Kateqoriya arxivləri: YAZARLAR JURNALI

SƏNDƏN SONRA BAHAR GƏLMİR, XƏZANDIR… – NURANƏ RAFAİLQIZI

 Nuranə RAFAİLQIZI Həkim, şair.

SƏNDƏN SONRA BAHAR GƏLMİR, XƏZANDIR…
(Atama)
Dağlar, Atam əmanəti!

Ulu dağlar, zirvənizdə candan ötə canım yatır,
İlk ünvanım, son mənzilim, adım yatır, sanım yatır,
Özün oda-közə vurub, yorulub yatanım yatır.
Bu divanə, dəli könlün tükənməyən hekayəti
Dağlar, Atam əmanəti!
* * *
Yanan qəlbi yoluma çıraq olub,
Qızındığım od olub, ocaq olub.
Dərdi-səri sinəsində dağ olub
Gülüşüylə başımızı qatanım,
Di rahat yat, dağ başında yatanım!
* * *
Gecə-gündüz yorulmadı gah o xəstə, gah bu xəstə,
Ömür sürdü səksəkədə, qulaqları daim səsdə.
Anaların əvəzindən bir layla çal, sən ahəstə,
Ürəyinə yığıb getdi neçə körpə şikayəti,
Dağlar, Atam əmanəti!
* * *
Qorxmaz idi əziyyətdən, zülümdən,
Bir qarışqa inciməzdi əlindən.
Neçə-neçə can qutarıb ölümdən,
Əzrayıla canın ucuz satanım
Di rahat yat, dağ başında yatanım!
* * *
Heç cürə yer tapmayıram, öz evimdə-eşiyimdə,
Qınanmasam gəlib durram, bir ömürlük keşiyində!
İndi necə rahat yatıb uşaq kimi beşiyində,
Dar qəbrinə sığışdırıb, dünya boyda məhəbbəti.
Dağlar, Atam əmanəti!
* * *
Ata, heçdir gözlərimdə dövlət-mal,
Qohum-qonşu, oğul-uşaq, el-mahal.
Ya mən gəlim, ya sən qayıt evdə qal!
Dar günümdə əllərimdən tutanım,
Di rahat yat, dağ başında yatanım!

Atam haqqında elegiya.

Yağış yağır ağır-ağır,
içimdən bir həsrət baxır
Pəncərəmdən axan damlalara…
Payızda köç edən quşlar kimi,
Fikrim məni aparır hardan-hara.
Qarşımda kağız, əlimdə qələm
bunu yazan mənəm,
ya da ruhuma işləyən
“Ata “adındakı nisgil…
Gün bitir, gecə düşür,
həftələr ay olur, aylar da olur il.
Həyat davam edir beləcə,
Bir gün gələcəyəm yanına,
bilmirəm nə vaxt, necə…
* * *
Bir gün gələcəyəm yanına,
atıb hər şeyi bir yana,
gələcəm sənin dünyana…
Yenə oxşayarsan telimi,
yenə tutarsan əlimi…
Bilərəm arxamdasan dağ kimi!
Əşyalarına dolu o otaq kimi
adın yandırır, odun yandırır
Gülüşün yandırır,
güldükcə qıyılan gözlərin
getmir gözlərimin önündən.
Həvəsim yox yaşamağa,
Ata, sənin ömrünün son,
ölümünün ilk günündən…

Səndən sonra.

Qələm yazır, nə yazırsa qəm çıxır,
Zil alıram, səsim yenə bəm çıxır.
Ruzim, bərim-bərəkətim kəm çıxır,
Səndən sonra…
* * *
Güvəndiyim dağlar dərə olubdu,
Axar çaylar quru bərə olubdu.
Tək sirdaşım daş pəncərə olubdu,
Səndən sonra…
* * *
Boğuluram, küləklərin hayı yox,
Daha ömrün baharı yox, yayı yox.
Bayramlarda nəvələrin payı yox,
Səndən sonra…
* * *
Bir sığalın həsrətində tellərim,
Məzarını sığallayır əllərim.
Zəhər olub günüm, ayım, illərim
Səndən sonra…
* * *
Getdiyin yol bir qaranlıq küçədi,
Gündüzlərim gecə kimi gecədi.
Bilirsənmi, Ata, qızın necədi?
Səndən sonra…
* * *
Durulmuram, gündəngünə durğunam,
Qürub çöküb sralıram, solğunam.
Yüz yaşında qoca kimi yorğunam.
Səndən sonra…
* * *
Ruhum xəstə cismimdə can ağrıyır,
Damarımda dolanan qan ağrıyır.
Sağalmayır yaram yaman ağrıyır,
Səndən sonra…
* * *
Üzüm gülür, açılmayır ürəyim,
Yoğururam, hey küt gedir çörəyim.
Çözəmmirəm bu Fələyin kələyin,
Səndən sonra…
* * *
Bu ayrılıq, hicran, Ata, bitmədi,
Əzrayıla xəbər saldım yetmədi!
Nə sən gəldin, nə də qızın getmədi.
Səndən sonra…

Öz evində qal, Ata!

