kimsən, nəçisən xəbərin olmur.
Ad alıb, böyüyüb hey yüksəlirik
Köçürük, adımız, sanımız qalmır.
* * *
Bu dünya çeynəyir başsız bütləri
Bu dünya boy verir şərəfsizlərə.
Yal verir, hürdürür zalım itləri
Dil verir, ruh verir tərəfsizlərə.
* * *
Heç zaman ayırmır yaxşını pisdən
Ürəyi genişdir, qəlbi genişdir.
İncitməz, inciməz heç vaxt heç kəsdən
Gülüb yola salmaq sevdiyi işdir.
* * *
Bu dünya məzardı ölü canlara
Sənə əbədilik fürsəti verməz.
Danılmaz şahiddir nahaq qanlara
Susar! Günahı yox! Günaha girməz!
* * *
Hər kəsə qol açar, hər kəsə qucaq
Bəsləyər qoynunda ölənə qədər.
Bu dünya hamıya doğmadır, ancaq
Kimiyə ruh verər, kimiyə kədər.

KÖNLÜM
Könlüm evi işıq saçar
Ürək sözlə barışanda.
Təbim sanki tər gül açar
Başım sözə qarışanda.
* * *
Sözdü ruhumun açarı
Ruhuma gedən yaxın yol.
Qoy ruhum sevinsin barı
Ürəyim, ona kömək ol!
* * *
Duyğularım pərvazlanar
Söz ruhumu oyadanda.
Könlüm duyar, hey nazlanar
Söz dünyama qayıdanda.
* * *
Sözsüz həyat bir lal sükut
Səs səmirsiz çölə bənzər.
Qulaq batar, tamam sakit
Qıfıllanmış dilə bənzər.
* * *
Söz dəlisi, söz acıyam
Söz dərdimə məlhəm olur.
Şirin sözün möhtacıyam
Duyammıram hey kəm olur.
* * *
Söz oyadar lal dilləri
Sözlə gözdən yaş tökülər.
Söz titrədər könülləri
Göz kor edər, qaş tökülər.
* * *
Söz acıdı, söz şirindi
Gah incidər, sevindirər.
Məna yükü çox dərindi
Gah qaldırar, gah endirər.
* * *
Sözdə qəzəb, xof, kin, nifrət
Həm təravət həm dad olur.
Təkcə həsrət nisgil olmur
Yüz çağırış, fəryad olur.
* * *
Sözü udmaq, yemək olmur
Pərçim olur boğur səni.
Sözə dayan demək olmur
Can boğaza yığır səni.
* * *
Sözün yükü ağır olur
Toparlamaq, bükmək olmur.
Kürəklərin yağır olur
Söz yükünü çəkmək olmur!

ARZULARIM
Körpə, kövrək arzularım
Boy atmadı, həmən söndü.
Topa topa bu nisgillər
Ürəyimdə dərdə döndü.
* * *
Ha çalışdım yola verim
Ki azalsın dərdi-sərim.
Ona qalsa mənim yerim
Dərdə sarı, dərdə yöndü.
* * *
Taleyimi fələk yazar,
Heç etmərəm giley, güzar
Məni yeyən bu dərd, azar
Saçlarımda dümağ dəndi.
* * *
Dünya şəndi qalanlara,
Dərdsiz, qəmsiz olanlara,
Asan ruzi bulanlara,
Sevinc birsə, əzab mindi.
* * *
Gecə, gündüz hey çalışdım,
Öz odumdan mən alışdım,
Yıxıldım, durdum, dolaşdım,
Sanki dövrəm duman çəndi.
* * *
Xəyallarım göydən enməz,
Günahlarım susar, dinməz,
Qaynar eşqim bir an sönməz,
Qibləgahım bu Vətəndi!

YOXDUR
Verilən ömürə inamım yoxdur
Sabahın işini yaradan bilir.
Bu gündən sabaha gümanım yoxdur
Nə gəlir başıma sonradan gəlir.
* * *
Var olan nə varsa qismətdə olur
İnsanın qisməti Tanrıya bəlli.
Bu dünya dəyişir, boşalır ,dolur
Görmədim yapışan ondan beşəlli.
* * *
İstəklər, arzular çoxdu həyatda
Ömrü uzatmağa varmı qüdrətin?!
Çox şeyi görürük gözlə üst qatda
Alt qatda nə olur anlamaq çətin.
* * *
Taleyi, qədəri poza bilmərik
Tanrı qarşısında qolumuz bağlı.
Yenidən bəxt, tale yaza bilmərik
Hər zülmə tabeyik biz insan oğlu.
* * *
Bu dünya mehriban anaya bənzər
Heç kəsin könlünə, qəlbinə dəyməz.
Bəzəkli, düzəkli sonaya bənzər
Baxanda cəlb edər, kimsəni öyməz!

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİ BƏY AZƏRİ HAQQINDA

“YAZARLAR”  JURNALI PDF

Əli bəy AZƏRİ

Əli bəy Azəri (Əli Qurban oğlu Rzaquliyev; d.15.07.1966, Zəngilan r. Vejnəli k.) — yazıçı-publisist, “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktoru, müharibə veteranı.

HƏYATI
Əli bəy Azəri 15 iyul 1966-cı ildə Zəngilan rayonu Vejnəli kəndində dəmiryolçu ailəsində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Məktəbəqədər tərbiyəni evdə alaraq 1973-cü ildə Vejnəli kənd ibtidai məktəbinin birinci sinifinə daxil olub. 1976-cı ildə həmin məktəbi bitirdikdən sonra 6-7 kilometrlik məsafədə Araz çayının sahilində yerləşən qonşu Ağbənd qəsəbə səkkizillik məktəbin dördüncü sinifinə getməklə təhsilini davam etdirir. 1977-ci ildən öz kəndlərində səkkizillik məktəb açıldığından geriyə qayıtmalı olur və 1981-ci ildə bu məktəbin ilk məzunu olaraq fərqlənmə ilə natamam orta məktəbi bitirir. Həmin dövrdə Vejnəli uşaqları üçün təhsil almaq cəhətdən yaxınlıqda yerləşən və münasib sayılan Ordubad şəhər fizika-riyaziyyat təmayüllü internat məktəbində təhsilini davam etdirərək 1983-cü ildə onuncu sinifi bitirib orta məktəbi başa vurur.

Sənədlərini təqdim edib qəbul imtahanlarından müvəffəqiyyətlə çıxsa da o vaxtın sərt maneələrindən sayılan müsabiqədən keçə bilmədiyindən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxumaq ona nəsib olmur. Tale onu tamam başqa bir istiqamətə göndərir. 1984-cü ildə Ukrayna SSR-in Xarkov şəhərində yerləşən Qvardiyalı Ali Hərbi Tank Komandirliyi məktəbinə daxil olan Ə.Rzaquliyev 1988-ci ildə “leytenant” hərbi rütbəsi verilməklə “tank qoşunları üzrə taktiki əməliyyat komandiri” hərbi, “təkərli və tırtıllı texnikanın mühəndisi” mülki ixtisaslara yiyələnərək adıçəkilən ali məktəbi bitirir.

May 1992-ci ilədək SSRİ Silahlı Qüvvələrinin tərkibində tank tağımı, tank bölüyü komandiri vəzifələrində hərbi xidmət keçmiş, “Kiyev-90” hərbi təlimində şücaət göstərərək fərqləndiyinə görə “baş leytenant” hərbi rütbəsini vaxtından əvvəl almışdır. SSRİ-nin dağılması ilə əlaqədar Rusiyaya sədaqət andı içmədiyinə və Ermənistanın Azərbaycana qarşı müharibə başladığından öz xahişinə əsasən Müstəqil Dövlətlər Birliyi Silahlı Qüvvələri Quru Qoşunları Komandanının əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına göndərilmişdir. 01 iyun 1992-ci ildən 30 noyabr 1992-ci ilədək Zəngilan rayonunda yerləşən 806 saylı hərbi hissə qərargah rəisinin müavini, 01 dekabr 1992-ci ildən isə həmin hərbi hissənin bazasında yaradılmış 865 saylı hərbi hissədə (Zəngilan Ərazi Özünümüdafiə Alayında) qərargah rəisinin müavini vəzifəsində hərbi xidmətdə olmuşdur. Bir sıra döyüş əməliyyatlarına rəhbərlik etmişdir.

Ermənistan-Azərbaycan müharibəsinin 1993-cü il yay-payız kompaniyası Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının və ən nəhayət Qızıl Zəngilanın ermənilər tərəfindən işğalı ilə başa çatdıqdan sonra Müdafiə Naziri əvəzi polkovnik (indi general-polkovnik) Səfər Əbiyevin əmri ilə Beyləqan-Füzuli rayonları ərazisində Haramı deyilən yerdə yerləşən 181 saylı hərbi hissə tank taborunun komandiri vəzifəsinə təyin olunmuşdur. 1993-1994-cü illər qış kompaniyası zamanı Azərbaycan-Ermənistan cəbhəsində ən mühüm döyüşlərdən hesab olunan və müharibənin gedişində dönüş yaradan Haramı döyüşlərində iştirak edərək şücaətlər göstərmişdir. Müharibə veteranıdır. Atəşkəs dövründə Beyləqan-Füzuli cəbhəsində yerləşən 181 və Xanlar (indiki Göygöl)-Kəlbəcər cəbhəsində yerləşən 172 saylı hərbi hissələrdə briqada komandirinin silahlandırma üzrə müavini xidmətini davam etdirmişdir. 2002-ci ilin noyabrında öz xahişi ilə “mayor” hərbi rütbəsində ehtiyata buraxılmışdır. Ailəlidir, iki övlad atasıdır.

Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra tale onu uzun ayrılıqdan sonra yenidən ədəbi mühitə qaytarır. Əli Rzaquliyev silahı qələmlə əvəzləyib Əli bəy Azəri olaraq yaradıcılıq cəbhəsində mübarizəsini davam etdirir.

O, yaradıcılığa erkən yaşlarından kiçik həcmli məqalələr yazmaqla başlayıb. “Təbiətin heykəli” adlı ilk məqaləsi 1976-cı ildə “Pioner” jurnalında dərc olunub. Sonra ara-sıra məqalələri “Pioner” jurnalında, “Azərbaycan Pioneri”, “Azərbaycan Gəncləri” respublika, “Kənd həyatı” rayon qəzetlərində, bir neçə şeiri “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan Ə.Rzaquliyevin əsil jurnalistlik fəaliyyəti “Yeni Ordubad” qəzeti ilə bağlıdır. Hərbi xidmətdə olduğu dövrdə də mətbuatla əlaqəni kəsmir. SSRİ Silahlı Qüvvələrində olarkən Kiyevdə nəşr olunan “Leninskaya Znamya”, Moskvada nəşr olunan “Krasnaya Zvezda” hərbi qəzetlərdə bir neçə məqaləsi dərc olunub. Azərbaycan Silahlı Qüvvələrində xidmətdə ikən isə Zəngilanda çıxan “Zəngilanın səsi”, Beyləqanda çıxan “Beyləqan” rayon qəzetlərində hərdənbir çıxışlar edib. Hərbi xidmətdən sonra 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Mülki Müdafiə kafedrasında müəllim işləyərkən və sonralar “Xalq qəzeti”, “Respublika”, “Kredo”, “Sizin qəzet”, “Qafqazın səsi”, “Pres Azərbaycan”, “Ata yurdu”, “Bütöv Azərbaycan”, “Ədalət keşiyində”, “Etiraf”, “Azərbaycan övladı”, “Sabah nyus”, “Nyus Respublika”, “Gündəlik Bakı”, “Aydın fikir”, “Real pres”, “Ömür yolu”, “Sivil Azərbaycan” və sair qəzetlərlə əməkdaşlıq etmiş onlarla elmi və publisistik məqaləsini dərc etdirmişdir.

2005-ci ildən müstəqil olaraq “Qərbin qərbi”, 2007-ci ildən isə həftəlik “Rəsmi Bakı” qəzetinə baş redaktorluq etməklə jurnalistlik fəaliyyətini davam etdirir. Üç yüzdən çox müxtəlif səpkili məqaləsi qəzetlərdə dərc olunub.

“Yurd nisgili”, “Şah bərəsi”, “Qəmlibel müsibəti”, “Özününkülərin hədəfində”, “Hərbi Zəngilan”, “Məhəbbət piyaləsində zəhər”, “Arazgersdən keçən köç” “Çovğun” və “Generalın yefreytor vəkili” kitablarının müəllifidir. Dəfələrlə bədii və publisistik yazı müsabiqələrində iştirak etmiş və qalib olaraq mükafatlandırılmışdır.

Yazıçı Əli bəy Azərinin “Mübarizləşən vətən” hekayəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii və publisistik yazı müsabiqəsinə təqdim olunmuşdur.

KİTABLARI
“Yurd nisgili” (publisistika və hekayə), Bakı, “Min bir mahnı”, 2009. 208 səh. 500 nüsxə.
“Şah bərəsi”, Bakı,
“Qəmlibel müsibəti”, Bakı,
“Özününkülərin hədəfində”, Bakı,
“Hərbi Zəngilan”, Bakı,
“Məhəbbət piyaləsində zəhər”, Bakı,
“ArazGERSdən keçən köç” (povest). Bakı,
“Çovğun”, Bakı,
“Generalın yefreytor vəkili”, Bakı,
“ArazGERSdən keçən köç” (povest). Bakı, “Nurlan”, 2013. 224 səh. 500 nüsxə. (təkrar nəşr)
“Gəlin, tanış olaq” (publisistika), Bakı, “Elm və Təhsil”, 2015, 160 səhifə
“Şəhərli qızın dəli sevgisi” (povest və hekayələr) “Elm və Təhsil” 300 səhifə.


“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – DOQQUZU ON BEŞ KEÇİR…


ZAUR USTACIN YAZILARI

DOQQUZU ON BEŞ KEÇİR…

(Mayakovskidən danışan Xanıma)

Danışdıq, gələcəksən…

Sən dedin: – “Çalışaram…”

Mən dedim: – “Gözləyəcəm…”

Səkkizi on beş keçir…

Kipriklərim asılıb, saniyə əqrəbindən

Baxışlar mədət umur, saatın məhvərindən…

Zamanın kəfkirində yellənir neçə xəyal…

Doqquzun yarısı oldu…

İstəyirəm, diksinim qəfil qapı zəngindən

Ta ki, yaxam qurtarsın bu zamanın əngindən…

Çık-çık saat səsində ələnir neçə istək…

Daha doqquz olubdur…

Eşikdə şər qarışıb…

Fikirlər də dolaşıb…

Çöl işığı yandırım, yolun işıqlı olsun…

Doqquzu on beş keçir…

Danışdıq gələcəksən…

Sən dedin: – “Çalışaram…”

Mən dedim: – “Gözləyəcəm…”

Yəqin ki, çalışırsan…

Mən də ki, gözləyirəm…

Kipriklərim dolaşıb, əqrəbi izləməkdən,

Baxışlarım əzilib, zamanı “bizləməkdən…”

Onun da yarısı oldu…

Zaman sürəsi doldu…

Bundan sonra hər bir an, artıq, zamana yükdü…

Durum, eşiyə baxım…

İşıq sönməyib, barı…

Birdən qəfil gələrsən, gözün görməz kandarı…

On oldu, torba doldu…

On birdir, – gözləyirəm…

Çalışırsanmı, sən də…

On iki, bir, iki, üç…

Əlim gəlmir, söndürüm, bayırdakı işığı…

Dilimdə bitən budu: – “Xoş gəldin içəri keç…”

Dörd yoldaş sirdaş olub,

Belə qovuşduq sübhə…

Daha gələ bilməzsən,

Buna qalmadı şübhə…

İndi saat doqquzdur, hətta onu beş keçir…

Qulaq qapı zəngində, göz ilişib əqrəbə…

Dünya şən, zaman məzə…

Təkcə bizik qəribə…

Doqquzu on beş keçir…

Yəqin, indi yoldasan, işə tələsən vaxtdır…

Çalışırsan çatasan gecikmədən işinə…

Mən də durum, söndürüm, qoy bayırın işığın…

Çalar saatla oyaq, alım gözün acısın…

Zaman kimə istəyir qoy dişini qıcasın…

Artıq onun yarısıdır…

Əlim qopmur qələmdən…

İstəyirəm biləsən, bunlar hamısı deyil…

Bu sözləri yazmağa ən ağ vərəq seçmişəm…

Hələ, neçə kəlmənin üstündən vaz keçmişəm…

31.07.2017. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏN ÇOX OXUNAN HEKAYƏ

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Müəllif: Zaur Ustac

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MURAD MƏMMƏDOV – QADIN

MURAD MƏMMƏDOVUN YAZILARI

QADIN
Qadın ruha yaraşıq
Ömrümüzün yarısı.
Sevgisiylə qarışıq
Həm xanımı, qarısı.
* * *
O, dünya yaranandan
Sevgi dolu sonadır.
Biz asılıyıq ondan
Çünki qadın Anadır.
* * *
Qadın həyatın gözü
Aldığımız nəfəsdir.
Həm söhbəti həm sözü
Sevgiylə dolu kəsdir.
* * *
Bu dünya gül qoxuyar
Ətir saçar onunla.
Sevgiylə can toxuyar
Qürur duyar bununla.
* * *
Qadın övlad anası
Hamımızın canıdır.
Bütün bəşəriyyətin
Üzüdür, ad sanıdır.
* * *
Başımızın tacıdır
Həyası, ismətiylə
Qadın ana, bacıdır
Gözəldir qismətiylə.
* * *
O, dünyanın bəzəyi
İnsanlığın yaşıdır.
Sevgimizin özəyi
Onun məhək daşıdır.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZƏLİMXAN YAQUB – ƏZİZİM

ZƏLİMXAN YAQUBUN YAZILARI

ƏZİZİM
Sən ki, cavanlığın yaraşığıydın,
İşıqlı günlərin gur işığıydın.
Alnından Ay doğan haqq aşığıydın,
Çoxalıb alnında qırış, əzizim.
* * *
Hayana çağırır içindəki səs,
Hayandan danışır çəkdiyin nəfəs.
Ölməyə tələsmə, qalmağa tələs,
Sellərə, sulara qarış, əzizim.
* * *
Bir gün ağ geyəcək qaralar geyən,
İnsandı yedirdən, torpaqdı yeyən.
Bir gün ölüm olsa qapını döyən,
Barış taleyinlə, barış, əzizim.

Mənbə: Zəlimxan Yaqub


Müəllif:Zəlimxan YAQUB

ZƏLİMXAN YAQUBUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SEYMUR SÖNMƏZ – “HMMMM”-LARLA BAŞLADIQ, “NƏYSƏ”YLƏ BİTDİ…

SEYMUR SÖNMƏZİN YAZILARI

“HMMMM”-LARLA BAŞLADIQ, “NƏYSƏ”YLƏ BİTDİ…

ƏGƏR GEDİRSƏNSƏ BU İZLƏRİ SƏN,
ARXANDA BURAXMA, ÖZÜNLƏ APAR.
BİR GÜN PEŞMAN OLUB DÖNMƏK İSTƏSƏN,
MƏNDƏN BİR NİŞANƏ ÇƏTİN Kİ, QALAR!

      O, xoş sözə, ilıq kəlməyə, belə desəm, sevgiyə möhtac olduğun bir vaxtda çıxmışdım qarşına.Rəsimdəki kövrək baxışlarından da hiss edirdim bunu. Həyat gözünü qorxutduğundan çox çəkingən və bir az da inamsız idi. Tanışlığımızın ilk vaxtlarında onun halına acıyır, hər addımına dəstək verməyə çalışırdım.Özü dilinə gətirmək istəməsə də, deyəsən hardasa səhv etmiş, ilk sevgisindən, özü demişkən, bəxtindən yarımamışdı.
    Mən təbiətən həssas qəlbli biri olduğumdan, onun həyata, insanlara inamını özünə qaytarmağa çalışırdım. Bir dəfə,- onda  hələ bu qızın ən nisgilli vaxtları idi-ani olaraq onun incə səslə danışdığı sözə təskinlik verərək dedim:“Yüz fikir bir borcu ödəməz, yadınızda saxlayın ki, bu amansız talelərin mövcud olduğu həyatda siz nə birinci, nə də sonuncusunuz!”  Əvvəlcə heç nə demədi, elə zənn etdim ki, dediklərimin mənasını anlamayıb. Üstünü vurmadım.Ancaq xeyli sükut edəndən sonra, titrək səsindən açıq-aşkar duyaraq hiss olunurdu ki  bir necə damla gözlərindən yanağına yaş süzülür,kaş yaxın olub o yanaqdakı yaşı silə bilərdim ,deyə ona dahada yaxın olmaq ən böyük arzum idi. Və dedi “Düz deyirsiniz, bunu bilsəm də, özümlə bacara bilmirəm..”  
  Günlər keçdikcə o, mənimçün hələ də sirr olaraq qalan, ancaq onun istəyi olmadan öyrənməyə cəhd etmədiyim zülmət keçmişindən qopmağı bacardı. Onun həyat eşqinin közərtilərini hiss etdikcə mən özüm də ruhən dinclik tapa bildim. Deyirlər sonun nə olacağını düşünüb, “plana” uyğun hərəkət edən adamdan heç vaxt qəhrəman olmur! Mən bu mənəvi köməyi ona insanlıq naminə etmişdim, özü də heç bir təmənna-filan güdmədən.
  İkimiz də ayrı ayrı  yerlərdə yaşayırdıq, və uzaq olmağına baxmayaraq bir birimizlə hər zaman mesajlaşıb ,bir an belə ayrı qalmırdıq, Belə vaxtlarda əlaqə saxlayıb, elə məqamlar olurdu ki zəng edib beş-üç dəqiqə söhbət edib sağollaşırdıq. Yaman dillərə düşməmək üçün söhbətimiz çox çəkməsə də, hansı bir daxili duyğu isə gündən-günə bizi bir-birimizə yaxınlaşdırırdı. Son vaxtlar daha çox zəngləşib telefonla danışır, vaxtı birgə keçirdirdik.
   Tanışlığımızın ilk vaxtlarında məzlum bir varlıq kimi hesab edib, qayğısına qalmağı özümə savab bildiyim bu qız get-gedə məni özünə elə cəzb etmişdi ki, onsuz yaşamağı təsəvvür edə bilmirdim. Hiss edirdim ki, özü də mənə biganə deyil, danışarkən rəsmini göndər səni görüm,belə  anlarda elə bi baxışlarından  üstümə qığılcım yağırdı.
   Boynuma alıram ki, mən çox hissiyyatlı və kövrək qəlbli olduğumdan, ona dəlicəsinə vurulmuşdum. Xəyallarımda bu qızla bir damın altında yaşayır, dərdimi-sevincimi bölüşür, bir yerdə səyahətə çıxırdım. İstəyirdim ki, o mənim istəyimə qarşılıq versin, könlümün sevgi ucalığında dayanmaqla, ömrümün sonuna kimi gözlərimdən uzaqda dayanmasın. Bəlkə də səhv edirəm, o mənim istəyimə biganə qalmasa da, intizarıma son qoymağa tələsmirdi. Bir dəfə özümü cəmləyib, onu sevdiyimi və bu məsələdə ciddi addım atmağa hazır olduğumu söylədim. Oda mənə qarşılıq cavab verincə ,özümü dünyanın ən xoşbəxt insanı sandım.  Və bu xoşbəxtlik bir neçə il beləcə sürdü, hər dəfə özümü onunla çox xoşbəxt sanırdım,və son zamanlar qısqanclıqdan aramızda dəfələrlə söz söhbət olurdu,hiss edirdim onun soyuqluğunu,və əvvəlki insandan heç bir əsər əlamət qalmadığını  nəsə çox dəyişdiyini hiss edirdim,yorulmuşam,bezmişəm deyə çox vaxt məni yola verirdi.
   Bu soyuq kəlmələri onun dilindən eşidəndə çox üzüldüm,və bəzən bu soyuqluq məni çox düşündürdü, Əvvəlki insanı dəyişən nədir deyə ..? Ne bilə biləydim ki o,tapa bilmədiyini məndə axtardığı üçün yanımda imiş ,tapdığında isə əhdini unudub üz döndərəcəyini əsla belə düşünməzdim.Və onun bir yaxın adamına dediyi sözü eşidən də varımdan yox oldum az qala. Günlərlə özümə yer tapa bilməsəm də, sonda anladım ki, onun dedikləri günümüzün reallıqlarını əks etdirir. Bununla belə, ömrünün ən ağır çağlarında kölgəmə pənah gətirib, varlığıma sığınan bu qızı tanımağıma heç vaxt peşimançılıq hissi keçirmədim.Onunla yollarımız ayrılandan sonra bircə dəfə ürəyimdən keçənləri özümün eşidəcəyim tərzdə pıçıldadım: “HMMMM-LARLA BAŞLADIQ, NƏYSƏYLƏ BİTDİ.” Və ondan mənə qalsan saf baxışlı rəsimlər, və daima yaşadaçağım titrək səslər qaldı…

SON

Müəllif:Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru