BB (hekayə) 20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9:00, mən artıq işdəyəm. Düzü, telefondakı vaxt barədə nəticə məni qane etmədiyinə görə tələsik dəhlizə çıxıb divardakı saata da baxası oldum. Heç məndən çıxmaz iş, bəlkə də ömrümdə birinci dəfə işə vaxtında gəlmişəm. “Tez oyananla tez evlənən uduzmaz” məsəlini beynimdə çək-çevir edə-edə iş masamın arxasına əyləşdim. Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı. Ofisdə orta yaşlı xadimə xanımla məndən başqa heç kim yox idi. Dəstəyi xanım götürdü: – Bəli. Buyurun. Bəli. Yaxşı, – telefona cavab verdikdən sonra, – Əli müəllim, zəhmət omasa 14 – ü qaldırın. – Məni soruşurlar? – Bir az da heyrətlə soruşdum. Düzü məəttəl qalmışdım. Səhərin gözü açılmamış kim idi ,görəsən? Nə istəyirdi? “Adbaad elə məni soruşdular ay xanım?” – deyə bir də xanımdan soruşdum. – Xeyr. Soruşdular işçilərdən orada kim var? – Oldu, – deyib dəstəyi götürməkdən başqa çarəm qalmadı. – Bəli. Buyurun. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim. Eşidirəm sizi, – xəttin o başından incə, ancaq amiranə xanım səsi eşidildi: – Olar, sizə elə kəsədən Əli müəllim deyim? – Bəli. Olar. Buyurun. Eşidirəm sizi. – Sizi “BB”-dən İlahə xanım narahat edir. – Buyurun, İlahə xanım, – məşhur “BB”-şirkətinin adını eşidən kimi gözlərimə işıq gəldi. Ani olaraq ataların ruhuna bir rəhmət göndərib, – Buyurun. Narahat etmirsiniz xoşdur, – deyə davam etdim. – Bilirsiniz, qarşıdan həm bizim bosun, həm də şirkətimizin yaranmasının yubileyi gəlir. Bu münasibətlə Bəy Bala müəllim jurnalistləri çağırıb müsahibə verir. Bu gün səhər saat 10:00 üçün gələ bilərsiniz, sizi görüşə yazım? – Bəli. Yaza bilərsiniz. Yazın. Ancaq gəlin ünvanı dəqiqləşdirək. Mən sizin ofisin yerini təxmini bilirəm. Yenə də dəqiqləşdirsək yaxşı olar. Deyə bilərsinizmi? – Bəli. Zəhmət olmasa, qeyd edin. – Deməli, – Çingiz Mustafayev 104, həyətə girən kimi sağdakı boz qapı, üstündə iri hərflərlə “BB” yazılıb. Oldu. Düz vaxtında orada olacam. Xanım dedikcə qeyd edirmiş kimi, qələmi qeyd dəftərçəsinin üzərində gəzdirsəm də əslində heç nə yazmırdım. Çünki o dedikcə hara gedəcəyim gözlərimin önündə canlandığından buna ehtiyac duymadım. Söhbət bitəndə sadəcə bugünkü tarixə görüş vaxtını qeyd etdim. Sonra redaksiyanın çıxış kitabına çıxdığım vaxtı və gedəcəyim ünvanı yazdım. İçərisində müxtəlif vəziyyətlər üçün hazır suallarım və gündəlik iş üçün vacib digər sənədlər olan qovluğumu qoltuğuma vurub ofisdən çıxdım. “BB” – nin ofisi bizdən bir neçə küçə Qış Parkına tərəf aralı idi. Bizim ofis Həzi Aslanov küçəsində yerləşirdi. Vaxta 15 dəqiqə qaldığına görə “BB” – nin ofisi olan küçədən keçib Qış Parkına gəldim. 10:00-a 5 dəqiqə qalana qədər düz iki siqaret çəkdim. 5 dəqiqə qalanda ağzıma bir saqqız atıb, üstümə ətir vurub təyin olunmuş ünvana doğru yönəldim. “Çingiz Mustafayev 104” – ə çatan kimi bazubənd əvəzi qoluma keçirtdiyim maskamı çıxardaraq üzümə taxdım və üzərində böyük boz rəngli hərflərlə “BB” yazılmış boz qapını açıb içəri daxil oldum. İlahə xanımı soruşdum. Elə girişdəcə telefonların yanında oturmuş xanım gülərüzlə məni qarşıladı: – Buyurun. Sizə necə kömək edə bilərəm? İlahə xanım mənəm. – Mən Əli Mülayim. Saat 10 tamama görüş təyin etmişdik. – Bəli. Buyurun keçin. Bəy Bala müəllim sizi gözləyir. Ancaq zəhmət olmasa, üst geyiminizi və telefonunuzu verin mən saxlayım. Bu qalstuklardan birini bağlasanız lap əla olar. Bax, bu sizin köynəyə lap uyğun gəlir. Buyurun, – deyə üzərində sarı ay-ulduz olan tünd göy rəngli qalstuku mənə uzatdı. Çar – naçar qalstuku alıb girişdəki böyük güzgünün qabağına keçdim. Qalstuku səliqə ilə bağladıqdan sonra, suallar və sənədlər olan qovluğumu da götürüb: – Mən hazır, – dedim. Xanım əvvəlcə qovluğumu da əlimdən almaq istədi. Birtəhər göz-qaşla başa saldım ki, iş üçün lazım olacaq. Nəhayət: – Buyurun. Keçin, – deyə-deyə qapını açıb məni otağa saldı. Bəy Bala müəllim sanki məni görmürmüş kimi öz işində idi. “T” şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan notbuk və sonsuz sayda kağız-kuğuz … Bu mənzərəni insan öz gözləri ilə görməsə, sözlə ifadə etmək çox çətindir. Bəy Bala müəllim başını qaldırmadan bir az yorğun səslə: – Xoş gəlmisiniz. Əyləşin, – dedi və sağ tərəfdə olan yeganə boş kürsünü əli ilə mənə işarə etdi. 5-10 dəqiqə oturandan sonra mənə məlum oldu ki, o da açıq notbuklarda digər ofislərdəki işçilərinin davranışlarını müşahidə edir. Nəhayət, sanki bu məşğuliyyətdən bezərək, – üzr istəyirəm, sizin adınız necə oldu?- deyə düz gözlərimin içinə baxdı. – Əli Mülayim. – Çox gözəl, Əli müəllim. Vallah, indi elə zamanada yaşayırıq ki, mülayim olmayıb neynəyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun. – Elədir. – Əli müəllim. Deməli, vəziyyət belədir. Bu üzümüzə gələn dekabrın 25 – i həm mənim 55 yaşım tamam olur, həm də şirkətimin 20 illiyi olacaq. Düzdür, mənim buna ehtiyacım yoxdur, ancaq yenə istəyirəm ki, mətbuatda, televiziyada bu barədə məlumatlar getsin. – Lap yaxşı. Aydındır, Bəy Bala müəllim. – Bir də xahiş edirəm o maskanı çıxardasınız ki, sizin nə dediyinizi anlaya bilim. Yoxsa, heç nə başa düşə bilmirəm. Burada kim var ki? Bir də inanın səmimiyyətimə bunlar hamısı boş şeydir. Canı verən də, alan da bax o kişidir! – Dedi və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı. – Doğrudur. Doğrudur. – deyə-deyə maskamı çıxardıb əziz matah bir aksesuar kimi köynəyimin döş cibinə qoydum. – İndi deyin görüm, hazır gəlmisiniz yoxsa, hər işi mən görəcəm? – Nə mənada? – Yəni suallarınız, ya nə bilim bir proqramınız varmı belə hallar üçün? – Əlbəttə. – Onda başlayaq. – Başlayaq. Özünüz, ailəniz və işiniz barədə ürəyinizdən keçənləri, bizim oxucularla bölüşmək istədiklərinizin hamısını anladın. Söhbət əsnasında yarana biləcək vəziyyətlərə uyğun köməkçi suallarla mən sizə kömək edəcəm. – deyib, qovluğumdan bu hal üçün nəzərdə tutulmuş suallar qeyd olunan vərəqi və qeydlər aparacağım ağ A4 kağızları çıxardıb masanın üstünə qoydum. – Deməli belə. Mən Xanlar rayonunun Bəyoğlular kəndindənəm. Atamın adı Böyük Bəy, onun da atasının adı Bəy Bura, onun da atasının adı Böyük Bəy, onun da atasının adı Bəy Bala, onun da atasının adı Bala Bəy… Nə başını ağrıdım. Bax beləcə gedir. Adam var, atasın tanımır. MaşAllah olsun. Biz yeddi arxa dönənimizi tanıyırıq. Adətdəndi. Kişi gərək yeddi babasının adını bilə. Siz cavanlar da öyrənin və uşaqlarınıza öyrədin. Bu çox vacib məsələdir. Çox yerdə görürsən mənim adımı səhvən “Bəybala” kimi bitişik yazırlar. Bu səhvdir bizim adlarımız ayrı yazılır. Məsələn, Bəy Bala və ya Böyük Bəy. Bax, belə. Siz də düzgün yazın. Siz inanırsınız mən neçə dəfə belə səhvlərə görə bir qəzetin bütün nömrələrini köşklərdən toplatmışam. Nəsə sözüm onda deyil. Biz ailədə, Böyük Bəyin ocağında iki qardaş və iki bacı, dörd uşaq olmuşuq. Mən ailənin ilki, böyük uşaq olmuşam. Sonra bacılarım, Böyük Bəyim, Balaca Bəyim və sonbeşiyimiz, balaca qardaşım Bala Bəy. Deməli, ötən əsrin 90-cı illərində köhnə hökumət dağılanda mənim olardı 25 yaşım. Cavan, sütül oğlan idim. Atam məni oxutmaq istəsə də, düzü, mənim elə bir fikrim yox idi. Rusun əsgərliyinə də gedib gəlmişdim. Bizdə də ara yavaş-yavaş qarışırdı. Nəsə axır ki, kişi saqqızımı oğurladı. 1991-ci ildə nə az, nə çox düz 60.000 manat pul verib məni qoydu Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə. İndi hər yan universitetdir e. Onda bircə dənə universitet var idi. Kişi deyirdi oxu qurtar, səni raykom katibi qoyacam. Onu deyim ki, o vaxt elə oxumaq, filan da yox idi. İnanın bir torba alçaya qiymət yazan müəllimlər var idi. Onları da qınamalı deyil. O vaxtlar vəziyyət çox pis idi. Bu oxumağın mənə xeyri o oldu ki, o vaxtlar müharibəyə getmədim. Bir də günüm Bakının “talkuçka”larında, bazarlarında keçdi. Ticarətin bütün sirlərinə yiyələndim. Bir şənbə-bazarın alverinə bir semestri yola verirdim. Oxumaq, imtahan belə idi. Mən tarixi qurtarana qədər nə raykom qaldı, nə də katiblik. Ta kişinin də o vaxtları deyildi. Mənimlə oxuyan uşaqlardan bir-iki nəfər indi universitetlərdə müəllim işləyir. Çoxu mənim kimi biznesdədir. – Biznesiniz konkret olaraq hansı sahəni əhatə edir? Zəhmət olmasa bu barədə danışın. – Tələsməyin. İndi ora gəlirəm. Hamısını yerli-yataqlı danışacam. Deməli, mən Bakıda alverdə, ailəmiz də qalmışdı rayonda. Universiteti bitirdim. Müharibə bitdi. Amma ölkədə vəziyyət daha da çətinləşmişdi. Alverdən başqa heç bir işdə pul yox idi. Atam nə qədər dedi ki, gəl müəllim işlə. Lap səni məktəb direktoru qoyum. Maarifə işə düzəldim. Dedim ki, yox e, bunlar mənlik deyil, mənimki alverdi. Biznes. Onu da deyim ki, ta mənim satmadığım şey qalmayıb ha. Elə axtarışdayam. Nə olsun? Necə olsun? Nə yenilik edim? Nə iş qurum? Bax belə fikirləşirəm. Xarici biznesmenlərin həyatından filmlərə baxıram, kitablar, məqalələr oxuyuram. Bərk axtarışdayam. Allah deyir səndən hərəkət, məndən bərəkət. Bir dəfə bir xarici kinoya baxıram. Lap o qədim Amerika filmlərindəndir. Bəlkə, siz də baxmısınız. Bir əczaçı qadın əlində bir şüşə öz hazırladığı dərmanı kino boyu hərləyir- fırlayır, nə qədər edir bu dərmanı sata bilmir. Axırda necə olursa bir kişi ilə vuruşmalı olur. Kişini yaralayır və kişi infeksiya qorxusundan məcbur olub dərmanı qızıl pulla qadından alır. Üstəlik qadından xahiş də edir ki, bu məhlulla onun yarasını təmiz-təmiz yuyub sarısın. Filmdəki bu fraqment mənə ideya vermişdi, ancaq bu ideyanı harada necə tətbiq edəcəyimi heç cür dəqiqləşdirə bilmirdim. Artıq evlənmişdim. Üzr istəyirəm, arvad da pul istəməkdən başqa heç nə bacarmırdı. Xırda alver ta mənim ehtiyaclarımı ödəmirdi. Ata-anam da rəhmətə getdi. Dost-tanış da hərə bir yandan deyirdi ki, kənddə bacı-qardaşın vəziyyəti pisdir. Onları da yığ gətir Bakıya. Bu kimi hallar məni lap bezdirmişdi. Elə bu vaxtlar qızımın ad gününə hazırlaşırdıq. Böyük uşağım qızdır. Adını da Böyük Bacı qoymuşam. 1 yaşı tamam olurdu. Uşağı ilk dəfə aparmışam bərbərxanaya. Öz dəlləyimin yanına getmişik. Bakıya gələndən bəlkə necə ola, bir-iki dəfə başqa usta yanına gedəm, həmişə bu dəlləyin yanınına getmişəm. İndi də sağ olsun, gəlir elə bax burda, bu ofisdə bütün işini görüb gedir. Nəsə, orda işimiz bitəndən sonra dəllək yavaşca qulağıma deyəsən ki, bəs uşağın başında bit var. Düzü, bu sözü eşidəndə orda sakit qalsam da cin vurdu təpəmə. Gəldim evə arvadla yenə qırdıq bir-birimizi. Baldızım da biz də idi. O dedi ki, bəs yeznə narahat olma, Türkiyədə olanda bizim də saçımıza düşmüşdü. Orda apteklərdə yaxşı dərman satılır. Dərman deyəndə şampun kimi bir şeydir. Ballı indi oradadır. Ad gününə gələcək deyərəm alıb gətirər. Narahat olma ikisin alıb gətirsə, bəsdir. Ballı da mənim balaca baldızımdır. Üç bacıdırlar. Ballı ən kiçiyidir. Alverdə o da yaxşıdır. Dubaydan vurur, İslambuldan çıxır. Bax, mənim bütün həyatım bu Ballı baldızımın hesabına dəyişdi. Yəqin, şəhərdə görmüsünüz “Bala Baldız” gözəllik salonları, “Bal Baldız” kosmetika mağazaları hamısı onundur. Yəni mənimdir. O idarə edir. Nəsə, baldız gəldi, iki qab bit dərmanı da gətirdi. Dərman işə yaradı. Bu məsələ yüngülvari dalağımı sancsa da, hələ elə bir ciddi dönüş etməmişdim. Hələ qadın koftası mağazası işlədirdim. Arvadla da elə orda, ona kofta satanda tanış olmuşam. Nəsə, bu başqa söhbətin mövzusudur. Yadınızda olar yəqin ki, bir ara quş qripi yayılmışdı? – Bəli. Bəli. Yaxşı yadımdadır. – Bax, o vaxtlar söz gəzirdi ki, guya xaricdə bloklara girib qapı dəstəklərinə, avtobus və metroda tutacaqlara nəsə püskürdürlər camaat da xəstələnir. Əslində bu xəstəliyin göydə uçan quşlarla heç bir əlaqəsi yoxdur. Yerdəki bayquşların işidir. Bu məsələnin bizə heç bir aidiyyəti olmasa da ideyanı bir az yerindən tərpətmişdi. Və nəhayət, bir gün təsadüfən televizorda gördüm ki, bir kişi bizim Tərtər rayonun bir kəndində soxulcan yetişdirib, fermerlərə, balıq tutanlara satır. Bu xəbəri görən kimi, “Böyük Biznes” ideyası işə düşdü və avtomatik olaraq anındaca “Biq Boss”a çevrildim. İnan ki, o gecəni evdə yatmadım. O saat hava limanına, oradan da bir başa İslambula uçdum. Ora çatdım, heç otelə də getmədim. Elə hava limanında gözlədim səhər olan kimi apteklərə baş çəkməyə başladım. Gördüm, maşAllah olsun bit dərmanının çeşidləri lap çoxdur. Bir gün aradım-araşdırdım. Ən tanınmış firmaların üçü ilə danışıb, razılaşıb elə həmin gecə qayıtdım Bakıya. Və başladım burada da apteklərlə, kosmetika mağazaları ilə danışıb, razılaşmağa. Hər şey tam hazır olandan sonra kofta mağazasını mal qarışıq satdım. Başladım Türkiyədən mal vurmağa. Mallar gəldi payladım “toçka”lara. Gördüm, yox e mal getmir. İdeyanı saldım işə. Daha doğrusu öz – özündən düşdü işə. Birinci rayonda olan qardaşım Bala Bəy xəbər göndərdi ki, uşaqları bit basıb. O dərmandan bizə də göndər. Mən də ona xəbər elədim ki, bəs dərmanı neynirsən evi-eşiyi də sat, külfəti də götür gəl Bakıya. Sağ olsun, sözümü yerə salmadı. Heç bir həftə keçmədi gördüm yığışıb gəlib. Gələn kimi Sovetskidə hamam – tualetsiz evlərindən bir dənə 3 otaqlı ev kirayə tutdum onlara. – Üzr istəyirəm, niyə məhz belə? – Hövsələniz olsun. İndi deyəcəm. Deməli, qardaşımın maşAllah 7 uşağı var. 2 nəfər özləri, bir də qaynanası. Düz 10 nəfərdirlər. – Mən onu soruşmurdum. Həqiqətən evin hamam-tualeti yox idi. Bəs necə yaşayırdılar orada? – Əlbəttə. O evlərdə hamam-tualet olmur. Sadəcə həyətdə bir ümumi ayaqyolu olur vəssalam. Bizə də elə belə evlər lazım olur. Çünki onlar saçlarını yumurlar. Əksinə çirkli saxlayırlar ki, bitlər üçün münbit mühit olsun. – Bəs onlar nə iş görürdülər? – “Görürdülər” yox, “görürlər”? Onlar bu saat da elə orada yaşayır və işləyirlər. – Bəs sökməyiblər oranı? – Xeyr. Neçə illərdir deyirlər, hələ bir şey yoxdur. Bir də qardaşımın indi lap şəhərin mərkəzində yeni tikilən binalarada bir yox, bir neçə mənzili var. Ora sadəcə bizim iş yerimiz çörək ağacımızdır. Deməli, bunları ora yerləşdirib, tapşırdım ki, siz ancaq əlinizdə olanı yemək-içməyə bir də yol puluna xərcləycəksiniz hər ayın 5 – i həm xərcliyinizi həm də qazancınızı mən verəcəm. Sizin işiniz o olsun ki, yeyin-için, bitləri çoxaldın. Səhər –axşam şəhərin insanlar gur olan yerlərində, ticarət mərkəzlərində, avtobuslarda, metroda basabas vaxtı girin camaatın içinə, ürəyiniz istəyən qədər gəzin. – Üzr istəyirəm, belə niyə? – Eh, dostum. Bitlərin yayılması üçün. Bu bit təmiz başı, yəni xam yeri elə tanıyır, elə tanıyır… Bir bilsən. Bu barədə yazsam indi elmlər doktoru idim. Deməli, birinin saçında bit varsa, 25-30 nəfər sərnişin tutumu olan avtobusda bircə dövrə vuranda ən azı 100 adama bit salır. Gör indi maşAllah 50-60 nəfərlik avtobusda bu nə qədər olur ha… Öz də onlara tapşırmışam ki, avtobusa bir dəfə mindin sürücü tanıyıb zorla düşürənə qədər düşməsinlər. Belə həm də “rasxod” azalır. Onların özlərinə xeyirdir. Qazancları artır. Nə başını ağrıdım. Birinci ayın sonunda apteklərə mal çatdıra bilmədim. Allah bərəkət verdi. Mal vur, pul götür… Mal vur, pul götür… Bacılarımı da gətirdim Bakıya. İndi maşAllah olsun. Təkcə qardaş-bacılar deyil, qardaşuşaqları, bacıuşaqları, hələ canım sənə desin, sinifyoldaşlarımdan da bir neçəsinin çalışdığı belə ocaqlarımız var. Şəhərdə təxminən 100- ə yaxın obyektdə bit yetişdirib yayırıq. Daha doğrusu bitlərin çoxalıb, yayıla biləcəkləri münbit mühit formalaşdırırıq. Dünyanın müxtəlif təbiəti, canlı aləmi sevən təşkilatlarından bilirsiniz nə qədər mükafatlarımız var? – deyə mənə işarə edərək yana qanrılıb rəfdəki müxtəlif formada və dillərdə olan diplomları, prizləri göstərdi. – Bu işlə yalnız Bakıda məşğulsunuz? – Bəli. Hələlik ancaq Bakıda. Bilirsiniz bu biznes sırf inkişafla bağlı, inkişaf göstəricisi olan sahədir. Gərək yaşayış ola, insan ola ki, bit də olsun. Bakıdan başqa sıx yaşayış olan yer yoxdur. Gəncə və Sumqayıtda bir-iki dəfə eksperiment aparmışıq nəticə “0”. Hələlik ancaq Bakıda fəaliyyət göstəririk. – Üzr istəyirəm, Bəy Bala müəllim, sizin qohumlar kimi həyat yoldaşınızın qohumları da belə canla-başla bu ailə şirkətində çalışırlarmı? – Bayaq sizə dedim, şəhərdə gördüyünüz bütün “Bala Baldız”, “Bal Baldız” obyektlərin hamısı mənim balaca baldızım Ballı xanıma aiddir. Yəni o işlədir. Sağ olsun. Doğmaca arvadımdan görmədiyimin hamısını ondan gördüm. Həm mənəvi, həm maddi. Mən də onu yaşadıram. Hələ indiyə qədər bir sözünü iki eləməmişəm. – Bəs Ballı xanımdan başqa? – Başqa heç nə. Siz elə düşünürsünüz ki, onlar da bitli saçla metro, avtobus gəzib bit yayırlar. Yox, dostum. Nəinki, onlar heç doğmaca var yox bircə oğlum Bic Bala burax bit yaymağı, “toçka”lardan pul yığmağa getməyə belə ərinir. Bu işi sinifyoldaşlarımdan birinin oğluna tapşırmışam. Sağ olsun halal uşaqdır. Demişəm əgər qanunu yolla adını dəyişib, Bəy Bura qoysa qızım Böyük Bacını ona ərə verib, şirkəti də bağışlayacam onlara. Oğul, arvad tərəf zaydır. Oğlum olanda nə qədər elədim babalarımdan birinin adını qoya bilmədim ona. Arvadla qaynənəm birləşdilər. Mən də dirəşdim ki, necə olur olsun 2 “B” mütləq olmalıdır. Onlar da dedilər, “nə şiş yansın nə kabab” adını qoydular Bic Bala. Uşaq da odu cüvəllağı, avara. Oxumaq, zad nədi. 15 yaşı olan kimi də evlənib. Yəni arvad “padruqa”larından birinin qızı ilə baş-göz edib. 1 oğul nəvəm var adını da yenə arvad tərəf 2 “B” –ni gözləmək şərti ilə Biq Boss qoyublar. İndi onun da ad günü yaxınlaşır. 1 yaşı tamam olacaq. Bir sözlə qızm Böyük Bacı ilə baldızım Ballını çıxmaq şərti ilə arvad tərəf ancaq xərcləməklə, dağıtmaqla məşğuldur. Düzü, bu ötən müddət ərzində arvadın hələ zəng vurmamasına narahat olmağa başlamışam… – Bəy Bala müəllimin sözü ağzında qaldı. Şəhər telefonunun cingiltili səsi kabineti başına götürdü. Dəstəyini qaldıraraq qaş-gözlə mənə “görürsən?” – deyib davam etdi: – Bəli, buyur, başımın tacı, evimin yaraşığı, şirkətimin loqosu, buyur. Votsapla? Baş üstə. Görüntülü? Baş üstə. – deyib dəstəyi asdı. Və mobil telefondan görüntülü yığdı. Nə billah etsə də həyat yoldaşı öz görüntüsünü açmadı. Əksinə Bəy Bala müəllimi məcbur etdi ki, kabinetin bütün künc bucağını mən də daxil olmaqla ona göstərsin. Görüntü olmasa da arada xırç-nırç, şap-şup kimi səslər qarışıq kişi səsinin eşidilməsi mənim də diqqətimi çəkdi. Elə bu vaxt Bəy Bala müəllim bir az da əsəbi kimi: – Hardasan, bu nə səs-küydü? – deyə sual verdi. Cavab özünü çox gözlətmədi: – Qəssab Mehralının yanındayam, bilirsən də onda həmişə “üçbacılıq” yaxşı ət olur. Eşidirsən, Mehralı sənə salam deyir. Deyir, çox sağ olsun. Yaxşı kişidir. Bəy Bala müəllim bu dəfə yenə də mənə qaş-göz eləsə də mən bu işarələrə bir anlam verə bilmədim. Nəhayət: – Yaxşı canım, öpdüm. Sən də salam de. Di, hələlik. Əlimdə işim var. – dedi və cavab gözləmədən zəngi sonlandırdı. Dilxor halda mənə tərəf çevrilərək: – Evlisiniz, subay? – Subay. – Kifayətdir. İndi bu yazının adını nə qoyacaqsınız? – Fikrimdən“Bit Biznesi” keçsə də, “Böyük Biznes” dedim. – Bəlkə, bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız? Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq. Siz də xahiş edirəm bunu götürüb, o məşhur tamaşada deyildiyi kimi… – deyərək əlində tutduğu şax “200”lüyü zorla maskanın yanına yerləşdirdi. – Çox sağ olun. Heç yaxşı olmadı, Bəy Bala müəllim. Əgər fikriniz dəyişə, qoy İlahə xanım sadəcə mənə xəbər eləsin. Yazını hazırlayıb, hazır saxlayacam. – Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil. Qalstuku da açma, sənə yaraşır. Bizdən hədiyyə olsun. Subay oğlansan get dincəl! Ye, iç, kef elə! Qarşıdan gələn Yeni İlin də mübarək! – Çox sağ olun, – sağollaşıb ofisə qayıtdım. İndi oturub yeni zəng gözləyirəm. Ancaq bu dəfə tək deyiləm. Ac və qoca qurdlar hamısı buradadır. Son. 06.12.2021. Bakı.
Sadi Somuncuoğlu vəfat edib. YAZARLAR cameəsi olaraq, qələmdaşlarımız adından onu sevənlərə, yaxınlarına və doğmalarına başsağlığı verir, Böyük Allahdan rəhmət diləyirik. Ruhuna Fatihə.
PSİXOLOQUN QƏBULUNDA (hekayə) Adətim üzrə səhər saat 6:30-da çalarsız-filansız oyanıb yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayaraq bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi, düz 7 dəfə, bəlkə də bir az artıq var-gəl etdim. Sonra qalxıb ikiotaqlı “küncdəqalmış”, “kitabça”, “Xruşşov layihəli” mənzilimin birinci otaqla dəhliz arasındakı taxta qapının çərçivəsinə bərkitdiyim alətdə həmişəki kimi 14 dəfə dartınıb düşdüm.
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<< Növbə ilə divardan asdığım “Fatihə surəsini”, “Bədnəzər duasını” və “Ayətül-kürsi”ni hərəsini düz 7 dəfə, bəlkə də bir az çox təkrar-təkrar oxuduqdan sonra kitab rəfindən Əbdürrəhim bəy Haqverdiyevin “Marallarım” kitabını götürdüm. Ötən əsrin 70-ci illərinin nəşri olan kitabın nazik kağız üzlü cildi didik-didik olub saralsa da, üzərindəki simalar necə tanış və canlı idilər. Sanki hamısı blokda növbəyə dayanıb səni gözləyirlər və bir himə bənddilər ki, elə qapını açasan… Kitabın üzünə bir neçə dəqiqə baxıb gülümsəyərək dahi ədibə “Günaydın” deyib, gözlərimi mənzilin giriş qapısının üzərində asılmış lövhəyə zillədim. Yenə düz 7 dəfə, bəlkə bir az artıq Böyük Allahın cahü-cəlalına və peyğəmbərimizin əmvatına zikirlər edəndən sonra istirahət otağına keçdim. Ötən gün ərzində yükləndiyim bütün dərd-azardan müvəqqəti də olsa, qurtulduqdan sonra gurhagurla, şırhaşırla qonşulara “mən hələ sağam” siqnalını verərək, qalxıb güzgünün qabağında bir az ağzımı, gözümü əydim, əsnədim, gərnəşdim… Bir sözlə, bütün vacib ritualları yerinə yetirdikdən sonra əlimi şoğəribin altına bir neçə dəfə uzatsam da, su gəlmədi ki, gəlmədi. Başımı qaldırıb aynada üzümə, daha doğrusu, burnumun ucuna diqqətlə nə qədər baxsam da, zərərli bir əhval gözümə dəymədi. Elə bu vaxt qonşulara verdiyim siqnalın son akordları ilə bərabər, yenə qəfil öymə başladı… Məcburən hər ehtimala qarşı əvvəlcədən su ilə dolu saxladığım “növbətçi abgərdən”i götürüb əl-üzümü yaxaladım. Tələsik istirahət otağından çıxdım. Çıxa-çıxa düşündüm ki, “ay canım, ilin-günün bu vaxtında bu qədər istirahət olar!?” Əl-üzümü qurulaya-qurulaya mətbəxə keçib, axşamdan qalan su ilə dolu caydanın altını yandırdım. Televizoru açdım. Aparıcı qız necə başladısa, elə o andaca televizoru söndürüb, seyvana çıxdım. Küçədə və seyvandan görünən kiçik parkda tam sakitlik hökm sürürdü. Bu gün şanlı Zəfərimizin ildönümü ilə əlaqədar elan olunmuş dörd günlük qeyri-iş gününün sonuncusu idi. Deyirəm, qəribə məxluquq e vallah, evdə qalanda işi, işdə olanda evi axtarırıq. Parkın tən ortasındakı tut ağacının altı sapsarı yarpaqlarla elə döşənmişdi ki, adam istəyirdi gedib üstünə uzansın… Yaxşı ki, dolu çaydanın fiti məni belə sərsəm düşüncələrdən ayırdı… Mətbəxə keçib, çaydanın altını söndürdüm. “Azarçay” qutusundan birdəfəlik paketlərdən birini götürb bir stəkan qaynanmış suyu rəngləyib yenidən seyvana – “Nina bağı”na keçdim. Bu məkan ruhumun dinclik tapdığı yeganə guşədir. Əvvəlki ev sahibəsi Nina xanım binanın layihəyə uyğun açıq eyvanını bağlayaraq səliqəli seyvana çevirib. Divarda qatlama masası və iki kətil var. Dibçəkdə həmişəyaşıl otaq bitkiləri də olduğuna görə mənzilə köçən gündən buranın adını “Nina bağı” qoymuşuq. Haqlı olaraq sual yarana bilər ki, mənzilə yeni köçmüsünüz? Sual yaransa da, yaranmasa da, qeyd edim ki, bəli, bu mənzilə təzəlikcə köçmüşük. Səbəbini indi açıq-aydın dilimə gətirə bilmirəm. Çünki o barədə düşünən kimi öymə məni tutur. Özümdən asılı deyil… Çayımı qurtumlaya-qurtumlaya yenə ən yaxın sirdaşım “Redmi”ni dümsükləyib oyatdım. Oyanan kimi bildirişlər pəncərəsindən bir gözəl xanım əl sallayaraq “Zəfər endirimləri” ilə bağlı məni xəbərdar etdi. “MORE” Psixologiya Mərkəzi şanlı Zəfər günləri ilə bağlı sabahdan noyabr ayının sonuna qədər hamıya 50%, qazilərə isə 75% endirimlə xidmət göstərəcək. Düzü, bu məsələ məni çoxdan narahat etdiyinə görə xeyli vaxtdır psixoloq xidmətləri ilə maraqlanırdım. Ona görə qiymətlərdən, şərtlərdən az-çox məlumatım vardı. Həm psixologiya mərkəzlərinin çoxluğu, həm də qiymətlərin baha olması seçim etməyimə əngəl olurdu. İndi bu xanımın təbəssümlü çöhrəsi, bir də artıq demək olar ki, televiziya verilişlərindən adını əzbərlədiyim “MORE”-ni yenə görüncə seçimimi etdim. Elə bildirişin üzərindən keçid edərək sabaha – səhər saat 10:00-a görüş təyin etdim. Qazi olduğuma görə ödənişi yerində nağd olaraq 75% endirimlə edəcəkdim… Axşama qədər hər televizoru açanda, hər küçəyə baxanda öyə-öyə günü birtəhər başa vurub, yenə yatağıma uzandım. “Redmi”də axşam ibadətlərimi yerinə yetirə-yetirə nə vaxt yuxu tutub, biləmişəm. Bir də oyandım ki, 03:33-dür. Briqadirə ”whatsapp”da yazdım ki, sabah səhər öynə həkimə gedəcəm, işə ondan sonra gələrəm, ya da xəbər edərəm. İş deyəndə ki, sağ olsunlar, qazi olduğuma görə məni icra hakimiyyətində işlə təmin ediblər. Yüngül işdir. Briqadir də həm üç diplomum olduğuna, həm də hər iki müharibənin iştirakçısı olduğum üçün mənə hörmət edir. Yəni, necə deyərlər, nə işim olsa, ötüşdürür. Sağ olsunlar… Hamısından razıyam… Elə bu razılıq içində yenidən nə vaxt yuxulamışam, bilmirəm… Qəfil yenə oyandım. Hə, bu, “6:30” oyanışı idi. Adətim üzrə yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayıb bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi, düz 7 dəfə, bəlkə də bir az artıq…. “Nina bağı” ziyarəti də daxil olmaqla seyvan keyfindən sonra hər evdən çıxanda düz 7 dəfə, bəlkə də bir az artıq təkrar-təkrar qaz, su, işıq yoxlamalarını dəqiqliklə yerinə yetirib, mənzildən çıxmaq üçün dəmirdən olan giriş qapısını açmışdım ki, blokdan gələn isti hava axını bildiriş kağızlarını üzümə çırpdı. Bəzilərini gözümün qabağında fırladıb yanıq verirmiş kimi başımdan səpələdi. Çiynimə qonan, üzümə yapışan, yerə düşən bütün kağızları topladım. Müxtəlif şirkətlərin reklam bildirişlərini səliqə ilə qatlayıb əlimdəki kağız tullantıları olan zibil paketinə qoyduqdan sonra digər əsas bildiriş kağızlarına baxdım. Su 13 manat, işıq 23 manat, qaz 59 manat gəlmişdi. “Kombi”ni çox işlətmədiyimə görə qaz normal idi. Bildirişləri əziz-xələf bir barat kimi pencəyimin içəridən döş cibinə, lap ürəyimin başına qoydum. Şikayətlənməyə bir əsas olmadığına görə vacib sənədlər olan qovuluğumu qoltuğuma vurub, səliqə ilə ayrı-ayrı yığdığım zibil paketlərini götürüb, başımın üzərində olan lövhəyə baxa-baxa, ağzımda dua mənzildən çıxdım. Əlimdəki zibil paketlərini yerə qoyub, seyf qapının bütün qıfıllarını bağladım. Düz 7 dəfə, bəlkə də bir az artıq dəfələrlə silkələyib, əl dəstəyini aşağı-yuxarı edib, yoxladıqdan sonra zibil paketlərinin hərəsini bir əlimə götürüb, getdiyim yerdən asılı olmayaraq, həmişə özümlə götürdüyüm vacib sənədlər qovuluğu da qoltuğumda, bir gözüm qapıda yavaş-yavaş pillələri enməyə başladım… Əlimdəki zibilə baxanda döş cibimdəki bildirişlər yadıma düşdü. Ani olaraq “…zalım uşağı bayram günü də işləyir…” fikri beynimdən gəlib keçdi. Tez də artıq 4 gündür mənzildən çıxmadığımı xatırladıqda əmin olmaq üçün cibimdəki bildirişləri çıxarıb üzərindəki tarixləri gözdən keçirdim, hər üçü 5 noyabr 2021-ci il tarixinə aid idi. Ani olaqraq, – “Əsl bayram hədiyyəsi olub ki…” – fikri eynimdən keçsə də, tezcə bu axmaq düşüncəni başımdan qovaraq, özümü danlaya-danlaya zibil qutularına nə vaxt çatdığımdan xəbərim belə olmadı. Kağızlar olan paketi “radikal” qutuya, plastik qablar olan paketi isə “müxalif” qutuya məxsusi bir əda ilə, səliqəli şəkildə ərməğan edib, məhlədən çıxdım… “MORE” Psixologiya Mərkəzi elə də uzaqda olmadığına görə gəzə-gəzə saat 9:30-da onun yerləşdiyi möhtəşəmliyi ilə məşhur olan şəhərin 1 nömrəli biznes mərkəzi olan “Yasəmən Plaza”nın qarşısında idim. Deyirdilər Xaliq müəllimin obyektidir. Yasəmən də katibəsinin adı imiş. Yasəmən çox fədakar, işini bilən, məsuliyyətli işçi olduğuna görə obyektlərindən birinə onun adını verib… Yasəmənin fədakarlığı, Xaliq müəllimin səxavəti barədə düşünə-düşünə 9:50-yə qədər plazanın yaxınlığındakı parkda gəzişdim. Vaxta 5 dəqiqə qalanda qara rəngli tibbi maskamı pencəyimin üst döş cibindən çıxardıb “taclı günlərimiz” başlayandan bəri ətir əvəzi həmişə özümlə gəzdirdiyim “püskürtmə spirt”dən üstünə bir az püskürdüb taxdım. Sonra 3 manata özüm üçün hazırlatdığım “kovidpasportu”mu əlimdə hazır tutaraq “Yasamən”ə ya sən, ya da mən deyib girişə doğru yönəldim. Burada təmtəraqlı qarşılama mərasimi gözləsəm də, belə bir hal olmadı. Liftin qarşısındakı basabası görüb, 4-cü mərtəbəyə pilləkənlə qalxdım. Düz vaxtında qəbul şöbəsində “piştaxta”da dayanmış xanımın qarşısında “farağat” vəziyyətində dayanmışdım. “Online” qeydiyyatıma baxıb, bəzi məsələləri dəqiqləşdirdikdən, bütün orden və medalların vəsiqələrini bir-bir yoxladıqdan, əvvəllər müayinə və müalicə olunduğum bütün xəstəxanalardan mənə verilən kağız-kuğuzların hamısını eynilə mənim kimi düz 7 dəfə, bəlkə də bir az artıq dəfələrlə silkələyib, ələk-vələk edərək yoxladıqdan sonra birinci tanışlıq görüşü pulsuz olmaq şərtilə qazi olduğuma görə 75% endirimlə 1 seans üçün 150 manat ödəniş etməli olduğumu bildirdi. Düzü, gənc “piştaxtaçı” xanım bu 150 manatı elə işvə-nazla, elə avazla istədi ki, bu haqda artıq söz demək, sadəcə, günah olardı. Kirimişcə, cınqırımı da çıxartmadan sanki, üç dənə 5 qəpikliyi market kassasında xəzinədar xanıma «qəpiklər lazım deyil, qalsın» – deyə qaytarırmış kimi, sonuncu iş günü “bankomat”dan çıxartdığım şax “əllilik”lərdən üçünü “piştaxta”nın üstü ilə xüsusi əda ilə (mənim o vaxtım olmasa da, zabit olmağıma rəğmən bir az da ordudan yeni tərxis olunmuş əsgər havası qarışıq mücərrəd bir ruh halında) xanıma tərəf sürüşdürdüm. Sağ olsun, ab-havanı pozmadan, məxsusi bir nəzakətlə “əllilik”lərin üçünü də sürüşdürüb “piştaxta”nın görünməyən aşağı hissəsinə saldı. Bunu elə etdi ki, düz dörd gün böyük narahatlıqla cüzdanımda saxladığım, dəfələrlə sakitlikdə çıxarıb baxaraq boyunu oxşayıb-əzizlədiyim “əllilik”lərin görünməyən tərəfdə döşməyə düşməsindən narahat olmağa başladım. Fikrim orada qalmışdı ki, xanımın “44-cü otaqda Bənövşə xanım sizi gözləyir, sabahkı görüşün vaxtını özünüz orada təyin edərsiniz…” kal, yoğun, bayaqkı nəvazişdən əsər-əlamət qalmayan quru bir səs məni yenidən “piştaxta”nın qənşərinə qaytardı və anındaca dəhliz boyu addımlamağa vadar etdi… 44-cü otağa çatana qədər “…özünüz orada təyin edərsiniz…”, “…özünüz edərsiniz…”, “…edərsiniz…”, kəlmələri burğu kimi beynimi eşdi… Boynunda bənövşəyi şalı, əynində üzərində ağlı, sarılı nərgiz çiçəkləri olan bənövşəyi donlu dolu, ortaboylu, ortayaşlı, gülərüzlü, xoş rayihəli bir xanım sanki məni gözləyirmiş kimi, mən qapının üzərindəki 44-ü oxuyub aydınlaşdırana qədər qapı üzümə açıldı. Otaqdan dəhlizə xanımın xoş rahiyəsi qarışıq bənövşə qoxusu da yayıldı. Mən içəri keçdim. Xanım qapını örtərək nazlana-nazlana öz kreslosuna keçdi. Otağın divar kağızları da bənövşəyi rəngdə idi. Pərdənin rəngini təyin edə bilmədim bənövşəyidir, yoxsa çəhrayı… Arada açıq göy və ya yaşıl rəngdə gözümə görünürdü… Çox sirli bir aləmə düşmüşdüm. Xanımın xüsusi ahəng və intonasiya ilə danışığı, arada gözünü süzdürüb dediyi sözləri baxışları ilə mənim qulaq və gözlərimə qədər müşayiət etməsi, gözlərimin düz içinə zillənmiş nəzərlərinin burnumun ucundan sürüşüb ağzıma düşməsi məni lap ovsunlamışdı. Mən içəri girəndən xanım xeyli danışsa da, ya heç nə eştmirdim, ya da eşitsəm də mənə çatmırdı. Tamam başqa dünyada idim. Çox keçmədi ki, xanım bunun fərqinə vardı. Yenə nəsə deyə-deyə kreslosundan qalxıb mənə yaxınlaşdı. Əlimdəki kağızlarla maraqlandı. “Piştaxta”çı qızın mənə verdiyi kağızlarla öz sənəd və həkim kağızlarımı, hətta bu günə qədər heç kimə etibar etmədiyim vacib sənədlər qovluğumu da qeyri-iradi ona verdim. Otaqda ondan başqa xanım olmadığına görə indi mənə yəqinlik hasil oldu ki, bu elə Bənövşə xanımım özüdür. Düzü, onu televizordan çox görmüşdüm. Ancaq televizorda gördüyüm xanıma oxşamırdı. Realda daha istiqanlı və mehriban adam təsiri bağışlayırdı. Bəlkə də yaşıd olardıq. Uzaqbaşı 1-2 yaş fərqimiz olardı. Bu arada onu da deyim ki, mənim 45 yaşım var. Bu dəfə kresloda deyil, pəncərənin önündə qoyulmuş divanda oturdu və mənə yanında yer göstərdi: – Buyurun, İlqar bəy. Zəhmət olmasa burada əyləşin. Öz adımı bu gözəl xanımın ağzından belə məlahətli səslə eşitməyim məni lap duyğulandırdı. Kövrəldim. Gözlərim yaşardı. Bənövşə xanım bunun fərqində idi ki, bir daha: – Buyurun, buyurun… Əyləşin. – deyə təkrarladı. Mən də keçib onun yanında oturdum. Yaxşı olmuşdu, üzü qapıya tərəf oturduğumuza görə daha pərdə gözümə dəymirdi. İkimiz də divanda üzü qapıya tərəf oturmuşduq. Divanın qarşısında balaca miz, onun üstündə isə şır-şır su axan balaca şəlalə maketi vardı. Bu maket və xüsusi ilə su səsi məni ciddi narahat etsə də, birtəhər dözürdüm. Necə deyərlər, ödüm ağzıma gəlsə də, dişlərimi qıcayıb birtəhər oturmuşdum. Otaqda işıq yanmırdı. Arada hardansa sanki uzaqdan asta bülbül səsi gəlirdi. Otaq hələ də rəngini aydınlaşdıra bilmədiyim açıq rəngli pərdədən süzülüb gələn işıqla işıqlanmışdı. Bənövşə xanım xüsusi bir əda ilə əyilib mizin altından bir qutu çıxartdı. Qutudan bənövşəyi və çəhrayı rənglərin bir-birinə sarıldığı burğulu üç şam götürüb səliqə ilə şamdana qoydu. Şamdanı mizin üstünə elə qoydu ki, istiqaməti qapı, şəlalə, pəncərə olmaqla sanki ikimizin arasından keçən xəyali bir çəpər-divar, arakəsmə yarandı. Dodaqaltı nəsə zümzümə edə-edə şamları qapıdan bizə tərəf olmaq şərti ilə yandırmağa başladı. Şamların üçü də yandıqdan sonra mizin üstündəki qədimi cürdəyə oxşayan vazanın içindəki “yeni il elektrodlarına” oxşayan çubuqları da bir-bir yandırdı. Arada mənə tərəf çevriləndə xoş rayihəli isti nəfəsini üzümdə və sinəmdə hiss etdikcə bihuş olurdum. Bir yandan şamlar, bir yandan da xüsusi qoxulu çubuqların tüstüsü… Lap nağıllar aləminə düşmüşdüm… Bir-iki dəfə qeyri-iradi: – Təşəkkür edirəm, təşəkkür edirəm, – deyə Bənövşə xanımın eşidə biləcəyi tonda mən də dodaqaltı mızıldadım. Ancaq Bənövşə xanım ya mənim bu canı-dildən, sidqi-ürəkdən gələn təşəkkürnamələrimi qəbul etmədi, ya eşitmədi, ya da hər iki hal baş versə də, o, bunu büruzə vermədi. Düzü, belə gözəl, zövqlü xanımın saymazyanalığı məni bir az mütəəssir etdi… Ancaq mən də bunu büruzə vermədim. Ya elə bu vəziyyətdən çıxmaq, ya da bayaqdan zövq aldığım, indi isə məni sıxmağa başlayan ab-havanı dəyişmək məqsədilə sükutu mən pozdum: – Xanım, bu “MORE” nə deməkdir? Bənövşə xanımın bənövşə ətirli sözünü-söhbətini dinləmək üçün xüsusi iştaha ilə verdiyim suala sualla cavab aldım: – Bəs, sizin öz versiyanız var? – Bənövşə xanım məndən soruşdu. – Yəni mor rəngi. – Xeyr. – Onda qalır “more”, “more” dəniz… – Xeyr. O da deyil. “MORE”, yəni “Mən” “Onu” “Ram” “Etdim”. Bu qədər bəsit və sadə. “MORE Psixologiya Mərkəzi” artıq uzun illərdir ölkəmizdə fəaliyyət göstərir. Azərbaycanın ilk bu yöndə xidmət göstərən mərkəzlərindən biridir. Ölkəmizin bütün iri şəhər və rayonlarında, hətta bəzi iri kəndlərində filiallarımız var. Kollektivimiz peşəkarlardan ibarətdir. Müntəzəm olaraq əməkdaşlarımız televiziya proqramlarına qatılır, bu sahədə xalqımızın maarifləndirilməsi prosesində fəal iştirak edərək, öz töhfələrini verirlər. Yəqin ki, sizin bütün bunlardan xəbəriniz var. – Bəli, bəli, var. – Mən bu sənədlərə əsasən, – əlində və mizin üzərində olan mənim sənədlərimə işarə edərək, – sizin hal-hazırkı vəziyyətinizlə demək olar ki, tanış oldum. Ancaq məsələni həll etmək, durumu düzəltmək üçün bunlar kifayət etməz. Həkim rəylərindən belə məlum olur ki, sizi mütəmadi olaraq, müəyyən məqamlarda narahat edən öymə halları sırf psixoloji problemdir. Yəni bunun fizioloji, bədənsəl olaraq heç bir əsası yoxdur. Bu gün vəziyyət belədir. Ancaq biz bu günə, heç olmasa bu problemin başladığı ilə baş verdiyi ilk hala gəlib çatmalıyıq. Bunun üçün siz lap uşaqlıqdan özünüz haqqında bir az, yaddaqalan əlamətdar hadisələrdən, sizi narahat edən problemlərdən danışsanız işimiz daha asan olar. Siz elə dünyanı xatırladığınız ilk gündən, ilk hadisədən başlayın, ardı öz-özünə yumaq çözümü kimi gələcək. – …Və mən həmin gün evdəkilərlə görüşüb blokumuzdan çıxanda o maşınmı deyim, nasosmu deyim, bilmirəm… Həmin texnika, – biz ona “suçəkən” deyirdik, – blokun girişində yenə işləyirdi. Hələ mən çıxanda pencəyimin qolu da sürtünüb mazuta bulaşmışdı, – qeyri-iradi pencəyimin qoluna baxsam da, sonra xatırladım ki, bu, o pencək deyil, – texnikanın yanındakı işçilərə, uzun illərdir həyatımızı göy əsgiyə düymüş bu problemə biganə qalan hamıya dişimin dibindən çıxanı ucadan desəm də, tırhatırdan çətin ki, kimsə, nəsə eşitdi. Onlar eşitməsələr də, mən işimdə bir rahatlıq tapmış kimi, bir az gümrahlaşıb, qıvraq addımlarla binamızdan ayrıldım… – Bu gün bu qədər kifayətdir. Bənövşə xanımın diktəsi məni o günlərdən ayırdı. İlk olaraq gözümə mizin üstündəki şamlar dəydi. Şamların ikisi, – yanındakılar tamam yanıb qurtarmışdı. Ortadakı şamın göyümsov sarı alovunun uzun dilləri isə son hop-gəllərini vuraraq yellənə-yellənə tamam öləzimişdi və sönmək üzrə idi… Söhbəti xırp kəssəm də, sonra nə edəcəyimi bilmədiyimdən: – Və mən… – Siz indi gedin bir yaxşı dincəlin. Yaxşı olar ki, evə getməmiş bulvara tərəf gedəsiniz. Sonuncu dəfə bulvarda və ya başqa yerdə dənizin sahilində nə vaxt olmusunuz? Su şırıltısını nə vaxt eşitmisiniz? G….? Bənövşə xanımın “Güşşşşş” və ya “Göşşşş” ilə başlamq istədiyi sonuncu cümləsi ağzında qaldı. Mən isə səhər-səhər içdiyim bir qurtum rəngli suyu fontan kimi ağzımdan mizin üzərinə fışqırda-fışqırda öz-özümə düşünürdüm: “…bura qədər yaxşı gəlmişdik, axır ki, zibili çıxdı…”. Mənim “fontanım”ın suyu ilə mizin üstündəki Bənövşə xanımın şəlaləsinin suları bir-birinə qarışmışdı. Düzü, nə edəcəyimi bilmirdim. Ağzım dolu olduğundan, sadəcə, başımla mizin üstündəki şəlalə maketinə davamlı işarə edə-edə qalmışdım… Bənövşə xanım sanki heç nə olmayıbmış kimi: – Əla, əla… Narahat olmayın… Məsələnin əslini öz gözümüzlə də gördük… Heç bir problem yoxdur… Narahat olmayın… – Mən… mən… Ağzımı, burnumu cibimdən çıxartdığım cib dəsmalımla silə-silə bayaqdan bu şəlalənin, – mizin üstündəki maketi göstərərək, – şır-şırına güc-bəla ilə tab gətirib, özümü güclə saxlamışdım. Siz sudan, şır-şırdan danışınca özümü saxlaya bilmədim. Üzürlü sayın… – Eybi yox… Eybi yox, olan işdi… – Ancaq xahiş edirəm sabah bu, – maketə işarə edərək, – “şəlaləni” buraya qoymayın. Olarmı? – Əlbəttə, olar. Olar. Qoymarıq. Deməli belə, siz indi gedin yaxşıca dincəlin. Sabah saat 10:00-da birbaşa bura gələrsiniz. 4-cü mərtəbə, 44-cü otaq, Bənövşə xanım. – Oldu, – deyib yarı islanmış, yarı quru kağız-kuğuzumu mizin üzərindən yığışdırıb, peşman-peşman otaqdan çıxdım… Bu əzəmətli binadan gəldiyim kimi də ayrılmağın dilxorluğu ilə baş-başa nə vaxt öz blokumuzda, öz mənzilimin, 3 qıfıllı dəmir seyf qapısının qarşısına çatıb dayandığımdan heç xəbərim olmadı. Yalnız indi xatırladım ki, evə qayıdanda çörək almalıydım. Məcburən həyətdəki mini marketə düşməli oldum. Bir çörək alıb, çıxmaq istəyirdim ki, satıcı xanımın: “Başqa nə?”- sualı məni yenidən rəflərə baxmağa məcbur etdi: – Bax bir dənə bundan verin. – Başqa? – Bir dənə də bundan. – Sonra? – Bir dənə də bax bundan. – … – … Əlimdə, qolumda yer qalmadığını görən satıcı xanım: – “İstəyirsiniz uşağı çağırım sizə kömək etsin, müəllim? Ya da lap elə özüm indi buranı bağlayıb sizə kömək edərəm. Axı biz qonşuyuq…” – deyə bir az qayğılı, həm də sual dolu baxışlarını üzümə zillədi. – Yox, canım. Nə danışırsınız? Lazım deyil. Çox sağ olun. Budu, buradı. İndi qalxıram yuxarı. Mənə satdıqlarının pulunu ödədikdən sonra mən də məcburi təbəssüm edərək, oradan ayrıldım. Yenidən öz alınmaz qalamın giriş qapısına dayanmışdım ki, qapıda yeni bildiriş qoyduqlarını fərq etdim. Qapıdakı açar yerinə səliqə ilə yerləşdirilmiş bükülü kağızı götürüb açdım. Qırmızı rəngli qələm ilə səliqəli xətlə yazılmış “JEK”-in bildirişi idi: “Xəbərdarlıq! Bu ayın sonuna qədər istismar xərclərini və zibil pulunu ödəməsəniz sizi məhkəməyə verəcəyik”. Qeyri-iradi: – “JEK nədi?” – deyə-deyə kağızı əvvəlcədən büküldüyü kimi mən də səliqə ilə büküb blokun açıq pəncərəsindən çırtma atışı ilə bayıra uçurtdum. Qıfılları bir-bir açdıqdan sonra sonunda nəhayət ki, mənzilə daxil ola bildim. Səmimiliyimə inanın. 18 yaşına qədər kənddə böyümüş, sonra isə demək olar ki, ömrünün çox hissəsini dağda-daşda keçirmş bir adam üçün qapı açıb-bağlamaqdan ta bu “JEK” söhbətlərinə qədər hamısı çox yorucu və olduqca ağrılı məsələdir… Mənzilə daxil olan kimi əlimdəkilər masanın və divanın, əynimdəkilər isə çarpayının üstünə getdi. Yaxşı-yaxşı yuyunub, spirtləndikdən sonra artıq neçə gündən qalma olduğunu unutduğum içərisində su olan çaydanın altını yandırdım. Çaydan fit verənə qədər heç nə düşünmədən mətbəxin pəncərəsindən sakit küçəmizə, balaca parka və bir az aralıda ucalan “Alov Qüllələri”nə nəzər salıb, diqqətimi sonuncunun üzərində cəmlədim. Üzərində artıq iki ildir “Evdə qal!”, “Biz birlikdə güclüyük!”, hərdən dalğalanan üç rəngli bayrağımızı və çox vaxt alov dilləri görməyə adət etdiyimiz bu qüllələr şəhərimizin yeni simvollarından birinə çevrilmişdi. Artıq qüruba doğru yönəlmiş payız günəşinin qırmızıya çalan tünd narıncı rəngi qüllələrin parlaq şüşələrindən əks olunaraq cazibədar mənzərə yaratmışdı. Bu arada Şəhidlər Xiyabanına – Teleqülləyə tərəf olan birinci qüllədə troslarla asılı vəziyyətdə şüşələri silən “alpinistlər” diqqətimi çəkdi. Maraqlıdır, demək olar ki, gün batmağa başlasa da, iş hələ davam edirdi… “Alpinist” sözü ağlıma gələn kimi, “əcaba, bu sözün Alp dağları ilə bir əlaqəsi varmı?” – deyə yeni bir sual beynimə işlədi. Sonra beqəfil Qalaya yalın əllərlə dımaşan əsgərləri xatırladım… Yəqin elə təcrübəsi olan qazilərimizi də belə xüsusi bacarıq tələb olunan yerlərdə işlə təmin edirlər… Qəfil fit səsi bütün fikirləri başımdan qovdu. Fitli caydanı icad edənin atasına rəhmət oxuya-oxuya qazı söndürüb. Özümə artıq səhər-səhər bir dəfə istifadə edib, nəlbəkidə saxladığım “Azarçay” paketindən yeni bir fincan rəngli qaynanmış su hazırlayıb beynimdə “maşAllah olsun lap xoruzquyruğudur, axşam bir dəfə də rəngləmək olar fikri” ilə “Nina bağı”na yollandım… Çayımı udumlaya-udumlaya arada briqadirə ”whatsapp”da yazdım ki, gəlmişəm, evdəyəm. Ancaq həm çox yorğunam, həm də artıq axşamdır, sabah yenə gedəcəm, İnşəAllah, birisi gün işə çıxaram. Sağ olsun, o da yazdı ki, narahat olmayın, öz işinizdə olun… Günü hər gün təkrar olunan öz işlərimlə başa vurub, yerimə uzananda artıq gecə yarıdan keçmişdi… “Redmi”də axşam ibadətlərimi yerinə yetirə-yetirə nə vaxt yuxu tutub, biləmişəm. Bir də oyandım ki, saat 6:30-dur. Adətim üzrə yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayıb bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi düz 7 dəfə, bəlkə də bir az artıq… “Nina bağı” ziyarəti də daxil olmaqla seyvan keyfindən sonra hər evdən çıxanda düz 7 dəfə, bəlkə də bir az artıq təkrar-təkrar qaz, su, işıq yoxlamalarını dəqiqliklə yerinə yetirib, mənzildən çıxdım. Gəzə-gəzə öz-özümlə söhbət edə-edə nə vaxt 44 nömrəli otağın qapısına çatdım, heç özüm də bilmədim. 44-ü görən kimi qeyri-iradi burnuma bənövşənin məxsusi qoxusu gəldi. Yalnız bu anda olub-keçənlərin fərqinə vardım. Dərhal telefonda saata baxdım. Məlum oldu ki, hələ vaxta 5-6 dəqiqə var. Qayıdıb vaxtı gözləmək istəyirdim ki, qapı açıldı… Həmin tanış rayihə, o həlim səs… Bənövşə xanım məni içəri dəvət etdi. Artıq şamdanlı miz bizi dinləməyə hazır idi. Əlavə sual vermədən Bənövşə xanım divanda dünən oturduğu yerdə əyləşərək, mənə də əli ilə yanında yer göstərdi. Yalnız bundan sonra: – “Tam rahat və sərbəst olmaq üçün istəsəniz üst geyimini çıxarda bilərsiniz”, – dedi. – Xeyr, nazik və yüngüldür. Qalsın. – deyə-deyə keçib öz yerimdə əyləşdim… Şamlar yanır, “elektrodlar” tüstüləyirdi. Çox astadan həzin, yuxugətirici çin melodiyası səslənirdi… – Hə, harda qalmışdıq? – Sükutu bu dəfə Bənövşə xanım özü pozdu. Sanki vaxtı boşa verməmək istəyi kimi bir ahəng hiss etdim səsində. – Deməli, “mən həmin gün evdəkilərlə görüşüb blokumuzdan çıxanda o maşınmı deyim, nasosmu deyim, bilmirəm… Həmin texnika, – biz ona “suçəkən” deyirdik, – blokun girişində yenə işləyirdi. Hələ mən çıxanda pencəyimin qolu da sürtünüb mazuta bulaşmışdı…” – Bax orada qalmışdıq.
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<< – Bu məsələni bir az da dəqiqləşdirib, elə ordan davam edək. O nə “suçəkən” maşın idi elə, orda işləyirdi? – Deməli, belə, Bənövşə xanım. Qeyd etdiyim kimi, mənim uşaqlığım kənddə nənəmgildə keçib. Ancaq o vaxtlar da, – “sovet dövrü” tez-tez atamgilə, yəni bu evmizə gəlirdim. Elə yaranandan məndə hər şey tərsinə olub. Uşaqlar yayda dərs bağlananda kəndə nənəsigilə gedəndə, mən əksinə, yayda dərs bağlanan kimi Bakıya atamgilə gəlirdim. Bunu niyə qeyd edirəm? Həmin vaxtlar binamızın, yəni bu binanın, – atamgil yaşayan binanın zirzəmisi qupquru olardı. Çünki uşaq vaxtı yadımdadır ki, ora girməyi nə qədər qadağan etsələr də, maraq güc gələndə bir neçə dəfə uşaqlarla ora girmişdik. Dəmir seyf qapısı olsa da, heç vaxt bağlı olmazdı. Qupquru, tərtəmiz zirzəmi idi. Ancaq 90-lardan sonra artıq bu təmizliyin izi-tozu qalmadı. Əvvəllər su olmasa da… – burada məni yenə quru öymə tutdu… – Ara verin, dincəlin… – deyə Bənövşə xanım mənə əli ilə də sərbəst olma işarəsi verdi. – Narahat olmayın, indi keçib gedəcək… Məşədi İbad demişkən, artıq “bir nöö adətkərdə olmuşam…” – özümü toxdadıb davam etməyə başladım, – deməli, hə, orda qalmışdım axı… İlk vaxtlar quru olsa da, zibil atmağa başladılar. Külək başqa yerlərin zibillərini də gətirib bizim zirzəmiyə yığmağa başladı. Arada-bərədə ya binanın sakinləri, ya süpürgəçilər təmizləyirdilər. Sonra ölkəmizin müxtəlif bölgələrində xidmətdə olarkən məzuniyyələrə və ya qısa müddətdə valideynlərimə baş çəkməyə gələndə artıq zirzəminin su ilə dolmuş gördüm. Ordudan tərxis olunub həmişəlik valideyinlərimin yanına yerləşəndən sonra bizim zirzəmisi su ilə dolu binamıza “Şır-şırlı bina” deyildiyini öyrəndim. Düzdür, mütamadi olaraq həmin o suçəkən maşın tırhatır işlədiyinə görə ətraf binalarda yaşayanlar “Tır-tırlı bina” desələr də, çox adam, ələlxüsus nabələdlərin neçə dəfə ya telefonla, ya da elə-belə “Şır-şır”ın yanındayam və ya “Şır-şır”ın yanına gəl deyə, buranı belə təqdim etdiklərinin şahidi olmuşdum. Hətta binamızın birinci mərtəbəsində “Şır-şır” adlı kafe də vardı. Ancaq bu yumurta-toyuq məsələsi kimi bir şeydir. Bilmirəm, şır-şırdan ilhamlanıb kafenin adını belə qoyublar, yoxsa kafeyə görə bina belə tanınıb… Nəsə, sözüm onda yox, suçəkən maşını elə tırhatır işləyə-işləyə “Şır-şır”ın başında qoyub getdim bu məlum 44 günlük müharibəyə. 26 sentyabr 2020-ci ildə artıq tam hazır vəziyyətdə Tərtər yaxınlığında olan toplanış məntəqələrindən birində nəsə olacağını gözləyirdik. Deməli, mən bu “Şır-şır”lı binamızdan hardasa bir həftə əvvəl ayrılmışdım. Bəlkə də bu tarix lap dəqiqi 20 sentyabr 2020-ci ildir. Yəni bu tarixdə bizim zirzəmini ağzına qədər çirkab su ilə dolu qoyub getmişdim toplanışa… – Quru öymə məni yenidən tutur. – İstəyirsinizsə, bir az dincəlin… – Xeyr. Hər şey öz qaydasındadır. – Üzr istəyirəm, bəs bu qədər çirkab su haradan toplanır oraya? – Bir az da ehtiyatla Bənövşə xanım məndən soruşur. – Elə öz binamızın kanalizasiya suları, kafe və digər iaşə obyektlərindən axan çirkab sular. Hətta deyirdilər, qonşu binanın da murdar suları ora axır… – Məni əməlli-başlı öymə tutur, məcbur olub ayağa qalxmalı oluram. – Siz çıxın 10 dəqiqə dəhlizin sonundakı açıq eyvanda havanızı dəyişin, mən də həm şamları, həm də otağın havasını dəyişim. – Oldu. Dəhlizlə sağ tərəfə gedim, eləmi? – Bəli. Elə gəldiyiniz tərəfə düz, sona qədər. Deyilən eyvana çıxsam da, siqaret çəkənlərin ucbatından bir udum təmiz hava ala bilmədim. Zalım uşağı bina tikənlər də o boyda binaya 1×1 balaca bir eyvan qoyublar. İki nəfər eyni vaxtda dayansa gərək bir-birinin ağzınının içinə girsin… Nəsə, qayıtdım yenə 44-ə. İçəri girən kimi də Bənövşə xanım heç otrmamış işarə etdi ki, davam edə bilərəm. – Bəli, buyurun. Davam edin. Sərbəst olun. – Hə. Deməli, artıq əks-hücum əməliyyatları başlamışdı. Təxminən 5-6 gündən sonra bizim bölməni digər cəbəhəyə, – Füzuli istiqamətinə göndərdilər. Müharibədəki qalan günlərimi düz Xankəndinə, yəni Şuşaya qədər o istiqamətdə keçirdim. – Döyüşlər barədə daha ətraflı danışa bilərsinizmi? – Düzü, vallah, tam səmimi danışmağa elə bir şey yoxdur. İşdə müharibə. Yanında dostlar-tanışlar ölür, yaralanır… Cürbəcür müxtəlif hadisələr… Bir onu deyə bilərəm ki, sanki heç nə hiss etmirsən. Baş verənlərin sənə heç bir aidiyyəti yoxdur. Ölümdür, o da nə vaxt gələr, gəlsin… Təxmini bax belə bir ab-havanın içərisində olur insan. Yəni daha dəqiqi mən döyüşlər başlayandan 2-3 gün sonradan bitənə qədər, bəlkə elə indi də beləyəm… – Aydındır. Bəs sonra? – bu sual lap məhlədəki mini marketin qadın satıcısının sualına oxşadığından ani olaraq üzümə təbəssüm qondu. Bənövşə xanım da bunu hiss etmiş olmalı ki: – Niyə gülürsünüz? Nəyi xatırladınız? Nə yadınıza düşdü? – məni sual atəşinə tutdu. – Heç… – Siz necə düşünürsünüz, orda nə baş verib ki, sizə belə təsir edir? Döyüşlər vaxtı heç yaralanmısınız? – Bir neçə dəfə yüngül yaralanmışam. İndi də bədənimdə, onurğamda qəlpə var. Ancaq bu ötən bir il ərzində həm burada, həm də Türkiyədə yoxlamadan keçmişəm. Bu işin onlarla heç bir əlaqəsi yoxdur. Həkim kağızlarını da sizə verdim, baxdınız. – Bəli, sənədlərə əsasən bu belədir. Bəs yaxşı, bu öymələr siz döyüşdə olanda da baş verirdi? – Xeyr. – Bəs bu hal ilk dəfə nə vaxt baş verdi? – Müharibədən sonra müalicə aldığım hospitaldan çıxıb evimizə gələn birinci günün axşamı. – Bu necə baş verdi? – Hə. Deməli, belə. Mən elə həyətimizə girən kimi gözlərimə inana bilmədim. Şır-şırdan, tır-tırdan əsər əlamət qalmamışdı. Binanın başındakı “Şır-şır kafe” dən əlavə. Həmişə “Tır-tır” maşın dayanan binanın giriş qapısı olan yan tərəfdə də “Şır-şır” yazılmış su damcısı işarəli böyük mavi rəngli plakat və onun altından zirzəmiyə giriş var idi. Mən gələndə axşam olduğuna görə qırmızı yazılı kafe açıq olsa da, mavi yazılı bağlı qapılı yerin nə olduğnu anlaya bilmədim. Yaxınlıqda üstünə su damcısı işarəli mavi rəngli “Şır-şır” yazılmış avtomobillər də diqqətimi çəkdi. Ancaq düzünə qalsa, zirzəminin tam qurudularaq istifadə olunması, həyətimizin belə abadlaşdırılması məni çox sevindirdi. Bu ilk müsbət təəssürtaların təsiri altında 4-cü mərtəbəyə nə vaxt qalxdığımı, evə necə girdiyimi heç indi də xatırlamıram. Evdəkilər gəlişimi gözləsələr də, çox sevindilər. Axşam hospitaldan buraxılacağımı bildiklərinə görə günortadan süfrə açıb məni gözləyirmişlər. Mən də içəri girən kimi əynimi dəyişib, yuyunub otrdum süfrəyə. Televizor da həmişəki kimi açıq idi. Arada oğlumun suallarına cavab verə-verə televizora baxır, süfrədə olanlardan məşğulat edirdim. Qəfil ekranda mavi rəngli su damcısı şəklindəki “Şır-şır” yazılı su daşıyan avtomobili reklam çarxında görən kimi ani olaraq bu mənzərə tanış gəldi və məni ilk dəfə öymə tutdu. Vanna otağına qaçmağa məcbur oldum. Anam da tibb işçisi olduğuna və bir neçə dəfə yaralandığımı, hələ Birinci Qarbağ müharibəsindən kontuziyalı olduğumu bildiyinə görə o saat sorğu-suala tutub, bərk yıxılıb-yıxılmadığımı, başımın əzilib-əzilmədiyini öyrənməyə çalışıdı. Bütün sualların sonunda da bax belə deyirdi: – “ta yekə oğlansan, düzünü de…” – Bəs siz nə cavab verirdiniz? – Nə deyəcəm? Olanı. Neçə dəfə yanıma mərmi düşüb partlamışdı. Bir dəfə kabinəsində olduğum “Kamaz” özü də mən oturduğum tərəfdən minaya düşüb. Başım-beynim o qədər silkələnib ki… Səhəri günü yeni halla bağlı, yeni şikayətlə hospitala, sonra da başqa bir özəl klinikaya yoxlanmağa getdik. – Hospitaldan sonra özələ getməyə nə ehtiyac var idi? – Düzü, mənə qalsa, ehtiyac yox idi. Ancaq anam dedi ki, bunlar çox soyuq münasibət göstərdilər. Hər şey də başdan getdi… Belə olmaz, dəqiq yoxlanmalısan. Sonucda həkimlər də, aparatlar da anam deyəni təsdiqlədi. Hamı bir fikrə gəldi ki, bu öymə kəllə-beyin silkələnməsinin nəticəsidir. Yazdılar, pozdular. Evə gələndə də bütün yazılan bahalı-bahalı iynə-dərmanların hamısını alıb gəldik. O gündən düz bir ildir müalicə olunsam da, xeyri olmayıb. – Bayaq bir söz dediniz. Dediniz ki, ilk dəfə ekranda “Şır-şır” yazılı maşını görəndə bu sizə tanış gəldi. İndi xatırlaya bilirsinizmi, ilk dəfə “Şır-şır” yazılan su maşınını harada görmüşdünüz? – Bəli. İlk dəfə üzərində “Şır-şır” yazılan su maşını biz Xocavənddə olanda su gətirmşdi. Sağ olsunlar, hələ onlar üzərində belə yazılmış səyyar hamamları da var idi. Bir dəfə o hamamda da ləzzətlə çimmişəm. Bilirsiniz, insanlar bəzən çox naşükür olurlar. Heç nəyin qədir-qiymətini bilmirlər. Müharibə başlayandan bir aydan artıq idi çimmirdik. Düzü, heç çox vaxt içməyə, əl-üzümüzü yumağa su tapmırdıq. O ki qaldı çimmək ola. Paltarlarımız da dəfələrlə yağış zamanı əynimizdə islanıb, qurumuşdu. Belə bir vaxtda biz Xocavənddə olanda bu səyyar hamam maşını gəldi. Təsadüfən bizim bölmə bir gün orada dincələcəkdi. Biz də yaxşıca çimib dincəldik. O gün heç vaxt yadımdan çıxmaz… – Deməli, “Şır-şır” yazılı ilk su maşınını Xocavənddə görmüşdünüz, sonra ekranda görüncə həyətdəki avtomobilləri, eyni yazılı ofisi xatırlayıb öyməyə başlamısınız. – Bəli. Təxmini, bəlkə də ən dəqiqi vəziyyət belədir. – İndi yenə həmin binada yaşayırsınız? – Xeyr. Türkiyədə xəstəxanada müayinə qabağı söhbət etdiyim psixoloqun tövsiyəsi ilə Azərbaycana qayıdan kimi valideynlərim orada qalsalar da, mən öz ailəmlə birlikdə yeni mənzilə köçmüşəm. – Bax, bu, yaxşı haldır. Sizə də qazilərə verilən mənzillərdən veriblər? – Xeyr. Əvvəldən belə bir fikrimiz, yəni hazırlığımız var idi. İş belə olunca valideynlərimiz də kömək etdi, tez bir ev alıb köçdük. Ancaq evi yaxın bir qohumun adına almışıq. Adım qazi kimi siyahıda var. Növbəm çatanda mənə də ev verəcəklər. – Ailədə neçə nəfərsiniz? – 6 nəfər. Həyat yoldaşım, 2 oğlum, 2 qızım. – Harda işləyirsiniz, peşəniz nədi? – Hal-hazırda icra hakimiyyətində işləyirəm. – Nə işə baxırsınız? – Vallah, bir ixtisasım hərbçidir. Peşəkar zabitəm. İkinci ixtisasım da tarix müəllimi. Amma, hal-hazırda bağban işləyirəm. – Çox gözəl. Bəs nə yaxşı belə alınb? – Hə. Bu da uzun məsələdir. Deməli, ordudan tərxis olunan ili Bakı Təhsil İdarəsinin Bakı məktəblərində boş olan “Hərbi rəhbər” vəzifələrinə keçirdiyi işə qəbul imtahanlarında iştirak etdim. 40 mümkün baldan 39 bal toplamışdım. Bu test-imtahandan əlavə, bir neçə mərhələdən də keçdik. Yadımdadır ki, hələ bu 40-dan 39 məsələsinə görə müsahibə mərhələsində məni əməlli-başlı sıxma-boğmaya salmışdılar ki, birdən nəsə hətərən-pətərən söhbət olar. Gördülər yox, hər şey normaldır. Necə deyərlər, anadangəlmə “oxuyan uşağam”, növbəti -vakansiya seçimi mərhələsinə buraxdılar. Yer seçdim, düşdüm 45 nömrəli məktəbə. Bakı Təhsil İdarəsinin göndərişi ilə getdim ora. Məktəbin direktoru xanım idi. Yazıq bir sevinirdi ki… 5-10 dəqiqə yanında oldum. Bəlkə 10 dəfə soruşdu ki, mənə kömək edəcəksinizmi? Məktəbə kişi müəllim gəlməsinə çox sevinirdi. Prosedur gərəyi bu məsələ rayon səfərbərlik idarəsi ilə də razılaşdırılmalı idi. Məktəbin direktoru rayon səfərbərlik idarəsinə müraciət yazıb verdi, getdim ora. Deməli, mən içəri girəndə kim ki, məni, – sənədi, – qəbul edəcəkdi, artıq mobil telefonla danışırdı. Eşitdiyimi, onun ağzından çıxan kimi sizə çatdırıram: – “…Ayə, narahat olma. Bakı Təhsil məndən xəbərsiz imtahan keçirdib göndərib onları. Təkcə sənin yerinə deyil, bütün məktəblərə göndəriblər. Boş şeydi. Ürəyini buz kimi saxla. Mən dabro verməsəm, onlar nə karədir… İstəyirlər lap 100 adam göndərsinlər. Sən başını sal aşağı, işinlə məşğul ol…” – nəsə, gözlədim danışdı qurtardı. Gəlişimin səbəbini deyəndən sonra məlum oldu ki, mən elə bu adamın yanına gəlmişəm. Sənədlərimə və məktəb direktorunun yazdığı müraciətə baxdı. Dedi ki, müraciət düzgün formada yazılmayıb. Nəsə, düz 3 dəfə mən o müraciəti dəyişmək məcburiyyətində qaldım. Sağ olsun məktəb direktoru, etiraz etmədən 3 dəfə müraciəti yenidən yazdırıb, möhürlədi… Ancaq sonuc olaraq, mən o məktəbdə işləyəsi olmadım. – Bəs nə yaxşı tarix müəllimi işləmirsiniz? – Elə bilirsiniz onu yoxlamamışam? Onu da düz 3 dəfə yoxlamışam. MİQ-dəki rəngli kağız əməliyyatları, vaxt və suallarla manipulyasiyalar… Nəsə, sonuncu dəfə 60-dan 46 bal toplamışdım. Əslində bu ikinci ixtisası almaqda məqsədim ən ucqar dağ kəndlərinin birində müəllim işləmək olub. Elə ona görə də səfərbərlik idarəsinin mənə öz xətti ilə yazıb verdiyi şəxsi mobil nömrəsinə zəng etmədim. Çünki Bakıdansa rayonların birində ucqar kənddə müəllim işləmək mənə daha maraqlı, cazibədar və eyni zamnda faydalı görünürdü. İki tur başa çatdıqdan sonra yenə vakant yerlərdən heç birinə düşə bilmədim. Maraqlıdır ki, artıq adını əzbər bildiyim dağ kəndləri var idi ki, hər dəfə seçimlərdən sonra oranı seçsəm də, nə mən o məktəbə düşürdüm, nə də o yer dolurdu. Yer vakant, mən isə işsiz qalırdım. Belə günlərin birində elan gördüm ki, Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Kamalzadə namizədləri qəbul edir. Mən də elektron qaydada qəbula yazıldım. Sağ olsun, qeyd olunan vaxtda qəbuluna düşə bildim. Bu sualı eynilə ona verdim ki, necə olur, hər seçimdən sonra belə yerlər boş qalır, biz də işsiz? O, sadəcə, çiynini çəkib, masanın üzərindəki kompüterə işarə etdi və dedi: – “Bizlik bir şey yoxdur”. Mən bir az da irəli gedib bildirdim ki, bəlkə istisna hallar kimi mənim üçün nəsə etmək olar, Bakı istəmirəm ki, hər il, hər dəfə boş qalan və ya gənc qızların bir illik tutub getmədikləri ucqar bir dağ kəndində ömrümün sonuna qədər müəllim işləmək istəyirəm. Cavab isə qəti olaraq belə oldu: – “Biz siz deyən kimi eksklüziv heç nə edə bilmərik…”. Və mən bu görüşdən sonra MİQ imtahanlarında iştirak etmədim. Sonra da müharibə başladı. Yenidən ordu. Yenidən hospital. Və görürsünüz ki, indi də sizin qəbulunuzdayam.
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<< – Bəs, bu bağbanlıq nə məsələdir? – Hospitaldan çıxandan sonra bir neçə dəfə çağırıb yoxladılar. Və son qərar belə oldu ki, heç bir əlillik dərəcəsindən söhbət gedə bilməz. Bu yaralar hamısı yüngül yaradır. Onurğada və bədənimin digər yerlərində qalan qəlpələr də elə-belə, ziyansız müharibə yadigarlarıdır. Zamanla onları da çıxartmaq olar. Kənardan baxanda, bir də bu şoğərib televizorda həyat tamam başqa cür görünür. Ona görə də real həyatda olanlarla heç kim barışmaq istəmir. Məsələn, bax mənim artıq bir ildir əziyyət çəkdiyim bu öymənin heç bir adı yoxdur. İstər kəllə-beyin travması kimi, istərsə də indi siz, sizdən əvvəl də türk həkim-psixoloqların araşdırdığı hal kimi. Halbuki gecəm-gündüzüm yoxdur. Bir də ki, indi nəinki hər adama əlillik təyin etmirlər, hətta Birinci Qarabağ müharibəsi iştirakçılarından çoxunun təqaüdlərini kəsiblər. Məsələn, nə qəzetdən oxumursunuz, nə kitabdan. Real mənim iki sinif yoldaşım olan şəxsən tanıdığım Birinci Qarabağ müharibəsi iştirakçısının 25 ildən artıq zaman ərzində aldıqları təqaüdləri kəsiblər. Halbuki onlar hələ o zaman ağır yaralar aldığına görə müharibə getdiyi zaman ordudan tərxis olunmuşdular. Və elə o vaxtdan da onlara təqaüd təyin olunmuşdu. Bunları dəqiq bildiyim üçün sizə dedim. Yeni mənzil almaq, davamlı müayinə və müalicələr, bunların hamısı pul tələb edir. Əldə-ovucda nə var idi hamısı getdi. Əslində mənim heç işləmək fikrim yox idi. Mən DOST mərkəzinə sosial müavinət almaq üçün məsləhət almağa getmişdim. Oradakı dostlardan biri hərtərfli məni sorğu-sual edəndən, səndədlərimlə tanış olandan sonra başa saldı ki, əmi, mütləq yarımştat da olsa, işləmək lazımdır. Dedim ki, ta işim olandan sonra yardımı neynirəm ki, elə maaşımla başımı aşağı salıb birtəhər dolanaram. Mənə nə desə yaxşıdı? Dedi ki, əmi, uşaqlar çox balaca olsa idi, həyat yoldaşınız işlədiyinə görə siz işsiz olsanız da, sosial müavinət ala bilərdiniz, ancaq indi uşaqlar böyükdür. Siz sosial müavinət almaq üçün gərək adınıza bir iş olsun. Mənim də matım-mutum qurudu, qaldım belə. Sağ olsun, uşaq elə şirin-şirin danışdı ki, heç nə deyə bilmədim. Elə onun məsləhəti, – göndərişi, – ilə getdim icra hakimiyyətinə. Orda da, sağ olsunlar, elə həmin gün qazi olduğuma görə məni işlə təmin etdilər. İndi 270 manat oradan maaş alıram, təxminən bir o qədər də sosial müavinət, üstəgəl, müharibə veteranı olduğuma görə 80 manat da Prezident Təqaüdü alıram. Hayat yoldaşım da elə bunların cəmi qədər maaş alır. Min şükür, dolanırıq. Bax belə. Başqa nəyin aidiyyəti ola bilər, sizcə, bu “ÖYMƏ” məsələsinə? – … – Hə. Bənövşə xanım nə düşünürsünüz? – Məncə, bütün məsələnin kökü indi o sizin valideynlərin yaşadığı binanın zirzəmisindəki “Şır-şır”dadır. Ancaq biz bu məsələni belə bir-iki görüşdə həll edə bilməyəcəyik. Və onu da əlavə edim ki, sizin də yeni ödənişlər etməyinizi heç istəmirəm. Əksinə, bax sizin ödənişinizdən mənə çatan bu 75 manatı da sizə qaytarıram. Artıq heç bir söz və təklif qəbul etmək istəmirəm. Və bu da mənim ”whatsapp” nömrəm, – deyə əlindəki kağız parçasını mənə uzadaraq davam elədi, – hər gün 20:00-23:00 arası istədiyiniz vaxt görüntülü yığıb mənimlə söhbət edə, məsləhətləşə bilərsiniz. Əgər bunların heç birini etməsəniz də, nəticə barədə məni mütləq xəbərdar edərsiniz. Ancaq bir məsələni özüm üçün dəqiqləşdirmək istəyirəm. Siz heç olmasa bir dəfə o ofisə daxil olub, maraqlanmısınızmı görüm bunlar burada nə işlə məşğuldurlar? Nə edirlər? Bəlkə onların heç bu məsələyə aidiyyəti yoxdur? – Oldu! – Bənövşə xanımın bu səmimiyyəti və comərdliyi qarşısında əlavə heç nə deyə bilmədim. Pulu və kağızı alıb ürəyimin başına, – içəridən döş cibimə, – qoydum. Yalnız indi şamların artıq çoxdan söndüyünü fərq etdim. Çevrilib pəncərəyə baxdım. Hava qaralmaq üzrə idi… Bənövşə xanım da bunun fərqinə varmış olmalı ki, mizin üstündəki “basma qələm”lərdən birini götürüb düyməsini basan kimi divarlardakı lampalar yandı. Şamlar yanmasa da, otaqda olan ab-hava demək olar ki, dəyişməmişdi. Söhbətdə yaranmış bu qısa fasilədən sonra mən davam etməyə başladım: – Bilirsiniz, Bənövşə xanım, əlbəttə, mən orada olmuşam. Bir yox, bir neçə dəfə olmuşam. Onlar binanın altında yerləşən bütöv zirzəmini ortadan bölüblər. Orada özlərinə ofis və ambar yaradıblar. Ofis və ambar olan hissəni yaxşı təmir ediblər. İçəri girəndə zirzəminin əvvəlki halından xəbərsiz olan adamın heç ağlına da gəlməz ki, bu divarın arxasında necə çirkab su ola bilər. Ambarın çirkabla arakəsmə divarında çoxlu sayda su krantları var. Düşünə bilirsiniz? O krantlardan gələn su ilə üzərinə “Şır-şır, kəhriz suyu yazılmış 25 L” plasmas su qabların doldurub, təmiz su adı ilə müxtəlif təşkilatlara, ofislərə, mənzillərə xidmət göstərirlər. Mən neçə dəfə ciddi maraqlanmışam. Deyirlər ki, bütün sənədlərimiz var, məhsulumuz laboratoriyalardan keçib, bu krantlar olan divarın arxasında xüsusi su təmizləyici, suyu insan orqanizmi üçün vacib mikroelementlərlə zənginləşdirən, ionlaşdıran, yodlaşdıran, nə bilim nə edən çoxfunksiyalı filtirlərimiz var. Hər axşam maşınlarla boş su qabları gəlir. 24 saat fasiləsiz içəridə qablar doldurulur. Gün ərzində də səhər saat 9:00-dan axşam saat 18:00-a kimi istirahət günü də daxil olmaqla, hər gün müştərilərə çatdırılır. İnternetdə, televizorda, hər yerdə də reklamları gedir. Yazıq camaat nə bilsin ki, bu kəhriz hansı binanın zirzəmisində qaynayır? İnanın, tam səmimi deyirəm, həyəti elə gözəl təmir ediblər. Ofisləri elə təmiz, elə səliqəlidir ki, məhləyə birinci dəfə gələn adama mənim indi sizə danışdıqlarımı heç cür inandırmaq olmaz. İlk əvvəl mən köçüb bu bəladan canımı qurtarmaq istədim. Fikirləşdim ki, görməsəm, yadıma düşməz, rahat olaram. Ancaq belə olmadı. Hər Xocavənd yadıma düşəndə, hər onların reklamını, ya maşınlarını şəhərdə görəndə özümü saxlaya bilmirəm. 85 kiloluq adam əriyib qalmışam 53 kilo. Tez-tez xəbərlərdə görürük ki, nəzarətçilər qanunsuz su xətlərinə qoşulmuş kafelərin, “moyka”ların su xətlərini kəsirlər, sahibkarları cərimələyirlər. Bina sakinləri neçə dəfə şikayət ediblər. Nəzarətçilər gəlib yoxlayıb gedirlər. Qeyri-qanuni qoşulma yoxdur deyirlər. Şirkətin də bütün sənədləri qaydasıda. İşçilərin maaşını, dövlətin vergisin vaxtında verir. Hələ üstəlik, xeyriyyəçilklə də məşğuldur. Müharibə vaxtı cəbhəyə nə qədər təmənnasız yardım edib. Hərbi hissə komandirlərindən, hətta bu yaxınlarada şanlı Zəfərimizin ildönümü ilə əlaqədar şəxsən Müdafiə Nazirindən fəxri fərman alıb. Adamın üstündə Allah var, həyəti yaxşı abadlaşdırıblar. 30 ilə yaxın qurumayan zirzəmini çirkab sudan, zir-zibildən təmizləyib qurudublar. Ən azı 50-60 adama çörək veriblər. Xub. Çox sağ olsunlar. Ancaq bir bunlara deyən, onlardan soruşan yoxdur ki, a balam, bu boş su qabları hər gecə maşın-maşın gəlir bura, bütün gün boyu da dolu-dolu daşınır, bəs, bu kəhriz şəhərin mərkəzində hardan qaynayır? Bir sözlə, çox müşkül işə düşmüşük. Bilirsiniz, mənim bu məsələmdən xəbərdar olandan sonra nə şayiə buraxıblar?
ZAUR USTACIN HEKAYƏLƏR KİTABI – “BB” – Çox maraqlıdır. – Deyirlər ki, İlqar qarnıqurdludu, öymə ondandır. Hətta mənim qurddan təmizlənməm üçün müalicə xərclərini də öz üzərlərinə götürüblər… Bax, son vəziyyət belədir, Bənövşə xanım. Bizimki qalıb Allaha… O Böyük Allah özü bizə kömək oslun… Son. 29.11.2021. Bakı .
Ünsiyyət mədəniyyətinin formalaşmasında müəllimin rolu İnsanın sosiallaşması onun ünsiyyət mədəniyyətinin formalaşması, ünsiyyət təcrübəsinə yiyələnməsi ilə sıx bağlıdır. İnsan cəmiyyətdə yaşayıb fəaliyyət göstərməsi üçün adamlarla, sosial qruplarla ünsiyyətə girməyi, lazımi informasiya mübadiləsi aparmağı və onlara təsir etməyi bacarmalıdır. Bunsuz hər hansı bir sahədə fəaliyyət göstərmək, özünü ifadə və təsdiq etmək mümkün deyildir. Bu baxımdan düzgün ünsiyyət qurmaq bacarığı şəxsiyyətin sosiallaşmasının mühüm tərkib hissəsini təşkil edir. Ünsiyyət dedikdə, insanların informasiya mübadiləsi, qarşılıqlı təsiri və bir-birini qavraması prosesi başa düşülür. O, əsas sosial tələbatlardan biri olmaqla şəxsiyyətin inkişafı və formalaşmasının vacib şərtini təşkil edir. Müasir psixoloji-pedaqoji ədəbiyyatda ünsiyyətin 3 tərəfi fərqləndirilir. Ünsiyyətin kommunikativ funksiyası – informasiyaların alınması, çatdırılması və mübadiləsindən ibarətdir. Bu yolla insanlar təsəvvürləri, fikirləri, ideyaları, hissləri ilə bölüşür, başqa adamları dinləməyə, başa düşməyə və inandırmağa çalışırlar. Ünsiyyətin interaktiv funksiyası-insanların qarşılıqlı təsiri olub, tərəf-müqabilinə adekvat təsir göstərməkdən ibarətdir. O, ünsiyyətin nüvəsini təşkil edir. Ünsiyyətin perspektiv funksiyası-insanların bir-birini qavraması, anlaması və öz şəxsiyyətlərini ifadə etməsi ilə bağlıdır. Ünsiyyətin qeyd edilən funksiyaları bir-birilə sıx bağlıdır və vəhdətdə həyata keçirilməlidir. Bəzən məktəbdə ünsiyyətin ancaq bir funksiyasına-informasiya vermək funksiyasına daha çox önəm verilir, digər iki funskiya diqqətdən yayınır. Bu halda müəyyən informasiya verilsə də, müəllim-şagird münasibətləri, bir-birini anlaması kommunikativ tərəf interaktiv tərəf perspektiv tərəf təmin edilmir. Nəticədə, münasibətlərdə çətinliklər yaranır. Ünsiyyətin formaları – Ünsiyyətin səmərəsi onun forma və üslublarının düzgün seçilib tətbiq edilməsi ilə sıx bağlıdır. Ünsiyyətin iki başlıca forması ayırd edilir: Formal ünsiyyət rəsmi qaydalarla, normalarla tənzim olunur; müəllim-şagird münasibətləri rəsmi münasibətlərdir. Qeyri-formal ünsiyyət rəsmi qaydalarla müəyyən olunmur, şəxsi xarakter daşıyır, simpatiya və antipatiyaya əsaslanır. Qeyri-formal ünsiyyət insanların münasibətinə, kollektivin fəaliyyətinə təsir göstərir. Lakin qeyri-formal ünsiyyətdə müəyyən hədd psixoloji məsafə, “pedaqoji pərdə” gözlənməli, belə ünsiyyət rəsmi vəzifələrin yerinə yetirilməsinə mane olmamalıdır. Göstərilən ünsiyyət formalarının heç birini universallaşdırmaq olmaz. Ancaq formal ünsiyyətə əsaslanmaq formalizmə, münasibətdə soyuqluğa gətirib çıxara bilər. Eləcə də qeyri-formal ünsiyyətə əsaslanmaq da anarxiyaya və müəllim-şagird arasında “pərdə”nin götürülməsinə gətirib çıxarar. Buna görə də, hər iki ünsiyyət formasını düzgün əlaqələndirmək və şəraitdən, situasiyadan asılı olaraq tətbiq etmək lazımdır.Ünsiyyət üslubu dedikdə, ünsiyyət fəaliyyətində fərdi xüsusiyyətlərin məcmusu başa düşülür. Üç əsas ünsiyyət üslubu fərqləndirilir: Avtoritar üslub-inzibati-amirlik üslubudur. O, nüfuza və tabeçiliyə əsaslanır. Onun əsas vasitələri əmr, tələb, qadağan, qışqırıq və cəzadır. Bu üslubda müəllim formal qeyri-formal avtoritar demokratik liberal şagirdə obyekt kimi, “yuxarıdan aşağı” baxır, hər xırda şeyə sərt reaksiya verir, bəzən isə təhqirə əl atır. Bu halda şagird zahirən itaət göstərsə də, daxilən narazı qalır, müəllimə soyuq münasibət (bəzən kin) bəsləyir, yeri gəldikdə itaətsizlik göstərir. Belə üslub ünsiyyəti çətinləşdirir, əsəbilik, inamsızlıq, qeyri-sağlam psixoloji mühit yaradır, münaqişələrə yol açır. Demokratik üslub-əməkdaşlığa əsaslanan üslubdur. O, qarşılıqlı hörmət, humanizm, bərabərlik, ədalət üzərində qurulur. İnsana fəaliyyətin subyekti kimi baxılır; onun rəyi, tələbat və maraqları nəzərə alınır, təşəbbüs və fəallığına geniş yer verilir. Demokratik üslubun əsas vasitələrini inandırma, xahiş, məsləhət təşkil edir. Bu üslub normal ünsiyyət qurmağa, sağlam mənəvi-psixoloji mühit yaratmağa, insanın şəxsi ləyaqət hissini qorumağa, nüfuzunu yüksəltməyə imkan verir. Liberal üslub-ünsiyyətdə səhlənkarlığa, laqeydliyə əsaslanır: tərbiyəçi heç nəyə qarışmır, məsələlərə formal yanaşır, məsuliyyətdən kənar olmağa çalışır. Bu isə normal ünsiyyətə və bütövlükdə işin keyfiyyətinə mənfi təsir göstərir. Ünsiyyət üslublarının müxtəlif təzahür formaları-fərdi ünsiyyət üslubları müşahidə olunur. Onlardan əsaslarını qeyd edək: a) birgə yaradıcı fəaliyyət üslubu; b) dostcasına ünsiyyət üslubu; c) ünsiyyət-qorxu üslubu; d) ünsiyyət-məsafə üslubu e) ünsiyyət-ələalma üslubu və s. Müəllim-şagird münasibətləri və onların humanistləşdirilməsi. Məlum olduğu kimi, müasir dövrümüzdə müəllimin ənənəvi fəaliyyətində dəyişikliklər baş verib. İndi onun mövqeyi bələdçi (fasilitator), aparıcı (istiqamət verən) bir mövqedir. Əslində bu, müəllim liderliyinin yeni tipidir. Bu liderlik müəllimlə şagirdin təhsilin məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır. Müəllim sistemli, ardıcıl və məqsədyönlü şəkildə əməkdaşlıq edir: problemli vəziyyəti təşkil edir, tədqiqat məqsədlərinin qoyulmasında şagirdlərə istiqamət verir, bunların həllində metodik kömək göstərir, biliklərin əldə edilməsi və mənimsənilməsi yollarını öyrədir. Şagird isə müəllimin istiqamətinə əsasən fəaliyyət göstərir. O, fəaliyyətə məcbur olunmur, sadəcə təhrik edilir. Onun mövqeyi kəşf edən, tədqiqatçı xarakteri daşıyır. Ona görə də müəllimin istiqaməti üzrə kiçik tədqiqatlara qoşulur, araşdırmalar aparır, konkret nəticələrə gəlir. Şagird gəldiyi nəticələrini qiymətləndirməklə bir daha ona əmin olur. İstər müəllimin, istərsə də şagirdin fəaliyyəti subyektlərin fəaliyyəti kimi əməkdaşlıq xarakteri daşıyır. Bu münasibətlər müasir təhsili, məktəbi xarakterizə edən, onun humanist keyfiyyətini üzə çıxaran əsas əlamətdir. Müəllim-şagird münasibətlərinin humanistləşdirilməsi müasir dövrdə əhəmiyyətə malikdir. Məktəblərdə illər boyu bərqərar olmuş ənənəvi “müəllim-şagird” münasibətlərinin bir çoxu müasir şəraitdə artıq öz əhəmiyyətini itirmişdir. Ənənəvi “müəllim-şagird” münasibətlərində şagird bütün yaş dövrlərində təkcə uşaq sayılmırdı. Həm də ona çox vaxt sadəcə olaraq təlim prosesinin obyekti kimi yanaşırdılar, avtoritar tərbiyə üsullarından, bu və ya digər məqsədə nail olmaq üçün müxtəlif “təzyiq vasitələrindən” istifadə edirdilər. Müəllim-şagird münasibətlərinin əsasında humanist prinsipin tələbləri dayanır. Onlar təlim prosesinin psixopedaqoji əsası kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın görkəmli psixoloqu, mərhum professor Əbdül Əlizadə bu məsələdən bəhs edərkən həm şəxsiyyət, həm də dialoji mədəniyyətin tələbləri barədə belə qənaətə gəlmişdir: “Obyekt mahiyyətcə şəxsiyyət deyil, insan deyil. İnsan ancaq subyekt kimi, şəxsiyyət kimi dialoqa girə bilər. Bu o deməkdir ki, dialoq məkanına daxil olmaq üçün: * insan münasibətləri mənəvi ölçülərə söykənməlidir; adamlar bir-birini şəxsiyyət kimi qavramalıdırlar; dialoq birgə əməkdaşlıq, birgə yaradıcılıq aləmi olmalıdır”. Bu gün bərqərar olmuş yenii pedaqoji təfəkkür baxımından isə şagird təlim prosesinin sadəcə olaraq obyekti deyil, eləcə də subyektidir. Əməkdaşlıq pedaqogikasının nailiyyətləri göstərir ki, dərsdə əsl yaradıcılıq münasibətlərinin səmərəli inkişafı üçün əlverişli şərait yaranır. Müəllim və şagird tərəf-müqabilidir. Tərbiyə işində neqativ demoqrafik təsirlərin səmərəli yollarla aradan qaldırılması məhz onların qarşılıqlı münasibətlərinin xarakterindən asılıdır. Müasir dövrdə insan amilinin xüsusi sosial pedaqoji əhəmiyyət kəsb etdiyi bir şəraitdə “müəllim-şagird” münasibətlərinin humanistləşdirilməsi məktəbin əsas vəzifələrindən birinə çevrilməlidir. Müəllim-şagird münasibətlərində yaş xüsusiyyətlərinin nəzərə alınması şagirdlərin daxili aləmini düzgün başa düşməyən müəllimlər onların hisslərini, davranış motivlərini çox vaxt yanlış, birtərəfli ölçülərlə qiymətləndirirlər. Xüsusilə, yuxarı siniflərdə bu cəhətdən ciddi nöqsanlar özünü göstərir. Müəyyən edilmişdir ki, aşağı siniflərdə müəllimlər hisslərini, davranış motivlərini nisbətən düzgün qiymətləndirməsələr də, yuxarı siniflərdə onların daxili aləmlərini başa düşmək üçün mühüm əhəmiyyətə malik olan cəhətləri səriştə ilə təhlil edə bilmirlər. Bu təsadüfi olmayıb, ilk növbədə, onunla bağlıdır ki, şagirdlər böyüyüb, yaşa dolsalar da, müəllimlər yaşın, yaşlılıq hissinin və meylinin möcüzələri ilə hesablaşmırlar, çox vaxt IV sinifdə olduğu kimi, VII və ya IX sinif şagirdini yenə də uşaq sayırlar. Yeniyetmələrlə “uşaq formalarında” ünsiyyətə girirlər, onların davranış və rəftarını da elə bu üsullarla idarə etməyə çalışırlar. Halbuki 10-11 yaşlarında şagirdlərdə yaşlılıq hissi və meyli formalaşır. Onlar yaşlı adamlar kimi geyinməyə, bəzənməyə, danışmağa, hətta gün keçirməyə başlayırlar. Şagirdlərin mənlik şüuru, əxlaqi şüuru köklü surətdə dəyişir, onların ünsiyyət tələbatlarında yenii cəhətlər əmələ gəlir. Müəllimlər yeniyetməlik yaşı dövründə şagirdlərlə öz münasibətlərini yaşın özünün məntiqi əsasında qurmalıdır. Müəllimlər şagirdlərin yaşlanması prosesinin xüsusiyyətlərini nəzərə almadıqda, onların daxili aləmini başa düşə bilmir, davranış motivlərini düzgün qiymətləndirmir, bu zəmində də çox vaxt onların qarşılıqlı münasibətlərində bütövlükdə sinfin mənəvi psixoloji iqliminə mənfi təsir göstərən ixtilaflar əmələ gəlir. Pedaqoji ünsiyyət təlim-tərbiyə prosesinin təsirli vasitələrindən biri olub şagird şəxsiyyətinin formalaşmasında mühüm yer tutur. Müəllim-şagird cütlüyündə ünsiyyətin istənilən növü situasiyadan asılı olmayaraq tərbiyəvi xarakter daşıyır. Müəllim-şagird ünsiyyəti o zaman daha yüksək nəticələrə səbəb olur ki, bu ünsiyyətin əsasında hörmət, humanist münasibət dayanmış olsun. Şagirdlər müəllimin erudisiyasını yüksək qiymətləndirirlər. Bilikli müəllim sayırlar. Ancaq onlar səmimi, xeyirxah, qəlbini uşaqlara verən və onlarla söhbət etməyi bacaran, hətta sinifdənkənar vaxtlarda da onlarla həvəslə məşğul olan müəllimi sevirlər. Müəllim-şagird ünsiyyəti müəllimin bu və ya digər bir sıra bacarıq və keyfiyyətlərə nə dərəcədə malik olmasından çox asılıdır. Müəllimin özünün pedaqoji fəaliyyətində müxtəlif xarakterli, müxtəlif temperamentli şagirdlərlə qarşılaşdığından onların hər birinə fərdi yanaşma bacarığına yiyələnməlidir. Şagirdlərinin heç birinin kənarda qalmaması üçün onların hər biri ilə “dil tapmağı” bacarmalıdır. Şagirdlərin hər birinin fərdi xüsusiyyətlərini öyrənməli, onlarla ünsiyyətə girə bilmək üçün “açar” tapmalıdır. Bu isə olduqca çətin və mürəkkəb iş olub, müəllimdən səbr, təmkin, yaradıcı axtarış və diaqnostik bilik tələb edir. Müəllim pedaqoji ünsiyyətin qayda-qanunlarını bilməli, kommunikativ bacarıqlara və kommunikativ mədəniyyətə malik olmalıdır. Müəllim təkcə müxtəlif temperamentli şagirdlərlə işləmir, həmçinin bir-birinə bənzəməyən valideynlərlə də qarşılıqlı münasibətdə olur. Buna görə də müəllim validyenlərlə pedaqoji ünsiyyətə girə bilmə bacarıqlarına da malik olmalıdır. Pedaqoji ünsiyyətin yüksək keyfiyyətlərinə yiyələnən müəllim məktəblilərlə xoş, mehriban ünsiyyət yaratmağı, ünsiyyətə girməyi, onların təlim-tərbiyə fəaliyyətinə rəhbərlik etməyi bacarır və onun yüksək səviyyədə təşkil edilməsinə nail olur. Pedaqoji ünsiyyət sosial-psixoloji proses kimi aşağıdakı bir sıra funksiyalarla xarakterizə edilir: şəxsiyyəti dərk etmək, informasiya mübadiləsi, fəaliyyətin təşkili, rolların dəyişdirilməsi, başqalarının dərdinə şərik olmaq, özünütəsdiq. Müəllimin öz ünsiyyətini bu sistem üzrə qura bilməsi müəllim-şagird ünsiyyətinin formalaşmasında mühüm təsir gücünə malik ünsiyyət mədəniyyətinin yaranmasına səbəb olur. Müəllimin əvvəlcədən şagirdlərlə qarşılıqlı ünsiyyət yarada bilməsinin proqnozlaşdırılması bir tərəfdən onun öz ünsiyyətini necə qura bilməsi, digər tərəfdən isə ünsiyyət mədəniyyətində olan çatışmazlıqların ləğv edilməsi üzərində düşünməsinə səbəb olur. Özünü səmimi ünsiyyətə hazır hesab edən müəllim şagirdlərlə ilk görüşündən onlarla mehriban, qayğıkeş, nəvazişli rəftar etməklə qarşılıqlı səmimi ünsiyyətə nail olur. Bir növ “kommunikativ hücuma” keçmiş olur, bu da müəllim-şagird münasibətlərinin ilk vaxtlardan səmimiyyət və nəzakət üzərində qurulmasına səbəb olur. Müəllim-şagird ünsiyyətinin formalaşmasında nəzərə alınması vacib olan məsələlərdən biri də şəxsiyyətlərarası anlamadır. Anlama onlamadan bu ünsiyyətin yüksək nəticəsindən danışmaq olmaz. Anlama persepsiya, empatiya, identifikasiya ilə sıx bağlı şəkildə baş verir. Persepsiya-üz ifadəsindən, nitqdən, fəaliyyətdən adamın daxilini duymaq, empatiya-duymaq, kədəri yaşama bacarığı, uşağın dərdinə şərik ola bilmək qabiliyyəti, identifikasiya- başqasının daxili aləmini tam mənada öz daxili dünyasına gətirmə bacarığı deməkdir. Pedaqoji ünsiyyət-sosial, psixoloji və qarşılıqlı təsir prosesidir. Bu münasibətlərin səmimiliyi, dərinliyi, emosional tərzi, valideyn-övlad münasibətləri səviyyəsində təşkili təlim-tərbiyə işinin müvəfəqiyyətlə nəticələnməsində mühüm əhəmiyyətə malikdir. İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri şərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir. Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Ünsiyyət həyat tələbatlarından doğur və demək olar ki, insanın ictimai həyatının gedişini tənzim edir. Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir. Pedaqoji ünsiyyət zamanı müəllimin mövqeyi də mühüm vasitə rolunu oynayır. Adətən, müəllimin tutduğu mövqe onun ünsiyyətinə əsaslı təsir göstərir.. Müəllım öz şagirdlərinin təlim müvəffəqiyyətini, onun davranış tərzini düzgün qiymətləndirməyi bacarmahdır. Bunun iiçün isə, o, şagirdlərin bilik, bacarıq və vərdişlərinin həqiqi səviyyəsini, onların davranış tərzini, işə münasibətinin xüsusiyyətlərini dəqiq müəyyənləşdirməlidir. Təcrübə göstərir ki, şagird öz bilik, bacanq səviyyəsinin düzgün qiymətləndirilməsini gördükdə öz imkanlarmı anlayır, qüvvətli və zəif cəhətlərini başa düşür, daha çox müvəffəqiyyət əldə etmək üçün səy göstərir. Müəllimin şagirdə yanaşması, ona müraciət tərzi onun bilik və davranışmın qiymətləndirilməsində mühüm rol oynayır. Adətən, şagirdlər tələbkar, eyni zamanda onların mənliyinə toxunmayan, onlara hörmət edən müəllimi sevirlər.Müəllim təkcə faktları qavramağı və qiymətləndirməyi bacarmaqla kifayətlənməməlidir, dözümlülük və özünü ələ ala bilmək imkanma malik olmalıdır, bu zaman müəllimin apardığı iş səmərəsiz qalmır.
Faciənin xronikası Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir. Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar. Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir. Bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından: Krua l’Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər. Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər. Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir. Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır. İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür. Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır. Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır. İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets:Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü. Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər. R. Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur):Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz. “Memorial” hüquq-müdafiə mərkəzinin hesabatından: Xocalı 1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən əsasən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi. 1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.
XOCALIM, AY XOCALIM Bu dağların qoynunda yaşıl bir kənd varıydı, Əlvan saray, güllü bağ, gen aynabənd varıydı. Neçə dodağı şəkər, söhbəti qənd varıydı, Neçə incəbel gözəl, zülfü kəmənd varıydı. Yoxdu daha, nağıldı, İtdi, batdı, dağıldı. Mənim şirin qafiyəm, mənim üçcə hecalım, Xocalım, ay Xocalım! * * * Ağzından alov saçan silahlar yedi səni, İştahalar, nəfslər, tamahlar yedi səni. Bağışlanmaz, yuyulmaz günahlar yedi səni, Göydə Allahı danan “allah”lar yedi səni, Heç Allah götürərmi qisasımı gec alım? Xocalım, ay Xocalım! * * * Neçə ki yer üzündə yamanlar, pislər yaşar, İçi dolu qurd olan nankor xəbislər yaşar, Dumanlı beyinlərdə dumanlı hisslər yaşar, Neçə ki bu şeytanlar, cinlər, iblislər yaşar, Gərək hər gün, hər saat yağılardan öc alım, Xocalım, ay Xocalım! * * * Quruyub cadar olmuş dodaqlara nə deyim? Kəsilmiş biləklərə, barmaqlara nə deyim? Qar içində buz olmuş ayaqlara nə deyim? Yaxınlar eşitmirsə, uzaqlara nə deyim? Tanrı rəva bilməsin, mən bu dərdlə qocalım, Xoclım, ay Xocalım! * * * Nə möcüze göstərim, nə cürə imkan tapım, Qan itirən kəslərin damarına qan tapım? Hansı yolu seçim ki, dərdinə dərman tapım, Amansız cəmiyyətdə sənə nə aman tapım? Millətəmi güvənim, torpaqdanmı güc alım? Xocalım, ay Xocalım! * * * Sənə yas verənlərə yas dalınca yas gərək, İgidlərim öyməli, oğullarım xas gərək. Dəmirdən geyim gərək, poladdan libas gərək, Ölümə ölüm gərək, qisasa qisas gərək, Gərək səndən ötəri qala yıxım, bürc alım, Xocalım, ay Xocalım! * * * Həyat şirin, yol çətin, ölüm ucuz, can baha, Baş qaldırıb ağrılar, dözmür ürəklər daha. Təslim olmaq yaraşmaz bu gün ağrıya, aha, Yalvarmaq istəyirəm peyğəmbərə, Allaha, Haqqımı qaytarmağa bir ömür də borc alım, Xocalım, ay Xocalım! * * * Töküldülər üstünə quduz kimi, ac kimi, Şumladılar yer kimi, qırdılar ağac kimi, Dağıtdılar çöllərə əsir, yalavac kimi. Səni qaldırammasam başım üstə tac kimi, Tarixin yaddaşında çətin qalxım, ucalım, Xocalım, ay Xocalım! * * * Bizdən ürək istədin, ürək vermədik sənə, Bizdən kömək istədin, kömək vermədik sənə, Bizdən qanad istədin, lələk vermədik sənə. Aylarla su vermədik, çörək vermədik sənə, Buraxdıq özbaşına əlimizdən cənnəti, Sənsiz nəyimə gərək Məkkə görüm, Hac alım, Xocalım, ay Xocalım! * * * Təzədən yandı xallar muğamın nəvasında, Bayquşlar ötür bu gün bülbülün yuvasında. Biqeyrət oğulların şan-şöhrət havasında, Kəmfürsət övladların vəzifə davasında, Harayına çatmağa tapılmadı macalım, Xocalım, ay Xocalım! * * * Yerbəyer eləməmiş sevincimi, dərdimi, Bir-birindən seçməmiş mərdimi, namərdimi, Əjdahalar əlindən qurtarmamış yurdumu. Tanrının qırmancına döndərməmiş ordumu. Qoy gəlməsin ölümüm, qoy çatmasın əcəlim, Xocalım, ay Xocalım! XOCALIM, ay XOCALIM!!! 31 yanvar 1997
Qəbələdə kitab təqdimatı 24.02.2022. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyevin təşkilatçılığı ilə şəhidləriə həsr olunmuş “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirilib. Kitabda 1-ci Qarabağ müharibəsində son nəfəslərinə qədər silahlarını əllərindən yerə qoymayan , hətta azyaşlı övladlarını Allaha əmanət edərək “Vətən dardadırsa mən evimdə necə rahat yaşaya bilərəm?” deyib bir daha isti ocaqlarının başına keçməyən doqquz mərd oğullardan danışılır. Yüksək səviyyədə hazırlanmış təqdimatı idarə edən və giriş sözüylə açan Qalib Nəbiyev bütün tədbir iştirakçılarını,şəhid ailələrini ,eləcə də kitabın müəllifi Jalə Cəfərovanı, kitabın redaktoru Göyçayın sonuncu Xalq Deputatları Sovetinin rəhbəri vəzifəsində çalışmış, 1989- cu ildən Göyçay könüllülər batalyonu yaradaraq ona rəhbərlik etmiş ,döyüşərək dəfələrlə yaralanmış Qarabağ qazisi Rövşən Əhmədlini salamladı. Qalib bəy həm 1 –ci Qarabağ həm də Vətən müharibəsində tarix yazan mərd atalarımızdan,oğullarımızdan danışdı. “Şəhidlərimizin xatirəsini təkcə yaşatmaqla deyil,keçdikləri şərəfli yolu tanıdıb təbliğ etməyi hər zaman özümüzə borc bilmişik və bundan sonra da belə olacaq. Belə oğulların hər birinin valideyni də bir qəhramandır. “ Müəllif Jalə Cəfərova “ Sizlərlə artıq elə doğmalaşmışam ki sanki ailənizin bir üzvü də mənəm. Sizləri gördüyüm ,söhbət etdiyim ,kövrək xatirələrinizi mənimlə bölüşdüyünüz ilk andan içimdəki səs “ Bu igidlərin də,onları böyüdüb başa çatdıran valideynlərin də mənəvi dünyası,vətənə olan sonsuz,təmənnasız sevgisi yaşadığımız dünyanın yanında çox həm də çox böyükdür” Elə bu hisslərə köklənərək heç düşünmədən kitabın adını “Kiçik dünyanın böyük insanları “adlandırdım. Zalda xeyli gənc görürəm bu məni çox sevindirdi. Sözüm əsas sizədir. Bu vətəni qanları bahasına sizlər üçün ,gələcək nəsillər üçün qorumalısınız. Hansı birinizə şəhidlərimizlə bağlı sual verilsə ən azı beşinin adını əzbər bilməlisiz. Mən Qəbələni həməşə sevmişəm ,burdakı füsunkar mənzərə,dünyanın hər yerində adı hörmətlə çəkilən alimiylə ,ziyalısıyla sevinmişəm. Ancaq təkcə polad qeyrətli,polad iradəli general –mayor Polad Həşimov adı kifayət edir ki qürurla “Mən Qəbələdənəm ,o Qəbələdən ki Polad Həşimovun dünyaya göz açdığı məkandır Qəbələ”. Bu cümlələr zalda xeyli alqış sədalarına səbəb oldu. General-mayor Polad Həşimovun adı çəkilən zaman ayaqüstə alqışlar xeyli davam etdi Sonra söz Rövşən Əhmədliyə verildi. “ Mən şəhid anaların qarşısında baş əyirəm.” Deyən Rövşən bəy 1997 –ci ildə düşmənə əsir düşməmək üçün özlərini qucaqlaşaraq partladan səkkiz kəşfiyyatçıların keçdiyi şərəfli döyüş yolundan danışdı. Rövşən bəy həmçinin təqdimatı düzənləyən Qalib Nuriyevə,Qəbələ Dövlət Prşə Təhsil Mərkəzi Tərbiyə işləri üzrə direktor müavini Reyhan xanım Məmmədovaya,direktor köməkçisi Bəhruz Osmanova təşəkkür etdi. Şəhid ailələrinə söz verildi. Teymur Rəhmanov ,Xədicə xanım (Tofiq Rəhmanovun atası və bacısı),Ayşən Məmmədova(Elşən Məmmədovun bacısı) Bahar xanım(İlyas Məsimovun qızı) Akif Qəribov ,Faiq Səfərli(Nemət Qəribovun atası və müəllimi)İbrahimxəlova Sevil,(İbrahimxəlilov Qüdrətin xanımı) Nahidə ana(Elçin Orucovun anası) Osmanov. Şahvələd ( Pərviz Osmanovun atası) Bəhəryaz xanım ,Şahid ,Asəf Kərimovlar(Həyat yoldaşı,oğlu və qardaşı) çıxış edərək təşəkkürlərini bildirərək duyğularını paylaşdılar. Səkkiz igid kəşfiyyatçılara həsr olunmuş “Fədai şəhidlər “mahnısını zalda izləyən heç kəsi biganə qoymadı,mahnı sonacan alqışlarla müşayət olundu. Son olaraq Qalib bəy hər iki qonağa Jalə Cəfərovaya,Rövşən bəyə üstündə Xarı bülbül rəsmi olan hədiyyə təqdim etdi. Bütün iştirakçılarla xatirə şəkli çəkildi.
Qаrа-qırmızı Хоcаlı (muğаm üstündə охunаn аğı) Qаr yаğаn göylərə qаn püskürürdü Müqəddəs tоrpаğın yаrаlаrındаn. Bu gecə heyrətdən dаğlаr dа dоnub, Dоnub heyrətindən qаrаlаn bulud. Bu gecə qаn yаğır аğ qаr üstünə. Bu gecə Хоcаlı аl-qаn rəngində, Bu çаylаr, meşələr аl qаn içində. Bu gecə аğаcın yаrpаğı biz-biz, Аğlаyır, sızlаyır qаr içində iz. * * * Evinə qаçаnlаr evindən qаçır, Özünə qаçаnlаr özündən qаçır, Аnаlаr sinəsin gülləyə аçır. Şахtаdа о bаyrаq körpə əlinin İçində dоn vurmuş bir ümid yаtır, İnləyən, bоğulаn bir ümid bаtır. Bir ümid çırpınır şəhid əlində. * * * Bu gecə göylərdən qаnlаr tökülür- Bizim üstünə qəzəb qаnlаrı, Bizim içinə əzаb qаnlаrı. Bu gün qаn içində üzür Хоcаlı, Dərdi süzgəcindən süzür Хоcаlı, İndi хəyаllаrdа gəzir Хоcаlı. Gəzir ölkə-ölkə, gəzir elbəel, Gəzir fəsil-fəsil, gəzir ilbəil. Sinədə, аlındа gəzir Хоcаlı, Hər kəsin cаnındа gəzir Хоcаlı, Yаrаlı Хоcаlı, əsir Хоcаlı. * * * Qаn, qаrın üstünə ХОCАLI yаzır. Bu gecə dərdlər də qаrа-qırmızı. * * * Хоcаlı Vətənin qаn yаrаsıdı, Хоsаlı Vətənin cаn yаrаsıdı. İnsаnlаr cаn verir, cаn gecəsində, İnsаnlаr cаn verir, qаn gecəsində. Bir оrdu yeriyir, bir şər оrdusu- Kimsəsiz, günаhsız insаn üstünə, Yenə qаn tökülür zаmаn üstünə. * * * Bu qаnlı gecədə yer-göy аlışır Bu qışın, sоyuğun sаzаqlаrındа. * * * Bəşərin sоnuncu fаciə günü Dünyаdа bir kimsə yаtа bildimi? Bu gecə dünyаnın sоn qəm gecəsi, Bu gecə dərdlərın ilk cəm gecəsi, Bəşərin sоnuncu mаtəm gecəsi, Bizi qаn içində bаtırıb gedir. * * * Gör neçə illərdi dоnub Хоcаlı. Bu yerin yаzınа hələ qаr yаğır, Bu хаlqın bаşınа hələ qаn yаğır. * * * Dоn vurmuş körpənin qаrlı izini Yаyın istisi də əridə bilmir. Хоcаlı hаrаyın, Хоcаlı səsin, Dünyаnın sükutu kiridə bilmir…