Yıxılanda qollarımdan tutanım,
Qoymaz idin bir kimsədən utanım!
İndi bizdən, ey xəbərsiz yatanım,
Tək sən idin mənə arxa-dal, Ata!
Gedək daha öz evində qal, Ata!
* * *
Qızmar yayda kölgə salan söyüddün,
Od-ocaqdın, məshətdin, öyüddün.
Gözün toxdu, bizi də yox böyütdün
Gözümüzdə yoxdu dövlət-var, Ata!
Bircə sən gəl, öz evində qal, Ata!
* * *
Dağ qürurlum, qeyrətinə qurbanam!
Şərəfinə-şöhrətinə qurbanam!
Qazandığın hörmətinə qurbanam!
Bəzəyimdi indi qara şal, Ata!
Gedək mənlə öz evində qal, Ata!
* * *
Dağdan düzə, düzdən dağa gəzərdik,
Bənövşəni kol dibindən üzərdik.
Mahnımızı çaldırardın, süzərdik,
Qalx ayağa havamızı çal, Ata!
Bir yol gedək öz evində qal, Ata!
* * *
Çıxıb getdin birdənbirə, zamansız,
Səni bizdən aldı ölüm amansız.
Bağın-bağçan səliqəsiz, sahmansız,
Çiçəklərin solğun, meyvən kal, Ata!
Qalxaq gedək öz evində qal, Ata!
* * *
Novruz gəlir, qış ötüşür yaz qalıb,
Ocaq başı, söhbət qalıb, saz qalıb.
Gəl boyaq al, yumurtalar az qalıb.
Qapı busaq, yaxşı çıxsın fal, Ata!
Gedək evə, öz evində qal, Ata!
* * *
Çuval-papaq bir-birinə qarışsın,
Nəvələrin çil xoruzu vuruşsun.
Cıdır boyu bəy oğlanlar yarışsın,
Atlar vurub ayağına nal, Ata!
Gəl bayrama öz evində qal, Ata!
* * *
Mətbəxində anamızı yormuşuq,
Çay-çörəkdən təmiz süfrə qurmuşuq.
Boynubükük qəbrin üstə durmuşuq,
Dur qolunu bir boynuma sal, Ata!
Çıxaq gedək, öz evində qal, Ata!
* * *
Əvvəlimiz bitən sondan yaxışdı,
İndi mənə kəfən dondan yaxşıdı.
İnsan da var, köpək ondan yaxşıdı
Qalx at, hürən ağızlara yal, Ata!
Duraq gedək, öz evində qal, Ata!
* * *
Bacardıqca sən hamıya yaradın,
Yarım qaldı arzularım, muradım.
İki oğlun fərəhin, qol-qanadın,
İki qızı ürəyində xal, Ata!
Oyan gedək öz evində qal, Ata!
* * *
Evimizin dirəyisən, damısan,
Ağzımızın ləzzətisən, tamısan.
Dünya boşdu- sən hər şeysən, hamısan!
Şirin Ata, şəkər Ata, bal Ata!
Nolar, gedək öz evində qal, Ata!
* * *
Odlanıram, alışıram, tüstüm yox,
Məzarını isitməyə istim yox.
Ata sənsiz bu dünyaya küsdüm, yox!
Dur əlinlə ya canımı al, Ata!
Ya da gedək öz evində qal, Ata!
* * *
Süleymantək dünya görmüş, şüurlu.
Məhəmmədtək dönməz, mətin, qürurlu.
Tanrı verdi sənə o üzü nurlu,
Dağdan uca, ey Rüstəmi Zal Ata!
Di, qalx gedək öz evində qal, Ata!

Sağikən ölüyəm!

Ev-eşiyin hayı-küyü, yayı-yazı deyiləm,
Ərköyünü, ədalısı, nazı-duzu deyiləm,
Bu dünyada bir Atanın daha qızı deyiləm,
Öz əlinlə söndürdüyün ocağının külüyəm,
Kim deyir ki, Ata, sənsiz yaşadım?!
Yaşamadım, mən sağikən ölüyəm!
* * *
Çağırıram, can söyləyib, deyən olmur çağrıma,
Ey təbibim, dəva yoxdu bundan sonra ağrıma.
Ata!- deyib qapqara bir daş basıram bağrıma.
Nə deyirlər, qoy desinlər! Divanəyəm, dəliyəm!
Kim deyir ki, Ata sənsiz yaşadım?!
Yaşamadım, mən sağikən ölüyəm!
* * *
O gecədən dolanmayır, damarımda qanım da,
Mən gedirəm, canım qalır məzarının yanında.
Bir kimsəsiz qəribanam elimdə, mahalımda,
Dostlarıma göz dağıyam, düşmənə gülməliyəm!
Kim deyir ki, Ata, sənsiz yaşadım?!
Yaşamadım, mən sağikən ölüyəm!
* * *
Nə yatmısan dağ başında, mənim yuxum qaçaqdı,
Gül-çiçəyi çox sevirdin burda qucaq-qucaqdı.
Ata!—deyib dolanıram dərələri haçaqdı,
Bor yol gəlir sənə sarı, yanına gəlməliyəm!
Kim deyir ki, Ata, sənsiz yaşadım?!
Yaşamadım, mən sağikən ölüyəm!

Ulu Tanrım, Atam sənə əmanət!

Bir pay verdim, bu dünyada o ən şirin payımdı,
Sevinəndə-təbəssümüm, ağlayanda-hayımdı,
Sərt qışımdı, payızımdı, baharımdı, yayımdı.
Tələsirdin, əllərimdən aldın onu nəhayət!
Ulu Tanrım, Atam sənə əmanət!..
* * *
O sinəsi paramparça, ürəyində xalı var,
Bitdi dedik, dərdimizin gör nə boyda dalı var…
Anam açıb ağ örpəyin indi qara şalı var!
Doğulandan alnımıza yazılıbmış bu qismət.
Ulu Tanrım, Atam sənə əmanət!..
* * *
Kölgən idi bu dünyada, sığınmışdıq adına,
Əzrayılın axı haradan gəlib düşdü yadına?!
Heç mərhəmət eləmədin, üç kimsəsiz qadına!
De nə idi, bu dərd boyda etdiyimiz qəbahət? !
Ulu Tanrım, Atam sənə əmanət!..
* * *
O sökülən dan yeriydi, bir qərib axşam oldu,
Yolumuza işıq saçan, yanıb sönən şam oldu.
Balalarım!-deyib getdi, taleyi nakam oldu,
Kimisinə acizlikdi, kimisinə cəsarət!
Ulu Tanrım, Atam sənə əmanət!..
* * *
Bas köksünə, bir sıgal çək o bəlalı başına,
Ata deyib, sarılıram, indi mən başdaşına.
On iki gün qalmış idi altmış altı yaşına.
Bitirməyə vermədin ki heç möhlət.
Ulu Tanrım, Atam sənə əmanət!..
* * *
Qurban olum əllərinə! O əl nələr yapardı,
Istəsəydi, hər bir şeyə çıxış yolu tapardı.
Istəmədi, öz xoşuyla sənə pənah apardı…
Heç dilindən düşməz idi Allah, Əli, Məhəmməd!
Ulu Tanrım, Atam sənə əmanət!..
* * *
O ağızı dualıydı, o ürəyi imanlı,
Bir körpəyə qurban getdi, getdi başıdumanlı.
Ağ xalatı kəfən oldu əynində canlı-canlı,
Günahına-savabına özün eylə mərhəmət!
Ulu Tanrım, Atam sənə əmanət!

Gedib

Kim deyir, ömrümdən bir insan gedib?!
Ayrılıb canımdan sanki, can gedib!
Tək Atam deyil ki, dostum-sirdaşım,
Qoşulub onunla tüm cahan gedib!
* * *
O, arxam-dayağım, düşmən çəpərim.
Onsuz yaşamağa yoxdu təhərim!
Ayaqda- taqətim, beldə-təpərim,
Çəkilib dizimdən hey-aman gedib!
* * *
Xoş sığal, şirin söz, bir isti qucaq.
Ürəyi- alışıb-yanan od-ocaq.
Gözümə işıqdı, evimə-çıraq,
Günəş qürub edib, sanki dan gedib!
* * *
Süfrəsi-ruzili, bağçası-barlı,
Əyilməz qamətli, enməz vüqarlı.
Bir uca dağ idi zirvəsi qarlı,
Çəkilib başımdan sis-duman gedib!
* * *
Həsrəti bağrımı didib qandan,
Yaman uzaq düşdüm toydan-xınadan.
Hər gələn, bir yolla gedir dünyadan.
Gedib, əllərimdən o yaman gedib!

Özüm gələcəyəm yanına bir gün!

Bu yol ki var, dostum, gedər-gəlməzdi,
Gözüm yaşlı, üzüm daha gülməzdi.
Ata, gəlmə dünya qədirbilməzdi,
Özüm gələcəyəm yanına bir gün!
* * *
Ölənədək çəkəcəm bu əzabı,
Heç vecimə deyil günah-savabı.
Almaq üçün vermədiyin cavabı,
Özüm gələcəyəm yanına bir gün!
* * *
Yolun düşsə gəlmə, fani dünyadı,
Sevinci yox, qəm-əyani dünyadı,
Əli qana batıb cani dünyadı.
Özüm gələcəyəm yanına bir gün!
* * *
Sən gedəndən hey basıram səbrimi,
Bitirməkçün hesabımı-cəbrimi.
Qoy, yanında qazım sonra qəbrimi,
Özüm gələcəyəm yanına bir gün!
* * *
Nəvələrin salım səfə-səhmana,
Duymasınlar ehtiyac ona-buna.
Oğul-uşaq bir yana, sən bir yana,
Özüm gələcəyəm yanına bir gün!
* * *
Toy-düyündə, çal-çağırda qohum-yad,
Ata, sənsiz davam eyləyir həyat…
Yolun düşsə, gəlmə daha rahat yat,
Özüm gələcəyəm yanına bir gün!
* * *
Haqq-nahaqqı ələmişəm, süzmüşəm,
Yorulmuşam, tükənmişəm, bezmişəm.
Bu dünyadan mən əlimi üzmüşəm,
Özüm gələcəyəm yanına bir gün!
* * *
Xəyanətdi, iftiradı, yalandı,
Gülə-gülə üzə, yola salındı.
Biz gedərik, qoca dünya qalandı,
Özüm gələcəyəm yanına bir gün!
* * *
Nə baş bizim, nə ürək, nə əl-ayaq,
Ölüm haqdı hamı bir gün dadacaq,
Əcəl harda, nə zaman haqlayacaq,
Özüm gələcəyəm yanına bir gün!
* * *
Varım-yoxum qara torpaqda yatdı,
Hamı dedi: -Barış, neynək həyatdı!
Ata, sanma qızın burda rahatdı!
Özüm gələcəyəm yanına bir gün!
* * *
Toplanıbdı boğazımda qəhərim,
Cəhənnəmdi, günüm-gecəm, səhərim.
Əzaryıla çatan kimi xəbərim,
Özüm gələcəyəm yanına bir gün!
* * *
Yaşaya bilməzsən bildiyin kimi,
Silmə, göz yaşını sildiyin kimi,
Gəlmə, gedəcəksən gəldiyin kimi!
Özüm gələcəyəm yanına bir gün!
* * *
Ata, səndin tək ümüdüm, həyanım,
Gündə yüz yol başdaşına dolanım!
İnşaallah, uzun olmaz hicranım,
Özüm gələcəyəm yanına bir gün!

Atalar ölmür!

Bizdən çox yaşayır daş da, dəmir də
Tapa bilməsən də dözüm, səbirdə,
Rahat evin qoyub soyuq qəbirdə
Torpağa üz tutub yatalar, ölmür!
Dostlar, bu dünyada Atalar ölmür!
* * *
Daha eşitməsən şirin dilini,
Bir də oxşamasa əli telini,
Övladın əlindən üzüb əlini,
Ölümün əlindən tutalar, ölmür!
Dostlar, bu dünyada Atalar ölmür!
* * *
Özgənin arxından dolanıb suyu,
Ayağı altında qazıblar quyu.
Kişi tək yaşayıb həyatı boyu
Ömürün sonuna çatalar, ölmür!
Dostlar, bu dünyada Atalar ölmür!
* * *
Daim üstümüzdə gəzər nəfəsi,
Dönər qulağımda mehriban səsi,
Heç kim əvəz etməz o ülvi kəsi
Dünyanı bir yerə qatalar, ölmür!
Dostlar, bu dünyada Atalar ölmür!

Sənsiz yaşaya bilmirəm!

Tikələndim tikə-tikə,
Dərdim var özümdən yekə.
Mən bu yükü çəkə-çəkə,
Sənsiz yaşaya bilmirəm!
* * *
Sığınmışdım qucağına,
Gəlməsin heç acığına,
Baxıb sönmüş ocağına,
Sənsiz yaşaya bilmirəm!
* * *
Ey yazılmış qara yazım,
Çəkilməmiş qalıb nazım.
Kədər simim, qəm avazım,
Sənsiz yaşaya bilmirəm!
* * *
İstəmirəm don geyinim,
Kəfənə dönsün əyinim!
Kimnən fəxr edim, öyünüm?!
Sənsiz yaşaya bilmirəm!
* * *
Məsəl idin, ağildın sən,
Bir pis bitən nağıldın sən.
Tufağımdın dağıldın sən,
Sənsiz yaşaya bilmirəm!
* * *
O günlərim şirin yuxu,
Tamaşaya durub çoxu,
Bu nağılı başdan oxu,
Sənsiz yaşaya bilmirəm!
* * *
Külək ilə sovruluram,
Günəş ilə qovruluram,
Yavaş-yavaş heç oluram,
Sənsiz yaşaya bilmirəm!
* * *
Düşməniyəm gecələrin,
Bu qaranlıq küçələrin.
Hər yanda görünür yerin,
Sənsiz yaşaya bilmirəm!
* * *
Saf ruhumdun bədəndə sən,
Gələn də sən, gedən də sən.
Bizi ilk tərk edən də sən,
Sənsiz yaşaya bilmirəm!
* * *
Savab əkdin, günah dərdin,
Yoluna çıxdın namərdin.
Mənə həyatı sən verdin,
Sənsiz yaşaya bilmirəm!
* * *
Alovlanıb köz oluram,
Əyilirəm, düz oluram.
Ağızlarda söz oluram,
Sənsiz yaşaya bilmirəm!
* * *
Bir dağ idik, dumanı sən,
Sol yanı sən, sağ yanı sən.
Hamımızın həyanı sən,
Sənsiz yaşaya bilmirəm!
* * *
Ey gedib-gələn nəfəsim,
Yazıb yaratmaq həvəsim.
Yaradana çatsın səsim,
Sənsiz yaşaya bilmirəm!
* * *
Süfrəmdəki çörəyimdin,
Sinəmdəki ürəyimdin,
Lazımımdın, gərəyimdin
Sənsiz yaşaya bilmirəm!
* * *
Bülbüldüm bayquşam daha,
Qar-boranlı qışam daha.
Ata, qocalmışam daha
Sənsiz yaşaya bilmirəm!
* * *
İlham mənə qəbir qazır,
Vərəq hazır, kağız hazır.
Qələm ancaq bir söz yazır:
Sənsiz yaşaya bilmirəm!
* * *
Göydən düşdü başıma daş,
Həm Atamdın, həm də qardaş.
Yaşadıqca yavaş-yavaş,
Sənsiz yaşaya bilmirəm!
* * *
Görən gözümün nuruydun,
Könlümün şah qüruruydun,
Sudan təmiz, saf, duruydun,
Sənsiz yaşaya bilmirəm!
* * *
Qapanmayır könül yaram,
Ömür mənə olsun haram!
Sən yoxsan, mən isə varam
Sənsiz yaşaya bilmirəm!
* * *
Yazıram, yazıram bitmir,
Qafiyələr sona yetmir!
Gözüm gözlərindən getmir
Sənsiz yaşaya bilmirəm!
* * *
Sinəmdə var çarpaz dağım,
Xəzan olub bağçam-bağım.
Yetişibdi qürub çağım
Sənsiz yaşaya bilmirəm!
* * *
Sən idin başımın tacı,
İndi bal da dadır acı.
Yalnız ölümdü əlacı
Sənsiz yaşaya bilmirəm!
* * *
Daha söz də tutmur dilim,
Qara şalım, bəyaz telim.
İzin ver yanına gəlim!
Sənsiz yaşaya bilmirəm!
* * *
Gəlim, denən yenə “Qızım,
Al günəşim! Dan ulduzum!”
Səngiməyir ürək sızım,
Sənsiz yaşaya bilmirəm!
* * *
Bilmədim, nədi cəncəlin?
Sirdi, sualdı əcəlin.
Gəlim yanında dincəlim,
Sənsiz yaşaya bilmirəm!
* * *
Göndər mənə günahını,
Özüm çəkim əzabını!
Tanrı yazsın savabını!
Sənsiz yaşaya bilmirəm!
* * *
Tək-tənhayam, arxam bomboş,
Canım xəstə, ruhum naxoş.
Gəl halımı bir də soruş,
Sənsiz yaşaya bilmirəm!
* * *
Bir yol göstər, mən nə edim?
Oğlun-qızın qalıb yetim.
De, yanına necə gedim?!
Sənsiz yaşaya bilmirəm!
* * *
Eh, dərdimi bilən yoxdu
Göz yaşımı silən yoxdu.
Sənin kimi gülən yoxdu,
Sənsiz yaşaya bilmirəm!
* * *
Sən idin düşmən çəpərim,
Həm taqətim, həm təpərim.
İndi yoxdu heç xəbərin,
Sənsiz yaşaya bilmirəm!
* * *
Məzarının önündəyəm,
Bir boylan gör nə gündəyəm!
İstəyirəm ağı deyəm,
Sənsiz yaşaya bilmirəm!
* * *
Gecələri boğuluram,
Gündüzləri doğuluram.
Əzilirəm, yoğruluram
Sənsiz yaşaya bilmirəm!
* * *
Ey canını candan alan,
Səndən sonra hər şey yalan!
Böynubükük qalıb balan,
Sənsiz yaşaya bilmirəm!
* * *
Yalvarıram, Ata, sənə,
Yanında yer saxla mənə!
Hayqırıram dönə-dönə,
Sənsiz yaşaya bilmirəm!
* * *
Zahirimdə gülə-gülə,
Batilimdə ölə-ölə,
Yoxluğunu bilə-bilə,
Sənsiz yaşaya bilmirəm!
* * *
Qatlanıram min əzaba,
Vermədiyin bir cavaba.
Evim qalıbdı xaraba,
Sənsiz yaşaya bilmirəm!
* * *
Qarışıbdı şərlə xeyir,
Bir cüt qızın qara geyir.
“Yerdə qalmasın haqq! “deyir,
Sənsiz yaşaya bilmirəm!
* * *
Kəfənindi ağ xalatım,
Ey qırılmış qol-qanadım!
Daha heçdi bu həyatım,
Sənsiz yaşaya bilmirəm!
* * *
Dəfn olundum öz içimdə,
Həyat-ölüm bir biçimdə.
Kömək et mənə seçimdə,
Sənsiz yaşaya bilmirəm!
* * *
Tənha qalıb ev-eşiyin,
İlk beşiyin, son beşiyin.
Özüm çəkəcəm keşiyin,
Sənsiz yaşaya bilmirəm!
* * *
Ocağında pərvanəyəm,
Lap dəliyəm, divanəyəm.
İlahəyəm, Nuaranəyəm,
Sənsiz yaşaya bilmirəm!
* * *
Qızlarının söz-söhbəti,
Nəvələrin şan-şöhrəti,
Anamın ilk məhəbbəti
Sənsiz yaşaya bilmirəm!
* * *
Yalvarıram sənə, Allah,
Çatsın dərgahına bu ah!
Açılmasın qoy, bu sabah!
Sənsiz yaşaya bilmirəm!

Müəllif: Nuranə RAFAİLQIZI 

NURANƏ RAFAİLQIZININ DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN TORPAĞIDIR QARABAĞ! – İLDIRIM ƏKBƏROĞLU (FÜZULİ)

İldırım ƏKBƏROĞLU (Füzuli) – şair, MYK -nın sədri.

AZƏRBAYCAN TORPAĞIDIR QARABAĞ!

(“Qarabağ Azərbaycandır və nida işarəsi” İlham ƏIiyev.)

Yalalnların dönüb qurumuş arxa,
Yad torpaqda yaşarsan qorxa-qorxa.
Tarix olsun söykəndiyin güc-arxa,
Gör, nə ətir saçır burda baxça-bağ
Azərbaycan torpağıdır Qarabağ!
* * *
Sən işğalçı, mən sahibəm, unutma,
Bağa girib bağbanına daş atma.
Ulağını cən atıma tay tutma,
Böhtanınla, öz-özünə çəkmə dağ,
Azərbaycan torpağıdır Qarabağ !
* * *
Bir daş göstər.adı dilində olsun.
Bir gül göstər, orda, elində olsun.
Elə şər de faktı əlində olsun,
Cıdır düzü mərd meydanı, etmə ağ,
Azərbaycan torpağıdır Qarabağ!
* * *
Gözdən olub özgə yurda göz tikən,
Vurub-tutan babaların qan tökən.
Sən dağıdan,parçalayan, mən tikən,
Aşkar olur gələn dövran, gələn çağ,
Azərbaycan torpağıdır Qarabağ!
* * *
Əlin qanlı,get əlinin qanın yu,
Haqlı danış, böhtan demə, dinc uyu.
Yolun sərtdir, son uçurum, son quyu,
Fərəhlənmə öndə görüb zirvə-dağ ,
Azərbaycan tirpağıdır Qarabağ!
* * *
Ay İldırım, dünya bilir haqq sənin,
Gözəlliyi gül-çiçəkdir çəmənin,
Özgə yurdda gor evində kömənin,
Yurdu itər, ruhu çəkər zülüm,ah,
Azərbaycan torpağıdır Qarabağ!

Müəllif: İldırım Əkbəroğlu

İLDIRIM ƏKBƏROĞLU HAQQINDA

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MEHMET FARUK HABİBOĞLU

Faruk HABİBOĞLU – şair, yazar.

BİR BABADAN OĞULLARINA

Ey oğlum babandan öğüttür, dinle isterim

Önce merhametli ol, en yüce erdem derim

Kul hakkından uzak dur, aslandan kaçar gibi

Gözet kendinden de çok yetimi ve garibi

Sadece Allah’tan kork, zalim olandan sakın

Beladan, belalıdan ötede durmalısın

Hakkı her zaman savun, haksızlığa baş eğme

Çıkar, menfaat için kula ilişme, değme

Arkadaşını gözet, herkesle dost olunmaz

Unutma kardeşinden daha yakın dost olmaz

Akrabanı sev, kayır lakin ona yük olma

Sana işi düşenin işini yerde koyma

Kimseye el açma ki saygınlığın yitmesin

Eşin, dostun, akraban senden çekip gitmesin

Emeğin ekmeğindir bileğin emeğindir

Helal kazanç peşinde yalnız başını indir

Çalışkan ol, gayret et, emeğinde, işinde

Bil ki haram çok olur kolay lokma peşinde

Her şey nasip bilesin, kısmetten fazlası yok

Dünya malı hırsına yollarda tuzaklar çok

Gücün, imkânın varsa ikram et insanlara

Cömertlik fazilettir bilhassa muhtaçlara

Çok oku, çok araştır, her habere inanma

Öyle bir zaman ki bu, her duyduğuna kanma

Makam sahiplerine sakın sakın güvenme

Cafcaflı hayatlara asla bakıp özenme

Ölçülü ol her şeyde helal haram unutma

Ne zalim ol ne mazlum, zalim ben olsam tutma

Dinin İslam olarak sana öğrettim bence

Hakiki inanmayı Kur’an’dan öğren önce

Körü körüne kanma duysan ayet olsa da

Allah “kullan aklını” diyor bir çok kıssada

Ahlaklı ol evladım, ahlak yüce meziyet

İnsanı hayvanlardan asıl ayıran haslet

İşin gücün dışında bir sanatla da uğraş

Müzik, şiir her neyse onlar iyi arkadaş

Boş işlerle uğraşan boş adam olur derler

Bırakmak için yaşa ardın sıra bir eser

Anana ve atana kötü bir söz söyletme

Eşini, evladını kimseye muhtaç etme

Yurdunu, milletini öz canından aziz bil

Töreni, bayrağını en değerli remiz bil

Hem bedenen hem ruhen dik dur, sapasağlam ol

Hasılı son kelamım, adam oğlu adam ol.

Müəllif: Faruk HABİBOĞLU

FARUK HABİBOĞLUNUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN MAHİRƏ NAĞIQIZININ AD GÜNÜDÜR!

Mahirə NAĞIQIZI

Bu gün bütün ad və titulların fövqündə dayanan, gözəl insan, əsl ziyalı, dəyərli alim, sevimli şair Mahirə Nağıqızının doğum günüdür! Ad günü münasibəti ilə Mahirə xanımı təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün fəaliyyətində yeni-yeni naliyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Mahirə xanım!

MAHİRƏ NAĞIQIZININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NURANƏ RAFAİLQIZI – ŞANLI ZƏFƏRİN CARÇISI

 Nuranə RAFAİLQIZI 

BU YERƏ VƏTƏN DEYİB!
Elə ki, mən boy atdım,
Yeridim addım-addım,
Anam tutub əlimdən
bu daşı, bu torpağı,
bu otu, bu yarpağı,
yaşadığım küçəni,
qızındığım ocağı
Göstərib, Vətən deyib!
* * *
Adı Azərbaycandı,
Hər guşəsi bir candı.
Heç düşməyib dilindən
Şəki, Şirvan, Qarabağ,
Bakı, Xızı, Qaradağ,
Göyçay, Qəbələ, Quba
elbəel, oba-oba
Bil, cənnətə tən deyib!
* * *
O atadan sevimli,
O anadan irəli.
Uzaq düşmə elindən
sev yurdunu hər zaman,
yaşasın Azərbaycan!
vətən-adın, soyadın
əlbəəl, addım-addım
Qoru onu sən deyib!
* * *
Nə qədər ki, qolun var,
Tək bir məqsəd, bir amal,
Üçrəngli bayrağını
qaldır başının üstə,
dalğalansın ahəstə
böyük Turan elində!
bu bayrağın önündə
Diz çöksün düşmən, deyib!
* * *
Anam tutub əlimdən,
bu yerə Vətən, deyib!

SAVAŞ GÜNÜDÜR BU GÜN!
(İkinci Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunur.)
Haydı igid oğullar, atalanın Qarabağa,
Üzü Şuşa, Xankəndi, Ağdərə, Murov dağa.
Geriyə yolumuz yox, yalnız üzüqabağa!
Cıdır düzünü seyrə çıxarıq biz də bir gün!
Savaş günüdür bu gün!
* * *
Gözləyir yolunuzu Zəngilanla, Qubadlı,
Qartalım havalansın səmamızda qanadlı!
Siz ey cəsur oğullar, enlikürək, ağ atlı,
Üç rəngli bayraq ilə bəzənsin dağın-düzün!
Savaş günüdür bu gün!
* * *
Kəlbəcəri, Laçını, Xocalı, Füzulisi,
Çağırır babaların məzardan haray səsi.
Yurdumun qanı-canı, gedib gələn nəfəsi
Açılsın Qarabağın taleyindən bu düyün,
Savaş günüdür bu gün!
* * *
Boynubükük gözləyir Topxana meşələri,
Cənnətməkan yurdumun ən gözəl guşələri.
Hər gecə yuxumuzda görürdük bu yerləri
Gerçəklərə dönüşüb yuxumuzda olur çin!
Savaş günüdür bu gün!
* * *
Nə qədər düşməndəndi Cəbrayılı, Xankəndi,
Düsmənə üz çevirib yurduma baxan kəndi.
Torpağın hər addımı, hər qarışı Vətəndi!
Qələbə xəbəriylə salamat geri dönün!
Savaş günüdür bu gün!
* * *
Bir Vətən var, oduna, alovuna yanası,
Əymə dik tut başını, sən ey Şəhid anası!
Qəhrəman igidlərin incəbelli sonası,
Qurarıq Qarabağda sizin üçün toy-düyün!
Savaş günüdür bu gün!
* * *
Azərbaycan-Qarabağ, Qarabağ-Azərbaycan!
Başıuca olasız Vətən önündə hər an!
Mürəkkəb ilə deyil, tarixləri yazır qan!
Əmanət edib bizə bunu kökün, soykökün!
Savaş günüdür bu gün!

TARİXLƏRƏ YAZILAN ŞƏXSİYYƏTDİ, HEYƏRİM!
(Ulu Öndər Heydər Əliyevə ithaf olunub.)
Yoğurdu torpağını o qanıyla-canıyla,
Öyünmədi bircə yol şöhrətiylə, şanıyla.
Durdu çiyin-çiyinə yurdu Azərbaycanıyla,
Zirvələrin duyduğu bir heyrətdi Heydərim!
Tarixlərə yazılan şəxsiyyətdi Heydərim!
* * *
Gecə yatdı, gündüzlər oyandı xalq yolunda,
Min bir zülmə-zillətə boyandı xalq yolunda,
Nə yoruldu, dincəldi, dayandı xalq yolunda,
Həm namusdu, şərəfdi, həm qeyrətdi Heydərim!
Tarixlərə yazılan şəxsiyyətdi Heydərim!
* * *
Hər sözü, hər söhbəti incidi-dürdanədi,
Ağızlarda dolaşan nağıldı-əfsanədi,
Duruşu şah çinardı, yerişi mərdanədi,
Yurduma bəxş edilən bir sərvətdi Heydərim!
Tarixlərə yazılan şəxsiyyətdi Heydərim!
* * *
Ordusunun önündə qorxmaz, cəsur sərkərdə,
Tək canıyla dəvaydı min yaraya, min dərdə,
Bu gün yerin görünür, baxdığımız hər yerdə,
Azadlıq, müstəqillik, hürriyyətdi Heydərim!
Tarixlərə yazılan şəxsiyyətdi Heydərim!
* * *
Yediyi bir tikəni xalqdan ayrı yemədi,
Hamının inam yeri oldu onun məbədi,
O, ölmədi yaşayır ürəklərdə əbədi!
Azərbaycan adında bir dövlətdi Heydərim!
Tarixlərə yazılan şəxsiyyətdi Heydərim!

ZƏFƏR BİZİM ZƏFƏRİMİZ!
Önümüzdə İlham kimi qorxmaz, cəsur sərkərdə var!
Mübarizlər, Vidadilər, Poladtək igid oğullar.
Azərbaycan millətinə Tanrı olsun daima yar!
Qarabağda mübarizə, səfər bizim səfərimiz!
Zəfər bizim zəfərimiz!
* * *
Kəlbəcərin, Füzulinin yanan ocağın, odunun,
Şuşa alınmaz qalamız, qadasın alım adının!
Cıdır düzündə atlanan məhşur Qarabağ atının
Ayağında nal da bizim, yəhər bizim yəhərimiz!
Zəfər bizim zəfərimiz!
* * *
Yatmayıbdı qoca qartal Murov dağında oyaqdı,
Torpaq bizim torpağımız, yolumuz haqq yolu haqdı!
Bir millətik, iki dövlət, Türkə yalnız Türk dayaqdı!
Birlikdədi sevincimiz, birlikdədi kədərimiz.
Zəfər bizim zəfərimiz!
* * *
Zənguləsi, zili-bəmi hələ də barıt qoxuyan
Gəlir Xudayarın səsi, düşmənə meydan oxuyan.
Oba-oba, küçə-küçə, qarış-qarış, burda hər yan,
Kənd də bizim, qəsəbə də, şəhər bizim şəhərimiz!
Zəfər bizim zəfərimiz!
* * *
Bu torpağa şəhid verən ataların, anaların,
Başları qara örpəkli incəbelli sonaların,
Gözüyaşlı, boynubükük körpə-körpə balaların
Gözündə qəm, boğazında qəhər bizim qəhərimiz,
Zəfər bizim zəfərimiz!
* * *
Hər bir şeydən, hər bir kəsdən uca tutub biz Vətəni,
Canımızla, qanımızla çaldıq yeni qələbəni!
Bir yumruqla pərən-pərən elədik yağı düşməni,
Dəmir yumruqdakı qüvvət, təpər bizim təpərimiz!
Zəfər bizim zəfərimiz!
* * *
Bu torpağa şəhid verən ataların, anaların,
Gözləri yollarda qalan incəbelli sonaların,
Gözüyaşlı, boynubükük körpə-körpə balaların,
Üzündə qəm, boğazında qəhər bizim qəhərimiz,
Zəfər bizim zəfərimiz!
* * *
Böyüklərin qabağında qul, qaravaş, kölə olub.
Yaltaqlığı, satqınlığı düşüb dildən-dilə, olub.
Qadir bizik! Qalib bizik! Bu əzəldən belə olub,
Aşlarına qatdığımız zəhər bizim zəhərimiz!
Zəfər bizim zəfərimiz!
* * *
Əl-ələ, çiyin-çiyinə dayanıb cəsur ordumuz,
Keşik çəkir sərhədlərdə gecə-gündüz boz qurdumuz.
Gün doğduqca Qarabağdan, cənnətə dönür yurdumuz!
Ağ günlərə yelkən açan səhər bizim səhərimiz!
Zəfər bizim zəfərimiz!

Müəllif: Nuranə RAFAİLQIZI 

NURANƏ RAFAİLQIZININ DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AQŞİN HACIZADƏ “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Aqşin Hacızadənin kitabı “Tikdim ki, izim qala”

Aqşin HACIZADƏ “Tikdim ki, izim qala” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə verilən “Ziyadar” Mükafatına layiq görülüb. Müəllifi və onun sevənlərini bu münasibətlə təbrik edirik!

AQŞİN HACIZADƏNİN MÜKAFATI N: 092 04.11.2021. – BAKI. DİPLOMU DOĞRULAMA LİNGİ>>>>LAUREATLAR

AQŞİN HACIZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Zəfər çaldı Azərbaycan – Emin Bayramlı

Emin BAYRAMLI – gənc yazar.

Zəfər çaldı Azərbaycan

30 ilə yaxın torpaqlarımız işğal altında olmasına baxmayaraq, biz hər zaman torpaqlarımızın bir gün işğaldan azad olunacağına inanırdıq. Ali Baş Komandanın göstərdiyi yüksək diqqət, qayğı və incə düşünülmüş siyasət nəticəsində güclü ordumuz 30 il həsrətində olduğumuz torpaqlarımız 44 gün ərzində işğaldan azad etdi. Bu bizim hər birimizi çox sevindirdi. 27 sentyabr döyüşlər başladığı gündən efir vasitəsilə ölkə başçısının hər gün öz xalqına, millətinə şad xəbərlər çatdırması bizim qələbəyə daha da yaxın olmağımızdan və torpaqlarımızın işğaldan azad olunmasından xəbər verirdi. Nəhayət gözlədiyimiz həmən an gəlib çatdı. Azərbaycan xalqı “Şuşa sən azadsan!”, “Qarabağ Azərbaycandır” kəlmələrini 08.11.2021 ci ildə tarix yazan xilaskarımız Ali Baş Komandanın dilindən eşitdi. Artıq biz qalib ölkənin qalib vətəndaşlarıyıq. Qeyd edim ki, hər bir döyüşdə olduğu kimi bizim Qarabağ döyüşləri də itkisiz ötüşmədi. Ölkəmizdə çox şəhidlərimiz, qazilərmiz, qəhrəmanlarmız oldu. Mən atamla birgə bir çox şəhid ailələrini ziyarət etdik. Mən şəhidlərimizin əziz xatirəsinə həsr etdiyim şeirlərimi çərçivəyə alıb şəhid ailələrinə təqdim edirdim. Bunu etməklə 44 günlük müharibədə, bu Zəfərdə mənim də kiçik bir payım olsun istəyirdim. Bizlər üçün canından qanından kecən şəhidlərimizin əziz xatirəsini hər zaman yad edirəm . Şəhidlərimiz haqqında bir çox kitablarda, qəzetlərdə, jurnallarda və saytlarda şeirlərim, məqalələrim dərc olunur. Şəhid ailələrini müntəzəm olaraq ziyarət edirəm. Hər zaman olduğu kimi dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunan şəhid ailələri deputatımız Fəzail Ağamalı tərəfindən də diqqət mərkəzində saxlanılır. Rayonumuzda şəhidlərimizin əziz xatirəsinə bulaqlar tikilir və tədbirlər keçirilir. Deputat Fəzail Ağamalının köməkçisi Xidmət müəllimlə birlikdə bir çox şəhid bulaqlarının açılışında iştirak etmişəm. Şəhidlərimizin əziz xatirəsinə həsr etdiyim şeirimi səsləndirmişəm. Biz birlikdə bir çox şəhid ailələrinidə ziyarət etmişik. Hər bir şəhid anasının övladı haqqında danışdığı sözlər mənim yaddaşımda əbədi olaraq qalacaq. Şəhidlərimiz bizim hər birimizin xatirəsində yaşayır və yaşayacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.

Mən doğma Azərbaycanımla, Prezidentimlə, bayrağımla fəxr edirəm. Şəhidlərimizi hörmətlə yad edirəm:

Tarix yazan şəhidlər

İyirmi yeddisi gecə
Getdiniz döyüşlərə
Gedəndə mərd qürurlu
Düşmənə vurduz zərbə.
* * *
44 gün dayanmadan
Ön cəbhədə vuruşduz
Şəhidliyə ucalıb,
Yeni bir tarix olduz.
* * *
Azərbaycan torpağı
Heç bir zaman bölünməz.
Şəhid olan oğullar
Ürəklərdən silinməz.

Zəfər çaldı Azərbaycan

30 illik həsrətə
Son qoydu 44 günə.
Ali baş komandanın
Güvənirik əmrinə.
* * *
Azərbaycanlıyıq biz,
Silinməzdir izimiz.
Bizim güvən yerimiz,
Qalib gələn ölkəmiz.
* * *
Azaddır Qarabağım,
Dalğalanır bayrağım.
Fəxr edirik onunla
Müqəddəsdir torpağım.

Müəllif:Emin BAYRAMLI

EMİN BAYRAMLININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZƏFƏR TƏNTƏNƏSİ – ZAUR USTAC

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustdan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

QIJ-QIJ (Dodaqdəyməz) – HİDAYƏT

QIJ-QIJ
(Dodaqdəy(g)məz)
Leysan yağar dəryalardan ziyadə,
Axar gedər (…) haraya qıj-qıj,
Yetərkanə içər yerlər ziyadə,
Dalı gələr hardan haraya qıj-qıj.
* * *
Səni xəlq eyləyən (…) adil Tarı,
Ala səndən yenə (…) arı,
Gedən təndən canın yarıdan yarı,
Çıxar canın (…) haraya qıj-qıj.
* * *
Sataşanda eynin yarın eyninə,
Allanarsan hərcayının diyninə,
Atlaz, xara yar əgninə giyniyə,
Edər xəlqə nazı haraya qıj-qıj.
* * *
Yar dəstindən çayı sada algilən,
Çay içəndə şirin yada salgilən,
Can diyəndə canan yada salgilən,
Çağır Allahını haraya qıj-qıj.
* * *
Hidayət kəndi yar(ı) eylədi candan,
Yəni dəryada ləh(i) eylədi kandan,
Nakəszadə ayə ki, gəldi handan,
Saldı cidalığı araya qıj-qıj.
Müəllif: Hidayət (هدایت)
Mənbə: V. Xuluflu, “El aşıqları”, Bakı -1927.
Əski əlifbadan latın əlifbasına transleterasiya edən Zaur Ustac


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru